Qonaq Kitabı
ALMAZ

O c a q q u l u. Neynək, sən elə de yoxdur, mən də sənə göstərim ki, vardır. Hələ binanı qoyarıq ona ki, yoxdur. Bəs peyğəmbər səlləllahü və səlləm də yoxdur?

Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bircə spakoys ol.

O c a q q u l u. Yox, yox, sən dayan. O da olmadı! Bəs Həzrət Abbasa sözün nədir ki, məğribdən məşriqəcən bütün maxəlaqullah onun kəraməti ilə nəfəs alırverir? Bəs ona nə deyə bilərsən ki, Əmirəlmöminin səlləllah əleyk zəmani ki, zülfüqarı əndirdi Mərhəbin təpəsinnən, dəbilqəni şəqq elədi, əyləşdi göbəyinə. Gördü gavi-mahinin belini böləcək, cənabi Cəbrayil nazil oldu, şəhpərini verdi zülfüqarın qabağına, şəhpəri şəqq olundu, bölündü düşdü yerə. Mən sual eləyirəm bütün yığılan camaatdan: bölündü, bölünmədi? Əgər Allah yoxdur, nöşün bölündü?

A f t i l. A kişi, olmaya sənin qatırıvun ombasına da elə onda dəyib ki, axsayır.

O c a q q u l u. Qatırı axsaq olanın atası itə dönsün. Genə də dedi qatır, genə də dedi qatır.

H a c ı Ə h m ə d. Ay camaat, daha neyçün dayanmışsınız? Ya aparın arvad uşağınızı doluşdurun o bağa, mən də elə o bağdan keçdim. Bir dənə qoca arvadım var, götürərəm, duraram qıraqda. Qalanını da doldurun məscidə. Çayxanasını da döndərin çaxırxanaya.

O c a q q u l u. Vay, kül olsun bizim başımıza, axırda məscidlərə at bağlayırlar.

A l m a z. Yoldaşlar, biz sizin üçün çalışırıq. Aldanmayın. Biz sizin dostunuzuq.

B a l a r z a. Gərək deyil, sən bizim məscidimizə toxunursan, qiryətimizə toxunursan.

A f t i l. Ay camaat, hara soxulursunuz?

Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun.

C a m a a t. Bizim məscidimizə at bağlamaq istəyənin atasını yandırarıq.

B a l a r z a. Adə, məni tutursan?

İ b a d. Adə, ay camaat, daha papağı nə günə örtmüşsünüz? Sizdə ki, qiryət olmadı, qoy mən din yolunda, qiryət yolunda gedim Sibirə (Hücum edir).

B a r a t. Hey-hey, əlini özünə yığ, həddini bil! O tək deyil.

İ b a d. Adə, tula, məni tutursan?

 

Tutuşurlar.

 

O c a q q u l u. Camaat, kimi durub gözləyirsiniz? Kəssəniz bu fəsadın dilini.

Ş ə r i f. Yoldaşlar, sakit olun, belə olmaz. Ay gədə, Tarverdi, o qapını aç!

Almaz xanım, sən gir içəri, bir dəqiqə, bir dəqiqə, Baloğlan, qoyma, bu nədir? Xalqın qızını gündüz günortaçağı öldürmək istəyirlər. Hamımız Sibirə gedərik. Siz beysabsınız.

H a c ı Ə h m ə d. O bizim kəndimizə məğlətə salır. Biz kəndlilər tələb edirik: bu saat o bu kənddən çıxsın! Ay gədə, Balarza, uşaqlara de, hamısı qışqırsın. Yoxsa, nacins oğrunun yadına daş salar.

B a l a r z a. Kəndimizdən çıxsın, çıxsın, çıxsın!

İ b a d. Ay camaat, qiryətiniz yoxdur? Gurrah verin içəri!

 

Hamısı gurrah verir.

 

X a n ı m n a z. Vay, balamı öldürdülər. Ay məscid sahibi, sən yetiş harayına! Vay, balamı öldürdülər.

Ş ə r i f. Yoldaşlar, qulaq asın, gurultu lazım deyil. Təklifdir, qəbul etmədiniz, etmədiniz. Deyirsiniz kənddən çıxsın, sakit olun, çıxsın getsin.

H a m ı. Çıxsın, çıxsın, çıxsın, getsin!

Ş ə r i f. Almaz xanım, gəlin gedək. Almaz sakit bir baxışla hamını süzür, gedir.

 

P ə r d ə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

“Yeni yol”un açdığı yunbirliyi. Bir-birinin yanında bir neçə dəzgah qoyulmuşdur. Gün batmaq üzrədir. Uzaqdan oxumaq səsi gəlir. Ancaq bircə dəzgahın yanında bir arvad işləyir.

 

Y a x ş ı.

Gərək günəş dağları aşıb sönməyəydi!

Gərək mənim dönmüş taleyim dönməyəydi!

