Qonaq Kitabı
DÖNÜŞ

G ü l s a b a h. Bəs Gülər?

Ş ö vq i. Vada, Gülər heç deyəsən, yenə də gözümüzə toxunmadı?!

G ü l s a b a h. Necə gözünə toxunmadı? Bu saat oyunu başlayıram.

Ş ö vq i. Bilmirəm vallah, başım qatışdı Turacın ağlamasına, o biri lap yadımdan çıxdı.

Z a m a n. Gedim bir baxım. Birdən gəlməz, biabır olarıq.

Ş ö vq i (onun ardınca qaçaraq). Mən də, hələ, onu deyirəm də.

T u r a c. Rol paltarında geyinmiş səhnəyə çıxır.

G ü l s a b a h (gülümsəyərək). Nə var, Turac deyirlər ağlayırsan?!

Uy, nə gözəl çıxmışsan, Turac, lap yeməli bir gəlin olmuşsan.

T u r a c. Belbağım itmişdi. Qrimim də bir az yaxşı düşməmişdi. Dedim indi gələrsən baxarsan, yenə də gülərsən.

G ü l s a b a h. Mən güləndə sən inciyirmisən, Turac?

T u r a c. Yox, bilirəm ki, istədikdən gülürsən. Onda, daha da ürəyim sevinir. Mən gəldim ki, paltarıma baxasınız, bəlkə, bir şey yadımdan çıxmışdır.

G ü l s a b a h. Yox, Turac, hər şey yerindədir. Ancaq bu belini aç, bir az yuxarıdan bağla. Gözlərinin altını da buradan bir az qaralt, azacıq.

T u r a c. Mən utanıram, Gülsabah. Ürəyim elə döyünür ki, dünən gecə lap ağlamışam. Mən o qədər adamın arasına necə çıxacağam. Hamısı məni tanıyacaq, mənə güləcəkdir. Mənə elə gəlir ki, birdən danışanda boğazım tutulacaq, səsim çıxmayacaqdır.

G ü l s a b a h. Bir həftə gülərlər, Turac, bir həftədən sonra sənin istedadına pərəstiş edərlər.

T u r a c. Iki gündür qorxudan çörək də yemirəm. Hər şey yadımdan çıxmışdır. Uşaq da, ev də, hətta o da...

G ü l s a b a h. Hətta o da?

T u r a c. Yox, o yadımdan çıxmamışdır. Ancaq hərdən ki, bir belə adamın arasına çıxacağımı düşünürəm, hətta o da yadımdan çıxır. O buradamıdır?

G ü l s a b a h. O səni bu vəziyyətdə görərkən dəli olacaqdır. O, hələ, sənin ardınca çox sürünəcəkdir. Turac, ancaq geriyə yox, irəliyə!

T u r a c. Gülsabah, sən doğru deyirsən. Mən əvvəllər işsiz darıxırdım, indi isə səhərdən axşama kimi dinc vaxtım olmur: vuruşmaq, çalışmaq həvəsi. Başıma min cür fikirlər gəlir. Mən istəyirəm ki, o məni görsün və bilsin ki, mən də bir heç deyiləm.

G ü l s a b a h. O, bir də sənin yanına gələrsə, qəbul edərsənmi?

T u r a c. Onu? Bilmirəm, Gülsabah... Mən bu saat ancaq onu düşünürəm ki, səhnəyə necə çıxacağam. Başqa bir şey düşünə bilmirəm. Bu pyes yaxşı pyesdirmi?

G ü l s a b a h. Yox, Turac, deyirlər Moskvada birinciliyi qazanmışdır. Ancaq mən inanmıram. Biz onu bir qədər dəyişdirmişik. Özü bilmir. Ancaq o var ki, o həyatı qavramaq üçün elə güclü bir təkan almışdır ki, ya öləcək, ya da yüksələcəkdir.

T u r a c. Mən onun yüksəlməsi üçün hər bir əzaba hazıram.

G ü l s a b a h (gülümsəyərək). Eh. Turac, Turac... Mən çox sevinirəm ki, sən bu qədər gözəl və bu qədər ağıllısan.

