Qonaq Kitabı
DÖNÜŞ

 

X o s m ə m m ə d. Ancaq bir şərt ilə ki, o da Moskvadan gəlmişəm deyə, bizimlə qoz-qoz oynamasın!

Z a m a n. Bu şərt ilə ki, siz də Bayramın başına gətirəni onun başına gətirməyəsiniz.

X o s m ə m m ə d. Bəs o necə olur ki, mən iyirmi ildir səhnədə məharətlə işləmişəm, kolxoza da getmişəm, indi o bu boyda boynan gəlib deyir ki, sənə gərək səhnədə yerimək öyrədim. Özü də siçanpişik padşahına oxşayır, heç rejissora da oxşamır.

Z a m a n. Sən iyirmi ildir səhnədə çalpaşıq yerimişsən, daha bu xalq neyləsin.

S a p a n. Şeirlərinin də nə vəzni var, nə qafiyəsi.

X o s m ə m m ə d. Yalançının atasına lənət... bu şeirdə qafiyə yoxdur? Yoldaş Gülsabah, sən olasan öz əziz canın, bir qulaq as, gör bu şerin qafiyəsi var, ya yox?

Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, səs salmayın!

A r i f H i k m ə t. Yoldaşlar, bu heç gizli məsələ deyil ki, bizim rejissorlarımızın ekspozisiyası, eksplikasiyasına düz gəlmir. Moskvada Stanislavski özü məni çağırdı, dedi, gərək spesifikasiya rol eləyəndə ekspozisiyanı elə qurasan ki, əsl sübstrat araya çıxsın və superdinasiya ayrılsın, ondan sonra da gəlir sentrtyajesti aktyora və sentrvnimaniya, o ki qaldı süprematizmə...

S a p a n. Yoldaş Arif Hikmət, olar ki, zəhmət çəkib o ekspozisiyanı bir az xırdalayasınız...

A r i f H i k m ə t. Ekspozisiya, ekspozisiya[i]... yəni eksplikasiya, başa düşdün?

S a p a n. Mən ki, başa düşmədim, bəlkə Xosməmməd başa düşdü.

X o s m ə m m ə d. Anlamaz atandır. Mən çoxdan başa düşmüşəm.

A r i f H i k m ə t. Ekspozisiya, yəni ekspozisiya... burada çətin bir şey yoxdur ki. Eks, yəni eksport... yəni xaricə, pozisiya da yəni front, ekspozisiya, yəni xarici front.

X o s m ə m m ə d. Dahı bunda nə var ki, başa düşməyəsən... ay...

S a p a n. Yoldaş Xosməmməd, sən dahı qocaman artistsən, bilirsən də, biz, atam, bilmirik güc deyil ki. Zəhmət çək o süprematizmi də sən xırdala, biz də başa düşək.

X o s m ə m m ə d. Hələ bu baş-qulaqnan artistliyə gəlmişsiniz, danışanda da heç kəsi bəyənmirsiniz... Sup, yəni bozbaş, rematizm də yəni yel düşmək, adamın ombasına yel düşmür?

Ş ö v q i. Yaxşı, bir bilmək olar ki, bu bozbaşnan ombaya yel düşməyin Gülsabah xanıma nə dəxli vardır?

A r i f H i k m ə t. Yoldaşlar, siz başa düşmürsünüz, ona görə də ələ salırsınız. Bura təzə aktrisa gəlib, rejissorumuz da təzədir, yəqin işlərdə bir spesifikasiya olacaq, ona görə də biz öz ekspozisiyamızı təyin etməliyik ki, gələcəkdə superdinasiya aparılanda hər kəsin sentr tyajesti bilinsin. Ona görə də mən yoldaş Gülsabah xanımın bizim teatrımıza gəlməsinə səmimi qəlbdən təşəkkür edirəm...

Ş ö v q i. Bax, bax bu axırıncı cümləni başa düşdüm.

Ə m r u l l a. Yoldaşlar, yerinizdən danışmayın! Yaxşı deyil axı. İndi ikicə kəlmə də bizim gənc rejissorumuz Bayrama söz verək, çünki hamı onun barəsində danışır. Hanı o?.. Ondan sonra da son sözü Gülsabah xanıma verək.

