Qonaq Kitabı
Birinci hissə

– Fəridun xan, al bir bunu dindir, görüm, – dedi.

Ən axırda dəfi İsfəndiyar xana verdi. Çalğı başladı. İsfəndiyar xan oxudu. Bu oxumaq mənə və Ninaya nəhayət dərəcədə nəşə verdi. Mən onların kişi olmalarından şübhələndim. Lakin bir söz demək, bir söz belə soruşmaq mümkün deyildi.

Oxudular, çaldılar. Çalğı bitəndən sonra Nina və mən Abdulla xanın gülxanasını gəzmək üçün həyətə çıxdıq.

Ümumiyyətlə, Təbriz həyətləri gözəl qurulmuşdu. Abdulla xanın həyəti daha gözəl idi. Orada gördüyüm növcə əlvan və sayca artıq gülləri heç bir yerdə görməmişdim.

Yarım saatdan sonra salona qayıtdıq. Lakin gənclərdən heç birini salonda görmədik. Nina Abdulla xandan soruşdu:

– Qonaqlarınız getdilərmi?

– Xeyr, indi gələcəklər.

Beş dəqiqədən sonra qabaqda Səhba xanım, dalınca da beş nəfər gözəl və şıq əlbəsəli fransız qadını içəri daxil oldu.

Qadınların hamısı abı rəng donda, zərif corab və zərif tuflilərdə idi. Çox zəngin geyinmişdilər.

Bunlar xəfif təbəssümlərlə bizə yaxınlaşdılar. Fransız qadınlarını təqlid edən bu qadınlar ilk baxışda bir fransız qadınına bənzəsələr də, yaxından yenə də Şərqin

kübar qadınlarını andırırdılar. Xüsusən, gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus bir gözəllikdir. Onu Şərqin başqa qadınlarında görmək mümkün deyildir.

Onlar bizə yanaşıb yenidən tanış oldular.

Nazəndə, Şükufə, Rəna, Leyla, Səltənət xanım deyə əllərini bizə uzatdılar.

Bu mənzərə bizi daha da heyrətə saldı. Bunlar kimdir? Nəçidirlər? Oxuyub-çalmaq üçünmü çağırılmışlar?

Hər halda burasını bir növ təhlil edə bilmirdik. Lakin qadınların danışıq və hərəkəti onların bu ailəyə mənsub olduqlarını bildirirdi. Qadınlar evi dolaşdıqca ətrafa ətir qoxuları səpirdilər. Bu dəfə qadınlar pudralanmış və barmaqlarını brilyant üzüklərlə doldurmuşdular. Mən və Nina Təbrizdə olduğumuz zaman bu kimi bir ziyafəti görməmişdik. Xüsusən, bu kimi şıq və gözəl qadınlara birinci kərə təsadüf edirdik.

Mən bu qadınlara baxmaqla bərabər Ninanı da gözdən keçirirdim. Nina gözəl Təbriz qadınlarına olduqca diqqətlə baxırdı. Mən onda qadınlara qarşı bir rəqabət hissi oyandığını duyurdum. Nina ayağa qalxdı. Salondakı böyük aynanın qarşısında durdu. Gözlərini aynaya açdı, diqqətlə baxdı, gülümsəyərək döndü, dönərkən çiyninin üstündən bir daha aynada öz əndamını gözdən keçirib qadınlara qoşuldu.

Yemək gətirdilər. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. Süfrədə çəngəl, bıçaq, qaşıq qoyulmuşdu. Başqalarına nisbətən Abdulla xanın süfrəsi tamamilə bir qərb evinin süfrəsi idi. Əli ilə xörək yeyən yox idi.

Süfrə yığışdırıldıqdan sonra yenə də gül ağaclarının altına keçdik. Yenə də qadınlar çalıb-oxudu. Qadınların oxuduğu yalnız Hafizin qəzəlləri idi. Axşam saat beşdə evə qayıtmaq üçün icazə istədik. Səhba xanım Ninanı öpərək deyirdi:

– Ümid edirəm ki, bu görüşümüz son görüş olmayacaqdır. Yenə də görüşəcəyik.

Səhba xanım bunu dedikdən sonra barmağından bir brilyant üzük çıxarıb Ninanın barmağına taxdı. Bunu görərkən qadınların hər birisi bir qiymətli şey çıxarıb Ninanın redikülünə qoymağa tələsdilər.

