Qonaq Kitabı
ALMAZ

B a l a r z a (İbada). Bu sözü bizə atır a...

İ b a d. Sən öz dərdini çək. Bizim arvadlarımızın dərdini çəkmə.

H a c ı Ə h m ə d. Ibad, Ibad, sən heç danışma. Mən ölüm, heç dinmə, görək sözünün axırı hara çıxar.

B a r a t. Doğru söz acı olar. Qoymurlar danışsın.

A l m a z. Yoldaşlar, sizin arvadlarınızı yaman bir yola çıxartmırıq, doğru əməyə çağırırıq. Onları buraxsanız da gələcəklər, buraxmasanız da gələcəklər. Bu gün deyilsə, sabah gələcəklər, çünki həyat özü bunu tələb edir. Bunsuz həyat irəliləyə bilməz.

İ b a d. Nə üçün? Bu vaxta qədər xoruz yoxdu, sabah açılmırdı?

O c a q q u l u. Həzərat, mən bu yığılan camaatdan sual eləyirəm: hər binanın bir ustası var, ya yox?

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qoyun Almaz xanım öz sözünü danışsın, sonra siz öz sözünüzü subutalni, dakumentalni deyərsiniz.

A l m a z. Güc-xoş biz, qadınları evlərdən qoparmalıyıq.

İ b a d. Sən indi mənim arvadımı gücnən apararsan?

A l m a z. Aparmaram, özü gələr. Bu gün xoşla qoymasan, sabah qaçar gələr.

B a l a r z a. Əh, and olsun Həzrət Abbasa, ona bir toy tutaram ki... Daha bu xalq qiryətini çöldən tapıbdır.

H a c ı Ə h m ə d. Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı!

B a r a t. Yoldaşlar, bu nədir?

Ş ə r i f. Yoldaşlar, qulaq asın!

A l m a z. Ikinci nöqsan əməkdəki plansızlıq, təkçilik və anarxiyadır.

A f t i l. Yəni işdə gərək arxayınlıq olsun.

H a c ı Ə h m ə d. Dayan, dayan, ay Aftil. Burasını, deyəsən yaxşı başa düşə bilmədim.

A l m a z. Varlının bir atını alıb bir yoxsula, iki qoyununu o biri yoxsula verməkdən bir şey çıxmaz. Bundan yoxsul varlana bilməz.

H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! (Xanımnaza) Bacı, bacı, uzaqda dayanma, buyur, bu yaxında otur. Yol verin, bacı yaxına gəlsin. Yaxşı, de, gözüvə dönüm, de!

A l m a z. Bizə tək-tək adamların varlanması lazım deyildir. Gərək ellik varlansın, cəmiyyət varlansın, kollektiv varlansın. Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır.

H a c ı Ə h m ə d. Yavaş, yavaş, deyəsən, burasını yaxşı başa düşə bilmədim. Zəhmət çək, burasını bir də de, bacıqızı.

A l m a z. Yoldaşlar, bunlar nəzəriyyədir. Sonradan bunu ətraflı danışmaq olar. İndilik əməli işə keçək. “Yeni yol” arvadlar üçün bir yunbirliyi düzəltmişdir.

İ b a d. Bizim arvadlarımızdan göz çək!

H a c ı Ə h m ə d. Dayan, dayan, ay Ibad, yaxşı-yaxşı başa düşək.

A l m a z. İkinci, meyvəbirliyi düzəldirik. Burada kişilər də, arvadlar da işləyə bilər. Bunlar üçün kurslar da açılır. Istəyənlər yazıla bilər.

B a r a t. Hamı yazılar, hamı yazılar!

A f t i l. Budur, mən yazılmışam.

A l m a z. Bunların işləməsi üçün çox şey lazım deyildir. Bircə kəndin altındakı Hacı Əhməd bağı bu elliyə verilsə, hələlik bəsdir. Kəndli maşının mənfəətini görsə, sonra özü işə girişər.

H a c ı Ə h m ə d. Necə, necə, bacıqızı? Səhərdən elə yaxşı gəlirdin, ancaq, deyəsən, burada bir azca dolaşdırdın, ya mənim qulağım yaxşı eşitmədi?

