Qonaq Kitabı
ALMAZ

A l m a z. Nə istəyirsiniz?

H a c ı Ə h m ə d. Heç, elə belə, gəldik, baş çəkək. Oturmaq olar?

A l m a z. Olar.

H a c ı Ə h m ə d. Biz eşitdik azuqə sarıdan korluq çəkirsiniz. İşləriniz necə gedir?

A l m a z. Hər iş öz qaydası ilə gedir.

H a c ı Ə h m ə d. Şükür Allaha, şükür Allaha!

B a l o ğ l a n. Əlbəttə, yaxşı getsə yaxşıdır. Prizidumun qərarını, yəqin ki, eşitmişsiniz.

A l m a z. Eşitmişəm.

B a l o ğ l a n. Qərar belədir ki, Almaz, hansı ki, məğlətə salır kəndə və camaat arasına, hansı ki, bir neçə bidət işlərdə olub və kəndə dava salır, hökumət onu müəllimlikdən çıxartsın və bir də, Mirzə Səməndərdən razılıq kağızı yazsın və onu həmişəlik müdir eləsin. Nə üçün ki, o can yandırır. Nə edəsən, camaatdır da, başa düşmür ki...

A l m a z. Yaxşı qərardır.

H a c ı Ə h m ə d. Yaxşı deyəndə ki, daha bunun yaxşı harası oldu?

A l m a z. Hər halda sizinçin ki, yaxşıdır.

H a c ı Ə h m ə d. Bilirsən, bacıqızı, sən oxumuşsan. Allah başacan eləsin. Biz avamıq. Olmuyub da bizim vaxtımızda, olmuyub, oxumamışıq. Ancaq mən bu boş başımnan başa düşürəm ki, indiki zəmanədə hər kəs oxumadı, nəüzənbillah, heyvan kimi bir şeydir.

B a l o ğ l a n. Bəli, bəli ya.

H a c ı Ə h m ə d. Odur ki, sənin ayağın biləni bizim başımız da bilə bilməz.

Belədir, Baloğlan, ya qeyri-belədir?

B a l o ğ l a n. Elə böyüklər də deyiblər: yüz dənə qanmaz dostun olunca, bir dənə qanacaqlı düşmənin olsun.

H a c ı Ə h m ə d. Belədir, bacıqızı, ya qeyri-belədir?

A l m a z. Bilmirəm.

H a c ı Ə h m ə d. Yox, bacıqızı, məsələdən boyun qaçırtma. Doğrudur, biz avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik. Ancaq, bacıqızı, uzun sözün qısası: biz səndən incimişik. Çox bərk rəncidə olmuşuq. Dostluqdan ha! Elə mən də, Baloğlan da. Mən ölüm, Baloğlan, belədir, ya qeyri-belədir?

B a l o ğ l a n. Bəli, bəli ya, dostluqda, yoxsa başqa niyyətlə yox.

H a c ı Ə h m ə d. Biz dedik sən gələrsən, türk demişkən, bizim dalımıza dirək olarsan, amma sən gəldin, başladın bizimçin öküzü öləndən. Mənə, bacıqızı, Hacı Əhməd deyərlər. Mən bir adamam ki, iş düşmənçilik məqamına gələndə, yamanlığa gələndə, gözümə patron sıxsalar, ayaq geri basmaram. Bir iynəmə kimi sataram, işi yeridərəm. Aşağı oynamaq üçün yığarlar. Amma indi baxıb görürəm, yamanlığı kimə eləyim. Elə sən də mənimkisən də. O bir balamın ölmüşünə ki, dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. Canunçun, Baloğlan, yenə qoymazdım, amma baxırsan görürsən ki, iş bir növ yöndəmsiz düşübdür. Danışasan, nə danışasan? Yamanlıq eləyəsən, kimə eləyəsən. Yaramaz axı. Hər adamın öz yeri var. Mirzə Səməndər nədir ki, onun dərsi nə olsun? Amma di gəl ki, bu yandan da belin bağlı deyil. Qoy Almaz xanım bir kəlmə hə desin, elə vurum şillaxtanı o Mirzə Səməndərə ki, elə vurum ona lingi ki, min il də özünə gəlməsin. Canunçun, Baloğlan, eləmək olar, olmaz?

B a l o ğ l a n. Bəli, bəli ya, göydə.

