Qonaq Kitabı
ALMAZ

A f t i l. Bilmirəm, mən elə sənin gəldiyini ona dedim, elə gördüm altı-beş vurur. Mən bir gedim görüm bu hara getdi.

 

Çıxmaq istəyir, bu aralıq A l m a z qucağında uşaq içəri girir. Içəridə adam olduğunu görüncə, diksinib divara söykənir və birdən Fuadı tanıyaraq.

 

A l m a z. Fuad! Əzizim, sənsən? Nə yaxşı gəlmişsən (Üstünə yüyürüb onu öpmək istəyir, birdən geri dönərək). Yox, yox, dayan, hələ bu uşağı yerinə salım, mən səni bərk-bərk öpmək istəyirəm. Sənin üçün lap qəribsəmişəm. Yaxşı ki, gəldin, Fuad. Bu saat sənin köməyin mənə bilirsənmi nə qədər lazımdır (Uşağa işarə ilə) Ay yazıq, gömgöy göyərmişdir. Bilirsən, Fuad, mən onu bu saat lap uçurumun üstündən, ölümün boğazından çıxartmışam. Hə. Hələlik sən yat (Bir sevinclə Fuada doğru atılaraq). Fuad, əzizim, nə yaxşı ki, sən bu ağır dəqiqəmdə özünü mənə yetirdin (Fuadı qucaqlamaq istəyir).

F u a d (soyuq bir hərəkətlə, onun qollarını özündən rədd edərək, soyuq bir tərzdə). Bir az yavaş.

A l m a z (duruxur, sonradan Aftili görüncə, yenidən sevinərək). Aha... yox, Fuad, Aftil dayı elə adam deyil. O çox gözəl kişidir. O mənə lap atalıq eləmişdir... O bilir ki, mən səninçin qəribsəmişəm.

A f t i l. Eybi yoxdur, bacıqızı, işini gör, mən elə gedəsiyəm. Sonra yenə gələrəm (Çıxmaq istəyir).

A l m a z. Aftil dayı, bu mənim nişanlımdır. Görərsən, o mənə hər şeydə necə kömək edər.

A f t i l. Allah eləsin, bacıqızı, Allah eləsin (Gedir).

A l m a z. Fuad, əzizim, bilsən mən sənsiz nələr çəkmişəm (Yenə onu qucaqlamaq istəyir).

 

F u a d acıqlı onun qollarını itələyərək.

 

F u a d. Yavaş, deyirəm sənə. Mənim hələ səndən soruşacaq sözlərim vardır.

A l m a z (birdən duruxaraq). Fuad, sənə nə olub, sən heç danışmırsan?

F u a d. Onu sən özün yaxşı bilməlisən ki, mənə nə olubdur? Sən özünü yaxşı apara bilsəydin...

A l m a z (yenidən sevinərək). Bilirsən, Fuad, bu saat elə bir haldayam ki, heç ağlım başımda deyil. Bu saat mən ölümlə pəncələşirəm. Anlayırsanmı? Ölümlə! Bu hələ yaxşı günümdür, heç olmasa mənə daş atan yoxdur. Sən də mənim yanımdasan. Bilirəm ki, məni qoruyan var. Bəs sən onda görəydin ki... (İxtiyarsız halda yenə də onu qucaqlamaq istəyir).

F u a d (daha sərt bir hərəkətlə onu itələyir). Yavaş, deyirəm sənə. Özünü bilməməzliyə qoyma. Sən hələ mənə cavab verməlisən.

A l m a z (büsbütün şaşqın bir halda durub ona baxaraq). Fuad, sən nə istəyirsən?

F u a d. Nə istəyirəm? Səndən cavab istəyirəm.

A l m a z. Cavab? Nə cavab?

F u a d. Nə cavab? Sən bilmirsən? O uşaq kimindir?

A l m a z (boğulmuş kimi, nəfəsini tez-tez alaraq). Uşaq?.. Fuad, onu, sonra, deyərəm.

F u a d. Səndən soruşuram: uşaq kimindir?

 

Almaz yavaş-yavaş özünə gəlir, yaxasını düymələyir, saçlarını düzəldir və yüngülcə bir gülümsəmə ilə Fuada baxaraq, görüşdə sakit, lakin çox sərt.

 

A l m a z. Uşaq... mənimdir!

F u a d. Sənindir?.. Hm... Atası kimdir?

A l m a z. O sizin borcunuz deyildir.

F u a d. Almaz, gözünü aç, yaxşı bax... Məni tanıyırsan yox?

