Qonaq Kitabı
DÖNÜŞ

T u r a c (bayırdan). Getmə, Gülsabah, dayan, mən də gəlirəm.

 

Turac öz uşağı ilə olduğu yerdə qalır. Uşaq heyrətlə anasının üzünə baxır.

 

U ş a q. Ana, atam hara getdi?

T u r a c (dərin bir sükutdan sonra göz yaşlarını boğaraq). Mən bilmirəm, bilmirəm (Hönkürtü ilə ağlamağa başlayır).

 

P ə r d ə

 

 

 

ÜÇÜNCÜ ŞƏKİL

 

Teatrda müdirin kabineti

 

İ l y a s. Budur, mən hamısını yazmışam. Birbaş Sekaya. Maarif  Komissarlığının ixtiyarı yoxdur ki, yedinonaçalyeni pozsun.

Ə m r u l l a. Orasını da yaz ki, mən özüm partiya tərəfindən göndərilmişəm. İndi Maarif Komissarlığı götürüb bir bədər havanın birin də yapışdırıb mənim xirtdəyimə, yetənə yetir, yetməyənə bir daş atır. Mən qələt elədim, ölüm-dirimlə dedim ki, onu bizim teatrımıza verin?!

X u r ş i d. Sənə o da azdır, əsl cəzandır. İndi çək!

Ə m r u l l a. Mən bədbəxt oğlu nə bilim axı. Mən dedim nə var, Azərbaycan qızıdır, oxumuşdur, aktrisamız yoxdur, gələr başını salar aşağı, adam kimi işlər. Dah mən nə bilim ki, bu zontanın qızı həs-hüs bilmir. Indi qalmışam başıma döyədöyə... Gedirəm Narkomprosa ki, baba, canım, gözüm, anlamamışam, qələt eləmişəm, alın bunu, hara istəyirsiniz göndərin! Göndərin Naxçıvana, dahı mən eləyə bilmərəm ki, bütün artistlər dağılsın, tək o qalsın.

Ə l i m u x t a r. Ha... o yaxşı, qoy sonra getsin orada öz dialektikasını yeritsin.

Ə m r u l l a. Mən burada bir dənə dikt tapa bilmirəm, o gəlib başlayıb ki, gərək Məsko teatrları ilə yarış aparam.

Ə l i m u x t a r. O bu saat da deyir ki, dünyada mənim kimi artistka yox, Bayram kimi də rejissor. Sən öləsən, yaxşı tapışıblar.

A s y a. Biri dəmirçi qızı, biri də xarrat oğlu, odur ki, bu xalqı taxta-şalban kimi rəndələmək istəyirlər.

X u r ş i d. Əlbəttə, mənə də bütün qeroiniyaları versə, mən də deyərəm onun kimi rejissor yoxdur da.

A s y a. Rolları o bölmür ki, Gülsabah bölür də... Desə ona öl, ölür, qal, qalır.

Ə l i m u x t a r. Atam, bir bəlayi-nagəhani kimi keçib xirtdəyimizə. Muzıkantlar gəlir ki, bu Mürsəl gəncdir, sarsaq bir şey yazıb, çala bilmirik. O saat görürsən Gülsabah atdı özünü oraya ki, nə var, bəs bu milli formadır, onlar başa düşmürlər. Deyirəm: ay xanım, görüm sən müdirsən, rejissorsan, muzıkantsan, nəsən axı! Artistkasan, sal başını aşağı, işini işlə də... Xeyr, kimə deyirsən!..

İ l y a s. Budur, yarım saat keçir, hələ gəlib çıxmırlar.

X u r ş i d. Hə... hələ ondan xəbəriniz yoxdur. Bir neçə gün bundan qabaq durub bu gedib Qüdrətgilə. Qonaqlar bunu görən kimi hamısı bir-bir durub dağılışıblar, gediblər. Qüdrətin arvadı da gəlib görüb ki, bu o biri evdə Qüdrətlə öpüşür. Yapışıb bunun saçlarından. Qüdrət də öz arvadını xub əzişdirib. Hər ikisi çıxıb gediblər. Indi kişi o vaxtdan evə də gəlmir.

Ə l i m u x t a r. Sonra da bunların hamısını yazırlar teatrın ayağına.

X u r ş i d. Hələ o gün Qəmər xanımın da qızını söyüb. O da dünən deyirdi ki, biz bilirdik səhnəmizin dalı biabırçılıqdır, ancaq bu cürəsini bilmirdik.

Ə m r u l l a. İşi hələ belə-belə adamlar korlayır da... İndi buyur, bundan sonar bir Azərbaycan qızını səhnəyə çağır, görüm necə çağırırsan. İlyas, sən hələ bu məsələni də yaz oraya. Ancaq bir az supermatizmdən, dialektikadan, marksizmdən də yapışdır oraya ki, tutarlı olsun! Yadına düşmürsə, Arif Hikmətdən soruş, o bu sözlərdən çox bilir.