A l m a z. Mən deyirəm: bağ meyvəçilik üçün alınsın.

H a c ı Ə h m ə d. Mənim bağım?

A l m a z. Bilmirəm, ona Hacı Əhməd bağı deyirlər.

H a c ı Ə h m ə d. O bağ mənimdir.

A l m a z. Mən bilmirəm. Biz kənddə olan hər bir şeyi cəmiyyətin bilirik. Qoy kəndlilər qərar çıxartsınlar, o bağı kollektiv üçün alsınlar.

H a c ı Ə h m ə d. Bəs o bağın gəliri kimə yetişəcək?

A l m a z. Biz oraya cürbəcür maşınlar qoyacağıq. Əlbəttə, gəliri orada çalışanlara yetişməlidir.

H a c ı Ə h m ə d. Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? Mən özüm hökumətə vergi verirəm. Özüm invalid, bu da mənim kağızlarım.

A f t i l. A kişi, bəlkə elə pulunu verəcəklər.

A l m a z. Hacı, siz ki, oğlunuzun başından keçirdiniz.

H a c ı Ə h m ə d. Adə, zalımın qızı zalım, oğul nədir? Sən burada lap mənim özümü öldürürsən. Oğlumu get öldür də, danışan moltanı oğludur. Sən burada mənim yekə bağımı keçirdirsən özündən o yana ki, nə var, iş bilmişəm, kəndi irəli aparıram. Cəhənnəm olsun sənin kəndin, təpövə dəysin! Səhərdən elə hıqqana-hıqqana bunu deyəcəkdin?

İ b a d. Yox bəs. Mən onun zatını tanımışam. Siz də deyirdiniz ki, bəs, yuxa arasında halva var?

K ə n d l i l ə r. Ay Hacı, dayan bir də, bəlkə sənə xeyri yoxdur, bizə var.

B a r a t. Yoldaşlar, bu fikir bizim fikrimizdir. Hamımız da bu yolda mübarizə edəcəyik.

A l m a z. Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. Sizin yaşayışınız çox ağırdır. Təbiət sizə çörəyi çox baha verir. Torpaq sizin ömrünüzü və əməyinizi udur. Bu ağır haldan siz ancaq fəhlə sinfinin və şəhərin köməyi ilə, dəmir atlarla, dəmir qanadlarla çıxa bilərsiniz!

H a c ı Ə h m ə d. Lazım deyil, bizə şəhərin köməyi! Şəhər bizi soymaq istəyir. Lazım deyil bizə şəhərin maşını!

K ə n d l i l ə r. Neyçin lazım deyil?

H a c ı Ə h m ə d. Atamız, babamız belə yaşayıb, biz də belə yaşayırıq.

A f t i l. Ey... Sağ yaşamasın ata-babamız. Allah vurmuşlar elə heyvan kimi tövlədə yaşayıblar də.

H a c ı Ə h m ə d. Acından ölən ki olmayıb.

A f t i l. Elə, elə olmayıb də. Budur, sən hər gün xoruz-beçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir.

H a c ı Ə h m ə d. Heç kəs heç kəs üçün havayı işləmir.

B a l o ğ l a n. Yoldaşlar, qulaq asın, deyirəm. Hacı Əhməd, axı qaydası belə deyil ki, siz belə eləyirsiniz.

H a c ı Ə h m ə d. Belə? Yaxşı. Neynək!..

B a l o ğ l a n. Qoy kişi sözünü desin, görək nə deyir də.

B a r a t. Hacı Əhmədə söz verilməsin.

İ b a d. Sən səsini kəs. Axmaq. Boyuna bax, danışığına bax!

H a c ı Ə h m ə d. Ay gədə, Ibad, heç danışma, qoy sözün desin. İş ki, bu çilləyə yetdi, qoy desin. De sözünü.

H a m ı. Qoyun danışsın, danışsın.