M i r z ə C a m a l. Tapsan onu, verərsən.

S a p a n. Başına elə bir oyun gətirməmişsiniz ki, bir də tapılsın.

Z a m a n. O, söz adamı deyil, iş adamıdır. O yazıq teatrda bir yenilik düzəltmək istəyirdi, hamınız yerbəyerdən düşdünüz üstünə.

Ə l i m u x t a r. Əlbəttə... sən gələrsən otuzillik pyesi alt-üst elərsən, padşahı vurub çobana döndərərsən ki, nə var mən proletar ideolojisi düzəldirəm, onda, əlbəttə, hamısı danışar da... Bu məxluq onların üstündə zəhmət çəkib, kişi neçə ildir rol oynayır, tip yaradıb, indi də başına bir dirabı papaq keçirib ki, nə var, mən sosyalni obraz yaradıram. Əlbəttə, o da oynamaz da...

Z a m a n. Oynamaz, mən oynaram.

M i r z ə C a m a l. Mən axı razı olmaram ki, sən mənim tipimi vurub korlayasan.

Ə l i m u x t a r. Yazıq onun üstündə 20 il can çürüdüb.

Z a m a n. Nə etmək, yoldaşlar, mübarizədir: köhnə ev uçulurkən kərpic bənnanın qabırğasına dəyir. Biz bundan qorxmuruq.

Ə m r u l l a. Yoldaş Mirzə Camal... bəsdir deyirəm... Söz Gülsabah xanıma verilir.

Ə l i m u x t a r. Yoldaş müdir, qabaqca qoy o sizin rejissorunuzun advakatı desin görək o, mübarizəni kiminlə aparmaq istəyir?

M i r z ə C a m a l. Yox axı... ayıbdır onunçun. Bir qarış boyu var, gəlib ki, döyərik, burada böyük var, kiçik var, adamı elə sıxarlar ki, əzilib suyu çıxar...

G ü l s a b a h. Yoldaşlar, mən buradan oxumağa gedərkən səhnəmizin vəziyyətini bildiyim üçün, qayıdırkən mübarizə olacağını gözləyirdim. Ancaq çox sevinirəm ki, o mübarizə çoxdan başlanmış və bir yerə çatmışdır ki, adamı sıxırlar, əzilir, suyu çıxır. Bunsuz olmaz, yoldaşlar. Bu, mübarizədir; bu həyatın dialektikasıdır. Fikirlər, metodlar üz-üzə gəlirkən, adamı sıxarlar, əzilər, suyu çıxar. Ancaq görək kim kimi?

Z a m a n. Biz hələ pambıq deyilik ki, isladıb sıxasan suyu çıxsın.

M i r z ə C a m a l. Aha...

X o s m ə m m ə d. Bunun atını haraya bağlayaq?

X u r ş i d. Heç evə girməmiş başlayıb ki, tüfəngimi haradan asım?

G ü l s a b a h. Mən heç işə başlamamış hər gün gəlib oturub, sizing işlərinizlə tanış olmaq istəyirdim. Oldum da. İndi meydan açıqdır. Silahlar çiyinlərdən əllərə və qəti döyüşə!

Ə l i m u x t a r. Kim kimə qarşı?

G ü l s a b a h. Hamı hamıya qarşı.

Ə l i m u x t a r. Nə üçün?

G ü l s a b a h. Yeni teatr yaratmaq üçün, yeni metod, yeni nəzəriyyə, yeni temp və yeni sürət üçün. Bütün bacaranlar, dəyərlilər, yaradıcılar irəliyə, əl-ayağa dolaşanlar isə geriyə, tarixin amansız təkəri altına!

Ə l i m u x t a r. Pəh-pəh-pəh.... əz Badkubə tacir amədə.

M i r z ə C a m a l. Bizim teatrımızın bir yolu var, yoldaş Gülsabah, o yolnan da gedir. Sən də gəlmişsən, Azərbaycan qızısan, xoş gəlmişsən, səfa gətirmişsən, gözümüz üstə yerin var, dahı bu hədələmək lazım deyil ki...

