Qonaq Kitabı
Birinci hissə

Həsənağa danışarkən mən düşünürdüm. Öz-özümə sual verirdim: əcəba, Təbrizdə bu kimi dağınıq işçilər təşkil olunarsa, burada nələr görmək olmaz? Bu fikrin təsiri altında dedim:

– İndi ki, sən inqilabçısan, inqilab cərgəsində də olmalısan. Mən sabah sənin üçün iş taparam.

– Hər nə iş olsa görərəm. Hərgah siz məni bir yerə işə qoymaq istəsəniz hər barədə xatircəmlik verə bilərsiniz. Yaşım az da olsa təcrübəm çoxdur. Mənim üstümdə sizə söz gəlməz. Buna mənim özüm də razı olmaram.

Təhminə xanım onu müdafiə edib dedi:

– Həsənağa mücahid yazılmağı çox sevir. Amma nə bilim, bu iş də çox qorxuludur.

Həsənağa anasını qarşılayıb:

– Nə qorxu ola bilər? – dedi. – Səngər nə qədər qorxulu olsa, yenə də rütubətli xalça fabrikindən qorxulu olmayacaq ki?

* * *

Həsənağa az müddət içərisində çox iş gördü. O, öz rəğbəti ilə bombaçılıq vəzifəsini götürdü. Hətta qaradağlılar Mirzə Cavadağa küçəsinə hücum etdikləri vaxt bu işdə öz məharətini göstərə bildi. Mən Həsənağanın varlı qızına evlənməyini məsləhət görmədim. Doğrudan da Həsənağa kimi namuslu bir işçinin varlı qızına evlənməsi böyük bir xəyanət idi. Daima Həsənağanı bu işdən daşındırmağa çalışırdım. Onu öz yanıma çağırıb, nəsihət verdim. O, utandığından bu xüsusda mənə heç bir söz demədi.

Həsənağa mənə verəcəyi cavabları gedib Ninaya demişdi. Onun özünün dediyinə görə Ağa Qasımın qızı Nazənin onu sevir. Hələ Həsənağa onun atasının yanına elçi göndərmədən əvvəl onlar qızla görüşüblərmiş. Onlar bir kərə “Dəllaləzən” ağzında, bir dəfə Hacı Səfər Əli Mədrəsəsinin qapısı arasında, misgər bazarının ağzında görüşmüşlər. Nazənin hətta Həsənağanı görmək üçün Gəcil qəbiristanına, Acıdan qapısına da gələrmiş. Həsənağanın dediyinə görə atası qızı öz razılığı ilə verməzsə, Nazənin özü də qoşulub qaçmağa söz vermişdir.

Qızın çox gözəl olduğu, mütəqabil sevgi olduğu üçün Həsənağanı bu yoldan qaytarmaq mümkün deyildi. Mütəqabil sevgiyə mane olmağımı Nina da çox kəskin bir surətdə tənqid edirdi. Həsənağa məni gözləyirdi. Mənim razılığımı almadan Ağa Qasımın yanına elçi göndərməyə də utanırdı. Nəhayət razı oldum. Adam göndərildi. Ağa Qasım imtina etmədən qızı verməyə razı oldu. Üzük, paltar və sair şeylər də hazırladıq. Həsənağa və anası Təhminə xanım gəlinləri Nazənini tez köçürüb gətirmək istəyirdilər. Lakin qızın atası Ağa Qasım toy məsələsini bu gün-sabaha salırdı. Buna səbəb də Rəhim xanın Təbriz üzərinə hücum etmək üçün hazırlanması idi. Ağa Qasım məsələni ləngitməyə, Rəhim xan məşrutəni dağıdarsa qızı verməkdən boyun qaçırmağa çalışırdı. O, hətta qızın Həsənağaya görünməsini də qadağan edirdi. Nəhayət, Bağır xanın hücumundan sonra Rəhim xanın Bang bağına qaçması Ağa Qasımın ümidlərini alt-üst elədi. Nə edəcəyini şaşırdı. Digər tərəfdən də Həsənağa onu hədələyir və tələsdirirdi.

