Qonaq Kitabı
Birinci hissə

– Ağabala, qoyma gəldi.

– Böyükağa, maldı ha!

– Ağabala, oyandakına bax!

– Məhəmmdağa, əsl mən deyəndir...

Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərənd şəhərində Ağabala, Məhəmmədağa, Böyükağa adını daşımaq çox böyük adətdir.

Bizi Şüca Nizamın mehmanxanasına qədər yola saldılar. Şeylərimizi götürüb pillədən yuxarı çıxıncaya qədər “matuşkaya bax” səsini eşidirdik.

Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. İki otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samovar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini bir adam gətirirdi. Şeyləri gətirənlərin hər birisi müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunların hamısı Şüca Nizamın (Mərənd general-qubernatoru) xəfiyyələri idi. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar.

Çaydan və yeməkdən sonra vəsiqələri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz vəsiqələrini verdilər. Vəsiqə yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum, rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib “əfv edin” deyə bayıra çıxdılar. Mənim vəsiqəmi soruşmadıqları kimi, daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər.

Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdi. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq.

 

İnqilab məntəqəsində

Mərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büs-bütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə, araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə, artıq, inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik:

Təbrizdə var inqilab,

Məmdəli dinmə, get yat,

Get özünə kömək tap,

Yorğanı sazla, ört yat.

 

Al kömək ingilisdən.

Məmdəli dinmə, get yat,

İstə qazaq urusdan,

Məmdəli dinmə, get yat.

 

Get Lyaxova yalvar,

Məmdəli dinmə, get yat.

Təbrizdə Səttar xan var,

Məmdəli dinmə get yat.

 

Məmdəli dinmə, get yat,

Konsul göndərər saldat.

Təbrizi Tehrana sat,

Məmdəli dinmə, get yat.

 

Bu kimi mahnıları qadınların da bəziləri oxuyurdu.

Artıq bu yerlərdə inqilabçıların qarovul postları da nəzərə çarpırdı. Bu postların nə üçün qoyulduğu bəlli deyildi. Bunun inqilabı müdafiə üçün heç bir əhəmiyyəti ola bilməzdi, çünki bunlar nə vəsiqə yoxlayır, nə də Təbrizə gedənlərin kimlər olmarı ilə maraqlanırdı. Ara-sıra səyyar qarovul dəstələrinə də təsadüf edirdik. Lakin bunlar da bir şey soruşmadan keçib gedirdi. Mən bütün bunları nəzərdən keçirirkən düşünürdüm: İranda parlayan inqilab qığılcımı Rusiyada baş vermiş olan beşinci il inqilabının təsirini hiss edir. Bilmirəm, bu qığılcımı böyüdüb

bir yanğın şəklinə salmaq mümkün olacaqdırmı?

Mən bu fikirdə ikən Sofyan kəndinə yetişdiyimizi gördüm. Qızlara burada nahar etməyi təklif etdim. Onlar da acmışdı. Çayçı dükanının qabağında dayandıq. Yemək istədik. Yağ, pendir vardı. Dükançı tirlərdən asılmış üzümlərdən endirdi, yuyub yanımıza qoydu. Faytonçumuz Novruz bizi tələsdirirdi. Yemək-içməyi tez bitirdik. Özümüz də Təbrizə tez yetişməyə tələsirdik.

Təbriz şəhəri artıq qalın dumanların altından görünməyə başlamışdı. Şəhərin arasında vaqe cəsamətli və heybətli olan ərk binası, uzaqdan bir kibrit qabı kimi görünürdü. İndi də həmişəlik İran inqilabına təkan verən Təbriz, dumanların kölgələri altında gizlənib sanki mühüm bir hadisənin xəbərini verməyə hazırlanırdı.

Nina Təbrizi uzaqdan görür, onu gah Peterburq, gah Moskva, gah da Riqanın böyüklüyü ilə müqayisə edirdi. Mənə deyirdi ki:

– Bilmirəm bu böyük şəhərdə bir-birimizlə görüşmək mümkün olacaqdırmı?

– Mən Təbrizdə qalmalı olsam, bəlkə də görüşmək mümkün olar.

– Əcəba, siz məni unuda biləcəksinizmi?

Ninanın bizi deyil, məni deməyi mənə qəribə göründü, çünki biz iki günlük səfərimizdə işi bu qədər dar və müəyyən bir çərçivə içərisinə salmamışdıq. Mənə ki bir şey məlum deyildi.

Qız “məni unudacaqsınızmı?” deyə sual vermişdi, cavab verməyə bilməzdim.

