Qonaq Kitabı
ALMAZ

M i r z ə S ə m ə n d ə r. Belə də iş olar? Müdir qalsın bir qıraqda, o-bu gəlsin öz adını yazsın, kağız da onun-bunun adına yazılsın?

A l m a z. Mirzə Səməndər, o da bir şey deyildir ki: mənə ondan nə isti olacaqdır, nə də soyuq.

M i r z ə S ə m ə n d ə r. Ax, qurban olum Məhəmmədin şəriətinə! Yaxşı oturtmuşdu arvadları evin küncündə, olmadı. Bacım, anam, bura klubdur, nədir, hə? Sovprob gedir, kosmoloko gəlir, agitprop gedir, kolxozsentr gəlir. Bura zavoddur, nədir? Döndərmişsən buranı zənənə hamamına. Gündə bir dəstə arvadı yığırsan bura, de ki deyəsən...

A l m a z. Mirzə Səməndər, nə olar, siz özünüz kömək etməkdənsə, daha da deyinirsiniz.

M i r z ə S ə m ə n d ə r. Anam, bacım, darısqallıqdır. Elə bu gün çıxart bu maşınları buradan. Müdir mənəm, yox? Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi!

A l m a z. Axı yer yoxdur. Budur, baxın, doklad yazmışam ki, məscidi də, Hacı Əhməd bağını da bizə versinlər. Kəndlilərin yığıncağında təklif edəcəyəm. Keçən kimi bütün otaqları boşaltdıraram.

M i r z ə S ə m ə n d ə r. Yaxşı, bu uşaqlar nədir salmışsan kəndin küçələrinə, hə? Ax, qurban olum Məhəmmədin şəriətinə! Bir ağaca minib, min bir budaq gəzir. Mən gəlincə məktəb binasını boşalt, vəssalam! (Gedir).

T e m u r t a ş. Almaz, sizin bu təklifləriniz böyük bir inqilabdır. Bunları keçirtmək üçün sizə bir ordu gərəkdir.

A l m a z. Ordu vardır.

T e m u r t a ş. Məscid məsələsi, Hacı Əhmədin bağı məsələsi... qorxuram kəndlilər üstünə qalxalar. Bir gurultu düşər ki, daş dəyər, baş çatdar.

A l m a z. Heç bir şey olmaz. Inqilab cəsarət istər. Sizin kimi hər iki saatda bir çay qaşığı tökməklə inqilab olmaz. Bizim də tərəfdarımız çoxdur. Bax, Aftil, Gülverdi, Barat, kəndin kommunist və komsomolçuları və bütün yoxsulları. Sonra Şərif...

A f t i l. Bəh, bəh!

A l m a z. Şura sədri Baloğlan.

A f t i l. Bəh, bəh, kitab başlandı.

T e m u r t a ş. Bu qədər təklifi birdən etmək olmaz. Kəndlilər gurultu qopardar.

A l m a z. Kəndlilər neçin, biz ki, onlarçın çalışırıq. Siz görəydiniz, kəndlilər hamısı bizim təkliflərimizi sevinərək necə qəbul edirdilər.

M i r z ə S ə m ə n d ə r (bayırdan). Ax, qurban olum Məhəmmədin şəriətinə!

A l m a z. Aftil dayı, sən Baratgilə de ki, hamı yığışanda, mənimçin xəbər göndərsinlər.

T e m u r t a ş. Ancaq, Almaz, mən yenə də sizin o nişanlınızın dostundan şübhəli qaldım.

 

Bir yerdə gedirlər. Bu aralıq C a m a l qayıdır, ardınca M i r z ə S ə m ə n d ə r içəri girir. Acıqlı öz otağına keçirkən.

 

C a m a l. Almaz xanım, Almaz xanım! (Birdən gözü Mirzə Səməndərə ilişir). Mən Almaz xanımı görmək istəyirəm.

M i r z ə S ə m ə n d ə r. Mən nə bilim hansı cəhənnəmdədir. Qulluq göstərir. Əriştə doğrayır.

C a m a l. Siz bu adamı tanımırsınız? (Stol üstündəki şəkli göstərir).

M i r z ə S ə m ə n d ə r. Birdir, ikidir, hansını tanıyım? Bircə onun nişanlısının adresini bilsəydim, mən bilərdim ona nə yazardım (İçəri girir).

C a m a l (stol üstündəki şəkli göstərərək). Bu şəkil çoxdanmı buradadır?

