Qonaq Kitabı
DÖNÜŞ

Ö t g ü n. Yaxşı, sağ olun (gedir).

Ə m r u l l a. Bu da sizi xamlayıbdır, siz də hələ deyirsiniz ki, belə. Mən axı tanıyıram bu donuz oğlunu. Deyirlər gicbəsərin biridir ey. Dörd pyesin var, birini də Qüdrət yazır, bu beş...

G ü l s a b a h. Qüdrət öz yerində, bu öz yerində... Bəlkə bu, sabah Qüdrətdən qüvvətli olacaqdır.

Ə m r u l l a. Ey, ölmə eşşəyim, yaz gələr, yonca bitər. Kül o teatrın başına ki, bu gicbəsərə möhtac olacaqdır.

G ü l s a b a h. O, gic deyil, yoldaş Əmrulla. Mən onunla çox danışmışam. Çox alıcı və idraklı uşaqdır. Yazısı da heç yaman deyildir. Mən bir ötəri oxumuşam.

Ə m r u l l a. Bilirsiniz, Gülsabah xanım, sən allah, dahı sənin uşağın yoxdur, – sən olasan mənim qızımın canı, sən bu tatar cəncəlini at bir yana. Sən deyirsən, onlar da donquldanırlar. Məni də buraya göndəriblər işləməyə. Hamısı dağıldı, getdi. Sonra mənə də söz gələr, deyərlər getdi, bir şey bacarmadı. Sənin hər nə sözün oldu, sən gəl, yavaşca mənə de, mən pişim-pişimnən qoyum boyunlarına.

G ü l s a b a h. Pişim-pişimlə inqilab olmaz, yoldaş Əmrulla. Burada güclü bir təkan lazımdır. Dəmiri oda atmamış suya salsan, polad olmaz.

Ə l i m u x t a r (gəlir). Bu həzəratın tənəffüsü dönüb acı bağırsağa, çəkməynən qurtarmır.

Ə m r u l l a. Yoldaş Əlimuxtar, tənəffüsün də müəyyən vaxtı olar, belə iş olmaz ki.

Ə l i m u x t a r. Kimə deyirsən, heç qulaq asan var, get özlərinə de də...

G ü l s a b a h. Yoldaş Əlimuxtar, təqsir sizdədir. Siz özünüz onları yaradıcılıq odu ilə yandıra bilmirsiniz. Əvvələn, vaxtlarının çoxunu boş danışıqla keçirirlər.

Ə l i m u x t a r. A kişi, bəsdir, siz Allah, siz də... hər işə qatışmayın. Səninlə danışan yoxdur ki. Hər nə oldu, bir qəpiklik qutab kimi özünüzü salırsınız ortaya... Yandıra bilmirsən! Gəl sən rejissor ol, vur pilətəni başlarına, hamısını Qəmər xanımın qızı kimi yandır... Eh, çox mənim hövsələm var! Açım gül ağzımı, dişimin dibindən çıxanı sadalayım...

Ə m r u l l a. Bəsdir, yoldaşlar, bəsdir... Ayıbdır səninçin, adam aktrisa ilə belə danışmaz (Gedir).

G ü l s a b a h. Dişinin çıxanı deyənlərin vurarlar dişləri qarnına tökülər.

Ə l i m u x t a r. Oho! Xux! Qorxdum səndən... Bağışlarsan, mənim dişimi vuran hələ anasından olmamışdır. Gözlə, biləyin burxulub qırılmasın...

G ü l s a b a h. Mənim biləyim kütlənin biləyidir, sənin çürük dişlərin onu qıra bilməz. Birini dişlərsən, yerində milyonlar vardır.

Ə l i m u x t a r. Yaxşı da, get de, Zaman vursun dişlərimi qırsın.

G ü l s a b a h. Zaman sənin dişlərini çoxdan qırmışdır. Sən indi damağınla dişləyirsən. Ancaq gözlə cəhəngini də cırmayasan! (Əsəbi addımlarla səhnədən gedir).

Ə l i m u x t a r. Gələ də... Hələ belə olur da.. Köpək oğlunun xarabasında çatan gəlib bir ağalıq eləyir... Eh... cəhənnəmə olsun hamısı.

Z a m a n. Yoldaş Əlimuxtar, onu sən gedib demişsən ki, Gülsabah pilətəni vurub Gülərin başına, alışıb yanıb, aparıblar rayona?..