– Mənim sizi unudub-unutmamağım hadisələrlə dolu olan mühitimizin verəcəyi imkanlardan asılıdır.

– Siz ki, hazırkı hadisələrlə əlaqədar deyilsiniz.

– Doğrudur, əlaqədar deyiləm. Ancaq ümumi bir hadisənin ağırlığını ümum xalqın çəkməli olduğunu da unutmaq olmaz.

– Doğrudur, inqilabçı bir məmləkətdə bitərəf qalmaq da çətindir.

Nina bu sözünü bitirirkən çox diqqətlə gözlərimin içinə baxıb təkrar etdi:

– Belə deyildirmi? Özünüz söyləyiniz!

Mənim əvvəlki şübhələrim yenə də coşmağa başladı. Ninanın məni öyrənmək həvəsi get-gedə artırdı. O, gözlərini mənim gözlərimdən heç də götürmürdü. Tez-tez əlimi tutub deyirdi:

– Özünüz söyləyiniz! Belə deyildirmi?

– Lakin mən Təbrizə yeni gedirəm. Gələcəkdən xəbər verə bilmərəm.

Ninanın göz bəbəkləri oynadı. Onun gənc ürəyi cazibəli gözünün halqasından mənə baxmağa, məni daha başqa fikirlərə yol verməyə məcbur etdi. Cəsarətli bir səslə:

– Mən sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvənin tərəfində, – dedi. – Az bir qüvvə ilə çoxlara qarşı mübarizə aparanların tərəfində! Səttar xanın tərəfində!

– Bəs nə üçün Səttar xanın tərəfində? – deyə soruşdum.

– Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır, qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin içərisindən çıxar.

Ninanın bu sözündən sonra daha danışmaq istəmədim, çünki məsələmiz nazik və çıxılmaz bir mərkəzə varmışdı. Mən yenə də onların musiqi müəllimləri deyil, konsulun sifariş verdiyi xüsusi casuslar olduğuna inanmağa başladım. Bundan sonra olan söhbətlərimiz tamamilə adi və mənasız məsələlərdən ibarət oldu. Ninanın özü də mənim dərin düşündüyümü gördüyündən söhbətin istiqamətini dəyişmişdi. O, nə olursa-olsun məni danışdırmaq istəyirdi:

– Səfərimiz iki gün oldu. Bu axşam üçüncü günə keçəcəkdir. Fəqət biz sizin ailəli olub-olmamağınıza dair heç bir şey öyrənə bilmədik. Doğrudan da evlimisiniz?

Söhbətimiz bir-birinə yeni rast gəlmiş qadın və kişi söhbəti rəngini almışdı. Mən doğrusunu söylədim:

– Evli deyiləm.

– Nə üçün? İndiyə qədər bir kimsəni sevmədinizmi? Heç ola bilməz!

Ninanın sözlərində, üzündə və bütün hərəkətində özünü istətmək istəyən bir qızın arzusu duyulurdu. Cavab almamış, suallar yağdırmaqda davam edirdi:

– Doğrusunu deyin, kimsəni sevmədinizmi? Bəzi kişilər vardır ki, vaxtında evlənməzlər. Onlar elə bir yaşda evlənirlər ki, nə onlar qadına, nə də qadın onlara lazım olur. Məncə kişilər bununla özlərini ailə ağırlığından azad yaşatmağa çalışırlar. Lakin bir az keçəndən sonar kişilər buna əməl edə bilmirlər. İndi siz səmimi bir surətdə söyləyiniz görüm, siz bu müddətdə heç bir qızı sevmədinizmi? Hərgah sevmişsinizsə, nə üçün onlardan birisini yoldaşlığa almamışsınız?

– Sevmişəm, – dedim. – Yenə də sevə bilərəm. Lakin məni sevən olmamışdır. Buna görə də evlənə bilməmişəm.

– Bu səmimi olmadı. Mən buna heç də inana bilmərəm. Sizi hər bir ağıllı qız sevə bilər. Siz gözəl bir gəncsiniz. Həm də siz qadın yanında özünüzü bir qərbli kimi apara bilirsiniz. Sizin hər bir xasiyyətiniz gözəldir.

– Yanılırsınız. Məncə, ən gözəl bir adamda böyük nöqsan da ola bilər.

– Əcəba, o böyük nöqsan məndədəmi ola bilər?

– Hərgah siz özünüzü birinci gözəl hesab etmiş olsanız, bunun özü də bir nöqsandır. Dünyada bəlkə sizdən daha gözəl qızlar da vardır.

– Mən artıq sizinlə danışmayacağam. Siz məni təhqir etməyə hazırlaşırsınız.

