Qonaq Kitabı
ALMAZ

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

BİRİNCİ ŞƏKİL

 

A l m a z qapı ağzında dayanmış, uşaqlar başına toplanmışlar.

 

S ü r m ə. Müəllimə, bəs siz bir-iki gündür heç əvvəlki kimi gülmürsünüz?

A l m a z. Yox, mənim nazlı qızım, ağıllı qızım! Mən əvvəlki kimi gülürəm.

S ü r m ə. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya gəzmirik?

A l m a z. Çünki kəndin ağaları qoymurlar.

S ü r m ə. Müəllimə, bəs neçin o gün adamlar bizi daşnan vururdular?

A l m a z. Ona görə ki, onlar sizi də mənim əlimdən almaq, özləri üçün naxırçı, arabaçı eləmək istəyirlər. Amma biz sizi traktorçu, maşınçı, aeroplançı eləmək istəyirik. Onlar istəmirlər. Çünki bu onların cibinə zərərdir.

S ü r m ə. Müəllimə, gedək, oxuya-oxuya kəndi gəzək.

A l m a z. Yaxşı, uşaqlar! Indi ki, getmək istəyirsiniz, gedin. Tez qayıdın, işiniz vardır.

S ü r m ə. Müəllimə, hansını oxuyaq?

A l m a z. Hansını istəyirsiniz. Haydı! Sıraya düzül! Irəli, marş!..

 

Uşaqlar yüyürərək oxuyurlar.

 

Duman dumandan aşar,

İşıq dalından qoşar,

Yaman ölər, yaxşı yaşar,

Hey yeni dünya, hey!

 

Günəş doğar, işıq saçar,

Onu görüb duman qaçar.

Yaz yetişər, güllər açar,

Hey yeni dünya, hey!

 

Günəş buluddan ucadır,

Bu əski dünya qocadır.

Yüksəl, işıqlan, uca dur,

Hey yeni dünya, hey!

 

Uşaqlar oxuyaraq gedirlər. Almaz evə qayıdır. Ş ə r i f qaçıb soldakı qapıdan başını içəri salır.

 

Ş ə r i f. Adə Baloğlan, Baloğlan, bəs hanı bu zalım oğlu, zalım?

 

Ş ə r i f tələsik getmək istərkən H a c ı Ə h m ə d ə rast gəlir.

 

H a c ı Ə h m ə d. Ay gədə, Şərif!

Ş ə r i f. Hacı, xoş gördük!

H a c ı Ə h m ə d. Bizə sən gəlmişdin?

Ş ə r i f. Mən gəlmişdim, mən gəlmişdim. Bunu görmüşsən? (Əlindəki qəzeti göstərir).

H a c ı Ə h m ə d. Yox, hardan görəcəyəm, nə var məgər?

Ş ə r i f. Atası yandı. Gür-gurunbaz getdi kəlləsi üstə. Hamısını subutalni, dakumentalni, yerli yerində...

H a c ı Ə h m ə d. Nə deyirsən, əşşi? Canunçun bir belə şey olsa, sabah əbrəş qoçu kəsirəm.

Ş ə r i f. Mən əjdahalarla çəngəlləşmişəm Tülkü-mülkü mənim qabağımda nə dayana bilər?

H a c ı Ə h m ə d. Bir danış görək, nə olub?

Ş ə r i f. Budur, aşnanı yazıblar.

H a c ı Ə h m ə d. Sən allah, oxu bir görüm.

Ş ə r i f. Qoy hələ Baloğlanı da tapaq.

H a c ı Ə h m ə d. Sən elə bir-iki kəlmə əsli o maddəsini mənimçün oxu, indicə onlar da harada olsa gəlib çıxarlar.

Ş ə r i f. Dayan, hələ bu bir parçasını oxuyum. Başdan yazıb “Qudurğan müəllimə”, sonra dalınnan gəlir, burasında, bax, yazır: “Müəllimə kəndin cavanlarını başına yığıb məktəbdə kef çəkir və min cür nalayiq işlər görür. Özü bir yana, uşaqların da əxlaqını pozur. Onları soyundurub öz kef məclislərinə gətirir və öz dostlarının qabağında oynadır...”.

H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Bax, burada Barat-maratı da ilişdirmək olardı.

Ş ə r i f. “...Bundan başqa, xırda uşaqları qovlayıb öz kef məclisləri üçün gizlindən yağ, pendir və sairə gətirməyə göndərir...”