 

Mirzə Səməndərə baxır və onun getmiş olduğunu görüncə, şəkli cibinə qoyur, tez çıxır, bir azdan A l m a z və X a n ı m n a z içəri girirlər.

 

A l m a z. Ana, mənə elə gəlir ki, evin yanından sürüşən o kölgə bizim otağımızdan çıxdı.

X a n ı m n a z. Yox, a balam, yoldan keçən olar. Mən heç görmədim də. Bir də, ay balam, ola da bilər. Vallah, gecələr qorxudan gözümə yuxu getmir, kənd içində min cür sözlər danışırlar. Daha gəlib sənə demirəm ki, qorxarsan.

A l m a z. Necə yəni qorxarsan? Nədən qorxacağam?

X a n ı m n a z. Ay balam, kənd içində hansı evə girirsən, hansı tayanın yanına gedirsən, hamı sənin sözünü danışır, hərəsi bir söz deyir. Çənə-boğaz döyüşürlər. Biri deyir: arvadları yoldan çıxardır. Biri deyir: kişiləri yoldan çıxardır. Qorxuram, ayağının altını qazıyalar. Qulluqdan çıxardarlar səni, yenə qalarıq əvvəlki kimi eləbelə. O, cəhənnəmə, ay balam, gerisindən qorxuram. Keçən il, deyir, buraya bir aqronom gəlib çıxmışdı, bilmirəm nə deyir, nə demir, bir gecədə elə itirirlər ki, indiyə kimi meyiti də tapılmır.

A l m a z. Kim?

X a n ı m n a z. Kim bilir. Sən bu şərbəşaran işlərə qoşulma. Necə Mirzə Səməndər, sən də elə. Dərsini de, Allahına şükür elə. Onacigəzə bir söz yoxdur. Başqa şeylər nəyinə lazım. Aşından ki, yeməyəcəksən, tüstüsündən niyə kor olasan?

A l m a z. Ay ana, axı bu şərbəşaran iş sən nəyə deyirsən?

X a n ı m n a z. Budur, elə bu gördüyün işlər! Bu gün yenə bulaq başında danışırdılar ki, bu günkü yığıncaqda Almaz Allahdan danışacaqdır ki, Allah olmasın.

A l m a z. Sən, ana, heç qorxma. Mənim təkliflərim kəndlilərin öz xeyri üçündür. Sən bəs bu gün bulaq başında görəydin, məni lap əldə gəzdirmək istəyirdilər.

X a n ı m n a z. Ay balam, axı Mirzə Səməndər ki, qatışmır, nə olur?

A l m a z. Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıbdır ey, geridə. Başa düşdün? Qoy bir mən onları başa salım, sən özün görərsən, əgərsevinməsələr, mənə hər nə deyirsən, de.

Ş ə r i f (bir uşaqla gəlir). Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana.

A l m a z. Şərif uşağı əldən saldı.

Ş ə r i f. Eybi yoxdur, canı bərkişər, təki Almaz xanım bizə buyruq buyursun. Hə, Almaz xanım, yığıncağı təyin etdik. Özünüzü hazırlaşdırın.

A l m a z. Mən hazıram.

X a n ı m n a z. Ay balam, qurbanın olum, qorxuram, birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar.

A l m a z. Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən.

Ş ə r i f. Siz, xala, savsim bespakoys olmayın, mən özüm buradayam. Hər bir işi subutalni, dakumentalni düzəldərəm.

X a n ı m n a z. Allah atana rəhmət eləsin.

Ş ə r i f. Kəndlinin gərək çəmini biləsən. Çəmini ki, tapdın, vur qapazı başına, al çörəyi əlindən, qurtardı getdi.

 

Bu aralıq küçədən gurultu qopur, orta yaşlı b i r k ə n d l i b i r q a d ı n ı n əlindən tutub sürüyərək və bağıraraq gəlir!

 

B a l a r z a. Adə, Mirzə Səməndər, Mirzə Səməndər! Bəri gəl, köpək oğlunun qızı. Mirzə Səməndər!

Ş ə r i f. Nə var, Kərbəlayı Balarza?

B a l a r z a. Bəri gəl görüm. Bu hansı zakunda yazılıbdır?

M i r z ə S ə m ə n d ə r (bayıra çıxır). O, kimdir məni çağırırdı?

B a l a r z a. Mənəm çağıran, mən! Mən bir bilmək istəyirəm ki, sizi bu kəndə nə üçün göndəriblər, hə?