Nina sanki gözəl və şıltaqçı qızların rolunu ifa edən bir aktrisa idi. Mən doğrudan da qarşımda ən gözəl, ən də acı təbiətli, şıltaq və öz gözəlliyinə inandığı üçün kişiləri əzmək, incitmək istəyən bir qızı görürdüm. Fəqət Nina ən sadə, ən həlim, ən gözəl bir qız idi.

Biz Acı körpüsünə qədər yalnız İraida ilə danışırdıq. O, məndən Təbrizi soruşur və orada necə yaşayacaqları haqqında təsəvvürlərini söyləyirdi. O, məndən çox razılıq edirdi. Əlimi tutub tez-tez görüşəcəyimizə söz verməmi tələb edirdi.

Ninaya gəldikdə onun gözündə qısqanclıq görünməyə başlayırdı. Gözləri İraidanın əllərinə dikilmişdi. İraidanın əlləri mənim əlimi sıxır və razılıq göstərirdi. Ninanın dodaqları titrəyirdi. Gözlərinin altında kiçik damarlar döyünürdü. Lakin bu uzun çəkmədi. O, mənim əlimi bacısının əlindən sürətlə dartıb aldı. Gözləri yaşardı, mən də, İraida da gülürdük.

Nina da hər iki rolunu oynayıb bitirmişdi. O, rəngi qızarmış bir halda dedi:

– Kişilərdə bir çox hərəkətlər yersiz olduğu kimi, bu gülüşlər də yersizdir.

Əlbəttə, mən onun gözlərinin yaşarmasına deyil, ümumiyyətlə, ani və dəli kimi sevgilərinə gülürdüm. Xüsusən Ninanın bu rolları çox məharətlə ifa etməsi də məni güldürürdü. Daha doğrusu, şadlanır və qızın nəhayət dərəcədə qabiliyyətli bir qız olduğuna sevinirdim. Lakin onun kişiləri təhqir etməsini və onların yersiz gülmələrini tənqid etməsini də cavabsız buraxmadım.

– Nina xanım!

– Mən xanım deyiləm, – dedi. – Sadə Ninayam! Bunu sizə bir kərə demişəm.

– Çox yaxşı, Nina, gözəl Nina. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar həddindən artıqdır.

– İndi deyin görüm, siz hansı qızı sevə bilərsiz: yarım saat bundan əvvəlki qısqanc, şıltaq və tez sevən qızımı, yoxsa hazırda danışan sadə, səmimi bir yoldaş kimi hərəkət edən qızımı?

– Bunların hər ikisi sevimlidir. Fəqət əvvəlincisi ilə vaxt keçirmək, əylənmək, ikincisi ilə yaşamaq və yoldaşlıq etmək yaxşıdır. Lakin bunu da müəyyən bir şəraitdə başa gətirmək mümkündür.

– O şərait nədən ibarətdir?

– Qarşılıqlı sevgi!

Bu sözdən sonra Nina başını aşağı salmışdı. Heç birimiz danışmırdıq, çünki artıq Təbrizə yetişmişdik.

* * *

Acı körpüsünə çatırdıq. Bura hərbi qərargah şəklini alırdı. Bura rus çar hökuməti tərəfindən çəkilmiş Culfa – Təbriz şose yolunun son nöqtəsidir. Burada yoxlayıcı və idarəedici kontorlar yerləşmişdir. Hər tərəflə telefon əlaqəsi vardır. Telefon inqilabçıların ixtiyarındadır.

İnqilabçılar burada Təbriz şəhərinə gedənlərin vəsiqələrini yoxlayırlar. Mən, qızlar bilməsin deyə, hamıdan əvvəl faytondan düşüb qarovul postuna girdim və vəsiqəmi nişan verdim. Qızların da vəsiqələri yoxlandı. Faytonumuz körpüdən buraxıldı.

Dar və palçıqlı küçələrin hər iki tərəfi böyük karvansaralardan ibarətdir. Böyük Təbrizin ticarət karvanları, bütün Azərbaycanın müxtəlif şəkildə olan nəqliyyatı yalnız burada yerləşir.

Lakin həyat o qədər də coşğun deyildir. Ticarət karvanları əvvəlkinə nisbətən çox azdır.

Faytonun atları qarınlarına qədər çamıra bulaşaraq tısbağa kimi sürünməkdə idi.

Qəbristanların içərisindən keçirdik.

“Güllü mən əleyha fan!” Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. Qəbir daşlarının üstündəki daraq şəkilləri qızları daha da heyrətləndirirdi. Nina barmağı ilə göstərib:

– Bu daşlardakı daraqlar nə deməkdir? – deyə soruşdu.

