Qonaq Kitabı
ALMAZ

A l m a z. Deməli, onlar səni də dolaşdırmaq istəyirlər?

B a r a t. Özü də deyirlər ki, guya bizim bir uşağımız da olub.

A l m a z (getdikcə artan bir həyəcanla). Uşağımız olub?

B a r a t. Onlar belə deyirlər də... Odur ki, sabah biz hamımız tələb edəcəyik ki, sübut eləsinlər...

A l m a z (getdikcə üzülərək). Sübut eləsinlər?

B a r a t. Uşağı göstərsinlər. Onların ki, əlində bir sübut yoxdur.

A l m a z (çox yorğun bir tərzdə). Onların əlində sübut vardır.

B a r a t. Vardır? Nə vardır?

A l m a z. Axı nə vardır? Hanı vardır! Göstər də.

A l m a z (uşağı göstərərək). Budur onların sübutu!

B a r a t (qorxub çəkilərək). Necə, doğrudan da uşaq varmış?

A l m a z. Görürsən ki, vardır.

B a r a t. Hər iş batdı, getdi. Hamımız gedəcəyik padsud.

A l m a z. Sən neçin, Barat?

B a r a t. Deyirlər ki, uşaq mənimdir də. Sözün biri ki doğru çıxdı, deməli, hamısı doğrudur də. Daha bizim sözümüzə kim inanar? Kağız yazmışam, komissiya çağırmışam, gəlib Şərifgilə düşübdür.

A l m a z. Barat, sən də inanırsan ki, uşaq mənimdir?

B a r a t. Bəs kimindir? De də...

A l m a z. Yox, yox, onu deyə bilmərəm, deyə bilmərəm. Barat, deyə bilmərəm. Ləkə üstümdən qalxmaq üçün hamı bilməlidir. Hamının da bilməsi, iki günahsız adamın həyatıdır. Başa düşürsənmi?

B a r a t. Axı sənə deyərlər ki, uşaq kimindir? Deyərlər, ya deməzlər? Birinci, elə mən özüm deyirəm. Yox, daha hər şeyi boynumuza qoyub sübut edəcəklər. Qapı açılır. Ş ə r i f çox ehtiyatlı bir hərəkətlə daxil olur.

Ş ə r i f. Hi-hi-hi... Gəlmək olarmı? (Kimsə danışmır). Mane olmadım ki?

A l m a z (sinirli). Siz mənə heç bir vaxt mane ola bilməzsiniz, vətəndaş  Şərif!

Ş ə r i f (gülərək). Hi-hi-hi, elədir, elədir (Sükut). Yağış elə yağır ki, elə bil göyün qırantı açılıbdır.

A l m a z. Nə istəyirsiniz?

Ş ə r i f. Mən şura katibiyəm. Sizə şura sədrindən kağız gətirmişəm (Sükut) Ayrı tapşırığım da vardır.

A l m a z. Deyin.

Ş ə r i f. Mənə buyuruq belədir ki, təklikdə deyəm.

A l m a z. Mənim Baratdan gizli heç bir sözüm yoxdur...

Ş ə r i f. Sən bir spakoys ol. Orası bizə də, kəndimizə gələn təhqiqat qəmisyəsinə də məlumdur. Ancaq bizim sözümüz gizlindir.

B a r a t. Eybi yoxdur. Mən onsuz da gedəcəkdim.

A l m a z. Barat, getməyin!

B a r a t. Gedim, sonra gələrəm.

Ş ə r i f (kinayə ilə). Çox gözəl, sonra gələrsən.

A l m a z. İstədiyim adamlar hər bir vaxt mənim yanıma gələ bilərlər.

Ş ə r i f. Elədir, elədir (Sükut) Sabah qəmisyə sizi açıq məhkəmə iclasına çağırır.

A l m a z. Xəbər göndərmək üçün kənddə başqa bir adam yoxdurmu?

Ş ə r i f. Vardı. Ancaq qəmisyə bizim evimizə düşübdür. Ona görə mənə dedilər.

A l m a z. Sizin evinizə düşüblər?

Ş ə r i f. Bəli, bəli. Necə məgər? Mən özüm şura katibi, mərkəzi qəzetlərin ən fəal müxbiri, divar qəzetində çalışıram. Bu da mənim vəsiqələrim... Bu da istiqraz vərəqələrim. Almaz xanım, sabah qəmisyə sizi iclasa çağırır. Sizin vəziyyətiniz çox ağırdır, bilirsinizmi? Əxlaqsızlıq, qızları çılpaq oynatmaq, evlərdən şey daşıtdırmaq, şəxsi tənqidçiləri ləkələmək və nəhayət, atasız bir oğlan doğmaqla məktəbin dağılmasına səbəb olmaq. Budur, hamısı təqsirnamədə subutalni, dakumentalni göstərilmişdir. Hamısına da şahid vardır.