M i r z ə S ə m ə n d ə r. Uşaqlara dərs demək üçün.

B a l a r z a. Rəhmət atova. Daha başqa bir işnən ki, rücunuz yoxdur?

M i r z ə S ə m ə n d ə r. Xeyr, əstəğfürullah.

B a l a r z a. Yaxşı, bu hansı zakunda yazılıb ki, əri kolxoz olmasın, arvadı tovlayıb aparasan, hə? Zıqqıldama, köpək oğlunun qızı, sənin atovun kəllə pambığını eşib tumanbağı toxutdurmasam, atam Hacı Turabdan xəbərim yoxdur.

M i r z ə S ə m ə n d ə r. Kərbəlayı Balarza, vallah, billah, mənim bu işdən heç xəbərim yoxdur.

B a l a r z a. Xub, bəs bunu hansı haramzada eləyir? Kəndi çaxnaşdırır birbirinə. De görüm, itin balası, səni kim yazdı?

G ü l x a n ı m. Odur, o yazdı. Dedilər çit verəcəklər.

B a l a r z a. Qələt elədi onu deyən atasıynan, anasıynan, cəddəqrəbasıynan!

Ş ə r i f. Kərbəlayı Balarza, nə olub? Axı yaxşı deyil, burada zənən xaylağı var. Sən bir spakoys ol, mən sənə işin əslini subutalni, dakumentalni danışım.

B a l a r z a. Yox, yox, o mənə desin görüm, hansı zakun ilə arvadı ərindən ixtiyarsız kolxoz eləyir?

A l m a z. Balarza dayı, mən ki, sənin arvadını yaman bir yola aparmıram. Sən bir yaxşı-yaxşı fikirləş. Bu onun öz faydasıdır. Həm oxuyacaq, həm də qazanca çatacaqdır.

B a l a r z a. Sən apar qazancı öz rəhmətlik atovun, babovun və cəddiəqrəbovun qapısına cala.

X a n ı m n a z. Kərbəlayı Balarza, qurban olum sənə, uşağıma acıqlanma.

M i r z ə S ə m ə n d ə r. Uşağın canı çıxsın, dinc otursun. O gəlib ayran içməyə, gəlməyib ara açmağa. Hökumət üçün əriştə doğrayır.

B a l a r z a. Mənim arvadıma dil verənin dilini boynunu sapından çıxardaram!

M i r z ə S ə m ə n d ə r. Neçə vaxtdır buradayam, görmüşsən məni belə işlərə qarışam? Mənim borcum böyüklü-kiçikli hamıya hörmət eləməkdir. Nəyimə gərək xalqın işinə qarışam. Müəllim babayam, dərsimi deyirəm, Allahıma şükür eləyirəm.

A l m a z. Siz öz vətəndaşlıq borcunuzu bilmirsiniz.

M i r z ə S ə m ə n d ə r. A kişi, sən də çox qozqurtma ha! Sənin kimiləri çox görmüşük. Vətəndaşlıq borcu. Meymun kimi atdanıb ortalığa, nə var ki, mən iş bilmişəm.

İ b a d (gəlir). Sən öləsən, bundan sonra gərək papağımızı basdıraq quma, özümüz də ləçək bağlayaq. Bir qarış boyu ilə şəhəri əldən salıb, indi də gəlib bura çıxıb. Dünyayi-aləmi salıb ləxləxəyə (İçəri girərək) Bura bax, burada kim vardır? O itin qızı buraya gəlmişdir?

A l m a z. Hansı itin qızı?

İ b a d. And olsun Allahın birliyinə, mənim havam gələndə atamı da tanımıram. Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadırsınız?

A l m a z. Siz məndən nə istəyirsiniz?

X a n ı m n a z. Ay balam, başına dönüm, danışma, gir evə. O birtəhərdir.

M i r z ə S ə m ə n d ə r. Yox, deməyin, forsuna dəyər.

İ b a d. Mənim qardaşım arvadı bura gəlmişdi, ya yox? Doğrusunu deyin. Həzrət Abbas haqqı, qan beynimə vuranda, it kimi doğraram onu.

A l m a z. Siz gedin, onun hara getmiş olduğunu onun özündən soruşun. Bir də, bura gələndə nə olar?

İ b a d. Qoy buraya sənin kimi qısa tumanlar gəlsinlər. Mən sizdən soruşuram: o buraya gəlmişdi, ya yox?

A l m a z. Mən bilmirəm.

Ş ə r i f. İbad dadaş, sən bir spakoys ol, mən işi subutalni, dokumentalni soruşum, sən də bil.

