Qonaq Kitabı
DÖNÜŞ

H i k m ə t K a m a l. Əsər metodoloji cəhətcə və ideoloji cəhətcə bizə yabançıdır.

K a m a l F i k r i . Mən yoldaş Qüdrətin əsərinə qulaq asmış olsaydım, orada pantürkizm olduğunu açıq sübut edə bilərdim və 1924-cü ildə bunu mətbuat vasitəsilə də sübut etmişəm.

G ü l s a b a h. Yoldaşlar, mən burada edilən tənqidlərdən bir şey anlamadım. Sanki adamlar öz fikirlərini söyləməkdən qorxur, başqalarının fikrini kos kimi oynadırlar. Bu, yoldaşlar, fikri iflasdır. Sən öz fikrini söylə, nöqsanlı olarsa, düzəldərlər. Yoxsa özgə bir şərait içində deyilmiş fikirləri, düzəlmiş formaları və terminləri tutdu, tutmadı, ortaya sürmək – kaverkot paltarlara ləzgi şalından yamaq salmaq deməkdir. Mən belə düşünürəm: bu əsərlərin hər ikisi yaraya bilər. Ancaq birincisini, yoldaş Qüdrətin əsərini, düzəltmək lazımdır. Çünki bir qədər vaxtı keçmişdir. Indi həyatımızda o cür molla, axund, qolçomaq və sairə yoxdur. Onun bu günün süzgəcindən keçirmək lazımdır. Əsər qüvvətli bir rejissor əlinə tapşırılmalı, qadın rolları da çox ağır olduğu üçün teatrdakı aktrisalar üzərində ciddi çalışmalıdır.

Ə l i m u x t a r. Bizdə rejissor yoxdur. Verin hələ Bayramnan Gülsabah qoysun.

X u r ş i d. Qadın rollarını da özü oynasın.

M i r z ə C a m a l. Kişi rolunda da Zamannan Sapan.

S a p a n. Mən hazıram.

X o s m ə m m ə d. Yalançının atasına lənət! Yoldaşlar, siz hamınız burada ədəbiyyatçısınız, siz olasınız öz uşaqlarınızın canı, bulvarnan şalvar qafiyədir ya yox? Siz özünüz xalis tezissiniz!

Z a m a n. Yoldaşlar, bu nöqsanlar bizdə vardır. İnkar etməyə və gizlətməyə dəyməz. Ancaq qorxaqlar öz nöqsanlarının üzünə açıq baxmaqdan qorxarlar. Biz bu əsərləri oynamalıyıq.

Ə l a b b a s. Yoldaş Əmrulla, tələsik teleqramdır.

 

Ə m r u l l a  teleqramı oxuyur.

 

H i k m ə t K a m a l. Bu əsərlərin heç biri bizim proletar cəmiyyəti üçün yaramaz.

M i r z ə C a m a l. Bir qəpik də qiyməti yoxdur.

X u r ş i d. Özü də bilirik kimin zakazı ilə yazılmışdır.

Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, qulaq asın. Moskvadan teleqram. Teatrın yarış komissiyası... bütün respublikalardan gələn əsərlərə baxıb qurtarmışdır.

G ü l s a b a h. Nəticəsi yoxdurmu?

Ə m r u l l a. Vardır... Birinciliyi Azərbaycandan yazılmış bir əsər qazanmışdır.

G ü l s a b a h. Bu əsərlərin hər ikisi yarış komissiyasına göndərilmişdir.

M i r z ə C a m a l. Yox, yoldaşlar, iş orasına qalsa, əsərlərin hər ikisi bədii

cəhətcə çox yaxşıdır. Indi birində aktyorlar haqqında, bəzi şeylər yazılmışdır. O bir şey deyil. Axtarsan, çoxusu hələ doğrudur də... Nahaq yerə acığınız gəlir. Deyir şüşəni sındırıblar, doğru deyir də... Bəzi idraksız yoldaşlarımız var ki, hələ doğrudan da sındırıblar.

A r i f H i k m ə t. Yoldaş Mirzə Camal, mən əgər şüşəni sındırmışam, sən də teatrı dolamışsan barmağına.

