Qonaq Kitabı
Birinci hissə

Fəqət mən qızın sevgi üçün deyil, inqilaba bir inqilabçı kimi yardım etməsini istəyirdim. Bütün söhbətimizdə sevgili qızı inqilaba hazırlayır və onu inqilabın gələcəyinə inandırırdım.

– Mənim bütün mallarımı özümə qaytardılar. İndi zəngin bir adamıq. Bu şeyləri də sənin üçün almışam, – dedikdə Ninanın sevincindən gözləri yaşardı və bir damla göz yaşı ipək donun üzərinə düşüb parçalandı.

– Mən sizi özümə bu qədər səmimi bilməyirdim, – dedi.

– Siz gələcəkdə daha da xoşbəxt olacaqsınız. Mən öz səmimi hörmətimi sizə göstərmək üçün daha başqa imkanlar əldə etməyə çalışacağam.

– Sizə qəlbən inanıram. İnandığım da indi deyil, birinci gündəndir.

O, mənə doğrudan inanırdı. O, ən dəlicəsinə sevən bir qızın öz sevdiyi gəncə qarşı tutduğu vəziyyəti tutmuşdu. Bunu bütün hərəkətilə göstərirdi. O, buna haqlı idi. Mən onu əyləndirəcək və razı sala biləcək bütün vasitələri hazırlamağa çalışırdım. Onsuz yeməz, onsuz da bir yerə getməzdim. O da belə idi. Lakin mən burada ifrata vardığımı anladım, çünki mənim bu dərin məhəbbətim gənc qızın rahatlığını pozurdu.

O, mənim inqilab hərəkatında iştirak etdiyimi və üzərimə müəyyən vəzifələr götürdüyümü bilmirdi. Buna görə də vədə verdiyim müəyyən vaxtlardan təxir etdikdə darıxır, ağlayır, hətta başqa sevgi ilə məşğul olduğumu zənn edib qısqanırdı. Nina ara-sıra bu təxirlər üçün məni tənqid etməyə də başlamışdı.

Bütün bu nümayişlər bir sevgiyə, lakin dəli bir sevgiyə, hər fədakarlığa hazır olan bir sevgiyə dəlalət edirdi.

Gənc qızın hərəkət və davranışları, onun qəlbindəki həyəcanları aydıncasına oxudurdu. Onun sevincli ürəyi titrək gözlərinin bacasından qollarımın arasına atılmaq istəyirdi.

O, danışdıqca daima ürəyinin döyüntüsünü belə eşidirdim. Bununla bərabər o, çox utanırdı. Bəzən lazımi sözlərini deməkdən belə çəkinirdi. Sevgi sözü hər bir hərəkətində var idi, lakin sözdə və dildə yox idi. Sevirəm deməyə utanırdı, lakin söhbətlərinin hamısı sevgi ətrafında cərəyan edirdi.

Birimiz utanır, digərimiz qorxurdu. O, sevgisini elan etməkdən utanır, mən isə məqsədimi ona açmaqdan qorxurdum; çünki məqsəd o sevgidən daha böyük, daha mühümdür.

Bir neçə gün belə davam etdik. Bütün söhbətlər onun sevgisini və mənim məqsədimi andırcaq fəlsəfələr və müəmmalardan ibarət idi. Onu hər sözdə sınayır, imtahan edir, and içdirir, qadınların tez sevib, tez də ayrıldıqları məsələsini aralığa atır və deyirdim:

– Qadınların qəlbi nazikdir. Onlar çox tələsirlər. Bir kişini heç tanımadan sevirlər. Qadının qəlbi aldanır, gözləri, hərəkəti isə aldadır, nəticədə həm kişi, həm də qadının hər ikisi bədbəxt olur. Bu cür adamlar heç vaxt səmimi bir ailə başçısı olmazlar. Bunun üçün həm kişi, həm də qadın uzun zaman bir-birlərini öyrənməlidir.

Nina düşündükdən sonra utana-utana güldü:

– Doğrudur, – dedi, – mən özüm də belələrini sevmirəm. Mənə qalırsa sevməməyin ixtiyarı insanın öz əlində deyil. Əgər ixtiyar insanın öz əlində olarsa, sevginin bu ağırlıqlarına dözmək istəməz.

