Qonaq Kitabı
DÖNÜŞ

Gülər qayıdır, kitabları bir yana atır və ağlayaraq, stol üzərinə düşür.

 

Sən gedib öz bədənini satacaq, öz gözəlliyini satacaq, çörək qazanacaqsan, yox, mən istəmirəm!

G ü l ə r. Bu, satış deyil, ana... bu sənətdir, bacarıqdır. Bu yarışdır. Hər kəs öz biliyini, öz qüvvətini yarış səhnəsinə atır. Mən isə öz bacarığımı, öz qüvvətimi kütləmdən gizlədirəm. Gülsabah doğru deyir: bu oğurluqdur. Mənim buna ixtiyarım yoxdur, yoxdur, ana, yoxdur!

Q ə m ə r. Sən indi ondan sitat gətirirsən? Özün bil, Gülər, kandardan bayıra çıxsan, qayıdıb mənim ölümümü görəcəksən!

 

Bu aralıq qapı açılır, G ü l s a b a h və Z a m a n içəri girirlər. Gülər yerindən

sıçrayır, bir dəqiqə hamı bir-birinin üzünə baxır... nəhayət, Qəmər sükutu pozur.

 

Q ə m ə r. Nə istəyirsiniz? Mənim evimdə sizin nə işiniz var?

G ü l s a b a h. Biz sizin yanınıza gəlməmişik, biz onunçun gəlmişik.

Z a m a n. Gedək, Gülər! Pərdə qalxmış, adamlar səni gözləyirlər.

Q ə m ə r. O heç yana getməyəcəkdir. Siz tələsirsiniz, gedə bilərsiniz.

G ü l s a b a h. Söz sənindir, Gülər! Biz səni gözləyirik.

Z a m a n. Sən getməsən oyun gedə bilməyəcəkdir.

G ü l s a b a h. Mən güman etmirəm ki, sən öz intiqamın üçün, bilərək belə dəyərsiz bir yol seçəsən.

G ü l ə r (Gülsabah və Zamandan baxışlarını qaçıraraq, sakit bir deyişlə). Mən getməyəcəyəm!

Q ə m ə r. Bərəkallah, qızım. Mən indi sənin əllərindən və ayaqlarından öpməyə hazıram.

G ü l s a b a h (hiddətini boğaraq, sakit bir deyişlə). Sizin bu öpüşünüz onunçun ilan öpüşündən daha zəhərlidir.

Q ə m ə r (sinirli bir deyişlə). Mən qoymaram, mən qoymaram ki, o da sənin kimi əxlaqsızlıq ocağına girib, bir satış malı kimi bu sayaq üz-gözünü boyasın (Gülsabahın qrimini göstərir). Ya ne dopuşu, çtobı ona bıla jertvoy vaşeqo zakulisnoqo razvrata. Ya ne dopuşu, çtobı ona raskrasila bı svoyo litso dlya publiçnoy prodaji, kak vot vı teper.[xxi]

G ü l s a b a h (getdikcə əsəbiləşərək). Mən bu boyaqla işləyirəm. O mənim üçün instrumentdir. O mənim çəkicimdir, iynəmdir. Mən bilmək istəyirəm ki, bunlar nə üçündür? (Stol üstündəki pudra qablarını göstərərək) Bu sırğalar, bu qolbaqlar, bu pudralar, bu pomadalar, sürmələr, saçburanlar, bunlar, bunlar nə üçündür? Sizi boyamaq, üz-gözünüzdəki bürüşükləri örtmək və oynaşlarınıza bəyəndirmək üçün deyilmi? O da, vı jenşinı vısşeqo obşestva! Siz yüksək cəmiyyətin adamısınız, qadınsınız, siz hər gün həyatda üz-gözünüzü boyayır, kəbindən-kəbinə, oynaşdan-oynaşa keçirsiniz. Heç kəs də bunu görmür və bilmir. Çünki sizi özünüzdən və oynaşlarınızdan başqa kimsə tanımır. Aktrisa isə bütün cəmiyyətin diqqət mərkəzindədir. Azacıq büdrəyən kimi bütün mühakiməsiz beyinlər, bütün zəhərli dillər danışmaq üçün mövzu tapırlar. O bütün həyatını qan-tər içində işləyir, axırda da sizin ona verdiyiniz mükafat, ancaq bir ad olur: əxlaqsız!

