Qonaq Kitabı
ALMAZ

 

T e m u r t a ş. Deməli, siz sakit oturmaq fikrində deyilsiniz?

A l m a z. İndi mən burada bir dustaq kimiyəm. Dünən mənə bildirmişlər ki, şura sədrindən icazə almamış kənddən çıxa bilmərəm. Fuada da adsız bir kağız yazmışdılar ki, mənim otağımda bir kişi yaşayırmış. Onlar, yəqin, sizi görmüşlər. Fuad da mənə yazmış...

T e m u r t a ş. Necə, mən? Bəs o nə deyir, acıqlanmır ki?

A l m a z. O, belə xırda şeylərə inanan və əhəmiyyət verən adam deyil. O da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. Ən ağır dəqiqələrimdə o gəlir gözümün qabağında durur. Onda ruhum yüksəlir. Qollarım yenidən qüvvət alır.

T e m u r t a ş. Yaxşı, sən bu uşaqları küçələrdə nə üçün gəzdirirsən?

A l m a z. Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir hərəkətə gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan mahnı bir vuruş çağırışıdır. O, hər gün bir səhər verilir, bir axşam.

T e m u r t a ş. Yaxşı, uşaqlar gələnədək mən də uşağa dəyib qayıdaram. Axşam yola düşəcəyəm.

A l m a z. Çox gözəl! Uşaqlar da indicə qayıdarlar. Odur, səsləri gəlir.

 

Doktor gedir. Almaz uşaqların səsini dinləyir. M i r z ə S ə m ə n d ə r i n səsi gəlir.

 

M i r z ə S ə m ə n d ə r. Bağırmayın, dağılışın, köpək uşağı...

 

Almaz diksinir, uşaqların səsi kəsilir. Mirzə Səməndər gurultu ilə səhnəyə çıxır.

 

M i r z ə S ə m ə n d ə r. Ax, qurban olum Məhəmmədin şəriətinə! Qurban olum Məhəmmədin şəriətinə! Dəvənin qanadı olsaydı, uçulmamış dam qalmazdı (Almaza) Mən bir bilmək istəyirəm ki, bu xarabada müdir kimdir? Sənsən, ya mən? (Almaz susur). Qəzet yazır məni, yazır ki, yaxşıdır, kənd əhli hamı görür ki, mən necə səy edirəm. Amma bu gəlib məktəbi döndərib vayenni ştaba. Zənənə hamam kimi biri girir, biri çıxır. Ax, qurban olum Məhəmmədin şəriətinə! Canım, o kişi arvaddakını bilirmiş də. Güc deyil ki, məxluq yasavul Ağabba kimi qulluq göstərir də.

A l m a z. Nə olmuşdur, Mirzə Səməndər?

M i r z ə S ə m ə n d ə r. Bircə sənin əlindən qurtarsaydım, bir yeyib, bir Allah yoluna verərdim. Daha bəsdir mən dözdüm. Bu saat gedib Maarif Komissarlığına yazacağam. Əgər müdir sənsən, mən burada nə qələt eləyirəm, əgər müdir mənəm, bu nə hoqqadır bəzəyirsən? Gündə uşaqları yığıb göndərirsən o küçə sənin, bu küçə mənim. Kəndi ayaqdan salırlar. Mən bu saat gedib Maarif Komissarlığına ərzhal yazacağam. Bu məktəbdə ya mən müdir olum, ya sən. Ya mən qalım, ya sən.

A l m a z. Mirzə Səməndər, mənə müdirlik lazım deyil, əmin ola bilərsiniz.

M i r z ə S ə m ə n d ə r. Hələ müdir deyilsən, kəndi vurmuşsan bir-birinə, müdir olsaydın, neylərdin? Ax, qurban olum Məhəmmədin şəriətinə! Yaxşı, nə üçün yığmışsan yenə də bu uşaqları?

A l m a z. Gəlin görün nə üçün yığmışam. Doktora göstərəcəyəm.

