Qonaq Kitabı
Birinci hissə

– Məyər yalnız evlənmək üçün oturub-dururlar? Başqası ilə tanış kimi, yoldaş kimi oturub-durmaq olmazmı?

– Əlbəttə ki, olmaz. Bizlərdə belə adət yoxdur. Cavan qızla oturub-durmaq və onu almayıb özgəsinə ərə vermək ayıbdır.

Nina axşam yeməyi hazırlamışdı.

– Yeməyi verimmi? – deyə soruşdu.

Mənsə “səbr elə” dedim:

– Qoy Arşak da gəlsin. Bir yerdə yeyərik.

Təhminə xanım və Zeynəb bacı bunu eşidərkən acıqlı bir halda durub getdilər. Arşak gəldi. Yeməyi yedik. Gecə saat birdə Arşakla mən Ninanı evdə buraxıb çıxdıq.

* * *

Sərdardan təlimat almaq lazımdı. Mən onun yanına daxil olarkən o, mənim üzümə baxıb acıqlı bir surətdə güldü. Bu gülüş həm qəzəbi, həm də acı bir istehzanı ifadə edirdi.

Mən düşünürdüm. Əcəba, bu nə üçündür? Nə mən, nə də yoldaşlarımız Sərdarın acığına səbəb olacaq heç bir hərəkətdə olmamışıq. Səbr etdim. Səbəbini soruşmadım, çünki məhəllə nümayəndələri mücahidlərdən bəzilərinin uyğunsuz hərəkətdə olmaları haqqında şikayət etməyə gəlmişdilər. Bu cür şikayətlər çox olurdu. Sərxoşluq edən çox idi. İnqilabı öz şəxsi mənfəətinə alət edənlər də yox deyil idi.

Sərdar bu kimi mücahidlərin adını yazdırdı və getmək üçün onlara icazə verdi. Bir mən qalmışdım. Sərdar bir də istehza ilə mənə baxıb sözə başladı:

– Mən bilirdim ki, qadına etibar yoxdur. Xüsusən, bu sarıtüklü qadınlar Təbrizi bir-birinə vurdular. Mən sənə dedim ki, ayıq ol, mən sənə tapşırdım ki, tanınmamış hər adama sirr vermək olmaz. Bu da sənin sevgili və etibarlı qızın Nina. Bizi satmamış bircə o qalmışdı. O, da bizi rus konsulu Millerə satdı.

– Nə olmuşdur, Sərdar? Nə eşitmisiniz?

– Ninanın ərə getdiyini eşitmədinmi?

– Necə ki eşitmədim? Eşitmişəm. Sizinlə də o barədə danışmağa gəlmişəm.

– İndi ki ərə gedibdir, daha nə danışmaq? Ona cehizmi verməliyik? Görünür qadınlarla rəftar etmək barəsində bir qədər zəifsiniz. Tez aldanırsınız. Onların yalan sevgiləri, süni göz yaşları sizin iradənizi çox tez poza bilirmiş.

– Elədir, Sərdar. Mən qıza çox tez inandım. Qızın özü də inanmalı və sevimli qızdır. Zənn edirəm ki, onu Sərdarın özü də görsəydi inanardı.

– Ərə gedəndən sonra yenədəmi ona inanırsan?

– O da mənə inanır. Əgər inanmasaydı, mən göstərdiyim adama ərə getməzdi.

– Kimə ərə getmişdir? Allah onun toyunu heç mübarək eləməsin!

– Sərdar, elə deməyin. Öz yoldaşımıza vermişəm.

– Kimə? Necə yəni öz yoldaşımıza?

– Arşaka. Surenyansa. Onlar Aleksandropola getmək üçün konsuldan iki vəsiqə almışlar. Vəsiqələr də qoynumdadır. Bunlar qayıdıb gələndə fişəng və bomba qayırmaq üçün lazım olan maşınları da özləri ilə bərabər gətirəcəklər.

