Qonaq Kitabı
DÖNÜŞ

Ə l i m u x t a r. Sən öləsən, Arif Hikmətnən Bayram sözləşdilər. Arif Hikmət elə vurdu yumruğu stolun üstə ki, stolun şüşəsi parçaparça oldu. Parçası birbaş Bayramın gözünə... Gördüm iş şuluqdur, mən yavaşcadan sürüşquluya dəm verdim. Nə lazım, axı, kasıb adamam, vurdular başımı partlatdılar, əhl-əyalımı kim saxlayacaqdır?

Z a m a n. Yoldaş Əlimuxtar!

Ə l i m u x t a r. Bu saat, bu saat, siz sözünüzü deyin, qulağım sizdədir.

Ə m r u l l a (səhnəyə çıxaraq). Yoldaşlar, belə olmaz ki... Neçin vaxtında işə gəlmirsiniz?

Z a m a n. Biz gəlmişik, yoldaş müdir, ancaq rejissor hələ düyü alış-verişi eləyir. Arif Hikmət də, deyirlər, orada vuruşur.

Ə m r u l l a. Necə yəni vuruşur yoldaş Əlimuxtar?!

Ə l i m u x t a r. Bu saat, bu saat. Adə, kilosu bir manat on dörd şahıdan, bu səkkiz manat, yaxşı, on dörd şahı da yol xərci.

Ş ö v q i. Yoldaş Əmrulla, orada məsələ ciddidir. Arif Hikmət vurub stolun şüşəsini sındırıb, indi Bayram gözünə yod tökür, Arif Hikmət də şüşəni quraşdırır.

A r i f Hi k m ə t (səhnəyə qaçaraq, həyəcanla). Yoldaş müdir, bax, sən də buradasan, mən hamısının yanında öz ekspozisiyamı sənə deyirəm. Belə olmasın ki, sentrtyajesti mənim boynuma düşsün, sentrvnimanie özgənin.

Ə m r u l l a. Necə yəni ekspozisiya? Sən işini burada qoymuşsan, şüşəpəncərəni neçin sındırırsan?

A r i f H i k m ə t. Yoldaş Əmrulla, mənim spesifikasiyam hamıya məlumdur. Otuz iki manat şüşənin pulunu verərəm, ancaq mən atritsatelni rollar oynamayacağam.

Ə m r u l l a. Necə yəni atritsatelni rol oynamayacağam. Mən heç bilmirəm sən nə danışırsan?

Ş ö v q i. Yəni, Həzrət Abbas rolu olsa, oynayacaq, Şümür rolu olsa, yox.

X o s m ə m m ə d. Həzrət Abbas tezisdir. Şümür antitezis. Mən də ki, sintez.

A r i f H i k m ə t. Əlbəttə ki, bütün palajitelni rolları verir öz dostlarına ki, qızların onlardan xoşu gəlsin. Mən də dəli deyiləm ki, atritsatelni rolları oynayım. Mən öz rolumu ondan alaram.

G ü l s a b a h. Bu bir metod deyil, yoldaş Arif Hikmət!

A r i f H i k m ə t. Dahı o sənin borcun deyildir. Biz inqilab dövründə yaşayırıq. Daha əvvəlkilər keçdi ki, hər kəs öz bildiyini eləsin. Mən Məskoda olanda, Stanislavski özü mənə dedi ki: “Düşmən təslim olmayanda, vurarlar başı partlar”.

Z a m a n. Sən, ey meymun sürüsündən insanlığa yüksələn! Sən, ey beyni kütləşəndə yumruq ilən baş dələn...

A r i f H i k m ə t. Həlbəttə ki, siz istəyirsiniz burada supermatizm əvəzinə superfosfat metodu yeridəsiniz, halbuki...

G ü l s a b a h. Siz sözləri əzbərləmək əvəzinə, mənasını əzbərləsəydiniz, daha yaxşı olardı. Superfosfat metod deyil, gübrədir, küldür, bostana səpirlər.

A r i f H i k m ə t. Necə, necə küldür, superfosfat küldür?

Ş ö v q i. Odur ki, binəvanın başını vurub superfosfata döndərmişsən də.

G ü l s a b a h. Biz sizi gözləyirik, yoldaş rejissor.