H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Daha atası yandı. Canunçun, kəsdim əbrəş qoçu.

Ş ə r i f. Hələ yaçeykadan xəbərin yoxdur. Bu gün səhər bir vurhavurdu ki, gəl görəsən.

H a c ı Ə h m ə d. Deyir, bəs deyirmiş ki, yaçeykanın da katibi yaramaz.

Ş ə r i f. Yaramaz? Yaramaz hansıdır? Deyir, yaçeykanın katibi Hacı Əhmədin kürəkənidir. Ona görə də ağzını yumub oturubdur.

H a c ı Ə h m ə d. Böyük padlesdir. Böyük ustadır. Bəs axırı nə oldu?

Ş ə r i f. Heç nə. Mən ley vuran görmüşdüm, belə tükü tökülən görməmişdim.

H a c ı Ə h m ə d. Necə məgər?

Ş ə r i f. Heç necə. Işi elə düzəltmişəm ki, hər kimə üz çevirir. Deyirlər ona ki, yoldaş, biz kəndə ləxləxə salan bir adamı müdafiə etmərik.

H a c ı Ə h m ə d. Ay barakallah, ay gözünə dönüm!

Ş ə r i f. Bir az Baratgil o yan-bu yan elədilər, ancaq bir qələt eləyə bilmədilər.

Səməd bir yandan döşədi, Rəcəb o yandan döşədi, axır ki, yumdular.

H a c ı Ə h m ə d. Ay barakallah! Ay gözünə dönüm! O indi mənimlə sikkəbərlik eləyir. Yaxşı, deyilən elə!

 

B a l o ğ l a n, O c a q q u l u gəlirlər.

 

B a l o ğ l a n. Budur, hər ikisi buradadırlar. Mən səhərdən size axtarıram.

O c a q q u l u. Möcüzə zahir olubdur.

Ş ə r i f. Biz eşitmişik. Sən get camaata de.

O c a q q u l u. Molla Sübhan bu gecə yuxu görüb... Yuxuda görüb ki, nurani bir kişi əlində ağ paltar, altında ağ at hazır-nazır olub. Deyib: ey Molla Sübhan, nə yatmışsan? Allah-taala bu kəndə bir bəlayi-taun göndərəcək ki, kəndinizi zir-zəbər eləsin. Ərz eləyib, atam-anam fəda olsun, bəs səbəb nədir ki, bizim kəndimizə bəla gəlir? Deyəndə, deyib ki...

H a c ı Ə h m ə d. Ay kişi, sən bunu get camaata danış ey, camaata. Bu yuxunu biz çoxdan eşitmişik.

O c a q q u l u. Sən bir dayan, mən sözümü qurtarım, gör nə deyirəm də...

H a c ı Ə h m ə d. Ay kişi, biz elə yeməmiş bundan tox idik ey, başa düşdün! Sən get Fatmansa arvad üçün danış, o biri adamlar üçün danış.

O c a q q u l u. Hələ odur ki, Allahın bəlası müsəlləh olub, tövqilənət kimi keçib xirtdəyinizə. Hələ elə eləmişsiniz ki, hələ elə də olubdur. Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (Gedir).

Ş ə r i f. Oxumuşsan, aşnovi?

B a l o ğ l a n. Bəli ya...

Ş ə r i f. Hə, necə görürsən lələşüvün qələmini? Döşüvə yatır?

B a l o ğ l a n. Bəli ya... Qiyamətdir.

Ş ə r i f. Daha dirilən yeri-zadı qalmayıb ki?

B a l o ğ l a n. Yox a, yox, yox! Daha bal da yesə, irəli gəlməz. Gur-gurunbaz getdi ki, getdi.

Ş ə r i f. O, yəqin deyib ki, nə var, kəndlidir də, başa düşmürlər, qoyun kimi hara istərəm, sürərəm. Daha demir, bu kənddə elə əjdahalar var ki, onu bir hortumda hop eləyib udarlar.

H a c ı Ə h m ə d. Canunçun, Şərif, sabah əbrəş qoçu kəsdim.

B a l o ğ l a n. Ancaq, o axırı bir az məni açmır.

H a c ı Ə h m ə d. Axırında nə var məgər?

B a l o ğ l a n. O qəmisyə məsələsi.

H a c ı Ə h m ə d. Nə qəmisyədir o? Oxu bir görüm.