Nina bunları qəbul etmirdi. Axırda Abdulla xan:

– Bunlar mənim əmim oğlanlarının və qardaşlarımın qadınlarıdır. Xahiş edirəm ki, bunları öz yaxın dostlarınız hesab edəsiniz! – deyə hədiyyələri Ninanın redikülünə buraxdı.

Saat beşdə görüşüb bayıra çıxdıq. Abdulla xanın özü də bizi yola salmağa hazırlanırdı. Nina həyətdə Abdulla xana belə bir sual verdi:

– Bunlar qadın olduqları halda nə üçün kişi paltarı geymişdilər?

– Təbrizdə bu cür şeylərə çox təsadüf edəcəksiniz. Bu barədə uzun danışmaq lazımdır! – deyə Abdulla xan Ninaya cavab verdikdən sonra, Nina daha səbəbini soruşmadı. Mən sözə başlayıb bu xüsusda Nina ilə evə qədər söhbət etdim.

– Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadını gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mənus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir faizi qadınlara tamamilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən, bu əxlaqsızlıq kübar ailələri içərisində daha artıq “tərəqqi” etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdı. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alışverişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi:

– Urmu varlılarından Məcdüssəltənə 6 qadını olmasına baxmayaraq, 7 nəfər də gözəl uşaq gətirib saxlamışdır.

– Bu uşaqları ona kim verir? – deyə ondan soruşdum.

Qoca başına hərəkət verib dedi:

– Bunların hamısı aşağı təbəqənin uşaqlarıdır. Bunların bəziləri də ağanın rəiyyətinin uşaqlarıdır.

Bəziləri vergi ucundan, bəziləri böyük pul müqabilində alınan uşaqlardır. Bu kimi əxlaq pozğunluğu nəticəsində üz verən hadisələr daha böyükdür. Məcdüssəltənənin gənc qadınlarından bəzisi bu uşaqlarla yaşamağa məcbur olurlar, çünki ərləri daha uzun müddətdən bəri onlara yaxın getmir. Çox müdhiş hal budur ki, gənc qadınlardan bəzisi bu vəziyyətə davam gətirmədiyindən özünü gölə atıb boğurdu. Eyni zamanda bir-birinə qısqanan uşaqlar da ara-sıra bir-birini öldürüb yaralayırdılar. Məsələ burasındadır ki, balıq başdan qoxur. Padşah da, vəliəhd də bu xəstəliyə tutulubdur. Hələ hazırkı Məhəmmədəlini demirəm. Bunun atası Müzəffərəddin şahı götürəndə onun özü də bu xəstəliyə tutulmuşdu. O, oğlu Məhəmmədəlinin toyunda oynayan mütrib Əli xanı hərəmində həftələrlə saxlamışdı. Atasından tərbiyə götürən vəliəhdə gəldikdə bütün Azərbaycanı gəzib rastına keçən gözəl gəncləri özü ilə bərabər Təbrizə gətirmişdi.

Urmulu Hacı Şücaüddövlənin oğlunu gətirdi. Təbrizdə Mir Manaf sərrafın oğlunu aparıb saxladı. Sonra sərtiblik verib buraxdı. Yanında həmişə Abidin xan Mücəlləlüssultanı[11] saxladı. Burada sənə daha qəribə bir söz deyəcəyəm. Onda ki, Məhəmmədəli şahın hərəmi Sürurüssəltənəni Tehrandan gəlin gətirdilər. Məhəmmədəli şah təzə qadınını istiqbal üçün Vasminc qəsəbəsinə qədər getmişdi. Bu əxlaqsız getdikdə yanınca Abidin xanı da faytona qoyub aparmışdı. Sürurüssəltənə bunu görərkən acıq edib Tehrana qayıtmaq istəmiş. Qadın acıqlanaraq: “Sənin qadının ola-ola mənə nə üçün zəhmət verdin?” – deyib ağlamışdı.

Bu cür şeylər çoxdur. Bunun atası Müzəffərəddin şah Təbrizdə vəliəhd olduğu zaman Məhəmmədsadıq xan onun yaxın adamlarından idi. Bunun oğlu Hüseynpaşa xan gözəl bir cavan idi. Müzəffərəddinin bu oğlana aşiq olduğunu hiss edən Məhəmmədsadıq xan, oğlunu gecə ilə Qaradağa öz kəndinə göndərmişdi. Bir neçə ildən sonra oğlan çiçək xəstəliyinə tutulub çopur olduqda atası Təbrizə gəlməsinə icazə verdi.

