Qonaq Kitabı
Birinci hissə

Xanım bu sözlə razılaşdı və məndən soruşdu:

– Ərli deyilsən ki?

– Xeyr, xanım, ərim yoxdur. Üç ildir ki, ölübdür.

– Uşağından-zadından nəyin vardır?

– Heç kəsim yoxdur. Heç doğmamışam da.

– Yatmağa yerin vardırmı?

– Bəli, xanım varımdır!

– Bir dəst paltar verəcəyəm. Yeməyin də buradandır. Burada yeməsən, evə də apara bilərsən.

Mən buna razı oldum, çünki evə apardığım yeməklə Məcidin və Cavad ağanın da yeyib yaşaya biləcəyini ümid edirdim. Ancaq belə olmadı. Evə aparılan şey yalnız bir adamı görürdü. Mən burada birtəhər qarnımı yarı-yarımçıq doydurub evə apardığım payımı Cavad ağa və Məcidə yedirirdim. Xanım bu şərti kəsəndən sonra aşpazxanadan birisini çağırdı:

– Gülara, apar buna iş ver!

Gülara məni aşpazxanaya aldı. Təhminə xanım qayıdıb getmişdi. Mən çarşabımı götürüb şəritdən asdım. Qollarımı çırmadım. Nə iş görəcəyimi bilmirdim. Aşpazxana çox böyükdü. İri qazanlar asılmışdı. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. Mən əvvəl elə bildim ki, bu gün Hacının qonaqlığı vardır. Amma məsələ belə deyilmiş. Hacının aşpazxanasında hər gün bu cür xörək bişirmiş.

Gülara, xanımın inandığı qulluqçulardan idi. Aşpazxananın hər bir ixtiyarı onda idi. O, mənə birinci gündən bu vəzifəni vermişdi: özü ilə bərabər anbara aparıb düyünü ölçüb torbaya tökərdi. Mən onu bir nəfər də Gülsüm adlı qoca qulluqçu ilə arıdardıq. Bu işi qurtarandan sonra soğan doğrayar və su daşıyardım. “İnqilabçı” Hacının anbarı bütün məhəllənin camaatını neçə illər doyura bilərdi. Düyüsünü iki il yesə qurtarmazdı. Düyülərin bir çoxuna bit düşübdür. Buğdasını, ununu anbarlar tutmur. Hələ yenə də üstünə gəlirdi. Axşamlar, demək olar ki, plovdan çox artıq qalırdı. Mən buna əvvəlinci gün sevindim. Yaxşı pay aparacağımı düşündüm. Amma məsələ belə deyilmiş. Artıq qalan plov Hacının kişi nökərlərinə verildi. Arvad qulluqçuları üçün heç bir şey qalmadı. Qulluqçular qonaqların qabağından qayıdanı gözləyirdi. Gülara və iki nəfər də aşpazın hər birisi özü üçün bir böyük nimçə yağlı və ətli yerindən ayırıb kənara qoymuşdu. Məcməyilər qonaqların yanından qayıtdı. Xörək çox qalmışdı. Hamıya yetərdi. Amma bunu da aşpazxana qulluqçularına vermədilər. Nimçələrdə qalan plovları və ətləri təmizləyib həyətdə duran nökərlərə və qaraullara verdilər.

Sonradan məlum olduğuna görə, bunların heç biri maaş almırmış. Qalan plovları hər gün nimçələrlə aparıb bazarda satırmışlar. Pullarını isə aşpazxananın müdirəsi Gülara ilə birlikdə bölüşürmüşlər.

Biz hələ durub baxırdıq. Bizə nə veriləcəyindən xəbərim yoxdu. Axırda əllərdən tökülüb xonçalarda qalmış düyüləri və ətli sümükləri bir yerə toplayıb hər kəsin saxsı çanağına bir az yığdılar. Mən də evdən apardığım saxsı çanağı irəli tutdum. Mənim də payımı verdilər. Bir neçə gün belə keçdi. Hacı tez-tez aşpazxanaya gəlib Gülaraya bəzi sifarişlər verirdi.

Hacının mənə tərs-tərs baxdığını, döşlərimi və qıçlarımı gözdən keçirdiyini hiss edirdim. Hacı ara-sıra Gülara ilə pıçıldaşıb mənə baxırdı. Son günlər Gülaranın da mənə qarşı münasibəti dəyişmişdi. Çox ağır işlərə göndərmirdi. Axşamlar payımı da xörəyin yaxşı yerindən verirdi.