H a c ı Ə h m ə d. Ancaq iş gərək yoluynan getsin, yoxsa Şərif haranın adamıdır ki, mən dura-dura, mənim adamıma əlaltı ling vursun. Özünü də ona tərəfdar göstərsin, o yandan da Mirzə Səməndəri irəli çəksin. Belədir, bacıqızı, ya qeyribelədir? Vallahi, o Şərifə elə bir ling gəlləm ki, lap əlləzinəni əzbər oxuyar. O nə adamdır ki, mənim adamıma dolaşsın?

B a l o ğ l a n. Belə, bilirsən, Hacı, mən onun əsl ölümünü bilirəm.

H a c ı Ə h m ə d. Onun öldüyü odur ki, birdən Hacı Əhməd, ya Baloğlan dil elərlər, Almaz xanımı onun yerinə şuraya katib keçirərlər. Onun ölümü budur.

B a l o ğ l a n. Elə budur ki, var, vəssalam, şüdtamam.

H a c ı Ə h m ə d. Amma, Baloğlan, canunçun ki, eləyəcəyəm. Bu gündən sənə deyirəm: eləməsəm, atam Hacı Mürsəlqulu uşaqlarını görüm...

B a l o ğ l a n. O nəyə lazımdır? Şura sədri mən deyiləm? Mən elə sabah düzəldim, qurtarsın getsin də. Ancaq özü söz versin ki, razıyam.

A l m a z. Yaxşı, bunların hamısının əvəzində mən nə etməliyəm?

H a c ı Ə h m ə d. Necə ki, yəni nə etməliyəm! Hi-hi... O elə bilir ki, guya bizim ondan bu barədə bir təmənnamız var.

B a l o ğ l a n. Yox, canım, yox, yox, yox, yox.

H a c ı Ə h m ə d. Nə var, Allaha şükür. İntihası bir sözdür. Ya səhv olub, ya elə-belə demişsən, keçib gedib, canın sağ olsun. Heç dibindən o bağ olmasa, nə olar? Ya elə dedin, bəyəm nə oldu, ancaq biz deyirik ki, oğrunun yadına daş salmayasan. Eh, belə... Yoxsa canunçun, Baloğlan, yüz elə bağ ola, mülk ola, qulağıma girməz, ancaq biz deyirik ki, məxluq bizə gülməsin. Odur, bulaq altında mülküm var, elə dibindən bağışlayıram sənə. Qoy bir-iki ay keçsin, lap köç gəl, otur. İstəyirsən məktəb elə, istəyirsən artel elə.

A l m a z. O mülk nə məktəb üçün yarar, nə də artel üçün.

H a c ı Ə h m ə d. Yaramaz, yaramaz, özün otur. Mən onu sənin özünə bağışlayıram. İstəyirsən çölə tulla. Daha o mənim borcum deyil. Bu da onun kağızı. Bax, mülkdür, verirəm ki, ləzzət eləyir mənimçün. Nə üçün ki, öz rizaməndliyimlə verirəm. Özümünkünə verirəm. Lap onun qiyməti milyon da olsa, eyni nəzərimə gəlməz. Mənim xasiyyətim bir cürdür. Belədir, Baloğlan, ya qeyribelədir?

B a l o ğ l a n. Belədir də, yoxsa başqa bir cəhətdən, yox, yox.

H a c ı Ə h m ə d. O ki qaldı məsciddir, canım sənə desin, o başqa işdir. Neynək, danışarıq, məsləhətləşərik, elə mən də sənnən bir bina qoyaram. Elə Molla Sübhana da deyərik ki, məscidi məktəb eləyirik, sən də orada dərs de. Qabaq molla deyildin, demirdin, indi də başqa bir cür ilə de. Gərək yoluynan da, hər şeyin bir yolu var axı. Molla Sübhan da elə öz məsələsinə arif adamdır.

B a l o ğ l a n. Bəli ya, təki məvacibi gəlsin, göydə razı olar.

H a c ı Ə h m ə d. Nə deyirsən, rinddir köpək oğlu, hikmət oxuyub axı.

A l m a z. Vətəndaş Hacı Əhməd və vətəndaş şura sədri, mən sizing bütün sözlərinizi çox diqqətlə dinlədim. Deyə bilərəm ki, onların hamısı boşdur. Mən orada özüm üçün böyük bir həqiqət tapdım; mən onu anladım ki, mən hələ doğrudan da uşaqmışam.

H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! Canunçun, Baloğlan, mən neçə kərəm də demişəm: aşiqəm Almaz xanımın danışmağına. Maşallah, kəlamda duz var ey, duz...

X a n ı m n a z. O bir Allaha and olsun ki, elə bir az bundan qabaq istəyirdik bir yerdə gələk sizə. Elə özü də peşman olubdur. Deyir: ana, daha bir işdir düşübdür, indi getməyə də utanıram.

