Qonaq Kitabı
ALMAZ

F a t m a n s a. Məmələr də ki, baş yarır. Ay gədə, Ağadayı, yeri bir o dəfi gətir. Biz də burada başlayaq (Uşaq qaçır). Ay zalım, gör bir nə sındır! Sındır a, sındır!

(Özü fırlanır, oxuyur).

Şux məmədən beş tümənə

Gəl-gəl, ay öyü dağılmış!

Min üstünə, sür çəmənə,

Gəl-gəl, ay öyü dağılmış!

 

Qurban olum qarış yarım

Zərzəri mil-mil tumana.

Gəl-gəl, ay öyü dağılmış!

Min gəl, ay öyü dağılmış!

 

Adə, ay uşaq, Xanımnaz gəlir, qaçın.

X a n ı m n a z (qapıya çıxıb yığışanları görüncə, qorxa-qorxa). Nə var, ay başınıza dönüm? Nə üçün yığışmışsınız?

F a t m a n s a. Daha bilməmişdik: oturma, durma, kəndə darğa gəlibdir. Yaxşı işdir, daha bundan sonra kəndimizdə də qoymazlar dolanaq.

X a n ı m n a z. Yox, ay Fatmansa bacı, mənciyəz budur şəhərə gedirəm.

Ancaq, vallah, uşaqciyəzimçin qorxuram. Salıblar onu dilağıza. Hələ iki adam yığışanda ürəyim düşür.

F a t m a n s a. Daha bilməmişdik: minməsin qoduq, verməsin cərimə. Canı çıxsın dilini saxlasın. Yumurtadan dünən çıxıb, xalqın başına ağıl qoymaq istəyir. Doğru deyiblər: atasından artan qatır olar.

O c a q q u l u. Əh, genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər...

F a t m a n s a. Mənə deyir: səni kol-kosa götürmərəm, mollasan, cadupitikçisən, mamaçasan, arvadların qarnını korlayırsan. Şiş batsın arvadların qarnına, mən onlara neyləyirəm?

X a n ı m n a z. Vallah, ay Fatmansa, deyir pirğdamda yoxdu ki, cadu-pitikçi, dava-dərmançı arvadları götürmək. Mənə də, vallah, deyir, söz gələr.

F a t m a n s a. Nə üçün? Bəs özü hardan gəldi əziz girami? Görüm mənim atam onun atasından əskikdi, anam onun anasından əskikdi? Atası səhərdən axşamacan onun-bunun qapısında culfalıq eləyərdi. İndi qızı gəlib bizimçin güləbətin düzür. Dedi: atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər? Hu, götürər özünü qoyar dağın başına. Doğru deyiblər: qatır atasını görməsəydi, özünü xanzadə bilərdi.

O c a q q u l u. Genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər!

X a n ı m n a z. Vallah, Kərbəlayı Fatmansa, sən incimə, mən yenə yalvararam ki, səni də yazsın.

F a t m a n s a. Götürmədi, götürmədi də. Allaha qurban olum, o da dağıldı, getdi kişi kolkosunun yanına. Hu, çox lazımdı. Məni nöşün götürür, mənə kim rəğbət eləyəcək. Getsin hələ Atamoğlanın qızını götürsün, oynatsın öz aşnalarının qabağında. Gözəl-göyçək, nazənin sənəm, firiştə güftar, gəl məni gör, dərdimdən öl (Çalır və oynayır).

 

Döş üstünə alıb tarı,

Dəyməyin, çoxdur buxarı;

Yaxa göbəkdən aşağı.

Balaq göbəkdən yuxarı.

Gəl-gəl, ay öyü dağılmış,

Min gəl, ay öyü dağılmış!

 

Bu aralıq Ş ə r i f və b a ş q a l a r ı gəlir.

 

Ş ə r i f. Yenə də vurhavurdur, nə olub, ay Fatmansa xala?

F a t m a n s a. Süz öləsüz, içəridə bir qiyamət var ki, vur-çatlasın, tabaq oynasın. Ora bax, ora bax, sındır a-a!..

Ş ə r i f. Yenə də oynayırlar?

F a t m a n s a. Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır.

K ə n d l i l ə r (baxırlar). Doğrudan da bu nə qiyamətdir, adə? Hamısı da lütdür ki...

F a t m a n s a (öz-özünə oxuyur). “Şux məmədən...”.

Ş ə r i f (cibindən bir kağız çıxarır). Bircə bura qol çəkin!

A d a m l a r. Nədir o məgər?

Ş ə r i f. Daha belə iş olmaz ki. Abrımız getdi, hayamız getdi, Kərbəlayı Fatmansa xala, siz də, hamınız qol çəkin!