Mənə etimadın artdığını da hiss edirdim. Məni düyü gətirmək üçün anbara tək göndərirdi. Ancaq axır günlərdə mən bunun səbəbini anladım. Bu, Hacının tədbiri idi. Hər gün mən anbara gedəndə Hacı dalımca anbara gəlirdi.

Bir gün anbarda idim. Hacı gəldi. Əlini başıma çəkdi:

– Səni Gülaraya tapşırmışam. Sənin həyatını nəzərə almışam. Heç vaxt səni başqaları ilə bərabər tutmayacağam, çünki sənə xanımlıq yaraşır, – dedi.

Mən utandım, heç bir söz demədim. Axırda o, yenə də mənə belə bir sual verdi:

– Çox yaxşı, buna sən özün nə deyirsən?

– Hacı, mən nə deyə bilərəm. İndi ki, siz fəqirlərin halını nəzərə alırsınız, daha mən buna nə deyə bilərəm? – dedikdə, o əlini mənim döşlərimə atdı:

– Yox, belə deyil, mən istəyirəm ki, sən daha fəqir olmayasan, – dedikdə mən özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim. O, danışdıqca mənim döşlərimi sıxırdı. Mən qapıdan çıxmağa çalışırdım. O, qapını kəsib məni buraxmaq istəmirdi. O, həmişə bir sözü təkrar edirdi:

– Sən söz ver ki, Gülara deyəni qəbul edəcəksən.

Çarə yoxdu. Anbardan çıxıb canımı qurtarmaq üçün bir söz söyləməli idim.

– Hər işin bir qaydası vardır. İndi ki, Hacının belə bir fikri vardır, mənim nə sözüm ola bilər? Amma Hacı da gərək məni abırdan salmasın, çünki biri gəlib məni anbarda görərsə, daha mən adam arasına çıxa bilmərəm, – dedikdə Hacı sevindi və əlavə etdi:

– Demək ki, sən razısan.

– Əlbəttə razıyam.

– Elə isə Gülaraya razılıq ver, o hər şeyi düzəldər, – dedi, sonra mən düyü torbasını arxama atdıqda o kömək eləmək bəhanəsi ilə torbanı arxama qaldırdı, yenə də döşlərimi sıxdı.

Mən bayıra çıxdım. Saçım dağılmış, rəngim qızarmışdı. Aşpazxanadakılar mənə baxıb, gülür və bir-birinin qulağına nə isə pıçıldayırdılar. Mən soğan doğramağa oturdum. Gülsüm mənə baxıb ah çəkdi.

– Yazıq Zeynəb, – dedi, – sənin başına gətirmək istədiklərini vaxtilə mənim rəhmətlik anamın da başına gətirmişdilər. Hacının atası anamı siğə elədi. Mən ondan doğuldum. Anam ölənə qədər aşpazxanada qulluq elədi. Mən də aşpazxanada böyüdüm. Hacı atasından sonra məni özünə bacı hesab edib evə buraxmadı. Sənə də yazığım gəlir. Bu həyasız Gülaranın sözünə baxma. O, sənin kimi bir çoxlarını bədbəxt edib. Xüsusən, iş belə aşkara düşdükdən sonra Hacının xanımı da səni incidəcəkdir.

Mən haman günü necə işlədiyimi bilmədim. Axşam evə getdim. Kimə deyim? Cavad ağa da cavandır. Desəydim gedib bir əngəl çıxaracaqdı. Nə etmək, biz ki, Hacının tayı deyilik. Heç bir söz demədim. Sabah işə gəldikdə Gülara məni anbara apardı və dedi:

– Görünür ki, sən xoşbəxtsən. Hacı səni bir könüldən min könülə sevibdir. Bu gün deyirdi ki, “onun dərdindən yata bilmirəm”. İndi bunu bir sən biləcəksən, bir də mən, bir Hacı, bir də Allah. Sənin heç işin yoxdur. Mən özüm hər şeyi düzəldərəm.

Mən cavab verməzdən əvvəl çox düşündüm. Nə cavab verim? Çıxsam ac qalacağıq. Qalsam da abrım gedəcəkdir.

Bir qədər sükut etdim.

– Eybi yoxdur. Mən də yerdən göyərməmişəm. Mənim də qohum-qardaşım vardır. Onlarla məsləhətləşərəm, – dedim.

Gülara tələsik soruşdu: – Bəlkə onlar razı olmadılar, onda necə olsun?

