Qonaq Kitabı
DÖNÜŞ

Z a m a n (səhnəyə çıxır). Bu nədir, Gülsabah xanım! Bizi gətirdiniz, özünüz qaçdınız... biz ki, orada heç kəsi tanımırıq.

G ü l s a b a h. Bu saat... Buyurun, yoldaş ədib, donub qalmayın.

T u r a c. Buyurun, Gülsabah xanım. O, çox güman ki, sevincindən donmuşdur.

 

İçəri keçir. Onların ardınca Z a m a n getmək istərkən G ü l ə r qapıdan çıxır və

onun əlindən bərk tutub saxlayır.

 

G ü l ə r. Hara gedirsiniz? Siz məni aldatmışsınız.

Z a m a n. Bağışlayın, Gülər, mən ananızın qorxusundan sizin üzünüzə baxa bilmirəm.

G ü l ə r. Demək, biz bir daha görüşməyəcəyik?

Z a m a n. Bilmirəm, Gülər... bizim aramızda keçilməz bir uçurum vardır. Beş ildir mən göz yummadan çalışıram.

G ü l ə r. Artıq çalışmağa dəyməz. İndi səni əyləndirən vardır.

Z a m a n. Mən nə edə bilərəm, Gülər? Sən bir Çin divarının ardında gizlənib qalmışsan. Mən o divarı sökərəm, ancaq daşları sənin öz üstünə tökülər. At hər bir şeyi, çıx gəl. Zaman səni həmişə bir can kimi qəbul edər.

G ü l ə r. Mümkün deyil, Zaman. Mən anamı incidə bilmərəm. Mən hər gün canımı dişimə tutub, onunla açılışmaq, onun bu qara bantikini yırtmaq və dörd yanımda guruldayan bu həyata qoşulmaq, çarpışmaq, vuruşmaq istəyirəm. Mən hər gün küçədən keçən əli bayraqlı, çiyni tüfəngli qızları görürkən, anamın bütün kitablarını cırıb tullamaq istəyirəm. Ancaq onun göz yaşlarına yazığım gəlir.

Z a m a n. İndi nə etmək, Gülər, sən özün de?

Q ə m ə r (çıxır). Gülər, sən buradasan?.. Bu nə deməkdir? (Zaman gedir). Adamlar hamısı o biri otaqda oturub, amma sən burada bir xəlvətə çəkilib, danışırsan... özü də kiminlə?

G ü l ə r. Mən onunla bir şey danışmırdım, ana.

Q ə m ə r. Gülər... sən anla ki, sən qızsan. Mən istəmirəm ki, sənin adına güldən ağır bir söz deyilsin. Sən görürsən ki, o qız üçün nə qədər sözlər deyirlər?

T u r a c. Qəmər xanım, siz buradasınız? Mən qorxdum ki, yenə də qaçdınız.

Q ə m ə r. Mən onunla bir yerdə otura bilmirəm. O heç bir nəzakət qaydası ilə hesablaşmır.

T u r a c. O çox ötkəmdir. Ancaq mənə elə gəlir ki, olduqca ürəyiaçıqdır, nə varsa dilindədir. Ürəyində bir şey yoxdur.

Q ə m ə r. Mən, Turac, səndən yaşlıyam. Preduprejdayu[xii], özünü gözlə! Sən öz başına bəla açarsan.

T u r a c. Bilmirəm, Qəmər xanım. Mən onu əvvəl gündən başlamış sevmişəm və getdikcə də daha artıq sevirəm.

 

Bu aralıq G ü l s a b a h səhnəyə çıxır.

 

G ü l s a b a h (Qəmər xanıma). Siz deyəsən, uçub qaçmaq istəyirsiniz.

Q ə m ə r. Nə sən ovçusan, nə mən turac... (Gülərə). İçəri gəl, qız (İçəri girir).

G ü l s a b a h. Bu arvad kimdir?

T u r a c. O bizim dostlarımızdan biridir. Özü də çox əsəbidir. Siz allah, fakir verməyin.

