Qonaq Kitabı
DÖNÜŞ

 

Pyes 11 şəkildə

 

 

İ Ş T İ R A K  E D İ R L Ə R

 

 

G ü l s a b a h – Moskva teatr məktəbini bitirib Bakıya gələn gənc aktrisa

Z a m a n, S a p a n – Bakı teatr aktyorları.

Ə m r u l l a – teatrın müdiri, irəli çəkilən.

Ə l i m u r a d – aktyor və yerli komitə sədri.

İ l y a s – siyasi rəhbər.

X u r ş i d, A s y a – aktrisalar

Ə l i m u x t a r – özündən yetişmə rejissor.

B a y r a m – məktəb bitirmiş gənc rejissor.

Ş ö v q i – rejissor köməkçisi.

A r i f H i k m ə t – Moskvada oxumuş aktyor.

M i r z ə C a m a l, X o s m ə m m ə d – qoca aktyorlar.

Q ü d r ə t A r s l a n – məşhur dramaturq.

Ö t g ü n – gənc dramaturq, tələbə.

Q ə m ə r – qoca şəriət müəlliməsi, hərdən rus dilindən də dərs verirmiş.

G ü l ə r – onun gənc qızı, məktəbli.

T u r a c – Qüdrət Arslanın arvadı, savadlı gənc qadın.

M ü n ə v v ə r – gənc səhnə həvəskarı.

Ə l a b b a s – teatrın kuryeri.

D a ş d ə m i r – konkurs komissiyasının sədri.

T u t u – Qüdrət Arslanın qızı 4 yaşında.

S t a r o v e r o v – teatrın rəssamı.

E l d a r – fəhlə.

X u d a y a r, M o l l a R ə h m a n, Ə b d ü l – 11-ci şəkildəki səhnəcikdə iştirak edən kəndlilər.

5-ci şəkildə iştirak edən Hikmət Kamal və Fikrət Kamal yazıçıdırlar. Kamal Fikri isə “münəqqiddir”.

Kütləvi səhnədə iştirak edənlər: yazıçılar, münəqqidlər, aktyorlar və tamaşaçılar.

Kütlədən başqa 25 nəfər aktyor da iştirak edir.

 

 

BİRİNCİ ŞƏKİL

 

Teatrda bir otaq. Z a m a n Güzgünün qabağında durub əlindəki kağızdan deklomasiya əzbərləyirmiş kimi, müxtəlif hərəkətlər göstərərək oxuyur.

 

Z a m a n.

 

Sən ey meymun sürüsündən insanlığa yüksələn!

Sən ey kühüllərdən çıxıb tunel üçün dağ dələn!

Sən ey coşqun dalğaları beton töküb saxladan!

Sən ey sudan od çıxaran, Arazları toxtadan!

 

Siz ey paslı dəmirlərdən canlı motor yapanlar!

Siz ey məftil və heçlikdən elektrik tapanlar!

Siz ey yerin mərkəzinə uzun yollar salanlar!

Siz ey sonsuz fəzalarda dəmir qanad çalanlar!

Siz ey keçmiş yaşayışa ağır balta vuranlar!

Siz ey dəmir qollar ilə yeni həyat quranlar!

 

Hücum yerin mərkəzində misə, neftə, daş duza!

Hücum göyün ortasında işıq saçan ulduza!

Hücum bütün təbiətə, yerə, suya, irmağa!

Hücum birgə vurğumuzla məğlub olan torpağa!

 

X o s m ə m m ə d (səhnəyə çıxır). Adə, güzgü Zaman, yenə nə meymun kimi atdanıb-düşürsən? Uşaqlar haradadır?

Z a m a n. Getdilər təzə rejissorun əlindən Həzrətabbasa ərizə verməyə.

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, həmişə bir söz soruşanda gərək əclaflığını göstərəsən (Getmək istəyir). Adə, güzgü Zaman! Biri də gəlib ey... mən heç görməmişdim, hələ indicə gördüm, bayırdadır...

Z a m a n. Kim?

X o s m ə m m ə d. O təzə aktrisa da. Amma sən öləsən, zalımın qızı elə gözəldir ki, bir qələm üzünə baxmaq olmur. Elə bil üz-gözündən nur yağır.

Z a m a n. Gözlə birdən imamdan-zaddan olmasın ha!

X o s m ə m m ə d. Eh, əclaf oğlu əclaf, yenə də başladı.

