Qonaq Kitabı
DÖNÜŞ

S t a r o v e r o v. Məndə bütün Moskva teatrlarının quruluşları vardır. Sən mənə belə bir kombinasiya göstər, gözümü çıxart.

B a y r a m. Bu savadsızlıqdır. Müəllimin öyrətdiyi tələbə üçün pozulmaz bir qanun olursa, həyat irəliləməz. Bu, həyatın dialektikasıdır. Onların tapmadığını bu gənc uşaq tapmışdırsa, kimsə onun əlinə vurmaz və vura da bilməz.

Ə l i m u x t a r. Vay atonnan. İndi deyər Moskvadakılar da heç bir şey anlamır, hələ mən tum düşmüşəm!

Ə m r u l l a. Deməli, Moskvada da heç kəs bir şey anlamır, hələ sən anlayırsan?

M i r z ə C a m a l. Bilirsən, sən bu boyda boyunnan istəyirsən gəlib burada ağalıq sürəsən... axırda da onun-bunun yanına soxulmaqla müdirdən-zaddan olasan. Ondan göz çək!

Ə m r u l l a. Səni göndəriblər buraya işləməyə, daha göndərməyiblər bu idarələri ayaqdan salmağa ki...

Ə l i m u x t a r. Kəlməbaşı da bir inqilabdan, dialektikadan goplayırsan qabırğamıza.

G ü l s a b a h. Mən heç bir idarəyə getməmişəm.

M i r z ə C a m a l. Əgər getməmişsən, bu danosu Narkomprosa yazan kimdir?

G ü l s a b a h. Mən danos yazmamışam. Mən oraya öz fikrimi yazmışam.

İ l y a s. Biz dal qapıdan kabinetlərə soxulan ayaqları qırarıq.

G ü l s a b a h . Zaman öz haqqını tələb edir. Ona qarşı kimsə hasar çəkə bilməz.

İ l y a s. Deməli, sən burada özün üçün bir ayrı qruppa düzəltmişsən, qruppovşina aparırsan da?

G ü l s a b a h. Mən Narkomprosa yazdığımı gizlin yazmamışam, sizə də yazmışam. Budur, kağızınızın altındadır.

Ə m r u l l a. Baba, canım, gözüm, mən qələt elədim ki. Gəlmişsən, gəlməmişsən, düşmüşsən bu qapılara, birini Azapda avara eləmişsən, Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan, teatrı burada çaxnaşdırmışsan bir-birinə, xudojnik bu yana acıq tutub, muzıkant o yana acıq tutub.

X u r ş i d. Qəmər xanımın qızını o yanda sancırsan.

Ə m r u l l a. Sonra da bunların hamısını yazırsan teatrın ayağına.

A r i f H i k m ə t. Yox, axı, bu da müdirdir. Onu da abstraqirovat eləmək olmaz.

Ə m r u l l a. Neyləmək olmaz?

A r i f H i k m ə t. Abstraqirovat.

Ə m r u l l a. Yoldaş Ilyas, onu da yaz ora!

Ə l i m u r a d. Mən, necə ki, predsedatel mestkom, deyirəm ki, bunlar burada qruppovşina aparırlar.

B a y r a m. Qruppovşik siz özünüzsünüz.

İ l y a s. Sən mestkomu tanımaq istəmirsən, özün də maska altında işləyirsən. Içərişəhərdə də ikimərtəbəli eviniz vardır. Özün də çastni sobstvenniksən, xalis opportunistsən.

S a p a n. Sən özün xalis opportunistsən.

X o s m ə m m ə d. Opportunist sən özünsən. Mən qızların pudralanması haqqında şeir yazıram, sən deyirsən: qafiyəsi yoxdur. Ay camaat, siz olasınız balalarınızın canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ə l i m u r a d. Yoldaşlar, bunlar hamısı sonrakı məsələdir. Ancaq mən də, necə ki, bir mestkom, bir bilmək istəyirəm, bu müdiriyyət bu məvacibləri haçan verəcəkdir?

