Qonaq Kitabı
LEYLİ və MƏCNUN

Yox-yox, döşəməndir bu sonsuz fələk.

Ey altı cəhəti heyrətləndirən,

Atını çapırsan yeddi göyə sən.

Altı-yeddi min il keçir o andan

Ki, bu dəbdəbəni eşitmiş cahan[10].

Hər əqlə süfrəndə bir nemətin var

Qapında qul kimi dayanar ruhlar.

Ağıl sənsiz olsa, nə çıxar ondan?

Sənsiz yaşayarsa ölüdür hər can.

Öz adın oğluyun adıylə birdir.

Aləm "Əbülqasım Məhəmməd" deyir.

Ağıl ki, görünməz bir xəlifədir,

Qüvvəti, qüdrəti sözlərindədir.

Məhəmməd eşqiylə yanmasa ürək,

Eşqin çəmənində açılmaz çiçək.

Tanrı dostlarına sənsən şahsüvar,

Yeddi göy üstündə bir məclisin var.

Səxavət mülkünün sənsən ağası,

Dünya məqsədisən, məqsəd dünyası.

Mənalar mülkünün ilk qaynağısan,

Dirilik suyunun baş bulağısan.

Sənin torpağınla bəzəndi Adəm,

Nurinlə parladı hər iki aləm.

Sən ki, öz "atını" sürdün dövrana,

O, yeddi atıyla çatmadı sana.

Günəş can atırdı səcdənə, gerçək,

Ona bəhanəydi məğribə getmək.

Ulduzlar başına dolanır dəm-dəm,

Yalnız bu arzuyla fırlanır aləm.

Varlıq büsatında varmı bir insan,

Qarşında olmasın yer ilə yeksan?

Sənin iksirinlə rəngləndi torpaq,

Bu dünya səninçin yaranmış ancaq.

Böyüksən, qarşında kiçikdir hamı,

Bütün möhtacların sənsən ilhamı.

Kainat taxtının padişahısan,

Həyat ölkəsinin şahlar şahısan.

Yaşıl göy səninçin bir ordugahdır,

Qəmzən bir fərmandır, hörüyün çadır.

Bu beş vaxt namazdır əsli tövbənin,

Beş növbə təblidir qapında sənin[11].

Quruldu diniyin beş binövrəsi,

Yüz min zülm evinin kəsildi səsi.

Bu evə yeddi səqf yaratdın yenə,

Tapşırdın onu da dörd xəlifənə[12].

Siddiq sədaqətə olmuşdur rəhbər,

Faruqi fərq-dən uzaq bildilər[13].

O, Allahdan qorxan həyalı qoca[14],

Tanrının şiriylə həmdərs olunca,

Dördü də bir yolun sarbanı oldu,

Dördü də bir ləkin reyhanı oldu.

Bu dörd xəlifəylə güldü məmləkət,

Hər ev dörd divarla qurular, əlbət.

Bu dördlük birləşdi qoca dünyada,

Bu dördbucaq evi gətirdi dada.

Sən, dinin evinə dörd dirək vurdun,

Ona bu qaydayla dörd çatma qurdun.

Sənin qaşın kimi haman dörd nəfər

Gah ayrı düşdülər, gah birləşdilər.

Yerin əl bağlayan bu halqasından

Bircə sıçrayışla ərşə qalxırsan.

 

 

PEYĞƏMBƏRİN MERACI

 

Sən, ey mənaların meracı olan,

Sənin meracındır sonsuz asiman.

Yeddi xəzinəni açaraq bir dəm,

Dörd gövhər üstünə basmısan qədəm[15].

Sığmadın zamanın dar sinəsinə,

Ucaldın göylərin son zirvəsinə.

Gecə qara bayraq tutduğu zaman

Oldu qara atın mənzilə rəvan.

O vaxt qanad açdı sənin ayağın,

Göyün xəlvət yeri oldu dayağın.

Bu fani dünyadan sən yüksələndə,

Sən, Ümmi-Haniyə qonaq gələndə,

Cəbrayıl gətirdi sənə şad xəbər,

Dedi: - Qulluğuna hazırdır göylər,

Göylərdə mələklər səf-səf düzəlmiş,

Bütün göy aləmi seyrinə gəlmiş.

Oyan, yuxu vaxtı deyildir, haray,

Sənin tək günəşə müntəzirdir ay.

Yerini Ütarid bilməyəcəkdir[16],

Sənin düşərgahın daha yüksəkdir.

Şabaş sinisini qaldırmış Zöhrə[17],

Deyir: "Şərq batacaq al şəfəqlərə".

Günəş də incəlib olmuşdur hilal.

Yolundan çəkilmiş sanki bir xəyal.

Mərrix qulluqçudur yataq evinə[18],

Üzəngidən tutan uşaqdır sənə.

Müştəri yoluna doğandan bəri[19]

Yanıb qamaşdırır yaman gözləri.

Keyvan qulağına halqa taxaraq[20],

Qul kimi qaldırmış bir qara bayraq.

Bu cürə qulların köməyilə sən

Getdiyin yolları xoş keçəcəksən.

Qədr gecəsidir bu gecə, tələs[21]

Onun qədrini bil, gecikmə əbəs.

Bu gecə hüsnüdür əbədiyyətin,

Merac gecəsidir bu Məhəmmədin.

O gecə nə qədər xoşbəxtdi, bilsən,

Gündüz tək parladı ilk qədəmindən.

Bu qara torpağa qoyub da pərgar,

Gəzdin göy üzünü sən diyar-diyar.

Ildırım "Buraq"ı, mindin dünyada[22],

Sənin gedişindən yumşaldı o da.

O bakir yaranan taxt üstündə sən

Bir səadət kimi açmışdın yelkən.

Minib bu tək ata göylərdə çaxdın,

Cüt atlı ruzgarı dalda buraxdın.

Fələklər bağına girən zaman sən,

Ağlı, qırmızılı xoş meyvələrdən

Qapına minlərcə salxım yollandı,

Sənin gözündəydi eşqin son andı.

Qalxanda göylərin yeddi qatına,

Nə pərçəm, nə də bir tac qurdun ona[23],

Yırtıldı göylərin bulut qabağı,

Sınıb parçalandı ayın tabağı.

Tovus qanadlılar çıxıb göylərdən,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info