Ə l i m u x t a r. Daha məni neçin gözləyirsiniz, söz kimindir? Arif, sözünü de də.

A r i f H i k m ə t. Söylə, Çinar, bu bir təzadmıdır?

G ü l s a b a h (öz səsi ilə). Necə təzad, təzad nədir?

A r i f H i k m ə t. Mən nə bilim, nədir? Budur, rolumda yazılıb də, özümdən demirəm ki...

G ü l s a b a h. Təzad ola bilməz, təsadüfi ola bilər.

Ə l i m u x t a r. Sözünü de adə! Təzad, təsadüf nə təfavütü var? İkisi də bir zibildir də. Şairdir, keyfli-keyfli ağzına gəlib, görəsən nə yazıb. Çox qurtdalasan, içindən qənbərqulu çıxar. Sən sözünü de, başa düşən özü başa düşər. Keç orasını, dalını de!

A r i f H i k m ə t. Yoldaş Əlimuxtar, doğrusu, indi mənim nastroyeniyəm yoxdur.

Ə l i m u x t a r. Yaxşı. Sonra kimdir?

X o s m ə m m ə d. Sonra, mən!

Ə l i m u x t a r. Sözünü de də.

X o s m ə m m ə d. Yoldaş rejissor, mən bir bilmək istəyirəm ki, mən hansı sinifdənəm?

Ə l i m u x t a r. Necə yəni hansı sinifdənəm? Özünüzdən təzə hoqqa çıxartmayın. Mən hansı sinifdənəm?.. Kəndlisən də...

G ü l s a b a h. Kəndlilik bir sinif deyil, yoldaş rejissor. Görək yoxsuldur, muzdurdur, ortababdır, qolçomaqdır....

Ə l i m u x t a r. Hə, o barədə deyirsən. Eh, mən də deyirəm səhərdən bunlar nə üsulidin başlayıblar. Hansı birindən olursan ol da, bu o qədər vacibli adam deyil ki.

X o s m ə m m ə d. Olmaz axı; qolçomaq tezisdir, yoxsul antitezis. Obrazın ictimai sifətini təyin etmək lazımdır. Gülsabah xanım, düz dedim? Dayan, dəftərimi çıxardım.

Ə l i m u x t a r. Allahü əkbər. Tezis, antitezis, ictimai sifət... Bu vaxta qədər ki bu adamlar ictimai sifət bilmirdi, oynaya bilmirdi? Axmaq uşağı, çatan gəlib mənimçin bir rejissorluq eləyəcək. Sözünü de, deyirəm sənə!

X o s m ə m m ə d (rolda). Çinar, başuva dönüm, ağa, gəlir... (Qaçır və yolda dayanaraq, öz səsi ilə) Hanı bəs, heç kəslə toqquşmadım ki.

Ə l i m u x t a r. Necə yəni heç kəslə toqquşmadın?

G ü l s a b a h. O gərək səhnədən qaçırkən Xurşid ilə toqquşaydı.

Ş ö v q i. Teatrı əldən də, ayaqdan da salmışam. Xurşid yoxdur. Bayaq çəkmə almağa getmişdi, qayıtmayıb.

Ə l i m u x t a r. Yaxşı, orasını buraxın. Sonra kimdir?

Ş ö v q i. Sonra Mirzə Camal, buyurun!

M i r z ə C a m a l. Görəsən, harasıdır?

G ü l s a b a h. Aha, sən, göylərin məlaikəsisən...

M i r z ə C a m a l. Hə... orasıdır... (Ciblərini axtarır, rolunu tapıb vərəqləyərək)  Dayan, bu saat tapım... (Araşdırıb tapdıqdan sonra). Aha... sən göylərin məlaikəsi, yerlərin gözəl məxluqu, ismət pərdəsində saxlanmış gözəl pəri! Siz ki, eşitmişəm, günəş batırkən bağçaya çıxır, günəş doğurkən ismət pərdəsinə çəkilirsiniz. Neçin bu gün gecikmişsiniz?

G ü l s a b a h. Yoldaş Mirzə Camal, siz oynayırsınız, ya zarafat edirsiniz?

M i r z ə C a m a l. Necə yəni zarafat edirsiniz? Bu xalq bəyəm oyunbaz-zaddır, zarafat eləsin.

