Qonaq Kitabı
ALMAZ

B a l a r z a. Yox, siz işin olanını kəndlilərdən gizlədirsiniz. Qoy o, açıq desin görək uşaq kimindir?

A l m a z. Uşaq mənimdir.

İ b a d. Atası kimdir?

A l m a z. O mənim öz işimdir...

Ş ə r i f. Sən subutalni, dakumentalni de görüm uşaq kimindir?

İ b a d. Biz istəyirik, qoy o desin uşaq kimindir?

H a m ı. Qoy desin, olmaz, desin uşaq kimindir?

F u a d (duraraq). Yoldaş sədr, mən müəllimə Almazın nişanlısıyam və bu camaatın qabağında rəsmi surətdə bildirirəm ki, uşaq mənimdir.

A l m a z. Uşaq sənin deyil, vətəndaş Fuad. Mərhəmətinizə qarşı təşəkkür edirəm. Mənim sizin mərhəmətinizə ehtiyacım yoxdur.

İ b a d. Yoldaş sədr, siz kəndliləri aldadırsınız. Biz kəndlilər tələb edirik: qoy o açıq desin ki, uşaq kimindir?

S ə d r (yığılanların israrını görüncə). Yoldaş Almaz, siz bu suala cavab verə bilərmisiniz?

A l m a z (qəti). Uşaq mənimdir və bundan artıq sorğuya cavab vermək istəmirəm.

Ş ə r i f. Çünki təqsirkarsan.

A l m a z. O mənim öz işimdir.

S ə d r. Yoldaşlar, gurultu salmayın. Çığırtı ilə adamı söz deməyə məcbur etmək olmaz.

İ b a d (ortalığa atılaraq). Necə məcbur etmək olmaz? Göndərirsiniz bizim üstümüzə bir fahişəni və istəyirsiniz ki, biz də öz arvadlarımızı onun çənginə salaq ki, özü kimi fahişəliyə aparsın. Yox, belə müəllimə bizə gərək deyil! Onu güllələmək lazımdır.

H a m ı s ı. Güllələnsin, güllələnsin!..

F a t m a n s a. Gördünüz, dedim güllələnəcək.

S ə d r. Yoldaşlar, səs salmayın.

İ b a d. Ay camaat, biz hamımız tələb edirik: belənçik atasız uşaq doğan hərcayı arvad bizə lazım deyil. O gərək güllələnsin.

H a m ı s ı. Güllələnsin, güllələnsin.

 

Tam bu aralıq Y a x ş ı çadrası əl-ayağına dolaşa-dolaşa səhnəyə atılır və həyəcanla.

 

Y a x ş ı. Dayanın, ay el, ay camaat, ona dəyməyin, dayanın, mən sizə işin doğrusunu deyim.

 

Hamı duruxub dayanır. Almaz Yaxşını görüncə, birdən qorxaraq.

 

A l m a z. Yaxşı!

İ b a d. Hə...

Y a x ş ı. Ay el, onu öldürməyin, onda bir təqsir yoxdur. Qoyun mən sizə sözün doğrusunu deyim, hamısını bilin: uşaq mənimdir.

H a m ı (şaşırıb bir-birinə baxaraq). Necə? Ola bilməz!

Y a x ş ı. Mən daha ölümümdən qorxmuram. Mən səhərdən divarın dalından, təndir üstündən qulaq asırdım. Mən razı ola bilmərəm ki, mənim yerimə özgəsini güllələsinlər... Qoy elə mənim özümü güllələsinlər.

H a c ı Ə h m ə d. Ola bilməz. Bu üştükdür.

Y a x ş ı. Mən uşağıma süd verirəm, and içə bilərəm.

H a c ı Ə h m ə d. Bu necə oldu ki, belə oldu?

Y a x ş ı. Mən bir gecə Kərbəlayı Fatmansanın məsləhətilə məsciddə özümü minbərə bağlayıb, Allahdan övlad istəyirdim. Gecəyarısı məscidin qapısı açıldı, qara bir kölgə mənim üstümə yüyürməyə başladı, məni zorladı.

O c a q q u l u (həyəcanla). Məsciddə?

Y a x ş ı. Məsciddə.

H a c ı Ə h m ə d. Kim?

B a l a r z a. Sən onu tanımadınmı?

Y a x ş ı. Mən onu sonra tanıdım.

B a l o ğ l a n. Kim imiş?

Y a x ş ı. Molla Sübhan.

H a c ı Ə h m ə d. Necə?

B a l a r z a, O c a q q u l u. Molla Sübhan?

Y a x ş ı. Molla Sübhan.

S ə s l ə r. Yerə girsin! Yox olsun! Onu görüm yerə batsın!

Y a x ş ı. Böyük bir kənddə bir nəfər tapılmadı ki, mənə kömək etsin. O məni uçurumun üstündən, ölümün pəncəsindən qurtardı. Kəndlilər, qardaşlar, o yaxşı adamdır. O, bütün əlsiz-ayaqsızlara kömək edir.