Sərdar düşündü. Üzümə çox təəccüblə baxdı. Başını tərpədərək dedi:

– Bu plan kimin planıdır? Bunu bilən varmı?

– Heç kəs bilmir. Planı özüm qurmuşam. Bir Nina, bir Arşak, bir mən bilirəm, bir də sizə söylədim.

– Çox sağ ol. Yoxsa mənim qanım qurumuşdu. Qızı lazımi qədər təmin et. Görünür ki, qəhrəman bir qızdır. Gələcəkdə o, bizə daha böyük yardımlar göstərə bilər.

* * *

Nina ilə Arşak getdikdən iki gün sonra Ninanın bacısı belə bir teleqram almışdı:

“Mərənd şəhəri ilə Culfa arasında bütün şeylərimiz, hətta vəsiqələrimiz də oğurlandı. Özüm və ərim üçün iki vəsiqə göndərməlisiniz. Vəsiqələr İran Culfasında konsul agenti Jarski cənabının ünvanına göndərilməlidir”.

Teleqram alınan kimi vəsiqələr göndərildi. Beləliklə, itmiş vəsiqələrdən daima Təbrizlə Culfa arasında patron və sair şeylər gətirmək üçün istifadə olunmağa başlandı. Heç bir şey oğurlanmamışdı. Bu teleqram daha iki vəsiqə almaq üçün vaxt ikən qurulmuş bir tədbir idi. Ninanın özü də Arşakla bərabər Təbrizə qayıtdı. Nina və Arşakın gətirdiyi mallar rus Culfasında Nəsrulla Şeyxovun[9] anbarından götürülüb konsulxananın özünəməxsus nəqliyyat vasitəsilə Təbrizə gətirilmişdi. Təbrizdə cəhənnəm maşınları və böyük həcmdə bombalar qayırıb meydana çıxardıq. Bombalardan ən böyüyünü imtahan etmək üçün bir komissiya təşkil olundu.

Bomba Əmrəxiz xarabalarında imtahandan keçiriləcəkdi.

Mücahidlərdən və əncümən üzvlərindən də çox adam toplanmışdı.

Bomba atılanda doğrudan da bir cəhənnəm qiyaməti qopardı. Səsindən bütün Əmrəxiz silkələndi. Bir neçə xaraba divarın altını üstünə çevirdi. Bombalar çox müvəffəqiyyətli çıxmışdı.

Bombalar Bolqariyada qayrılan bombalardan daha qüvvətli, daha təxribedici idi.

Biz Sərdarın nə deyəcəyini gözləyirdik.

Nəhayət, Sərdar gözlərinin tozunu sildi. Sözə başlayaraq:

– Bu cür bir bəlanı insan içərisinə atmaq dindən və insafdan uzaqdır. Çox insan tələf edər. Çox da evlər dağıdar. Belələri daha qayrılmasın, şəhər içində atılması yaramaz, – dedi.

Nina Qafqazdan qayıdıb Millerin evinə getdikdə uşaqdan böyüyə qədər onun ailə həyatı ilə maraqlanırdı.

Konsulun qadını balaca Ninanı qucaqlayıb öpdü, toylarının necə keçdiyini soruşdu. Nina çox məhzun və ümidsiz bir cavab verdi.

– Ailələri çox nanəcib bir ailədir. Evi, bağçası, başqaları kimi dirriyi yoxdur. İri şəhərdə deyil, Aleksandropolun uzaq bir kəndindədir. Biz oraya getməli olsaq, mən orada bir gün də yaşaya bilmərəm. Çox yoxsuldurlar. Quru həsir üstündə otururlar. Kəndliləri mənim üstümə, başıma baxıb gülürdülər. Xüsusən, Arşakın keçmişi də yaxşı deyilmiş.

Konsulun ailəsi bu vəziyyətə çox təəssüf edirdi. General-konsulun özü də kabinetindən çıxıb bu söhbətə gəldi. Ninanın alnından öpdü.