T u r a c (Gülsabahın üzünə baxır və birdən onun boynuna sarılıb, bərk-bərk öpərək). Mən səni sevirəm Gülsabah. İnan ki, mən səni ondan artıq sevirəm. Evdə darıxan kimi durub sənin yanına qaçıram, səni görən kimi ürəyim açılır.

Ş ö v q i. Gülsabah, balam, saat səkkizdir, bu Gülər gəlməmişdir ki...

G ü l s a b a h (bir qorxu ilə). Necə, gəlməmişdir?

Ş ö vq i. Bilmirəm. Gəlməmişdir də... Daha bunun necəsi yoxdur ki, bu saat oyunu başlamaq lazımdır.

Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Balam, bəs sənin bu təzə qızın yoxdur.

Ş ö v q i. Vaxsey, birdən gəlməz, biabır olarıq a.

Ə m r u l l a. Mən oyan-buyan bilmirəm, onun üçün Gülsabah zamın olmuşdur.

G ü l s a b a h. Ola bilməz ki, gəlməsin.

Ş ö v q i. Vada... gəlməmişdir də.

Ə m r u l l a. Yerinə başqası yoxdur?

G ü l s a b a h. Yerinə heç kəs yoxdur. Onsuz da kim var ki? Bütün aktrisalar məşğuldur.

Z a m a n (səhnəyə qaçaraq). Gülsabah, Gülər gəlməmişdir.

S a p a n (səhnəyə qaçaraq). Gülsabah xanım, bu necə işdir? Gülər gəlməmişdir... bəs bu nə olacaqdır?

Ə m r u l l a. Vicdanım haqqı, lap boğazım quruyur... Bütün şəhərdə biabır olarıq... O birilər cəhənnəmə... Narkompros gəlib, komissiya gəlib, idarələrdən gəliblər ki, görək gənclər nə eləyirlər? Lap biabır olarıq.

B a y r a m (səhnəyə qaçaraq). Gülsabah xanım... Gülər gəlməmişdir, saat səkkizdir.

G ü l s a b a h (sarsılmış halda bir qədər düşünüb, birdən qəti bir deyişlə). Bayram! Sən beş dəqiqə gözlə, yoldaşların hamısını gözdən keçir. Biz bu saat qayıdırıq. Gedək, Zaman!

Z a m a n. Haraya?

G ü l s a b a h. Evlərinə.

Z a m a n. Sən onların evlərinə gedəcəksən? O ki səninlə danışmır?

G ü l s a b a h. Gedəcəyəm.

Z a m a n. Axı onların evində... Onun səhnəyə gəldiyini axı heç kəs bilmir.

G ü l s a b a h. Fərq etməz. Bu gecə son imtahandır.

Z a m a n. Sən hələ belə gedəcəksən? Qrimdə?

G ü l s a b a h. Hə, belə, vaxt yoxdur.

Ə m r u l l a. Qurban olum sizə, belə eləyin ki, dahı biabır olmayaq. Vicdanım haqqı bu gecəni başa versən, sabah səninçin Baksoyuzdan bu boyda bir tort alacağam.

G ü l s a b a h. Gedək, Zaman!

 

Gedirlər.

 

X u r ş i d. Gözlə, hələ bu saat durdu gəldi.

M i r z ə C a m a l (tutqun bir halda). Sən öləsən, yazıq dişlərinin dibinə kimi sapsarı saraldı, lap ürəyim yandı.

X u r ş i d. Hələ, haçandan belə canıyanan olmuşsan?

M i r z ə C a m a l. Yox, onu demə. Işləməyinə söz yoxdur... Adamın Allahı var. Balaca bir qızdır, səhnə üçün canından keçir, hələ, bilir də, bacarır da... Insafən, mənim özümə çox şeylər öyrətmişdir. Nə olar? Ağıl yaşda olmaz, başda olar.

Ş ö vq i (səhnəni aşağı-yuxarı qaçaraq). Ay Allah, indi birdən bu gəlməsə, biz nə edəcəyik?

