Qonaq Kitabı
DÖNÜŞ

Ş ö v q i (səhnənin ardında sevincindən atılıb-düşərək). Sən öləsən, zalımın qızı hələ bil bülbüldür.

S a p a n. Mən dedim tutular.

G ü l s a b a h. Ərin haradadır? Sən ərizə vermişsənmi?

T u r a c. Vermişəm! Bildirdən iki ərizə vermişəm.

Ş ö v q i. Adə, bəs Gülər haradadır? Birdən yadından çıxara... İndicə içəri girməlidir.

G ü l s a b a h. Ərin haradadır?

T u r a c. Kənd içindədir.

Ş ö v q i. Adə, bu Gülər nə oldu?

S a p a n. Gülər, odur ey, keçdi içəri.

 

G ü l ə r içəri girir.

 

Ş ö v q i. Əhsən!

G ü l s a b a h. Siz kimsiniz?

 

Gülər danışmır.

 

Ş ö v q i. Adə, vaxsey, sözü yadından çıxdı.

S u f l y o r. Mən prokuroram, şəhərdən gəlmişəm.

Ş ö v q i. Adə, vaxsey, vaxsey... adə, suflyor, bərkdən de, sözü yadından çıxmışdır.

S a p a n. Yadından çıxmamışdır, dili tutulmuşdur.

G ü l s a b a h (sözünü başqa şəkildə təkrar edərək). Mən sizdən soruşuram: kimsiniz?

 

Gülər susur, danışmaq üçün udqunur, ancaq danışa bilmir.

 

S u f l y o r. Ay qız, ay təzə gələn qız, mən prokuroram, şəhərdən gəlmişəm.

 

Gülər susur.

 

Ş ö v q i. Vaxsey, vaxsey, evimiz yıxıldı!

G ü l s a b a h (onun yanından keçərək yavaşdan). Söz sənindir, Gülər!

G ü l ə r. Mənim boğazım tutulub aça bilmirəm.

X u r ş i d. Şövqi, başına dönüm, yeri köməyə, qoy o dayansın səhnədə, sən buradan sözlərini de.

Z a m a n (səhnə ardından yavaşca). Gülər!

S u f l y o r. Sözünü de, qız, “Mən prokuroram, şəhərdən gəlmişəm”.

G ü l s a b a h (sərt və acıqlı bir səslə). Sizdən soruşuram: siz kimsiniz? Danış deyirəm sənə, cavab ver!

G ü l ə r. Hiddət ancaq sizin boğazınızı yırta bilər. Mən sizə bir soldat kimi cavab verməyə məcbur deyiləm.

G ü l s a b a h. Mən acıqlanmıram, mən soruşuram, siz kimsiniz?

G ü l ə r. Mən hələ bilmək istəyirəm ki, siz kimsiniz?

G ü l s a b a h. Mən kənd sovetinin sədriyəm.

G ü l ə r. Mən də prokuroram, şəhərdən gəlmişəm.

Ş ö v q i. Ura... bravo... gördün necə çıxdı vəziyyətdən!

Z a m a n. Yavaş, nə edirsən?

G ü l s a b a h. Sizin məni görmədən heç bir iş görməyə ixtiyarınız yoxdur. Bu kənddə hakim mənəm.

G ü l ə r. Mən hələ sizin özünüzü məsuliyyətə alacağam.

G ü l s a b a h. Biz onu hələ görərik. Qanun kitabı yuxu deyil ki, istədiyiniz kimi yozasınız.

G ü l ə r. Sənin adın nədir, qız?

T u r a c. Mənim adım Lalədir.

G ü l ə r. Neçə vaxtdır ərə getmişsən?

T u r a c. Bir il iki aydır.

G ü l ə r. Özün ərə getmişsən, ya zorla vermişlər?

T u r a c. Mən məcbur olmuşam. Atam ərimə borclu idi, başqa çarəm yox idi.

G ü l ə r. Kənd sovetinin sədri, bir ildir kəndinizdə canlı bir adamı satın alırlar, siz heç xəbər tutmağı da lazım bilmirsiniz.

G ü l s a b a h. Əfv edərsiniz, mən bu kəndə on gündür gəlmişəm, onun kağızını dünən tapmışam, bu gün də gəlmişəm.

G ü l ə r. Axşam, qız, ərinə bildir, kənd sovetinə gəlsin.

G ü l s a b a h. İstəməz... biz özümüz çağırtdırarıq (Pərdə enir). Sağ ol, Gülər! Sən danışmayanda, mən yaman qorxdum.

G ü l ə r. Mənim dilim tutulmuşdu, hələ bilirdim ağzımı açan kimi hamı güləcəkdir. Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım.

T u r a c. Mənim qələtim çıxmadı ki?