A l m a z. Mən sizi çox gözəl tanıyıram, vətəndaş Fuad... Sizin adınız Fuaddır.

F u a d. Bu azdır.

A l m a z. Siz mənim nişanlımsınız...

F u a d. Mən səndən tələb edirəm, söylə, uşaq kimindir?

A l m a z (daha sinirli bir halda). Uşaq mənimdir!

F u a d. Mən deyirəm: atası kimdir?

A l m a z. O sizin borcunuz deyildir.

F u a d. Bəs kimin borcudur?

A l m a z. Heç kəsin borcu deyildir. Onu mən özüm bilərəm.

F u a d. Almaz, sənin ağlın başındadırmı? Sən ailə namusunun nə olduğunu bilirsənmi? Sən hələ də sayıqlayırsan.

A l m a z. Mən azad bir qadınam.

 

Sükut.

 

F u a d. Azad, azad... Siz on damcı dərman yerinə, təsirli olsun deyə, qırx damcı içən bir naxoşa oxşayırsınız. Azadlıq ki, əxlaqsızlıq deyildir.

A l m a z. Siz də, uşaqlarına çörək verib, atam xeyratına deyən xəsislərə oxşayırsınız. Azadlıq mənim haqqımdır. Azadlıq sədəqə deyil. Hamısı mənimdir. Onu çərçivəyə alıb, hər iki saatdan bir çay qaşığı verməyə kimsənin haqqı yoxdur. Mən bütün işlərimdə ya azadam, ya əsir, ya ağayam, ya qul.

F u a d. Sən nə qədər məndəsən – mənimkisən, mənimki olmalısan. Sənin ki, dediyin anarxizmdir.

A l m a z. Sənin də dediyin əski dərəbəyliyin yeni formasıdır. Mən heç bir zaman səninki olmamışam və səninki olmayacağam.

F u a d. Sən ki, mənim nişanlımsan.

A l m a z. Nişanlım... Yaxşı, olmamış olum (Barmağından üzüyü çıxardıb, onun üstünə atır. Sükut).

F u a d. Almaz, bu şəkil kimindir? (Sükut) Eşidirsənmi?

A l m a z. O mənim dostumdur.

F u a d. O, birinci gün, kəndə gəlmək üçün vaqona minərkən rast gəldiyin oğlan deyilmi?

A l m a z. Odur.

F u a d. O buraya da gəlmişdir?

A l m a z. Gəlmişdir!

F u a d. Çox təəccüb!

A l m a z. Sizinçin bəlkə də...

F u a d. O sənin yanında qalmışdırmı?

A l m a z. Qalmışdır.

F u a d. Çox təəccüb.

A l m a z. Burada təəccüb ediləcək bir şey yoxdur. Mənim qapım dostlarımın üzünə həmişə açıqdır.

F u a d. Bu da azad qadın!

A l m a z. Kimsəsiz gecələrdə göz yaşı boğazıma tıxanırkən, Fuad gələr və “sağ ol, Almaz, qoçaqsan”, – deyə şən bir gülüşlə məni oxşar deyirdim. Fəqət sən gəlib nələr soruşursan. Həyat bir kislata kimi bütün paxırları açır, hər kəsi öz rəngində göstərir. İndi mən kiməm, sən kimsən? Mən yeni yaşayış yolunda çarpışan fədakar bir əsgər, bir soldat. Sən isə dargözlü, dar düşüncəli bir meşşan. Budur, mən bu kağızda hamısını sənə yazmışdım. Səni köməyə çağırırdım. İndi isə, al, bu da bu!

 

Kağızı götürüb cırmaq istəyir. Fuad ona doğru atılıb kağızı əlindən almaq istəyir. Fəqət Almaz ondan qabaq kağızı cırıb atır.

 

F u a d. Sən sayıqlayırsan, Almaz! Sən anla ki, bir ailənin səadəti ondakı qadının məsumluğundadır. Sən anla ki, qız ilə qadın arasında bir pərdə vardır ki, onu sökmək – külfət səadətini sökmək deməkdir. Sən dindirəndə qızaran, güldürəndə ağlayan bir qızdın, bu dil səndə yox idi.

A l m a z. Sən mənim sevgimi, səmimi duyğularımı gərəksiz bir pərdəyə fəda edirsən. Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. O hər şeyi bağışlaya bilər.

F u a d. Mən səni anlamıram, Almaz. Mən bir şeyə inanardım, hər şeyi keçərdim. Lakin biz bu uşağa nə ad qoya bilərik. Belə işi bağışlamaq... Eşidən nə deyər? Cidanı ki, çuvalda gizlətmək olmaz. Bunu kim bağışlaya bilər?