G ü l s a b a h. Yoldaş müdir, bizim boş danışıq üçün boş vaxtımız yoxdur. Biz işləyirik.

Ə m r u l l a. Biz, yəni kim?

X u r ş i d. Öz qruppaları.

Z a m a n. Burada qruppa yoxdur. Burada teatrın yüksəlişinə çalışan bir qüvvə var. Siz isə bizi pıçıltılarla məşğul etmək istəyirsiniz.

X u r ş i d. Görürük pıçıldayan kimdir. Biz, yekəbaşlının biriynən pıçıldamağa öyrənməmişik.

S a p a n. Gedək, yoldaşlar... haçan çağırarlar, biz də sözümüzü deyərik.

Z a m a n. Mən bir bilmək istəyirəm ki, siz nə istəyirsiniz?

M i r z ə C a m a l. Sən çox yaxşı bilirsən... Biz onu istəyirik ki, mən otuz ildir Əmirəstanbəyin rolunu oynayıram. Tip yaratmışam. İndi siz gəlib mənim başıma bir dirabı papaq qoymaq, quyruğuma da bir dialektika bağlamaq istəyirsiniz. Özü də Gülsabah xanımın buyruğu ilə rejissor o cür tipi, mənim rolumu alıb sənə veribdir.

B a y r a m. O, yeni metodla işləyir, yeni nəzəriyyə ilə işləyir. Sən isə o metodla işləmək istəmirsən, bacarmırsan.

M i r z ə C a m a l. Neçin bu otuz ildə bacardıq. Hələ indi sən gəldin, Gülsabah xanım gəldi, bacarmadıq. Mən çox yaxşı bacarıram. Ancaq öz tipimi korlamaq istəmirəm.

Z a m a n. Otuz il bundan qabaq mənim də nənəm qız idi.

A r i f H i k m ə t. Bəs necə olur ki, mən həmişə palajitelni roller oynamışam, Moskvada Stanislavski özü də dedi. İndi nə ki atrisatelni rollar var mənə veriblər. Mən bu teatrdan gedəcəyəm. Atrisatelni rollar oynamayacağam.

G ü l s a b a h. Yoldaş müdir, mən işə gedirəm.

Ə m r u l l a. Bir bilmək olar ki, siz orada nə işləyirsiniz?

S a p a n. Biz oxuyuruq. Gülsabah xanım və Bayram bizə dərs verirlər.

Z a m a n. Biz yarışa hazırlaşırıq.

Ə m r u l l a. Yaxşı, bunu kimə demişsiniz?

S a p a n. Mestkoma demişik.

Ə m r u l la. Qələt eləyir mestkom atasıynan, anasıynan. Mən öz çulumu sudan çıxara bilmərəm, gedib Məsko teatrı ilə kəlləbəkəllə gələcəyəm.

M i r z ə C a m a l. Yox, Gülsabah xanım və Zaman döyüşəcəklər

G ü l s a b a h. Zaman döyüşəcəkdir. Onun kəlləsi bərkdir. Döyüşməkdən, qoy kəlləsi laxlayanlar qorxsunlar. Biz döyüşəcəyik... və yarış bayrağı bizim olacaqdır.

İ l y a s. Bircə durun ayağa! Mən gərək bu teatrı bağlatdıram, ya gərək sabahdan onun ayağı bu teatra dəyməsin... Vəssalam, şüd tamam. Bu saat gedirəm birbaş Seperabisə (Portfelini götürüb gedir). Birbaş Məskova kimi varam (Portfelini qoltuğuna vurub çıxır).

 

P ə r d ə

 

 

DÖRDÜNCÜ ŞƏKİL

 

G ü l s a b a h ı n otağı

 

G ü l s a b a h (Zamanla gəlir və soyunaraq). Yoruldum, Zaman onlar məni çox incidirlər.

