Qonaq Kitabı
ALMAZ

 

5 pərdəli 7 şəkilli pyes

 

 

İŞTİRAK EDƏNLƏR

 

A l m a z – müəllimə, 18 yaşında

X a n ı m n a z – onun anası, 42 yaşında

F u a d – Almazın nişanlısı, 23 yaşında

T e m u r t a ş – doktor, 32 yaşında

C a m a l – müəllim, Fuadın dostu, 22 yaşında

M i r z ə S ə m ə n d ə r – məktəb müdiri, 43 yaşında

B a r a t

G ü l v e r d i komsomolçular

A l l a h v e r d i – qoca kəndli, Baratın atası

S ü r m ə – məktəbli qız, 10 yaşında

A f t i l – yoxsul kəndli, 40 yaşında

Y a x ş ı – kəndli, 22 yaşında

B a l o ğ l a n – kənd şurası sədri, 30 yaşında

Ş ə r i f – onun katibi

H a c ı Ə h m ə d – maskalı qolçomaq, 50 yaşında

İ b a d – qolçomaq quyruğu, Yaxşının qaynı, 30 yaşında

B a l a r z a – varlı kəndli, 43 yaşında

G ü l x a n ı m – onun arvadı, 26 yaşında

O c a q q u l u – kəndli, 65 yaşında

K ə r b ə l a y ı F a t m a n s a – mamaça, 65 yaşında

P r o k u r o r

Komissiya üzvləri, kəndlilər, kəndli qadınlar, gənclər, uşaqlar.

 

 

 

BİRİNCİ PƏRDƏ

 

BİRİNCİ GÖRÜŞ

 

Azərbaycanın uzaq bir kəndində, məktəb qabağında bir meydança. K ə n d m o l l a s ı, o n u n m ü r i d l ə r i, a ğ s a q q a l l a r və sairə çiyinlərində bir tabut aparır və oxuyurlar. Bu aralıq on səkkiz yaşlarında gənc bir qız – Almaz bir qadını əlindən tutub sürüyərək, qocaların baxışı altında keçib gedir.

 

 

İKINCİ GÖRÜŞ

 

M ü ə l l i m i n mənzili. Səhnə koridor kimidir. Arxa divar şüşəsiz bir şəbəkədir  ki, ardından küçə, meydança, o yanda xırda evlər, məscid və sairə görünür. Səhnəyə üç tərəfdən üç qapı açılır. Səhnədə köhnə bir stol, üzərində kağız, bir kasa, bir səbət və sairə... Şəbəkə qabağında irili-xırdalı uşaqlar oturmuşlar. Almaz qadının əlindən tutaraq, içəri girir.

 

A l m a z. Uşaqlar, xoş gördük.

U ş a q l a r. Xoş gördük, müəllimə!

S ü r m ə. Biz dağılışmaq üçün sizi gözləyirdik.

 

Hamı Almazın yanına qaçıb onu qucaqlayır.

 

A l m a z. Sıraya düzül! (Hamı düzülür). Kəndin bütün küçələrini oxuyaraq keçəcəksiniz, səsinizi eşitməmiş bir ev qalmasın. Bu ölü dəstəsinin keçdiyi küçələrdə üz-üzə gəlib, səslərini örtəcəksiniz. Eşitdinizmi? Tez başlayın!

U ş a q l a r.

Hey sən, əski dünya, təslim ol,

Əski dünya, təslim ol!

Sənə qarşı yürüş var.

Maşınlara od buraxın,

Vuruş var ha, vuruş var,

Vuruş var ha, vuruş var,

Sıralara duraq biz,

İrəliyə, irəliyə,

Yeni dünya quraq biz.

 

Uşaqlar gedir və bütün pərdə boyu qarışıq olaraq gah ölçülərin, gah da uşaqların səsləri eşidilir.

 

Y a x ş ı. Burax, daha gedim.

A l m a z (gülərək). Qoymaram, dedim, qoymaram. Sən o sözləri bir də de, oxu, yazım, sonra get. Sən bir dayan. Ay ana, ay ana, bircə mənim o zurna-balabanımı bəri gətir.

X a n ı m n a z. Ay balam, səhərdən haradasan? Ürəyimin içini yemişəm. Bilmirəm ki...

A l m a z. Hələ bircə onu saxla, bu saat kefim bərk kökdür. Düz bulaq başından gəlirəm. Gəlib bir görəydin, elə bir mitinq düzəltmişdim ki... Sözlərim onlara bərk təsir etdi. Altı arvad elə birdən özünü “Yeni yol”a yazdırdı. Altısı da elə birdən. Urra!

X a n ı m n a z. Ərizələrini yiyələrinə verdim. O qədər dua edirdilər.

A l m a z. Bircə o skripkanı bəri ver. Ya istəyirsən qarmoşka çalım. Yaxşı, di başla o bayaqkını.