Toy başlandı. Bu gecə qız gətiriləcəkdi. Həsənağa isə məni və Ninanı aparmaq üçün özü gəlmişdi. Cümə axşamı toyun axırıncı günü idi.

 

Həsənağanın toyu

Toy, Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.

Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.

Gəlini çox dəbdəbə ilə gətirdilər, qadınlar olan otağa apardılar. Bir azdan sonra bayırda çox uca səslər eşidildi. Həsənağanın səsi də eşidilirdi. Ara qarışmışdı. Nə olduğunu öyrənmək üçün dayanmadım. Ninanı götürüb bizi qapıda gözləməkdə olan faytona mindirərək evinə apardım.

Faytonla gəldikdə Əhrab tərəfindən şiddətli yaylım atəşlərinin səsi eşidilirdi. Burada böyük bir hadisə üz verdiyi şübhəsiz idi.

Nina toyda qalxan hay-küy və ixtilaf və orada özünün necə qəbul edilməsi haqqında belə bir izahat verdi:

– Mən otağa girəndə Həsənağanın anası Təhminə xanım qolumdan tutub evdə oturan qadınlara dedi:

– Bu bizim Həsənağanın yoldaşının nişanlısıdır.

Qızlar, gəlinlər ətrafımı aldı. Məni bir cocuq kimi tumarlayır və paltarlarıma əl çəkirdilər. Təhminə xanım isə:

– Qızı yormayın, bəsdir” – deyə məni üstünə döşək salınmış bir sandığın üstündə oturtdu. Qızlar, gəlinlər hələ ətrafımdan çəkilməmişdilər. Onlar köynəyimə şarfıma, saçıma, hətta başımdakı darağa qədər yoxladılar. Məni lazımi qədər təhlil etdikdən sonra hamısı birağızdan dedi:

– Allah sənə də qismət eləsin. Sənin də toyunda oynayaq. Oynadılar, məni də aralığa çəkdilər. Lakin onların musiqisi ilə oynamağı bacarmadım.

Oyunlar bitdi. Gəlini gətirməyə gedəndə məni də aparmaq istəyirdilər. Təhminə xanım isə – qızı incitməyin, – deyə məni onların əlindən aldı.

Həsənağanın bacıları, gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna dövr deyirdilər. Gəlini gətirib bu döşəyin üzərində oturtdular. Qadın və qızlar dövrə vurub bunun ətrafında oturdular. Bunun üçün də döşəyə “dövr” deyirmişlər. Gəlinin cehizlərini yoxladıqda Ağa Qasımı söyürdülər; çünki çox fəqir və az cehiz vermişdi. Bir nəfər oğlan oynadı və gəlib gəlinin üzündən duvağı götürdü. Gəlinin üzünə ağ-sarı zər vərəqələr yapışdırıb başına parlaq cığ-cığa tökdüklərindən onun hər tərəfi parlayırdı. Üzünə baxanda insanın gözü qamaşırdı. Təhminə xanım gəlinə diqqətlə baxdıqda:

– Vay, oğlumun evi yıxıldı! – deyə əli ilə dizlərinə vurdu. Evdə hay-küy qopdu. Mən gəlinin üzünə baxmağa maraqlandım, çünki Həsənağa öz nişanlısını çox tərifləmişdi. Baxdıqda məni heyrət götürdü. Onun bir gözü kordu. Başı keçəldi. Qadınlar bir-birinə baxıb deyirdi:

– Bu Nazənin deyil, onun ögey bacısı Suğradır.

Qız ağlayır və qorxurdu. Həsənağa gəlib məsələni bildi. Ağa Qasımı öldürmək üçün getdikdə ona mane olub qoymadılar. Təhminə xanım ağlayırdı. Qızları isə baş-gözünə vururdu.

* * *

Ninanı evinə yola saldıqdan sonra Əhrab tərəfindən gələn atışma səslərinin səbəbini öyrənmək üçün Səttar xanın yanına getdim. Eynüddövlənin gəlməsi, Rəhim xanın ümumi hücuma hazırlaşması, konsulxana tərəfindən hökumət qoşunu başçılarına verilən təlimat haqqında xəbər verdim.