İkiüzlülüyü davam etdirmək mümkün deyildi. Ninanın həyəcan və iztirabını hiss edərək ruhən əzab çəkirdim. Ona inanmamaq ya idraksızlıq, ya da rəhmsizlik idi. Nina çox zamandan bəri ətində, qanında bəslədiyi sevgini lal bir hərəkətlə ifadə etməkdən yorulmuşdu.

Ən sonda onu sözlə də dedi:

– Sevirəm! Məzəmmət etmə!

Nina bu sözü dedikdə utandı və əlini gözlərinə qoyub yataq otağına qaçdı. Qapını arxasınca qapadı. Mən isə ayağa durub mənzilimə qayıtdım.

 

Mən tacir deyiləm

Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:

– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyac var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.

Nina bu sözlərdən sonra gözlərimin içinə baxdı.

– Mən bir şeyi bilmək istərdim.

– Nəyi bilmək istəyirsiniz?

– Sizin inqilab tərəfdarı olduğunuzu birinci gündən hiss edirdim. Sizin mətanət və əzminiz də bunu göstərir. Fəqət təyin etmədiyim bir şey varsa, o da sizin inqilaba nə məqsədlə qoşulmanızdan ibarətdir. Həqiqi inqilabçımısınız? Və ya inqilaba ticarət və şəxsi mənfəət üçünmü yanaşırsınız? Bunu bilsəydim, qəti fikrimi deyə bilərdim.

– Bunu nə üçün soruşursunuz?

– Hərgah pul üçünsə, təhlükəsiz ticarət mümkün deyilmi?

– Paraya ehtiyac yoxdur. Ehtiyacım olsa da, inqilabi məqsədlər üçündür. Bu özüm sizə olan məhəbbətim qədər səmimidir!

– Elə isə mən inqilabda nə kimi bir vəzifə götürə bilərəm?

– Birinci növbədə Rusiyaya gedib-gəlmək üçün konsulxanadan vəsiqələr əldə etmək lazımdır.

– O vəsiqələrlə mənmi Rusiyaya getməliyəm?

– Hər kəs gedirsə getsin. Hələlik vəsiqəni əldə etmək üçün düşünməliyik.

Nina başını aşağı salıb düşünürdü. Şübhəsiz ki, məni saxta bir sima hesab edir, onu öz məqsədlərinə xidmət edən bir alətə çevirmək istədiyimi zənn edirdi. Üzündə bir tərəddüd görünürdü. Uzun kirpiklərini bir-birinin üstünə töküb durmuşdu. Lakin məsələ, onun düşündüyü kimi deyildi. Mən də onu sevirdim. Fəqət onu da özüm gedən yol ilə aparmaq və əqidə sevgisi yaratmaq istəyirdim.

Çox fikirdən sonra dəyirmi gözlərini gözlərimə dikib:

– Hərgah sənin sevgin məndən bunu tələb edirsə, hazıram. Bu təklifi məmnuniyyətlə qəbul edirəm, – dedi.

– Bunu bizim sevgimiz yox, məzlum bir xalqın taleyi tələb edir. Bizim sevgimiz də inqilab hərəkatına başlamış kütlələrin taleyindən asılıdır. İnsanı yalnız bir sevgi təmin edəməz. Biz, öz sevgimizi inqilab hərəkatının tələblərinə tabe tutmaya bilmərik.

– Mənim heç bir sözüm yoxdur. Sən düşüncəsiz və bacarıqsız adam deyilsən. Təkbşına iş görmək də çətindir. Buna mühit də icazə verməz. Tək iradə, təkbaşına təşəbbüs kütləyə bir şey verməz. Hərgah sən inqilaba sadiqsənsə, sən bir cəmiyyətə qoşulubsansa, mən də öz xidmətimi əsirgəmərəm. Yalnız bunu bilmək istəyirəm, sən mənimlə öz tərəfindənmi, bir cəmiyyət və ya təşkilat tərəfindnəmi danışırsan?

– Mən özümdən heç bir şey demərəm. Bunu cəmiyyət adından deyirəm. Əgər siz bundan məmnun deyilsinizsə, yenə də məcburiyyət yoxdur. Sizin bu təklifdən boyun qaçırmağınız bizim tanışlığımıza heç bir zərər yetirə bilməz.