Q ü d r ə t (qucağında kiçik bir qız səhnəyə çıxır). Turac, bir bura bax, qızdan xəbərin yoxdur ki! Gör özünü nə günə salmışdır.

T u r a c. Nə olub ki?

Q ü d r ə t. Gedib Qəmər xanımın pudrasını oğurlayıb, hamısını da üz-gözünə sürtüb. Sonra da gedib birbaş un kisəsinin üstünə.

T u r a c. Şeytan, bu nədir? Sən un çuvalına neçin girmişsən?

G ü l s a b a h. Sənin ki, atan dəyirmançı deyildir.

T u r a c. De xalaya: beş kərəm beş neçə eləyər?

G ü l s a b a h. Oho... O, riyaziyyat da bilir. De görüm, şeytan, beş kərəm beş neçə eləyər?

T u t u. İçi...

G ü l s a b a h. Ay bərəkallah, qiyamət qızdır!

T u r a c. İndi gedək, mən də aparıb başını salacağam su çəlləyinə... (Gedir).

G ü l s a b a h. Indi, yoldaş ədib, mən sizinlə hesablaşmaq istəyirəm. Mən indi görürəm ki, siz neçin bir şey yazmaq istəmirsiniz. Qəmər xanımın pudrası sənin gözlərinə elə səpilmişdir ki, sən öz meşşan cəmiyyətini buraxıb bir şey yaza bilmirsən.

Q ü d r ə t. Mənə bax, Gülsabah... Açıq de: neçin gəlmişsən? Məndən nə istəyirsən? Mən bu qədər ömrümü sənin yolunda itirdim. Artıq hər bir şey keçdi, getdi. Indi mənim evim, arvadım, uşağım, ailəm vardır.

G ü l s a b a h. Mən səni bu hərəkətsiz bataqdan, bu dirilər məzarlığından qoparmaq və yeni həyatın od nəfəsli ocağına atmaq istəyirəm.

Q ü d r ə t. Mən inqilabın odunu daima ürəyimdə və bağrımda gəzdirən bir adamam. Ömrümün üçdəbirini mən çar dustaqxanalarında keçirmişəm. İndi isə...

G ü l s a b a h. İndi isə...

Q ü d r ə t. İndi isə mən başqa bir cəbhədə çalışmaq istəyirəm...mən müəlliməm.

G ü l s a b a h. Sən indi öz batareyanı buraxıb, mətbəxdə soğan doğrayan bir topçuya oxşayırsan.

Q ü d r ə t. Bəsdir, Gülsabah, mən danışmaq istəmirəm, danışa bilmirəm.

G ü l s a b a h. Sən indi vaxtın ağır vurğusundan yaralı düşmüş bir arslana bənzəyirsən. Gözlərində əvvəlki qüvvət və qüdrət yoxdur. Hanı sənin o günlərin ki, səhnədə qızmış bir arslan kimi dayanır və qarşıya çıxanı əzib parçalamağa hazır görünürdün. Gözlərin bir od parçası kimi yanırdı. O zaman mən onlardakı qüvvət və qüdrətə pərəstiş edirdim. İndi isə onlar sönük bir vulkan kimi donub qalmışdır.

Q ü d r ə t. O zaman mən sənin xəyalınla yaşayırdım. Gülsabah, batan günəşin son görünüşündə sənin çöhrəni xatırlayır, doğan günəşin ilk şüasında sənin gülüşünü axtarırdım. Sən isə məndən uzaq qaçırdın.

G ü l s a b a h. İndi artıq bir xəyal deyiləm. Mən bir həqiqətəm və qarşında dayanmışam. İndi artıq xəyal sənsən... Cəmiyyət üçün xəyal, sərab, adı var, özü yox.

Q ü d r ə t. Məndən nə istəyirsən?

