Qonaq Kitabı
ALMAZ

H a c ı Ə h m ə d. Sözü dəyişin, Aftil gəlir.

 

B a l o ğ l a n və A f t i l gəlir.

 

B a l o ğ l a n. Salaməleyküm, Hacı dayı!

H a c ı Ə h m ə d. Balam, bəs bu iclası haçan başlayırsınız?

B a l o ğ l a n. Hələ durun görək, bəlkə heç gəlmədi. Deyirlər naxoşdur.

B a l a r z a. A kişilər, deyirəm sizə o daha buralara gəlməz ey... O öz fitini başa düşübdür.

A f t i l. Necə? Heç elə şey yoxdur. Vallahı, deyir, kasıbla işim yoxdur, amma dövlətlilərin dərisinə lap saman təpəcəyəm.

H a c ı Ə h m ə d. Bizə nə var. Bizim də bir qarnımız var. Necə çalarlar, biz də elə oynarıq.

B a l o ğ l a n. Yox, canım, yox, yox. Lap elə də deyil. Yox, yox (Bəzən “yox” sözünü dilini nırçıldadaraq söyləyir).

H a c ı Ə h m ə d. Deyir: örkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan keçəcəkdir.

İ b a d. Deyir, bəs dünən iki ayağını təpmişdi bir başmağa.

B a l o ğ l a n. Yox, canım, yox, yox. Əvvəl bir çımxırdı üstümə, mən də bir təpindim ona. Sonra gördüm həstədi. Lap mumdan da yumşaq olub. Özünüz görərsiniz də.

H a c ı Ə h m ə d. Yəni bir söz deyəndə, başa-maşa düşür?

B a l o ğ l a n. Bəli, ya... Bəli, bəli. Lap o elələrindən deyil, yox, yox.

 

O c a q q u l u gəlir.

 

O c a q q u l u. Bəs deyirlər, Xanımnazın qızı bu gün sübut eləyəcəkdir ki, Allah olmasın.

İ b a d. Belə, bilirsən, onun əsl dediyi nədir? Uzun sözün qısası; nə Allah olsun, nə peyğəmbər. Arvadları da doldurun bir dama, kişiləri də bir dama. Olsun hopçılıq. Heç bir kişinin də ixtiyarı olmasın ki, öz arvadına bir ağac vursun. Hamısının elə atdığı da bir yerdə olsun, yatdığı da. Başa düşdün? Bu vaxta qədər, deyir, arvadlar kişilərə tabedi, indi gərək kişilər arvadlara tabe olsun. Bildin? Buğda əkənlər də gərək zəfəran əksinlər. Bildin?

O c a q q u l u. Yəni Allaha da inanmır də?

B a l o ğ l a n. Yox, canım yox, yox. Onun dediyi o deyil. Belə fikir verəndə o çıxır. Ancaq onu demir, yox, yox, yox.

O c a q q u l u. Yəni peyğəmbər səlavatüllaha da inanmır?

B a l o ğ l a n. Yox, canım, inanmağına inanır. Ancaq belə, elə deyir ki, olmasın da, belə. Yoxsa ki, açıq desin. Yox, yox, yox.

Ş ə r i f. Bura bax, siz hələ bir spakoys olun. O kişinin qızı hələ subutalni, dakumentalni öz sözünü deməyibdir. Bu saat hamı qaranlıq quyuya daş atır.

İ b a d. Bəs bu neçə vaxtda bu zalımın qızı zurna-balabandır çalır? Sizin papağınızı başınızdan aparmasalar, ayılmazsınız. Qurtardı getdi.

B a l a r z a. Sən öləsən, işi bir çilləyə mindirəcək ki, axırda bir arvad öz ərini tanımayacaq. Bir uşaq öz atasının sözünə baxmayacaq...

İ b a d. Qurtardı getdi!

Ş ə r i f. Siz bir spakoys olun. Ibad dadaş, mən səni subutalni, dakumentalni başa salım. Dünən Kərbəlayı Balarzanın bir az hövsələsi təng oldu.

İ b a d. Kərbəlayı Balarza, yox ey! Belə, mən özüm qışqırdım. Mən söydüm. Yumruq çəkənin qabağına çomağnan çıxmasan, deyər qorxdu.

O c a q q u l u. Yəni Həzrət Abbasa da inanmır?

B a l o ğ l a n. Yox, canım, yox, yox. O, elə bir az Allah barəsində oyan-buyan eləyir. Yoxsa ki, o yerlərdə işi yoxdur.