A r i f H i k m ə t (Sapanla girərək). Hansı sözlərdən?

S a p a n. O bozbaşnan revmatizmdən də.

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, yenə başladı zatını büruzə verməyə.

I l y a s. Onları yazmışam, o bir şey deyil.

M i r z ə C a m a l (girərək). Təzə xəbərdən xəbəriniz yoxdur ki?

Ə m r u l l a. Yenə nə var?

M i r z ə C a m a l. Hə, təzə xəbər var!.. Götürüb bu bizim cənab Gülsabah xanım Narkomprosa bir danos yazıb ki, teatrdakılar hamısı opportunistdir. Mestkom bürokratdır. Proletar kadrları yaradılmasına yol verilmir. Artistlər savadsızdır, müdir təcrübəsizdir. Xulasə, bir Quran... Narkompros da qərar çıxarıb ki, Gülsabah xanımı teatra müdir təyin eləsin.

Ə m r u l l a. Müdir?.. Eləsin də... Sizin əziz canınız üçün, qızımın ölmüşünə ki, lap yaxam qurtarar. Hələ o gün bir yekə tort alıb hamınızı qonaq elərəm.

M i r z ə C a m a l. Bilmirəm, müdir deyir, mestkom deyir, gərək çıxsın axır ki.

Ə m r u l l a. Necə? Mestkom çıxsın?

M i r z ə C a m a l. Bilmirəm, axır ki, belə olsun ki, o hamısının üstündə gözətçi olsun. Hə... instruktor... Narkompros da qərar çıxarıb ki, teatra xüsusi bir komissiya göndərilsin.

Ə m r u l l a. Onu Allah döymüşdü. Sizin əziz canınız üçün, qızımın ölmüşünə ki, mənim ona yazığım gəlirdi. Indi ki, belə oldu, əgər o, iki gündən artıq bu teatrda qaldı, heç məndən nakişi adam yoxdur. Bu xalq uşaq-zaddır bəyəm?

Ə l i m u x t a r. Onu Allah döymüşdü, hansı köpək oğlu sonra bu teatra ayaq basar?!

Ə l i m u r a d. Mestkomu tanımaq istəmir. Mən bu saat gedirəm, birbaş Seperabisə, hamısını deyərəm.

Ə m r u l l a (zəngi çalır). Adə, Əlabbas!

Ə l a b b a s (gəlir). Kimdir zəng çalan?

Ə m r u l l a. Yeri bircə o Gülbadam xanıma de ki, özək komisyanı gözləyir, zəhmət çəkib təşrif gətirsin.

Ə l a b b a s. Gülbadam xanım hansıdır?

Ə m r u l l a. O Gülsabah xanım da.

Ə l a b b a s. O alışdım-yandım?.. O ki, yuxarıda vuruşur.

Ə m r u l l a. Yenə kiminlə?

Ə l a b b a s. Xudojniknən... Odur, Bayramdır, ikili düşüblər xudojnikin üstünə, xudojnik də qızışıb, ağzına gələni deyir.

Ə m r u l l a. Lailaha-illəllah kəbirə... ay müsəlmanlar, işə düşüb qalmamışam. Adə, sən yeri bir onu çağır bura.

Ə l i m u x t a r. Bax, yoldaş Əmrulla, sən ona bildir, mən bu teatrda neçə ildir işləyirəm. Dünən gəlib mənim yanımda oturub qulağıma deyir ki, yoldaş Əlimuxtar, Mirzə Camal sözünü düz demir. Bəlkə mənasını başa düşmür. Belə bir baxdım, istədim bir atım ona, yenə saxladım. Kişi iyirmi ildir o rolu o cür oynayır, indi bu gəlib ki, sözünü düz demir. Sinfi sifəti yoxdur. Sən ona tapşır ki, zəhmət çəkib mənim işimə qarışmasın.

Ə m r u l l a. Mən sənə min kərəm demişəm qatışdı işinə, gəl mənə de, mən özüm danışaram.

A s y a. O gün də gəlib mənə deyir ki, köynəyin rəngi tumannan tutmur. Mən də dedim: Bu gun-sabah teatrda boyaqxana açacaqlar, girib boyanarıq, olarıq qırmızı.

M i r z ə C a m a l. Dayan, dayan... guya mən sözümü bilmirəm, düz demirəm?

Ə l i m u x t a r. Hə də.

M i r z ə C a m a l. Yaxşı, deyinən biz düz demirik, sən gəl dialektikaynan öyrət də... Deyir: kül başuva, ay Kür ki, üstündən Araz atdanır. Gör iş nə yerə çatıb ki, builki sərçə bildirki sərçəyə cib-cib öyrədir.