G ü l s a b a h. Mən heç bir şey. Səndən bizim səhnəmiz istəyir. Bizi yarışa çağırırlar. Bizə əsər lazımdır. Deyirlər ki, o sənin işindir. Ölkəmizin neft ordusu hələ heç bir yarışda, heç bir vuruşda basılmamışdır. Onun sənət cəbhəsi bizim əlimizdədir. Biz onunçun nə gətirməliyik? Ürək sevindirən zəfər bayrağı!

Q ü d r ə t. Mən artıq yazmaq istəmirəm.

G ü l s a b a h. Neçin?

Q ü d r ə t. Bir zamanlar mən sevirdim. Mən şöhrət qazanmaq, böyük yazıçı olmaq istəyirdim. Mən azadlıq uğrunda mübarizə aparırdım. İndi artıq hamısı keçdi. Mən evlənmişəm. Evim var, ocağım var, azadlıq var, şöhrət var. Sevgi, ehtiyac və vuruş hamısı bitdi, getdi. İndi mənə təkan verəcək bir qüvvət yoxdur. Ona görə də istəmirəm.

G ü l s a b a h. Sən artıq mən tanıdığım və sevdiyim Qüdrət deyilsən. Sən artıq sönmüşsən, sən yalan deyirsən, sən yazmaq istəyirsən, ancaq bacarmırsan. Sən kirpi kimi öz tikanlarının içinə bükülüb, bütün dünyadan ayrılmışsan.

Q ü d r ə t. Məni söylətmə, Gülsabah. Sən doğru deyirsən. Mənim ruhum sönmüşdür.

G ü l s a b a h. Mən onu yenidən yandırmaq istəyirəm.

Q ü d r ə t. Nə etmək? Mən səni sevdim, gözlədim, nəhayət, ümidimi kəsdim. İndi nə etmək?

G ü l s a b a h. Ümidsiz yaşamaq, məqsədsiz yaşamaq – ölmək deməkdir.

Q ü d r ə t. Demək, mən səni sevərsəm, sən də məni sevə bilərsən?

G ü l s a b a h. Mən pələnglərlə pəncələşən arslanları sevirəm.

Q ü d r ə t. Mən öz müvazinətimi itirirəm, Gülsabah. Nə etmək, hər bir şeyi atmaq... getmək... haraya atmaq və haraya getmək?

 

İçəridə oxuyurlar.

 

Bir də bəlaya salma məni, çox bəlalıyam.

Sən bivəfa demə mənə, ey gül, vəfalıyam.

Can nəqdini yolunda nisar eylərəm, gülüm,

Cananə can bahasını verrəm, səxalıyam.

Sirri-nəhanımı sənə izhar edəmmirəm.

Çoxdandır aşiqəm sənə, amma həyalıyam.

 

Q ü d r ə t. Mümkün deyil. Gülsabah! Mən özümü itirmişəm. Mən vaxtın mehvərini itirmişəm. Mən cəmiyyətin nəbzini, mən həyatın can damarını, mən əsrin təkan mərkəzini itirmişəm. Mən bilirəm ki, müharibədir. Mən əvvəlki kimi onda iştirak etmək və bir komandir olmaq istəyirəm. Ancaq səngərlər elə bir sürətlə əldən-ələ keçir ki, mən qaçmaq üçün belə, yer tapa bilmirəm. Bəli, Gülsabah... zaman elə bir sürətlə qaçır ki, mənim fikirlərim belə onu təqib edə bilmir. Bu gün bir şey yazıram, deyirlər xəyaldır, xülyadır, sabah baxıram, artıq əsrlərcə köhnəlmişdir.

G ü l s a b a h. Tikən, yaradan proletar kütləsidir, sosializm qurur.