Z a m a n. Adə, Xosməmməd... səhərdən Təzəpirin azançısı səni axtarırdı.

X o s t ə m m ə d. Neyləyirdi məni?

Z a m a n. Mən nə bilim? Deyir: Xosməmməd təzə rejissorun əlindən zəncir tərpədəndə, vurub mənbərin qıçın da çıxardıb.

X o s m ə m m ə d. Yalançının hələ o mənbər sahibi belindən vursun. Heç Təzəpirin mənbərində zəncir var?! Həzrətabbas haqqı, o qədər deyəcəksiniz ki, axırda meymun kimi ağız-burnunuz əyiləcəkdir. Nə olsun, balam? Təzə rejissor sizin dostunuzdur da. Bizi ki pəsənd eləmir. İyirmi ildir səhnədə ya haqq vururam, indi bir qarış boyuynan gəlib ki, gərək sənə yerimək öyrədəm.

Z a m a n. Öyrən də, nə olar?.. Belinə balta düşməyib ki...

X o s m ə m m ə d. Get, adə... mən sizin hamınıza ac qarına iyirmi il dərs verərəm. Artistliyim artistlik, şairliyim də üstəlik...

Z a m a n. Adə, Xosməmməd, şalvar satıram.

X o s m ə m m ə d. Get adə, əclaf oğlu əclaf, mən bəyəm dəllalzadam? Neçə dənə?

Z a m a n. Neçə dənə?.. Yüz dənə. Zalım oğlu, Baksayuz-zad deyiləm ki... məvacib almamışıq, pulum yoxdur, bir şalvarım var, satıram da...

X o s m ə m m ə d. Canın çıxsın, pulun yoxdur, get sən də xalturaya, yüz dənə klub var, bu məxluq getmir... sən hələ yapışmışsan bir sınıq güzgünün qulağından, çəyirtkə kimi səhərdən axşama kimi atdanıb-düşürsən.

Z a m a n. Adə, ay Xosməmməd... çıxış üçün material lazımdır. Belə material yoxdur ey...

X o s m ə m m ə d. Bəs bu məxluq haradan tapır? Budur ey, mənim şerim var da, satıram. Sən öləsən, Həzrətabbas haqqı, hələ dünən gecə demişəm, özü də modnı məsələ, qızların pudralanması haqqında. Srağagün Sapan on iki manta verdi, vermədim; sənə səkkiz manata verərəm.

S a p a n (yandan çıxaraq). Yalan deyir, adə... Öləsən də üç manatdan artıq verməyəcəyəm.

X o s m ə m m ə d. Get, adə... əclaf oğlu əclaf. Üç manata bir girvənkə kartof vermirlər. Bu gün-sabah bağdan qayıdandır, hər kimə versəm, on beş manat göydə götürər.

S a p a n. Səni Allah döymüşdü. Ağzına gələni yığıb doldurmuşsan oraya, nə duzu var, nə mənası, nə vəzni var, nə qafiyəsi. Verirsən xalqın xurduna, baxan kimdir.

X o s m ə m m ə d. Sənin öz başınçın, elə şairlər bəyənib ki...

S a p a n. Əgər o şerin qafiyəsi bir-birinə düz gəlsə, tüpür mənim üzümə. Eşşək buynuzu kimi heç kökündən qafiyəsi yoxdur.

X o s m ə m m ə d. Yalançının atasına lənət! Bu şerin qafiyəsi düz deyil! Mən ölüm, güzgü Zaman, sən də qulaq as, bunu başa sal (Ciblərini axtarır). Sənin heç ədəbiyyatdan xəbərin yoxdur ki. İndiki şeirlərdə heç kökündən qafiyə yazmırlar.

S a p a n. Heç olmasa, bir mənası olur ki.

 

A r i f H i k m ə t, X u r ş i d və M i r z ə C a m a l hərəsi bir yandan gəlirlər.

 

A r i f H i k m ə t (gəlir). Yoldaşlar, Moskvadan gələn o qız, Gülsabah xanım bu gündən işə başlayır. İndicə müdir onu bizə predstavit eləyəcək.

X o s m ə m m ə d. Mən ölüm, Arif Hikmət, sən də qulaq as!