M i r z ə S ə m ə n d ə r. Yaxşı, müdir sənsən, mən?

A l m a z. Siz.

M i r z ə S ə m ə n d ə r. Mən qoymuram doktor mənim uşaqlarıma baxsın. Sənin nə haqqın var, mənsiz iş görəsən?

A l m a z. Vətəndaş müdir, siz ova getmişdiniz, doktor birdən gəldi. Daha sizdən icazə ala bilmədim. O ki qaldı sizin haqqınız, sizing razı olmağa ixtiyarınız yoxdur.

M i r z ə S ə m ə n d ə r. Adə, ixtiyarım yoxdur? İxtiyarım yoxdur? Mən müdirəm, yox? Müdirəm, yox? Mən köpək oğlu müdirəm, yox?

A l m a z. Müdirsiniz.

M i r z ə S ə m ə n d ə r. Mən sənə əmr edirəm!

A l m a z. Bu işdə mən sizin əmrinizə qulaq asmıram. Gedin, kimə istəyirsiniz yazın.

M i r z ə S ə m ə n d ə r. Sonra da deyirlər belə. Qurban olum Məhəmmədin şəriətinə! Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. A kişilər, vallah, billah, tumunuzdan bir gilə dənizə düşsə bütün balıqlar diplomat olar, bayraq götürüb ingilisə ultimatum verərlər. Hələ utanmaz-utanmaz deyir ki, şura sədri də arvad olsun. Sonra da gəl belə bir kənddə yaşa. Mənim ixtiyarım yoxdur? Bu saat gedib yazıram. Məktəbi döndərmişsən veçərnəbazara. Səhər arvad yığıncağı, günorta kişi yığıncağı, axşam tarxana, obaşdan qarmonxana. Daha bilmirəm nə xana, nə xana... Dərs qalıbdır bir yana, məktəb olub dava meydanı. Ləşkər ləşkərə söykənib. Bu saat gedib hamısını yazıram.

A l m a z. Elə də lazımdır, vətəndaş müdir. Mən bütün işlərim üçün məsulam.

M i r z ə S ə m ə n d ə r. Elədir ki!.. Elədir ki! Çox gözəl, tamaşa elərsən! Ya gərək burada sən qalasan, ya mən... Vəssalam!

A l m a z. Vətəndaş müdir, mən burada qalacağam. Siz istəməzsiniz, gedə bilərsiniz, yol açıqdır.

M i r z ə S ə m ə n d ə r. Hələ onu görə bilməzsən. Mən neçə ildir can çürüdürəm, sən yumurtadan dünən çıxmışsan. Kəndlilər kimi istər, o qalar, kimi istəməz, gedər. Bu aydan mən səninçin məvacib də yazmayacağam, vəssəlam, şüdtamam! Indi özün bil. Ax... qurban olun Məhəmmədin şəriətinə!

 

Acıqlı gedir. Almaz düşünür. U ş a q l a r gəlir.

 

A l m a z. Uşaqlar, siz hara qaçmışdınız?

S ü r m ə. Müəllimə, hələ biz gəlirdik, hələ Gülverdi oxuyurdu, birdən müdir çıxdı, acıqlandı, bizi qovdu. Dedi ki: dağılışın, köpək uşağı!

A l m a z. Yaxşı, uşaqlar, girin içəri, soyunun tez (Özü də getmək istəyir. Bu aralıq üzü çadra ilə örtülü bir qadın onu tutub saxlayır). Kimsiniz?

Y a x ş ı. Almaz xanım, sizə iki kəlmə sözüm var.

A l m a z. Yaxşı, sənsən? Qorxmursan ki, bura gəlmişsən?

Y a x ş ı. İbad şəhərdədir, iki gündən sonra gələcəkdir. Daha səndən başqa bir adam tapmadım. Yenə də sənin yanına gəldim.

A l m a z. De görüm, nə olmuşdur?