– Hüseynpaşa xan kimdir? – deyə soruşduqda qoca gülümsünüb dedi:

– İndiki Əmir Bahadır-cəng. İndiki hərbiyyə vəziri. Hazırda Lyaxovla əlbir olub parlaman binasını topa tutan cənab! Bu adam məşrutənin dağılmasında birinci rol oynamışdır.

– Çox razıyam! Mənə böyük məlumat verdin! – dedikdə qoca ah çəkdi. Son sözünü belə qurtardı:

– Kübar ailələrdə olan alçaqlığı bilsən, onların bu xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum!

Mən kübar ailələrin əxlaqsızlığı haqqında bir çox bu kimi işləri yalnız eşitmək deyil, öz gözümlə də gördüm. Abdulla xanın evindəki qonaqlıq bunu mənə bir daha isbat etdi. Qadınlar kişilərini qeyri-təbii eşqdən qaytarmaq üçün özlərini uşaq şəklinə salmağa məcbur olmuşdular.

 

Nina və Səttar xanın qadınları

Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Milierin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O, bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərində “Russkoye slovo” qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.

Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş “Novoye vremya” qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun “Xuliqan” qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

“Russkoye slovo” qəzeti müxbirinin Bakıdakı İran İnqilabi Komitəsindən kağız gətirməsi, xüsusən, “Russkoye slovo”nun Təbriz inqilabı haqqında bir neçə yaxşı məqalə yazması onun Təbrizə girməsinə və Səttar xanı ziyarət etməsinə imkan vermişdi.

Sonra Nina, Səttar xan və onun ailəsini ziyarət etdiyindən danışaraq deyirdi ki:

– Qapıda çox müsəlləh adam vardı. Biz vəsiqələri verdik. Onlar rusca çox gözəl oxuyurdular. Qafqazlı olduqları simalarından bəlli idi. İçəri girdik. Çox otaqları vardı. Burada müsəlləh adamlar qaynaşırdı. Biz burada Səttar xanın yanına yetişirik deyə özümüzü düzəltdik.

Sərdar içəri daxil olmaq üçün icazə verdi.

Mən və Tardovun arvadı qadın olduğumuz üçün Tardovdan qabaq içəri girdik. Sərdar döşək üstündə oturub qəlyan çəkirdi. Başı açıqdı. Bizi görərkən təəccüblə baxdı və yanından börkünü götürüb başına qoydu.

Tardov da içəri girmişdi. Sərdar ayağa qalxmadı, ona yer göstərdi. O oturarkən Sərdar yalnız bir az hərəkət etməklə kifayətləndi; biz bir tərəfdə quruyub durmuşduq. O, ayağa qalxdı. Bizə əl uzatdı. – “Xanımları hərəm odasına aparın” – deyə qoca bir kişiyə işarə etdi. Biz içəri girdik.

Şərqin nəfis ipəkləri, Kirman, Saraqun qiymətli xalçaları, Kaşanın məxmərləri ilə zinətlənmiş odaya girdikdə Səttar xanın böyük qadını döşək üstündə oturub qəlyan çəkirdi. İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. İran adətincə əlimizi sıxdı. Bizi qoltuqlu sandalyalar üzərində oturtdu. Cürbəcür şirni, yağlı və şirin çörəklər, papiroslar, siqarlar gətirdilər. Xanım bizi yedirmək üçün cürbəcür şivələrlə danışdırır və məşğul edirdi. Mən onun bütün dediklərini anlayırdım. Qadın təxminən 35 yaşında olardı. Onun qəlyan və papiros çəkməkdən qabaq dişləri qaralmışdı. Heç bəzəyi yoxdu. Gözəldi. Onun hər bir hərəkəti bizi məşğul edirdi.

Ayaq üstündə gənc və gözəl bir qadın durmuşdu. O, xanımın yanında yerə oturmur, ağzından yaşmağını çıxarmırdı. O , Səttar xanın inqilabdan sonra aldığı qadın idi. Buna görə də hərəmdə böyük sayılan birinci qadının yanında yerə oturmaqdan həyalanırdı. Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini daşıyırdı. Gözləri həddindən artıq qara idi. Sürmə çəkdiyi bəlli idi. Gözlərini qapadıqda qara kirpikləri bir ağızlı daraq kimi hər iki tərəfdən çöhrəsinə yayılırdı.