K ə n d l i l ə r. Ey el, nə üçün danışmırsınız? Gəlin gedək Molla Sübhanın üstünə. Biz tələb edirik ki, Molla Sübhan və bütün qolçomaq dəstəsi dustaq olunsun!

S ə d r. Yoldaşlar, məsələ aydındır. Almazda heç bir təqsir yoxdur. Qolçomaqların fitnəsi meydana çıxdı. Bunun üçün Hacı Əhməd, Şərif, İbad, Baloğlan, Fatmansa, Molla Sübhan və Mirzə Səməndər məsuliyyətə alınır.

S ə s l ə r. Dustaq edilsinlər! Güllələnsinlər!

S ə d r. Yoldaş Almaz, sizin göstərdikləriniz hamısı buraya yazılmışdır. Məsələni ətraflıca aydınlaşdıra bilmək üçün mən iclası rəsmi bir şəkildə aparmayıb, bütün danışanlara yol verirdim. Sizə qarşı nə kimi ittihamlar olduğunu eşitdiniz. İndi bir də soruşuram: siz özünüzü təqsirli bilirsinizmi?

A l m a z (ayağa durub, sakitcə ətrafı süzərək). Mən dediklərimə heç bir şey artırmaq istəmirəm. Özümü müdafiə etməyəcəyəm, çünki məni düşmənlərim çox yaxşı doğrultdular.

S ə d r. Deməli, siz özünüzü təqsirli bilmirsiniz?

A l m a z. Yox, mən özümü təqsirli bilirəm.

S ə d r. Bilirsiniz?

A l m a z. Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş qolçomaq hacı əhmədlərə, şəriflərə, mirzə səməndərlərə qarşı mübarizəyə ancaq Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil etmək yolu ilə iş görülə biləcəyini yaxşı düşünməmişdim. Mən təkbaşıma mübarizə aparmışdım. Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox şey öyrətdi.

 

S o n

 

Q e y d: Cəfər Cabbarlının əlyazmalarının birində pyes, Almazın məktəb uşaqlarına oxutdurduğu şərqi ilə bitir. Həmin şərqini – oyunu əlavə şəklində dərc edirik:

 

S ə d r. Almaz xanım! Biz yalnız uşaqların nə oynadığını görmək istərdik.

K ə n d l i l ə r. İstəyirik... İstəyirik...

A l m a z. Kəndlilər, bu, oyun deyil. Bu bizim gedəcəyimiz yoldur. Bizi bürüyən qaranlıq sökülür. Qarşımızdakı “Dan ulduzu” bizi azad və mədəni bir səhərə doğru aparır. Bu meydan güclülərin döyüş meydanı, bu yol inqilabın və mədəniyyətin qalibiyyət yoludur.

 

Birdən lampaların işığı sönür.

 

S ə h n ə d ə n s ə s g ə l i r:

 

Qoy gömülsün torpağa

Əski kənd, onun əski yaşayışı,

Çürük ağac xışları.

“Yeni kənd”də yeri darar

Dəmir dişli kotanların

Güclü dəmir dişləri.

 

Müxtəlif tərəfdən sanki telefon ilə danışılır.

 

T ə k - t ə k s ə s g ə l i r.

Allo! Allo... “Yeni kənd”...

“Dan ulduzu”...

Baş mərkəzdir danışır.

Bu gün səhər bütün bölük

Qızıl torpaq düzünü

Başdan-başa şumlasın...

 

B a ş q a s ə s. Torpaq daşlıqdır.

B i r i n c i s ə s. Maşın salın, daşlarını çıxarsın.

I k i n c i s ə s. Su çox uzaqdır...

B i r i n c i s ə s. Kəmər çəkin, motor qoyun, quruluğu suvarsın.

I k i n c i s ə s.

Bölük işə hazırdır.

Ey maşınçı, motorlara benzin tök,

Çarxlarını gözdən keçir,

Yürüş üçün hazır dur,

Iş başına göndərilir:

Altı nasos, dörd motor,

On dörd traktor.

 

Qızlar, uşaqlar maşın yürüşünü yamsılayaraq oynayırlar.

 

Tax, tax, tax, tax,

Ey maşınçı ayıq bax.

Çarx önünə daş yatır,

tax, tax...

 

A y r ı - a y r ı s ə s l ə r.


Hey torpaq, təslim ol!

Sənə qarşı yürüş var.

– Maşınlara od buraxın,

Vuruş var ha, vuruş var!

– Hey sən, insan oğlu!

Çərçivəndən yan çıxma,

Mənim bu bərk anlımla

Döyüşmüşdür əsrlər.

Mənim qoynum məzarlıqdır.

Alt qatımda uyuyur



 
[ 1-15 ] [16] [17] [18] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info