Səttar xan bu xəbərləri telefonla Bağır xana söylədi. Ehtiyatlı olmasını tapşırdı. Yardım lazımsa, bildirməsini rica etdi. Bağır xan “hazıram, heç bir şey lazım deyil”, – deyə Səttar xanı arxayın etdi.

Əhrab tərəfindən gələn gurultu get-gedə artırdı. Səttar xan evi dolaşıb oturdu. Bir qəlyan istədi. Bir neçə dəqiqədən sonra:

– Bu nanəcib əhrablılar yaman vaxtda ixtilaf törətdilər, – dedi. – Hayıf bu ad, bu şöhrət Nayib Əli və Kərbəlayi Məhəmməd kimi cahıllara! Bu iki qardaşın xatırını çox istərdim. Bunlar da məni yaxşı tanıyırdılar. Hərgah mən olmasaydım, şübhəsiz, onlar Əsgər Davatgəroğlu kimi alçaqlara qoşulub məşrutə əleyhinə çıxacaqdılar. Lakin məndən keçə bilmədilər. Ancaq mən bunlara nə qədər yaxşılıq etdimsə, hamısı hədər getdi... Əhrab məhəlləsinə yığışmış varlılar bu adamları yoldan çıxartdılar.

– Sərdar, indi ki, bunlar pul və dövlət istəyirdilər razı salmaq və təmin etmək olmazdımı?

– Mən bu iki qardaşa çox nəsihət etdim. Mümkün olmadı. Bunlar Əhrabı müstəqil bir hökumət kimi saxlamaq istədilər. Bütün dövlətlilər buraya yığıldı. Bunların himayəsində yaşadı. Bunlar “biz bitərəfik”, deyə məşrutə düşmənlərini qanadlarının altına aldılar. Biz bu ordunu saxlamaq üçün Əhrabda oturanlardan bir qara şahı ala bilmirik. hansı varlının yanına komissiyanın qəbzini göndərirəmsə, qəbzi aparanı tutub həbsə alırlar.

– Doğrudan da daxildə bu kimi düşmənləri qoyub xaricdəki düşmənlə mübarizə etmək çətindir.

– Bura bizim üçün ikinci Dəvəçidir. Bura atışma məntəqəsindən çox kənardadır. Buna görə də bütün varlılar, zənginlər, əksinqilabçılar öz ailəsini Əhraba köçürmüşdür. Buraya yığılanlar, bunları himayə edən nayib məhəmmədlər onu bilir ki, mən rus konsulunun işlərə müdaxilə etməsinə imkan verməmək üçün Əhrab tərəflərində ixtilaf çıxarmaqdan çəkinirəm. Buna görə də onlar özlərini möhkəm hiss edirlər. Daha demirlər ki, mənə Səttar deyərlər. Mən səkkiz adamla hökumətin qabağına çıxmışam. Əhrab üstündə bütün məşrutə batsa da, dediyimi yerinə yetirəcəyəm. Mən varlıların pulu ilə qala şəklinə salınan Əhrabı dağıdacağam.

Bu söhbət zamanı atışmalar daha da şiddət edirdi. 15 dəqiqə keçmədən Əhrab vuruşmaları haqqında Səttar xana raport gətirdilər. Raport gətirən mücahid Çərəndablı Teymur idi. O, belə raport verdi:

– Məşrutəçilər Lilabad tərəfindən, Gəcil qəbiristanı həvalisindən Əhrabı əhatə etdi. Rasta küçə tərəfində qayrılmış darvazanı açmaq üçün yaxındakı məscidi işğal etdik. Darvazanın halqalarını qurşunla qırdıq. Darvaza başında durub güllə atanları aşağı tökdük. Bu hücumda Nayib Məhəmmədin və Nayib Əlinin evini mühasirəyə aldıq. Şiddətli atışma vardı. Atışma əsnasında Nayib Əli və qardaşının Gəcil qəbristanı tərəfindən mühasirəni yarıb çıxdığı və bir nəfər mücahidi vurub öldürdüyü bəlli oldu. Onlar Küçə-bağ məhəlləsi ilə qaçırdılar. Bağlara və evlərə soxulub özlərini qurtarmağa çalışırdılar.

– Sözü qısa elə! Sonra necə oldu?

