Qonaq Kitabı
ALMAZ

A l m a z. Uşaqlar, mənim gözəl uşaqlarım, mənim göyərçin balalarım, qulaq asın! Adam ata-anadan gizlin bir iş görməz. Sıraya düzül! (Hamı düzülür). Hər kəs öz şeyini dalına alsın! (Hamı alır). Adam anasından gizlin çaxçaya əl vurmaz! Hamı bir yerdə. Bir...

U ş a q l a r (bir yerdə). Adam anasından gizlin çaxçaya əl vurmaz.

A l m a z. Sola dön! (Hamısı dönür). İrəli, marş! (Hamı çıxıb gedir).

Ş ə r i f. Sən nahaq qaytardın. Uşaqlar həvəs etmişdilər.

A l m a z. Yox, Şərif, belə iş etmək olmaz. Ancaq bu məni çox sevindirdi. Budur, onlar da öz səmimi, təmiz ürəkləri ilə bizim köməyimizə gəlirlər. Qoy  biriki il də keçsin, onlar böyüsünlər, onda bütün kənd başqalaşacaq. Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir. Köhnəliyə elə bir divan tutulacaqdır ki, gəl görəsən. Bax, indi bu gücsüz görünən xırdaca əllər vaxtın gedişindən böyüyüb güc bulacaqdır, gənc qollarına qan dolacaqdır, tarix ona təslim olacaqdır. Eh, kim deyir ki, bizim köməyimiz yoxdur? Nə oldu mənim tarım? Neft yoxluğundan getdikcə lampanın işığı azalır, bir azdan otaqda ancaq ay işığı qalır.

Ş ə r i f. Almaz xanım indi bizə bir tar çalacaqdır, bu çalan kimdi çalır, çaldıqca can alacaqdır, zülfünü bas yarama, qoyma, məni qan aparacaqdır. Almaz xanım, mən səninçin bir şeir demişəm.

A l m a z. Şərif, siz şeir demək də bilirsiniz?

Ş ə r i f. Mən çox abdar şeirlər yazmışam.

A l m a z. Çox gözəl, mən heç bilməmişəm.

Ş ə r i f. Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin!

A l m a z. Siz nə üsulla yazırsınız?

Ş ə r i f. Nə üsulla? Mən elə üsulsuz da yazıram. Sədi həngində də yazıram, Hafiz həngində də yazıram, yeni üsulda da. Budur, birini sizinçin yazmışam, qoyun oxuyum.

A l m a z. Yaxşı, oxuyun.

Ş ə r i f (vəziyyət alaraq).

Şeyda bülbül oxuyur şerini avand,

İstəyirsən içim səninçin qurana and,

Yarımın əlində dəmirdən bir şand...

 

A l m a z. Şand nədir, Şərif? Azərbaycan dili leksikonunda mən heç belə söz görməmişəm.

Ş ə r i f. Bircə spakoys ol. Şand da elə bir növ, qafiyə üçündür. Yoxsa avanda, anda başqa qafiyə yoxdur.

A l m a z. Sapand.

Ş ə r i f. Aha, sapand. O, ağlıma gəlməyib, o daha yaxşıdır. Onda belə yazarıq.

Yarımın əlində kəndirdən sapand,

Atdı daşı gicgahıma dəgayi.

 

A l m a z. Dəgayi nədir?

Ş ə r i f. O, gərayi sayağıdır (Almaz gülür). Yarın qaşları kaman, kirpiyi patron kimi batdı ürəyə.

A l m a z. Şərif, kirpik patrona oxşamaz ki.

Ş ə r i f. Niyə oxşamır? Qədimlərdə kirpiyə ox deyirdilər, indi daha ox yoxdur, patron demək lazımdır. Bu, təzə obrazdır.

A l m a z. Aha, demək, siz sənayeləşdirmişsiniz. Onda bəs qaşları nəyə oxşayar? O da, yəqin, tapançaya oxşar da.