Z a m a n. Sən çox sərtsən, Gülsabah. Sən bilirsən ki, Mirzə Camal teatrın allahıdır. Bu vaxtadək onun ağacının qabağında ağac uzaqdan olmamışdır. Hər yerdə adı, şöhrəti var. İş bərkə düşəndə hamı onun sözünə inanacaq və teatrı öz istəyinə təslim olmağa məcbur edəcəkdir. məsələni özəyə keçirmək və qəti qoymaq lazımdır.

G ü l s a b a h. Onlar yeni iş metodunu qavraya bilmir və ona görə də öz mövqelərini itirməkdən qorxurlar. Biz onlara anlatmalıyıq ki, bizə ancaq teatrın yüksəlişi lazımdır.

Z a m a n. Onlara isə onların özü lazımdır. Gedirlər Narkomprosa, oyanbuyana, Əmrulla yazığı da sıxışdırırlar.

G ü l s a b a h. Əmrulla özünü itirmişdir. O təzədir, qorxur, elə bilir ki, bir-iki nəfər getməklə teatr dağılar.

Z a m a n. Onu yaman sıxırlar. Bayram yazıq bir yol kefli gəldiyi üçün tez fürsətdən istifadə edib teatrdan çıxartdılar. İndi növbə sənindir, sonra da mənim.

G ü l s a b a h. Burada iş keflilikdə deyil, iş, sistemlərin vuruşundadır. Nə etmək, mübarizədir. Təslim olmaq? Qaçmaq?

Z a m a n. Məncə girişi bir az yumşaltmaq lazımdır.

G ü l s a b a h. Yox, Zaman. Vuruşdan qaçmaq qorxaqların işidir. İgidin bıçaq kürəyinə deyil, köksünə sancılmalıdır. Bayramı qovdularsa, bu kimsəni qorxutmamalıdır. Inqilab qurbansız olmaz. Qoy hələ Qüdrət də pyesi yazsın, bu saat bərk işləyir. O gün deyirdi ki, götürdüyü mövzu son dərəcə gözəldir.

Z a m a n. Qüdrət məsələsi işi daha da korlamışdır. Bütün şəhərə səs yayılmışdır ki, Gülsabah Qüdrəti öz ev-eşiyindən avara edib, külfətini dağıtmışdır.

G ü l s a b a h. Ancaq nə üçün?

Z a m a n. Sən onu kimə sübut edəcəksən. Bir də tək o deyil ki.

G ü l s a b a h. Sən doğru deyirsən, Zaman. Düşmən çoxdur. Mən hiss edirəm ki, adamlar, mənimlə əvvəllər dostcasına danışan adamlar indi məndən yan keçirlər, məndən qaçırlar. Mən dünən Bayramın işinə görə Maarif Komissarlığına getmişdim. Katib məni qəbul etmədi. Bütün gecəni səhərə kimi yatmamışam, düşünməkdən beynimçatlayır.

Z a m a n. Biz indi buraya gəlirkən Gülər qapınızdan keçirdi.

G ü l s a b a h. Gülər? Bizi gördümü?

Z a m a n. Bilmirəm.

G ü l s a b a h. Mən bilmirdim ki, o səni sevir... O mənimlə kəllələşmək istəyir... Eh, Zaman, dünyanın işləri çox dolaşıqdır... O qız mənimlə vuruşarsa, sən kimin tərəfində olarsan, Zaman?

Z a m a n. Mən?

G ü l s a b a h. Yox, cavab vermə, Zaman, mən istəmirəm.

Z a m a n. Mən sənə hər şeyi demək istəyirəm, Gülsabah, çoxdan demək istəyirdim.

G ü l s a b a h. Yox, mən eşitmək istəmirəm. Bir kəlmə də danışma!.. Hər şey Qüdrətin yazacağı kitabdan asılıdır. Sən otur, Zaman, mən pilətəni yandırım, bir az çay qoyum.

Z a m a n. Yox, Gülsabah, sən çox yorğunsan, çayı mən qoyaram, sən otur. O havanı bir də çal ki, yadımdan çıxmasın.