G ü l s a b a h. Neçin bəs qışqırırsınız?

M i r z ə C a m a l. Bəs nə edim?

G ü l s a b a h. Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz. Məni incə sözlərlə sancmaq istəyirsiniz, sonra da mənim sözüm gəlir ki: “Mən artıq bu acı kinayələrdən usandım, öldür məni, öldür”.

M i r z ə C a m a l. Yaxşı, buyur sən de, görüm nə cür demək lazımdır. Bəlkə biz də başa düşdük.

G ü l s a b a h. Siz içəri girib bir saniyə dinməz baxırsınız, sonar gözlərinizdə, dodaqlarınızda saxta bir təbəssüm, sakit, ancaq zəhərli bir deyişlə deyirsiniz: “Aha, göylərin məlaikəsi, yerlərin pak və gözəl məxluqu”, sonra birdən bağırırsınız: “Sözlərimə cavab ver”.

M i r z ə C a m a l. Mən, atam, elə deyə bilmirəm. Mən bu rolu iyirmi ildir belə oynamışam, camaat da həmişə görüb, bəyəniblər.

G ü l s a b a h. Yoldaş Mirzə Camal, axı rolun özündə ictimai bir sifət, sinfi bir maska olmalıdır.

M i r z ə C a m a l. Mən, atam, dialektikaynan oynaya bilmərəm. Alın, özünüz oynayın, mən o cür oynamıram. Mən aktyoram, diplomat deyiləm, yoldaş Əlimuxtar!

Ə l i m u x t a r. Yoldaş Gülsabah, mən köpək oğlu sənə yüz kərəm demişəm ki, mənimçin rejissorluq eləmə! Adamda da abır-həya yaxşı şeydir, axı. Kişi iyirmi ildir rol oynayır, sən indi gəlib başlamışsan ki, üsulidin çəndəst.

G ü l s a b a h. Siz səhnənin yürüş təkərinə ağac taxırsınız, yoldaş rejissor. Biz buna yol vermərik.

Ə l i m u x t a r. Pəh, yenə də ağzımı açır ha... Bu xalq, sənin Azərbaycan qızı olmağuva yazığı gəlir. Yoxsa sənin başuva bir oyun gətirərlər ki, iki gündə özün cırrıt deyib qaçarsan.

G ü l s a b a h. Mən qaçmaram, yoldaş Əlimuxtar. Mən bu vuruş səhnəsinə qaçmaq üçün gəlməmişəm.

M i r z ə C a m a l. Yaxşı, anam, bacım, dava lazım deyil ki, mən gedib bir klubda işlərəm. Aparın bu səhnəni görüm necə aparırsınız.

S a p a n. Eh, bir gün də işlərsən, iki gün də.

Z a m a n. Bu gedişlə siz heç bir yana gedə bilməzsiniz.

Ə l i m u x t a r. Onda, atam, qoy gəlsin Gülsabah rejissorluq eləsin. Mən xudahafiz. Gəlin, atam, bəri, mən də meşq eləmirəm.

M i r z ə C a m a l. Rəhmət atova... Axır, axır bir adam çıxıb, bizə göstərər ki, biz kimik.

G ü l s a b a h (əsəbi bir deyişlə). Siz təyyarənin ayaq dəmirindən tutub göyə dırmaşan adamlar kimisiniz, yoldaş Mirzə Camal! Həyat yüksəlir, siz isə yarı yolda əllərinizi buraxıb, paltarınızı təmizləyib, parçalanacaqsınız.

M i r z ə C a m a l. Yaxşı, görərik də!

 

Bu aralıq Ə m r u l l a tələsik və sevincək bir halda səhnəyə çıxır.

 

Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, qulaq asın! Yoldaş Qüdrət Arslan neçə vaxtdan bəri bir pyes üstündə işləyirdi. Pyesi qurtarıbdır, gətirdi təhvil verdi. Özünü də göndərmişdi Moskvaya yarış komissiyasına. Sabah müdiriyyət və xudpolitsovet pyesə baxacaqdır. Aktyorlardan da istəyənlər gələ bilərlər. Moskvadan alınan teleqrama görə pyes yarış komissiyasında birincilik qazanmışdır.

G ü l s a b a h. Başqa bir pyes də vardır. Gənc bir uşaq tərəfindən yazılmışdır. Aktyorlar ona da baxmalıdırlar.

