Qonaq Kitabı
DÖNÜŞ

Q ü d r ə t. Yaxşı orasını da düzəldərik.

G ü l s a b a h. Sonra...

Q ü d r ə t. Sonra...

Göydə uçan durnalara

Kağız yazıb verərəm,

Sevdiyimə yetirsin

Yazda bitən çiçəklərlə

Gözəl bir at bəzərəm,

Getsin gəlin gətirsin.

Hə... buna ki, sözün yoxdur?

G ü l s a b a h. Sən, Qüdrət, əsrin can damarını axtarırsan. O hər halda burada deyildir. Yeni insan sevdiyinə məktubu durnalarla, göyrəçinlərlə göndərməz... Və gəlinini at ilə gətirməz... Yeni insanların idealı bu deyildir. Temp, sürət, dəmir, polad, qüvvət, hərəkət...

Radio verən dalğalara

Sözlərimi deyərəm

Sevdiyimə yetirsin.

Göydə uçan aeroların

Qanadların bəzərəm,

Səni gəlin gətirsin.

Yeni insan belə düşünə bilər. Bu da hamısı və həmişəlik deyil. Həyat hərəkətdir, dialektika son bilmir.

Q ü d r ə t. Bilirsən, Gülsabah, mən bu şeri zavoda gedəndən qabaq yazmışdım. Zavoda getdim, baxdım, zavod mənə heç bir şey, heç bir fikir vermədi. Ancaq bayıra çıxandan sonra bu şeri oxudum, nədənsə bəyənmədim. Neçin? Özüm də bilmirəm. Ancaq Gülsabah, sən neçinsə çox yorğun görünürsən?

G ü l s a b a h. Məni incidirlər, Qüdrət, çox incidirlər. O kimdir? Turac olmasın.

Q ü d r ə t. Turac?

G ü l s a b a h. Ona oxşadı.

 

Qalxıb qapıya tərəf getmək istərkən, qapı döyülür. Qüdrət yerindən sıçrayaraq.

 

Q ü d r ə t. Dayan, Gülsabah, dayan... açma... mən onunla görüşmək istəmirəm.

 

O biri qapıdan çıxır. Gülsabah qapını açır. T u r a c ö z q ı z ı ilə solmuş bir halda içəri girir və sözsüz qapı ağzında durur.

 

G ü l s a b a h. İçəri gəl, Turac!

T u r a c. Məni bağışlayın, siz bizim evimizə çağırılmamış gəlmişdiniz, mən də sizin evinizə çağırılmamış gəlirəm.

G ü l s a b a h. Içəri gəl, Turac, gəl otur.

T u r a c. Mən oturmaq istəmirəm. Mən ancaq sizinlə danışmaq istəyirdim.

G ü l s a b a h. Otur, Turac, otur danışaq.

T u r a c. Mən ancaq səndən bir şey soruşmaq istəyirdim. Sən onu sevirsənmi?

G ü l s a b a h. Mən, Turac, azad bir qadınam. Mən sənə deyə bilərdim ki, o sənin borcun deyildir, qapını çırpardım və bir kəlmə də danışmazdım. Ancaq mən səninlə danışmaq, sənin dərdini bilmək və bölmək istəyirəm.

T u r a c. Mən soruşmaq istəyirəm ki, mən sənə nə yamanlıq etmişdim. Nə üçün sən mənim sakit həyatımı pozdun?

G ü l s a b a h. Sakit həyat ölümdür, Turac. O yazıçıdır, o həyəcansız, gurultusuz, mübarizəsiz yaşaya bilməz.

T u r a c. Mənim dünyada ondan başqa kimsəm yox idi. Mən onu sevirdim.

G ü l s a b a h. Qulaq as, Turac. Onu sənin kimi bir başqası da sevir. O adam onu ala bilərsə, neçin o öz səadətini öz əli ilə sənə verməlidir. Versə də, bu bir sədəqə olmazmı? Söylə, Turac, mən səninlə bir düşmən kimi danışmıram. Təsəvvür et ki, mən səndən güclüyəm, həyatı öz qüvvətli pəncələrimlə tutmuşam. Mən onu sənə neçin verməliyəm?.. Düşün, Turac, özün düşün və yaxşı düşün!

T u r a c. Bilmirəm. Mən sənə cavab verə bilmirəm.

G ü l s a b a h. Sən çox acizsən, Turac. Indi nə etmək? Sən özün de!

T u r a c. Bilmirəm. Mən dünyada onun rahatlığından başqa heç bir şey düşünməmişəm. O da məni sevirdi. Ancaq sən gəldin, o getdi... daha gəlmədi.