– Qızım, xoşbəxtliyiniz baş tutdumu?

Nina artıq bir aktrisa rolunu oynamağa başlamışdı. Boğazı tutuldu. Danışa bilmədi. Əlini gözlərinə qoyub qızların məşğuliyyət otağına çəkildi. Konsulun qadını Ninanın yeni həyatını çox böyük bir təəssüflə nağıl etməyə başladı:

– Gənc qızların sevgisi başlarına bəladır. İndi nə etmək olar? Sevdi, getdi. Elə bir adama getdi ki, yazıq qız onun həyatını nağıl edərkən, xəcalətindən tərləməyə başladı. Heç bir şeyi yoxmuş. Ailəsi də kübar deyilmiş.

Miller başını tərpədib qadınını dinləyirdi. Papirosunu yandırıb sözə qarışdı:

– Almanlarda gözəl bir məsəl vardır: qadınlar ağlından, kişilər isə gözündən tələyə düşür. Ağılsız qız gözəl gənci görürkən sevir. Onun ailəsini və həyatını əynində gördüyü şıq paltarları ilə ölçür. Sevişir və evlənir. Nəticədə bizim Ninanın düşdüyü vəziyyətə düşür.

* * *

Hələ mən yerimdən qalxmamışdım. Qapını vurdular. Durub açdıqda Təhminə xanımı gördüm. Nə üçün gəldiyini xoruşduqda gülərək:

– Gördünmü qızın başına nə bəla gəldi? – deyə cavab verdi.

– Hansı qızın?

– Ninanın, ağılsız Ninanın!..

– Nə oldu ki?

– Nə olacaqdır. Arşakdan boşandı.

– Nə üçün boşanmışdır?

– Deyir ki, o, arvad saxlayan deyil, gecə-gündüz kefli olur. Nə bilim nə olur.

– Elə isə çox əcəb eləyibdir...

Bu sözə Zeynəb bacı da gəldi. O, da həmin sözləri təkrar edirdi.

Nina bu söhbətləri konsulxanada da demiş və boşandığını xəbər vermişdi.

Mən Ermənistana getmişdim. Qayıtdıqda Ninanın yanına getdim. Ninadan bəzi mühüm məlumat almaq lazım idi. Konsulxanada nə kimi işlər görüldüyündən xəbərsizdik.

Qaradağlıların yeni hücumları haqqında çıxan şayiələr get-gedə çoxalırdı.

Mən içəri girdikdə Minasyanın qadını Şuşanik xanımı gördüm. O, məni gördükdə çox sevindi.

Nina evdə idi. Mən içəri girən kimi, “otur” deyə sözə başladı.

– Qəribə xəbər vardır. Təbrizi yeni bir fəlakət gözləyir. Səni görmək istəyirdim.

– Nə xəbər?

– Rəhim xan Çələbiyanlının 1200 atlı, iki alay piyada, bir neçə topla hərəkət etdiyini Əhər şəhərindən konsula xəbər vermişlər. Konsulxanadan şifrə ilə Tehrana və Peterburqa xəbər göndərildi.

Ninanın yanında oturmağa vaxtım yox idi. Oradan çıxıb Əmrəxizə gəldim. Yeni xəbəri Səttar xana söylədim.

Sərdar telefonla əncümənə xəbər verdi:

– Mücahidlərin evlərinə buraxılması məsələsi gündəlik müzakirələrdən götürülməlidir.

Sərdar telefonda kiminlə isə acıqlı danışırdı: Hə, hə, deyə rəngi dəyişirdi.

– Mən əmr edirəm ki, bir nəfər mücahid belə evlərinə buraxılmasın. Mən məsarif üçün pul taparam. Telefonla hər sözü demək olmaz. Dediyim kimi olmalıdır. Olmazsa məsuliyyət sizin öhdənizdədir.

