Qonaq Kitabı
DÖNÜŞ

Çiçəklərin üzərimə səpirdi.

Sanki uzaq bir təpədən

Doğan səhər günəşi

Ilk şəfəqin göndərib,

Bərk alnımdan öpürdü.

Sanki mənə qızılüzlü geniş yurdum

Bir ağızdan: – Fateh, fateh! – deyirdi.

 

Çayı qaynada-qaynada əzbərləmişəm, Gülsabah. Yaxşıdırmı?

 

Qüdrət əlində papağı, yorğun bir halda çıxıb getmək istəyir.

 

Q ü d r ə t. Sağ ol, Gülsabah!

G ü l s a b a h (bir həyəcanla). Yox, ölmək var, dönmək yoxdur!

 

...Yolu kəsən maneələr yandırıldı, yaxıldı,

Sancağımız qarşı dağda düşmənin səngərinə taxıldı.

Getmə, Qüdrət! Ayaq altına tökülən cənazələr, başlar, qollar, kəllələr bizi yürüşdən qaytara bilməz. Basqına gedən əsgər evdə ki uşağını düşünərsə, düşmən ağ bayraqdan başqa heç bir şey görməz. Yaz, Qüdrət, yaz!..

X o s m ə m m ə d (Sapanla vuruşaraq, içəri girir). Əl çək, adə, əclaf oğlu əclaf, hələ ona görə qoşuldun mənə! Budur, Qüdrət əfəndi də buradadır. Dahı ona ki, sözün yoxdur. Salaməleyküm! Yoldaş Qüdrət əfəndi, sən olasan o balovun canı, bir mənə de görüm: bulvarnan şalvar qafiyədir, ya yox?

Z a m a n. Çay hazırdır, Gülsabah!

G ü l s a b a h. Qafiyədir, yoldaş Əliməmməd, qafiyədir (Pianinonun yanında oturur).

X o s m ə m m ə d. Yoldaş Gülsabah xanım, mən özüm qocaman artistəm, talant da məndə nə qədər istəsən vardır. Mən görürəm, ki, sizin sözünüz haqdır. Neçə kərəm mənə söz vermişsiniz, xəlvətdə fikir eləmişəm, görmüşəm, hələ yaxşı çıxır, ancaq mənim bu yoldaşlarım Kufə camaatıdır. Bir də, budur, hələ bu Sapan kəsmiş, adını görmürsən, Sapan, yox bir rezinkə, mantkrest... Hə, mən xahiş edirəm ki, məni incitməyəsiniz, siz hər nə cür desəniz, mən də o cür oynaram. Ancaq, deyəsiniz, mənim rolumu özümə versinlər.

G ü l s a b a h. Mən nəçiyəm, yoldaş Əliməmməd! Rolu rejissor verir. Sənin

rolunu dəyişdirən Bayramdır. Onu da ki, çıxartdılar.

X o s m ə m m ə d. Yox, təzədən götürdülər partiyadan kağız gəldi, götürdülər. Vallah, Quran haqqı, bağa gedəndə sizin üçün bir yekə səbət əncir gətirərəm. Məni yoldaşlarımın yanında geri qoyma.

Z a m a n. Bu yaxşı oldu! Çox yaxşı oldu! Demək, biz tək deyilik. Stəkanını bəri ver, yoldaş Xosməmməd...

X o s m ə m m ə d. Vallah, yoldaş Gülsabah, yaxşı da düşmür, səbətiniz varsa, verin, bağdan gələndə sizin üçün üzüm də gətirim.

G ü l s a b a h. Əncirdən, üzümdən bir şey çıxmaz, yoldaş Əliməmməd. Sən ondansa, çalış, öyrən, öz sənətini öyrən. Öz sənətini yaxşı bilməyən bir usta, bir yaradıcı ola bilməz. O daima başqalarının işini təkrar edər.

X o s m ə m m ə d. Öyrənərəm də, öyrənərəm də... hər nə desəniz, öyrənim də... Budur, şeir də yazmışam.

S a p a n. Eh, çox da yazmışsan, nə vəzni var, nə qafiyəsi.

X o s m ə m m ə d. Eh, əclaf oğlu, əclaf, yalançının atasına lənət. Yoldaş Gülsabah, sən olasan o əziz canın, bulvarnan şalvar qafiyədir, ya yox?