B a l a r z a. Şərif deyir belə. Siz öləsiz, bir ay bundan qabaq bilmirəm nə oldu arvada... bir şillə vurdum ağzına ki, az danış. Görürəm mənə deyir ki, mənim hüququmu mənnəm neylirsən. Zakunda arvadı vurmağa polaqays yoxdur. Bunu o haradan bilir? Gündə bu bulaq başıdır, bu arvadların canı. De ki, deyəsən. Hələ uzun deyir cəmdəklərinə. Sonra bizim arvadlar olsun, belə söz... Eh, sən öləsən, qan vurdu başıma, elə əlimi atdım arabanın çilləsi gəldi əlimə, elə ki, endirməmişəm bunun ombasından... On beş gündü ayağını çəkə bilmirdi. Elə təzəcə ayağı yer tuturdu, dünən gəldi ki, məni kolxoza yazdılar. Eh, sən öləsən, qan vurmadı beynimə. Ay sənin atovun... ki, qapdım, bir sınıq ağlob var idi, onu.

Ş ə r i f. Balarza dadaş, sən bir spakoys ol! Odur ki, dünən o da şuranı subutalni, dakumentalni təqsirləndirirdi ki, siz arvadları müdafiə etmirsiniz. İndi nə edəsən? Baxasan, axı, Balarza dadaşdır. Baxmayasan da olmur.

B a l o ğ l a n. Mənə dedi, mən də dedim mənə arvad şikayət eləməyib. Bir də, sözsüz ev olmaz. Mən özüm də acığım çıxır, arvada bir şillə vururam. Daha mən köhnə kəndə təzə dəb sala bilmərəm ki. Özü bilər öz arvadı ilə. Sonra gördüm həstədi.

O c a q q u l u. Yəni sahibin zühuruna da inanmır?

 

M i r z ə S ə m ə n d ə r gəlir.

 

H a c ı Ə h m ə d. Mirzə Səməndər, buyur-buyur, bu tərəfə, bu tərəfə, lap mənim yanıma.

M i r z ə S ə m ə n d ə r. Zəhmət çəkməyin, Hacı, mən elə burada oturaram.

H a c ı Ə h m ə d. Canım üçün olmaz, lap bu tərəfə, hay barakallah! Necəsən, yaxşısan ki? Dünən uşaqlar yaxşı şit yağ gətirmişdilər. Canın üçün, elə ayranı axırdı. Dedim: adə, ondan beşaltı girvənkə Mirzə üçün göndərim. O belə şeylərin xiridarıdır.

M i r z ə S ə m ə n d ə r. Gətirmişdilər. Hacı, payınız artıq olsun. İnsafən yaxşı yağ idi. Lap, Hacı, xəcalət verirsiniz.

H a c ı Ə h m ə d. A kişi, işində ol, nə xəcalət, deyir, dünya belə gəlib, belə də gedəcəkdir. Qazanıblar, yemişəm; qazanıram, yeyəcəklər. Adamdır, insandır: bu gün mən sənə əl tutaram, sabah sən mənə. Dedi ki, mənim əlimdən bu gəlir, sənin əlindən bir başqa şey.

M i r z ə S ə m ə n d ə r. Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq.

H a c ı Ə h m ə d. Böyüyümüz varsınız. Əl əli yuyar, əl də üzü.

O c a q q u l u. Allah-taala hər kəs üçün bir ruzu qoyubdur, qismətdən artıq yemək olmaz.

M i r z ə S ə m ə n d ə r. İnsafən deyəndə, camaatın boynumda böyük haqqı var. O gündən ki, gəlmişəm, yağa, yumurtaya pul verməmişəm.

H a c ı Ə h m ə d. Elə olar da. Sən ki, camaatnan düz yola getdin, hər işə qatışmadın, aləmə ləxləxə salmadın, camaat da səni öz gözünün üstündə saxlar.

M i r z ə S ə m ə n d ə r. Bilirsən, Hacı, mən öz vəzifəsini bilən adamam. Hökumətdən məvacib alıram. Borcum odur, gündə dörd saat dərs deyəm, qurtardı getdi. Qalan işlərlə işim yoxdur. Hər işin öz adamı vardır. Kolxozdur, bilmirəm nədir, onun da öz adamı vardır.

H a c ı Ə h m ə d. Belə, burada məsələ kolxozda deyil ey. Belə, onu deməsinlər ki, sən min zəhmətlə yer əkmişsən, ya da türkün misalı, zəhmət çəkib əkdirmişsən, ya heyvan saxlamışsan, ya bağ salmışsan, götür ver Curubbu Xudaverdiyə ki, nə var, yoxsuldur. Belədir, ay kişilər, ya qeyri-belədir?