A r i f H i k m ə t. Yoldaşlar, mən də hələ bayaq bunun üçün deyirdim də... Qoy hər kəs indidən öz ekspozisiyasını təyin etsin ki, sonradan spesifikasiya aparanda supermatizm əmələ gəlməsin...

S a p a n. Ay Arif Hikmət, mən ölüm, sən o bozbaş qazanını bir az saxla.

G ü l s a b a h. Bu saat “Rote-Fane” qəzetinin idarəsi bütün sovet teatrlarına bir yarış bayrağı göndərmişdir. Yarış şərti: repertuarı və oyunları keyfiyyətcə yaxşılaşdırmaqdır. Kim bu yarışda birincilik qazansa, bayraq ona veriləcəkdir.

Ə m r u l l a. Qulaq asın, yoldaşlar, bu vacibli məsələdir.

A r i f H i k m ə t. MXAT[ii] kimi əjdaha orada dayana-dayana bizim Xosməmməd bayraq ala bilər...

X o s m ə m m ə d. E... e... Xosməmməd sən özünsən...

A r i f H i k m ə t. Balam, acığın neçin gəlir, öz adındır də...

S a p a n. Adı deyil, adə, ləqəbidir.

Ş ö v q i. Ləqəbi deyil, adə, təxəllüsüdür.

Ə m r u l l a. Yoldaşlar...

G ü l s a b a h. Ola bilər, yoldaşlar. Bunun üçün bizə nə lazımdır? İşlərimizi yenidən qurmaq, teatrın sifətini dəyişdirmək.

Ə l i m u r a d. Yoldaşlar, mən kak bir predsedatel mestkom, deyirəm ki, əlbəttə, yarış məsələsi lazımdır. Ancaq yeri gəlmişkən bu müdiriyyətdən bir şey soruşmaq istəyirəm...

S a p a n. Ay Əlimurad, dayan bir də, kişi söz danışır axı.

Ə l i m u r a d. Yoldaşlar... sonra mən bu qədər adamı haradan yığacağam. Danışacaqsınız, sonra da dağılışıb gedəcəksiniz... amma mənim məsələm lap vacibli məsələdir.

Ə m r u l l a. Nə istəyirsiniz, yoldaş Əlimurad?

Ə l i m u r a d. Yoldaşlar, mən necə ki, mestkom, onu soruşmaq istəyirəm ki, bu müdiriyyət bu məvacibləri haçan verəcəkdir? Və nə üçün bu vaxtadək verməmişdir?

Z a m a n. Ay Əlimurad, sən yarış məsələsini qoydun, məvacibə getdin. Heç yeridir?

Ə l i m u r a d. Hələ əsl yeridir. Bu hamısından vacibli məsələdir. Deyəndə də qoymursunuz, sonra da deyirsiniz mestkom işləmir. Hələ bu ağız-burunnan da yarışa çıxmaq istəyirik.

S a p a n. Ay Əlimurad, məvacib yaxşı şeydir, ancaq bura dəxli yoxdur axı...

Ə l i m u r a d. Çox dəxli vardır, yoldaşlar. Burada belə deyirsiniz, sonra da gəlib yapışırsınız mənim hülqumumdan... Sən mənim məvacibimi ver, sonar istəyirsən yarışaq, istəyirsən barışaq. Hər kim olur olsun, biz bir saatda onun atasını yandıraq, qoyaq ora.

A r i f H i k m ə t. A kişilər, MXAT kimi əjdahalar dayana-dayana siz ondan bayraq ala bilərsiniz?

Ə m r u l l a. Yoldaşlar, qulaq asın! Bu vacibli məsələdir. Belə olmasın ki, böyük fillərlə döyüşək, axırda da biabır olaq.

G ü l s a b a h. Yoldaşlar... qoy kimsə özünü qorxutmasın. Başqa teatrlarda adamyeyən yoxdur. Bizim bunun üçün qüvvətimiz vardır. Ancaq gedişimiz ölgündür. Bərk silkələnmək lazımdır.