G ü l s a b a h. Qulaq as, Turac. İş mənim öz səadətimdə olsaydı, mən onu

məmnuniyyətlə sənə qaytarardım. Ancaq nə etmək, səhnəmiz yarış aparır. Sən onu bir ər kimi öz yanında, ya bir əsgər kimi əlində zəfər bayrağı yürüş aparan bir ordunun başında görmək istərdin?

T u r a c. Bir həftədir ki, uşağım qızdırma içində yanır. Gecələr göz yummur. Hər həftə atasını çağırırkən başıma od tökülür. O öz atasının qucağından düşməzdi, indi isə...

G ü l s a b a h. Mən hamısını anlayıram, Turac. Nə etmək, sən onu ancaq mübarizə ilə ala bilərsən. Onu almaq üçün yüksəlmək, çalışmaq, pəncələşmək lazımdır. Kimin pəncəsi daha güclü olarsa, qələbə onun olacaqdır.

T u r a c. Mən ata evindən məktəbə getmişəm, məktəbdən də ər evinə. Mən mübarizə görməmişəm.

G ü l s a b a h. Öyrəş! Hazırlaş! Mən sənə kömək edərəm, Turac! Gir işə, fabrikaya, konservatoriyaya.

T u r a c. Mən heç bir şey istəmirəm. Mənim uşağım öz atasını görməsə... Neçə gündür otaqları axtarır, axır dünən demişəm ki, səni atanın yanına aparacağam.

G ü l s a b a h. Nə etmək, Turac, indiki halda sənin səadətin kütlənin zərərinədir. Mən onu Qəmər xanımın cəmiyyətindən qoparmalı idim. Mən onda yeni bir od yandırmalı idim. Kim bilir, Bəlkə də mən səhv edirəm. Bəlkə də o heç bir şey yaza bilməyəcəkdir. Ancaq, səhvsiz, nöqsansız, qurbansız tərəqqi mümkün deyildir.

T u r a c. Bəs mənim uşağımın təqsiri nədir?

G ü l s a b a h. İnsanlığın yüksəliş yolu qurbanlarla doludur, Turac. Bir kütlənin səadəti üçün mən və mənim uşağım məhv olmalıdırsa, mən əsirgəmərəm.

T u r a c. Hər gün səhərdən qalxıb yol üstündə oturur, gözləyir ki, indicə atam işdən gələcək, mənim üçün qolbaq gətirəcək, çəkmə gətirəcək. Sən ana deyilsən, Gülsabah, sən heç bir şey anlamırsan. Günün son şəfəqləri saraldıqca onun üzü saralır və yenə də yoldan gözünü çəkmir... Qoyun evə gəlsin, işə getməsin. İstəmirəm, mən gedib dilənçilik edərəm və onun yaza bilməsi üçün hər nə lazımsa mən hamısını etməyə hazıram.

G ü l s a b a h. Yox, Turac, bu çox ağır işdir; Onun gözləri tutulmuşdur. O bu günkü həyatı görə bilmir. O, zavoda gedir, heç bir şey görə bilmir. O hiss etmir ki, görülməz bir sürətlə hərlənən o çarxların hər bir dönüşü vuruş aparan kütləmizin ürək döyüşü, can döyüşüdür. O, vuruşa uzaqdan baxır. Onun yaxasından tutmaq, onu ilk sıraya çəkmək lazımdır. O öz gözləri ilə görməlidir ki, onun qurşunu boşa çıxarsa, düşmən qurşunu onun alnını didəcəkdir. Yox, Turac, yox, bu çox çətin işdir. Bu vuruşdur, mübarizədir, burada mərhəmət yaramaz... Bacarırsan çalış, mənimlə vuruş, aslan kimi vuruş, görək tale kimi güldürəcəkdir.

T u r a c. Yaxşı, gedək, qızım! Tale səni güldürür. Gülsabah, sən gül, hər sabah gül, mən isə hər axşam ağlayacağam. Gedək, qızım, atan burada yoxdur, evimizə getmişdir.

 

Uşaq dinməz durur və anasının qabağına düşür.

 

G ü l s a b a h (yerindən sıçrayır, uşağı qucaqlayır). Sən mənim ürəyimi əzdin, Turac. Nə etmək, bunu mən istəmirəm, bunu səhnə istəyir, bunu həyat istəyir. Yaxşı, qoy siz deyən olsun (Uşağa). Get, gülüm, get. Mən sənə söz verirəm ki, atan hələ bu gün sənin yanına gələcəkdir. İnan, Turac, ərin sənin yanına qayıdar... Var qüvvəmlə çalışaram, mən söz verirəm.