A l m a z. İndi siz nə istəyirsiniz?

Ş ə r i f. Mən bu dəfə də sizə kömək etmək istəyirəm. Yüz ki, olsa, sən yenə də bizimkisən. Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın: ev bizim, sirr bizim. Hər nə olub, öz aramızda qalsın: nə dil bilsin, nə dodaq. Yoldaşlarımı da razı etmişəm... Qəmisyə ilə də işi düzəltmək olar. Kəndlilər özləri xahiş edirlər ki, müəllimə bir neçə vaxt da qalsın, bəlkə arada darazumenni[i] var, düzəldi-getdi.

A l m a z. Yaxşı, bunların hamısının bahası nədir?

Ş ə r i f. Yox, Almaz xanım, elə deməyin. Vallah, billah, mən size dünyalar qədər istəyirəm. Bizim aramızda ayıbdır. Sən müəlliməsən, yenə də başla müəlliməliyə, daha o yan-bu yan məsələlər qalsın bir yana, hələ biz də hamımız sizə kömək eləyək. Neynək, kəndimiz tərəqqi eləsin də. İstəməyənin gözü çıxsın. Budur, bura dörd yüz kəndli qol çəkmiş.

A l m a z. Dörd yüz kəndli... Hamı mənə qarşı? Neçin? Mən onların zərərinə çalışmışam?.. Həyat, həyat, sənin dərsindən böyük dərs ola bilməz. Demək, mən razı olmasam, vuruş davam edir.

Ş ə r i f. Necə vuruş? Onda hələ-əlbət hər kəs öz təklifini biləcək də... Budur... bu da qəzetlər, bu da məqalələr, bu da kağızlar. Hamısını subutalni, dakumentalni göstərirəm. Indi sizin huşunuz yerində isə, yaxşı-yaxşı düşünün, sonra cavab verin.

A l m a z. Elə isə, al! (Bütün kağızlarını onun üzünə çırpır). Yoldaşlarınada deginən ki, mənim boynum təslim ipinə alışmamışdır.

Ş ə r i f. Hi-hi-hi. Sirkə tünd olar, öz qabını çatdadar.

 

Şərif çıxır. Bir azdan sonra Almaz pəncərənin qabağına keçir. Bayırda ildırım çaxır, göy guruldayır, külək bacaları taqqıldadır, yağış bütün şiddəti ilə pəncərəyə çırpır, bu aralıq yavaşca qapı döyülür.

 

A l m a z. Kimdir? (Qapıdakı səs vermir. Ancaq qapı döyülür). Kimdir? (Qapıdakı yenə səs vermir. Ancaq yenə də qapı döyülür). Cavab verməsən, qapını açmayacağam. Kimsən? Cavab ver.

Y a x ş ı (yavaşca). Mənəm.

A l m a z (ehtiyatla qapını açır, baxır, sonra qapını geniş açaraq). Yaxşı, sənsən?

Y a x ş ı. Mənəm.

A l m a z. Gəl, heç kəs yoxdur (Yaxşı bir gecə paltarında yataqdan durmuş kimi içəri girir). Sən çılpaq gəlmişsən. Bu yağışda, bu qiyamətdə ölərsən ki!..

Y a x ş ı. Ərim yatmışdı, yorğan-döşəkdən durmuşam. İbad hələ gəlməmişdi. Gərək ki, o şəhərdən gələn hökumət onu çağırmışdı.

A l m a z. Bəlkə, birdən ərin oyandı, ya Ibada rast gəldin?

Y a x ş ı. Çarəm nədir? Allaha pənah, yatıbdır.

A l m a z (uşağı verərək). Süd qurtarmışdı. Bayaq boğazına kələm dolması suyu tökürdüm. Qarnı acdır. Ala!

Y a x ş ı (uşağı alıb bərk qucaqlayır, ağlayır, süd verir). Bu Allaha rəvadır? Uşaqçın ürəyim əzilir. Bayaq xəlvət evdə baldızım uşağının beşiyini qoymuşam qabağıma, boş beşiyə laylay deyirəm.