– Çox atışmadan sonra hər ikisi öldü.

– Hayıf! Diri tuta bilməzdinizmi?

– Sərdarın başı üçün heç mümkün olmadı. Çox səslədik. Bizi eşitmək istəmədilər.

– Gedib meyidlərini adamlarına verin. Ev-eşiklərinə əl vurulmasın!

* * *

Bizim mücahid Həsənağanın toyu belə bir gündə vaqe olmuşdu. Həsənağanın bu müvəffəqiyyətsiz toyunun nə nəticə verdiyini və saxta gəlinin nə olduğunu bilmirdik. Nina Həsənağanın bu bədbəxtliyinə çox təəssüf edirdi. Neçə gündən bəri Təhminə xanımı da görməmişdim. Bizim balaca Məcid də xəstə idi. Uşaq atası, anası səngərdə öləndən bəri çox qəmli idi. Məcidin bu halı Ninaya da təsir etmişdi. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin “səfərə” getməsinə inanmırdı. Uşaq onların tələf olduğunu hiss edirdi. Nina uşağı çox sevirdi. Ona əlindən gələn qədər xidmət edirdi. Mən getdikdə Ninanın uşağa baxmaq üçün həkim gətirdiyini gördüm. Uşaqda elə bir xəstəlik yox idi. Nina onu məşğul etmək üçün cürbəcür şirin şeylər verdiyindən uşağın mədəsi xarab olmuşdu. Doktor dərman yazdı və yemək şeylərini, yemək vaxtlarını təyin edib getdi. Uşağın yeni xidmətçisi Səltənət bəyim samovarı gətirdi. Çay içdik. Məcidlə danışırdıq. Səltənət bəyimə isnişməsi və adət etməsi üçün onu dilə tuturduq.

Qapı vuruldu. Həsənağa içəri girdi. Ayaq üstündə durub yerə oturmadı. Yer təklif etmədən oturan, daima nə varsa, götürüb yeyən, hətta çayı da özü töküb içən Həsənağanın ayaq üstə durub oturmaması bizə təəccüblü göründü.

– Nə üçün oturmursan? – dedikdə Həsənağa utana-utana cavab verdi:

– Nina bacını eşikdə çağırırlar.

Nina dışarı çıxdı. Yanında üzüörtülü gənc bir qız, gülə-gülə içəri qayıtdı.

– Bu Həsənağanın qadınıdır.

– Necə qadınıdır?

– Nazənindir. Həsənağanın sevdiyi qızdır.

Həsənağa oturdu. Məsələnin nə yerdə olduğunu soruşdum. Həsənağa utana-utana söylədi.

– Ağa Qasım ögey qızını Nazəninin yerinə göndərdikdən sonra Nazənini və kiçik oğlanlarını qadını ilə bərabər götürüb qorxusundan Dəvəçi məhəlləsinə qaçmışdı. Səhər tezdən qızı geri qaytardıq. Evdə yalnız 60 yaşında bir xidmətçi qadın qaldığı bəlli oldu. Qızı qoca arvada tapşırdıq.

– Bəs Nazənin necə gəldi?

– Özü xəlvətcə qaçıb gəlmişdir.

Biz hamımız sevindik. Nina vaxtilə Nazəninə hədiyyə vermək üçün aldığı qiymətli şalı götürüb ona bağışladı. Barmağına bir dənə üzük taxdı. Nina Nazənini içəri otağa apardı. Bir azdan sonra Həsənağanı da otağa çağırdılar. Nə üçün çağırdıqlarını bilmədim. Bir azdan sonra Həsənağa qayıtdı. Səltənət bəyim axşam yeməyi gətirdi. Süfrəni düzəltdilər. Bir də gördüm ki, qabaqda Nina, onun arxasınca da Nazənin otağa girdi. Nazənin gəlmək istəmir. Nina onu çəkə-çəkə gətirirdi. Nazənin, Ninanın bağışladığı şalı başına salıb yaşmaq tutmuşdu.

Qız çox utanırdı. Həsənağa ona ürək verirdi:

– Bura mənim qardaşım evidir. Utanma. Nina bacı da sənin kimi bir qızdır. O, heç də çəkinmir.