S a p a n. Yenə bulvarnan samovar olsaydı, dərd yarı idi.

Z a m a n. Mənim ruhum yüksəldi. Deməli, Bayramı götürdülər (Bir ruh yüksəkliyi ilə oxuyur).

Axan çaylar, sən kiminsən? – Mənə körpü salanın!

Doğan günəş, sən kiminsən? – Məndən işıq alanın!

Sonsuz fəza sən kiminsən? – Məndən qanad çalanın!

Həyat, söylə sən kiminsən? – Mən həyatı öyrənənin,

bacaranın, alanın!

X o s m ə m m ə d (dəftərini çıxararaq). Bunun qafiyəsi gəlir, qalanın, talanın, alanın, balanın, xalanın, fırlananın, tullananın...

Z a m a n. Kim nə deyir desin, o Ötgünün əsəri heç yaman deyildir.

 

Bu aralıq qapı açılır, G ü l ə r sərt və ötkəm bir hərəkətlə içəri girir.

Gülsabah və Zaman yerlərindən sıçrayırlar.

 

Z a m a n. Gülər!..

G ü l s a b a h (gülümsəyərək, ancaq ciddi). Aha, siz də gəldiniz! Nə istəyirsən, qız?

G ü l ə r. Mən qız deyiləm, uşaq deyiləm, mən də sənin kimi bir adamam. Mən öz gücümü sənə göstərməyə gəlmişəm.

G ü l s a b a h. Siz öz gücünüzü göstərmək üçün sirkə getsəydiniz daha yaxşı olardı.

G ü l ə r. Yox... mən səninlə güləşmək istəyirəm. Səninlə döyüşmək istəyirəm. Sən Turaca demişsən ki, sənin pəncən qüvvətlidir. Mənim də pəncəm qüvvətlidir.

G ü l s a b a h. Pəncən qüvvətlidir, ürəyin zəif. İş qüvvətdə deyil, cəsarətdədir!

G ü l ə r. Mənim ürəyim daş kimidir. Sənin nə ilə mübarizə aparırsan, silahın nədir? Bilik, bacarıq... Mən mübarizəyə hazıram. Çalmaq bilirsən, bilirəm, oxumaq bilirsən, bilirəm!

G ü l s a b a h. Sən hələ uşaqsan, qız! Ana uşağısan! Sən qabağını dirilər deyil, ölülər belə saxlaya bilər.

G ü l ə r. Mənim qabağımı artıq heç bir kəs saxlaya bilməz. Sən nə ilə vuruşmaq istəyirsən? De! Mən gecələr yatmaram, öyrənərəm.

G ü l s a b a h. Səndə, bəlkə də, bacarıq tapılar, ancaq cəsarət tapılmaz. Mən sənin cəmiyyətinin müqəddəs sandığı ismət pərdəsini yırtıb, kimsənin bəyənmədiyi bir işə getmişəm. Səhnəyə çıxmışam. Sən bunu bacarmazsan. Sənin bacardığın, hələ də ismət pərdəsindədir. Sən çıxmazsan!

G ü l ə r. Yox, çıxaram!

G ü l s a b a h. Sən mənimlə döyüşə bilməzsən, qız! Sənin səngərin cəsəddir. Sən onların üstündən belə atıla bilmirsən... Sən diriləri tapdayıb keçə bilməzsən.

G ü l ə r. Kimdir ölü?

G ü l s a b a h. Sənin anan, xalan, nənən! Sən onların göz yaşından qorxursan.

G ü l ə r. Mən heç bir şeydən qorxmuram. Səhnə bizim üçün bir vuruş meydanıdırsa, mən hazıram! Düşünməyin ki, mən (Zamanı göstərərək) ona görə gəlirəm. Siz mənim insanlıq şərəfimə toxundunuz, siz məni aciz bir qadın sanıb güldünüz. Mən bu günün qızıyam, mən sizə öz varlığımı göstərməyə gəlirəm. Mən öz səhnəmiz üçün, kütləmiz üçün çalışmağa gəlirəm. Mən gözlərimi ovaram, beynimi ovaram, yatmaram, çalışaram, öyrənərəm, ancaq Zaman dediyi kimi, həyatı alaram.

G ü l s a b a h. Gəl Gülər, mən sənə kömək edərəm!