Q ə m ə r. Mən uşağımın yanında belə sözü danışmağı sizə yasaq edirəm.

G ü l s a b a h. O sizin deyil, o bizimdir, o bu gün deyilsə, sabah bizim olacaqdır. Onu bizim cəmiyyətimiz yetirmişdir. Sən isə mirassan, ölüsən sənin səsin məzardan gəlir, ölülər dirilərə əmr edirlər.

G ü l ə r (qaşlarını çataraq). Mən istəmirəm ki, siz mənim yanımda ona elə sözlər deyəsiniz... o mənim anamdır.

Z a m a n. Gülər, düşün! Sən getməsən, bu gecə hər şey məhv olacaqdır: o da, mən də. Bütün gənclər, bir daha bizə şey tapşırmazlar. Bu gecə bizim müqəddəratımız həll edilir. Sən bütün dünyanı bizə güldürmək istəyirsən.

G ü l ə r. Mən getməyəcəyəm!

G ü l s a b a h. Uşaq, mən sənə dedim ki, sən hələ uşaqsan, sən mənimlə döyüşə bilməzsən. Sənin qabağına cəsədlərdən divar çəkilmişdir. Sən dirilər deyil, ölülərin beli üzərindən atıla bilmirsən. Yürüşə gedən kütlənin isə dabanları və pəncələri dəmir kimi sinirsiz və duyğusuz olmalıdır. Gedək, Zaman! (Gülərə). Sən onu bil ki, güclü olmaq hər kəsin işi deyildir. Qəhrəmanlıq üçün kainat kimi geniş ürək, dəmir kimi sarsılmaz kəllə və pəncə lazımdır.

Z a m a n. Getdik! Bəs bu gecə oyun necə olacaqdır?

G ü l s a b a h (saxlanmaz bir hiddətlə). Gedək, Zaman, gedək! Mən burada göz yaşlarında boğuluram.

 

Gedirlər.

 

Q ə m ə r (azacıq sükutdan sonra Gülərin ayaqlarına atılaraq). Sağ ol, qızım, sən mənim üzümü ağartdın. Bu yaşımda bir uşaq kimi sənin ayaqlarına düşüb, öpür və təşəkkür edirəm.

G ü l ə r (sərt bir hərəkətlə qalxaraq). Yox, həyat məni gözləyir. Kütlə məni gözləyir. Vuruş məni gözləyir. Sən mənim silahımı aldın, ona təslim etdin. Sən məni onun yanında qızartdın, utandırdın, məğlub etdin, öldürdün, ana!

 

P ə r d ə

 

 

ONUNCU ŞƏKİL

 

Səhnədə.

 

Ş ö v q i. Adə, vay dədəm vay... Saat doqquz oldu, bunlar gəlib çıxmadı. Biz nə edəcəyik?

S a p a n. Sən öləsən, ürəyim qorxudan gup-gup guppuldayır. Birdən gəlməsə, nə olacaqdır.

Ş ö vq i. Vaxsey-vaxsey... elə bir biabırçılıq olar ki, kiş, kiş, kiş... ağzından külək aparsın.

S a p a n. Yox, adə, inşallah ki, gəlib çıxar. Yəqin yuxuya-zada qalıbdır. Sən öləsən yazıq Gülsabah sapsarı saralmışdı. Bütün bədəni əsim-əsim əsirdi.

Ş ö vq i. Mən, hələ, ondan qorxuram ki, axırda bu rol boynumda qalmasın.