A r i f H i k m ə t. Onun heç öz ekspozisiyası eksplikasiyası ilə düz gəlmir. Spesifikasiya aparanda subordinasiya çıxa bilmir. Sentrtyajesti ilə də sentrvnimaniyası düz gəlmir.

M i r z ə C a m a l. Mən ərəbcə bilirəm, farsca bilirəm, azərbaycanca bilirəm, urusu da bilirəm, sən, deyinən heç qazannan qablamanı bir-birindən ayıra bilməzsən.

 

T e a t r r ə s s a m ı acıqlı içəri girir.

 

S t a r o v e r o v. Yoldaş müdir, bu mənim ərizəm, bu da mən özüm, verin mənim haqq-hesabımı, mən dahı işləmək istəmirəm.

Ə m r u l l a. Nə var, nə olmuşdur?

S t a r o v e r o v. Hər yetən uşaq-muşaq gəlib mənə dərs öyrədəcək. Cəhənnəmə olsun hamısı, mən onların hamısına tüpürmək belə istəmirəm.

Ə m r u l l a. Yoldaş Staroverov, nə olmuşdur? Qabaqca bir danışın, ondan sonra hamısını ayırd edərik.

S t a r o v e r o v. Mən işləmək istəmirəm, qurtardı getdi. Mən balaca Süleymana maket tapşırmışam, gedib Bayramnan məsləhətləşib sarsaq bir şey düzəldib gətiribdir. Deyirəm bu yaramaz, rejissor da aktrisa da gəliblər ki, bu yaxşıdır, milli formadır. Mən otuz ildir ki, bu teatrlarda çalışıram, əgər mən bilirəm, onlar nə qələt eləyirlər, əgər siz bilirsiniz, mən nə qələt eləyirəm?

Ə m r u l l a. Görürsünüz, balam da, görürsünüz bu mənim başıma nə oyun gətirir də. Vurub tullayacaqsan bayıra, çatan əbləh, qurumsaq gələcək ki, siz Azərbaycan qızlarını yola aparmırsınız.

M i r z ə C a m a l. Mən əgər o Bayramın rejissorluğunda bir oyun oynasam, məndən köpək oğlu adam yoxdur.

S a p a n. Oynamayın! Mən də gəlib hamınızın rolunu oynayacağam.

M i r z ə C a m a l. Xeyr, siz boynunuzun ardını görərsiniz onu görəndə.

X u r ş i d. O oyunda ki, Gülsabah oynadı, Bayram rejissor oldu, mən də o oyunda yoxam. Açıq demişəm.

A r i f H i k m ə t. Azərbaycan qızı olanda nə olar, canı çıxsın dezorqanizasiya salmasın. Moskvada bizim teatrda müdirdən ixtiyarsız bir adam cınqırını çəkə bilməzdi. Seperatizm yaxşı deyil axı.

Ə m r u l l a. Adə, Əlabbas, nə oldu bəs bu zontanın balası?

Q ü d r ə t (qapıdan içəri baxaraq). Gülsabah xanım buradadır?

Ə m r u l l a. Allah öldürsün Gülsabah xanımı, qurtarım onun üzündən.

S a p a n. Yoldaş Qüdrət, buyurun, oturun.

Q ü d r ə t. Yox, mən Gülsabah xanımı görəcəyəm (Gedir).

Ə l i m u x t a r. Görər, balam da.

S a p a n. Hə, görəndə nə olar. Bəlkə bir işi var.

Ə m r u l l a. Yoldaş Sapan, səndən də xahiş edirəm, hər yetənin yerinə cavab verməyəsən. Mən köpək oğlu burada oturmuşam, sən deyirsən buyur içəri. Bəlkə mən onu heç otağıma qoymayacağam.

S a p a n. Hər halda bu yazıq yazıçıdır axı.

M i r z ə C a m a l. Bu vaxtadək nə üçün gəlmirdi, hələ ki, Gülsabah gəldi, o da gəldi?

Ö t g ü n (qapıdan baxaraq).Gülsabah xanım buradadır?

Ə m r u l l a (əsəbi). Yoxdur, yoldaş, yoxdur. Qapını örtün, iclasımız var.

M i r z ə C a m a l. Bu yazıq uşağı da işindən, dərsindən avara eləməyib. Səhər zavoda get, işdən çıxan kimi də Gülsabah xanım üçün pyes yaz!

Ə l i m u x t a r. Yazar balam da. Sən öləsən, əcəb işlər tərs-avand olub. Ədibləri dəmirçi eləyirlər, dəmirçiləri ədib.

X u r ş i d. Gündə bir dəftəri vur qoltuğuna, bu küncdə söhbət, o küncdə söhbət... pıç-pıç, pıç-pıç...