Ə l i m u x t a r. Kül o teatrın başına ki, gicbəsər Ötgünün pyesinə göz dikəcəkdir.

M i r z ə C a m a l. Artistlər qələt elər ölü-dirisiynən, bir də sən olan yerə ayaq basar. Hələ sən özün hamının tərəfindən get, kifayətdir.

G ü l s a b a h. Mən gedəcəyəm, yoldaş Mirzə Camal. Mən bu kimi kinayələrlə ağ bayraq qaldıranlardan deyiləm.

Z a m a n. Yoldaşlar, özəyin təklifinə görə yeni əsərin quruluşu Gülsabah xanıma tapşırılmalıdır.

X u r ş i d. Qeroinyaları da ki, özü oynasın.

Ə m r u l l a. Rollar hər kəsin adına görə deyil, bacarığına görə veriləcəkdir. Quruluş haqqında müdiriyyət də o fikirdədir.

M i r z ə C a m a l. Siz teatrı oyuncağa çevirmək istəyirsiniz. İyirmiillik aktyorun heç olmasa otuzillik rejissoru olmalıdır. Mənə kim rejissorluq eləyəcək? Dünənki uşaq. Yox, yoldaşlar, mən necə ki, demişəm, demişəm. Mən bu işdə yoxam.

Ə m r u l l a. Teatr tək-tək adamlarla yaşamır, yoldaş Mirzə Camal! Kim yoxdur, yoxdur! Siz oynamazsınız, gənc kadrlar yetişir, canları çıxar oynayarlar. Yoldaşlar, əsərin quruluşu gənc kadrlara tapşırılır, qoy çıxsınlar, öz bacarıqlarını göstərsinlər. Apara bilərsiniz, yoldaşlar?

X o s m ə m m ə d. Onlar tezisdir, mən antitezis, mən hazıram!

H a m ı. Biz hamımız hazırıq.

 

 

ALTINCI ŞƏKİL

 

Teatrda müdirin kabineti.

 

Ə m r u l l a. Yoldaşlar, kitabların hər ikisini oxudunuz: biri yoldaş Qüdrətin kitabıdır, kənd həyatından, biri də yoldaş Ötgün Zamanbəylinin kitabıdır, səhnə həyatından. Qüdrət yoldaşın əsəri Moskvada yarış komissiyasına göndərilmişdir. Hər kəs bu kitab haqqında danışmaq istəyir, xahiş edirəm, qısa və aydın danışsın ki, müxtəsər və müfid olsun.

H i k m ə t K a m a l. Yoldaşlar, biz görürük ki, bu günkü metodoloji üzrə bu əsərlər bizə və proletar ideolojisinə daban-dabana ziddir. Bu onu göstərir ki, yoldaş Qüdrət Arslan hələ də öz dünyagörüşünü yabançı təsirdən qurtara bilməmişdir. Yoldaş Qüdrət dəzgah dalında olmadığı üçün, yazıları da xırda-burjua individualizmi üzrə əsaslanmış və əsərə subyektiv nəzəriyyat ilə yanaşıldığından obyektiv analiz nəzərdən qaçırılmışdır.

F i k r ə t K a m a l. Heç elə şey yoxdur. Yoldaşlar, yoldaş Hikmət Kamal Azap[xvi] üzvü olsa da, tutduğu pozisiya Rappın[xvii] əsas xəttinə ziddir. Mən Azapın adından Hikmət Kamalın bu pozisiyasına qarşı protest edirəm. Proletar olmayan, proletar şairi də ola bilməz. Hikmət Kamal da subyektiv bir surətdə Rapp arqumentini irəli sürsə də, obyektiv bir surətdə düşmən nəzəriyyəsinə yuvarlanır.

Ə m r u l l a. Yoldaşlar, belə şey olmaz axı, belə danışın ki, biz də bir nəticə çıxara bilək də...

S a p a n. Deyin görək bu kitablar haqqında fikriniz nədir?

F i k r ə t K a m a l. Bu kitablar metodoloji cəhətcə idealizm məktəbi üzərində qurulmuşdur.