Q ü d r ə t. Eh... onu mən özüm də bilirəm. Mən həmişə kütlə içərisində öz fikirlərimi yürütməyə və onu ardımca aparmağa alışmışam. İndi isə kütlə mənə qarşı basqın edir. Öz fikirlərini mənim beynimə mıxlayır və elə bir sürətlə söyləyir ki, mən bir stenoqraf kimi yazmaq üçün belə vaxt tapmıram. Mən yazmaq istəyirəm. Ancaq illərlə düşündüyümü hansı bir zavodun isə çıxartdığı bir qərar bir gündə alt-üst eləyir. Budur, iki il çalışdım, cəhalət haqqında əsər yazdım. Heç araya çıxmamış gördüm ki, məktəblərdə yer yoxdur. Faytonçular belə qəzet oxuyurlar. Qadın azadlığı haqqında əsər yazdım və düşündüm ki, heç olmazsa qadınların başındakı çadralar yırtılana qədər yaşar. Sabahısı, bir günün içində qadınlar çadralarını atdılar. Nəhayət, beşillik plan haqqında yazmağa başladım ki, heç olmazsa beş il sürər. İki il yarım keçdi, heç əsəri bitirməmiş beşillik plan bitdi. Budur, bu da yarımçıq, hamısı yarımçıq...

G ü l s a b a h. Ədiblərin fikri əsrləri qabaqlamalıdır.

Q ü d r ə t. Yox, Gülsabah, o xəyaldır, fantaziyadır. Mən öz xəyalımda sinifsiz cəmiyyətlər çox yaratmışam. İndi isə cəmiyyəti mənim ixtiyarıma vermişlər. Al, öz cənnətini yarat, deyirlər. Mən isə bacarmıram, çünki bu həqiqətdir. Mən bütün ömrümü ancaq keçmiş mühiti dağıtmaq üzərində çalışmışam. Yaratmaq işini isə heç düşünməmişəm.

 

Bu aralıq Turac içəri girir və təəccüblə danışığa qulaq asır.

 

G ü l s a b a h. Sən məhv olursan, Qüdrət. Çıx bu mühitdən, uzaqlaş! Sən meşşanlaşmışsan, gec deyilkən at hamısını, çıx qaç!.. Fabrikalara, zavodlara, dəmir çıxaran mədənlərə, çuqun tökən zavodlara, əsrin can damarı oradadır. Sözlərimə qulaq as, Qüdrət. Sən sönürsən, sən bu günkü proletar kütləsi ilə, onun ehtiyacları ilə yaşamırsan... Mən artıq gedirəm. Düşün, Qüdrət. Sən indi əvvəlki Qüdrət deyilsən, çıx bu qurumuş şalbanların altından, onlar səninçin məzar daşıdır. Atıl həyata, əsrləri sarsıdan bu axında doğrudan da bir qüvvət, bir qüdrət ol! O zaman mən səni yenidən sevər, bir sənətkar, bir qüdrət kimi yenidən sənə pərəstiş edərəm, (İçəriyə). Gedək, Zaman, artıq gecdir.

Q ü d r ə t. Dayan, Gülsabah, getmə! Sən mənim bütün həyatımı alt-üst etdin. Mənim ailəm, mənim uşağım. Yox, getmə, Gülsabah, biz hələ bitirmədik.

G ü l s a b a h. Artıq gecdir, dayana bilmirəm. Gəlmək istəsən, gələ bilərsən.

T u r a c (çıxaraq). Yox... o gəlməyəcəkdir. Sən onu hara aparmaq istəyirsən?

G ü l s a b a h. Mən onu canlı həyat ilə qarşı-qarşıya gətirmək, bir sənətkar kimi diriltmək istəyirəm. Sən onu boğursan. O indi cəmiyyət üçün nədir? Ancaq keçmiş adı ilə yaşayan bir sərab, bir xəyal.

T u r a c. Mən onu dünyalar qədər sevirəm. Gülsabah, mənim həyatım onundur. Sən neçin bizim sakit həyatımızı pozursan? Sən neçin bizim ocağımızı söndürürsən? Mən ki sənə bir yamanlıq etməmişəm!

G ü l s a b a h. Mən sənə və ona düşmən deyiləm, Turac! Mən onu bu məzar daşlarının altından qaldırmaq istəyirəm. O getməlidir.

T u r a c. Yox, o heç bir yana getməyəcəkdir. Sən getməyəcəksən, Qüdrət, deyilmi?