 

Zaman o biri otağa gedir, Gülsabah pianino başına keçib çalmaq istərkən Q ü d r ə t içəri girir.

 

G ü l s a b a h. Aha... sən gəlmişsən!

Q ü d r ə t. Mən teatra gəlmişdim, Gülsabah, səni axtarırdım. Ancaq nədənsə mənə çox soyuq cavab verdilər.

G ü l s a b a h. Nə var ki?

Q ü d r ə t. Heç bir şey... Bu gün səni görməmişdim, darıxırdım.

G ü l s a b a h. İşlərin necə gedir?

Q ü d r ə t. Çox gözəl gedir, Gülsabah, pyesi yarıya yetirmişəm. Mövzunun möhkəmliyi çox kömək edir.

G ü l s a b a h. Turacı gördünmü?

Q ü d r ə t. Eh... yadıma salma, Gülsabah. Mən o gündən onu görməmişəm. Beynim duman kimidir, Gülsabah. Bütün kainat gözümün qabağında hərlənir. Elə bir sürətlə də hərlənir ki, heç bir hissəsini görə bilmirəm. Bu gün zavoda getmişdim. Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. Bu qədər, artıq heç bir şeyi görə bilmədim. Yalnız hərəkət.

G ü l s a b a h. Bəli, hərəkət, sürət, temp... hərəkət həyatın birinci əsəridir.

Q ü d r ə t. Siz yeni pyesdən bir parça istəmişdiniz.

G ü l s a b a h. Bircə şeir olsa bəsdir. Gənc bir kompozitorumuz var, ona verəcəyəm.

Q ü d r ə t. Budur gətirmişəm. Gənc bir işçi öz nişanlısı üçün oxuyur.

G ü l s a b a h. Aha... yeni insanların mahnısı. Bizə də hələ o lazımdır. Oxuyun görək.

Q ü d r ə t. Bu saat... (Çıxardaraq). Mən bunu zavodda gedəndə yazmışam.

 

Mənim yarım bir gözəldir,

Altun kimi saçı var;

Mirvarıdan sırması var,

Göy zümrüddən tacı var.

 

G ü l s a b a h. Altun saç... çeynənmiş obrazdır. Həm də tacir təbiridir. Bu günün təbiri deyildir.

Q ü d r ə t. Bəs nə yazım? Yazım çüyün saçlar?

G ü l s a b a h. Bilmirəm, bəlkə də çüyün yazmaq lazımdır.

Q ü d r ə t. Altun saçlar, ipək saçlar... Bu, şərq ədəbiyyatında ən məşhur təşbihlərdir.

G ü l s a b a h. O dünən idi.

Q ü d r ə t. Yaxşı onu düzəldərik.

G ü l s a b a h. Sonra sənin mirvarı sırmalı, zümrüd taclı gəlinin nə ot çala bilər, nə də dizeldə işləyə bilər. O ancaq hərəmxana gəlinidir.

Q ü d r ə t. Niyə, işçinin bekar vaxtı olmur?

G ü l s a b a h. İşçinin, qadının bekar vaxtı onun özününküdür. Bizə isə indiki halda qadının cəmiyyətdəki vəziyyəti lazımdır. Vuruş cəbhəsi burasıdır. Sonra...

Q ü d r ə t.

Mərmər kimi ağ döşündə

Al yaqutdan düyməsi,

Şahanə bir baxışı var,

Məftun edər hər kəsi...

 

G ü l s a b a h. Əvvələn, sənin gəlinin zərgər qızına bənzəyir. Atasının bütün daş-qaşını oğurlayıb yar-yaxasına sancmışdır. Sonra şahanə baxış da bu günün təbiri deyildir.

Q ü d r ə t. Sən də lap döndün bir para adamlara. Bəs nə yazım? Yazım, dvornikanə baxışın, ya da biçinçiyanə baxışın?

G ü l s a b a h. Bilmirəm, mən ki, şair deyiləm. Ancaq onu bilirəm ki, artıq nə şah var, nə də onun baxışı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info