H i k m ə t K a m a l. Yoldaşlar, bir əsəri tənqid etmək asan deyildir. Bu teoretik, fəlsəfi bir mübahisədir. Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. Belə olan təqdirdə biz məsələni partiya təşkilatlarına və mətbuata keçirməliyik.

Ə m r u l l a. Ay atam, bəs tənqid eləyin də.Vicdanım haqqı, bircə qızımın ölmüşünə ki, sözlərinizi başa düşmürəm, yaxşı-yaxşı tənqid eləyin, göndərim sizin üçün bir tort da aldırım.

K a m a l F i k r i. Yoldaşlar, mən bir münəqqid olmaq hesabilə onu qeyd edə bilərəm ki, bu əsərlərdə, gərək ki, iki əsər oxunmuşdur? Hər ikisində müsavat və ittihad nəzəriyyəsi, bir az sol əyinti, bir az da sağ sapıntı vardır.

G ü l s a b a h. Məsələn, fakt göstərin.

K a m a l F i k r i. Mən, yoldaşlar, çox təəssüf ki, əsər oxunanda burada deyildim, gecikmişdim, ancaq mübahisələrə yetişə bildim. Yalnız orası var ki, mən 1920-ci ildən bəri münəqqid kimi çalışıram, yoldaş Qüdrətin keçmiş əsərləri ilə tanışam və bu barədə 1914-cü ildə bir məqalə yazmışam, o məqaləni də “Pti-Parizyen” qəzetəsi Parijdə nəşr etmiş, sətir hesabını da poçta vasitəsi ilə göndərmişdir. Ona görə də mən hərçənd bu əsərləri oxumamışam, ancaq yəqin bilirəm ki, hər halda pantürkizm və panislamizm nəzəriyyəsindən xali deyildir. Buna görə də, məndən fakt istəmək – açıq qapını zorlamaq deməkdir.

G ü l s a b a h. Yoldaş münəqqid, bu əsərlərin biri Qüdrətindir, biri də başqasının – Ötgün Zamanbəylinin!

K a m a l F i k r i. Aha... hər ikisi Qüdrətin deyilmiş! Onda əfv edərsiniz, mən ancaq Qüdrət yoldaşın əsəri haqqında danışıram. Hərçənd bilirəm yoldaş Qüdrət bunları şəxsi-qərəz hesab edəcəkdir. Çünki bədbəxtanə, bir yol, bir yol deyəndə ki, 1923-cü ildə iyul ayında, gərək ki, Ağdamda onun arvadı ilə mənim yoldaşım sözləşmişlər və indiyə qədər yoldaş Qüdrət mənim arvadıma salam vermir və həmişə də, oyan-buyanda deyir ki, Kamal Fikri keyfli ikən yazdığı resenziyaları ayıqlıqda özü oxuya bilmir. Amma bununla bərabər, bu mənim vicdani qənaətimdir və bunu mən hər dəqiqədə sübut etməyə hazıram.

M i r z ə C a m a l. Yoldaşlar, bizə də danışmaq olar?

Ə m r u l l a. Olar, yoldaş buyurun!

M i r z ə C a m a l. Mən oyan-buyan bilmirəm. O pyes ki mollalar, qolçomaqlar haqqındadır, yoldaş Qüdrətin pyesi, o yaxşıdır. Ancaq o pyes ki artistlər haqqındadır, teatr haqqındadır, o gedənin pyesi, bir qəpiyə dəyməz. Başdan-başa yalan-palandır. Nə bizim teatrımızda o cür artistlər var, nə də o cür işlər. O gedə, hələ özündən goplayıb oraya, özünün də bir vinti bir az çatmır.

X u r ş i d. O gedənin kitabı bəzi adamların xatirəsi üçün yazılmışdır. Zakaznan yazılmışdır. Biz özümüz çox yaxşı bilirik.

A r i f H i k m ə t. Yoldaşlar, bu vaxta qədər heç bir teatrda belə iş olmamışdır. Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq o biri yoldaş, o balaca, siyasi savadı yoxdur... Bu vaxta qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir. Əsər imperessiyonizm qaydası ilə yazılmış, sonra da ekspressiyonizmə keçmişdir. Axırda da gəlib çıxır supermatizmə. Odur ki, sentrtyajesti sentrvnimaniyesi ilə tutmur. Əlbəttə, bizim partiyamız bu kimi əsərləri, hərçənd mən partiyaçı deyiləm, yenə də deyirəm, partiyamız bu kimi əsərləri qəbul edə bilməz. Çünki bizim teatrımızda belə adamlar qətiyyən yoxdur. Bu, başdan-başa bizə böhtandır.