A l m a z. Mən sənin səsini eşidirdim.

Y a x ş ı. Sonra sənin bulaq başında danışdıqlarını fikirləşirdim.

A l m a z. Yazıq, elə bil yüz ildir acdır.

Y a x ş ı. Sonra da eşitdim, sabah səni divana çağırırlar. Məsciddən bir Quran gətirmişəm, onu açmışam, qoymuşam başıma, getmişəm bir xəlvət evdə yuxarı, gəlmişəm aşağı. Sənə dua eləmişəm ki, Allah sənə kömək olsun, çünki sən bütün əlsiz-ayaqsızlara kömək edirsən. Dahı gedim, Allah öldürmüş birdən ayılar (Uşağı Almaza uzadır. Almaz uşağı böyük bir tərəddüdlə alır. Yaxşı yola düzələrkən). Almaz xanım, Allahımdan istəmişəm: mənə elə bir mümkün versin ki, sənin bu yaxşılığını yetirə bilim. Sağ ol! (Yavaşca qapı tərəfə çəkilir. Birdən Almaz çox mütərəddid bir səslə Yaxşını çağırır).

A l m a z. Yaxşı... Mən sənə bir söz demək istəyirəm. Mən demək istəyirəm, mümkün olsa... Vallah, Yaxşı, mümkün deyil... Bəlkə sən bu uşağı aparasan...

Y a x ş ı (bir təlaşla). Aparım?.. Aparım.. Hara aparım? (Özünü itirmiş kimi yerində qalır).

A l m a z. Yaxşı, sabah məni açıq məhkəməyə çağırmışlar. Adını deməsəm, onda iş mənim boynumda qalacaqdır.

Y a x ş ı (uşağı alır və nə edəcəyini bilməyərək). Bəs mən nə edim?

A l m a z. Sən məni təqsirləndirmə. Əgər iş, tək mənlik olsaydı, mən öz ölümümə razı olardım, səni darda qoymazdım. Ancaq, Yaxşı, bu saat iş belə düşüb ki, mən özümünkü deyiləm. Mən ləkələnsəm, mənim bütün düşündüyüm işlər də, hamısı xalqın gözündə dəyərdən düşəcəkdir. Başa düşürsənmi?

Y a x ş ı (heç düşünməyərək, başı ilə təsdiq edir). Düşürəm.

A l m a z. İnan ki, Yaxşı, mən məcburam. Qaçacaq bir yol yoxdur. Onlar bu işdən istifadə etməyə çalışacaqlar. Başa düşürsənmi?

Y a x ş ı (başı ilə biixtiyar təsdiq edərək). Düşürəm (Haraya getdiyini özü də bilməyərək, bayıra doğru yönəlir).

A l m a z. Al şalımı bürün, yağışdır. Bir-iki gün keçsin, istəsən, sonra yenə də səndən alaram. Göndərərəm şəhərə, priyuta. Başa düşürsənmi?

Y a x ş ı (öz-özündən soruşurmuş kimi). Allah... bəs indi mən bunu hara aparım?

 

 

Qapıdan çıxarkən şal başından düşür, özü isə fikir vermədən çıxıb gedir. Almaz şalı götürüb ardınca çıxır. Bir az sonra tək qayıdıb pəncərənin yanına keçir. Sonra oturub kağız yazmağa başlayır, yaza bilmir... Göy gurultusu getdikcə şiddətlənir, yağış şüşələrə çırpır, ildırım üst-üstdən çaxır və evi göz qamaşdıran bir işıqla işıqlandırır. Almaz bir az yazdıqdan sonra, göy gurultusundan diksinib qalxır, yenə də pəncərəyə yanaşır, bu aralıq bayırdan səs gəlir.

 

A f t i l. Almaz xanım, Almaz xanım!

A l m a z (diksinərək). Kimdir?

A f t i l. Mənəm, Aftiləm (Almaz qapını açır). Şəhərdən bir nəfər gəlib sizi axtarır. Bu da onun şeyləridir.

A l m a z. Yağış getdikcə şiddətlənir.

A f t i l. Elə tufandır ki, göz açmaq mümkün deyil. Yağış elə bil tuluqdan tökülür.

A l m a z (həyəcanla). O yazıq bu havada hara gedəcəkdir?

A f t i l. Kim? O bu saat araba ilə buraya gələcək. Araba palçığa batmışdır. Mən şeylərin yarısını götürdüm ki, yüngül olsun.