– Razı olarlar. Onlar məni Hacıdan artıq kimə verəcəklər?

– İndi ki belədir, eybi yoxdur. Amma tez olsun, çünki Hacı məni tələsdirir.

Bir neçə gün də “bu gün-sabah” deyə yola verdim. Günün birində Cavad ağanın bacıları və anası hökumvara yonca və qazayağı yığmağa gedəcəkdilər. Məcidi tapşırmağa adam tapmadım. Yanımca işə aparmağa məcbur oldum, çünki bir gün əvvəl onlar yoncaya gedəndə Məcidi də aparıb uşağı soyuğa vermişdilər.

– Onlar yoncanı nə üçün yığırlar?

– Qaynadıb, duzlayıb yeyirlər. Amma yoncanı da yığmağa zəmi sahibləri qoymur. Hər kəs getsə, oğurlamalıdır. Özü də gecədən getməlidir. Bunun üçün də uşağı onlara qoşmaq heç də mümkün deyildi.

Çarəsiz qalıb uşağı yanımca apardım. Birinci həyətdən ikinci həyətə keçəndə Hacının xanımı uşağı yanımda gördü. Tələsik bir halda:

– Ay qız, o kimin uşağıdır? – deyə soruşdu. Mən isə cavabında:

– Bacımın uşağıdır. Ağladı, əl çəkmədi. Yanımca gətirməyə məcbur oldum.

Daha dinmədi. Keçib işə getdim. Ürəyim çox rahatsız idi. Uşağı gözdən qoymurdum. Bir söz danışacağından və işin üstü açılacağından qorxurdum. Hərçənd uşağa tapşırmışdım. Amma yenə də ürəyim sakit olmurdu.

Biz Gülara ilə anbara getmişdik. Qayıdanda Məcidi Şərəfnisənin qucağında gördüm. Uşaq danışırdı.

Şərəfnisə ondan soruşdu:

– Kimin oğlusan?

– Cavad ağanın.

– Atan nə iş görür?

– Mücayibdir.

– Nənəyin adı nədir?

– Zeynəb!

– Haradadır?

Məcid barmağı ilə məni göstərdi.

– Odur, bax! Əlində torba gedir.

Mən özümü itirmişdim, nə olacağını bilmirdim. Hər halda xanımı aldatmağımın yaxşı nəticə verməyəcəyini bilirdim. O günü işlədim. Səhər tezdən işə gəldim. Gülara üstümə çığırıb dedi:

– Əl-ayağa dolaşırsan. Bir iş də bacarmırsan. Yediyin xörəyə dəyməzsən.

Bu sözü eşitdikdə bütün aşpazxana xalqı altdan-altdan gülürdü, çünki onlar məsələnin nə yerdə olduğunu anlayırdılar. Mən quruyub qalmışdım. Hacı da gəlib aftafanı götürdü, mənə acıqlı baxıb getdi.

Mən də heç bir iş görmürdüm. Gülara mənə iş vermirdi. Bir azdan sonra Şərəfnisə gəlib məni aşpazxandan çağırdı. Mən xanımın yanına gedəndə o, yanını pəncərənin arasına qoyub oturmuşdu. İki arvad dalında durub onun saçlarını hörürdü. Məni görən kimi başqa söz demədi:

– Çıxart köynəyi qoy yerə. Mən dedim ki, ev qulluqçusu heç vaxt nəcib olmaz. Məni aldatdın. Səni bu evdə qoymaq olmaz, çıxart köynəyi!

Bir söz demədim. Aşpazxanaya qayıdıb verdikləri köhnə köynəyi çıxartdım. Çarşaba büründüm. Amma yenə də ətim görünürdü, çünki çarşabım yırtıq idi. Köynəyi götürdüm. Bayıra çıxanda dalımca ağlayanlar da vardı, gülənlər də vardı. Hacının sevgili siğələri mənə gülürdü. Hacının bacılığı Gülsüm isə ağlayırdı. Mən çıxanda Gülsüm məni səslədi:

– Zeynəb bacı, gəl qabı da apar. Burada qoyma! – dedi.

Yemək gətirmək üçün apardığım saxsı qabı qoltuğuma vurub daha arxaya baxmadım. Köynəyi xanımın qulluqçusu Şərəfnisəyə verdim. Getdikdə xanımın səsini eşitdim:

– Get, səni Səttar xan geyindirsin. Bizə mücahid arvadı lazım deyil.