X u r ş i d. O da yəqin gələcək, beş-altı gün işləyəcək, sonra da gedəcək özü üçün ərə, səhnəni də atacaq bir yana. Dahı bizim kimi olmayacaq ki, qoca rolu verdilər oynasın, kolxoza göndərdilər getsin.

Z a m a n. Acığın nə üçün gəlir, Xurşid xanım? Neçə ildir mən səni səhnədə danışan görmüşəm, amma rolunu bilən görməmişəm, bilməyənə öyrədərlər də.

X o s m ə m m ə d. Sən allah, Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as!

S a p a n. A balam, bir qoyun, bu Allahın öküzü öz zəhrimar şerini oxusun da...

M i r z ə C a m a l. O özü nədir ki, öyrətdiyi nə olsun. Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir!

X u r ş i d. O yaxşı öyrədəndir, getsin hələ öz bacısını öyrətsin. Gecədə dodaqlarını boyayır, üz-gözünü şirələyir, çıxır bulvara...

X o s m ə m m ə d. Mən də hələ o barədə yazmışam da, bir zəhmət çək qulaq as (Oxuyur).

Gündə vurur qızlarımız pudrasın, gedir çıxır bulvara,

Gah görürsən yubka geyir, gah da girir şalvara.

 

S a p a n. Havasıynan oxu, havasıynan.

X o s m ə m m ə d. Sən öləsən, pulun verməsən, havasıynan oxuyan deyiləm.

S a p a n. Eh, nə olsun ey! Bu şeir deyil ki: nə vəzni var, nə qafiyəsi.

X o s m ə m m ə d. Sən heç anlamırsan qafiyə nədir. “Bulvar, şalvar” bəs bu qafiyə deyil?

Z a m a n. Adə, Xosməmməd, o hansı qızdır ki, şalvar geyir?

X o s m ə m m ə d. Belə burda məsələ şalvarda deyil ey, məsələ qızlarımızın pudra vurması haqqındadır.

S a p a n. Nə olsun ey... qızlar pudra vurmasın, bəs kişilər vursun? Gördün ki, mənası yoxdur?

Ş ö v q i (qaçaraq səhnəyə çıxıb şeri dinlədikdən sonra). Görəsən bulvarla şalvar mərsiyədir, ya payi-mənbər?

S a p a n. Yox, bu qəsidədir, şalvar da onun vagirliyi.

X o s m ə m m ə d. Eh, əclaf uşağı əclaf (Şövqiyə). Buna bax, buna, siçan-pişik padşahına oxşayır, bu da bizim pomoşnikimiz!

Z a m a n. Odur, gəlirlər...

S a p a n. Mən ölüm, Xosməmməd, o qəsidəni hələ burada saxla! Gerisini sonar oxuyarsan.

X o s m ə m m ə d. Mərsiyəxan sənin atandır, əclaf!

 

Ə m r u l l a G ü l s a b a h ı gətirir, bütün a k t y o r l a r, a k t r i s a l a r toplaşır, aktyorlar, xüsusilə g ə n c l ə r Gülsabahı alqışlayırlar.

 

Z a m a n. Yaşasın oxumuş və bilikli gənc Azərbaycan qızı!

M i r z ə C a m a l. Yaşasın bizim yeniyetmə balalarımız, urra...

Ə m r u l l a. Yoldaşlar, sizin hamınıza məlumdur ki, biz öz teatrımızda istəyirik böyük-böyük dəyişiklik düzəldək. Sonra, yoldaşlar, gənc bir aktrisa, hansı ki, Gülsabah xanımdır, özü də buradan göndərilmişdi oxumağa, oxuyub Moskvada teatralni texnikumda və Moskva teatrlarında işləyib, hansı ki, əlində yaxşı otzıvları vardır. O da indi bu gündən işə başlayacaqdır. Özü də həmi artistkalıqda... həm də rejissorluqda... Beləliklə, yoldaşlar, biz partiyanın kadr haqqındakı tapşırıqlarına əməl etmiş oluruq. Özü də yoldaşın bəzi gözəl planları da var, hansı ki, sizin üçün danışar.

M i r z ə C a m a l. Gəlib, xoş gəlib, səfa gətirib. Biz hamımız səhnədə işləyən artistlər, o artistlər ki, bu səhnənin yolunda can qoyublar, hamımız ona kömək etməyə hazırıq... O, hələ bizim qızımızdır. Bizim fəxrimizdir. Biz də onu alqışlayırıq...

 

Hamı əl çalır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info