G ü l ə r. Mənim sənin köməyinə ehtiyacım yoxdur. Mən özüm öyrənərəm, özüm gələrəm.

G ü l s a b a h. Gəl, Gülər, səhnə meydandır, biz orada görüşərik.

Q ü d r ə t (əlində qəzet gəlir). Budur, bu da getdi, ikinci pərdəni bitirməmiş bir zavodun qərarı hamısını alt-üst etdi. Qayışlar yürüyür, təkərlər yürüyür, motorlar yürüyür. Onlar məni pozmaq, boğmaq, öldürmək istəyirlər. Yox, mən sağ ikən təslim olmayacağam. Mənim beynim talantdır. Mən sizin axınınızı toxtadaram, mən yazaram, mən başqasını yazaram.

 

Bu aralıq Ə l a b b a s yavaşca qapını açaraq.

 

Ə l a b b a s. Yoldaş Gülsabah, buyurun (ona bir kağız verərək), yoldaş Əmrulla verdi.

G ü l s a b a h (kağızı oxuyaraq). “Yoldaş Gülsabah, sizə bəlli olan səbəblərə görə, siz vəzifədən azad edilirsiniz”. Hesabınızı ala bilərsiniz”.

Ə l a b b a s. Deyir: Sabah vıxadnoydur, hələ bu gün gəlsin ki, gecikməsin.

G ü l s a b a h (dərin bir sükutdan sonra). Yaxşı, gələrəm...

 

P ə r d ə

 

 

BEŞİNCİ ŞƏKİL

 

Teatrda. Açıq səhnə. X u r ş i d oturub corab toxuyur. Z a m a n onun yanında əl-qolunu ölçərək gəzişir və səssiz oxuyur. A s y a səhnəyə girərək baxır. Xurşidi baş barmağı ilə öz yanına çağırır.

 

A s y a. Ay qız, Xurşid, bura gəl!

X u r ş i d. Qucağımda iplik var, ayağa dura bilmirəm, gəl görüm nə deyirsən.

A s y a. Ağız, bura gəl, söz deyirəm ey...

X u r ş i d (Asyanın yanına gələrək). Hə, nə var?!

A s y a. Xəbərin yoxdur ki, belə həngamə olmuşdur ey... Heç biz bilməmişik.

X u r ş i d. Nə həngamə?!

A s y a. Beş-altı gün bundan qabaq Qüdrətin arvadı Turac gedib Gülsabahgilə, ağzından çıxanı deyib ona, o da ona, dünyada daha bir söz qalmayıb ki bir-birinə deyiblər.

X u r ş i d. Yəni lap söyüşüblər?

A s y a. Həri, ağız ey... belə lap bir-birinin atasını, anasını qəbirdən çıxardıblar. Az qalıb ki, lap saçlaşsınlar. Mənə Qəmər dedi. Sonra da, deyirlər, Gülər gedib, o da ağzından çıxanı ona...

X u r ş i d. Sən allah belədi?

A s y a. Vallah, o Güləri deyirlər balacadır, amma çox əzazil şeydir.

X u r ş i d. Canı çıxsın. Özünü inqilabçı göstərmək istəyir. Qınayan olmasa, deyər lap Şekspirdən də çox bilirəm.

A s y a. Daha ağzından çıxartma, sonra da deyər, söz gəzdiririk, yenə də Münəvvər yapışar yaxamıza.

X u r ş i d. Nəyimə lazımdır. Cəhənnəmə olsun hamısı, özləri bilərlər: itin dişi, donuzun tükü.

A s y a. Mən gedim, Mirzə Camal üçün danışmışam (Gedərkən Əlimuxtarla toqquşur). Yavaş, adə, başım yarılmışdır ki...

Ə l i m u x t a r. Hara gedirsən, məşq başlanır.

A s y a. Gəlirəm, gəlirəm... vacib işim vardır... Siz başlayın, mən də gəlirəm (Gedir).

Ə l i m u x t a r. Bəs bu həzərat təşrif gətirməyib?

X u r ş i d. Bura gəl! (Barmağı ilə Əlimuxtarı bir küncə çağırır). Xəbərin yoxdur ki?

Ə l i m u x t a r. Nədən?

X u r ş i d. Yekə həngamə olubdur. Biz bilməmişik.

Ə l i m u x t a r. Nə həngamə?