A s y a. Görən də deməsin nə söhbət eləyirlər.

X u r ş i d. Deyəndə də deyir: pyes yazacaqdır.

M i r z ə C a m a l. Kül o pyesin başına ki, bu gicbəsər yazacaqdır.

A s y a. Elə deyərlər də... O gün orada elə sıxılmışdılar küncə ki, lap dodaqları bir-birinə toxunurdu. Pyesi bir az uzaqdan da yazmaq olar da.

Ə l i m u x t a r. Mən bir bilmirəm bu Gülsabah burada nəçidir? Pyes yazan onun yanına gedir, xudojnik onun yanına gedir, muzıkant onun yanına gedir. Onda gəlsin otursun bizim yerimizdə, biz də çıxaq gedək öz işimizə də.

M i r z ə C a m a l. Gələcək də... O cürə ki, onu görürəm, o cürə ki Narkomprosu görürəm, hələ gələr də.

Ə m r u l l a. Hansı köpək oğlu nəzir-niyaz verməz. Qızımın ölmüşünə ki, bu boydana bir tort alıb, hamınızı qonaq edərəm.

 

G ü l s a b a h adi, lakin zərif tikilmiş iş paltarında gəlir.

 

G ü l s a b a h. Siz məni çağırtdırmışdınız?

Ə m r u l l a. İki saatdır bu adamlar gözləyir, belə iş olmaz ki, gəl görək də, bizim də dərdimiz var, çorumuz var.

G ü l s a b a h. Nə var ki?

Ə m r u l l a. Nə olacaq? Bu yoldaşlar hamısı səndən şikayət eləyirlər.

M i r z ə C a m a l. Mən şikayət-filan eləməmişəm.

X u r ş i d. O kimdir ki, mən ondan şikayət eləyim: müdir deyil, rejissor deyil.

Ə m r u l l a. Bəs səhərdən nə vurhavur salmışdınız? Bircə oturun! Mən özüm çağırtdırmışam, belə iş olmaz axı!.. Bunları burada dərbədər eləmişsən, muzıkantlar o yandan gəlib mənim üstümə, xudojnik bu yandan gəlib – Gah Qüdrət gəlir, gah o gicbəsər gəlir, belə iş olmaz axı!..

G ü l s a b a h. Yoldaş müdir, mən bu saat işdəyəm, işdən çıxandan sonra kim nə desə hazıram.

Ə m r u l l a. Buyur, ağa... buyur da... bu da Azərbaycan qızı... Vallah, billah Həzrətabbas haqqı, gedib mərgümüş içərəm, öldürrəm özümü, özüm də yazıb qoyaram ki, mənim ölümümə təqsirkar Gülsabahdır.

G ü l s a b a h. Sizin, əlbəttə, öz boğazınıza mərgümüş tökməyə ixtiyarınız var, ancaq teatrın boğazına tökmək istəsəniz, onda, əlbəttə, əlinizdən tutan tapılar.

Ə m r u l l a. Kim tutar mənim əlimi?

G ü l s a b a h. Kim? Mən!

M i r z ə C a m a l. Sən kimsən axı? Bir qarış boyun var, özünü dünyanın hakimi bilirsən. Sən ki yoxdun, dialektika ki yox idi, iş getmirdi? Bu teatrı mən yaratmışam. İndi sən hazırına gəlmişsən.

X u r ş i d. Yəni kasa aşdan isti oldu?

X o s m ə m m ə d. Sənin heç ədəbiyyatdan xəbərin yoxdur. Mənim şerimi bəyənmirsən. Yoldaş Əmrulla, sən olasan bircə balovun canı, bulvarnan şalvar qafiyədir, ya yox?

Ə l i m u x t a r. Yoldaş Gülsabah xanım, mən, necə ki, bir predsedatel mestkom, Rabisə demişəm, sizə də deyirəm: siz burada sol gedirsiniz, hamının işinə qatışırsınız, mütəxəssisləri incidirsiniz, teatrın da gedişini pozursunuz.

G ü l s a b a h. Mənim nənəm də mütəxəssisdir. Cəhrə qabağında oturanda cırıltısından qulaq tutulur. Biz onlara kaverkot toxutmaq istəyirik, onlar isə bizə ata-baba qaydası ilə yun corab geydirmək istəyirlər. Bu baş tutmayacaqdır, yoldaş predsedatel mestkom!

Ə m r u l l a. Yaxşı, artist anlamadı, artistka anlamadı, muzıkant anlamadı, xudojnik anlamadı. Bu xudojnik ki, balam, Moskvadan gəlib, yəni bu da anlamır?

G ü l s a b a h. Nə etmək ki, gənc bir rəssam, həyatı ondan daha canlı qavrayır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info