X o s m ə m m ə d (çıxaraq). Yenə nə yapışmısan mənə, tezisin biri tezis. Bu yaşa çatmısan, Allahın dialektikasını da bilmirsən.

X u r ş i d. Podumaeş, yaxşı ki, bozbaş yadından çıxıb.

S a p a n. Adə, Xosməmməd, yapışdır bozbaşın qafiyəsini: aş, baş, bozbaş, vızbaş, bozbaş, öküzbaş.

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, tezis oğlu tezis... Adə, Şövqi, sən də pomoşnik rejissorsan axı... Sən öləsən, o gələcək balovun canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ş ö v q i. Atam, anam, mənim xalqın şalvarıynan işim yoxdur.

X u r ş i d. Sən get onu öz rejissorundan soruş.

X o s m ə m m ə d. Əlbəttə ki! Belə, bir adamın ki, bacarığı oldu, bilişi oldu, başı oldu, onu yıxmaq olmaz ey! Buradan basarsan, oyannan baş vurar, pırtdar çıxar. Kişinin qızı bacarır da.

X u r ş i d. Elə bacarır da... Götürüb küçədən keçəni doldurub buraya ki, nə var, mən kadr hazırlayıram. Odur ki, axırda arabanın dümbəsini vurdu yerə.

Ə m r u l l a (qaçaraq). A balam, bəs nə oldu, bunlar gəlmədilər?..

Ş ö vq i. Vallah, ürəyimiz yarpaq kimi əsir. Heç bilmirəm nə olacaq.

X u r ş i d. Onlar heç bəyəm gələcəklər. Yüyəni verərsən uşaqmuşaq əlinə, axırı belə olar da.

Ə m r u l l a. Ay Allah, birdən gəlməsə, mən nə edəcəyəm. Narkompros, Sovnarkom, bütün SSRI-də biabır olacağam. Dedim bu zalımın qızına ki, bulara etibar yoxdur, hələ dedi: mən zalım oluram. Vallah, o qədər tələsdiriblər ki, qorxudan durub qaçmışam. Yaxşı, bəs o biri nə oldu?

X u r ş i d. Qaçmaz, qaçmaz, üzünə qrim dəydi, daha qaçmaz.

Ə m r u l l a. Indi, mən köpək oğlu, camaata nə cavab verəcəyəm?

Ə l a b b a s. Yoldaş Əmrulla, Narkomprosun lojasında olanlar deyirlər ki, əgər oyun olmayacaqsa, biz gedək.

Ə m r u l l a. Allahü əkbər...

Ş ö vq i. Odur gəldilər (Qabaqlarına qaçaraq). Hə, nə xəbər var?

Ə m r u l l a. Başuvuza dönüm, bağrım çatladı, bir tez deyin görək nə oldu?

S a p a n. Gəldi?

Z a m a n. Gəlmədi.

Ə m r u l l a. Gəlmədi?

G ü l s a b a h (dərin bir sükutdan sonra). Yox gəlmədi.

Ə m r u l l a. Ay Allah, indi mən bu xalqa nə cavab verəcəyəm?! O rolu dahı başqa bir adam bilmir?

Z a m a n. Heç kəs.

T u r a c. Gülsabah xanım, mən ikinci pərdədə onunla görüşməsəydim, onun da rolunu oynardım. Mən hamısını əzbər bilirəm.

Ş ö v q i. Adə... gec gəldi, tez öyrəndi budur ha!

X u r ş i d. Qudurasan, qurbağa, gəldi bizi udmağa!.. Özü üçün umac ova bilmir, özgə üçün əriştə kəsir.

Ə l i m u r a d. Oyunu saxlamaq lazımdır.

Ə m r u l l a. Necə? Mənim atamı yandırarlar. Səhərdən itin suyunu töküblər üstümə. Bir mənə deyən yoxdur: ay əbləh, qurumsaq, bu ağrımayan başuvu yaylıqla neçin bağlayırsan? Kadr, kadr, indi budur biabır olduq, o yaxşıdır?