X o s m ə m m ə d. Silkələnək, görək də.

S a p a n. Başına dönüm, Xosməmməd, sən silkələnmə, yoxsa şeirlərin qafiyələri dağılar.

Ə m r u l l a. Yoldaşlar... Allahü əkbər...

G ü l s a b a h. Bizim gedişimiz iki yolla olmalıdır: bir əllə sökmək, dağıtmaq, o biri əllə tikmək, yaratmaq. İndiki repertuarla yarışa çıxmaq olmaz. Çoxunu çıxardıb atmaq lazımdır. Bizim bu günkü quruluşlarımızda müəyyən bir prinsip yoxdur.

Ə l i m u x t a r. Sən beş-altı porsiya prinsip artırarsan...

A r i f H i k m ə t. Doğru deyir də, acığın niyə gəlir?! Mən onu çoxdan demişəm ki, quruluşun ekspozisiyası eksplikasiyasına düz gəlmir.

G ü l s a b a h. Hər halda repertuar bu günün istədiyi əsərlərlə doldurulmalıdır və xüsusilə yarış üçün yeni qüvvətli bir əsər yazılmalıdır.

M i r z ə C a m a l. Bilirsən, Gülsabah xanım, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Yeni əsər lazımdır, ancaq bacaran var, yazmır. Bacarmayan da yazır, bir şey çıxmır... Nə geroyu məlumdur, nə də lyubovniki.

G ü l s a b a h. Kimdir bacaran və yazmayan?

M i r z ə C a m a l. Bacaran və yazmayan odur, Qüdrət Arslan!

G ü l s a b a h. Qüdrət Arslan!

 

Gülsabah birdən-birə diksinir və bir şeyi xatırlayırmış kimi, bir saniyə düşünür.

 

M i r z ə C a m a l. Özü də həmişə qüvvəli əsərlər, inqilabi əsərlər yazıbdır. Amma indi ağzına su alıb oturubdur: nə dinir, nə danışır.

S a p a n. Özü də məktəbdə müəllimlik edir.

M i r z ə C a m a l. Mən sizə deyim: bizlərdən yarışa ondan başqa girişə bilən olmaz.

Z a m a n. O da ki, yazmayacaqdır.

G ü l s a b a h. Mən, yoldaşlar, Qüdrətlə çoxdan tanışam. Müsaidə etsəniz, mən onunla danışaram. Sizə söz verirəm ki, o yazar.

Ə m r u l l a. Danış, atam da. Kor nə istər iki göz, biri əyri, biri düz.

M i r z ə C a m a l. Hə... onu eləyə bilsəniz, deməli, çaldıq.

X o s m ə m m ə d. Nəyi çaldıq?

S a p a n. Sənin qafiyəsiz şerini Rast havasında.

X o s m ə m m ə d. Əclaf oğlu əclaf. Yoldaş müdir!

Ə m r u l l a. Yoldaşlar, Gülsabah xanıma tapşırılır ki, Qüdrətlə pyes haqqında danışsın.

M i r z ə C a m a l. O yazmaz. Kişi bu saat neçə məktəbdə dərs deyir, bir aləm gəliri var, yazı nə qulağına girir.

G ü l s a b a h. Yazar, yazar. Burada səhnəmizin taleyi həll olunur. Bütün qüvvət və vasitələr səfərbərlik altına... buradan kimsə geri qala bilməz! Siz kitabınızı məndən alın!

X u r ş i d. Zalımın qızının hökmünə bax! Hələ bil dünya ona baxır.

G ü l s a b a h. Sonra, yoldaşlar, biz ilk əvvəl gedişimizi kustarlıqdan çıxartmalıyıq. Gənclərimiz qüvvətlidir. Qadın qüvvəsi də yaman deyil. Material vardır, ancaq bacarıqlı bir əllə, bir metodla işlədilməlidir.

Ə l i m u r a d. Sən gəlib düzəldərsən də.

G ü l s a b a h. İndilik qadınlarımızın bir çoxusu özünə bir sənətkar deyə bilməz.