Ş ə r i f. O bir şey deyil. Mənim əlimdə subutalni-dakumentalni dəlillər var. Bir burasına bax! Deyir: “Onun bu fəna hərəkətlərini tənqid etmək istəyənləri müəllimə ləkələməyə çalışır. Ümumiyyətlə, müəllimə kəndlilər arasında intriqa salıb. Ona görə bütün kəndlilər bu əxlaqsız müəllimənin bilatəxir çağırılmasını və cəzalanmasını tələb edirlər”.

H a c ı Ə h m ə d. A barakallah, a barakallah!.. Bunun harası xarabdır? Canunçun, Baloğlan, lap atası yandı. Daha qəmisyə hansıdır?

B a l o ğ l a n. Bəli ya, yanmasına yandı, ancaq o qəmisyə məsələsi məni açmır.

H a c ı Ə h m ə d. Hansı qəmisyədir o axı?

Ş ə r i f. Belə, o bir şey deyil ey... Onu idarədən yazıb ki, bu işi tədqiq etmək üçün xüsusi bir qəmisyə göndərilir.

H a c ı Ə h m ə d. Hə, qəmisyə gəlir? Bu bir az yaxşı olmadı deyəsən.

B a l o ğ l a n. Mən də onu deyirəm də.

Ş ə r i f. Bura bax, siz bir spakoys olun. Bunu mən yazmışam. Siz durun, hamısını mən bir-bir subutalni, dakumentalni göstərim. Uşaqların çörək-mörək gətirdiyini sən görmədin, yalandır yəni? Uşaqlar hər gün lüt ətcəbala oynamırlar? Baratgil gəlib baxmırlar? Neçə kərəm mən özüm gedib tamaşa eləməmişəm? Özü mənə deməyib ki, gəl qızlarıma tamaşa elə?

H a c ı Ə h m ə d. Yaxşı, bəs sənə deməzlər ki, sən əgər yaxşı adamsan, neçin getmişsən?

Ş ə r i f. Yox da, sən bir spakoys ol, mən özüm şura katibi, bax, bu da mənim kağızlarım. Bu da qəzetdə şəklim. Özüm də müxbir. Əlimdə subutalni, dakumentalni kağızım. Ixtiyarım var, bu saat vurum onun gözünün altını qaraldım. Müxbirə söz yoxdur.

H a c ı Ə h m ə d. Qəmisyə haçan gələcək?

Ş ə r i f. Kim bilir, bəlkə hələ sabah gəldi, ya o biri gün gəldi.

H a c ı Ə h m ə d. Bura bax, bu işi boş tutmaq olmaz. Gərək bir məsləhətləşək. Bəlkə də tutub damlamaq yaxşıdır, hə? Çünki qız tutulsa, onda qəmisyə də ona dustaq kimi baxar. Sözlərinin bir elə ağırlığı olmaz, hə? Belədir, ya qeyri-belədir?

B a l o ğ l a n. Istəyirsiniz hələ bu saat tutum, salım tövləyə?

H a c ı Ə h m ə d. Yox, yox, gərək hər iş camaatın əli ilə olsun. Molla Sübhanın möcüzü də heç yaman deyil. Gedək İbadı da tapaq, o da öz adamlarını görsün.

Ş ə r i f. Ibad şəhərdədir.

B a l o ğ l a n. Oduvey, İbad dağın böyrilə dördayaq sürür. Yanında da qardaşı.

H a c ı Ə h m ə d. Yəqin qazamatdan buraxıblar də.

B a l o ğ l a n. Bəli ya, özüdür ki, var.

Ş ə r i f. Canım, siz İbadı neyləyirsiniz? O Allah bəndəsi deyir: vuran əl məndə. Haçan deyirsiniz, mən bir gecədə işi elə bitirim ki, nə iyi tapılsın, nə piyi. Odur, aşnan da gəlir.

B a l o ğ l a n. Aşnam hansıdır?

Ş ə r i f. Xalaqızı da.

H a c ı Ə h m ə d. Hə, gəlin daha bu yana.

Ş ə r i f. Dayanın bir görək. O, yanındakı şumalay oğlan kimdir?

H a c ı Ə h m ə d. Yox, yox, daha dayanmayın, gedək bənd-bərəni bağlayaq. Sonra gəlib xəbər bilərsən.

 

Gedirlər. Doktor T e m u r t a ş və A l m a z içəri girirlər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info