Qonaq Kitabı
DÖNÜŞ

G ü l s a b a h. Örtün pərdəni.

 

Pərdə  örtülür.

 

Ə m r u l l a (salonda). Yoldaşlar, teatrların yarış komissiyasından gələn heyət sizə bir neçə söz demək istəyir.

D a ş d ə m i r. Bu gün burada gördüyümüz vəziyyət təsadüfi bir şey deyildir, yoldaşlar. Zaman irəliləyir, dünənki dahilər kütlənin yeniləşmiş fikrinə və quruluşuna qarşı dayana bilməyib, özlərini itirirlər. Bu vəziyyəti, diqqətlə baxanlar, hər yerdə görə bilərlər. Biz teatrın vəziyyətini yoxlamalı və onun böyük yarışa qoşula biləcəyini təyin etməli idik. Biz bütün teatrları yoxlayıb ancaq beş teatrı yarışa qoşduq. Bu gün biz böyük bir sevinclə deyə bilərik ki... sizin teatrınız ən birinci yer tutur. O qüvvət, o yaradıcılıq, xüsusən iki gənc aktrisada gördüyümüz istedad, temperament, ümumiyyətlə, o incəsənət döyüşü ki, burada gördük, doğrudan da oyunun sənətkar bir rejissor əlindən çıxdığını açıq göstərir. Sevinməli bir şey vardır. Teatr inqilab odu içində yanır. Yanğın var. Hücum var. Nəsillər döyüşür, sistemlər döyüşür, sonu isə, inandırıram ki, qələbədir... Bu axın davam edərsə, şübhəsiz teatr yarış bayrağına ümid edə bilər.

Ə m r u l l a. Hələ əsərimiz də birincilik qazanmışdır, yoldaş Daşdəmirov.

D a ş d ə m i r. Əsəriniz birincilik qazanmışdır. Ancaq bu əsər deyildir. Mən bu əsərlə tanışam. Yarışda birincilik qazanan əsər isə Ötgün Zamanbəyli adlı bir nəfərindir. Əsərin adı “Əsrlərin toqquşması” dır.

Ş ö v q i. Tələsməyin, yoldaşlar, bu saat pərdə açılacaq – oyunun son pərdəsi başlanacaqdır.

Q ü d r ə t. Yox, açmayın pərdəni! Bu əsər köhnədir. O, əsrlərin toqquşmasında əzilib məhv olmuşdur.

S ə s l ə r. Çıxardın onu zaldan, o keflidir!..

T u r a c ( yalvarıcı bir səslə). O xəstədir.

Q ü d r ə t (dalğın baxışlarını Turaca doğru qaldıraraq, demək olar ki, inlər bir səslə). Mən xəstə deyiləm, Turac, xəstə deyiləm! Mən böyük bir faciənin qəhrəmanıyam. Dayanın, yoldaşlar! Açmayın pərdəni! Dayanın (Səhnə qarşısına atılıb, hərəkət etməkdə olan pərdəni tutaraq). Mənə də qulaq asın! Mən bir zamanlar böyük Qüdrət idim. Basılmaz bir Arslan idim. Indi nəyəm: basılmış Arslan. Məni məğlub edən kimdir? Zaman, mənim saymadığım, hesablaşmadığım kütlə, temp, sürət, hərəkət. Ötgün Zamanbəyli, kimsənin saymadığı və tanımadığı bir tələbə, öz tələbəm... Deyirlər ki, mən kefliyəm. Yox, mən ancaq indi ayılmışam. Mən həyatı düşünməmişəm. Mən onun nəbzini, can damarını itirmişdim, ancaq indi tapıram... Gülsabah, Gülər, Turac, Ötgün, əsrlərin toqquşması... Mən bu döyüşün içində yelkənsiz bir gəmi, əsgərsiz bir general idim... Mən bilmirdim ki, əsrlər, döyüşürkən, ortada qalanlar kəllələrin döyüşündən əzilir, suyu çıxır... Mən bir faciənin qəhrəmanıyam. Mən indi öz faciəmi yazacağam. O, köhnəlməz... çünki bu başlanmış axın dayanmayacaqdır. Onu heç bir qüvvət toxdada bilməz.