Evə gəldim. Heç zad yox idi. Məcidə Cavad ağanın bacıları qaynanmış ot yedirmişdilər. Cavad ağaya aparmağa bir şey yoxdu. Səngərə əliboş getdim. Bütün əhvalatı söylədim. Çox ağladım. Cavad ağa məni sakit etdi. “Dünya belə qalmaz” deyə təsəlli verdi. Yoldaşlarına kifayət qədər yemək gətirmişdilər. Onlar ikimizi də doyurdular. Bir parça çörək də Məcid üçün gətirdim.

Zeynəb bacı bunları danışdıqdan sonra əlini masaya vurub sözünə davam etdi:

– İndi Allaha şükür olsun ki, həyatdan çox razıyam. Heç narazılığım yoxdur. Bir narazılığım varsa, o da Hacı Mehdi kimi adamların inqilabçı adını daşımasıdır.

– Zeynəb bacı, mən də ümid edirəm ki, bunlar düzələcəkdir. Həmişə belə qalmaz.

Zeynəb bu söhbətində mənim heç ümid etmədiyim və inana bilmədiyim bir çox şeyləri mənə xəbər verdi. Ninanın bütün dediklərini təsdiq etməyə məcbur oldum.

Məcid yuxulamışdı. Aparmaq mümkün deyildi. Nina Zeynəbi yanında saxlamaq istəyirdi. Zeynəb bunu rədd etmək üçün bəhanə gətirirdi:

– Bəlkə gecənin bir zamanı Cavad ağa evə gəldi. Məni evdə görməsə acıqlanar. Xüsusən Məcidi neçə gündür ki, görməyibdir. Heç də yaxşı olmaz.

Məcidi yuxudan oyatmağa məcbur olduq. Onu təzədən yedirdik. Sakit olandan sonra Zeynəb bacı onu dalına alıb evlərinə apardı.

Biz Nina ilə danışıb Təbriz qadınlarının nə qədər bacarıqlı və fikriaçıq olduğunu təsdiq edirdik.

Mən ayağa durub getmək istədikdə Nina dedi:

– Müharibəni xarici düşmənə açmaqdansa, daxildə inqilabçı adı ilə öz xəyanətini pərdələmək istəyən Hacı Mehdilərə açmaq lazımdır.

* * *

Bir həftədir ki, qaradağlıların hücumu davam edir. Top güllələri səngərlərin altını üstünə çevirir. Xaraba və yanmış evlərin sayı get-gedə artır. Hər tərəfdə bir cəhənnəm nümunəsi görmək olur. İnqilabçıların səngərindən tüfəng güllələri çox az atılırdı. Səngərləri yalnız bombalarla saxlamaq mümkün olurdu. Səngərlərin qarşısında qaradağlı ölüləri bir-birinin üstünə qalanırdı. Qaradağlılar hər bir hücumda tələfat verib çəkilirdi. Səngərlərdə canlı qüvvə çoxdu. Patron və bombadan korluq çəkilmirdi. Dörd gündən bəri rahat olmaq və evə qayıtmaq mümkün olmamışdı.

Axşam saat doqquzda bir azca vaxt tapıb Ninanı görmək üçün getdim. Nina çox qəmgin oturmuşdu. Məcid də ona söykənib divanın üstündə yatmışdı.

Oturdum. Ninadan əhval soruşdum, ah çəkərək sözə başladı.

– Dünən saat beşdə Zeynəb Cavad ağaya yemək aparıb daha qayıtmayıbdır. Bilmirəm onun başına nə iş gəlibdir? Yazıq uşaq onsuz aram tutmur.

Mən işin həqiqətini deməyə məcbur oldum:

– Nina, hazırda Zeynəb bacının və yainki mənim özümün də bir gündə yox, bir dəqiqənin içində tələf ola biləcəyimiz təəccüblü iş deyil. Atılan top mərmilərinin açdığı tufanın ağzından qurtarmaq çox çətindir.

Ninanın gözləri doldu. Ağlaya-ağlaya soruşdu:

– Allah eləməsin. Bəlkə də Zeynəbin başına bir iş gəlmişdir?

– İnqilab edən xalqın qurban verəcəyi şübhəsizdir. Dünən saat altıda Zeynəb və Cavad ağanı öz yoldaşları ilə yemək yedikləri yerdə top gülləsi havaya sovurmuşdur. Bədənlərini ayırmaq mümkün olmadı. Hamısını bir yerdə basdırdıq.