M i r z ə C a m a l. Dahı mən də şüşəni sındırıb, rejissorun gözünü çıxartmamışam ki.

A r i f H i k m ə t. Mən də deyirəm əsər bədii cəhətcə yüksəkdir. Şüşəni sındırmışam, yazıbdır, deyir aktrisa söz düzəldir, doğrudur. Siz demirdiniz ki, Gülər ölüb, bu gün basdırırlar?

H i k m ə t K a m a l. Yoldaşlar, madam ki, komissiyada bu əsərlər birinciliyi qazanmışdır, onda təbii, bu əsərlər geniş kütlələr arasında müzakirəyə qoyulmalı və bütün rayonlarda oynanmalıdır.

H a m ı s ı. Əlbəttə, əlbəttə... hər ikisi...

Z a m a n. Yoldaşlar, özəyin təklifinə görə əsərin quruluşu Gülsabah xanıma tapşırılsın.

M i r z ə C a m a l. Özü də baş rolları yığsın versin sizə.

A r i f H i k m ə t. Nə ki palajitelni rollar var, versin sizə, atritsatelni rolları bizə.

X u r ş i d. Qeroinyaları da özü oynasın.

Ə m r u l l a. Yoldaşlar, müdiriyyət özü də bu fikirdədir.

M i r z ə C a m a l. Bunlar hamısı xəyalplovdur. Siz teatrı oyuncağa çevirmək istəyirsiniz. İyirmiillik aktyorun heç olmasa otuzillik rejissoru olmalıdır. Mənə kim rejissorluq edəcək? Dünənki uşaq. Yox, yoldaşlar, mən necə ki demişəm, demişəm mən bu işdə yoxam.

Ə m r u l l a. Siz teatr deyilsiniz, yoldaş Mirzə Camal. Kim yoxdur, yoxdur bunu hər saatda başımıza vurmaq lazım deyildir. Siz olmazsınız, yerinizə adam tapılar. Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. Onun da bacarığını yoxlamaq lazımdır. Bacarar, bacarar, bacarmaz, deyərik bacarmırsan, otur, yoldaş, yerində, istəmirsən, xoş gəldin.

 

P ə r d ə

 

 

YEDDİNCİ ŞƏKİL

 

Səhnədə G ü l s a b a h boynuna götürdüyü əsərin məşqini aparır.

 

Z a m a n. Duman gəldi, dörd tərəfi bürüdü.

X o s m ə m m ə d. Qarşı dağdan düşmən qopdu, yürüdü.

Z a m a n. Ey briqada... yürüş var, hazır ol!

G ü l s a b a h. Gecikdin, Zaman! Sözün vəzni pozuldu. Bir də başdan! Muzıka! Gecikmə!

Z a m a n. Ey briqada, yürüş var, hazır ol!

S a p a n. Toplar səngərdə, silahlar əllərdə.

Z a m a n. Pulemyotlar qurulsun.

X o s m ə m m ə d. Düşmən döndü.

S a p a n. Təqib edin, yorulsun.

Z a m a n. Briqada, səngərdən qop! Yürüşə!

G ü l s a b a h. Dayan, dayan... sağ qrup, sağdan sola! Sol qrup, soldan sağa, aşağı və sola! Komanda ver, Zaman! Muzıka!..

Z a m a n. Briqada, səngərdən qop! Yürüşə!

X o s m ə m m ə d. Arxadan gələn var...

T u r a c (böyük bir həyəcanla qaçaraq). Gələnlər bizimkilərdir.

G ü l s a b a h. Çox gözəl, Turac!

M i r z ə C a m a l. Bərk durun, igidlər! Bütün kənd silahlıdır və sizinlədir.

G ü l s a b a h. Saxla... Yoldaş Mirzə Camal, səsində qüvvət və qətiyyət yoxdur. Kəndlilər görünmür, sənin səsin bir ordunun səsi olmalıdır.

M i r z ə C a m a l. Baş üstə, baş üstə, Gülsabah xanım.

G ü l s a b a h. Replika ver, Turac! Muzıka, başla!

T u r a c. Gələnlər bizimkilərdir.

M i r z ə C a m a l. Bərk durun igidlər... Bütün kənd silahlıdır, sizinlədir.