Qadınların hər ikisi dırnaqlarına xına yaxmışdı. Böyük qadın topuqlarına xırda altun və inci ilə düzülmüş xalxal bağlamışdı. Kiçik qadında bu yoxdu. O, uzunboğazlı və nəfis alman corabı geymişdi. Kiçik qadın böyük qadını bacı deyib səslədikdə o, “can” deyə cavab verirdi. Bunlar sanki bir-birlərilə rəqabət aparan qadınlar deyildi. Amma ikisinin də simasında olan pozğunluq və fikir yorğunluğu onların bir-birinə gizlin rəqabət hissi bəslədiyini göstərirdi.

Səttar xanın hərəmində başqa İran əyanları kimi qadın qələbəliyinə təsadüf etmədik. Orada yalnız bir qadın qulluqçusu vardı.

Bizi götürüb bütün otaqları göstərdilər. Qadınların hər birisi üçün başqa otaq vardı. Səttar xanın özü üçün də xüsusi otaq vardı. Evlərdə çarpayı qəbilindən heç bir şey yox idi. Otaqları gəzdikdən sonra böyük qadın sandıqdan iki üzük çıxarıb birisini mənə, digərini də Tardovun qadınına verdi. Yanındakı gənc qadına işarə ilə:

– Bunları kiçik xanım sizə hədiyyə edir, – dedi.

Bizi bayıra çağırdılar. Getmək vaxtı idi. Səttar xanın oturduğu otağa girdik. Səttar xan Tardovla öz mütərcimi vasitəsilə danışırdı. O, yenə də silahlı idi. Danışırkən yenə də dik gözləri parlayırdı. Açıq alnı və heybətli çöhrəsi vardı. Sözündən, hərəkətindən, duruşundan ancaq əski dovrlərə məxsus “vuraram”, “öldürərəm”, “yıxaram” deyən ibtidai qəhrəmanlara bənzəyirdi.

Biz onunla vidalaşırkən hamımıza əl verdi. Qabaqca qadınlara, sonra isə Tardova.

Bizi qapıya qədər ötürdü. Çox yumşaq və həlim bir surətdə danışırdı. Yenə adəti üzrə əlini tez-tez başına çəkirdi.

Çox təmiz geyinmişdi. Üstündə ağır silah və patron dolandırırdı. Bütün ehtiyat qüvvələri, atlı, piyada hamısı əmrə hazırdırlar. Ona hər beş-on dəqiqədə bütün cəbhələrin işləri haqqında məlumat verilirdi. Demək olar ki, Sərdar bütün cəbhələri şəxsən idarə edirdi. Bağır xanla tez-tez danışırdı, çünki şiddətli vuruşmalar Bağır xan cəbhəsində gedirdi. Biz bayıra çıxanda Səttar xan da atlanıb Xiyaban cəbhəsinə yola düşürdü. Çıxarkən Səttar xanın evini seyr etdik. Fəqir və adi bir görünüşü var idi.

* * *

Bağır xan öz nüfuzunu itirmişdi. O, Rəhim xan Təbriz ətrafına gəldikdə rus bayrağı himayəsinə girdiyindən bu ləkəni öz üzərindən silməyə çalışırdı. Bağır xanın yanında Təbrizin ən məşhur igidləri və ən yaxşı, tədbirli adamları toplanmışdı. Bala Tağı və Cəlil xan[12] kimi adamların olduğuna baxmayaraq Bağır xan özü tədbirsiz idi. Nəhayət o, bu ləkəni öz üstündən təmizlədi. Bağır xan bütün qüvvətini hazırlayıb Rəhim xanın üzərinə qəti hücuma keçdi. Rəhim xan bütün silah və hərbi ləvazimatını Sahib-divan bağında buraxıb qaçmağa məcbur oldu.

Rəhim xan bişmiş plovunu belə qazanlarda qoyub qaçdı və rus himayəsinə keçmək üçün rus bankına məxsus olan bağda yerləşdi. Buna görə də Təbrizdə rahat nəfəs alınacağına ümid olunurdu.

Rəhim xanın bu məğlubiyyətindən sonra rus konsulunun nə təşəbbüsdə olacağı məlum deyildi.

Bu vəziyyəti öyrənmək üçün Nina ciddi surətdə çalışırdı. Nina şifrə şöbəsindən başlamış tərcümə şöbəsinə qədər gəzmişdisə də bir şey əldə edə bilməmişdi. Tam bu günlərdə Nina konsul mütərcimi Mirzə Fətulla xan Babayevdən bir sevgi məktubu almışdı. Məktubda belə yazılırdı:

“Gözəl Nina! Hər gözəl qadına gözəl demək adətdir. Lakin sizin yüksək gözəlliyinizi gözəl sözü tamamilə ifadə edə bilmir. Siz bu məktubu axıra qədər oxusaydınız mən özümü xoşbəxt hesab edərdim. Amma bilirəm ki, oxumursunuz. Oxusaydınız, cavab verərdiniz. Çox təəssüf edirəm ki, sizə baş əyən, hər əmrinizi dini bir vəzifə kimi ifa etməyə hazır olan Babayevi lazımınca tanımamısınız.