Ə l i m u x t a r. Mən neçin deyirəm, gizlin şeydir? Kişinin qızını sabah basdırırlar ki...

Z a m a n. Yoldaş Əlimuxtar, siz bu uydurmaların əvəzinə işlə məşğul olsaydınız, daha yaxşı olardı. Gedib yalandan söz yaymağın...

Ə l i m u x t a r. Eh... yaxşı eləmişəm. Get əlindən gələni beş qaba çək.

Ə l a b b a s. Gülsabah buradadır? Bayırda arvad onu çağırır.

Z a m a n. Qoy gəlsin də...

Ə l a b b a s. Yox, yoldaş, qanun var. Buraxa bilmərəm. Müdir desin, buraxım.

Z a m a n. Gedək, görək kimdir?

 

Gedirkən X u r ş i d əlində T u r a c ı n u ş a ğ ı səhnəyə qaçır.

 

X u r ş i d (Əlimuxtara). Sən öləsən, Turac xanım gəlib, bu saat tamaşa var, dava qurşaqdandır.

Ə l i m u x t a r. Eh, cəhənnəmə olsun hamısı, xarabanı döndəriblər karvansaraya.

X u r ş i d. Ağız, Asya, Asya, Asya! Zəhrimar, bura gəl, tamaşa var, sus... o tərəfə, o tərəfə...

 

Bu aralıq Z a m a n və T u r a c səhnəyə çıxır. Xurşidgil gizlənirlər.

 

Z a m a n. Gülsabah xanım, sizi çağırırlar.

G ü l s a b a h (səhnəyə çıxaraq). Turac!..

 

Aktyor və aktrisalar oyan-buyanda gizlənib, hərdən başlarını çıxarır və baxınırlar.

 

T u r a c. Mən, Gülsabah, səninlə bir də danışmaq istəyirdim.

G ü l s a b a h. Siz gərək evə gələydiniz. Turac, yaxşı, nə istəyirsən?

T u r a c. Mən sənin sözlərini sınamaq istəyirəm. Sən deyirsən ki, sən ancaq kütlə üçün çalışırsan.

G ü l s a b a h. Mən doğru deyirəm, Turac.

T u r a c. Sən deyirdin ki, onu almaq üçün çalışmaq, vuruşmaq lazımdır.

G ü l s a b a h. Deyirdim.

T u r a c. Sən deyirdin mənə kömək edərsən.

G ü l s a b a h. Əlimdən gələn qədər edərəm, Turac.

T u r a c. Öz düşməninə?

G ü l s a b a h. Mən sənin düşmənin deyiləm.

T u r a c. Mən sənin sözlərini sınamaq istəyirəm. Mən çalışmaq, vuruşmaq və sən deyən kimi mübarizəyə hazır bir adam olmaq istəyirəm. Mənə kömək et, yol göstər! Mən nə etməliyəm?

G ü l s a b a h. Hər şeydən qabaq, qapandığın o meşşan cəmiyyətdən çıx, öz ərin üçün yüngül bir əyləncə olmaqdan qurtar, öz həyatını ələ al.

T u r a c. Mən nə etməliyəm? Yol göstər!

G ü l s a b a h. Get işləməyə!

T u r a c. Nə işə?

G ü l s a b a h. Sən nə bacarırsan?

T u r a c. İndilikdə mən heç bir şey bacarmıram. Mən həmişə onu əyləndirmək üçün çalmaq, oxumaq və bu kimi şeylər öyrənməyə çalışırdım.

G ü l s a b a h. Vuruşmaq, yaşamaq istəyənlər üçün bacarmıram sözü yoxdur, Turac, mən öyrənərəm sözü vardır...

T u r a c. Mən öyrənərəm.

G ü l s a b a h. Sənin əlində gözəl bir sənət var, Turac!

T u r a c. Nədir?

G ü l s a b a h. Çalmaq, oxumaq. Sən onu dörd divarın arasında gizlədib saxlamışsan. Bu, oğurluqdur, Turac. O kütlənin malıdır. Sən öz gözəl səsini, öz gözəl istedadını kütlədən gizlədirsən.

T u r a c. Bəs nə edim?

G ü l s a b a h. Çıxart onu səhnəyə...

T u r a c. Səhnəyə... yox! Mən səhnəyə çıxmaram. Sən bütün xalqı mənə güldürmək istəyirsən. Eşidən nə deyər?