Ninanın gözləri yaşardı. Balaca Məcidi qucaqlayıb öpdü.

Minasyanın qadını Şuşanik xanım da gəlib bunu eşitdi. Çox təəssüf etdi.

Sabah Təhminə xanıma xəbər verib balaca Məcid üçün bir qulluqçu tapdıracağımı Ninaya vədə etdim.

 

Ziyafət

Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən, qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu

dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.

Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.

O, yolda başqa söz danışmırdı. İnqilab haqqında söhbətə başlayıb deyirdi:

– Ay rəfiq, görüm sizin inqilab nə iş görəcəkdir? Bütün varlığım ona bağlıdır. Mənim işimi yalnız inqilab həll edə biləcəkdir.

Mən Abdulla xan kimi adamlar haqqında çox eşitmişdim. Bu gün isə şəxsən özüm də onun nə demək istədiyini gördüm və eşitdim.

* * *

Abdulla xanın ziyafət salonu qayət zəngin bir salon idi. Salonda tağlar və taxçalar vardı. Tağlarda qiymətli Çin kasaları, boşqablar, güldanlar və sair nəfis qablar düzülmüşdü.

Taxçaların içərisində Fətəli şah, Nəsrəddin şah, Abbas Mirzə, Məhəmməd şah, Kərim xan Zənd və sair bu kimi İran hökmdarlarının boyalı şəkilləri çəkilmişdi. Şəkillərin qarşısında isə qiymətli vazlar, yenə də güldanlar və müxtəlif fiqurlar qoyulmuşdu. Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə uyğun bir vəziyyətdə düzəldilmişdi. Təbriz evlərinin səqfində və divarında da çılpaq məlakə şəkillərinə təsadüf etmək olurdu.

Nina ilə mən salondakı zənginliyi bir neçə kərə gözdən keçirdikdən sonra Abdulla xan salona qayıtdı. Onun dalınca başını aşağı salmış və utandığından çöhrəsi qızarıb təbii halından çıxmış bir qadın da salona girdi. Qadının bütün hərəkəti, hətta irəlilədikdə addımlarını atması belə bir iranlı qadınının varlığını ifadə edirdi. Lakin bunun paltarı və üzərindəki zinətlərin heç birisi İran qadınını deyil, kübar və əsil ailədən olan bir fransız qadınını andırırdı. Abdulla xan onun əlindən tutub Ninanın yanına gətirdi, “Səhba xanım!” deyə tanış etdi. Mən də qadının əlini sıxıb tanış oldum. O, əlini nə qədər tez olsa mənim əlimdən dartıb çıxarmağa tələsirdi. Bunu yalnız barmaqlarının damarlarında vücuda gələn titrəyiş mənə hiss etdirmiş oldu.

Salonu bir daha bərabər dolaşdıq. Səhba xanım Nina ilə, səsi eşidilməyəcək bir halda, qonuşurdu. Mən hələ onun gözlərini görməmişdim. Onun utandığını, yabançı kişi yanına birinci kərə çıxdığını hiss etdiyimdən, özüm də onun üzünə dik-dik baxmaq istəmirdim. Bir azdan sonar Abdulla xanın özü də bunu təkrar etdi, “Səhba xanım birinci gündür ki, qonaq olan salona gəlir”, – dedi.

Səhba xanımın üzündə başqa İran qadınlarının vurduğu bəzək və zinəti görmədim. Təbriz qadınlarına məxsus ağ və dəyirmi üzünə hiss edilməz bir dərəcədə pudra vurmuşdu. Başqa qadınlar kimi qolçaqlar taxmamışdı. Yalnız sağ qolunda yanları cəvahirlə işlənmiş nəfis bir saat daşıyırdı. Barmaqlarında bahalı üzüklər çoxdu.

Zinətsiz də yüksək bir təbii gözəlliyə malik idi. Getdikcə daha az utanmağa başlayır və başını yuxarı qaldırırdı.

Salonu bir neçə baş gəzdikdən və hər şey barəsində müfəssəl məlumat aldıqdan sonra, qadın Ninanın əlindən tutub ailə həyatı ilə tanış etmək üçün başqa otaqlara apardı. Abdulla xanla mən də otaqları dolaşırdıq. Otaqların şeyləri çox zəngin, çox da maraqlı idi. Səfəviyyə padşahları dövründən qalmış ipək bir xalçanı tamaşa etdik. Zərrinə pərdələrin hamısı Fətəli şah dövründə toxunmuş pərdələrdi. Bir çox məxmər və zərrinə şeylərin üzərində tarixləri zər və ipəklə tikmişdilər. Qadın bizə ətrafı mirvarid və incə mərcanla toxunmuş köynək göstərdi. Köynəyin toxunuşu və parçası onun çox qədim və nadir bir şey olduğunu göstərirdi.