G ü l s a b a h. Saxla! Çığırmaq qüvvət deyil, yoldaş Mirzə Camal... çığırırsınız, tondan çıxırsınız, dissonas əmələ gəlir. “Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir”.

M i r z ə C a m a l. Bu saat. Gülsabah xanım, bu saat, bağışlayın! Zəhrimar səsim öyrəşib qışqırmağa.

G ü l s a b a h. Replika ver, Turac!

T u r a c. Gələnlər bizimkilərdir.

M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir.

Z a m a n. Briqada, yürüşə!

H a m ı s ı. Urra!..

G ü l s a b a h. Hamı bir yerdə... Muzıka... Başlayın! Replika ver, yoldaş Mirzə Camal.

M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir.

Z a m a n. Briqada, yürüşə!

H a m ı s ı. Urra!..

G ü l s a b a h. Yaxşı, oyun hazırdır.

M i r z ə C a m a l (körpüdən düşərək). Allah sənə insaf versin, Gülsabah xanım, kürəklərimdən tər axır.

G ü l s a b a h. O, yaradıcılıq təridir, yoldaş Mirzə Camal.

M i r z ə C a m a l. Vallahı, elə qızışmışam ki, lap yüz kərəm də desən, bu pillələri çıxıb düşərəm. Belə qızışdırırsan adamı ey... elə bilirəm ki, hələ bu saat doğrudan davadır, özüm də xalis əsgərəm.

G ü l s a b a h. Çox sağ ol, yoldaş Mirzə Camal, bizə də o lazımdır.

 

P ə r d ə

 

 

SƏKKİZİNCİ ŞƏKİL

 

Açıq səhnə... G ü l s a b a h rol paltarında və qrimdə.

Oyundan qabaq səhnəni gözdən keçirərək.

 

G ü l s a b a h. Şövqi, o arxa pərdəni bir az endir, yan pərdələri bir az geri çək. Hücum vaxtı işıq qırmızı keçəcəkdir... Dolaşdırmayasan...

Ş ö vq i. Hamısı yerli-yerində hazır.

G ü l s a b a h. Səhnə hazırdır! Bax gör adamlar hamısı öz yerlərindədirlərmi? (Şövqri qaçmaq istərkən). Hə, mənə bax, Bayrama tapşır o, Gülər ilə Turaca kömək etsin. Gülər yenə zirəkdir, özü bacarar, ancaq Turaca baxmaq lazımdır. Bax, gör gəlibdir, yox?

Ş ö vq i. Kim, Turac? Axşam saat altıdan gəlibdir, üzünü boyayır, pozur. Ancaq Gülər, gərək ki, hələ gəlməmişdir.

G ü l s a b a h. İndi gəlmiş olar. Get bax, mənə bildir. Oyunu başlamaq lazımdır.

X o s m ə m m ə d (Xurşid ilə dolaşaraq, səhnəyə çıxırlar). Əl çəksənə məndən, tezisin biri tezis...

G ü l s a b a h. Nə var yenə yoldaş Əliməmməd?..

X o s m ə m m ə d. A kişi, heç nə, gedib o yazıq Turacın belbağısını götürüb bağlayıb öz belinə, o da yazıq səhərdən axtarır... ağlayır. Belə sənin rolun antitezisdir. Bu belbağı sənin üçün yaramaz ey... deyəndə də məxluqun acığı gəlir. Buna heç bir dialektika yol verməz. Başa düşdün? Sən heç bilirsən dialektika nədir?

G ü l s a b a h. Bu belbağı sizin üçün yaramaz, Xurşid xanım. Bu Turac üçündür.

X u r ş i d. Pojalusta, çox lazımdır. Aparıb ataram üstünə, qoy o bəzənsin, onu bəyənsinlər, bizi yox.

Z a m a n (səhnəyə çıxaraq). Xurşid xanım, bu yazığın belbağısını götürmüşsən, axtarmaqdan yazığın başı gicəlir.

X u r ş i d. Pojalusta... alın (Kəməri açıb ataraq). Aparın, hamınız bəzəndirin onu. Kstati əri də qovub onu, bəlkə, hələ bu gecə ərə verəsiniz ki, əl-qolunuz açılsın.