A l m a z. Bir də, yoldaşlar, şura sədri kənddə ictimai işlərin sükançısı olmalıdır. Yoldaş Baloğlan bəlkə də, özlüyündə yaxşı adamdır, ancaq bu iş üçün zəifdir. Mənim yanımda beş-altı arvad ona şikayət vermişdir. Lakin o bir iş görməmişdir, ya da görmək istəməmişdir. Mən deyərdim ki, bir vətəndaş kimi, o öz nöqsanlarını bilib istefa versin. Ya da yığıncaq özü onu dəyişsin. Yerinə bu dəfə də qadın seçsin. Çünki bu saat qadın azadlığı yolunda apardığımız mübarizədə qadın sədr daha münasib olar.

B a l o ğ l a n. Necə, necə? Yoldaş müəllimə, mən sənə söz vermirəm!

B a l a r z a. Baloğlanın atası yandı.

İ b a d. Vurdu kəlləçarxa. Arvaddan sədr!?

M i r z ə S ə m ə n d ə r. Allah şənbəni cuhuda qismət eləsin.

B a l o ğ l a n. Sən köhnə kəndə təzə dəb qoyursan? Kişi arvadını döyür, mən ona nə deyə bilərəm? Nə üçün arvad özü şikayətə gəlmir?

A f t i l. Arvad yeriyə bilir ki, şikayətə də gəlsin? Elə zollamayıb ərəbə çilləsini miyantənginə ki, bir də ayağa dura bilsin. O yıxılmışdı ki, yıxılıb. Bir də gələn il tumakeşdə ancaq ayılar.

B a l a r z a. Arvad mənimdir, mənim deyil, hə? Arvad mənimdir, döymüşəm, istəyir şəriətə getsin, istəyir zakuna. Dünyada bir kişi var ki, öz arvadını döyməsin? Ay camaat, atam, mənim öz arvadımı döyməyə haqqım var, yoxdur?

B a r a t. Yoxdur!

O c a q q u l u. Nə şəriətnən, nə də zakunnan heç kəsin ixtiyarı yoxdur ərnən arvadın işinə qatışsın. Öz arvadıdır: döyər nə yaxşı, döyməz nə yaxşı.

B a l a r z a. Istəyəndə yaxşıdır, döyəndə pis? Adə, Mirzə Səməndər, zakunnan var ixtiyarı, yoxdur?

M i r z ə S ə m ə n d ə r. Vallah, mən bitərəfəm, belə işlərə qarışmıram.

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun.

B a r a t. Yoldaşlar, bunlar bilə-bilə şuluq salırlar ki, məclisi dağıtsınlar.

H a c ı Ə h m ə d. Heç kəsin sözü yoxdur. Deyir: Şura sədri yaramaz, neynək, yaramaz, ayrısını seçərik, arvad seçərik.

B a l o ğ l a n. Hacı dayı, siz də, demək mənimlə bu yolnan rəftar edirsiniz? Mən ki, Allaha şükür, sizə bir yamanlıq etməmişəm.

H a c ı Ə h m ə d. Daha nə yamanlıq, göz görə-görə bağımı istəyir salsın içəri, ağzuvı açmırsan.

B a l o ğ l a n. Nə bilirsən açmıram? Sən bir dayan, gör açıram, açmıram?

H a c ı Ə h m ə d. Yaxşı də. Sən məni tutmazsan, mən də yeri gələr tutmaram. Tutarsan məni, tutaram səni.

B a l o ğ l a n. Sən dayan, mən onun ağzını elə yumum ki, özü də afərin desin.

H a c ı Ə h m ə d. Yumacaqsan ki... çox yaxşı: bu xətt, bu da nişan!

B a l o ğ l a n. Yoldaşlar, daha bəsdir, qulaq asın (Nalı stola vurur).

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qaydası bu deyil axı.

B a l o ğ l a n. Şərif, sən də bir qulaq as! Yoldaş, sözünü qurtar. Daha sənə söz verilmir. Çünki biz baxanda baxıb görürük ki, doğrudandoğruya bu kəndə məxşuşluq salmaq istəyirsən. Hansı ki, istəyirsən kəndliləri bir-birinə salışdırasan.

A f t i l. Sənə də toxundu, hə?

B a r a t. Doğru söz acı olar axı...

B a l o ğ l a n. Yoldaş, sən də çox danışma.

İ b a d. Sənə də komsomol-komsomol deyiblər, havalanmışsan.