F a t m a n s a. Axı nədir o?

Ş ə r i f. Odur, hər nə ki, görürsünüz... Uşaqları soyundurub, onunbunun qabağında oynadır. Odur, ustul üstündə də dolu butılkalar.

F a t m a n s a. O butılkalarda nə var?

Ş ə r i f. Nə olacaq? Belə, yaxşıca araq var, çaxır var, konyak var. Qol çəkin görək!

F a t m a n s a. Mən necə qol çəkim? Yazı-pozum var?

Ş ə r i f. Ala, əlini batır mürəkkəbə. Budur, belə, bax, bas bura... belə... Siz də, hamınız qol çəkin! Sən də, sən də, çox gözəl! Bunu qoyaq cibimizə, bu subutalni, dakumentalni dəlildir. Qəzetdə yazılanları hamı gördü və təsdiq elədi. Yerdən göyə kup düzələr, bir-birinə bənd etsələr, altındakını çəksələr, onda gəl bax guppultuya.

 

G ü l v e r d i, B a r a t və b a ş q a l a r ı gəlirlər.

 

B a r a t. Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən? Ləkələyirsən?

Ş ə r i f. Yavaş, yavaş, bir qışqırma! Necə yəni biabır edirsən?

G ü l v e r d i. Bu nədir kağızında yazmışsan? Yalançının atası itə dönsün. Haçan kənddə belə şey olubdur?

Ş ə r i f. Yavaş, bircə, qışqırmaqla deyil ki.

B a r a t. Biz qərar çıxartmışıq, səni məsul eləyəcəyik. Sübut eləyin görək, haçan bu kənddə belə iş olubdur?

Ş ə r i f. Siz bir spakoys olun, mən hamısını subutalni, dakumentalni göstərim. Sübut budur, bütün camaat hələ bu saat subutalni, dakumentalni hamısını gördü. Ay camaat, siz özünüz hələ bu saat uşaqların lüt-ətcəbala oynadığını gördünüz, görmədiniz? Bu da, bax, hamısı qol çəkiblər.

B a r a t. Bu yalan-palan kağızlar mənim qulağıma girməz.

Ş ə r i f. Buyur, sən özün bax də.

G ü l v e r d i. O yan-bu yan yoxdur. Sabah qəmisyə gəlir. Siz gərək qəmisyə qabağında cavab verəsiniz.

Ş ə r i f. Qəmisyə? Gəlsin də. Bizim məgər dilimiz yoxdur? Get o üzə. Dana otarmaqdan gəlib mənə zakun öyrədəcək. Adə, mən kəllərlə kəllələşmişəm, kərtənkələlər mənə neyləyəcək? Yüz dənə idarədən kağızım var. Kağız içində basdıraram səni. Mən özüm elə Allahdan istəyirəm qəmisyə gəlsin, bizim komsomolları da, hələ bir para cavanları da görsün. Qəmisyə bu kağıza nə deyə bilər?

B a r a t. Sənə deyirəm, bizim üçün bu kağızların bir qəpik də qiyməti yoxdur.

Ş ə r i f. Əlbəttə, səninçin olmaz. Gecə səhərəcən Almaz xanımın yanında kef çəkəndən sonra mənimçin də qiyməti olmaz də.

B a r a t. Mən? Mən onun yanında kef çəkmişəm?

Ş ə r i f. Bəli, sən. Sən xalqın qızının qucağına bir uşaq verəndən sonra, əlbəttə, mən də qışqıraram də.

B a r a t. Uşaq nədir? Uşaq kimindir?

Ş ə r i f. Sizin, cənab Almaz xanımın. Atasız da uşaq olar? Sənin deyil, bəs kimindir? Qoy hələ bu camaat desin. Ay camaat, atasız da uşaq olar? Yoxsa bu da həzrət Isa kimi hələ piləməkdən doğulub?

B a r a t. Mənim uşağım olub? Mən uşaq harda görmüşəm? Vicdanın yoxdur?

Ş ə r i f. Daha sən vurmadın, mən yıxılmadım, bəs bu uşaq hardan gəldi? Nişanlısı da, Allaha şükür, ayağını buralara basmayıb. Hə, haçan oldu? Bu saat mən sənə sübut eləyim. Atam, üç ay sən mənə gələn, üç ay mən sənə gedən, pəcəb, şəban, ramazan, bu, doqquz ay, bu da uşaq. Hə, de də! Danışmırsan!

F a t m a n s a. Daha nə danışsın? Yeyib halvanı, minib eşşəyi.

G ü l v e r d i. Eybi yoxdur, qəmisyədə danışarıq.