Nina yenə də fikrə getdi. Bir neçə dəqiqə düşündü. Mən indi masa üzərindəki məcmuələrə baxırdım. Nina qəti sözünü dedi:

– Siz doğru deyirsiniz. Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə təğyir verməz. Lakin bir şeyi də bilirəm. Əqidə birliyi olmayan yerdə, sevgi birliyi də ola bilməz. Mən yalnız sevgi üçün deyil, öz maraq və duyğum üçün də siz təklif etdiyiniz cəmiyyətin nəfinə işləməyə söz verirəm. Demək siz tacir deyilsiniz.

– Əlbəttə yox. Tacir deyiləm, – dedim.

Nina çox şadlanırdı. Çöhrəsində ümid və sevgi nişanələri parlayırdı.

Çayı içdik. Mən onu artıq narahat etmək istəmədim. Vidalaşıb birbaşa Sərdarın yanına getdim.

* * *

Sərdarın yanına daxil olmaq üçün hər dəfə icazə istəmək lazım deyildi. Daimi icazə vərəqəsilə onu gecə saat on ikiyə qədər görmək mümkündür.

İçəri girdikdə Hacı Mehdi Kuzəkünanini Sərdarın yanında gördüm. Hacı Mehdi Sərdarın yanına mühüm bir iş üçün gəlmişdi. O, öz sözlərində tamamilə burjuaziyanın inqilab üzərindəki təzyiq rolunu ifa edirdi.

– Mən deyirəm, biz bazarın nırx məsələsinə qarışmayaq. Biz istibdadla mübarizə aparsaq bəsdir. Anbar sahibləri tamamilə nüfuzlu adamlardır. Nırx qoyduqda onların mənafeyi tapdanır, onların əksinqilab dəstələrinə qoşulmaları üçün bu da bir bəhanə olur.

Səttar xan Hacı Mehdinin bu sözlərini diqqətlə dinləyirdi. O, qəlyanın qəmişini hələ ağzından çıxarmamışdı. Nəhayət, Hacının danışmasından ürəyim darıxdı. Bunu Səttar xanın özü də hiss edirdi. Axırda Səttar xan:

– Qəlyanı aparın! – deyə səsləndi.

Gəlib qəlyanı apardılar. Səttar xan isə sözə başladı:

– Nırx məsələsi mühüm məsələdir. Anbar sahibləri bizi şəhərin kənarında duran düşmənlərdən daha artıq boğmağa çalışırlar. Onlar gündən-günə taxılın qiymətini qaldırırlar. Biz nırx məsələsinə qarışmasaq, vəziyyətimiz get-gedə ağırlaşacaqdır.

– Mən ərz edirəm ki, biz bu məsələyə qarışsaq, işimiz daha çox ağırlaşacaqdır.

– Hacı, siz səhv edirsiniz. Anbar sahibləri kimdir? Mirzə Möhsün ağadır. İmamcümədir. Bunlar daxildə iğtişaş hazırlayırlar. Bahalıq bir gün bütün Təbrizi bizim əleyhimizə qaldıra bilər.

– Mən təklif edirəm ki, məsələni əncüməndə qoyub həll edək.

Səttar xan məsələni əncüməndə qoymaq üçün bir söz demədi. Həmişə əncümən məsələsi aralığa gəldikdə o, susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf meydana çıxacağından ehtiyat edirdi. Mən Hacı Mehdi ilə bir neçə dəfə görüşmüşdüm. O, yalnız mənim deyil, bütün Qafqazdan gələnlərin fikri ilə hesablaşmaq istəmirdi. O da Siqətülislam müctəhidin fikrində idi. Mən bir neçə kəlmə danışmaq üçün Sərdardan icazə istədim.

– Buyurun, buyurun! – deyə icazə verdi.

– Mən Hacı cənablarını çox diqqətlə dinləyirdim. Hacı məni bağışlasın. Bu fikirlər inqilabçı fikri deyil. Bir hökumətin əleyhinə üsyan qaldıran və heç bir fəlakətdən qorxmayan inqilabçıların beş nəfər anbar sahibindən qorxması inqilab tarixi üçün bir ləkədir. Anbarlar çoxdan bəri inqilab hesabına ələ gətirilməli idi. Mən onları müsadirə etmək fikrini meydana sürmək istəmirəm, çünki inqilab sırasında bir çox mollanın, varlının olması “müsadirə haramdır” deyə buna yol verməyəcəkdir. Lakin sabahdan etibarən bütün taxıl anbarlarını siyahıya alıb məhsulu müəyyən qiymətlə camaata satdırmalıyıq. Belə olarsa camaat inqilaba iki əli ilə möhkəm yapışar.