G ü l s a b a h. Qoy kim nə deyir, desin. Gülər səndən qoçaqdır, Turac. Sən tüpür hamısına, tapda, keç, o həşərat yatağının üstündən keç! Atıl! Çıx səhnəyə! Çıx ortaya! Göstər öz bacarığını, göstər öz gücünü! Söylə öz xalqına ki, sən də onun vurucu bir qolusan... cəbhədəsən...İndi isə sən bilirsən nəsən, Turac?... Xərcinaməlum.

Ə m r u l l a (çıxır). Doğru deyir, bacı. Sənin əziz canın üçün, qızımın ölmüşünə ki, səhərdən mən oradan eşidirdim. Lap ağlamağım gəlirdi.

G ü l s a b a h. Yazın onu, yoldaş Əmrulla. Mən onun səsini, çalmasını eşitmişəm, o, gözəl bir qüvvət ola bilər.

Ə m r u l l a. Yazım da, yazmayanın atasına lənət, hələ bu saat yazım.

T u r a c. Sən mənə kömək edərmisən?

G ü l s a b a h. Edərəm, Turac, söz verirəm.

T u r a c. Yox! Mən gələ bilmərəm. Bəlkə Qüdrətin xoşu gəlmədi.

Ə m r u l l a. Hələ belə olur da. Sonra da deyirlər azərbaycankaları verbovat eləmirsiniz. Bacı, vicdanım haqqı, sən onu bil ki, bu il bizə dotasiyanı az veriblər. Smetamızı da urezat eləyiblər, mən yenə deyirəm, cəhənnəmə ki, beş-altı dənə kadrımız olsun.

T u r a c. Mən ancaq ondan çəkinirəm.

G ü l s a b a h. O səni atıb gedirkən səndən razılıq aldımı? Hansı yaxşıdır? Onu dörd divar arasında gözüyaşlı aciz bir qadın kimi gözləyib, ondan mərhəmət və sədəqə ummaq, ya da bir fateh kimi səhnədə milyonlarla kütlələrin alqışı altında onun qabağına çıxıb: “Mən buyam” – demək? Gəl, Turac, gəl! Qorxma! İnan ki, sənin uzadılan əlin boş qalmaz, biz sənə kömək edərik.

T u r a c. Yaxşı, gəlirəm, artıq mənimçin dönüş yolu yoxdur. Görünür, Qüdrət doğru deyirmiş. Kamandan çıxan ox geri qayıtmaz.

Ə m r u l l a. Yaxşı da, rəhmət atova da... Vicdanım haqqı, mən də səhərdən hələ onu deyəcəkdim. Gülsabah xanım, bircə tez götür onu, doqovor bağlayaq ki, sonra peşman olar... Həzrətabbas haqqı, sabah sizin üçün baksoyuzdan bu boydana bir tort alacağam...

X u r ş i d (acıqlı səhnəyə çıxıb, uşağı Turacın qabağına ataraq). Al öz uşağını (Gedərkən öz-özünə). Az idi arıq-yırıq, bir də gəldi dabanı cırıq...

Ə l i m u x t a r. Bircə səhnədən çıxın, meşqə başlayıram.

 

Turac səhnədən çıxmaq istərkən Q ü d r ə t içəri girir və Turacı görüncə, donub qalır.

 

Q ü d r ə t. Turac...

 

Turac onun üzünə baxır və birdən ayrılmış kimi, onun yanından keçib gedir.

 

X o s m ə m m ə d (səhnəyə çıxır, bir şey əzbərləyir kimi). Dialektika hərəkətdir, adi yürüş və təkan. Tezis vəziyyətdədir. Antitezis təzaddır – inkar... Sintez... sintez... adə, sintez zəhrimar yadımdan çıxdı. Yoldaş Zaman, Gülsabah xanım sintezi nə dedi?

Z a m a n. Sintez...

M i p z ə C a m a l. Sintez sənin babovun kəlləsi. Sən öləsən, bu vaxta qədər ki, dialektika yox idi, dahı bu xalq artist deyil idi. Hələ dialektikanı öyrəndin, artist oldun.

X o s m ə m m ə d. Hələ əsl iş odur ki, biz anlamamışıq. Sən köhnə formasan, yeni tezissən, Gülsabah xanım da antitezis, antitezis, yəni inkar etmək. Başa düşdün? Yəni sən pinəçisən, yüz ildir çarıq tikirsən, deməli, tezissən. Indi o gəlib deyir ki, çarıq yaxşı deyil, gərək çəkmə tikək, o da oldu antitezis. Başa düşdün? Sintez də mənəm... Yəni siz vuruşarsınız, nəticəsində çıxan yeni forma mənəm. Yox, deyəsən, bu düz olmadı... Dayan, axşam dərsdə Gülsabah xanımdan soruşum, sonar başa sallam səni.