Y a x ş ı. Yox, mən təklikdə demək istəyirəm.

A l m a z. Uşaqlar, qızlar, hamınız girin içəri! (Uşaqlar girirlər). Yaxşı, indi de görək.

Y a x ş ı. Almaz xanım, mən sənin yanında üzüqarayam.

A l m a z. Necə, Yaxşı?

Y a x ş ı. Mən sənin göndərdiyin qabı boş qaytardım.

A l m a z. Onları yadından çıxart, Yaxşı.

Y a x ş ı. Mən Allahdan qorxuram, neyləyim? Mənim anlağım orayacandır.

A l m a z. Eybi yoxdur, Yaxşı. Kaş ki, bütün dərd sənin bilməməzliyin olaydı.

Y a x ş ı. Almaz xanım, mənim bir dərdim var. Sən məscidə at bağlamaq istəyirsən, uçqulla eləmək istəyirsən, ancaq deyirlər sən yaxşı adamsan, bütün arvadlara kömək edirsən, mən də bircə sənə güman gətirirəm. Heç kəsim yoxdur. Dar gündəyəm. Mənə kömək elə.

A l m a z. Sənə nə kömək lazımdır, Yaxşı? Sən de, mən əlimdən gələn köməyi əsirgəmərəm.

Y a x ş ı. Yox, and iç, hər nəyə ki inamın var, ona.

A l m a z. Yaxşı, sən dəli deyilsən ki. Mənim sözüm anddır. Əlimdən gələn iş olsa, kömək edərəm.

Y a x ş ı. Almaz xanım, səni deyib gəlmişəm – yuxarıda Allah, aşağıda sən. Sən mənim bu balama kömək elə.

 

 

Əlindəki uşağı çadrasının altından çıxarıb Almaza göstərir. Almaz uşağı görüncə, birdən diksinib geri sıçrayaraq.

 

A l m a z. Yaxşı... bu uşaq kimindir?

Y a x ş ı. Mənimdir. Sabah, ya o biri gün ərim də gələcək, qaynım da. Hər ikimiz ölməliyik. Bir Allah şahiddir ki, mən neçə gündür çalışıram, onu tələf etmək istəyirəm. Ürəyimdən gəlmir. İndi də quyuya atmaq istəyirdim. Əlim varmadı. Almaz xanım, səni and verirəm bu vaxtın sahibinə, məni naümid qaytarma.

A l m a z. Mən sənə nə kömək edə bilərəm, Yaxşı?

Y a x ş ı. Bilmirəm. Mən öz balamı öz əlimlə öldürə bilmirəm. Üzünə baxıram, kiçik dodaqlarını əmir, süd istəyir. Əlim sustalır. Deyirəm, qoy ikimizi də öldürsünlər.

A l m a z. Yaxşı, axı mən bilmirəm ki, sənə nə kömək edə bilərəm. Bu saat mənim özümün də vəziyyətim çox ağırdır. Mənim də varlığım burada bir tükdən asılıdır. Mən sənə nə kömək edə bilərəm?

Y a x ş ı. Mənə bir məsləhət ver. Bir yol göstər. Mən bütün dünyada rüsvay olaram. Doqquz aydır günüm gün deyil. Gözə görünmürdüm, özümü gizlədirdim. Neçə il Allaha yalvardım, övlad istədim ki, bəlkə qara günümü işıqlandırsın. Axırda da öz əlimlə öldürməliyəm.

A l m a z. Yaxşı...

Y a x ş ı. Almaz xanım, dar gündəyəm. Ölüm qabağındayam. Bu südəmər uşağımı sənin ayaqlarına qoyub səndən kömək istəyirəm, bizə kömək elə!