Ş ə r i f. Hə, neynək, tapança olsun. Düzəldərik.

A l m a z. Deməli, necə oldu: qaşların tapança, kirpiyin patron...

Ş ə r i f. Yox, yox, qafiyə düz gəlmək üçün axırı olmalıdır ki, keçdi ürəyə.

Oxarta dəydi, ürəyim döndü aşsüzənnən ələyə,

Yaman yerdə başım düşdü kələyə.

Hər patronu ürəkgahimə dəgayi.

 

A l m a z. Ürəkgahimə nədir?

Ş ə r i f. Yuxarıda gicgahdır, burada ürəkgah. Bu köhnə üsul ilədir. Bunu da, bax, təzə üsul ilə yazmışam:

Hey,

Hey,

Dalğalı dənizlərdən.

Geniş düzlərdən,

Dizlərdən

Aşan sevda ulduzu,

İşıqlandırdın bizi.

Bizi,

Bizi,

Yanımda oturan

Sevdalı tar çalan

Gözəl qızı işıqlandırdın

Gecənin qaranlığilə.

Ey sevdalı ulduzlardan

Birər-birər uçub gələn

İşıqlar!

A l m a z. Dayan, dayan, necə yəni işıqlandırdın gecənin qaranlığı ilə? Gecənin qaranlığı ilə adam işıqlanmaz ki?

Ş ə r i f. Yox də, bunun üsulu belədir.

A l m a z. Yəni gərəkməz ki, bir mənası da olsun?

Ş ə r i f. Nə qədər mənası olmasa, elə yaxşıdır. Deyərlər dərindir. Qayda belədir.

A l m a z. Axı, Şərif, sən bir qulaq as.

Ş ə r i f. Yox a, sən dayan, mən sənə subutalni, dakumentalni göstərim. Budur, gecənin qaranlığı səni işıqlandırır, sən də mənim ürəyimi işıqlandırır, mənə ilham verirsən.

A l m a z. Deməli, sən bu şeri mənimçün yazmışsan?

Ş ə r i f. Səninçin, Almaz xanım. Almaz xanım, mən sənə bir söz demək istəyirəm.

A l m a z. De, Şərif. Sən bilirsən ki, mən səni nə qədər sevirəm.

Ş ə r i f. İş odur ki, Almaz xanım, mən də səni sevirəm.

A l m a z. Şərif, siz nə danışırsınız? Mən sizi bir yoldaş kimi sevirəm.

Ş ə r i f. Mən sizi şey kimi... Məcnun kimi, Fərhad kimi sevirəm. Ruhum kimi sevirəm.

A l m a z. Şərif, sənin ki, arvadın var.

Ş ə r i f. Əh, arvad, arvad. Cəhənnəmə olsun arvad! Arvadı boşamışam. Mən səni sevirəm. Öldür məni. Bu ulduzlardan, bu aylardan, bu dünyadan səni çox sevirəm. Bütün həyatım sənindir.

A l m a z. Şərif, əzizim, sevgi hər kəsdə ola bilər. Mən səni təqsirləndirmirəm. Ancaq mən səni, sən deyən kimi sevə bilmərəm. Mənim nişanlım vardır.

Ş ə r i f. Yox də. Almaz xanım, siz bir spakoys olun, axı mən size sevirəm. Çox sevirəm.

A l m a z. Şərif, əzizim, anla ki, mən də onu sevirəm. Onsuz bir gün belə yaşaya bilmərəm.

Ş ə r i f. Almaz, axı mən səni ölümdən qurtardım. İndi sən mənim yaxşılığıma görə mənimlə belə rəftar edirsən. Almaz xanım, vallah ürəyim səni istəyir, sən mənim olmalısan (Pəncərəyə yaxınlaşıb, birdən onun qolundan öpür).

A l m a z (çəkilərək). Şərif!

Ş ə r i f. Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. İnsafsız!