Gərək mənim istədiyim gidi fələk

Açılmadan qara torpağa gömməyəydi!

Göydəki aya deyim, dərdimi qoy yarə yetirsin,

Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.

 

 

X a n ı m n a z içəri girir, halı çox pozğundur, sanki öz qızına baxmaqdan utanır.

 

A l m a z. Nə var?

X a n ı m n a z. Heç nə.

A l m a z. Kimi gördün?

X a n ı m n a z. Heç kəsi. Günortadan bəridir durmuşam qapı ağzında, bu qədər arvaddan birisini də görə bilmədim. Heç bu küçədən də keçmirlər.

 

Sükut.

 

A l m a z. Yəqin mənimlə üz-üzə gəlməkdən utanırlar.

X a n ı m n a z. Bütün kənd əhli də yığışıb elliklə ərizə veriblər ki, biz xahiş eləyirik. Şura hökumətindən ki, ya bu kənddə biz kənd camaatı sağ qalaq, ya da Almaz. Hamılıqnan qol qoyublar, möhür basıblar. Bircə, deyir, Şərif, aqibətixeyir, qol çəkməyibdir ki, bu heç kişilikdən deyil.

A l m a z. Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim. İşlək, çalışqan, xeyirxah.

X a n ı m n a z. O gün o olmasaydı, Allah eləməmişkən, sənə hələ bir sədəmə toxundurardılar. Dedim sənə qatışma. İndi heç kəs bizə bir çöp də satmaq istəmir. Salaməleyk də etmək istəmirlər. Aftil üçün də belə bir tədbir töküblər ki, ölüsü ölsə, heç kəs basdırmağa getməsin. Deyir, nə üçün hamısı öz arvadını kolxozdan çıxardıb apardı, o çıxartmadı.

A l m a z. Amma yenə də aparmır ki... Görürsən, min cür söz deyirlər, amma arvadını aparmır ki, aparmır. Bu az iş deyildir ki. Kənddir, bir-bir göz açır.

X a n ı m n a z. Ay qızım, istəyirəm sənə bir söz deyəm. Mən deyirəm, gedim bir Hacı Əhmədin yanına. İstəyirsən elə bir yerdə gedək, deyək daha bir işdir düşübdür.

A f t i l (gəlir). Almaz xanım evdədir?

A l m a z. Evdəyəm, ay Aftil dayı, buyur, otur. Eşitdim səni yaman sıxırlar?

A f t i l. Həri, balam. Deyir, arxalı köpək qurd basar.

A l m a z. Aftil dayı, hamıdan möhkəm yenə də axırda sən çıxdın.

A f t i l. Bu saat kənddə bir çaxnaşmadır ki, gəl görəsən. Bayaq selsovetin əliylə ərizə yazmışdılar ki, Almaz intriğandır. Kəndə vəlvələ salır. Onu kənddən çıxartsınlar. Savsim qulluqda qoymasınlar. Bir də o məscid məsələsi işi çox korladı. İki gündür salamımı da almırlar, deyirlər ki, Almaz ilə çaşqa-loşqa olmuşsan. Əvam adamıq da, neyləyək.

A l m a z. Nə var ki, Aftil dayı. Sən bilirsən ki, mən sənin xatırını nə qədər istəyirəm.

A f t i l. Mən, bacıqızı, gəlmişəm arvadı aparım.

A l m a z. Eh, Aftil dayı, axırda sən də təslim oldun.

A f t i l. Yox, bacıqızı, iş orasındadır ki, bir anam var, səhərdən axşamacan əlində Quran yalvarır. Molla Sübhan da deyib ki, o qızla alver haramdır. Selsovet də deyir ki, müəllimə kəndə ləxləxə salır. Biz də elik, bir mən hamıdan ayrıldım, sabah ölümü yerdən götürən olmaz. Bir də, məscid məsələsindən bir növ xoflanıram. Mən, hələ, ona da baxmazdım, ancaq, vallah, bacıqızı, arvadım ki, bura gəlir, elə baxırlar ki, guya, Allah eləməmişkən, bir yava yerə gəlir. Gərək bir növ bağışlayasan də.

A l m a z. Deyir:

Yaxşı gündə düşmən dönər, dost olar.

İgid odur yaman günə dayansın.

 

X a n ı m n a z (gələrək). Uşağı göndərmişəm nöyüt üçün; gedib, qabı boş qaytarıb.

A f t i l. Bizim də, vallah, nöyütümüz qurtarıb.

A l m a z. İstəməz, Aftil dayı. Biz nöyütsüz də keçinə bilərik. Göyün ayı, gecənin aydınlığı bizə işıq verər.

X a n ı m n a z. Qızı göndərmişdim Yaxşıgilə süd üçün. Yolda İbad boğazı qurumuş rast gəlib ona, alıb qabı əlindən, elə ki, çırpıb divara, az qalıb qabın parçaları qızın gözünü çıxartsın.