A l m a z. Ana, sən get o biri evdə otur və bir kəlmə də danışma.

X a n ı m n a z. Mən ki, balam, bir söz demirəm.

A l m a z. Mən indi bilirəm ki, dünyada yüz doğrudansa, bir oğruya kömək etmək daha faydalı imiş. Bu gün sən ona yol açarsan, sabah o sənə.

B a l o ğ l a n. Bəli də, əl əli yuyar, əl də üzü.

X a n ı m n a z. Rəhmətlik atan deyərdi ki, eşşək eşşəyi borc qaşıyar.

A l m a z. Qulaq asın, kəndimizin mötəbər adamları! İndi mən size çox gözəl anlayıram. Bu vaxtadək mən kənddə azadlığa, yeniliyə, mədəniyyətə düşmən adamlar olacağına bir o qədər də inanmırdım. Lakin, bax, bu sağ əlimdən dəyən ilk daş mənə böyük tarixi bir dərs verdi. Mən ilk dəfə olaraq qarşımda əsl düşməni, onun iti dırnaqlarını, bərəlmiş gözlərini, qıcırdayan dişlərini gördüm.

H a c ı Ə h m ə d. Yaxşı, bağışla ha, yersiz sualdır. Yenə də olsun də. Düşmən, düşmən deyəndə, aya, o düşmən kim olmuş ola?

A l m a z. Kim? Siz.

X a n ı m n a z. Qızım!..

H a c ı Ə h m ə d. Biz?

A l m a z. Siz, işıqdan qaçan yarasalar! Kəndin qan damarlarını sorub gəmirən bütün parazitlər! Sən dayan, ana! Siz mədəniyyətə, yeniliyə, kəndli yüksəlişinə zidsiniz. Çünki mədəniyyət sizin cibinizə toxunur, mədəniyyət sizin üçün ölümdür, ölüm.

H a c ı Ə h m ə d. Sən mənə deyirsən bu sözləri? Neynək, çox sağ ol! Dur ayağa, Baloğlan! Qalsın qulluğunda. Mənə də Sərkər oğlu Hacı Əhməd deyərlər. Qoy elə bu yerdə qalsın, bir daş altda, bir daş üstdə. Gedək, Baloğlan! Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. İş ki, bu çilləyə mindi, gedək!

A l m a z. Dayan! Dedim ki, mən doğrudan da uşaqmışam. Dolu başdansa, dolu cib yaxşıdır. Siz mənə çox şeylər vəd etdiniz, ancaq nisyə yox, nağd nə verə bilərsiniz? Çıxardın!

H a c ı Ə h m ə d. Bir daş altda, bir daş üstdə?

A l m a z. Bir daş altda, bir daş üstdə.

H a c ı Ə h m ə d. Çox gözəl. Onda beş dəqiqə gözlə, gedək, sözgəlişi, evdən gələk.

A l m a z. Buyura bilərsiniz.

 

Çıxırlar.

 

X a n ı m n a z. Ay qızım, qurban olum sənə, ürəyim əsirdi.

A l m a z (kağızı yazır). Al bunu, Barata, ya Şərifə ver. Ancaq, ana, sən bir kəlmə də danışma və mənim işlərimə heç qarışma. Eşitdin?

X a n ı m n a z. Eşitdim (Gedir).

 

Bu aralıq Ş ə r i f kəmali-vüqar ilə içəri girir, əlindəki süd bardağını, kasanı və iki fətiri stol üstə qoyub, Almaz ilə çox səmimi görüşür.

 

Ş ə r i f. Əssəlam, ey adı Almaz, özü qönçə-dəhən, zülfü-səmən, gözləri ahuyixətən, yenilik toxumu səpən!.. Xoş gördük, Almaz xanım, inci xanım, zümrüd xanım...

A l m a z. Xoş gördük, Şərif. Haradasınız? Çoxdandır görünmürsünüz? Bu saat elə sizi görmək istəyirdim. Çox yaxşı vaxtında gəlmişsiniz. Tək evdə ürəyim elə döyünürdü ki. Bunlar nədir?

Ş ə r i f. Bu bir az qaymaqdır, bu da yağ. Bu da ki, yağlı fətir, kömbəsi çağ.

A l m a z. Belə sursat tədarükündən müharibəyə hazırlaşana oxşayırsınız.