Ş ə r i f. Yoldaşlar, siz Almaz xanıma mane olursunuz. Bircə spakoys olun.

A l m a z. Yoldaşlar, söz sizindir. Siz nə qərar çıxartsanız, o olacaqdır. İkiüzlü sözlərə aldanmayın.

B a l o ğ l a n. Yoldaş, qurtardın?

A l m a z. Hələlik bir təklifim də vardır. Məktəb darısqaldır, maşınlarımız üçün yer yoxdur. Kənddə böyük bina bircə məsciddir. Qərar çıxardın: məscidi qadın yurduna, həyətini də uşaq bağçasına çevirək.

H a c ı Ə h m ə d. Necə? Məscidi bağlayaq? Məscidi oyunbazxanaya döndərək?

K ə n d l i l ə r. Ayə, məscid nə olsun dedi?

H a c ı Ə h m ə d. Ay camaat, nə o yan-bu yan salmışsınız? Bu, belə deyir ki, arvadları salın Hacı Əhməd bağına, olsun hamı hopçılığa, məscidi də bağlayın, olsun oyunbazxana, vəssalam, şüdtamam.

B a r a t. Yalan deyirsən, elə söz yoxdur!

H a c ı Ə h m ə d. Yalan deyənin atasına lənət!

O c a q q u l u. Vay, məscidlərə at bağlamaq istəyirlər. Kül başımıza. Ay camaat, ay müsəlmanlar, nə üçün dayanmışsınız? Daha Sahibin zühuruna az qalıbdır, cahaddır, cahad! Məscidlərə at bağlayırlar.

K ə n d l i l ə r. Qoy danışsın.

– Məscidlərə dolaşır.

– Sən qanmırsan!

– Sən özün qanmırsan!..

A l m a z. Yoldaşlar, qulaq asın!

B a l o ğ l a n. Yoldaş, sən kəndə məxşuşluq salırsan. Mən sənə söz vermirəm.

İ b a d. Hökumət zakununda bağ aldı yoxdur. Bağ polaqays deyildir.

H a c ı Ə h m ə d. Ibad, Ibad, bağnan işin olmasın. Sən məscidi qışqır, məscidi. Qoy bəhanə məscid olsun.

O c a q q u l u. Belə də iş olar?

A l m a z. Yoldaşlar, kəndlilər, biz ki, sizin üçün çalışırıq.

İ b a d. Aşna-aşna, axırda çıxdı ocaq başına. Arvadımıza sataşdı, keçdik, malımıza sataşdı, keçdik. Camaat, axırda da məscidimizə, dinimizə əl atdı.

Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun, qoy sözün desin qurtarsın.

A l m a z. Yoldaşlar, inanın ki, burada danışan dillər deyil, fikirlər deyil, ciblərdir, ciblər.

İ b a d. Sən get tumanını qısalt. Bizim arvadlarımıza, bizim məscidimizə əl ata bilməzsən. Şura hökumətinə vergi də veririk, naloq da. Zakunda məscidə dolaşmaq olmaz.

C a m a a t. Necə yəni məscid olmasın! Elə o qalmışdı!

H a c ı Ə h m ə d. Bunu çoxdan de, biz də bilək də!

X a n ı m n a z. Ay balam, bu camaat indi sənin üstünə tökülər, gəl tez qaçaq evə.

H a c ı Ə h m ə d. Ocaqqulu, nə üçün yummuşsan ağzuvı, oturmuşsan?

Səhərdən tamaşaqabaq kimi hey atılırsan ortaya. Dinsənən, başa salsanan xalqı!

O c a q q u l u. Həzərat, mən sual eləyirəm bu yoldaşdan, bütün bu icmanın qabağında sual eləyirəm: hər binanın bir ustası var, ya yoxdur, var, ya yoxdur?

A l m a z. Var.

O c a q q u l u. Atova rəhmət. Belə olanda yeri, göyü, küllü-hummövcudatı və cəmadatı bir xalq eləyən ki, olsun, olmasın?

A l m a z. Oldu mənə nə, olmadı mənə nə? Mənim Allahın varyoxluğunu aydınlaşdırmağa nə vaxtım var, nə də həvəsim.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info