A l m a z. Şərif, bir utan! (Almaz Şərifin əlindən çıxıb üz-üzə durub, diqqətlə üzünə baxır və bütün qüvvətilə ona bir şillə endirir. Lakin Şərif dişlərini bir-birinə sıxıb Almazı bərk qucaqlayır. Almaz onun qolları arasında çırpınaraq).

Ş ə r i f. Sən bir dur, mən subutalni, dakumentalni göstərim ki, səni sevirəm.

A l m a z. Burax! (Şərifi qüvvətlə itələyir. Şərif kəlləsi üstə aşır. Tam bu sırada bayırdan)

H a c ı Ə h m ə d. Baloğlan, olar elə qalsın.

 

Şərif durur. H a c ı Ə h m ə d. B a l o ğ l a n, B a r a t, X a n ı m n a z girirlər.

Şərif durub paltarını düzəldir. Almaz çox həyəcanlıdır. Gələnlərdə şübhəli bir heyrət, hamı mənalı baxışlarla bir-birinin üzünə baxır.

 

H a c ı Ə h m ə d (Baloğlana eyham ilə). Hə?

B a l o ğ l a n. Hə!

Ş ə r i f (Barata baxıb, onun da acıqlı baxışlarını tutaraq). Yaxşı, görüşərik (Qapını çox hiddətlə çırpıb gedir).

X a n ı m n a z. Ay balam, nə olmuşdur?

A l m a z. Gətirdiniz?

H a c ı Ə h m ə d. Sonra.

A l m a z (qəti və əsəbi bir səslə). İndi lazımdır.

 

Hacı Əhməd əlilə B a r a t ı işarə edir, yəni onun yanında vermək olmaz deyir.

 

A l m a z. Ondan eybi yoxdur (Yerdən dəftəri götürür). Barat, başına dönüm, onun bu dəftərini dalınca at.

 

B a r a t dəftəri alıb çıxır. Baloğlan tez dalınca çıxıb zənbildə bəzi şeylər gətirir.

 

H a c ı Ə h m ə d. Bu iki min, bir azını da Molla Sübhan məscid pulundan verib. Bərəkətli olar. Baloğlan, onları da gətirdin?

B a l o ğ l a n. Bəli ya... maşın kimi.

H a c ı Ə h m ə d. Bu da bir az xırda-mırdadır.

A l m a z. Ana, çıx Baratı da çağır.

X a n ı m n a z. Ay qızım, əvvəlcə əlindəkiləri qoy bir yana, bunları da qoy aparım, sonra gedib onu çağıraram.

A l m a z (acıqlı). Ana, get Baratı da çağır.

 

Xanımnaz çox darılmış bir halda çıxır, B a r a t l a qayıdır.

 

Gəldiniz? Barat, sən necə bilirsən? Bunlar kəndin möhtərəm ağsaqqalları və şura sədri mənə, dilimi kəsmək üçün iki min manat pul verirlər. Bəsdir, ya azdır? Yarısı da məscid pulundandır. Deyir bərəkətli olar.

B a r a t. Bilmirəm, sən özün bilən yaxşıdır.

A l m a z. Məsləhət gör.

B a r a t. Vallah, Almaz xanım, yenə də elə özün bilən yaxşıdır.

A l m a z. Mən bilən, mən bilən belə yaxşıdır: belə, belə, belə! (Kəskin bir hərəkətlə pulları çırpır). Və belə! İndi gedə bilərsiniz! Pilləkən uçubdur, gözləyin, yıxılmayasınız.

H a c ı Ə h m ə d. Neynək, çox sağ ol, görüşərik.

 

Çox acıqlı halda çıxırlar.

 

B a r a t. Sağ ol, Almaz xanım, sən məni sevindirdin.

A l m a z. Barat, onun şeylərini də dalınca at.

B a r a t. Dayan, adə, bunları da apar. Bu, bu, bu da bu, bu da bu! (Zənbili və xırda-mırdanı da yığıb pəncərədən dallarınca atır. Bayırda şüşələrin qırıldığı eşidilir).

 

P ə r d ə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info