Qonaq Kitabı
ALMAZ

B a r a t. Mən sabah qəmisyə yanında səni məhşər ayağına çəkəcəyəm. Gərək sən sübut eləyəsən!

İ b a d. Sən haranın tulasısan məni məhşər ayağına çəkəsən?

B a r a t. Gərək sübut eləyəsən.

Ş ə r i f. Sübut məndə. Hamısı subutalni, dakumentalni öz yerində. Mən sabah sənin qırmızı qulluğunda sübut eləyim, özün də gör.

F a t m a n s a. Ay adamlar, bu işi çək-çevirə niyə salmışsınız? Bu kənddə mama mənəm, ya yox? Məndən soruşun da. Belə, uşağı mən özüm tutmuşam. Xanımnaz gecə gəldi, məni çağırdı ki, qızım doğur. Mən getdim uşağı tutdum. Daha örtüb-basdırmaq lazımdır?

 

Bu aralıq A l m a z saçları dağınıq və çox da pərişan bir halda camaat arasına çıxır.

 

A l m a z. Kəndlilər, yoldaşlar... Siz onlara inanmayın, qoyun mən sizə sözün olanını deyim...

F a t m a n s a. İstəmirik. Sözün olanını biz özümüz səndən yaxşı bilirik. Öz gözümüz ilə görmüşük.

Ş ə r i f. Sözün olanı qəzetdə yazılmışdır, get oxu.

H a c ı Ə h m ə d. Sən Şura hökumətinin pirğramını poza bilməzsən.

A l m a z. Yoldaşlar, Şura hökuməti...

H a c ı Ə h m ə d. Necə? Indi də Şura hökumətini söyürsən? Şura hökumətilə işin olmasın. Bizim canımız da, malımız da hökumətə qurbandır.

A l m a z. Yoldaşlar, hökumət...

H a c ı Ə h m ə d. Hökumətin adını çəkmə... Biz razı olmarıq ki, sən bizim hökumətimiz haqqında güldən ağır bir söz deyəsən.

A l m a z. Yoldaşlar, qoyun mən də sözümü deyim...

Ş ə r i f. İstəmirik. Biz razı olmarıq ki, sən bizim yanımızda Şura hökumətini söyəsən. Camaat, hamınız şahid olun!

B a l o ğ l a n. Yoldaşlar, yoldaşlar, dağılışın! Səs salmayın! Şəhərdən qəmisyə gəlib.

H a c ı Ə h m ə d. Hə? Qəmisyə gəlib?

B a l o ğ l a n. Bəli, bəli ya, bir dəstə adamdır.

Ş ə r i f. Bəs haradadırlar?

B a l o ğ l a n. Getdilər bizə.

Ş ə r i f. Yaxşı oldu ki, hələ əsli vaxtında gəldilər. Qoy gəlsinlər, görsünlər ki, bizim üçün necə müəllimə göndəriblər. Hansı ki, can kimi məktəbi vurdu dağıtdı. Qoy gəlsinlər, öz gözlərilə görsünlər.

 

Almaz donmuş kimi, divara söykənir və quruyub qalır. Hamı tez dağılır.

 

P ə r d ə

 

 

BEŞİNCİ PƏRDƏ

 

BİRİNCİ ŞƏKİL

 

Almazın otağı. Axşamdır, otaqda lampa yanır. Ara-sıra göy guruldayır, ildırım çaxır və pəncərədən yağış yağdığı görünür. A l m a z stol üstündə kağız yazır. Haradansa xəfif bir laylay səsi eşidilir.

 

Y a x ş ı.

Laylay dedim adına,

Allah çatsın dadına.

Məndən ayrı düşəndə,

Laylam düşsün yadına.

Laylay, bala, laylay!

 

A l m a z (durub uşağa baxaraq). Qız, şeytan, dodaqlarını büzmə. Bax, anan səninçin laylay çalır.

Y a x ş ı.

Laylay dedim, al məndən,

Ipək məndən, şal məndən.

Dedim, Allah, balamı saxla,

Demədim ki, al məndən,

Laylay, balam, laylay!

 

A l m a z. Eşidirsən, Yaxşı səninçin nə oxuyur? Yox, yox ağlamaq olmaz! Mən sənin əlindən ağlamaqdansa, sən mənim əlimdən ağlayırsan. Acsan, ay yazıq? Qarınciyəzin acdır? İndi mən səninçin nə edim, hə? Şeytan, yox, yox, izinsiz ağlamaq olmaz! Dayan, dayan, bu saat mən sənin boğazına kələm dolması suyu tökəcəyəm.

 

Uşağı yerindən oynadır, üstünü örtür və yanında oturur. Laylay səsi gəlir.

 

B a r a t (yavaşca girərək). Almaz xanım.

 

Almaz eşitmir. B a r a t laylay səsini dinləyir.

 

Y a x ş ı.

Yerin, göyün sayı var,

Ulduzu var, ayı var,

Gün görməsin, kim məni

Öz balamdan ayırar.

Laylay, balam, laylay!

 

B a r a t (dərin bir hərəkətlə). Bu odur?

Y a x ş ı.

Laylam səslər, bil səni,

Bağda gözlər gül səni.

