Qonaq Kitabı
ALMAZ

Y a x ş ı. Yox, mən tez öləcəyəm, lap tez, bu günlərdə. Özümü öldürəcəyəm.

A l m a z. Gicəlmişsən, qız, nədir? Bu gözəl çəmənlikləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? Bu ki, axmaqlıqdır. Bunlar hamısı, dünən toyda dediyin kimi, hüquqsuz yaşayışın nəticəsidir. Başa düşdün.

Y a x ş ı. Bilirsən Almaz xanım, görünür Allah belə istəyirmiş. Yazını pozmaq olmaz. Mənim atam ərimgilin yanında çoban idi. Onun yanında balaca bir oğlan olurdu. Çox gözəşirin idi. Biz onunla hər gün görüşürdük. Bir gün bir-birimizi görməsəydik, bağrımız çatlardı. Di gəl ki, zalımlar ayırdılar, saldılar məni oda. Deyir: sən saydığını say, bax gör fələk nə sayır. Vallah, Almaz xanım, qorxmasaydım, çoxdan gəlib o “Yeni yol”a yazılardım. Ancaq mümkün deyil. Öldürərlər.

A l m a z. Axı kim?

Y a x ş ı. Qaynım. Bu vaxta qədər iki adam öldürübdür.

A l m a z. Demək, sənin həmişə bir yanın divar olacaq, bir yanın ağac?

Y a x ş ı. Neynim, çarəm nədir?

A l m a z. Get kənd şurasına şikayətə.

Y a x ş ı. Kənd şurası öz bibisi oğludur. Bir-iki ay bundan qabaq bulaq başında sənin danışdıqlarını eşitdim. Gəldim evdə oturdum, ağla ki, ağlayasan.

A l m a z. Yaxşı, eşitmişsənmi, deyərlər: qaçanın dizi ağrayar, ağlayanın gözü?

Y a x ş ı. Bəs nə edim? Bu da gündür, otur dörd divarın arasında, dünyanın bütün dərdi tökülsün ağılsız başına, çək ki, çəkəsən.

A l m a z. Sən bir başa düş ki, ağlamaqla zəncir qırılmaz. Gəmirmək, çeynəmək, qırmaq lazımdır.

Y a x ş ı. Eh... Inək gəldi, qaldı bayırda, mən oturub nağıl açmışam. Sağ ol, xanım qız...

A l m a z. Dayan, dayan... Hələ de görək, o, çoban oğlan sonra nə oldu?

Y a x ş ı. Sonra nə oldu? Heç nə. Məni verdilər ərə, qurtardı getdi.

A l m a z. Bəs nə üçün ona getmədin?

Y a x ş ı. Məni ağa istəyən yerdə, nökərə kim verərdi?

A l m a z. Əvvəldən getməyəydin!

Y a x ş ı. Atam verəndən sonra mən nə deyə bilərdim? Ərimin övladı olmurdu. Bir arvadı kəbin altında qoyub məni aldı. İki-üç il mənim də övladım olmurdu. Indi də il yarımdır ki, qazamatdadır. Bu gün-sabah çıxacaqdır. Eh, deyirəm, mən öləcəyəm.

A l m a z. Yaxşı... Sən dəli olma. Adam dünyada qoçaq olar.

Y a x ş ı. Almaz, sən də mənim bacım, al bu Quranı, dayan üzü qibləyə, and iç bir olan Allaha ki, mənim sirrimi heç kəs bilməz, mən sənə deyim.

A l m a z. Ay qız, Quran nədir, Allah nədir. Uşaq deyilsən ki.

Y a x ş ı. Sən ki, oxumaq bilirsən, al bax (Cibindən bir kağız çıxardıb ona verir, özü çadrasının ucu ilə gözlərini silir).

A l m a z (kağıza baxır, getdikcə onu bir həyəcan alır və birdən, ilan sancan kimi, yerində fırlanır). Yaxşı... Sən deyirsən... Bu nədir?

