Qonaq Kitabı
LEYLİ və MƏCNUN

Qarşında qol-qanad tökdülər birdən.

Cəbrayıl səninlə gedə bilmədi[24].

Allaha tapşırıb, yaxşı yol, dedi.

Mikayıl yer verdi sənə başında[25],

Israfil qul kimi durub qarşında[26],

Özünü kölgə tək ayağa saldı,

O da yarı yolda yorulub qaldı.

Bir "Rəfrəf" səninlə mənzilə vardı[27],

O, "Sidrə" taxtına səni apardı[28].

"Sidrə"nin üstündən keçən zaman sən

Hədis dəftərini yazdın əlinlən.

Yeddi qat göylərdən keçib yüksəldin,

Yüksəlib ən uca zirvəyə gəldin.

"Sübbuh" söyləyərək göy sakinləri[29],

Kölgəyin nurində çimdi min pəri.

Ərşin çadırından uçdun yenə sən,

Üzünü göstərdin yetmiş pərdədən.

Çıxdın tərəflərin zülmətlərindən,

Yüksəyin, alçağın zəhmətlərindən.

Qurtardın paltarın ağırlığından,

Tacı da, taxtı da atdın o zaman;

Xeyməni götürüb iki aləmdən,

Tanrı gərdəyini eylədin vətən.

Həm böyük allahı ziyarət etdin,

Həm də haqq sözünün sirrinə yetdin.

Sənin eşitməyin, bir də görməyin

Ağıldan, idrakdan uzaqdır, yəqin.

Açdın ürəyini sən sərin-sərin,

Adına layiqdir istədiklərin.

Verdi istəyini böyük yaradan,

Sən razı qayıtdın tanrı yanından.

Alnın nar gülü tək açıldı yenə,

Kərəm fərmanını aldın əlinə.

Sənin xatirinə o böyük tanrı

Əfv etdi biz kimi günahkarları.

Şahımız, kölgəndə tutmuşuq qərar,

Bizim bu dünyada nə dərdimiz var!

Sən bizə ruh verən günəşsən artıq.

Daima parlasan, biz də solmarıq.

Vicdanın mürüvvət dənizidir, bil,

Nübüvvət göyləri sənin yerindir[30].

Sənsiz mürüvvət də, göylər hakimi,

Xalqa görünməzdi nübüvvət kimi.

Səndən uzaq düşən hər kəs, hər nəfər

Səadət üstündən bir qələm çəkər.

Vəfa kəmərini belə bağlayan

Düşməz əbədiyyət taxtından bir an.

Baxıb Irəm bağı bu vüqarına,

Ətir xərac verir ruzigarına.

Göylər baratını yazıb göylərə,

Bir xəzinə kimi qayıtdın yerə.

Göyləri keçdiyin o sürətlə sən,

Nolar, Nizamiyə bir söz söyləsən.

Çoxmu qalacaqsan sən bu niqabda?

Çoxmu yatacaqsan o rəxti-xabda?

Bir oyan, üzündən bu örtünü at,

Şahını şahmatın taxtında oynat.

O yük dalındakı süfrəni göstər,

Xəyalım aləmi pərdəsiz istər.

Iki ağ-qaranın rəngini sil sən,

Qaldır ziddiyyəti dörd təbiətdən.

Iki vəfasızın əhdini bir et,

Bu dörd ayaqlını özün əlbir et[31].

Həyatı kəmalə verəndən bəri

Həll etdin aləmdə çətinlikləri.

Nafəndən küləyə bir ətir versən[32],

Bizə də pay düşər bu nemətindən.

Əzəl lövhəsini bilirsən əzbər,

Ondan bir ayə də bizimçin göndər.

Zəhmətsiz tapdığın elmdən bir az

Bizim də dəftərə öz əlinlə yaz.

Biz kimik, nəçiyik, aç göstər artıq,

Büt qayıranmıyıq, büt qıranmıyıq[33].

Ey mənim işimi düzəldən qüdrət,

Sənsən Nizaminin qəlbinə qüvvət.

Könül, gəl bununla qənaət elə!

O böyük tanrıdan şəfaət dilə!

Taki bu pərdəni almasın bizdən,

Bu pərdə qalxmasın heç üzümüzdən.

 

 

 

HİKMƏT VƏ MOİZƏ HAQQINDA

 

Ellik məclisinə verəndə ehsan,

Şəhərdə badəsiz qalmasın insan.

Səxavət buludu yağsın aləmə,

Bütün vücudları gətirsin dəmə.

Mey kimi tökülsün müzayiqəsiz.

Gül kimi açılıb gülsün pərdəsiz.

Parlasın aləmdə bir günəş qədər.

Ondan işıq alsın sonsuz üfüqlər.

Hər şeyi elliyə bağışla, gerçək,

El borclu qalsa da, bu borcdan əl çək.

Bütün insanlara sual ver bu dəm:

Nə yolla yarandı boşluqdan aləm?

Bir söz lazımdır ki, bağlı sirrlər

Açılsın qönçə tək, şadlansın səhər.

Baxın əlimdəki şirin şəkərə,

Onu paylayıram nazəninlərə.

Dünyaya səpirəm bu şirnini mən,

Oğlum qulaq assın buna ürəkdən.

Mən bütün bədənə yem verən zaman

Öz ciyər param da pay alar ondan[34].

Ey varlıq nəqşinin naziri olan,

Qaldır əngəlləri idrak yolundan.

Yolunda nə qədər canlılar vardır,

Sənin varlığına pərəstişkardır.

Boş təbli döyərək, hay-haray salma,

Heç kəsin səsinə biganə qalma.

Bir toz görünsə də hər zərrə əgər,

Dünya pərdəsində o da iş görər.

Göylərə yüksələn bu yeddi hasar

Zarafat deyildir, öz mənası var.

Pərdə altındakı bu yeddi rəvaq

Lovğalıq deyildir, hikmətə bir bax.

Qısa söz, dünyada nə sən, nə də mən

Oyuncaq deyilik xilqətimizdən.

Nə şəhvət, nə yuxu, nə də ki, yemək

Həyatın mənası olmasın gərək.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info