Nazənin masanın bir guşəsində oturub Nina ilə bir yerdə yemək yeyirdi. O, doğrudan da gözəl qız idi. Həsənağanı qəlbən, ruhən sevirdi. Nazənin dərs oxumuş, azərbaycanca, farsca yazıb oxumağı bilirdi. Atası müəllim gətirib onu evdə oxutdurmuşdu.

Səltənət bəyim Nazəninə çox əyri-əyri baxırdı. O, təbrizli qızının üzünü açdığını, hətta onun gənc ərinin buna ixtiyar verməsini böyük bir bidət bilirdi. Buna görə də acıq edib şam da yemədi.

* * *

Şahzadə Eynüddövlənin Ərdəbildə ordu təşkil etməsi, Nəsrüddövlənin Tehrandan 7 min nəfərlik bir ordu ilə Təbriz üzərinə gəlməsi xəbəri rus konsulxanasında böyük ümidlər doğurmuşdu.

Nina bu xəbərləri gətirdikdən sonra mən Səttar xanı gördüm, yenə də onun diqqət-nəzərini taxıl məsələsinə cəlb etmək istəyərək:

– Sərdar, – dedim, – şəhərin alınmasına, düşmənin silah gücünə bizi təslim etdirə bilməsinə inanmıram. Təbriz küçələrinin darlığı və evlərin sıx düşməsi burada böyük ordu hərəkətinə imkan verməz. Bombalar və sairələrlə düşmənin qabağını saxlamaq mümkündür. Lakin aclığın qabağını saxlamaq mümkün deyildir. Şübhəsiz ki, şəhəri sıx bir surətdə mühasirə altına alacaqlar. Nə qədər ki, fürsət vardır, hər yerdə taxıl varsa, şəhərin içərisinə daşınmalıdır.

Səttar xan başını buladı:

– Tacir qismi elə həyasız ünsürdür ki, dəmir hasarları yarıb şəhərə taxıl gətirər.

– Gətirsə də elə qiymətə verər ki, almaq mümkün olmaz. Xüsusən şəhərdə nəqd pul ələ keçirmək mənbələri getdikcə azalır.

– Necə yəni azalır?

– Əlbəttə, azalır. Varlılar çıxıb gedir.

– Əcəba, xalqın yolunu kəsə bilərikmi?

– Kəsə bilərik. Hazırda inqilabın gedişi bunu tələb edir. Bütün dövlətlilərin anbarlarını siyahıya almaq, onların şəhərdən çıxmasına imkan verməmək, onları burada girov saxlamaq lazımdır.

– Nəyimizə lazımdır?

– Onlar bizim əlimizdə olursa, hökumət ordusunun başında duranlara bir çox şərtlər qəbul etdirə bilərik. Xüsusən, bunlar əlimizdə olursa, düşmən şəhəri bombardman etməkdən də çəkinər.

Səttar xan bir az düşündükdən sonra bu fikirlərin hamısını təsdiq etdi. O, heç vaxt öz səhvini inkar etməz, səhvini həqiqət deyə qəbul etdirmək üçün inad göstərməzdi. Bütün dediklərimiz Əncüməndə səsə qoyuldu. Lakin heç biri qəbula keçmədi. Səsdə əksəriyyət qazanmadıq. İnqilabın rəhbərlikedici heyətində tərəfdarlarımızın səsi çox azdı.

 

Sülh heyəti

Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra Əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.

Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və iiqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.

Şəxsən Səttar xanın mübarizə üsulunda inqilaba və onun əsl məqsədlərinə zərər verən cəhətlər də az deyildi. Mücahidlər kimlərlə atışdığını, hansı qüvvəyə qarşı mübarizə apardığını o qədər də bilmirdi.

Mən heyətin gəlməsi haqqında Səttar xanın fikrini öyrənmək istədim.

– Heyət çox təntənəli qarşılandı. Bu isə əhalinin Eynüddövləyə olan etimadını və rəğbətini göstərir, – dedim. – Siz bu kütlələrə hansı sinfin yolunda mübarizə apardıqlarını öyrətməlisiniz. Kütlələr inqilabın nə mahiyyətdə olduğunu düşünsələr, daha yaxşı mübarizə apara bilərlər.