Səttar xan telefonu yerə qoyub dedi:

– Bunlar hər bir şeyi ticarət və qənaət nöqteyi-nəzərindən ölçürlər. Yenə də Hacı Mehdidir. “Artıq adamları buraxmalıdır. Xalqın pulu ilə müftəxorları doyurmaq olmaz” – deyirlər. Şeytan deyir, bu alçaqları hökumət ordusunun qabağında burax, çəkil get işinə! Nə edim, namus qoymur.

Sərdar lazımi adamları yanına çağırdı. Nobər, Maralan tərəfindən müdafiə hazırlığı görülməsi haqqında əmr verdi.

Bağır xanla görüşmək üçün gedəcəyini söylədi. Fayton hazırdı. Mən də Bağır xanın yanına getdim.

 

Bağır xan

Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.

Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

Bağır xanın əyləşdiyi ümumi otağa girdik. Burada oturanların hamısı silahlı adamlardan ibarət idi. Bunlar əksəriyyətlə Təbrizdən və Təbriz ətrafından toplananlar idi. Qafqazdan gələnlərdən burada bir nəfər belə yox idi. Burada bir neçə yerli qafqazlılara, ata-babadan yerləşib qalan qarabağlılara rast gəldim.

Səttar xan içəri daxil olanda Bağır xan ayağa qalxdı. Əl verib öpüşdülər.

Orada olanların dediyinə görə bu adət iki qəhrəmanın arasında həmişə davam edirmiş. Söhbət ümumi söhbət idi. Cəbhə, səngər, silah, patron, tüfəng söhbəti idi. İstibdaddan, irticadan, çörək qiymətindən danışırdılar. Mən Bağır xana çox diqqətlə qulaq verirdim. Onun heç bir xasiyyəti Səttar xana bənzəmirdi. Səttar xan bir çoxlarından məsləhət gözlərdi. O, heç zaman özünü başqasından yuxarı tutmazdı. Bağır xan isə belə deyildi. O, hər sözbaşı “biz hamısını bilirik” deyə cavab verirdi. Başqa cavabı yox idi.

Arası kəsilmədən çay və qəlyan gətirirdilər.

Səttar xanla Bağır xan qalxıb xüsusi otağa keçdi. Məclisdə olanlar bir-birilə danışırdı. Mənim yanımda da bir mücahid oturmuşdu. O, mənimlə danışmaq üçün bir yol arayırdı.

Yəqin ki, siz Təbrizə təzə varid olubsunuz? – dedi.

– Xeyr, mən buralıyam!

Mən sizi birinci kərədir görürəm.

Çox da bayıra çıxan adam deyiləm.

– Adınız nədir?

Adımı söyləmədim. Yalnız:

Mənə “Zərgəroğlu” deyərlər, – dedim.

Belə görünür ki, ermənisiniz.

Bəli erməniyəm, bəs sizin adınız nədir?

– Adım Bağır ağadır. Özüm də Salarla yaxın qohumam

– Əmisi oğlusanmı?

– Xeyr!

– Qardaşı oğlusanmı?

– Xeyr! Çox yaxın qohumuq, özümün də xatırımı çox istəyir.

– Necə qohumsunuz?

– Saların dayısı arvadının baldızı oğluyam.

– Çox gözəl. Sizi təbrik edirəm. Sizin də Salar cənabları kimi qəhrəman olmağınızı istəyirəm. Bəlkə də qəhrəmansınız.

– Daha nə deyim. Adam özünü tərif edəndə bir az yaxşı düşməz. Səngəri təkbaşına saxlaram. O gecə Mərənd atlılarından ikisini vuran mən idim. Amma heç kəsə demədim. Mən çox da şöhrət sevən adam deyiləm. Adamı tanıyan tanısın. Bax, görürsən ki, mən heç bir söz deməmiş, siz özünüz qəhrəman və igid adam olduğumu bildiniz.

– Belə də olmalıdır. Ümumi iş yolunda çalışmalısınız, – dedim.