Ş ə r i f. Çox əcəb, danışarıq.

 

B a l a r z a, A f t i l, H a c ı Ə h m ə d, İ b a d və b a ş q a l a r ı gəlirlər.

 

B a l a r z a. Bu nə vurhavurdur?

F a t m a n s a. Odur hey, gör nə vur-çatlasındır! Səhərdən uşaqlaruvuzu  lütətcəbala oynadırlar.

İ b a d. Canım, bu xalq öz uşağının qiryətindən əl çəkib, hamı da ona pamağayıt eləyir. Sizə nə var düşmüşsünüz bu ortaya?

B a l a r z a. Mənim uşağımı oynadırlar?

Ş ə r i f. Bütün camaatın qızlarını onun-bunun qabağında.

B a l a r z a. Bu saat mən onun atasını yandıraram (İçəri gedir).

F a t m a n s a. Ay camaat, siz nə üçün dayanmışsınız? Uşaqlarınızdan əl çəkmişsiniz?

H a c ı Ə h m ə d. Sən o uşaq məsələsini Barata yaxşı tutuzdurdun. Ancaq bərk dur üstündə.

B a l a r z a (idman paltarı geymiş bir qızın əlindən tutub dartaraq). Ay arvadlar, bir çarşab verin bəri!

F a t m a n s a (bir örpək verir). Ala... Daha elin abrı töküldü.

A f t i l. A kişi, hara sürüyürsən o uşağı?

B a l a r z a. Sənə nə var? Uşağı mən əkmişəm, sən? Sənə nə var?

A f t i l. Necə mənə nə var? Bu mənim oğlumun nişanlısıdır, ya yox?

B a l a r z a. Çox da nişanlısıdır. Nə olsun? Sən razı olarsan gəlinüvün abrısı tökülsün?

A f t i l. Gəlin mənimdir, mən istəyirəm oxusun.

B a l a r z a. Çox da gəlin sənindir, bu xalq məgər abrısından əl çəkib?

A f t i l. Gəlin mənimdir, mən deyirəm qoy oxusun.

B a l a r z a. Nə qədər mənim evimdədir, mənim ixtiyarımdadır. Onda ki, getdi evinə, onda əri bilər.

A f t i l. Mən razı olmaram ki, mənim gəlinimi avam saxlayasan.

Ş ə r i f. Kişinin uşağıdır, öldürər nə yaxşı, öldürməz nə yaxşı...

A f t i l. Bu gəlin mənimdir, yox?

B a l a r z a. İndi ki, elə oldu, heç vermirəm. Gəl sabah apar avadanlığuvu. İtə verərəm onu, daha sənə vermərəm.

A f t i l. Burax, sənə deyirəm, uşağı, getsin paltarını geyinsin.

B a l a r z a. Burax, deyirəm, uşağı, Həzrət Abbas haqqı, qan salaram.

 

Deyinərək gedir. B a r a t və a t a s ı içəridən çıxırlar.

 

B a r a t. Kişi, ağlını başına yığ, burax uşağı...

A l l a h v e r d i. Qızı mən əkmişəm, sən? Mən əkmişəm, sən? Sənə nə var?

B a r a t. Necə mənə nə var? Bu mənim bacımdır, ya yox?

A l l a h v e r d i. Cəhənnəm ol, burax uşağın əlini.

B a r a t. Bacı mənimdir, mən qoymaram sən onu onun-bunun sözü ilə bədbəxt eləyəsən.

A l l a h v e r d i. Buraxmırsan, buraxmırsan?

B a r a t. Yox.

A l l a h v e r d i. Yox? (Ona bir şillə vurur). Necədir? Burax!

B a r a t. Hörmətini bil, kişi! Atamsan, danışmıram. Uşağı burax. Bunlar hamısı elə adamların işidir ki, öz ciblərini güdürlər. Camaat, bu bir iş deyil ki, siz görürsünüz: kişilər kolxozu düzəltdilər – dağıtdınız, arvad kolxozu düzəltdilər – dağıtdınız. İndi də məktəbə əl atmışsınız.

Ş ə r i f. A kişilər, bir arvad cin kimi məktəbi dağıtmadı!

B a r a t. Məktəbi siz dağıtdınız!

Ş ə r i f. Allaha şükür, camaat özü görür də.

İ b a d. Camaat, bir məktəbin ki, müəllimi bic doğa, o məktəbə uşaq vermək olar?

C a m a a t. Elə müəllimə bizə gərək deyil!

B a r a t. Siz yalan deyirsiniz!

İ b a d. Yalan deyənin atası itə dönsün, sonra da inanmayanın.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info