B a l o ğ l a n. Yox, canım, onu demir, yox, yox, yox.

A f t i l. Bəs onda Curubbu Xudaverdi nə yesin?

İ b a d. Nə yesin? Canı çıxsın, işləsin.

A f t i l. Nəynən işləsin? Malı var, heyvanı var?

B a l a r z a. Yəni Hacı Əhmədi görən Allah Xudaverdini görmür?

Ş ə r i f. Bircə spakoys olun. Sizin pırğıramdan xəbəriniz yoxdur. İngilis deyir ki, bu ingilis yox ey, firəng ingilisi.

O c a q q u l u. Yəni deyir Quran da olmasın?

H a c ı Ə h m ə d. Malı yoxdur, gəlsin, filani, mal ver, tum ver. Bir Allah bəndəsi versin də. Az vermişəm?

A f t i l. Elə verirsən də. Altı pud buğda verdin, axırda altımdan palazımı götürdün.

B a l a r z a. Bura bax, bayaq dedim ey. Yoxsuldur canı çıxsın, Allahın sizin kimi gözü yoxdur?

O c a q q u l u. Yəni bu Allah annamırdı? Necə oldu ki, Hacı Əhmədə yüz qoyun verdi, Curubbu Xudaverdiyə bir qoyun da vermədi?

A f t i l. Mən nə bilim necə oldu?

O c a q q u l u. Ona görə ki, o ona layiqdir, o ona. O, o yerin adamıdır, o, o yerin.

A f t i l. Xeyr a... O köhnə nağıldır, səninçin qalsın. O, oranın adamıdır. Elə nə üçün?

O c a q q u l u. Elə nə üçün, elə nə üçün? Hələ belə üçün. Bunlar hamısı hikmətdir. Hikmətə sorğu-sual yoxdur.

A f t i l. Odur gəlir. Görünür orada da yığıncaq varmış. Dəstəynən gəlirlər.

İ b a d. Odur ha, yenə də salıb oğul-uşağı dalınca... Tuman dizdən yuxarı, baldırları da ki, iltiriski kimi işıq salır. Sən öləsən, mən demişəm dünyanın axırıdır. Həzrət Abbas haqqı, xəlayiqə mən təəccüb qalmışam. Məxluq hamısı papağı  istisoyuqçun örtübdür.

 

İşıq sönür.

Kənddə yığıncaq.

 

B a l o ğ l a n. Yoldaşlar, danışır sizin üçün kəndin müəlliməsi, hansı ki, bir necə-necə işlər barəsində.

B a r a t. Danışsın, danışsın (Əl çalır, gənclər də əl çalırlar).

H a c ı Ə h m ə d. Buyursun görək (Əl çalır, Şərif də, Baloğlan da əl çalırlar).

A l m a z. Yoldaşlar, mən bilirəm ki, bu kənddə mənim dilimdən və mənim haqqımda bir çox əsassız sözlər danışılmaqdadır. Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. Ona görə də biz istəyirik ki, kütlə bizim fikrimizi aydın bilsin. Bizim fikrimiz kütlənin fikri olsun.

G ə n c l ə r. Doğrudur, doğrudur (Əl çalırlar).

A l m a z. Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. İndi burada mən bir dərs deyənəm, bir də vətəndaş. Biz razı olmamalıyıq ki, başqa kəndlər tərəqqi edib varlandığı halda, bizim kəndimiz geridə qalsın. Bu gün ölkəmizin ümumi şüarı: hər bir cəhətdən bütün mədəni ölkələrə yetmək və ötməkdir. Bu şüarı həyata keçirənlərin arasında biz birinci olmalıyıq.

B a r a t. Yaşa, yaşa! (Əl çalır).

İ b a d. Dayan, adə, yaşa, yaşa! Zəhrimar, dərd, yaşa. Heç bilmir harada bişib,

elə deyir bir çömçə tök.

 

X a n ı m n a z həyəcanla iclasın gedişini təqib edir. O c a q q u l u səliqə ilə ayağa durub danışmağa başlayır.

 

O c a q q u l u. Yaxşı, sən hələ bir onu mənə de görüm ki, hər binanın bir ustası və hər məxluqun bir xaliqi olur, ya olmur?

A l m a z. Nə buyurursunuz?

B a l o ğ l a n. Ocaqqulu əmi, sən bir az səbir elə, hələ bir görək Almaz xanım nə deyir.

O c a q q u l u. Yox, qoy o hələ indicə mənə desin görüm: hər binanın bir ustası var, ya yoxdur?

Ş ə r i f. Ocaqqulu dayı, sən bir spakoys ol, onları müzakirədə danışarıq.