G ü l s a b a h. Yox, Turac çox yaxşı apardın.

Q ü d r ə t. Bu sözlər mənim kitabımda yoxdur.

Ə m r u l l a. Bunu bir az düzəldiblər də...

Q ü d r ə t. Mənim kitabımda arvad prokuror, arvad kənd soveti yoxdur. Mənim kitabımda kökündən kənd soveti yoxdur. Məhkəmə yoxdur.

Ə m r u l l a. Onun eybi yoxdur, onu balaca surətə salıblar də...

Q ü d r ə t. Yox, mənim bunlardan xəbərim yoxdur. Mən bütün camaat qabağında, bütün qəzetlərdə etiraz edəcəyəm.

Ə m r u l l a. Başuva dönüm, komissiya-zad gəlib, biabır olarıq ki... Qoy oyun qurtarsın, sonra yığışarıq, danışarıq, hər nə əgər-əksiyi olsa, hamısını düzəldərik.

Q ü d r ə t. Yox, bəlkə, belə daha yaxşıdır. Ancaq bu fikir mənim deyil, özgənindir (Düşünür).

Ə m r u l l a (sevinəntək). İndi ki, yaxşıdır, daha yaxşı!

Q ü d r ə t. Hələ Turac!.. O dilsiz-ağızsız qadın... iki adamın yanında oxuyunca, qıpqırmızı qızarardı... iki sözü dalbadal deyə bilməzdi. İndi bütün kütlənin qabağında bülbül kimi oxuyur, danışır. hələ Gülər! O üçüncü qız Gülər deyilmi?

Ə m r u l l a. Hə, hə, Gülərdir, Gülər! O ki lap qiyamətdir, hələ bil od parçasıdır. Onu da təzə tapmışam.

Q ü d r ə t. Odur, hələ dünənədək başında bantik gəzdirirdi. İndi səsindəki qüvvət! Yox, bunların heç birindən mənim xəbərim yoxdur.

Ə m r u l l a. Hamısını gənclər düzəldiblər. Bilirsən nə qədər çalışıblar. İllah ki, Gülsabah, yazıq səhərdən girib teatra bir də gecəyarısı çıxıbdır. Bir əvvəl soruşdum, sonra gördüm yox, bu ayrı şeydir. İndi hələ ki, meşqə baxıram, sənin əziz canınçın, ürəyim açılır. İstəyirəm lap tutum üzündən öpüm. Sonra deyirəm onu da bir söz elərlər.

Q ü d r ə t. Yox, mən özgənin fikrini istəmirəm. Bu fikirlər mənim deyildir.

 

Səhnədə işıq yanır, kənd sovetinin dəftərxanası. T u r a c, X u d a y a r,

M o l l a R ə h m a n və Ə b d ü l səhnədədirlər.

 

Ə b d ü l. Qızım, Lalə, bu daha el adətidir. İşdir, olub keçibdir. İndi sən bizi padsuda vermək istəyirsən? Gözlərüvə qurban olum, qızım, ayaqlaruvun altında ölüm, bizi rüsvay eləmə!

T u r a c. Məndən soruşdular, mən də dedim.

M o l l a R ə h m a n. Pərvərdigara, səndən kömək və kəlbühüm basitün ziraeyhi bilvəsit...

X u d a y a r. Sən sözünü dəyişdir. Deginən ki, yalan demişəm.

T u r a c. Mən kənd məktəbində oxuyurdum, mən klubda işləyirdim, mən adam olacaqdım, sən məni öz pulunla satın alıb, dörd divar arasına qoydun.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit. qızım, qorx Allahdan, bari mənə yazığın gəlsin. Deginən yalan demişəm. Bizi zalımın çəngalına verməginən. Mənə deyirlər ki, zaqsdan kağız almamış neçin kəbin kəsmişsən?

Ə b d ü l. Gör, qızım, birdən-birə neçə adam padsuda gedir.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit!

T u r a c. Mən o qara dustaqda dayanmaq istəmirəm. Buraxın məni öz xoşunuzla! Mən işə getmək istəyirəm, mən işlərəm, onun da pulların verərəm.

X u d a y a r. Sən əgər özgəsinə getmək istəyirsənsə, ondan göz çək! Məni tutarlar, mən sənə talağ vermərəm, qiyamətə kimi altında çürüyərsən.

T u r a c. Mən heç kəsə getmək istəmirəm. Mən ancaq o evə getmək istəmirəm. O da mənim üçün dustaqdır, dustaq!

Ə b d ü l. Qızım, bu ağ saqqalımı ayaqlaruva sürtürəm, bu şələ papağımı ayaqlaruvun altına qoyuram. Sənə yalvarıram: bu yaşımda mənə yazığın gəlsin.