A f t i l. Nə isə, arvad, axşamdır, daha gedək. Sağ olun, Almaz xanım! Daha nə edək? Deyir, biz ki, varıq, başımız icmaya bağlıdır. Sağ olun!

A l m a z. Sağ ol, Aftil dayı! Mən səni təqsirləndirmirəm, yenə də sən hamıdan hünərlisən.

A f t i l. Vallah, neyləyim? Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ.

A l m a z. Aftil dayı, bəlkə mən səninlə yenə danışmalı oldum. Evinizə gəlmək olarmı?

A f t i l. Evimizə deyəndə ki... gəlmək olar deyəndə ki... Neynək, gəlsən, gəl də. Sağ ol!

 

Çıxırlar. Sükut. Bir azdan A f t i l qayıdır.

 

A f t i l. Almaz xanım!

A l m a z. Buyurun.

A f t i l. Heç, heç (Gedir).

X a n ı m n a z. O da öz arvadını apardı?

A l m a z. Apardı (Sükut) Dəzgahların hamısı dayandı. Bir ana öz uşağının ayaq atmasına nə qədər sevinirsə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim. Indi isə hamısı susdu, dayandı.

X a n ı m n a z. Dedim, ay bala, qatışma, nəyinə gərəkdir, dərsini de, otur səninçin. Odur, Mirzə Səməndər. Bayaq mən gələndə Hacı Mürsəlqulunun nökəri bir səbət yumurta gətirirdi. Bir yük də almaarmud. Amma sən, buyur, ac-acına oturmuşsan.

A l m a z. Ana, Mirzə Səməndər ancaq öz xoş gününü düşünür. Mən isə ümumi iş üçün çalışıram. O, satqın adamdır. Sən istərsən ki, mən də onun kimi hər şeyi bir qarın çörəyə satım. Hə? İstəyirsən?

X a n ı m n a z. Istəmərəm, ay balam, istəmirəm. Ancaq nə edim? Borcumuz da çoxdur. Bunları da hələ nisyə aldım ki, Almaz qulluq elər, verərik. Köynəyim də ki, o gün ilişib çırılıb, bu da sənin xeyrin. Mən də istəyirəm yaxşılıq eləyəsən. Ancaq heç kəs ki, anlamır. Qulluqdan da çıxartdılar, sonra nə olar?

A f t i l (gəlir). Almaz xanım, bağışlagilən, kor qız kimi gedib, gedib, qayıdıram.

A l m a z. Buyur, buyur Aftil dayı.

A f t i l. Almaz xanım, siz gecələr, bağışla ha, bir növ yöndəmsiz də çıxır, siz gecələr harada yatırsınız?

X a n ı m n a z. Nə olmuş ki?.. Nə var ki, başuva dönüm?

A l m a z. Nə üçün soruşursunuz, Aftil dayı?

A f t i l. Heç, bacıqızı, ürəyinə bir şey gəlməsin, nə var, Allaha şükür, ancaq mən onu demək istəyirəm ki, açıq yerdə yatmayasan. Bir də, ey ana, adamdır, işdir, gecə qapını döyən oldu, məbada açasınız.

X a n ı m n a z. Ay balam, nə xəbər var, nə eşitmişsən ki?

A f t i l. Elə bir şey yoxdur, ay ana! Ancaq elə ehtiyat üçün deyirəm də. Ehtiyat igidin bəzəyidir.

A l m a z. Aftil dayı, sən bir şey bilirsənsə açıq de.

A f t i l. Bilirsən, bacıqızı, bu adam var, bir cürdür. Hürkütdün, daha qabağını saxlamaq olmaz. Nə ağına baxar, nə bozuna. Bir də, insane ki var, çiy süd əmibdir. Nə lazım. Mən deyərdim ki, lap, əgər mümkünsə, hələ bir neçə vaxt, lap köç şəhərə. Sonra, ara seyxaş olar, yenə də gələrsən.

A l m a z. Yaxşı, Aftil dayı, çox sağ ol! Fikirləşərik görək nə olur. Deməli, sən deyirsən qaçaq?

A f t i l. Almaz xanım, vallah, billah, bağışla ha, işdir də, nə lazım. Sağ ol!

A l m a z. Sağ ol, Aftil dayı! (Almaz geyinib bayıra çıxmaq istəyir).

X a n ı m n a z. Hara gedirsən?

A l m a z. Barata dəymək istəyirəm.

X a n ı m n a z. Bu tar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim.

 

Bu aralıq qapı açılır. Almaz geri çəkilir, qapıda H a c ı Ə h m ə d i n saqqalı görünür.

 

A l m a z (diksinərək). Kimdir?

H a c ı Ə h m ə d. Qorxma, bizik (İçəri girir). Baloğlan, içəri gəl! (O da gəlir). Ibad gəlmədi?

B a l o ğ l a n. Yox.

X a n ı m n a z. Mən qorxuram...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info