H a c ı Ə h m ə d. A kişi, sən bir səsini kəs, qoy görək kişinin qızı nə deyir də.

A l m a z. Yoldaşlar, bizim çalışdığımız, kəndin əməkçiləri üçündür. Hər işdə də dayanacağımız onlardır. Lakin məqsədimiz kəndliləri yoxsul görmək, hamını yoxsul etmək deyildir. Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın, bütün yoxsullar varlansın, mədəniləşsin, bu günkü yürüşdə sağlam bir əsgər kimi yeriyə bilsin.

 

Hamı əl çalır.

 

H a c ı Ə h m ə d. Barakallah, kişi qızı, barakallah, kişi qızı, afərin, barakallah, fərasət! Halal olsun sənə anadan əmdiyin süd. Əsl pirğıram elə sən deyəndir (Əl çalır). Varlıları yoxsullaşdırmaq yox, yoxsulları varlandırmaq. Söz elə budur ki, var!

İ b a d. Baxma, tülküdür. Elə podlesdir, dabbaqxanada gönünü tanıyıram.

O c a q q u l u. Həzərat, mən ondan sual eləmək istəyirəm ki, hər binanın bir ustası var, ya yoxdur?

B a r a t. Eh, yumsanız onun ağzını.

H a c ı Ə h m ə d. Sözünü de, bacıqızı, əsl söz elə sən deyəndir. Sən ki, bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. Bircə qulbeçəm var, gəl başını apar, kəs. Bir nəfər sənə yox deməz. Qaldı ki, mal cəhətincə, həmçinin, pul qoymaq, kömək etmək bizdən, bina qurmaq, tədbir tökmək səndən.

H a m ı. Yaşa! Yaşa! (Əl çalırlar).

B a l a r z a. Əsl pirğıramı elə bu kişi keçirdir. Yaşa, Hacı, yaşa! (Əl çalır).

B a l o ğ l a n. Yoldaşlar, sakit olun, Almaz xanım, hansı ki, neçəneçə şeyləri bizim üçün aydınlaşdırsın.

A l m a z. Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. Yenə kəndə yeni yaşayış lazımdır. Bunun üçün də “Yeni yol” adında bir kolxoz düzəlmişdir. Yoldaş Lenin deyir ki, əsrlərdən bəri donub qalmış kənd, ancaq kollektivləşmə ilə yoxsulluqdan və dilənçilikdən qurtara bilər. Biz, qadınlarımızın hüquqsuzluğunu da bu yol ilə aradan qaldıra bilərik.

İ b a d. Odur ey, yavaş-yavaş gəldi mətləb üstünə.

A f t i l. Doğru deyir də, dünən Kərbəlayı Balarza guplayıb ağlobu arvadın miyantənginə, hələ bir ay, Ocaqqulunun qatırı kimi axsayacaqdır.

O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət, cədd-əqrəbasına lənət, sonra da yalan deyənə!

B a l o ğ l a n. Kərbəlayı Ocaqqulu dayı, Kərbəlayı Ocaqqulu dayı!

O c a q q u l u. Siz istəyirsiniz mənim qatırımı ayağa salıb alasınız. Adə, Kərbəlayı Əlmərdan, sən olasan o qatırıvın balası, balovun qatırı... qatırıvın canı, balovun canı, mənim qatırım axsaqdır?

Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bir spakoys ol.

B a r a t. Yoldaş sədr, çıxardasınız bu qatırın məsələsini müzakirədən.

O c a q q u l u. Görmürsən, mənə deyir qatırın axsaqdır, hara gedirəm deyir qatır, elə deyir qatır, elə deyir qatır.

H a c ı Ə h m ə d. Canım, bir dayansana görək kişinin qızı nə buyurur.

O c a q q u l u. Eybi yoxdur, qalsın qırmızı qulluğunda. Əgər mən sənə o qatırın axsaqlığını sübut elədim, mən də oldum Molla Qulamhüseynin oğlu.

A l m a z. Yoldaşlar, bizim qadınlarımız Şura hökumətinin onlara verdiyi hüquqdan hələ də istifadə edə bilmirlər və cəmiyyətin irəliyə yürüşündə axsayırlar.

A f t i l. Ocaqqulunun qatırı kimi.

O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət.

A l m a z. Çarxın biri var, o biri yoxdur. Ox yerlə sürünür. Qadın əmək başına gəlməli və ikinci çarxı əvəz etməlidir.

İ b a d. Odur ey, vurdu kəlləçarxa. Pişim-pişimnən hara apardı çıxartdı.

A l m a z. Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info