X u r ş i d. Biz bilirik ki, bu kimin zakazıdır.

S a p a n. Mən bilmirəm, bu məxluq soğan yeməyib, içi nə üçün göynəyir?

X u r ş i d. Ona görə ki, səni tərif eləyir. Sənin üçün də ağzından çıxanı yazsaydı, başqa cür danışardın.

Z a m a n. Sənin ki, adını çəkən yoxdur.

Ə l i m u x t a r. Necə yoxdur? Orada yazır ki, rejissor iş vaxtı koopbürodan düyü alır. O gün Gülsabah xanım meşq eləyəndə düyü alan kim idi, mən idim də. Bu xalq çörəyi burnuna yemir ki... Yox, bilməmişdik, gərək gəlib xanımın qabağında isluşi dayanaydıq.

A r i f H i k m ə t. Çox da adı yazılmayıb, bu teatrda şüşəni sındıran kimdir? Mən sındırmışam da... bu xalq meşədən çıxmayıb ki.

M i r z ə C a m a l. Görmürsən!.. Deyir: rejissora malçişka deyib. Belə demişəm, canını da çıxartmışam. Mən otuz ildir Fərhad kimi külüng vururam, indi hər nə teatrda çırt oldu, pırt oldu, yaz, tök camaatın qabağına... Siz öz bildiyinizi eləyin, mən də öz bildiyimi. O gedə özü dörd kərəm dəlixanadan qaçıbdır. Özü də atası öləndən sonra anadan olubdur. Mənim əlimdə faktlar vardır.

Ə m r u l l a. Ay yoldaşlar, ay başuvuza dönüm, axı məsələ qaldı kənarda, siz, heç bilmirəm, nədən danışırsınız?

X u r ş i d. Biz çox yaxşı bilirik nədən danışırıq. Sənin də ağzını malalayıblar... həlbəttə... cavan qız, mən də olsam, ləbbeyk deyərəm də... Qabaq özün teatrdan çıxartmışdın, indi başına and içirsən.

Ə m r u l l a. Yoldaşlar, qulaq asın: kim əyri işlər, mən də onunla əyri olaram, kim düz işlər, mən də düz.

E l d a r. Yoldaşlar, mən sadə bir işçiyəm. Bayaqdan diqqətlə qulaq asıram. Burada gənc bir yoldaş teatr həyatından bir əsər yazmışdır. O əsər teatrın həyatından deyil, bizim quruluşumuzun nə kimi sürətlə irəlilədiyini göstərir. Bu sürətə qarşı şairlərin belə fikri aciz qalmışdır. O sürətə çata bilmir, bu heç yaman metod deyil, bu bir təcrübədir. Ancaq əsərdə bir pərdə çatmır. O da bu günkü iclasdır. Mən təklif edirəm bu iclas da əsərə əlavə edilsin. Mən ədəbiyyatçı deyiləm, ancaq orasını bilirəm ki, bu əsərdə bir çox nöqsanlar vardır. Onu, əlbəttə, marksist tənqidçilərimiz göstərəcəklər. Ancaq siz yox, yoldaş Kamal Fikri, sizing kimi tənqidçilərin yazısını mətbuatda buraxanların əlini kəsmək lazımdır. Ancaq mən inanıram ki, bu, dünən olmuşdu. Sabah isə heç oxumadan yazdığı bir tənqid üçün artıq yetişmiş proletar cəmiyyəti sənin gözünü çıxardar. Mən işçiyəm, yoldaşlar, bəlkə də kobud danışıram. Ancaq bir əsər ki, hər kəsin ya paxırını açıb onu özünə göstərir və yerindən oynadır, o əsər, əlbəttə, lazımdır. Mənim fikrim budur. Yoldaş qüdrətin də əsəri, demək olar ki, yaman deyildir. Bir az vaxtı keçmişdir. Ancaq oynamaq olar.

M i r z ə C a m a l. Istəyir dünya yığışsın, bu əsər zakaznan yazılıb, vəssalam, bir qəpik də qiyməti yoxdur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info