 

Bu vaxt İ b a d cəld səhnəyə çıxır. Iti baxışını Almaz ilə Yaxşıya dikərək, qara bir fəlakət kimi addım-addım onlara yaxınlaşır... Hər iki qadın bir səslə “Ah” – deyə saralır və ölü kimi olduğu yerdə donub qalır. Ibad ağır addımlarla onlara yanaşır, dayanır, diqqətlə gah birinə, gah da o birinə baxır.

 

İ b a d (sakit və soyuq bir səslə). Sən burada neyləyirsən, hə? (Hər iki qadın susur). Eşitmirsən? Sən burada neyləyirsən? (Sükut) Bu uşaq kimindir?

Y a x ş ı (inləyərək). Uşaq... uşaq... (Hər iki qadın bir-birinin üzünə baxır).

İ b a d. Hə-ə-ə? Mən sizə demirəm, bəs bu uşaq kimindir? (Hiddətindən titrəyir).

A l m a z (Nəhayət, başını qaldırıb, sakit bir tərzdə). Uşaq mənimdir.

İ b a d. Sənin uşağın onda nə gəzir?

A l m a z. Mən... mən soruşmaq istəyirəm... Bəlkə uşağı saxlamağa razı oldu.

İ b a d. Soruşmaq ayıb olmasın, bu uşağın atası kimdir?

A l m a z. Atası... o sizin borcunuz deyildir.

İ b a d (uşağı Yaxşının əlindən dartaraq, bütün qüvvəsilə Almazın üstünə atır). Al, özün saxla, o səninçin dayə deyil. Dur ayağa, köpək oğlunun qızı! (Təpiklə Yaxşını vurur. Yaxşı üzüqoylu yıxılır). Gör nə sərələnibdir yerə. Ərin qapıda gözləsin, sən gəl burada xalqın atasız bicini oynat. Evə yeri, sənin divanını evdə elərəm.

A l m a z. Onda bir təqsir yoxdur, onu mən çağırtdırmışam.

İ b a d. Heç eybi yoxdur, sənin də qulluğuna yetişərik. Bizim aramızda çox qalmayıbdır. Ay köpək oğlunun zəmanəsi! Dünyada kişizad qalmayıb. Zəmanə arvad zəmanəsidir, arvad zəmanəsi!

 

Gedirlər. Səhnə qaranlıqlaşır.

 

İKİNCİ ŞƏKİL

 

Səhnə işıqlanınca məktəb qabağında meydançada bir yığın q o c a, q a r ı, k ü ç ə u ş a q l a r ı, O c a q q u l u, B a l a r z a və b a ş q a l a r ı toplaşıb qapının, hasarın dəliklərindən içəri boylanır. Tez-tez bir-birinə baxıb qaş-gözlərini oynadır və gülüşürlər.

 

K ə r b ə l a y ı F a t m a n s a (çubuğunu ağzından çıxardaraq). Sındır-a, sındır!.. Atamoğlanın qızına bax, ay başıva dönüm, sındır-a, sındır... Zalımın qızı gör bir nə sındırır!

O c a q q u l u. Camaat, Molla Sübhanın yuxusunu eşidən var?

F a t m a n s a. Yuxu nədir?

O c a q q u l u. Möcüzə zahir olmuşdur. Şeyx Molla Sübhan yatıb, əsnayiyuxuda görmüşdür ki, bir pirani kişi əynində ağ geyim, altında ağ at, zahirnümayan oldu, dedi: nə yatmışsan, ay Molla Sübhan! Xudavəndi-aləm bu kəndə bəlayi-taun göndərəcək. Kəndi zir-zəbər eləyəcəkdir. Ərz eləyib: atam-anam sənə fəda olsun, səbəb nədir ki, bizim kəndimizi dağıdırsan? Deyəndə, həzrət buyurur: səbəb odur ki, siz Allahın evini istəyirsiniz döndərəsiniz fəsad ocağına. Deyir: atamanam sənə qurban olsun, bəs biz istəmirik, onu bir zənən xaylağı istəyir. Deyəndə, deyir: bəs siz necə camaatsınız, necə kişisiniz ki, indiyəcən elə asi bir qız sizin kəndinizdə gəzir...