Gördüyümüz şeylər içərisində üzü altun tellərlə toxunmuş və nalları xalis gümüşdən olan bir cüt qadın başmağı da vardı. Abdulla xan bu başmaqları Nizamülüləmanın evini qarət edənlərin əlindən böyük pula aldığını söylədi.

Sonra Səhba xanım Ninanı başqa otağa aparıb öz qiymətli gəlinlik paltarlarını göstərmişdi.

Bunu əlavə etməliyik, ki, gördüyümüz otaqların hamısı salonda olduğu kimi ən mahir nəqqaşlar tərəfindən qayət incə bir surətdə işlənmişdi. Divarlardakı tablolarda çılpaq məlakələr qollarını açıb uçurdular.

Mən hər şeydən artıq xanın kitabxanası ilə maraqlandım. Kitabxanada bir sıra əl yazılarına və tablolara təsadüf etdim. Fətəli şahla rusların müharibəsindən sonra sülh layihəsinin qarası, mütarəkə şərtlərinin üzü, Abbas Mirzə tərəfindən yazılmış Gəncə səfəri, Nadir şah tərəfindən imza olunmuş kənd qəbalələri, şah Təhmasib tərəfindən imza olunmuş fərmanlar və bu kimi bir çox şeylər gördüm. Tablolar içində Abbas Mirzə tərəfindən tikdirilmiş Şəmsül imarənin şəkli, Nadir şahın at üstündə yağlı boya ilə çəkilmiş rəsmi və sair bu kimi bir çox şeylər də vardı. Ən qiymətli rəsmlərdən biri də Yusif və Züleyxanın əlvan rəsmlərindən ibarət idi. Kimin və hansı bir rəssamın tərəfindən çəkildiyi bəlli deyildi.

Çox dolaşdıqdan sonra yenə də haman salona qayıtdıq. Salonun başında düzəlmiş limon və portağal bağçası yanında qoyulmuş çay masasının ətrafına toplandıq. Çayı Səhba xanım özü hazırlayırdı. Biz evə girərkən Abdulla xan qoca ev qulluqçusunun getməsinə icazə verdi. Biz hələ bir stəkan çay içmədən qonaqlar gəlməyə başladı. Qonaqlar tamamilə gözəl və nəhayət dərəcədə şıq geyinmiş gənclərdən ibarət idi. Bunların hər birinin arxasınca da bir nəfər gənc qadın qoltuğunda böyük bir boğça, əlində əlbisə qutusu olaraq içəri girdilər. Mənimlə və Nina ilə tanış oldular. Bizim ikimiz də buna heyrət etdik. Mən gözümün altı ilə Abdulla xan və Səhba xanıma baxırdım. Onlar bir-birlərinə baxıb hiss etdirmədən gülürdülər. Nina mənim qulağıma pıçıldadı:

– Bunu heç vəchlə anlaya bilmirəm. Bu nə məclisdir? Gəncləri buraya yığıb tökməkdə Abdulla xanın məqsədi nədir? Bizimi bunlara, yoxsa bunlarımı bizə göstərməyə gətirmişdir? Bəs bu qadınlar nədir? Gətirdikləri boğcalar və qutular nə üçündür?

Mən Ninanı sakit etmək üçün qulağına dedim:

– Səbr et! Baxaq nə olacaqdır?

Qonaqlar çay içir, yağlı çörəklərdən yeyir və mənim vasitəmlə Nina ilə danışmaq istəyirdilər. Şaşıb qalmışdım. Abdulla xandan bunu soruşmaq da mümkün deyildi.

Abdulla xan “Vəli!” – deyə səsləndi.

Vəli gəldi. Abdulla xan gülərək dedi:

– Get, tarı, kamançanı və dəfi gətir!

Vəli bir neçə dəqiqədən sonra qayıtdı. Abdulla xan tarı mənim sağ tərəfimdə oturan gəncə verərək dedi:

– Xosrof xan, mənim əziz qonağımı bir neçə barmağa qonaq etməlisən!

Sonra kamançanı da birisinə verərək:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info