T u r a c. Ata, neçin sən əvvəldən fikirləşmədin? Mən sənə nə qədər yalvardım, göz yaşıma baxmadın, kənd soveti baxmadı, bu çəpgöz mollanın özünə yalvardım, heç biriniz baxmadınız, çünki o hamınızı satın almışdı. Indi nə edim: sənin bu ağ saçlarına yazığım gəlsin, yainki bütün ömrümə?

Ə b d ü l. Bilməmişəm, qızım. Mən gedərəm sənin anovun qəbri üstə yıxılaram, onun da torpaqlarından öpərəm.

T u r a c. Yaxşı, ata... Qoy mənim ömrüm çürüsün. Mən demərəm.

M o l l a R ə h m a n. Odur, gəlirlər, gəlirlər və kəlbühüm basitün ziraeyhi bilvəsit.

 

G ü l ə r və G ü l s a b a h içəri girir və bir qədər onların üzünə baxdıqdan sonra.

 

G ü l ə r. Hamısı buradadır.

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi bilvəsit!

G ü l ə r. Ancaq doğrusunu de. Bunlar sənin kəbinini gücnən kəsdirmişlər? Kəbini də zaqsdan iznsiz bu molla kəsmişdir?

M o l l a R ə h m a n. Və kəlbühüm basitün ziraeyhi eyhi bilvəsit!

T u r a c. Yox, mən özüm getmişəm (Üzülərək, gözlərini yerə dikir).

G ü l ə r. Yox? Qorxma, qız, heç bir şeydən qorxma! Doğrusunu de.

T u r a c. Mən özüm getmişəm.

G ü l s a b a h. Sən özün deyirdin ki, səni güclə vermişlər.

T u r a c. Mən yalan demişəm.

X u d a y a r. Başuvuza dönüm, indiki vaxtda gücnən bir toyuğu tutmaq olmur.

G ü l ə r. Axmaq qız... bunlar çox güman ki, bütün gecəni sənə yalvarmışlar. Sən indi həyatını, öz gənc ürəyini bunların yalvarışına qurban verirsən. Sən azad bir qadın kimi işləyib, cəmiyyətin sağlam və dəyərli bir üzvü ola bilərsən, verdiyin qurban çox böyükdür. O sənin həyatındır. Biz hamısını bilirik. Düşün, doğru cavab ver! Sən buna getmək istəmirdin?

T u r a c. Qoy, nə olursa olsun, mən doğrusunu deyəcəyəm. Yox, mən getmək istəmirdim.

Q ü d r ə t (lojada yerindən sıçrayaraq). Bəsdir, saxlayın! Örtün pərdəni, mənim kitabımda bu sözlər yoxdur. Mənim kitabımda qızı güclə verirlər və aparırlar. Örtün pərdəni!

Ə m r u l l a. Başuva dönüm, dayan, bu saat qurtarır.

Q ü d r ə t. Yox, mən istəmirəm. Mən özgəsinin fikrinə möhtac deyiləm. O onların qüvvətinə təslim olur.

G ü l s a b a h (səhnədən üzü salona dayanaraq). O keçmişdi, yoldaş Qüdrət, indi zaman başqadır. Bəs qanun, bəs hökumət, bəs inqilab, bəs qadınlara verilən azadlıq, sizin gözləriniz bunları görmür?

Q ü d r ə t. Mən öz atasının ağ saçları üzərindən atılıb keçən bir Azərbaycan qızını tanımıram. Yoxdur.

G ü l s a b a h. Vardır, siz onları görmürsünüz!

Q ü d r ə t. Haradadır, kimdir?

G ü l ə r (sərt bir hərəkətlə irəliyə keçərək). Budur mən! Mən hələ bu saat öz anamın cənazəsi üzərindən atılıb gəlmişəm.

S ə s l ə r. Adə, o kimdir? Nə olmuşdur? Səs salmayın! Yavaş! Ne meşayte![xxii]

G ü l s a b a h. Çıxın səhnəyə, baxın salona! Bunlar hamısı dünən çadralarda çürüyən, günəşə həsrət qalan gücsüz qadınlardır. Zaman dəyişmiş, əsrlər toqquşmuş, iplər qırılmış, hamısı həyata çıxmışdır. Həyat, hərəkət, sürət, temp, inqilab, sən bunları görmürsən. Sənin gördüyün və tanıdığın həyat isə keçmişdir.

Q ü d r ə t. Onlar hamısı keçmiş isə, mənim yazdıqlarım da keçmişdir.

G ü l s a b a h. Tarixin təkərini döndərmək olmaz, yoldaş Qüdrət Arslan, onlar keçmişdir. Açın gözlərinizi. Kamandan sıçrayan ox, geri qayıtmaz.

S ə s l ə r. Çıxardın onu zaldan.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info