X u r ş i d. Hə... bir iki gün bundan qabaq Qüdrətin arvadı Turac bir şüşə kislata götürüb, gedir Gülsabahgilə... qapını açır, görür qüdrətlə Gülsabah bir yorğandöşəkdə yatıblar. Necə ki, bunu görür, şüşənin ağzını açır, kislatanı birbaş bunların üstünə, bunlar da yorğanı örtürlər başlarına, yorğan qəlpə-qəlpə yanır.

Ə l i m u x t a r. Yox a?..

X u r ş i d. Vallah... Bu durur ayağa, Qüdrət də durur Turaca bir stul, iki stul, o yandan da Qəmərin qızı gəlir yapışır Gülsabahın saçlarından. Gülsabah da qapır qaynar çayniki, bir dənə qızın təpəsinə. Su tökülür qızın sinəsinə, başından dırnağına kimi yandırır. Turac da götürür pilətəni Gülsabahın başına nöyüt dağılır, az qalır ev alışsın, yansın. Axırda qonşular yığışır, evi söndürürlər.

Ə l i m u x t a r. Daha deyinən qiyamət olub ki...

X u r ş i d. Hə... axırda skoripomoş çağırırlar, qızı aparır balnitsəyə... Neçə gündür oradadır. Deyirlər, ölər, bunu da aparırlar rayona, indi də zamindədir.

Ə m r u l l a (səhnəyə girir). Meşq qurtardı?

Ə l i m u x t a r. Haradan? Həzərat tənəffüsə çıxıb, bir saatdır yığışmırlar.

X u r ş i d. Sən meşqi başla, mən bu saat gəlirəm.

Ə l i m u x t a r. Yoldaş Əmrulla! Bəs bu zalımın qızının işi necə oldu? Vallah, işləmək mümkün deyil. Sən söz verdin ki, heç bir işə qarışmayacaq, amma daha da üst eləyibdir. Kəlməbaşı bir hoqqa çıxardır. Bu nə üçün belə oldu? Filankəs nə üçün belə dayandı? Onlar da başlayırlar donquldanmağa... düşür yekə bir cəncəl.

Ə m r u l l a. Bilmirəm, vallah, partiyanın sözünə qulaq asım, hökumətin sözünə qulaq asım, ya sizin. Gördünüz ki? Dediniz, çıxartdım, sabahısı əlində bir rözətüş-şühəda qayıtdı gəldi, dalınca da bir komissiya.

G ü l s a b a h (Ötgünlə gələrək). Yoldaş Əmrulla, bu yoldaş bir əsər yazmışdır, neçə vaxtdır çalışır, nə bir baxan var, nə də bir yol göstərən.

Ə m r u l l a. Yazıb, gətirsin gəlsin, baxarıq, cavabını deyərik.

Ö t g ü n. Mən gətirdim verdim sizə, siz də verdiniz siyasi-bədaye şurasına, onlar da dedilər yaramaz.

Ə m r u l l a. Yaramaz, znaçit, yaramaz da... Daha mən nə eləyə bilərəm.

Ö t g ü n. Mənə elə gəlir ki, onlar heç oxumamış dedilər yaramaz.

Ə m r u l l a. Elə şey ola bilməz, yoldaş. Nə ki kitab gəlir, oxuyurlar, baxırlar, ölçüb-biçirlər, ondan sonra “hə, yox” cavabını deyirlər.

G ü l s a b a h. Yoldaş Əmrulla, o gəncdir, təzə başlayır, hə, yox onunçun kafi deyildir. Ona nöqsanlarını bildirmək və gələcək üçün bir yol göstərmək lazımdır. Bunlar gələcəyin yiyəsidirlər. Sabahkı günümüz onlardan asılıdır.

Ə m r u l l a. Sən allah, Gülsabah xanım! Sən olasan o ölənlərüvün goru, bir yoldaş kimi xahiş edirik səndən: sən hər işə qarışma, nəyüvə gərək axı! Sonra da hərə bir söz desin (Ötgünə) Sən get, yoldaş, sabahda-zadda gələrsən, pyesi gətirərsən, cavabını deyərik.

Ö t g ü n. Gülsabah xanım, bir də sizi görmək olarmı?

G ü l s a b a h. Mən evdə oluram. İstədiyiniz vaxt gələ bilərsiniz. Kitabınızı da gətirin. Bir də oxuyarıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info