Səttar xan səsləndi:

– Qəlyan gətirin! Çay gətirin!

Qəlyan, çay gətirildi, Səttar xan börkünü götürdü, əlini başına, sonra da bığlarına çəkdi. Zatən bu, Səttar xanda adət idi. Həmişə mühüm bir məsələni həllə başlamadan və mühüm bir cavabı vermədən əvvəl əlini başına və bığlarına çəkərdi. O, başına hərəkət verərək sözə başladı:

– Mən elmsiz bir adamam. Lakin bu kimi şeyləri anlamaq üçün heç də çətinlik çəkmirəm. Bir ağırlıq varsa, o da bildiyimi, anladığımı həyata keçirməkdir. Mən bilirəm ki, taxılları hesaba almaq lazımdır. Nəinki şəhərin içərisindəki taxılları, hətta Sərdruddakı, Qızılca meydanındakı, Sofyandakı taxılları da əlimizə almalı idik. Fəqət qoymayırlar.

Hacı Mehdi, Səttar xanın bu sözünün qarşısında heç bir şey demədi. Zatən İranda bu adət deyildi. Böyük adamların fikri qarşısında heç bir fikir ola bilməz. Bunun üçün də Hacı Mehdi Səttar xana verəcəyi cavabı mənə verməyə başladı.

– Möhtərəm rəfiq! – dedi. – Biz inqilab etmişüx... Biz hökumətlə vuruşurux. Bizim əllaflıq etməyə vaxtımız yoxdur. İnqilab taxıl alış-verişilə məşğul olsa, böyük xanlar, zərğamlar, Hacı Musa xanlar sabah bizim dədəmizə od vurar. Bu gün biz taxılın üstünə əlimizi bassaq, sabah bir nəfər adam belə Təbrizə taxıl gətirməz. Səttar xan qəlyanı tələsik ağzından çıxarıb:

– Onsuz da, – dedi, – xaricdən taxıl gətirilməyəcəkdir, çünki mühasira xətti get-gedə daralır.

Mən danışmırdım. Danışığın artıq faydasız olduğunu bilirdim. Bunu Səttar xan da hiss etdiyindən söhbətin istiqamətini dəyişdi:

– Hacı getdikcə cavanlanır. İnqilab Hacını cavan bir oğlan halına gətirmişdir.

Hacı güldü. Börkünü əlinə götürüb onun “güllələrini” yatırmaq üçün əlilə börkünü tumarladı.

– Doğrudan da dünəndən bəri bu sözü mənə bir çoxları demişdir. Özüm də aynaya baxmışam. Görürəm ki, təzə börküm məni lap cavan göstərir.

– Ləbbadəni çıxarıb yaxşı bir “sərdarı” geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü.

Hacı Mehdi özündən, ailəsindən, hətta yediklərindən çox bəhs etdi. Uzun danışıqlardan sonra Səttar xan ona müraciətlə:

– Hacı, mürəxxəssiniz, – dedi.

Hacı Mehdi qalxıb getdi. Zatən bu söz İran kübarlarının arasında adətdi. Böyük adamlar icazə verməmiş onun məclisində oturanlar durub getməzdilər.

Hacı Mehdi çıxdıqdan sonra Səttar xan mənə müraciət etdi:

– İndi qafqazlı yoldaşlar bilsin ki, biz inqilabı nə kimi adamların içərisində aparırıq. Hərgah namusum qəbul etsəydi, Əsgər Davatgəroğlu, nayib Həsən Kababçıoğlu kimi alçaqlar olmasaydı, çəkilib bir tərəfdə oturardım. Lakin iş işdən keçibdir. İnqilabın bütün ağırlıqlarını öhdəmə almışam. Sizə məsləhət görürəm ki, bunlarla heç vaxt bəhs etməyin. Bunların hər birinin cibində yüz əqidə vardır. Siz bilirsiniz ki, mən heç kəsə güzəştə getmərəm. Lakin bəzən bunların qarşısında güzəştə getməyə məcbur oluram. Bunun hamısı inqilabın xatırınadır. Hacı məsələni əncümənə həvalə edir. O, bilir ki, əncüməndə səs varlıların əlindədir. Bu söhbətlərdən sonra Sərdar sözü Nina məsələsinə gətirdi:

– Vəziyyət ağırdır. Fişəng, əl bombaları yoxdur. Bunları hazırlamaq üçün əldə edilən şeylər hamısı da suyun o tərəfindədir. Bəlkə Ninadan bir mətləb hasil oldu.

– Nina məsələsi düzəlmişdir. Ondan ən səmimi və fədakar bir yoldaş hazırlaya biləcəyimə əminəm. O, inqilabda vəzifə götürəcəyinə sevinir.

– Ona lazım olan şeylər verilmişdirmi?

– Otaq və lazım olan şeylər barəsində tamamilə təmin edilmişdir. Çox da razı qalmışdır.

– Məsarif və xərc cəhətindən də təmin olunmuşdurmu?

– Ona pul vermək yaramaz. Özü də qəbul etməz. Lazımi şeylər üçün pulu mən özüm verərəm.

– Heç vaxt xəsislik etməyin. Bir şahılıq iş görənlərə beş şahı verməkdən çəkinməyin. Onu özü istədiyi kimi yaşatmalısınız. O, istəsə bizə böyük yardım edə bilər. Məndən ona salam yetirin. O, bizi çox da həqir saymasın. Biz on milyonluq camaatın dərdlərini deyirik, haqlarını istəyirik. Ona mənim dediyimi eynən söyləyin.

– Sərdar, sizi əmin edirəm ki, o qız bizim yoldaşımızdır.

– Qadınlar inqilabı çox sevir. Onlar inqilab rəhbərlərini xariqüladə bir qüvvətə malik olan sima hesab edir. Bu gün bir dul qadından aldığım məktub bunu tamamilə isbat edir. Gör bir nə yazır: “Bilirəm neçə qadınınız vardır. Bu mənim üçün heç də ayıb deyildir. Mən özüm də dul qadınam. Çox dövlətim, kəndlərim vardır. Sizi də görməmişəm. İnqilab qəhrəmanı olduğunuzu bilirəm. Mən sizin adınızı məmnuniyyətlə qəbul edərdim. Əyər siz bunu qəbul etsəniz, özümü xoşbəxt hesab edərəm”.

Sərdar məktubun qısa məzmununu söylədi. Yazanın adını da demədi. Hər gün belə məzmunda yüzlərcə məktub aldığını qeyd edərək dedi:

– Zənnimcə, inqilabın ağırlığını qadınlar da daşıya bilər. Onlar da inqilabı hərəkətə gətirən həqiqi qüvvələrdən ola bilərlər.

– Doğrudur, Sərdar, qadınların cəmiyyət işində çalışması son dərəcə əhəmiyyətli və zəruridir.

Yemək vaxtı idi. Şam yeməyini bir yerdə yedik. Süfrəyə başqalarını da çağırdı. Süfrə Təbriz əyanlarında olduğu kimi təntənəli deyildi. Yeməklər ət suyu və ətdən ibarət idi.

Gecə saat bir olmuşdu. Mən ayağa qalxdım. Sərdar məni mənzilimə qədər yola salmağı yanındakı adamlara tapşırdı. “Heç kəs lazım deyil”, deyib dışarı çıxdım.

 

Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:

– Hayıf gözəl Nina! Arşaq mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

Neçə gündən bəri Ninanın Arşak Surenyansa ərə getdiyini, toylarının Gömrü şəhərində baş tutacağını və yaxında gedəcəklərini çox adam eşitmişdi.

Təhminə xanım məni görən kimi təəccüblə dedi:

– Ay oğul, bu nə xəbərdir? Gecə-gündüz can deyib, can eşitdiyiniz qız nə üçün səni satdı?

– Eybi yoxdur. Biz tanış idik. Tanışlığımız yenə davam edəcək. Biz evlənmək üçün bir-birimizə söz verməmişdik.