Z a m a n (acıqlı səhnədən çıxan Xurşidə). Xurşid xanım!

G ü l s a b a h. Zaman!

Z a m a n. Yox, Gulsabah xanım, siz bilmirsiniz o nə danışır... O demək istəyir ki, guya sən, Qüdrət, Turac...

G ü l s a b a h. Mən çox yaxşı bilirəm, Zaman. Hər daş atan baş yara bilsə, yarılmamış baş qalmaz. Sən belə xırda şeylərdən yüksək ol. Uşaqlar hazırdırmı? Bu gecə imtahandır, Zaman! Möhkəm dayanın, yoxsa bir də bizə kimsə inanmaz.

Z a m a n. Qorxma, Gülsabah. Uşaqlar hamısı dəmir kimidir. İş bir yerə çatıb ki, Mirzə Camal da öz rolunu bülbül kimi əzbərdən bilir.

G ü l s a b a h. Ancaq uşaqların hamısına tapşır: səhnədə fikirləri Turac ilə Gülərdə olsun, birdən çaşıb eləsə, hamısı kömək eləsin.

Z a m a n. Gülərdən sən heç qorxma, Gülər od kimidir. Mən ancaq bir az Turacdan qorxuram, yazıq çox utanır.

S a p a n. Əgər Gülər bizim hamımızı bu gecə cibinə qoymasa... Gülər deyil, xalis oddur, od.

X o s m ə m m ə d. Antitezisdir də... amma Xurşid tezisdir.

Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Hə, yoldaşlar, hazırsınız, yox? Bütün camaat gəlib. Amma zalda adam var ha! Ağcaqanadın sayı var, adamın yox. Moskvadan gələn yarış komissiyası bıçaqlarını bilövləyir. Bəziləri deyir ki, neçin bu  yarış quruluşunu, guya köhnədən tanınmış adamlara verməmişsiniz? Dedim: atam, baxarsınız da... biz də bir şey bilirik axı. Başuvuza dönüm, möhkəm dayanın ki, yoxsa bütün şəhərdə biabır olarıq... hər şeyə fikir verirlər, hamısına baxacaqlar, qiymət qoyacaqlar.

X u r ş i d. Bizə nə var? Bizə ki, baxan olmayacaq.

Ə m r u l l a. Hamısına baxacaqlar. Xudojnikin işinə də, aktyorların işinə də, pyesin də, rejissora da... Dörd adama mükafat veriləcəkdir. Nə yaman şeymiş bu yarış, adə. Lap ürəyim gup-gup guppuldayır. Başuvuza dönüm, belə eləyin ki, üzümüzü qaraltmayasınız. Sonra da nümayəndələri təbrik etmək lazımdır.

G ü l s a b a h. Qorxma, yoldaş Əmrulla, bütün rollar möhkəm əllərdədir.

X u r ş i d. Hələ, bir o Turac möhkəmdir, bir də o Gülər. Dünən küçədən gəlibdir, bu gün baş rol oynayırlar.

G ü l s a b a h. Qorxmayın! Onları Zaman özü hazırlamışdır.

X u r ş i d. Zaman özü çox bir şey bilir ki, onları da hazırlasın.

Ə m r u l l a. Daha mən bilmirəm. Gülsabah xanım, bu gün oyunda hər nə varsa, mən sənin yaxandan yapışacağam. Belə olmasın ki, desinlər gənclər korladı. Sən öləsən qızımın ölmüşünə ki, bu gün oyun yaxşı keçsə, heç bir kəsri olmasa, sabah sənin üçün bu boyda bir tort alacağam.

S a p a n. Avtor bəs haradadır?

Ə m r u l l a. O da mənim yanımdadır. Ancaq ovqatı çox təlxdir. Bir az da deyəsən, belədir... (Barmağı ilə boğazına vurub, kefli olduğunu göstərir). Daha mən gedirəm, özün bil də... (Gedir).

Ş ö vq i. Yoldaş Gülsabah xanım, uşaqlar hazırdır. Ancaq Turac oturub ağlayırdı, getdim sakit elədim. Geyinib hazırdır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info