A l m a z. Bağışlamaq olmaz... Al, Fuad, bu nədir? (Ona bir kağız uzadır).

F u a d. Bu... bu...

A l m a z. Nədir?

F u a d. Bu, aliment kağızıdır.

A l m a z. Aliment kağızıdır?

F u a d. Lakin, Almaz, gənclikdir, bu bir işdi düşmüşdü.

A l m a z. Bir işdi düşmüşdü! Neçin səninçin bir iş düşə bilər, mənimçin düşə bilməz?

F u a d. Axı, Almaz, mən kişiyəm, sən qadın.

A l m a z. Unut artıq. Mənimçin dünyada kişi-arvad yoxdur. İnsan var: insane hər bir işində azad və sərbəst olmalıdır.

F u a d. Axı, kişiylə arvad arasında bir fərq var, ya yoxdur?

A l m a z. Var. Sənin cəmiyyətin kişiyə hər bir cinayəti bağışlayır, qadına yox.

F u a d. Cəmiyyətə tabe olmaq gərəkdir, yox? Bizim ki, şüarımız kollektivlikdir.

A l m a z. Mən sənin o çürük meşşan cəmiyyətinə qarşı mübarizə aparıram. O haqsızdır. Mən onun ardınca getməli deyiləm. O cəmiyyətin özünü yıxmaq lazımdır.

 

Sükut.

 

F u a d. Almaz, uşağın olduğunu bir adam bilirmi?

A l m a z. Nə demək istəyirsən?

F u a d. Qoy heç kəs bilməsin. Bu sirr aramızda qalsın.

A l m a z. Yox, mən çalışacağam ki, bunu bütün dünya bilsin və hamı bilsin ki, mənim öz işim, ancaq öz işimdir və ona qarışmaq kimsənin borcu deyildir.  

Əlindəki kağızı yerə atır. Bu aralıq doktor T e m u r t a ş içəri girir.

Aha, sizsiniz, mən çox şadam...

T e m u r t a ş. Külək, Almaz, məni əldən salmışdır. Gedə bilmədik, yoldan qayıtdıq.

A l m a z. Tanış olun!

T e m u r t a ş (Fuada yanaşıb, gülümsəyərək, əlini uzadır). Temurtaş.

 

Fuad acıqlı bir dönüşlə onun gah üzünə, gah da əlinə baxır və birdən sərt bir hərəkətlə onun üzünə bir şillə vurur. Hər üçü dinməz durub bir-birinin üzünə baxırlar. Bu aralıq sərt bir hərəkətlə qapını çırpıb çıxarkən.

 

F u a d. Görüşərik.

 

P ə r d ə

 

 

İKİNCİ ŞƏKİL 

 

Kənd şurasının qabağında: ortadan t ə h q i q a t heyəti, sağdan A l m a z oturmuşdur.

 

Ş ə r i f (ayaq üstə, çox qızğın). Biz kəndlilər razı ola bilmərik ki, Şura hökumətinin zamanında da köhnə qurdlar, hansı ki, qoyun dərisini geyib əksinqilab binası qoysunlar.

B a r a t. Əksinqilabçı siz özünüzsünüz. Köhnə qurd sən özünsən, müxbirlərin də adını ləkələyirsən.

Ş ə r i f. Əlbəttə, yoldaş Barat, sən yerindən qışqırırsan, səni yandırır, çünki müəllimə arağı səninlə içirdi. Atamoğlanın qızını soyundurub subutalni, dakumentalni sənin qabağında oynadırdı.

A f t i l. Sənin qabağında oynatsaydı danışmazdın.

Ş ə r i f. Sən bircə spakoys ol.

S ə d r. Yoldaşlar, səs salmayın!

Ş ə r i f. Böyük-böyük qızları soyundurub, öz adamlarının qabağında oynadır.

B a r a t. Yalan deyirsən.

Ş ə r i f. Yalan deyirəm? Bu da sübut, burada yüz əlli adam qol çəkmişdir. Subutalni, dakumentalni bunlar hamısı öz gözlərilə görənlərdir. Uşaqları tovlayıb, onlara yağ, pendir və yumurta gətirtdirir. Bu da yalandır? Mən yalan deyirəm, qoy şura sədri desin. Elədir, yoldaş Baloğlan, elə deyil? Sən öz gözünlə gördün, ya yox?

B a l o ğ l a n. Bəli, bəli ya, elədir.

Ş ə r i f. Sənin öz qızın gəlib, hindən nənəsinin yumurtalarını oğurlayıb aparmışdı, aparmamışdı?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info