 

Qüdrət susur, Q ə m ə r və G ü l ə r səhnəyə çıxırlar.

 

Q ə m ə r. İzvolte radovatsya![xiii] Gəmidə oturub gəmiçi ilə döyüşür.

G ü l s a b a h. Sənin gəmin heçliyə gedir, ölümə gedir, o gəmi deyil, tabutdur.

T u r a c. O getməz. Mən də ölərəm, o da ölər, amma getməz.

G ü l s a b a h. Onu gələcək göstərər. Gedək, Zaman!

G ü l ə r. Zaman səninlə getməyəcəkdir. O mənimlə gedəcəkdir.

G ü l s a b a h. Sən ki hələ ana uşağısan. Gülər, başından bantik açılmamışdır. Zamanla ayaq tuta billməzsən. Onun addımları çox iridir.

Q ə m ə r. Ne smey, Qyulər! Eto çto eşe za fokus![xiv] Hər yoldan ötənlə ağızlaşmaq.

G ü l ə r. Yox, o, yoldan ötən deyil. O qüvvətlidir, onunla hesablaşmaq lazımdır. Mən artıq uşaq deyiləm. Bu bantik sənə cəsarət verirsə, al, bu da bu! (Bantiki açıb yerə ataraq). Biz hələ görüşərik... (Cəld və əsəbi addımlarla çıxıb gedir).

G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... İnqilab bəzəkli gəlin deyildir. O öz dostlarını da qorxudur, düşmənlərini də.

Q ə m ə r. Sən mənim fəlakətimə gülürsən. Bu vaxtadək o mənim yanımda iki söz belə danışmamışdır. Sən onu mənim üzümə qabartdın. Yaxşı, vaxt olar, görüşərik...

G ü l s a b a h (əsəbi bir gülüşlə). Ha-ha-ha... Gələrsiniz, görüşərik...Gedək, Zaman!..

 

Çıxmaq istərkən Q ü d r ə t yerindən qalxır.

 

Q ü d r ə t. Getmə, Gülsabah. Mən yazaram, mən hələ ölməmişəm. Dayan, mən də gəlirəm.

G ü l s a b a h. Mən səhnədəyəm. Gəl, gözləyirəm (Çıxır).

Q ü d r ə t. Dayan, Gülsabah, mən də səninlə gedirəm. Mən səni ötürmək istəyirəm.

T u r a c. Yox, sən getməyəcəksən!

Q ü d r ə t (duruxaraq). Turac!..

 

Qüdrət bir oddan çəkilirmiş kimi, addım-addım geriləyir. Səhnə arxasında kim isə oxuyur... Qüdrət yuxudan ayılırmış kimi, alnını ovuşdurur.

 

Görün həyat haraya getmişdir! Hələ dünən mənim fikrimə qarşı diz çökən uşaqlar, mənim yazılarımla, şerimlə məktublaşan xırda qızlar, Gülsabah, Ötgün, bu gün mənim fikrimə meydan oxuyur və üstün gəlirlər. Görün kütlə haraya getmişdir! Mən harada qalmışam! Dayan, Gülsabah, dayan, getmə, mən də gəlirəm.

T u r a c. Sən bizi atıb haraya gedirsən?

Q ü d r ə t. Mən yenə də qayıdaram, Turac (Getmək istəyir).

T u r a c (uşağını qabağında tutub, iki əlini açaraq, onu saxlamaq istəyir). Getmə, Qüdrət. Sən öz evini, öz uşağını atıb getmək istəyirsən? Mən sənin çağırışına can deyə cavab vermişəm. Yox, Qüdrət, sən getməzsən, sən getməyəcəksən, deyilmi?

Q ü d r ə t. Mümkün deyil, Turac... O mənim bütün varlığımı altüst etdi... Mən boğuluram... Mən getməliyəm, Turac, getməliyəm (Yüngül bir hərəkətlə onu itələyib, qapıdan çıxır).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info