Qonaq Kitabı
DÖNÜŞ

G ü l s a b a h. O doğru deyirdi... Sizin göstərdiyiniz adamda ictimai bir sifət yox idi. Əsla yeni quruluşda o kimi rollar heç sizə verilməməlidir.

M i r z ə C a m a l. Mən sənətkaram. Mən Yaqo oynayanda, Frans oynayanda, Otello oynayanda siz harada idiniz? Mən göz açmışam, Əmrəstan bəyi o cür oynayıram. Tip yaratmışam. Mən razı olmaram ki, dünənki bir uşaq gəlib mənim tipimi dəyişdirib, hindirabadı bir şəklə salsın.

G ü l s a b a h. Qoy, yoldaşlar, heç kəs bizi öz stajı ilə qorxutmasın. İnqilab ona görə inqilabdır ki, o, əsrlərin sükutunu pozur. Əsrlərin yaratmadığını inqilabın ayları yaradır, siz isə ondan ata-baba qaydası tələb edirsiniz. Bu doğru deyil, yoldaşlar. Bu, konservatizmdir, irticadır. Biz buna yol vermərik. Onda cəsarət olsaydı rolu büsbütün sizdən almalı idi. İnqilab səhnəsinə ictimai surət lazımdır.

M i r z ə C a m a l. Bura bax, ey!.. Sən kimi küyə basırsan? Bu xalq bəyəm inqilab-zad görməyib? Siz özünüz nə bilirsiniz ki, mənə nə öyrədəsiniz! Bu teatrın binasını mən qoymuşam. Kazinodan arvad paltarını mən daşımışam. Camaat yumurtanı mənim başıma vurubdur. Mən artist olanda, siz ananızın qarnında şıllaq atırdınız.

X o s m ə m m ə d. Bəs bu da işdir ki, mən 20 il bu səhnədə çəkic vurum, indi sən gəl məni bəyənmə? Rollarımı al, özgəyə ver. Zamana ver. Bəs bunu Allah götürər?

Z a m a n. Çünki sən bu günün istəyi ilə hesablaşmaq istəmirsən... Dünənki sənət bu gün yaramaz... Biz bu vaxta qədər danışa bilmirdik.

M i r z ə C a m a l. Danışa da bilməzsən. Mən duran yerdə sən danışa bilməzsən. Narkomprosdan tutmuş Savnarkomacan bütün qapılar üzümə açıqdır. Səni, amma heç kandardan buraxmazlar. Camaat teatra mənə görə gəlir. Sabahdan bu adamlar teatra gəlməsələr, neynərsiniz? Bir sən ol, bir dərnək rejissorun, işlə görüm necə işləyirsən.

X u r ş i d. Sabah birbaş Narkomprosa gedəcəyəm. Müdirin gözünün qabağında ağzına gələni deyir, ağzını açıb danışmır da.

Ə m r u l l a. Yoldaşlar, yoldaşlar... səs salmayın, sözdür deyir, lazımi cavabını alar.

X o s m ə m m ə d. Sabahdan mən heç teatra gəlməyəcəyəm. Gedib boynuma papiros qutusu salıb papiros satacağam. Qoy görsünlər ki, qocaman artistin başına nə gətirirlər.

A s y a. Sabahdan mən də gəlməyəcəyəm. Ya onun dilini kəssinlər, ya da...

M ü n ə v v ə r. Gəlməyəndə teatr bağlanmaz ki.

M i r z ə C a m a l. Yoldaş müdir, mən rəsmi deyirəm: mən hər ötənlə ağızbaağız verən deyiləm, sabahdan biz teatra gəlməyəcəyik, rolların üçün adam tap, atam.

Z a m a n. Adam, budur mən.

Ə l i m u r a d. Sən üç aydır üzvlük haqqı vermirsən, heç ittifaq üzvü deyilsən.

S a p a n. Hər kim istər gəlməsin, mən ölməmişəm ki.

G ü l s a b a h. Bizim üçün dəyişməz adam yoxdur, yoldaş Mirzə Camal. Bunların hamısı ictimai işlərin zəifliyindəndir. Yerli komitə məvacib məsələsindən başqa bir şey düşünmür.

Ə l i m u r a d. Yoldaş, siz də çox baş-ayaq vurmayın. Mən, bir kak predsedatel mestkom, hər bir işi aparıram. Siz isə özünüzü elə aparırsınız ki, guya müdirzadsınız, heç kəs də bir şey anlamır, təkcə siz anlayırsınız.