A l m a z. Tək, kimsəsiz, gücsüz bir adam, təbiətin belə bir qasırğası içində.

A f t i l. Mən gələndə, o yuxarı döngədə, bilmirəm, kim idi, bir ağ paltarlı palçığın içində külək çaşdırmışdı, yeriyə bilmirdi.

A l m a z (həyəcanla). Yeriyə bilmirdi?

A f t i l. Bir yıxıldı.

A l m a z (qorxaraq). Yıxıldı?

A f t i l. Yox, yenə də durdu, düzəldi yola. Gərək ki, zənən xaylağı idi.

A l m a z. Hayana gedirdi?

A f t i l. Uçurumun kənarına tərəf aşırdı. Ancaq külək dolaşdırmışdı onu: gah o yana çırpırdı, gah bu yana.

A l m a z. Aftil dayı, sən heç uçurumun dibini görmüşsənmi?

A f t i l. Onun dibini bu vaxta qədər görən olmamışdır. Ayaq getmir, göz işləmir – zülmətdir, zülmət.

A l m a z. Adam o sıldırım qayalardan uçuruma atılarsa, sağ qalarmı?

A f t i l. Qiyamətə kimi heç tikəsi də ələ gəlməz.

A l m a z (həyəcanla). Heç tikəsi də ələ gəlməz? Ona kömək edən olmayacaq, – o çaşıb, uçuruma yıxılacaqdır,

A f t i l. Yox, canım, o indicə gələr (Almazın şaşqınlığını görüncə) Kim?

Arvad, ya şəhərdən gələn?

A l m a z. İndicə gələr. Yox, o bir daha gəlməz... Gəlməz... Bax gör ildırım necə vurur! Bütün dünyanı işıqlandırır, yenə də sönür. Bir nəfər günahsız adam bu qiyamətin içində öz canını götürüb gəzdirir. Bütün yaranmışlardan, bütün insanlardan kömək istəyir. Ancaq kimsə ona kömək etməyəcəkdir. Qatillərə, canilərə kömək edərlər, ona yox...

 

Bu aralıq birdən ildırım çaxır, bir qırpımda bayır işıqlanır. Almaz pəncərədən baxıb dəhşətli bir həyəcanla bağırır: “Ah, o uçuruma yıxılacaq!”.

 

A f t i l. Almaz xanım, Almaz xanım, sizə nə olub? Siz sakit olun! Mən bu saat onun dalınca gedərəm (Gedir).

A l m a z (bir qızdırmalı kimi sayıqlayaraq). Bu qiyamətin içində tək... Yox, yox, bu cinayətdir! Mən qoymaram, qoymaram! (Birdən yerindən qalxıb, həyəcanla bayıra qaçır).

 

Bu aralıq A f t i l və F u a d içəri girir. Fuad – görünüşcə səliqəli görkəmli və daranmış bir gəncdir. Əynindəki yol paltarını yağış başdan-ayağa islatmışdır.

 

A f t i l. Almaz xanım, Almaz xanım! Elə bu saatca burada idi. Heç bilmirəm hara getdi...

F u a d. Siz mənim gəldiyimi ona söylədinizmi?

A f t i l. Söylədiniz? Bəli, bəli, söylədik. O çox narahat oldu.

F u a d (mənalı bir tərzdə). Narahat oldu? Görünür, o mən olduğumu duymuşdur.

A f t i l. Vallah, axtarsan, bir cür baş-ayaq vururdu. Belə, belə, halı bir cür idi (Sözünü deyə bilmir, dediklərini də əlləri ilə təkmil etməyə və Almazın həyəcanını təsvir etməyə çalışır). Mən heç onu o cür görməmişdim.

F u a d (divardakı şəklə diqqətlə baxır və cibindən bir şəkil çıxardıb ikisini tutuşduraraq). Siz bu adamı tanıyırsınız?

A f t i l. Tanıyırsan deyəndə ki, vallah, o gərək ki, Almaz xanımın dostudur, ya qohumudur. Axır vaxtlar Almaz xanımın yanına tez-tez gəlir.

F u a d. Necə? Tez-tez gəlir?

A f t i l. Bir neçə vaxt hələ Almazın yanında qaldı. İndi də gələndə elə bura düşər.

F u a d. Aha... Bəs belə... Almazın yanında qalır... Məsələ aydınlaşır.

A f t i l. Mənə elə gəlir ki, o sayıqlayan kimi idi, birdən özünü tələf eləməsin?!

F u a d. Axı ona nə oldu?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info