X u r ş i d. Sən gəlib deyərsən də.

G ü l s a b a h. Mən hər halda deyə bilmək üçün var qüvvətimlə çalışacağam. Ancaq qadınlarımız qırıq bir qanadla, könülsüz, diqqətsiz, odsuz və intizamsız çalışırlar. Məsələn: məşqi qoyub dərziyə gedirlər, aktrisa öz işinə yanmır, odur ki, oyun günü sözünü bilmir.

X u r ş i d. Sən öz sözünü danış! Bir eşşəyə minib, əllisini döyəşdəmə.

M ü n ə v v ə r. Sənə nə var, ay Xurşid xanım, sənə ki bir söz deyən yoxdur!

X u r ş i d. Xeyr, mən öz fitimi çox yaxşı tanıyıram.

M i r z ə C a m a l. O kişinin qızı heç sənin adını çəkmədi ki.

X u r ş i d. Mən özüm çox yaxşı bilirəm o soncığı hansı tərəfə atır...Srağagün o, orada oturmuşdu, mən də, partnixa gələcəkdi, çıxdım getdim. Bu bunun sımsığına dəyib. Dahı neynəyək, bizim də paltarımız Moskvada tikilib gəlməyib ki...

G ü l s a b a h. Mən, yoldaşlar, kimsəni incitmək istəmirəm. Təktək adamlar olsaydı, mən heç deməzdim də... Çox təəssüf ki, çoxusu belədir.

A s y a. Sənə nə var, sən məgər pürkürul-zadsan?.. Mən haçan məşqdən getmişəm?

M ü n ə v v ə r. Canım, sənə nə var, səni ki, dindirən yoxdur!

A s y a. Yox, axı, yalan niyə danışır?

M ü n ə v v ə r. Doğru deyir də.

G ü l s a b a h. Mən artıq hamısını bilirəm, yoldaşlar.

X u r ş i d. Cəhənnəmə ki, bilirsən, gora ki, bilirsən. Sən öz sözünü danış! Xalqda işin olmasın. Müdir deyilsən, rejissor deyilsən. Teatra hələ gəldiyin bu gündür, aləmi çaxnaşdırmışsan bir-birinə. Görəsən beş gün qalsan, nə eylərsən.

A s y a. Heç nə, beş gündən sonra çıxar gedər birinə, qurtardı getdi.

M ü n ə v v ə r. Sən ki, Allaha şükür, bu vaxta qədər dördünə getmişsən.

A r i f H i k m ə t. Yoldaşlar, dayanın, o kişi öz ekspozisiyasını desin, sonra da hər kəs istəsə, öz eksplikasiyasını açıb qoyar ortalığa.

G ü l s a b a h. Mən, yoldaşlar, nə müdirəm, nə də rejissor. Bu gündən bu kollektivin bir üzvüyəm. Şüarım: sökmək, dağıtmaq, tikmək, yaratmaq... Mən bilirəm ki, açıq söz acı olar. Ancaq biz böyük bir yarışa girişirkən, tək-tək adamlardan utanıb susmaq – səhnəmizə, quruluşumuza qarşı bir xəyanət olmuş olar.

M i r z ə C a m a l. Kişinin qızı doğru deyir də. Hələ sən Xurşid, həftə səkkiz, mən doqquz, gah hamama gedirsən, gah kooperativə... O da deyir işinə dürüst bax da.

H a m ı. Doğrudur, doğrudur...

G ü l s a b a h. Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: yenilikdən qorxmaq, köhnəliyə pərəstiş. Mən o gün gördüm, gənc rejissordur. Başında yeni fikirlər vardır. Aktyora deyir, aktyor isə öyrənmək əvəzinə ona acıqlanır, uşaq, malçişka və daha bilməm nələr deyir... Buna da qəti zərbə...

M i r z ə C a m a l. Rejissorun canı çıxsın danışdığını bilsin. Qundaqdan dünən çıxıb, mən bu səhnədə neçə ildir can çürüdürəm, xüsusi məktəb yaratmışam, indi gəlib nə deyir: belə dayanma, belə dayan, şunu götür, şunu qoy.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info