B a l a r z a. Sən öləsən, arvadların əlinə düşməmişik! Poz, bu saat poz, sənə deyirəm!

A l m a z. Sizin onu zorla pozdurmağa haqqınız yoxdur.

B a l a r z a. Məni qana salma, poz, sənə deyirəm!

X a n ı m n a z. Pozar, bu saat pozar.

İ b a d. Həzrət Abbas haqqı, bu üzü qiblə haqqı, əgər biləm o buraya gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu papaq olmasın, lap arvad ləçəyi olsun. Onda sən də tamaşa edərsən! (Acıqlı çıxıb gedir).

Ş ə r i f. Bilmirəm, yığıncağı yenə çağırmaq ola...

 

S ü k u t.

 

M i r z ə S ə m ə n d ə r. Deyəndə dinc otur, xalqın forsuna dəyir. Canım, biz də adamıq. Mənə nə düşüb xalqın işinə qarışım ki, axırda da yaman kişi olum?! Can onun, cəhənnəm tanrının. Onunku elə odur ki, bir ərizə yazasan, alasan bir motal pendirini, yeyəsən malını, çıxardasan canını, qurtardı getdi. Vətəndaş, vətəndaş. Bu xalq da sənin kimi vətəndaşdır də.

A l m a z (diqqətlə Mirzə Səməndəri dinləyir və ona yanaşıb, acı bir istehza ilə). Vətəndaş, tfu! (Hiddətlə tüpürür).

 

P ə r d ə

 

 

İKİNCİ PƏRDƏ

 

Kənd şurasının qabağı. B e ş - a l t ı nəfər baş-başa çatıb söhbət edir. Sonradan adamlar bir-bir, iki-iki gəlib onlara qoşulur.

 

H a c ı Ə h m ə d. Deyəsən bu qız doğrudan da gələnə oxşamır.

B a l a r z a. Ay kişi, ağzımda sizə nə deyirəm? Ona elə bir düdəmeyi-hindi gəlmişəm ki, daha papağını da atsalar, yığıncağa ayaq-mayaq basmaz.

H a c ı Ə h m ə d. Canın üçün elədir. Lap təcrübə eləmişəm. Yumruq çəkənin qabağına çomağnan çıxmasan, deyər qorxdu. Ancaq bu hələ təzə-təzə culus eləyir. Gərək bir görək sözünün əsli-məğzi nədir? Belədir, ya qeyri-belədir?

İ b a d. Sözünü də kəsirəm Hacı, oğlunun toyunda. Elə padlesdir, elə padlesdir, heç zəmanədə tayı yoxdur. Sən öləsən, elə Allah-Allah eləyirdim ki, bir ağzını açıb bir söz desin. Amma padlesliyini gör ki, dodağını dodağından ayırmadı.

H a c ı Ə h m ə d. Heç tələsmə, canın üçün gec-tez başı dəyər əlhəd daşına. Ancaq hələ bir dişimizə vuraq. Bərkini-boşunu bilək. Bəlkə elə yola yaxındır. Olmasa, yenə də ağa durub, ağacan durub. Belədir, ya qeyri-belədir?

B a l a r z a. Yox, Hacı, mən o qızda gördüyümü görmüşəm.

İ b a d. Bəs Molla Sübhan gəlməyəcək?

H a c ı Ə h m ə d. Yox, Molla Sübhan qoy hələ gəlməsin, işi korlar. O öz məsələsinə arifdir. Eybi yoxdur, özü Ocaqqulunun dərsini verib göndərər.

İ b a d. A kişi, Ocaqqulu iki eşşəyin arpasını bölə bilmir.

B a l a r z a. Odur, Baloğlan gəlir.

İ b a d. Mən belə arvadmərəkə adam görməmişəm. Dünən, deyirlər, qız elə ki döyüb ayaqlarını onunçun yerə, özünü itirib. Az qalıb yıxılsın əl-ayağına. Deyib ona: necə ki, necə? Mən on arvad üçün ərizə yazmışam, sən birinin də işinə baxmamışsan. İndi ki, belədir, sovsim gərək şuradan çıxasan. İspolkom gərək arvaddan olsun.

B a l a r z a. Arvad a... Vay atonnan səni! Əcəb dünya korlandı getdi.

H a c ı Ə h m ə d. Barakallah qız, barakallah qız!

İ b a d. Ondan hələ təzə-təzə qissələr çıxacaq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info