Siz mənim konsul yanında olan hörmətimi, imperatora olan səmimi xidmətlərimi və bütün Təbrizdə bir Allah kimi tanındığımı lazımınca qiymətləndirə bilməmişsiniz. Onu da bilirəm ki, azadsınız. Bu müddətdə bir kəsi sevmiş olsaydınız, ərə gedərdiniz.

Siz Arşakdan ayrıldıqdan sonra daha ərə getməyəcəyiniz üçün konsulun yanında and içəndə mən sevindim. Çünki mənə də bu lazım idi. Mən bu azadlıqdan istifadə edib sizinlə yaşayacağımı düşünürdüm. Bu fikrimi sizə də söyləmişdim. Sizə olan məhəbbətimi sözdə deyil, işdə və həyatda da sizə göstərirdim.

Sizi sevdiyimi və bu sevgi yolunda hər bir fədakarlığa hazır olduğumu gözəlcəsinə anlayırdınız. Siz mənim bu fikrimi bildikdən sonra uşaqların dərsindən də ayağınızı çəkdiniz. Bu isə mənim ailəmdə şübhələrə səbəb oldu. Yoldaşım mənim tərəfimdən sizə qarşı bir hörmətsizlik üz verdiyindən şübhələnir.

Hər halda dərsləri birdən-birə atmağınız evimizdə yaxşı təsir bağışlamamışdır. Bu kimi şübhələrə meydan verməmək üçün heç olmasa bir neçə gün dərsə davam etməyinizi rica edərdim.

İkinci kərə təkrar edirəm ki, mən sizin üçün hər bir imkanı yarada bilərəm. Siz bilirsiniz ki, mən Təbrizin Allahı kimiyəm. Saat altıda dərsə davam edəcəyinizə ümid edirəm.

Sizin xeyirxahınız

                                                                                                                      Fətulla”.

Nina konsulun Rəhim xan məğlubiyyətindən sonra nə təşəbbüsdə olacağını öyrənmək üçün Mirzə Fətulla xanın evinə getməyə hazırlaşırdı.

* * *

Axşam saat doqquzda Ninanın evinə getdim. Nina Mirzə Fətulla xanın evindən qayıtmışdı. Məmnun görünürdü. O, məni görən kimi tələsərək dedi:

– Dayanmaq vaxtı deyil. Olsun ki, sabah Təbriz üzərinə ümumi hücum başlansın. Rəhim xan konsulxanaya belə bir məlumat vermişdir:

“Təbriz ətrafına toplanmış hökumət qüvvələri öz nöqsanlarını düzəltmişdir. Yeni atlı dəstələrinin də gəldiyini konsul cənabına məlum edirəm. Surxab, Dəvəçi, Qaraməlik camaatı da bizə kömək verməyi öhdələrinə almışdır.

Burada Nayib Həsən, Nayib Kazım və Əsgərin[13] sərkərdəliyi altında müsəlləh qüvvə təşkil etmişlər.

Təzə hücum Sallaxana, Əmrəxiz, Şütürban, Ləklər, Seyid, İbrahim, Saman meydanı və Dəvəçi bazarçası tərəfindən başlanacaqdır. İstanbul qapısı tərəfindən Səttar xanın qərargahı olan Əmrəxiz dörd tərəfli hücum qarşısında qalacaqdır”.

Məsələni lazımi yerlərə xəbər vermək üçün uzun bir vaxt lazımdı. Rəhim xanın qaçdığını görən şəhər uyumuşdu. Bir çoxları mərsiyə məclislərində, bir çoxları toylarda, qumarxanalarda, kefxanalarda idi. Bir çox müsəlləh dəstələr də evlərinə buraxılmışdı.

Səttar xan camaat arasında ruh yüksəkliyi oyandırılmasını lazım görürdü. O, Qaraməlik və Surxab məhəlləsinin dalınca başqa küçələrin də Rəhim xana qoşulmasından qorxurdu. Natiqlərə və məşrutəçi mollalara xəbər göndərildi. Təbliğat işlərinin şəkli yenə də əvvəlki kimi qalmışdı. Təbliğat yenə də mərsiyə demək və xalqı ağlatmaqdan ibarət idi. Xalqa inqilabın nə istədiyi və hökumətdən nə tələb etməsi haqqında heç bir söz demirdilər. Bu barədə Səttar xanla çox danışıldı; lakin o, öz təbliğat üsulundan əl çəkmirdi. Onu ruhuna qədər əlinə almış Hacı, heç vaxt inqilabın doğru yolla getməsinə imkan vermirdi.