A r i f H i k m ə t. Doğru deyir, yoldaş. Bu, individualizmdir.

G ü l s a b a h. İttifaq divarlarla işləmir. Işləyən mənəm, sənsən. Biz işləməsək, ittifaq heç bir iş görə bilməz.

S a p a n. Doğrudur.

M i r z ə C a m a l. Mən sabah birbaş gedirəm şikayətə, görüm zakonda köhnə mütəxəssisləri sıxmaq var?

İ l y a s. Biz köhnə mütəxəssisləri incidə bilmərik.

M i r z ə C a m a l. Durun, adə, ayağa... Qoy müdiriyyət getsin, bu məsələni aydınlaşdırsın, ondan sonra ya biz artistləri saxlasın, ya Gülsabah xanımnan öz cürübbi rejissorunu.

X u r ş i d. Alın, bu da sizin rolunuz. Verin, qoyun təzə aktrisanız əzbərləsin... biz bacarmırıq.

Z a m a n. Qorxma, yoldaş Əmrulla... tək-tək adamların getməsindən teatr dağılmaz.

Ə m r u l l a. Yoldaşlar, dağılışmayın. Heç kimə burada ixtiyar verilməmiş ki, müdiriyyətin adından baş-ayaq danışsın. Burada heç kəs heç kəsnən mübarizə aparmır. O adamlar ki, istəyir burada ara qarışdırsın, əlbəttə, onlara da öz yerlərini göstərən olar.

G ü l s a b a h. Yoldaşlar, biz yarış məsələsini qurtarmadıq.

M i r z ə C a m a l. O sən, o da sənin rejissorun. Get nə istəyirsən elə, istəyirsən yarış, istəyirsən barış, o dahı öz işindir.

Ə m r u l l a. Yoldaş Gülsabah, dahı bəsdir! Yoldaşlar, siz heç gurultu qoparmayın! Biz özümüz hələ bu gün məsələni ayırd elərik.

M i r z ə C a m a l. Bu teatrı mən yaratmışam, heç kəs mənim gözümü də filəyə bilməz. Sabahdan bir aktyor olmayacaqdır. Qoy gəlsin malçişkalar oynasın. Alın, bu da sizin rolunuz!

S a p a n. Hər kəs oynamır, oynamasın. Nə ki rol var, hamısını oynayacağam.

M i r z ə C a m a l. Bu boyda boyuynan gəlib mənə dərs öyrədir. Gərək gənclərə yol verilsin. Böyük artistlər rejissora malçişka deyirlər. Deyərəm gözünü də çıxardaram.

M ü n ə v v ə r. Qoy, canım, desin də... Deyəndə nə olar ki, biz burjin kimi bir şeyik: nə qədər bərk bursalar, bir elə çox işlərik.

M i r z ə C a m a l. Vallahı, onu elə buraram ki, bütün burjinləri, bütün yayları partdar.

 

P ə r d ə

 

 

İKİNCİ ŞƏKİL

 

Qüdrət Arslangildə qonaq otağı.

 

Q ə m ə r (çox acıqlı içəri otaqdan çxıb, deyinərək). Yox, Turac, heç üz vurma. Çestnoe slovo, qalmaram.

T u r a c (gülümsəyərək). Qəmər xanım!

Q ə m ə r. Məni, bütün şəhərdə məşhur olan bir aktrisanın olduğu yerə çağırmaq. Priqlasit menya v obshestvo s kakoy-to aktrisoy, da eşyo somnitelnoy reputatsiyey[iii]. Çox sağ ol, Turac, mən heç gözləməzdim.

T u r a c. Qəmər xanım, siz axı bu adamların laqqırtısına neçin qulaq asırsınız? Mən heç o qızın elə bir adam ola biləcəyinə inanmıram. Siz ikicə dəqiqə onunla danışsanız, özünüz də görərsiniz ki, bütün danışılanlar boş-boş sözlərdir.

Q ə m ə r. Bunu bir adam demir, əzizim, bunu bütün şəhər danışır, aktyorlar, aktrisalar, özləri deyirlər. Deyirlər: teatra ayaq basan gündən oğul-uşağı yığıb başına, elə bir çaxnaşma salıbdır ki, gəl görəsən.

T u r a c. Yaxşı, nə olsun ki, siz uşaq deyilsiniz, Qəmər xanım.