 

Mirzə Camal düşünərək ona baxır və birdən bir şey qərarlaşdırmış kimi,

qəti hərəkətlə ayağa qalxır və səhnədən gedirkən işıq sönür.

 

P ə r d ə

 

 

DOQQUZUNCU ŞƏKİL

 

Qəmər xanımın evində. Gülərin otağı.

 

G ü l ə r (otaqda əsəbi bir halda gəzinərək).

Gülsün günəş, ziyasını saçsın səmalərə!

Gülsün də, kainatı batırsın ziyalərə.

Keç, keç sən ey uzaq qayalıqdan qopan duman,

Artıq sonun gəlir sənin, artıq gəlir zaman.

Parlar üfüqdə telləri tezdən doğan günün.

Sarsıb sökər qaranlığı, artıq gələr sonun...

 

Q ə m ə r. Gülər, sən nə oxuyursan qızım?

G ü l ə r. Mən öz rolumu oxuyuram.

Q ə m ə r.. Rol hansıdır? Kimin rolu, rol nədir? Sən, qızım, çaşmısan nədir? Axır vaxtlarda baş-ayaq vurursan. Görünür, Gülsabahla bir saat görüşün sənə təsir etmişdir.

G ü l ə r. Etmişdir, ana, çox təsir etmişdir. Mən onunla görüşməyə gedirəm.

Q ə m ə r. Onunla görüşməyə? Ya tebe zapreşayu qovorit so mnoy takim tonom?[xviii] Sənə kim ixtiyar vermişdir ki, onunla görüşürsən? Sən bilirsənmi ki, onunçun nələr deyirlər?

G ü l ə r. Yalan sözdür. Onu ancaq alçaq adamlar deyə bilərlər. O, onların hamısından yüksəkdir. O, güclü bir qadındır. O, qüvvətdir, o həyatdır!

Q ə m ə r. Sənin onunla nə işin vardır?

G ü l ə r. Mən onunla döyüşməyə gedirəm, çarpışmağa gedirəm.

Q ə m ə r. Sən, qız, nə altıbeş vurursan? Sənin ağlın başındadırmı? Əlini bəri ver görüm, qızdırman yoxdur ki?

G ü l ə r. Mənim qızdırmam yoxdur, ağlım da başımdadır.

Q ə m ə r. O kimdir ki, sən ona baş qoşasan.

G ü l ə r. Mən sənə deyirəm ki, o bir qüvvətdir. Onunla baş-başa gəlmək asan deyildir. Onun kəlləsi dəmirdir. Onun beyni poladdır.

Q ə m ə r. Sən, Gülər, lap açarını itirmişsən.

G ü l ə r. O məni səhnədə gözləyir.

Q ə m ə r. Sən hələ səhnə ardına gedəcəksən?

G ü l ə r. Səhnə ardına yox, səhnəyə!

Q ə m ə r. Kak, pryamo na stsenu, birbaş səhnəyə?

G ü l ə r. Birbaş səhnəyə! O mənə gülür, o məni bir heç sanır, Sən, ana, mənim əl-qolumu bağlayıb, bu dörd divar arasında boğursan, mən boğuluram. Mən həyata çıxmaq, vuruşmaq, döyüşmək istəyirəm. O məni öz sevdiyimdən ayırır.

Q ə m ə r. Kak to yest sevdiyimdən? Tı eşyo smeyeş bez moyeqo razreşeniya lyubit? Marş v tyomnuyu komnatu!..[xix]

G ü l ə r. Yox, ana! Məni öldür, ancaq mən artıq o qaranlıq otağa getməyəcəyəm! Mən işıq istəyirəm. İşıq, səhnə, meydan!

Q ə m ə r. Vot kak, odur ki, sən kitab oxuyarkən qapıları da bağlayırsan. Bunlar nə kitabdır? Aktyor və rejissor, sovetski teatr, hamısı teatr, aktyor... Hələ o çatmırdı ki, gedib bir aktrisa da olasan!