Laylay, balam, laylay...

 

B a r a t. Özüdür, Almaz xanım...

A l m a z (diksinərək). Hə, Barat, sənsən?

B a r a t. Mənəm, Almaz xanım. Bu laylay deyən sizin qonşunuz deyilmi?

A l m a z. Qonşumuz hansıdır?

B a r a t. Yaxşı...

A l m a z. Gərək ki, odur.

B a r a t. Onun gərək uşağı olmasın. Əri hələ keçən həftə gəlibdir. İl yarımdır getmişdir.

A l m a z. Bilmirəm.

B a r a t. Mən bilirəm, mən uşaqlıqda onun atası ilə qoyuna gedirdim. Nə isə... Qəmisyə kəndlilərin tələbini qəbul etdi.

A l m a z. Hansı tələbini? Onların birinci tələbi məni qulluqdan çıxardıb, dustağa salmaqdır.

B a r a t. Yox, o hələ qalır. Silistin açıq aparılması... Sabahdan iclas açıqda olacaqdır.

A l m a z. Səni dindirdilər?

B a r a t. Bizim hamımızı. Məndən elə şeylər soruşdular ki, mən lap özümü itirdim.

A l m a z. Qorxdun?

B a r a t. Qorxmağına qorxmadım, ancaq lap boğazım qurudu. Bu bir-iki gündə, Almaz, sən də çox dəyişmişsən. Rəngin sapsarı saralıbdır.

A l m a z. Mən neçə gecədir yatmıram, Barat. Dünən gecə ağlamışam.

B a r a t. Görünür qorxursan?

A l m a z. Yox, qorxmuram. Ancaq vəziyyətim çox ağırdır. Barat, neçə gecədir düşünürəm, çıxacaq bir yol tapmıram. Barat, qulaq as. Sənin bir kəlmə sözündən bir adamın ölümü, ya yaşaması asılı olursa, nə edərsən?

B a r a t. Bilmirəm, yəni necə adamın?

A l m a z. Belə... büsbütün günahsız bir adamın. Yazıq bir adamın...

B a r a t. Əlbəttə, mən elə edərəm ki, o yaşasın.

A l m a z. Ancaq onun yaşaması mənim özümü öldürür. Təkcə məni də yox, mənim işimi, mənim tutduğum yolu, əqidəmi, hamısını ləkələyir. Başa düşdünmü?

B a r a t. Deyəsən bir o qədər də başa düşə bilmədim.

A l m a z. Bu saat, Barat, mən iki yol arasındayam: ya mən iki günahsız adamı ölümə verməliyəm, ya da özümü, öz adımı el içində həmişəlik ləkələməliyəm. Ləkəli adla yaşamaqdansa, ölüm yaxşıdır. Bilirsənmi, Barat, ya onlar ölməlidir, ya mən. Ya onlar yaşamalıdır, ya mən. Başa düşürsənmi? Mən fikrimi toplaşdıra bilmirəm. Sənin fikrində təbiətin saflığı var. Sən öz sağlam duyğunla mənə məsləhət ver. Başa düşürsənmi, Barat?

B a r a t. Yox, Almaz xanım, deyəsən yaxşı başa düşə bilmədim.

A l m a z. Yaxşı, qalsın, görək nə olur.

B a r a t. Biz, Almaz xanım, gərək çalışaq ki, onların bütün işləri açılsın.

A l m a z. Yox, açılmayacaqdır. Görünür, tale özü onların köməyidir. Nə etmək, əl-qolum bağlanıbdır. Vəziyyətim ağırdır, Barat, ağırdır!

B a r a t. Almaz xanım, nə etmək lazımdır, sən de, mən eləyim. İstəyirsən gedim Şərifi, ya Hacı Əhmədi çağırım bayıra, çəkim yumruğu qulağının dibinə, hə?

A l m a z. Bu yumruqdan nə çıxar?

 

Fənər gərək, həm də rentgen fənəri!

Görməzlərə göstərsin

Nələr çıxır əsrin bizə

Göndərdiyi ömürdən.

İndi artıq daş yaşayış,

Ağac gediş yaramaz.

Əsrin nervi poladdandır,

Düşüncəsi dəmirdən.

Fənər gərək, həm də rentgen fənəri!

 

B a r a t. Vallah, onun gözünün altına elə bir rəngi tünd fənər qoyardım ki, lap yüz prosent işıq verərdi. Hayıf ki, proqramda yoxdur. Vallahı, Almaz xanım, mən hələ durum soyunum, Rüstəmi-Zal kimi girim ortalığa, kənd boyu qışqırım, kim vuruşur, gəlsin!

A l m a z. Eh, Barat, Barat...

B a r a t. Sən, Almaz xanım, heç qorxma! Mən bayaqdan qorxurdum, indi qorxum lap keçdi. Biz onları təqsirləndirəcəyik.

A l m a z. Necə? Nədə?

B a r a t. Sən, axı bilmirsən! Onlar quru palçığı divara yapışdırırlar. Qıpqırmızı üzümə durub deyirlər ki, guya bizim aramızda bir şey var.

A l m a z (qorxaraq). Necə? Kimin arasında?

B a r a t. Guya bizim aramızda...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info