Q ə m ə r. Yox, yox, əzizim, mən əlbəttə, bir o qədər fikir verməyə də bilərdim, no so mnoy ryebyonok, yanımda uşaq var, eşidən nə deyər. Yox, yox, əzizim, mən sizdən çox razıyam, sağ olun.

C ü l ə r. Ay ana! Siz heç mənim üçün qorxmayın. O da yəqin bizim kimi bir adamdır. Bizi yeməyəcəkdir ki. Kimin dalınca danışmırlar?

Q ə m ə r. Ne smey, Qyulər![iv] Bəs mənim şlyapam nə oldu?

T u r a c. Qəmər xanım, axı Gülər demişkən, o bizi hop eləyib udmayacaqdır ki.

Siz allah getməyin.

Q ə m ə r. Net, net, milaya! Vallah üz vurma, qala bilmərəm. Deyirlər, o elə bir bəladır ki, haraya ayaq bassa, yəqin bir gurultu çıxartmalıdır. Bunu camaat eşitsə ki, mən onunla bir yerdə oturmuşam... da prosto samoy nepriyatno![v] Gedək, Gülər!

Q ü d r ə t (çıxaraq). Qəmər xanım, siz hara gedirsiniz?

Q ə m ə r. Təşəkkür edirəm, əzizim, balaca işim vardır.

T u r a c. Qəmər xanım Gülsabahla bir yerdə oturmaq istəmir. Səhərdən yalvarıram.

Q ə m ə r. Mən öz uşağımın tərbiyəsini bütün dünyaya dəyişmərəm.

G ü l ə r. Ana...

Q ə m ə r. Ne smey Qyulər, ne bud komsomolkoy[vi].

T u r a c. Qəmər xanım, biz yeddi-səkkiz nəfər adam, onlar iki-üç nəfər, siz heç onlarla danışmayın!

Q ə m ə r. Daje iki-üç nəfər... Nu, Turac... sən istəyirsən ki, mən öz qızımı komsomolkanın yanında oturdum. Daje aktrisa somnitelnoy reputatsiey...[vii]

Ö t g ü n (içəridən çıxır). Bağışlayın müəllim, mən sizə zəhmət verdim.

Q ə m ə r. Bəs mənim redükülüm nə oldu?

T u r a c. Bəlkə içəridə qaldı.

 

İçəri keçirlər.

 

Ö t g ü n. Bağışlayın, müəllim. Mənə heç bir şey lazım deyil, mən ancaq özümü yoxlamaq istəyirəm.

Q ü d r ə t. Mən sizin kitabınızı hələ oxuya bilməmişəm, hələ bu gün oxuyuram, əlimdən gələn köməyi əsirgəmərəm.

Ö t g ü n. Kimə verirəmsə, bir əvvəl-əvvəl mənim sir-sifətimə baxır, sonra da kitabın bir o yanına, bir bu yanına baxıb deyir ki: iki gündən sonra gələrsən, cavab deyərik. Sonra da gedirəm, deyirlər: hələ bir qədər işləməlisən. Bilsəm ki, doğrudan yaramaz, başqa bir işə gedərdim.

Q ü d r ə t. Siz arxayın olun. Budur, sizin kitabınız stol üstə, mənim qabağımdadır, oxuyan kimi sizi çağırtdıraram.

T u r a c (içəridən qaçaraq). Qüdrət, mən onu saxlamışam, sən tez gəl oturdaq, yoxsa o qız üçün də yaxşı düşməz. Səs dağılar ki, filankəs filankəslə oturmaq istəməyib getmişdir.

Q ü d r ə t. Bu saat...

T u r a c. Budur, özləri də gəldilər. Buyurun, buyurun!..

G ü l s a b a h. Biz çağırılmamış qonağıq. Desəniz də gələcəyik, deməsəniz də. Xoş gördük, Turac! Tanış deyilsinizsə, tanış olun. Bu Zamandır, bu Bayram, bu aktyordur, bu da rejissor, mən də ki, ikisindən də avara (Qəmər və Gülər gəlirlər. Gülsabah Qüdrətə) Xoş gördük, yoldaş ədib! Nə səliqə ilə geyinmişsiniz... Mən heç sizi bu qədər frant bilməzdim. Siz əvvəl daha sadə idiniz.