* * *

Bu gün saat üçdə Nina mənə bir intibahnamə də verdi. Bu intibahnamə konsulxanada düzəlib əksinqilab təşkilatı olan “İslamiyyə”[14] vasitəsilə şəhərə buraxılacaqdı.

“Ey müsəlmanlar! Qeyrət edin, sizin qeyrətiniz harada qalmışdır? Bu babilər məşrutə bəhanəsilə aralığa çıxıb öz dinlərini möhkəmlətmək istəyirlər. Yaxın zamanda islamiyyə tamamilə əldən gedəcəkdir. Bu dinsizlərin rişəsini kəsmək sizin hamınıza vacibdir.”

Konsulxananın xüsusi adamları “İslamiyyədə” toplanmış mollalar içərisində çalışırdı. Konsulxana bütün işini bunların vasitəsilə idarə edirdi. Bu hərəkət yüz faiz din, məzhəb, mövhumat əsasları üzərində qurulmuşdu.

Səttar xanın da hərəkətinə təkan verə biləcək təbliğat üsulu bundan ibarət idi.

Səttar xan ümumi hücum xəbərini alar-almaz gecə ilə Həzrəti-Abbas və Həzrəti-Qayimi-ali-Mühəmməd adına iki bayraq hazırladı. Səhər tezdən bu bayraqların inqilab şurası damında vurulması xəbəri bütün şəhərə yayılmışdı. Demək olar ki, bütün Təbriz böyükdən kiçiyə qədər ayaq üstündə idi. Silahına gümanı gələn götürüb Səttar xanın qapısına gəlmişdi. Hətta Rəhim xana söz vermiş Qaraməlik və Surxabdan da adamlar gəlmişdi. Bayrağa 20 nəfər tüfəngli qarovul qoyuldu.

Camaat hələ dağılmamışdı. O saatda İnqilab Şurasının həyəti döşəndi. Molla Qaffar Cərəndablı Həzrəti-Abbas mərsiyəsi oxudu. Camaat ağladı. İnqilabın müdafiəsinə and içildi.

 

Yeni hücumlar

Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.

İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:

“Təbriz əhalisi! Bugünkü müharibədə dindən və islamiyyətdən çıxmış istibdadçılar Sahibüz-zəman və Həzrəti-Abbas bayraqlarını aparmaq üçün əncümənə hücum etmişdilər. Qəhrəman mücahidlər cənabi-sərdari-milli Səttar xanın himməti sayəsində buna imkan vermədilər. Müstəbidlər Həzrəti-Abbas və Qaimi-ali-Mühəmmədin bayrağına minlərcə güllə vurublar. Bundan başqa din və islamiyyət düşmənləri Məcdülmülk mağazalarında beş yüz cild Quran yandırmışlar.”

Bu elan kütlə arasında o qədər də yaxşı təsir bağışlamadı. Mən bunun yanlış fikir olduğunu Səttar xana bir neçə kərə söylədim. Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim. Yenə də qulaq asmadı, çünki Təbriz inqilabçıları inqilab təbliğatı aparmaq üçün bundan başqa bir yol tapa bilmirdilər.

Elanlara əhəmiyyət verilmədiyini gördükdə vaxt ikən hazırlanmış adamlardan yığıb mərsiyəxan, sinə vuran dəstələrini küçələrə buraxdılar. Belə bir zamanda toylar, keflər, qumarxanalar yenə də davam edirdi. Bir tərəfdən də şahzadə Eynüddövlənin Azərbaycan valisi təyin edildiyi və böyük ordu ilə Təbriz üzərinə hərəkət etdiyi xəbəri bu macəralarla dolu olan şəhərə yayılmaqda idi. Bu xəbər Təbrizə yayılan kimi Bağ-meşə məhəlləsi qorxusundan Rəhim xana təslim oldu. Başqa məhəllələrin də təslim olacağı qorxusu vardı.

Hacı Mehdi Küzəkünani yenə də neçə gündən bəri evinə qapanıb əncümənə gəlmək istəmirdi. O, işin axırından qorxurdu.