Y a x ş ı. Buraya bir həkim gəlmişdi, mən qaynımdan gizlin onun yanına getmişdim. Bu kağızı o verdi. Allah xatirinə, Almaz, bir sən bil, bir Allah!

A l m a z. Yaxşı... Sən nə danışırsan? Sənin ərin il yarımdır getmişdir. Sən... sən ikicanlısan?

 

Bu aralıq bayırda bir gurultu qopur.

 

B a y ı r d a n. A başına dönüm, yubandırma. Heyvanlar yük altında əzildi...

C a m a l. Bu saat, bu saat.

X a n ı m n a z (içəri qaçaraq). Ay aman, ay qız, qaynın gəlib evlərdən səni axtarır.

 

Bu aralıq B a r a t, A f t i l və C a m a l içəri girirlər. Birdən Yaxşı onları görüb dayanır, donmuş kimi divara söykənir və bir inilti ilə

 

Y a x ş ı. Barat...

 

Eyni zamanda Barat da özünü itirir və titrək bir səslə

 

B a r a t. Yaxşı...

 

Bir an həyəcanlı bir baxışla bir-birinə baxırlar. Birdən Yaxşı, ayılmış kimi özünü toplayır və cəld bir hərəkətlə bayıra qaçır.

 

C a m a l. Hə, Almaz xanım, evdəsiniz?

A l m a z. Camal, sizsiniz, hara belə?

C a m a l. Köçürəm.

A l m a z. Hara?

C a m a l. Şəhərə.

A l m a z (özünü itirmiş kimi, həyəcanla). Yaxşı, getdin? Yaxşı, Yaxşı, get, get. Siz şəhərə dediniz? Yaxşı, mənə bax! (Birdən Yaxşının dalınca qaçaraq) Ay qız, Yaxşı... Yaxşı... Getdi, hə siz dediniz şəhərə gedirsiniz?

C a m a l. Çox pərişansınız, Almaz.

A l m a z. Yox, yox.

C a m a l. Nə var ki?

A l m a z. Bir şey yoxdur.

C a m a l. Yox, hər halda sizdə bir şey vardır. Mənə elə gəlir ki, siz mənim gəlişimdən darıxan kimi oldunuz.

A l m a z. Camal, nə danışırsınız?

B a r a t. Mən gedirəm, müəllimə. Dəftər-qələm hazırdır. Tez gəlin. Uşaqlar yığışırlar. Dərsdən sonra özəyimizin iclasını çağırmışam.

A l m a z. Çox gözəl (Barat gedir. Aftil qəlyanını doldurur). Şəhərə neçin gedirsiniz?

C a m a l. Darıxdım, Almaz. Sizə ki, yazmışdım. Siz də hazırlaşın, gedək.

A l m a z. Bəs bizim Maarif Komissarlığı ilə şərtimiz?

C a m a l. O bir şey deyil, düzəltmək olar. Ərizə verərik, düzələr gedər.

A l m a z. Mən sizi anlamıram, Camal. Bu, məncə, ictimai bir əxlaqsızlıqdır. Mən Şuralar ölkəsinin tam hüquqlu bir vətəndaşıyam. Söz verdim, vəzifə götürdüm, qurtardı. Bu bizim vətəndaşlıq borcumuzdur.

C a m a l. Vətəndaşlıq borcumuz, vətəndaşlıq borcumuz. Onu şəhərdə də görə bilərik. Sən yaman idealistsən, Almaz. Sənin nişanlın Fuad sənə yaxşı deyirdi ki, mən vətəndaş olmaqdan başqa, özüm üçün də bir adamam. Dünyada bir yol yaşayıram. Öləcəyəm, bir də dirilməyəcəyəm.

A l m a z. Fuad heç vaxt belə boş sözü danışmaz. Bu, məncə, ən azı bir idealsızlıqdır, bir irticadır.