– Görünür ki, siz bomba atansınız! – dedikdə mən düşündüm, çünki Təbrizdəki ermənilərin, gürcülərin hamısı bomba qayıran və bomba atanlardır. Buna görə də Təbrizdə bu cür adamları görən kimi uzaqdan göstərib “bombaçıdır” deyirdilər. Bağır ağa hələ söhbətini bitirməmişdi. O, indi də Bağır xanı tərifləmək üçün sözünə davam etdi:

– Səttar xanın yalnız adı çıxmışdır. Amma sənə sədaqətini deyirəm. Demə ki, qohumudur, tərif edir. Öz başım üçün, Səttar xan Bağır xanın dırnağı da olmaz. Sənə deyirəm ki, kişidə div ürəyi var. Kişi istəsə bu gün işi qurtarar, amma adam qırmaq istəmir. Bunun üçün də Səttar xan həmişə Bağır xanın hörmətini saxlayır və hər bir məsləhətdən ötrü yanına gəlir.

Doğrudan da Səttar xan daima Bağır xanın hörmətini saxlar və onun bəzi uyğunsuz hərəkətlərinə güzəştə gedərdi. Bunu isə Təbrizin ağır vəziyyət keçirdiyi bir halda ixtilaf törətməmək üçün edirdi.

Çayı içib stəkanı yerə qoymuşdum. Stəkanı aparmaq istədikdə Bağır ağa stəkan aparan adamın qulağına bir şey pıçıldadı. Şübhəsiz ki, mənim erməni olduğuma inanmışdı. Stəkanı ayrı qoyub təmizləmək əmrini verdi.

Oturub düşünürdüm. Səttar xanın məni Bağır xanla tanış etməməsi doğrudan da uyğunsuz bir iş idi. Buraya qədər gəlib boş qayıtmağımın da mənası yox idi. Mən bu düşüncədə ikən xüsusi otaqdan biri çıxıb yanıma gəldi.

– Sizi cənab Salar yanına dəvət edir, – dedi.

Özü qabaqca, mən isə dalınca getdim. O, qapını açıb məni içəri buraxdı. Yenə də qayıtdı. Salar mənə iki əlini uzatdı. Əlimi sıxandan sonra barmaqlarını dodaqlarına və başına qoydu. Yer göstərdi:

– Buyurun, əyləşin. Sərdarın qonağı bizim də möhtərəm qonağımızdır. İndiyə qədər görüşmədiyimizdən təəssüf edirəm, – dedi.

Sonra Salar lazımi məsələyə keçib yenə də ümumi salondakı sözlərini təkrar etməyə başladı:

– Ağa, biz hamısını bilirik. Biz bilirik ki, düşmənimiz yatmamışdır.

Səttar xanın dilindən heç vaxt yoldaşlarla danışdıqda ağa sözü çıxmazdı.

Səttar xan məni ikinci dəfə Salara tanış verdi. Salar isə yenə də eyni sözləri təkrar edirdi.

– Sərdarın əziz qonağı bizim də əziz qonağımızdır.

Salar heç vaxt mən-mən demirdi. O, həmişə kübarlara məxsus bir ifadə ilə sözünü “biz” kəlməsi ilə başlayırdı. Saların imarət və əşyası, qəbul və danışığı tamamilə bir İran əsilzadəsini andırırdı. Burada gördüyümü Səttar xanın dairəsində görməmişdim. Görüşüb çıxdıqda Bağır xan mənə bir Almaniya süvari beşatılanı bağışladı. Mən isə əvəzində ona yüngül rus nağanı bağışladım. Çox xoşuna gəldi. O, həmişə ağır mauzer gəzdirirdi. Qapıdan çıxdıqda daha ümumi salona girməyib başqa qapıdan çıxdıq. Sərdar onun hərəkətindən daima narazı olduğu kimi, indi də

razı qalmamışdı. “Bu adam düzəlməz”, – deyə atına minmişdi.

 

Rəhim xan



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info