* * *

Məni də toya çağırmışdılar. Bu, bir mücahidin toyu idi. Ninanı da özümlə bərabər toya aparmaq üçün gəlmişdim. Lakin o, evdə deyildi. Yarım saat gözlədikdən sonar Nina gəlib çıxdı.

Nina Eynüddövlənin hücumunu eşidib rus himayəsinə girmək üçün ərizə verənlərin siyahısını mənə göstərdi.[15] Bundan başqa Nina rus general-konsulu Millerin hökumət qoşunu komandirlərinə verdiyi təlimatın surətini gətirmişdi. Burada da Eynüddövlənin Ərdəbilə yetişdiyi, Şatranlıda böyük ordu hazırlığında olduğu xəbəri verilirdi.

Mən əldə edilən məlumatı lazımi yerlərinə vermək və təcili təşəbbüsdə olmağa lüzum görmədim, çünki çox gecdi. Getsəydim belə kimsəni tapa bilməyəcəkdim. Həsənağa mücahid özü də Ninanın evinə gəlib bizi toyuna aparmaq üçün tələsdirirdi.

Bu günlərdə Təbrizdə toy çox idi. Bəzi mücahidlər varlı qızlarla evlənirdilər. Dövlətlilər və mülkədarlar vasitə ilə, rüşvətlə olsa da, öz bacılarını, qızlarını inqilabçılara verib öz mövqelərini bununla müdafiəyə çalışırdılar. Bizim tanıdığımız Həsənağa da Ağa Qasım adlı bir varlının qızını almışdı.

Mən onun evlənməsinə razı deyildim. Toyuna da getmək istəmirdim. Nina isə məni buna məcbur edirdi. Həsənağa öz aldığı qızın həddindən artıq gözəl olduğunu Ninaya dəfələrlə söyləmişdi. Buna görə də Nina Təbriz gözəlini görməklə maraqlanırdı. Nina bu toya çoxdan hazırlaşmış və dostumuzun yeni aldığı bu qıza hədiyyə vermək uçun qiymətli bir baş şalı da almışdı. Biz doğrudan da Həsənağanı çox sevirdik. O, qəhrəman bir gənc idi. Azərbaycanlılar arasında birinci bombanı atan bu gənc idi. Özü də olduqca yoxsul bir ailədən idi. Həsənağa təmiz qanlı, sədaqətli, inqilabı səmimi sevən, ona bütün varlığı ilə xidmət edən bir Təbriz işçisi idi.

Həsənağanın fabrikdən xaric edildiyi 6 aydan artıq deyildi. O, məşrutəçilərlə əlaqədə olduğundan gəncəlilər onu fabrikdən bayıra atmışdı.

Anası Təhminə xanım[16] mənim mənzilimi təmizləmək və paltarlarımı yumaq üçün tez-tez yanıma gəlirdi.

Oğlunun işsizliyindən çox şikayətlənirdi. Oğlunun ağlını, fərasətini, hətta qəhrəman bir gənc olduğunu deyib tərifləyirdi. Bir neçə gündən bəri Təhminə xanım məni evinə qonaq çağırdı. Getmək istəmirdim. Onların fəqir olduğunu bilirdim. Xəcalət və zəhmət çəkmələrinə razı olmurdum.

Günlərin birində Təhminə xanım məni yenə də evlərinə aparmaq və onun süfrəsində iştirak etməyi təklif etdi. Bu dəfə qadının xatırı qalmasın deyə bu təklifi qəbul etdim.

Bugünkü ziyafət qurban bayramı münasibətilə imiş. Lakin Təhminə xanım qurban kəsməmişdi. Hətta başqaları ilə şərik belə olmamışdı. Məni yarısı həsir, yarısı köhnə palazlarla döşənmiş bir otağa aldılar. Otaqda olan şeylərin hamısı köhnə idi. Lakin burada fövqəladə bir təmizlik vardı. Evə və evdəkilərə baxdıqca insanı heyrət götürürdü. Mən bir çox yerdə fəqir və yoxsul evi görmüşdüm. Təbrizdə təsadüf etdiyim bu yoxsul ailə qədər fəqir və yoxsul bir ailə görməmişdim. Yamaqlı olmayan palaz, yamaqlı olmayan paltar, pərdə, yorğan-döşək görmədim. Bu otaqdan başqa bir otaqları da vardı. Şübhəsiz ki, onların dəyərli şeyləri qonaq otağında idi. Yuxarı başda tükləri tökülmüş köhnə bir məxmər döşəyin üstündə oturmuşdum. Doğrudan da özümü ən həqiqi bir İran işçisinin evində hiss edirdim. Evin başçısı Həsənağa yerə oturmayır, məndən utanırdı. Mən ayağa qalxdım. Onun əlini ikinci kərə sıxıb:

– Otur yoldaş, otur, – dedim. – Biz ikimiz də bir söz deyirik.