– Bir ağızlı daraqlar kişi, iki ağızlı daraqlar isə qadın qəbridir, çünki qadının adını daşda yazmağı namussuzluq bildiklərindən daşın üstündə daraq şəkli çəkirlər.

Bu gün qəbiristanda camaat çox idi. Cümə axşamı olduğu görünürdü. Kimisi kündür, səndəl yandırırdı, kimisi əlində balaca bir daş tutub qəbir daşlarını döyməkdə idi.

Küçədə şey satanların səsi bir-birinə qarışmışdı. Əllərdə satılan şeylər Təbrizdə qıtlıq olmadığını aydın göstərirdi.

Qəbir üstündə ağlayan qadınların səsini küçədə şey satanların səsi qapamaqda idi.

Cürbəcür səslər eşidirdik.

– Xasa çörək!

Fəqət çörək, xasa çörək, yəni qızarmış və təmiz çörək deyil idi. Təbrizdə sülh vaxtında da yaxşı çörək olmadığını eşitmişdim. Lakin indi öküz dili şəklində olan bu çörəklər göy rəngli xəmirdən ibarət idi.

– Nanu-vəliəhd!

Bu çörəklər şirin və yağlı çörəklərdir. Yaxşı olduğundan bir reklam olaraq adını “vəliəhd çörəyi” qoymuşlar.

– Nafi-ərus!

Bunlar insan göbəyi şəklində şirin çörəkdir ki, çox satdırmaq üçün “gəlin göbəyi” adını vermişlər.

– Ləbi-düxtər!

Bu isə dodaq şəklində şirin çörəkdir. Adını “qız dodağı” qoymuşlar.

Əlbəttə, bunların hamısını qızlara tərcümə etmək mümkün deyildi. Lakin qismən onlara anladırdım.

Nina birinci kərədir ki, üzünə ağ pərdə və ayaqlarına torba geymiş qadınları görürdü.

Əlbəttə, buna təəccüb etməyə bilməzdi. Nifrətlənmədən soruşdu:

– Gördüyümüz kişiləri bunlarmı doğmuşdur?

– Bunlar doğmuşdur, – dedim. – Şərqin kişiləri birinci tərbiyəsini bu səyyar məhbəsin içində almışdır. Onlar heç vaxt azadlıq görməmişlər. Bir çoxları onun adını belə eşitməmişdir. İndi siz təsəvvür edin. Bu kimi bir xalqın hökumətə qarşı üsyan etməsi dövlət üsuli-idarəsinin nəhayət dərəcədə qaba və zalım olduğunu göstərmirmi? Üsuli-idarə o qədər qaba, o qədər əzazildir ki, körpəlikdən əsirliyə alışmış kütlələr belə üsyana qalxır.

Nina bu sözləri son dərəcə diqqətlə dinləyirdi. Artıq bu söhbəti bitirmək vaxtı gəlmişdi. Dumanlar altında uyumuş Təbrizin gözəl təbiətini yaxından görmək daha maraqlı idi.

Ucan yaylası ilə Qızıl dağ yaylasının ortasında yerləşmiş bu müzəyyən şəhər bağlar, bostanlarla əhatə olunmuşdur. Yerlilərin çöhrələri ağ, xoş surət, mütəkəbbirdir.

Təbrizin böyük eyiblərindən biri qəbristanın şəhər içərisində olmasıdır. Məsələn, Surxab, Çərəndab, Gəcil, Şam, Ğzan və sair məhəllələr qəbristanların yanındadır.

Əbbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zəhirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara, on doqquza qədər böyük came, iyirmi bir hamam, bişmiş kərpiclə örtülmüş bazarlarında on beş minə qədər dükan yerləşən bu şəhər doğrudan da zəngin və səfalı bir şəhərdir.

* * *

Fayton qızları erməni məhəlləsində olan mehmanxanaya aparacaqdı. Yetişmək üzrə idik. Mən mehmanxanaya qədər onlarla getmək istəmirdim. Nina son kərə dedi:

– Bir yerdə mənzil etsək yaxşı olmazmı?

– Əfv edərsiniz, mehmanxanaya düşməyəcəyəm. Tanış evlərin birisində mənzil edəcəyəm. Yarın görüşərik, – deyə onlardan ayrıldım. Ninanın üzü bu ayrılışdan narazı qaldığını anladırdı. Hətta o, son dəfə əlimi sıxdıqda sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi.

Mən Rasta küçədə Seyid Hüseyn dərbəndində olan tanışımın evinə getməli idim.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info