Y a x ş ı. Gərək günəş dağları aşıb sönməyəydi!

A l m a z. Yox, yox, oxu. Mən havasını da öyrənmək istəyirəm. Hə!

Y a x ş ı .

Gərək günəş dağları aşıb sönməyəydi!

Gərək mənim dönmüş taleyim dönməyəydi!

Gərək mənim istədiyim gidi fələk

Açılmadan qara torpağa gömməyəydi!

Göydəki aya dedim dərdimi, qoy yarə yetirsin,

Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.

 

Sanki hər tərəfdən yüzlərlə qadın səsi Yaxşının oxuduğunu xor ilə təkrar edir.

 

Daha, sən Allah bəsdir. Burax gedim. Eh... Vallah, qaş qaralıb. İnək gələr, qalar avara. Onsuz da, oxudum, dərdim təzələndi. Ağlamağım gəlir. Daha qiryətə boğulmuşam.

A l m a z. Olmaya, ay qız, öz ərinçin darıxırsan. Doğrudan, ay Yaxşı, o kimi öldürmüşdür?

Y a x ş ı. Öz qardaşı arvadını. Axtarsan, qardaşı özü öldürmüşdür, ancaq o, boynuna çəkmişdir.

A l m a z. Haçandan yatır?

Y a x ş ı. Bu səfər ayı çıxsa, il yarımdır.

A l m a z. İl yarım?... Odur ki, ay yeyib ayıya dönmüşsən də.

Y a x ş ı. Yox, mən öz ərimin qayıtmasını istəmirəm.

A l m a z. Necə istəmirsən? Indi ki, istəmirsən, bəs nə üçün onda dayanmışsan?

Y a x ş ı. Çarəm nədir?

A l m a z. Çıx!

Y a x ş ı. Elə də iş olar? Ər bir, Allah bir.

A l m a z. Neçin olmur? Çıxarsan, mən də səni yazaram kolxoza, “Yeni yol”a, maşında işlərsən. Əlində qazancın olar. Azad olarsan, adam olarsan, savadlanarsan. Bizim kəndimiz də irəli gedib mədəni olar. Başa düşdün? Sonda yenə də kimə istərsən, gedərsən.

Y a x ş ı. Yox, mən heç kəsi istəmirəm.

A l m a z. Yalan deyirsən. Mən sənin gözlərindən görürəm ki, sən kimi isə istəyirsən.

Y a x ş ı. Mən papaq deyiləm ki, gündə birinin başına örtülüm. El yığılıb bir dama təpib, oradan da çıxarıb, qəbrə aparacaq.

A l m a z. Ay Yaxşı, doğrudan da sən dünyada nə görürsən? Evin damından, ocağın şamından başqa nə görə bilərsən?

Y a x ş ı. Sən Allah, ay Almaz xanım, dərdlərimi təzələmə. Vallah, bu saat ağlaram.

A l m a z. Ay qız, Yaxşı, hənək-hənək, axırı dəyənək. Doğrudan da yaş boğazını boğur.

Y a x ş ı. Nə eləyim, deyir:

 

Sənə qurban olum, ay dədə Kərəm,

Gözlərim tor gətirir, ürəyim vərəm.

Dəryalar mürəkkəb olsa, meşələr qələm,

Mollalar yazdıqca dərdim var mənim.

 

A l m a z. Hələ bir dayan bunu da yazım (Yazır). Ürəyim vərəm, sonra?

Y a x ş ı. Hə... Meşələr mürəkkəb, mollalar qələm.

A l m a z. Necə yəni mollalar qələm?

Y a x ş ı. Kim deyir mollalar qələm?

A l m a z. Sən deyirsən də... Deyirsən meşələr mürəkkəb, mollalar qələm.

Y a x ş ı. Yox, meşələr yox, mollalar mürəkkəb, meşələr qələm.

A l m a z. Necə yəni mollalar mürəkkəb?

Y a x ş ı. Ey... Vallah ağlım başımda deyil, heç bilmirəm nə danışıram.

      Dəryalar mürəkkəb olsa, meşələr qələm,

      Mollalar yazdıqca dərdim var mənim.

Ancaq, başına dönüm, heç kəsə deməyəsən ki, mən buraya gəlmişəm. Sonra öldürərlər məni, ətimi şişə çəkərlər.

A l m a z. Kim?

Y a x ş ı. Ərimin qardaşı, elə ərim özü.

A l m a z. Hanı ərin?

Y a x ş ı. Bu gün-sabah gələcək də. Qaynım dünən araba ilə şəhərə gedib.  Yoxsa mən bura gələ bilərdim? Mənim gönümü soyardı. Eh... Almaz... mən öləcəyəm.

A l m a z. Necə yəni öləcəyəm. Böyük zəhmət çəkəcəksən. Kim ölməyəcək ki?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info