Z a m a n. Nə etmək?

G ü l s a b a h. Nə etmək? O özü mənimlə yarışmaq istəyirdi. Ancaq o özündə, öz meşşan cəmiyyətinin cəsəd hasarlarını söküb atmaq üçün cəsarət tapmadı. O qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı.

 

Tam bu sırada G ü l ə r tələsik qaçaraq, səhnəyə atılır.

 

G ü l ə r. Mən heç bir şeydən qorxmamışam və qaçmamışam. Mən buradayam, yoldaş Gülsabah!

Ş ö vq i. Adə... bu buradaymış ki.

G ü l ə r. Mən o hasarı sökmüşəm, mən bu saat öz anamın cənazəsi üzərindən atılıb gəlmişəm. Mən səninlə vuruşmuram, yarışıram. Açın, pərdəni, mən hazıram!

H a m ı: Urra...

 

Bu aralıq səhnə ardında bir gurultu qopur.

 

M i r z ə C a m a l. Hanı Gülsabah? Mən otuz ildir bu səhnə üçün can qoymuşam. Mən onu və onun üçün çalışanları uşaq da olmuş olsa, darda qoymaram, bəri gəl! (Əli ilə bir arvadı dartıb səhnəyə çıxararaq) Bax, bu mənim arvadımdır. Mən onu yorğan-döşəkdən çıxardıb gətirmişəm. Ala, bəlkə bir şeyə yaradı.

G ü l s a b a h (ruh yüksəkliyi ilə). Yarar. Yoldaş Mirzə Camal, o da yarar, hər şeyə yarar. Başlayın! Açın pərdəni!..

 

P ə r d ə

 

 

ON BİRİNCİ ŞƏKİL

 

Səhnədə oyun başlanmış. T u r a c kəndli qızı paltarında işləyərək oxuyur. Q ü d r ə t və Ə m r u l l a müdirin lojasında. Salonda tamaşaçılar. Suflyor, Ş ö v q i, Z a m a n, S a p a n və başqa aktyorlar səhnə ardından, Q ü d r ə t, Ə m r u l l a və D a ş d ə m i r lojadan, camaat salondan, G ü l s a b a h, G ü l ə r və T u r a c isə səhnədən danışırlar. Pərdə açılınca səhnədə T u r a c işləyərək, həzin bir səslə oxuyur.

 

T u r a c.

Hicrindən oldu, ey gözəl, viranə könlüm,

Bağlandı eşqə bilmədən divanə könlüm.

Sevda mənə nə verdi?..

Qovğa nədəndir bilmədim;

Dünyada bir gün gülmədim,

Sandı səadət görməyi əfsanə könlüm.

Bağlandı eşqə bilmədən divanə könlüm.

Könlüm səfa dilərdi,

Hər dərdə köksün gərdi,

Sevda mənə nə verdi?

Hicrindən oldu, ey gözəl, viranə könlüm.

Bağlandı eşqə bilmədən divanə könlüm...

 

Q ü d r ə t (lojadan). Bu səs Turacın səsidir. Mənim, deyəsən, beynim çalpaşıq vurur.

Ə m r u l l a. Vicdanım haqqı, sənin əziz canınçın, qızımın ölmüşünə ki, onda bir səs vardır ki, nə bilim! Özü də elə akuratnıdır ki... Belə göydəndüşmə kimi oldu mənimçin. O saat süpürrədim, qoymadım canına yel dəysin. Uşaqsan, heç qoyaram.

Q ü d r ə t. Bu səs onundur. Bu oxuyan Turacdır.

Ə m r u l l a. Hə, odur də, sənin külfətindir də, sən bəs bilmirsən?

G ü l s a b a h (rol paltarında içəri girir). Aha, xoş gördük, qız!

T u r a c. Sağ olun!

G ü l s a b a h. Atan haradadır?

T u r a c. Atam başqa evdə olur, bu ərimin evidir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info