M i r z ə C a m a l. Sən öləsən, bir sən dialektikasan, bir də sənin o şeirlərin ki, nə vəzni var, nə qafiyəsi.

X o s m ə m m ə d. Sən heç bilmirsən qafiyə nədir. Amma mən indi bilirəm: mənim şerimdə qafiyə varmış. Yoldaş, Zaman sən ölənlərüvün goru, bulvarnan şalvar qafiyədir ya yox?

M i r z ə C a m a l. Mənə bax ey, baş götürmə! Camaat adamdan dialektika soruşmur ey, oynamaq soruşur.

X o s m ə m m ə d. Oynamaq soruşur? Əlbəttə... ancaq sənin oynamağını yox, çarıqçılıq yox, lapçınçılıq yox, tufliçilik. Başa düşdün?

M i r z ə C a m a l. Hələ birdən-birə, ya ayrı-ayrı?

X o s m ə m m ə d. Savadın yoxdur, dahı mən neyləyim səninçin? Bilirsən, dialektika hərəkətdir, hərəkət də bir hələ belə yerimək, bir də ki, atdanmaq. Məsələn: adamın belinə ki güc yığışdı, görürsən atdandı, bax, bu olur inqilab. Inqilab, yəni atdanmaq. Başa düşdün? Sən indi tezissən, yəni varsan, yox olacaqsan. Gülsabah xanım da antitezisdir, yəni yox idi, var olacaq. Mən də ki, hələ var oğlu varam ki, varam.

Ə l i m u x t a r. Səhnədən çıx, adə... Tezis, antitezis... Bu vaxta qədər ki xoruz yoxdu, sabah açılmırdı?..

X o s m ə m m ə d. Sən hələ özün də tezissən (Səhnədən qaçır).

Ə l i m u x t a r. Hə, başlayın, yoldaşlar, üçüncü pərdənin ikinci şəkli.

G ü l s a b a h (rolda). Səhər başladıqda üfüqlər bir lalə kimi qızarır, yer üzündən gecənin qara örtüsü qalxır, bütün kainat sanki bir sevinclə gülümsəyirdi.

M i r z ə C a m a l (rolda). Bəs sən onu tanımırsan, bəs sən onu tanımırsan?.. Doğru cavab ver... sən onu gördün, görmədin?

G ü l s a b a h (öz səsi ilə). Kimi?

M i r z ə C a m a l (öz səsi ilə). Necə yəni kimi?

G ü l s a b a h. Bilmirəm. Siz soruşursunuz onu, mən də soruşuram ki, kimi?

M i r z ə C a m a l. Mən nə bilim kimi? Budur, mənim rolumda yazılıbdır “onu görmədin?”, replikam da “gülümsəyirdi”.

G ü l s a b a h. Siz onu məndən soruşmursunuz, Durnadan soruşursunuz.

M i r z ə C a m a l. Bəs Durna kimdir?

G ü l s a b a h. Durna, Xurşid xanım.

M i r z ə C a m a l. Bəs hanı Xurşid xanım?

G ü l s a b a h. Mən nə bilim hanı. Siz onu rejissordan soruşun.

M i r z ə C a m a l. Yoldaş Əlimuxtar əfəndi! Bəs bu Xurşid xanım haradadır?

Ə l i m u x t a r. Bu saat... (Gedir).

G ü l s a b a h. Sizin sözünüz heç bu pərdədə deyil, bundan sonrakı pərdədədir, yoldaş Mirzə Camal!

M i r z ə C a m a l (aşağı düşərək). Hə... deyirəm axı, düz gəlmir, ancaq replikam “gülümsəyirdi”.

G ü l s a b a h (Zamana). Gerisini özümüz keçək (Rolda). Mən bütün gecəni göz qapmadan səni gözləyirdim.

Z a m a n. Mən tez gələrdim, Çinar... ancaq onlardan baş qaçıra bilmirdim.

Onlar məni izləyirdi (Öz səsi ilə). Bəs nə oldu bu?

Ə l i m u x t a r (səhnəyə qaçaraq çağırır). Adə... adə... yoldaş Arif Hikmət... orada qiyamətdir!..

Z a m a n. Yoldaş Əlimuxtar, biz burada işləyirik axı...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info