Zeynəb bacı çarqatının ucu ilə gözlərini silib dedi:

– Yazıq qardaşıma hiylə qurdular. Qız bundan ötrü özünü öldürürdü. Bir saat gec gələndə bilmirdi ki, nə eləsin. Qız birdən-birə dəyişildi.

– Təhminə çox yaşayıb, çox da bilir. Nə olubsa – bu evdən olub, qıza cadu elədilər. Bu cür qızı müsəlmana qismət olmağa qoymazdılar. Öz ermənilərinə düzəltdilər.

Təhminə xanım bu sözlə Minasyanın qadını Şuşanik xanıma işarə edirdi. Şuşanik xanım isə balalarının canına and içib xəbəri olmadığını dəfələrlə söyləyirdi.

Ninanı gözləyə bilmədim. Sərdarın yanına getməli idim.

* * *

Bu günlərdə Təbrizdəki silah ehtiyatı qurtarırdı. Qaradağlıların hücumunun qarşısını sadə tüfənglə saxlamaq mümkün deyildi.

Pulemyota böyük ehtiyac hiss olunurdu. Bu da yoxdu. Əl bombaları qurtarmaq üzrə idi.

Mən Sərdarın yanına girərkən gizlin patron gətirənlərə veriləcək pul üstündə danışıq gedirdi. Patronun biri bir qrana qiymət olunurdu. Bununla da azı on minə qədər silah götürən inqilab ordusunu heç vəchlə təchiz etmək mümkün deyildi.

Sərdar çox acıqlı idi. Patron gətirənləri təmin etmək üçün istənilən pul haqqında Hacı Mehdi ilə sözləşdiyini sonradan eşitdim.

Mən öz planım haqqında Səttar xana heç bir söz deməmişdim. Sərdar, məclis dağılandan sonra yenə də bu xüsusda ətraflı düşünməli olacağımızı təkrar etdi. Arazın o tərəfində hazırlanmış şeyləri gətirmək üçün tədbir görülməsini tapşırdı.

* * *

Nina səhər tezdən səfərə çıxacaqdı. Səttar xanın evindən qayıdıb yenə də onun evinə getdim. Təhminə xanım hələ evdə idi. Zeynəb bacı ilə hər ikisi divanın üstündə büzüşüb oturmuşdu. Məni görərkən Şuşanik də gəldi. Bunlar Ninanın ərə getməsi səbəbilə mənim bir ixtilaf çıxaracağımdan qorxurdular. Nina onlara baxıb mənə göz vururdu. Aralıqda fırlanıb çay və yemək düzəldirdi. Gəlib mənimlə əl-ələ verdi. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. Təhminə bunu görərkən Zeynəb bacıya deyirdi:

– Sən Allah bir qızın üzünə bax! Abrına bax! Biz olsaq əriyib yerə girərdik. Utanmır da, yenə oğlanın üzünə gülür.

Zeynəb də başını tərpədib dedi:

– Bunlarda vəfa olmaz. Bunlar bizim millətimizlə yaşamazlar. Qardaşım daha bunun nəyinə lazımdır? Evini düzəltdi. Əynini-başını düzəltdi. Adam içinə çıxartdı, bəsdir. Qıza da bu lazım idi.

Şuşanik özünü saxlaya bilməyib sözə qarışdı:

– Bunlar məni taxıb şişə, tutub odun üstünə, deyirlər ki, qız Arşaka ərə getməzdi, bunu eləyən Şuşanikdir. Necə ki, bayaq demişdim, indi də deyirəm, sizin bir tükünüzü yüz Arşak kimi adama vermərəm. Əslinə baxsan taqsır qızın özündədir. Sarıtüklülərin hamısını belə görürəm. Bunlarla bizimki tutmaz. Əyər sizə evlənmək lazımdırsa, elə qız taparam ki, gözmuncuğu kimi.

Gülmək istəyirdimsə də özümü saxlayırdım. Onları sakit etmək üçün:

– Mən Nina ilə sadəcə tanışam, – dedim. – Ona evlənmək istəmədim. Yoxsa qızın buna sözü yox idi.

Təhminə tab gətirə bilməyib:

– Bir adam ki, sevmir və evlənmək istəmir, daha nə üçün qız uşağı ilə oturub-durur? – cavabını verdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info