Q ü d r ə t. Nə etmək, mən gördüm ki, adamlar adamları paltarla qarşılayırlar. Ona görə də bəzənməyə başlamışam.

G ü l s a b a h. O, köhnə məsəldir. Siz haçandan belə nimdaş fikirlərlə məşğul olursunuz?.. Biz həmişə adamları soyundurub baxırıq...

Q ü d r ə t. Çılpaq?

G ü l s a b a h. Çılpaq.

Q ə m ə r. İzvolte radovatsya![viii]

G ü l s a b a h. Bu qızcığaz kimdir? Nə yaxşı da səhnəlik boyu vardır!

Bantikinə baxın! Təzə parçadan köhnə bantik.

Q ə m ə r. Ona eşyo ne komsomolka i ne aktrisa. Ona v staroy forme.[ix]

G ü l s a b a h. A soderjaniye mozqa kakoye: novoye ili staroye?[x]

Q ə m ə r. Bilmirəm, mən ki, doktor deyiləm.

G ü l s a b a h. Eybi yoxdur, zaman özü yoxlar, düzəldər...

G ü l ə r. Siz, pojalyusta, sancaq atmayın. O mənim öz işimdir.

G ü l s a b a h. Nə?

Q ə m ə r. Ne smey, Qyulər, qovorit pri mne i svyazatsya...[xi]

G ü l ə r. Mən ondan qorxmuram. İndi ki, belədir, mən getmirəm. mən onunla qalmaq və onunla toqquşmaq istəyirəm.

G ü l s a b a h. Bravo, Gülər, bravo! Toqquşmaq güclü adamların işidir. Ancaq bu bantik ilə toqquşmaq olmaz. Əsrimiz dəmir əsridir, toqquşarkən başı dəmir olmayanların başı çatlayar.

G ü l ə r. Mənim atam dəmirçi deyil, müəllimdir.

G ü l s a b a h. Anan da çərçi.

Q ə m ə r. Gedək, Gülər.

G ü l s a b a h. Düşünmək olar ki, siz mənim gəlişimdən qorxub qaçırsınız.

G ü l ə r. Mən qorxmuram və getmirəm.

T u r a c. Qəmər xanım, siz Allah getməyin!

Q ü d r ə t. Qalın, Qəmər xanım... Mən də rica edirəm.

T u r a c. Gəlin, gəlin!

 

Onları dartaraq, içəri otağa aparır.

 

Q ə m ə r (içəriyə keçərək, Gülərə). Yaxşı, səninlə isə evdə danışaram, devçonka!

G ü l s a b a h. Mən, deyəsən, dava frontuna düşmüşəm.

T u r a c. Buyurun içəri hamınız...

Ö t g ü n. Müsaidənizlə, müəllim, mən gedim. Sağ olun!..

Q ü d r ə t. Yaxşı, xoş gəldiniz. Mən sizi çağırtdıraram.

G ü l s a b a h. Bu oğlan kimdir? Siz məni heç kəslə tanış etmədiniz, hamınızı bir-bir özüm soruşmalıyam?

Q ü d r ə t. Siz içəri gəlirkən elə bir top-tüfənglə gəldiniz ki, hamımız özümüzü itirdik.

G ü l s a b a h. Özünüzü itirdiniz? Eybi yoxdur. Yoldaş ədib, indicə biz sizi taparıq.

Q ü d r ə t. Bu oğlan mənim tələbəmdir. Özü də işçi müxbiridir. Bir kitab yazmışdır. Heç bir yerdə baxmırlar. Indi özünü yoxlamaq üçün mənim yanıma gətirmişdir.

G ü l s a b a h. Siz onun gözlərinə baxmışsınızmı? Olduqca iti və canlı gözləri vardır. Üzündə də bir qüdrət, bir qüvvət hiss edilir.

Q ü d r ə t. Onun hələ Qüdrət olmasına çox qalmışdır.

G ü l s a b a h. İnqilab saatının əqrəbi sürünərək deyil, atdanaraq yeriyir, yoldaş ədib.

T u r a c. Buyurun, Gülsabah xanım, içəridə sizi gözləyirlər.

G ü l s a b a h. İçəridəkilər hamısı o bayaqkı xanım kimi isə, güman etmirəm orada məni gözləyən olsun.

T u r a c. Siz allah, fikir verməyin. Gülsabah xanım. O çox əsəbidir.

G ü l s a b a h. O əsəbi deyil. Onu zaman əsəbiləşdirir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info