F a t m a n s a. Elədir, qardaş, heç kəs gözünü də piləmir. Özü də odur ey, içəridə sındırhasındırdır. Uy, zalımın qızı gör nə sındırır! Sındır-a!..

O c a q q u l u. Kərbəlayı Fatmansa, mənim gözlərim yaxşı seçmir, kim sındırır, nə sındırır.

F a t m a n s a. Aləm-aşkardır ki, korsan! Nə sındırır? Nə sındırır? Sənin qotur qatırıvun axsaq ayağını.

O c a q q u l u. Əh, bu da dedi qatır. Belə, qatırı axsaq olanın atası itə dönsün! Sonra da yalan deyənin! Qatırımın axsaq ayağı girsin sənin... kor gözünə. Tünbətün qızı, ovçu kimi heyvanciyəzi elə atdın ki... Bu da mənimçin tuladan, qardaş tünbətün oğlundan, Baratdan, ondanbundan söz öyrənib.

F a t m a n s a. Qatırıvun dırnağı itidir, belə batsın əzizlərüvün gözünə. Hələ o tay gözünü də çıxartsın töksün ovcuva.

A d a m l a r. Canım, bir durun görək, Molla Sübhanın yuxusu nə yerdə qaldı.

F a t m a n s a. Axmaq, ağılsız! Bu da o deyil ki, bildirdən dörd abbasımı salmışsan içəri. İstəyəndə də arvaduvun sımsığına dəyir. Arvaduvu uşağa qoydum, doğanda uşağı da tutdum, sonra da pul əvəzinə on altı dənə məscid şamı verdiniz, onun da altısı yanıq...

O c a q q u l u. Arvadımı sən neyçin uşağa qoyursan. Görüm sən, nəüzibillah, Allahsan, imamsan, nəsən?

F a t m a n s a. Kim ona məsləhət gördü ki, məscidə getsin, özünü minbərə bağlasın?

O c a q q u l u. Arvadıma uşağı o minbər sahibi veribdir. O şamları da sən nahaq yerə almışsan.

F a t m a n s a. Atovun şamı vardı? Məscid malı sənə çatdı, mənə çatmadı?

A d a m l a r. Ay balam, qoyun bir o möcüzədən xəbər bilək də.

O c a q q u l u. Əl çəksənə bizdən, hayasızın qızı, hayasız! Sən hələ çoxdanın tuman çıxardanısan.

F a t m a n s a. Tuman çıxardan olub, arvaduvun tumanını çıxartmamışam ki.

O c a q q u l u. Qələt eləmə ölü-dirinlə, arvadımın adını çəkmə. Bir budağa minib, min birini gəzmə. Elə eləmə ki, mən də ağzımdan çıxanı deyim...

F a t m a n s a. Deyirsən, mən də deyirəm. Bir deyərsən, beş deyərəm. Məni çox cin atına mindirmə. Allaha and olsun, bu saat bir-bir açaram sandığı, tökərəm pambığı.

A d a m l a r. Ay balam, bir dayanın görək bu yuxu məsələsi nə oldu?

O c a q q u l u. Tfu! Sonra həzrət buyurur ki, sizin bircə nicat yolunuz var...

 

Bu aralıq içəridə uşaqlar oxumağa başlayırlar.

 

F a t m a n s a. Uy zalım, başladılar yenə kos-nağaranı. Bircə dayanın görək nə deyirlər. Ay uşaq, siz də burda əl çalın. Gör bir Atamoğlanın qızı nə sındırır! Ay gözünə dönüm, sındır! Özü də lüt-ətcəbala.

O c a q q u l u. Yəni lap lüt, paltarsız?

F a t m a n s a. Lap lüt, anadangəlmə. Bir cunayı darbalağda. Lüt, madərzad.

O c a q q u l u. Çəkilsənən bir mən də baxım.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info