– Kütlələr inqilabın mahiyyətini çox gözəl bilir. Bu vuruşma dövlət tərəfində olanlarla dövlət tərəfində olanların düşmənləri arasında gedən bir müharibədən ibarətdir.

– Sizin dediyinizə görə inqilabın burada heç bir vəzifə və rolu yox imiş.

– Bəzən inqilab iki qüvvənin birinin əlində alət olmaq vəzifəsini daşıyır. Bu da məcburidir, çünki inqilabın özü də bu iki qüvvədən istifadə etmək məcburiyyətindədir.

Mən daha danışmadım. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub uclarını ağzına təpərdi.

Sərdar Əhrab məhəlləsinə getməli idi. Burada Eynüddövlənin heyəti ilə görüşəcəkdi.

Mən dışarı çıxdıqda o, məni dayandırdı.

– Səbr edin. Bir yerdə gedək, – dedi.

Dayandım. Sərdarı bir çox yerlərə gedəndə görmüşdüm. Lakin bugünkü gedişi tarixi və başqa bir gediş idi. Səttar xanı Əhrabda heyətlə görüşmək üçün aparmaqdan ötrü təntənəli bir alay düzəlmişdi. Bu gün Səttar xan faytona əyləşmişdi. Yanında yavərləri (yaxın və inandığı adamlar) oturmuşdu.

Mən başqa bir-faytonda idim. Səttar xan heyətin iclasına çox təxirlə getdi. Bu adət İran kübarları arasında ən işlənmiş və tanınmış adətlərdən biridir. Böyük adamlar daima məclisə təxirlə gedərlər, çünki onların fikrincə məclisə tez getdikdə sonra gələnlərin ayağına qalxmaq lazım gəlir, bu isə kübar bir simanın nüfuzunu azaltmış olur.

Səttar xanın gəlməsi xəbəri eşidildikdə heyətin iclasına toplaşanlar onu təntənəli bir surətdə qarşıladılar. İçəri girdikdə heyət üzvləri ayağa durdu. Səttar xan əyləşəndən sonra onlara müraciətlə:

– Zəhmət çəkməyin, əyləşin, – dedi.

Onlar əyləşdilər və Sərdarın kefini soruşdular. Sərdar isə təşəkkür etdi. Heyətdən Rəşidülmülk sözə başladı:

– Cənab şahzadə Eynüddövlə sülh üçün gəldiyini və Azərbaycan əhalisinin rahatı yolunda çalışacağını sizə xəbər vermək üçün bizi sizin hüzurunuza göndərmişdir. Qibleyi-aləm Azərbaycan əhalisinə əfvi-ümumi vermək üçün cənab şahzadəyə xüsusi tapşırıqlar vermişdir.

Məclisdə oturanlar Səttar xanın bu sözlərə verəcəyi cavabı səbirsizliklə gözləyirdi. Səttar xan sözə başladı:

– Qibleyi-aləm bizim atamızdır. Biz ona qarşı üsyan etməmişik. Buna görə də cənab şahzadə birinci növbədə Təbrizi bu ağır vəziyyətə salan Rəhim xan və bu kimilərini cəzasına çatdırmalıdır.

Bu cavab məclisdə oturanların təəccüblərinə səbəb oldu. Onların bir çoxusu bir-birinin qulağına gizli sözlər pıçıldamağa başladı. Zira burada Səttar xanın inqilabi simasızlığı özünü göstərmiş oldu. Camaat padşahın doğrudan da böyük ata olduğunu, üsyanın padşah üzərinə olmadığını zənn etdi. Bir çoxları da: “Belədir ha. Sərdar çox doğru söylədi. Padşahda nə taqsır vardır? Bu cür işləri düzəldən beş-altı lotu-potudur”, deyə Sərdarın sözlərini təsdiq etdilər.