G ü l ə r. Mən artıq gizlətmək istəmirəm, ana. Mən aktrisa olacağam, mən səhnəyə gedəcəyəm.

Q ə m ə r. Çox gözəl işdir! Gedərsən səhnəyə, aktyorlardan da birini sevərsən.

G ü l ə r. Mən onsuz da sevirəm.

Q ə m ə r. Uje sevirsən? Kimi?

G ü l ə r. Aktyorlardan birini.

Q ə m ə r. Oy kakoy pozor![xx] Bunlar hamısı onun təsiridir. Turacgilin evini yıxmışdır, indi də bizə əl uzatmışdır. Sən səhnəyə gedib nə edəcəksən? Sən nə bilirsən?

G ü l ə r. Mən hər şeyi bilirəm, mən öyrənmişəm, gecə-gündüz yatmamışam. Bu kitabların hamısını oxumuşam. Mən ona boyun əyməyəcəyəm. Mən onunla bir qüvvət kimi çarpışacağam. Zaman güclüləri sevir. Zaman güclülərindir. Mən ona göstərəcəyəm ki, mən onun mərhəmətinə sığınacaq qədər aciz deyiləm. Mən Turac deyiləm.

Q ə m ə r. Sən haraya getmək istəyirsən, Gülər? Hansı səhnəyə, kimin səhnəsinə, Gülsabahın səhnəsinə?

G ü l ə r. Mən öz səhnəmizə gedirəm (Bu aralıq arxadan musiqi və marş səsləri eşidilir. Gülər pəncərəyə qaçaraq). Bax, ana! Dəstədəstə qızlar, pələng kimi sağlam və qüvvətli, çiyinlərində tüfəng, mübariz bir əsgər kimi keçirlər. Mən məktəbdə onlardan yaxşı oxuyuram. Evə gəlincə, əlim-qolum bağlanır, qorxaq bir dovşan kimi bir küncə sıxılıb qalıram. Mən artıq bu həyatı istəmirəm. Mən yaşamaq istəyirəm, yaşamaq, vuruşmaq, çarpışmaq!

Q ə m ə r. Vuruşmaq? Kiminlə?

G ü l ə r. Bilmirəm. Hamısı ilə... mənim yolumu kəsmək istəyənlərlə. Bəlkə də, sizin özünüzlə. Mən artıq bu ölü tozunu üzərimdən silmək, bu məzar daşını üstümdən qaldırmaq istəyirəm.

Q ə m ə r. Bəsdir, Gülər. Mən səni atasız saxlamaq üçün əldən düşmüşəm. Sən indi bütün dünyanı mənə güldürmək istəyirsən.

G ü l ə r (qalxaraq). Artıq vaxtdır, ana! Qorxan gözə çöp düşər. Qoy kim nə deyirsə, desin. Yarışdır. Ellər yarışır. Kütlə mənə əl uzadır. Mən kütlənin qızıyam. Mən boynuma vəzifə götürmüşəm. İndi qəti bir gecədə meydandan qaçmaq... yox, ana, yalvarıram sənə... (Getmək istəyir).

Q ə m ə r. Mən sağ ikən, sən heç bir yana gedə bilməzsən. Dayan, deyirəm sənə, dayan! Qayıt!

G ü l ə r. Ana, artıq gecdir. Mən getməliyəm, ana!

Q ə m ə r. Sən heç bir yana getməyəcəksən. Mən səni səhnəyə, əxlaqsızlıq yurduna, Gülsabah kimi məşhur bir arvadın olduğu yerə buraxmaram. Mən qoymaram!

G ü l ə r. Mən özümü öldürərəm, ana!

Q ə m ə r. Səhnəyə getməkdənsə, qəbrə getmək daha yaxşıdır. Heç olmazsa təmiz bir adla gedərsən.

G ü l ə r. Sən məni məğlub etdirirsən, ana!

Q ə m ə r. And içirəm ki, Gülər, ayağını kandardan bayıra bassan, qayıdıb cənazəmi görəcəksən. Indi gedə bilərsən.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info