Həsənağa nə dediyimi anlamadı. Fəqət yanımda oturdu. O, çox dilli-ağızlı gənc olduğu kimi, hər bir hərəkətində səmimi olduğunu göstərirdi. Təhminə xanım birdən-birə yox olmuşdu; hara getdiyini bilmirdim. Həsənağa çay və yemək hazırlamaq üçün icazə istəyib ayağa qalxdı. Mən yenə də evdə olan şeyləri gözdən keçirirdim. Tağlarda düzülən kasaların dal tərəfləri sınıq idi. Kasaların arasında köhnə papiros qutuları düzülmüşdü. Tağçalarda xırda və zərli sandıqlar (mücrü) qoyulub üstünə örtük çəkilmişdi. Divarlarda buğda sünbülündən toxunmuş cürbəcür şeylər asılmışdı. Evin görkəmli yerlərini boş fransız kibrit qutuları tuturdu. Bu ailənin malik olduğu şeylərə öz ürəyimdə qiymət verirdim. Onların ev şeyləri Təbrizin bazarında təxminən beş tümən çıxara bilərdi. Mis və çini qablardan başqa heç bir şey gözümə dəymirdi.

Gözləmədiyim halda qapı açıldı. Qabaqca Nina və onun dalınca Təhminə xanım gülə-gülə içəri girdilər. Təhminə xanım mənim bundan acığım gəlməsin deyə sözə başladı:

– Bu gün bizim əziz günümüzdür. Gərək bağışlayasan. Hərçənd kasıbıx, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil elədim. Nina xanımı da çağırdım. Eybi yoxdur. Hamı dövlətli olmaz ki.

– Nə eybi vardır, Təhminə xanım? Çox təmiz ailəniz vardır. Mən burada özümü anamın yanında olan kimi hiss edirəm, – deyib ona təsəlli verdim. Lakin Ninadan xəbərim yox idi. O, ikinci otağa keçib Təhminə xanımın qızlarına baxırdı.

Çay hazır oldu. Ninanı çağırdılar. Nina gəlib bir xırdaca döşəyin üstündə oturdu. Stəkan hamıya çatmırdı. Növbəylə içdik. Yemək üçün süfrə açıldı. Süfrə İsfahanda toxunmuş “qələmkar” adlı güllü bir parçadan idi. Bir neçə yerdən yamanmışdı. Amma olduqca təmizdi.

Bu gün Təhminə xanımın qurban kəsməyə qüdrəti olmadığından var-yoxu hesab olunan bir dənə xoruzunu kəsmişdi.

Xörək, Təbrizdə ən sevilmiş xörək sayılan plov idi. Plovu nazik çörəklərlə yeməli idik. Ninadan ötrü qaşıq istədik. Ağacdan bir qaşıq gətirdilər. Xörək yeyilməzdən əvvəl Təhminə xanım qızları səslədi:

– Töhfə, Sənubər! Qızım, gəlin içəri! Burada yad yoxdur. Özümüzux!

Qırmızı və yaşıl güllü çitdən çadra örtmüş iki gənc qız içəri girdi. Salam verdilər. Oturmadılar. Onların çox fəqir bir paltarda olması, həm Ninaya, həm də mənə böyük bir qəmginlik verirdi.

Utanırdılar. Bir yerdə yeyə bilməyəcəkdilər. Saxsı və dərin bir qabda onların payını verib o biri otağa getmələrinə icazə verdilər. Qabları azdı. Nina ilə mən bir nimçədə, Həsənağa ilə Təhminə xanım da bir nimçədə yedilər.

Yemək bitdikdən sonra ikinci dəfə çay gətirdilər. Çay içə-içə Həsənağadan nə iş görmək istədiyini soruşdum

– Bəs indi nə iş görmək fikrindəsən?

– Siz özünüz mülahizə edin. Hazırda Təbrizdə nə iş görmək olar? Xalça fabrikləri qapanmışdır. Açıq olsa da məni oraya buraxmazlar, çünki adım pisə çıxıbdır. Hazırda özüm də nə iş görəcəyimə məəttəl qalmışam. Hərgah köhnə vaxt olsaydı, zəifliyimə baxmayıb hamamlığa da gedərdim. Nə fayda ki, bu da yoxdur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info