G ü l s a b a h. Qoşul kütləyə, Qudrət Arslan, sənin nicatın oradadır.

Q ü d r ə t. Mən yatmışdım, sən məni oyatdın. Gülsabah, məni yenidən həyata sən çıxartdın. Sən inqilabın qızısan: sənin əlin əsrin dəmir pəncəsi, sənin nəfəsin inqilabın yaradıcı qüvvəsidir.

G ü l ə r. Məni də həyata o çıxartdı.

T u r a c. Məni də həyata o çıxartdı.

X o s m ə m m ə d. O olmasaydı, mən hələ xalis tezisdim ki, vardım.

Q ü d r ə t. Artıq mən kütlədən ayrı bir vücud deyiləm. Kütlənin vurar bir qoluyam... (İrəli gələrək, salondakı kütləyə) Yoldaşlar! Mən bu gündən sizinlə addım-addıma gedən və quruluş cəbhəsində qələmlə yarışan bir əsgərəm... əlbir vuruşmaq, əlbir sökmək və tikmək!

D a ş d ə m i r. Yarışın şərti: repertuar və quruluşu keyfiyyətcə yaxşılaşdırmaqdır.

Q ü d r ə t. Mən hazıram!

G ü l s a b a h. Mən də hazıram!

G ü l ə r. Mən də hazıram!

T u r a c. Mən də hazıram!

A k t y o r l a r. Biz hamımız hazırıq!

G ü l s a b a h (üzünü salona çevirərək). İşçilər, əməkçilər, gənclər! Biz səhnəmizi yüksəltmək üçün qəti vuruşa başlayırıq. Bizə kömək etmək sizin borcunuzdur.

S a l o n. Biz hazırıq!

 

İşıqlar sönür. Yalnız Z a m a n səhnədəki oyun üçün doğan günəşin qızıl şəfəqləri altında...

 

Z a m a n.

Hücum bütün təbiətə, yerə, suya, irmağa!

Hücum birgə vurğumuzla məğlub olan torpağa!..

 

P ə r d ə



[i] Arif Hikmət surətində müəllif, ibarəçiliklə, yalançı alimliklə məşğul olub özünü ixtisaslı kimi

göstərən gopçu bir aktyor tipi yaratmışdır. İşlətdiyi ayrı-ayrı sözlər teatr və sənət istilahları olsa da, heç bir məna ifadə etmir. Məsələn, onun ekspozisiyaya verdiyi məna, sözün həqiqi mənasını qətiyyən anlamadığını göstərir.

[ii] MXAT – Moskva Bədaye Akademik Teatrı.

[iii] Məni şübhəli ad çıxarmış aktrisa ilə məclisə dəvət etmək...

[iv] Bəsdir, Gülər

[v] Yox... mənim üçün yaxşı olmaz

[vi] Bəsdir, Gülər, komsomolka olma!

[vii] Hətta şübhəli bir ada malik olan aktrisa.

[viii] Buyurun, feyziyab olun!

[ix] O hələ komsomolka və aktrisa deyil. O, köhnə formadadır.

[x] Bəs beyni necədir, köhnədir, ya təzə?

[xi] Mən olan yerdə sən danışma və baş qoşma...

[xii] Səni xəbərdar edirəm.

[xiii] Buyur, feyziyab ol!

[xiv] Bu nə hoqqadır.

[xv] Bayrağı.

[xvi] Azərbaycan proletar yazıçılar cəmiyyəti.

[xvii] Rusiya proletar yazıçılar cəmiyyəti (1932-ci ildə ləğv edilmişdir).

[xviii] Mənimlə bu cür danışmağı sənə qadağan edirəm.

[xix] Necə yəni sevdiyimdən? Sən hələ məndən icazə almamış sevirsən də? Keç qaranlıq otağa!

[xx] Ah nə biabırçılıq!

[xxi] Mən qoymaram ki, o sizin pərdə arxasındakı səhnə əxlaqsızlığının qurbanı olsun. Mən qoymaram ki, o da sizin kimi özünü camaata satmaq üçün üz-gözünü boyasın.

[xxii] Mane olmayın!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info