Ş ə r i f. Elə bu saat özüm müharibədən gəlirəm. Zalım uşağını başa salmaq olmur ki! Hamısı qurbağa kimi verib ağız-ağıza. Mən olmasaydım, çox böyük işlər olardı. Elə ki, vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu.

A l m a z. Eşitmişəm, Şərif, eşitmişəm. Mətbuata verilməlidir.

Ş ə r i f. Hamısını, əlbəttə ki, subutalni, dakumentalni yazarıq. Yazarıq deyəndə ki, cikini həm bikini mən yazmışam, atalarını yandırmışam, işləri qafil etmişəm, ancaq tazə xəyalə düşmüşəm, qaşı-hilali görmüşəm, meyli cəmalə düşmüşəm. Nə qədər ki, mən şura katibiyəm, sənə zaval yoxdur. Almaz xanım, mənim sizdən bir xahişim vardır: bir az o zadı çalın.

A l m a z. Ürəyim çox rahatsızdır. Şərif, bəlkə çala bilmədim.

Ş ə r i f. Siz tərənnüm etdikcə, mənim ruhi-məcruhum cilalanır, üfüqlər mənə gülümsünür, göylər mənə ilham göndərir və deyir ki:

 

Eşqinlə bir atəş yaxılırsa,

Pərvanəsi məndən.

Aşiqlərə zülfün teli zəncirə dönürsə,

Divanəsi məndən.

Yox qorxu ürək yansa, kabab olmalı olsa,

Vay ol ki, əməl dönsə, sərab olmalı olsa,

Dünya kədəri eşqə kitab olmalı olsa,

Əfsanəsi məndən.

Gözlərdəki, gözlərdəki...

Əcəb ol gözlərinin can alıcı qarəsi var;

Heç bilirsənmi mənim tək neçə avarəsi var?

Düşməyən eşqinə bilməz nə yaman dərddir bu,

Nə təbibi, nə əlacı, nə də bir çarəsi var.

Hicrin ilə, hicrin ilə...

 

Zəhrimar yadımdan çıxdı (Dəftərini çıxardır).

A l m a z. Mən bu şeri harada isə oxumuşam.

Ş ə r i f. Mən bu şeri özüm inşad eləmişəm.

A l m a z. Yox, Şərif, mən bu şeri ya Füzulidə görmüşəm, ya da...

Ş ə r i f. Onda yəqin Füzuli məndən oğurlayıb.

 

Bu aralıq yavaşca qapı açılır. Hər ikisi maraqla qapıya baxır. Kiçik bir uşaq dalında özündən yekə bir torba içəri girir.Ardınca daha bir neçə uşaq dallarında bir bağlı soğan, bir banka yağ, pendir içəri doluşurlar. Bir balacanın kisəyə gücü çatmır, yıxılır, kisənin altında qalır, kisənin içindən kartoflar evin içinə diyirlənir. Almaz gülərək, onu ayağa qaldırır.

 

A l m a z. Bu nədir? Sürmə, hə, bu nədir? Bunları haradan gətirirsiniz?

S ü r m ə. Müəllimə, evimizdən gətirmişik.

A l m a z. Bunları kim verdi?

S ü r m ə. Biz özümüz gətirmişik.

A l m a z. Nə üçün? Sizə kim dedi?

S ü r m ə. Müəllimə, deyirlər müəlliməmizə çörək vermirlər. Biz də yığışdıq, hamı yatdı, götürdük, gəldik.

Ş ə r i f. Deməli, oğurlayıblar!

S ü r m ə. Yox a!

A l m a z. Sən mənim gülümsər Sürməm! Bəs necə oldu, danış görüm. Yox, uşaq oğurlamayıb. Elə hamı yatandan sonra gizlindən götürüb gəlib. Hə, Sürmə, elədir?

S ü r m ə (başı ilə). Elədir. Nehrəni qoydum ayağımın altına, çaxçadan götürdüm.

A l m a z. Bəs anan görmədi?

S ü r m ə (başı ilə). Yox, anam elə atamnan yatmışdılar.

A l m a z (o birilərə). Siz də gizlindən götürmüşdünüz?

U ş a q l a r. Biz də, müəllimə.

A l m a z. Uşaqlar, belə iş etmək olmaz. Bu saat aparın.

S ü r m ə. Muəllimə, mən daha yorulmuşam, apara bilmərəm.

Ş ə r i f. Eybi yoxdur, qoy qalsın, onların bu il kartofu çox gəlmişdir.

A l m a z. Yox, yox, Sürmə, mənim gözəl qızım, mənim yeməli qızım, apar.

U ş a q l a r. Müəllimə, biz aparmarıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info