C a m a l. Bu saat hər kəs öz papağını başında bərk tutub ki, başından alıb qaçmasınlar. Siz, bilmirəm, nə qoymuşsunuz, nə götürürsünüz? Bir də, kənd deyəndə, mən başqa cür düşünürdüm. Şəkillərdə görmüşsünüzmü?

A l m a z. Yaşıl bir meşə, əlvan divarlı evlər. O yanda da qırmızı tumanlı bir qız yekə bir çomaqla öz muncuqlu keçilərini suya aparır. Taya dibində də incəbelli bir qız daranıq saçlı bir oğlanla öpüşür.

A f t i l. Yanlarında da bir ördək.

A l m a z. Barakallah, Aftil dayı, elədir ki, var. Yanlarında da bir ördək.

C a m a l. İndi, hər nə... Burada nə var?

A l m a z. Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. Ocağın acı tüstüsündən göz çıxır, beyin çatlayır.

A f t i l. Kəblə Fatmansanın da çırt çubuğu elə fısıldayır ki, elə bil paroxod bacasıdır.

A l m a z. İndustrializasiya.

C a m a l. Tez, Almaz, hazırlaş, birbaş şəhərə. Mədəni adam belə yerlərdə yaşaya bilməz.

A f t i l. Həriya, bura hələ çoban-çoluq yeridir.

C a m a l. Adam, adam üzünə həsrət qalır. Mən sizə təklif edirəm. Sonra deməyin ki, sizi qoydum, qaçdım.

A l m a z. Gedin, Camal, mən getməyəcəyəm.

C a m a l. Necə getməyəcəksiniz? Fuad demədi ki, gələndə də elə bir yerdə gələrsiniz? Dostumdur, sonra məndən inciyər.

A l m a z. Bilirsiniz, bu saat bura bir vuruş meydanıdır. Siz indi meydandan qaçan bir fərarisiniz.

C a m a l. Siz burada qaldınız nə eləyəcəksiniz?

A l m a z. Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. Sizin şəkliniz də çox bayağıdır. Biz ondan daha gözəlini burada, həyatda bu qara torpaq üzərində yaradacağıq.

C a m a l. Siz, yəni kim? Görüm sən komissarsan, upolnomoçennisən, kimsən?

A l m a z. Yox, mən ancaq bir vətəndaşam. Bu da mənim vətəndaşlıq borcumdur.

C a m a l. Yenə də vətəndaş. Vətəndaşlıq borcu təkcə sizə qalmışdır?

A l m a z. Mən tək deyiləm ki! Burada kəndin bütün sağlam və yaradıcı qüvvəsi çalışır. Onları da biz işə çəkəcəyik.

M i r z ə S ə m ə n d ə r (əlində bir kağız, acıqlı içəri girərək). Qurban olum Məhəmmədin şəriətinə, qurban olum Məhəmmədin şəriətinə! (Sözünü deyib gözləyir ki, Almaz hiddətinin səbəbini soruşsun, lakin Almazın dinməzliyini görüncə, daha acıqlı bir halda). Canım, o kişi arvadları yaxşı tanıyırmış (Yenə də Almaz dinmir). Yaxşı deyiblər: Allah dəvəyə qanad versəydi, dünyada uçmamış dam qalmazdı (Almaz yenə də dinmir. Mirzə Səməndər hiddətlənib o biri otağa keçir).

C a m a l. Buna nə olmuşdur?

A l m a z. İşiniz olmasın.

C a m a l. Sonra deyirsiniz, sağlam qüvvə. Xarabalıqdan abadanlıq axtarırsınız. Sağlam qüvvənin kənddə nə işi var?

A l m a z. Tapılar. Sağlam qüvvəni kənd özü verər. Budur bax, elə bu gün altısı birdən yazılmışdır. Özü də qızlar.

C a m a l. Hara yazılmışdır?

A l m a z. “Yeni yol”a.

C a m a l. “Yeni yol” nədir?

A l m a z. “Yeni yol” kolxozdur. Budur, şəhərdən maşınlar gətirmişik. Görürsünüzmü? (Qapıdan göstərir).