* * *

Üç gündən bəri Sərdarın görüşünə getməmişdim. O, məni adam göndərib çağırtdırdı. İncidiyimi bilirdi.O, mənim hiddətimi soyutmaq istəyirdi. Biz ondan narazı qaldıqda etiraz etməzdik, çünki o, çox əsəbi idi. O, bizim etirazımızı yalnız görüşünə getmədiyimiz vaxt bilirdi. O, mənə müraciətlə:

– Hərgah iş Məhəmmədəliyə (şaha) qalarsa, onunla düzəlişmək çox da çətin deyil. Lakin onu əhatə edənlər öz bildiklərini edir və heç kəsə də qulaq asmırlar.

Burada başqa cavab vermədim. Əlimi atıb cibimdən Məhəmmədəli şahın Eynüddövləyə vurduğu teleqramı çıxardım. Teleqram Eynüddövləyə yetişmədən əvvəl rus konsulunun casusları tərəfindən konsulxanaya gətirilmişdi. Haman teleqramı konsula yetişmədən Mirzə Ələkbər xan mütərcimin masası üzərindən Nina götürüb mənə vermişdi.

Teleqramda Məhəmmədəli şah Eynüddövləyə əmr edir ki, “Təbrizin daşını daş üstə qoymamalısan”.

Teleqramı Səttar xana verdim. Heç bir söz demədi. Çox fikirdən sonra başını tərpədib dedi:

– Çox təşəkkür edirəm. Hər təşkilatımız belə işləsəydi, inqilab heç bir çətinlik çəkməzdi.

* * *

Eynüddövlə, Sahib-divan bağında yerləşərək, hər gün sülh heyətini göndərib boşboğazlıq edirdi. O, bununla vaxt qazanıb Şatranlı və Tehran ordusunun tamamilə Təbriz ətrafında toplanmasını gözləyirdi.

Bu məsələni Sərdara dəfələrlə dedik. Eynüddövlə hazırlığını bitirməmiş ona hücum etməyi və darmadağın etməyi lazım gördük. Səttar xan buna razı oldu. Bağır xan bu fikri təsdiq etdi. Məsələ şurada müzakirə edildikdə mollalar və mollatəbiətlilər buna razılıq vermədilər.

– Təbriz müdafiə halındadır. Hücum edib müsəlmanları qırdırmaq cayiz deyil! – dedilər.

Hələ bir çoxları, hətta Səttar xanın özü də Eynüddövlənin hücum edib-etməyəcəyinə şübhələnirdilər.

Bu şübhəni tezliklə rədd etdik.

Şahzadə Eynüddövlə hazırlığını bitirdikdən sonra Təbrizi bombardman edib dağıdacağı və “əşrarı” təslimə almaq istəməsi haqqında rus konsuluna xəbərdarlıq vermişdi. Bu xəbərdarlığın bir üzü Peterburqa, bir üzü Tehrandakı rus səfirinə göndərilmiş, üçüncü surətini isə Nina konsulxanadan bizə gətirmişdi. Eynüddövlə xəbərdarlıqda belə deyirdi:

“Millət, məmləkətin rahəti və beynəlmiləl qanunları mühafizə üçün şahənşah hökuməti Təbriz şərarətçilərini təsviyə etmək üçün məni Azərbaycana göndərmişdir. Bu gündən etibarən Azərbaycan hökumətini idarə etməyə başlayıram. Təbriz əşrarına rahat yaşamaq və silahı təslim etmək üçün dəfələrlə müraciət etdiksə də fayda vermədi.

Təbrizi qəti mühasirəyə almağı, silah gücünə təslim etdirməyi qərara aldım. Buna görə rus dövlətinin bütün təbəələri və dövləti-bəhiyyənin himayəsində onların mənəvi və maddi cəhətdən müdafiə olunacağını xəbər verirəm.

Şəhər bombardman olunduğu vaxt Rusiya təbəələrinin Lilabad və Əhrab tərəflərinə çəkilmələri barəsində cənab general-konsul əlahiddə təşəbbüsdə olmalıdır.

        Şənbə. 21 şəhri-rəcabəlmürəccəb.

                                                                                                 Şahzadə Eynüddövlə”.

Bu müraciətnamədən bir gün sonra Eynüddövlə işə başladı. Böyük topları çəkmək üçün yerlər hazırlanması, hücum yerlərinin təyin olunması xəbərini Nina gətirdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info