T u r a c. Mənə sədəqə lazım deyil (Gülsabaha bağlı bir paket verir). Onu görsəniz, bu kağızı ona verərsiniz. Gedək, qızım!

 

Turac çıxır. Gülsabah olduğu yerdə hərəkətsiz qalır, uzaqdan kim isə həzin bir səslə oxuyur. Q ü d r ə t ağır və ölgün addımlarla içəri girir, dinməz və söyləməz olaraq, donmuş kimi yerində qalır.

 

O x u y a n

 

Bağlandı könül zülfi-pərişanına, ey gül,

Tapşırdı özün qul kimi fərmanına, ey gül,

Sən bağçada, sarmış bütün ətrafı tikanlar.

Mümkün deyil enmək bu gülüstanına, ey gül.

Sandım ki, səadət verəcəkdir mənə vəslin,

Öldüm, dəxi yox taqətim hicranına, ey gül.

 

Q ü d r ə t (inildəyərək) Getdi!

 

Gülsabah kağızı dinməz ona uzadır.

 

Q ü d r ə t (oxuyur). “Uşaq xəstə idi, pianinomuzu satmışam, bəlkə pulun yoxdur, deyə sənin üçün gətirdim...”.

G ü l s a b a h. Artıq sən et! Qüdrət, get, qayıt öz ailənə!

Q ü d r ə t. Getmək, qayıtmaq!.. Haraya qayıtmaq! Yox, Gulsabah, artıq yol kəsilmişdir. Qayıtmaq mümkün deyildir. Nə etmək... Kamandan çıxan ox geri qayıtmaz.

G ü l s a b a h. Get, Qüdrət, get, qayıt, bu yol çox qorxuludur. Sonu kim bilir nə ola bilər.

Q ü d r ə t. Sən məni bir ər, bir ata kimi öldürdün, Gülsabah. Bu iş bir dastan kimi dillərdə gəzir. İndi bir də qayıtmaq, əliboş, haraya? Yox, Gülsabah, mən qayıda bilmərəm, qoy əsərimi qurtarım.

G ü l s a b a h. Qayıt, Qüdrət, sənin uşağın xəstədir. Bu axın dönməzdir, sonradan qayıda bilməzsən, gec olar, vaxt var ikən, dön, qayıt!

Q ü d r ə t. Yaxşı, Gülsabah, mən gedərəm!

Z a m a n (şad bir gülüşlə çıxaraq).

 

Bölüyümüz komandanın ilk əmrini alınca,

qazmasından sıçradı.

Hədəf – qarşı təpəlikdə səngər tutan düşməndir!

Ya təpədə ordumun sancağı![xv]

Ya yurdumuz torpaqların qucağı!

Bölük coşqun bir sel kimi nişan aldı, yüyürdü,

Dörd tərəfdən od parladı, düzü duman bürüdü.

Top səsindən atlar hürkdü, kişnədi;

Təpəlikdən düşmən gördü, pulemyotlar işlədi.

Mən tüfəngi umuzuma sıxaraq, gedirdim.

Iki yandan od çarpaşır, düzən boyu axırdı.

Pulemyotlar şaqqıldayır, yanar qurşun yağış kimi yağırdı.

Hər addımda snaryadlar gurlayır,

Dörd yanıma dəyirdi...

Sanki ölüm cəhəngini açaraq,

Mənə: – Qayıt, qayıt, qayıt, qayıt! – deyirdi.

Sanki evim, ocağım,

Gözlərini yola dikən

Gənc gəlinim, uşağım,

Ölüm, qurşun, vızıldayan güllələr,

Ayaq altda yuvarlanan əllər, qollar, kəllələr

Bir-bir beynimə girirdi...

Hamı mənə bir ağızdan: Qayıt, qayıt! – deyirdi...

 

Yox, qayıtmam, ölmək vardır, dönmək yoxdur bir yana,

Hücum, hücum, hücum, hücum qarşıdakı düşmana!

Arxamızdan toplarımız yaylım odu açdılar,

Ilk sıralar ilk təpəni aşdılar.

Düşmən susdu, pulemyotlar kəsildi.

Qaçdılar, qaçdılar...

Yolu kəsən maneələr yandırıldı, yaxıldı.

Sancağımız qarşı dağda düşmənin səngərinə taxıldı.

Əldə tüfəng dağ başında dayandım.

Sanki düzlər gülümsəyib,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info