C a m a l. Siz burada işinizi qoyub, başınıza cəncəl açmışsınız ki.

T e m u r t a ş (içəri otaqdan açıq pəncərəyə yanaşaraq). Almaz xanım, bu doklad harayadır?

A l m a z. O təkliflərin hamısını kənd yığıncağına verəcəyəm.

C a m a l. Almaz xanım, sizin otağınızdakı kişi kimdir?

A l m a z (gülərək). Çox qəliz soruşmadınızmı? Bu bir sekretdir. Gedib Fuada söyləyərsiniz ki, nişanlınızın yanında bir kişi vardı.

C a m a l. Sonra Fuad sizi şəhərə qoymaz.

A l m a z. Fuad mənə heç bir söz deməz. Dünyada heç bir şey onu mənə qarşı acıqlandıra bilməz.

T e m u r t a ş (çıxaraq). Yəni Fuad sizi bu qədər sevir?

A l m a z. Ondan da çox. Tanış olun (Camalı göstərərək) Bu, mənim nişanlımın ən yaxın bir dostudur. Qonşu kənddə müəllimdi, indi qaçır. Bu da mənim ən çox sevdiyim bir dostumdur.

B a y ı r d a n. Canım, hara getdi bu? Burada küllənib qalası deyilik ki? Vaqon yola düşər, sonra miniklər mənim atamı yandırarlar.

C a m a l. Bu saat, sağ olun! (Bir az kinayə ilə) Mən indi görürəm ki, siz kənddə nə üçün darıxmırsınız (Yola düzəlir).

A l m a z. Fuada salam deyin.

C a m a l. Baş üstə! (Mənalı bir deyişlə). Deyərəm (Gedir).

T e m u r t a ş. Bu adam mənə çox şübhəli baxmadımı? İndi kim bilir gedib Fuada nə deyəcəkdir?

A l m a z. Siz, dostum, Fuadı tanımırsınız. O, ailə çərçisi deyil. Hər belə xırda şeylərə fikir verməz. Bizi dünya vuruşdura bilməz. O məni çox sevir.

T e m u r t a ş. Bəs siz?

A l m a z. Mən daha çox.

T e m u r t a ş. Xoşbəxtdir.

A l m a z. Siz də gedirmisiniz, doktor? Nə tez?

T e m u r t a ş. Sabah şəhərdə olmalıyam. Bu da mənim şəklim. Sizin üçün yazmışam (Şəkli Almaz alıb stol üstünə qoyur).

M i r z ə S ə m ə n d ə r. Ah, qurban olum Məhəmmədin şəriətinə! Qurban olum Məhəmmədin şəriətinə! O kişi elə arvaddakını yaxşı bilirmiş. Allah heç kafiri arvad çənginə salmasın (Bu sözlərin hamısını dedikdən sonra gözləyir ki, Almaz cavab versin, Almaz dinmir, nəhayət, üzünü Almaza tutaraq) Heç deyəsən ona demirsən. Qulaq da asmır.

A l m a z. Mirzə Səməndər, siz kimə deyirsiniz?

M i r z ə S ə m ə n d ə r. Necə yəni kimə deyirəm? Mən bir başa düşə bilmirəm ki, bura klubdur, zavoddur, agitpropdur, ya da ki, məktəbdir?! Sən müəlliməsən, dərsini de. Bu maşınların məktəbdə nə işi var, hə?

A l m a z. Mirzə Səməndər!

M i r z ə S ə m ə n d ə r. Bir mən bilmək istəyirəm ki, burada müdir kimdir? Sənsən, ya mən, hə?

A l m a z. Mirzə Səməndər!

M i r z ə S ə m ə n d ə r. Bəs necə olur ki, pianino haqqında Maarif Komissarlığından kağız gəlir, sənin adına yazılır, hə?

A l m a z. Çünki siz burada yox idiniz, pianino üçün kağızı mən yazmışdım.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info