Qonaq Kitabı
Birinci hissə

də sevəcəksiniz. Bura Şərqdir. Nə qədər ki, bura dastanlar, romanlar, min bir gecələr Şərqidir, nə qədər ki, əsrarəngiz Şərqdir, o qədər də yeni və üsyançı Şərqdir.

Nina bu sözlərimə çox diqqətlə qulaq verirdi. Üzümə çox şübhəli baxaraq:

– Siz iranlısınızmı? Bunu anlamış olsaydım sizinlə daha açıq danışardım, – dedi.

– Açıq danışa bilərsiniz. Məcburiyyət yoxdur. Mən də müsafirəm. İkimizik. Kimsə yoxdur, – dedikdən sonra Nina sözünə davam etdi:

– Əlbəttə, mən bütün İranı beş-on kişi ilə ölçə bilmərəm. Lakin bu gün gördüyüm kişilər hələlik “Min bir gecə”də oxuduğumuz kişilərdən o qədər də fərqli deyil. Bugünkü kişilərin hərəkəti mənə olduqca fəna bir təsir buraxdı. Bunların dili vardır, düşüncələri də vardır, gözləri də vardır, ancaq bütün bunlarla bərabər nə qadını danışdırmağı, nə qadını anlamağı, nə də qadına bir insan kimi baxmağı bacarırlar. Bu kişilər demək olar ki, tamamilə qadın düşgünüdürlər. Onlar bizə qarşı aldıqları vəziyyətlə doğrudan da ibtidai adamlardan daha geridə qalmış olduqlarını göstərirlər. Kişilər bizi gözləri ilə yemək istəyirdilər. Fürsət olsaydı, bəlkə götürüb qaçardılar. Bu isə tam mənası ilə mədəniyyətsizlikdir. Nə üçün xan kimi ziyalılar bununla mübarizə aparmır?

– Dedikləriniz doğrudur. İranlı kişilər qadınları çox sevirlər. Ümumiyyətlə, şərqlilərin bu barədə qanları istidir. Onlar xüsusən, açıq və sarışın qadınları çox sevirlər. Bunun mühüm bir səbəbi vardır. Şərqdə qadın açıq deyildir. Kişilər öz qızı, öz qadınından başqa kimsəni görmür. Bunun üçün də onlar açıq, xüsusən, avropalı qadına rast gələndə maraqlanmağa başlayırlar. Lakin onu da bilməlisiniz ki, onlar hər bir adi qadını görürkən hali-təbiisindən çıxmaz. Bu hallar ən gözəl qadınlara, sevimli qızlara təsadüf etdikdə daha artıq zühura gələ bilər.

Nina gülümsünərək:

– Mən ki, gözəl və sevimli deyiləm! – dedi.

Nina bunu söylədikdə qızarmış üzünü mənə çevirməklə məndən özü üçün nəşə verəcək bir cavab gözləyirdi. Kirpiklərini belə çalmadan mənə baxırdı. Şimallı qız Şərqdə özünün necə qəbul ediləcəyini, İrana ilk qədəm qoyduğu gündən öyrənməyə çalışırdı.

Biz Nina ilə xeyli şirin-şirin danışdıq. Uzun söhbətdən sonra ikinci kərə tanış olduq. O, öz tərcümeyi-halını qısaca olaraq söylədi. Hər iki bacı Təbrizdəki rus konsulu Millerin dəvəti üzrə Riqadan gəlib Təbrizə gedirlər. Nina musiqi müəlliməsi, bacısı İraida isə müəllimə idi.

Gecə saat on biri çalırdı. Hər iki qız xanın qadını ilə bərabər yataq otaqlarına getdi. Biz xanla bərabər oturub inqilabın gedişindən danışırdıq.

Mən müsafirlərin rus konsulu Millerin dəvəti üzrə Təbrizə getmələrindən şübhələndiyimi xana söylədim. Xan da bunların rus casusu olduqları ehtimalını aralığa sürdü. Buna inanmaq da mümkün idi. Burada təəccüb ediləcək bir şey yox idi; çünki hələ inqilab başlamamışdan daha əvvəl çar hökuməti xəfiyyə dərsi keçmiş qadınları İran Azərbaycanının hər tərəfinə dağıtmışdı.

İran xalqını öyrənmək və başçıların simasını təyin etmək üçün çar Rusiyası qadınlardan lazımi qədər istifadə edirdi. Xüsusən, əxlaqsız qadınlar çar jandarmlığının kəskin bir silahı hesab olunurdu. Azərbaycan şəhərləri, kiçik qəsəbələr belə əxlaqsız qadınların yuvası olmuşdu. Mehmanxanalarda yalnız bu kimi qadınları görmək olurdu.

Hələ rus çar ordusu şərqi İranı işğal etdikdən sonra bu iş daha da irəli getmişdi. Təbrizə və başqa yerlərə gedən əxlaqsız qadınları hərbi nəqliyyatla daşıyırdılar. Bu qadınları hökumət başında duranlar, tacirlər, mülkədarlardan başlamış mollalara, böyük müctəhidlərə qədər aparır, öz yanında saxlayırdı. Məsələn, rus konsulu Miller məşhur əxlaqsız Sonyanın vasitəsi ilə Mirzə Kərim ağa İmamcümə ilə əlaqə saxlayıb, onun hər bir hərəkətini öyrənirdi. Bu qadının İmamcüməyə məxsus Qızılça Meydan kəndində aylarla qalıb müctəhidi öyrənməsi və konsulxanaya xəbər verməsini çox adam bilirdi.

Bu cür qadınların öz işini yaxşı görə bilməsi üçün rus jandarmının pulu ilə müxtəlif yerlərdə mehmanxanalar açılırdı.

Jandarmlar, xəfiyyələr aça bilməyən işləri bu cür qadınlar vasitəsi ilə açmağa çalışırdılar.

Biz hələ o qədər danışmamışdıq, Nina ikinci dəfə gülərək salona girdi:

– Biz, – dedi, – çox yedik, çox içdik, çox da danışdıq. Fəqət bu uzun və şirin söhbətlərin içərisində ən mühüm bir məsələ unuduldu. Biz sabah getməliyik, ya yox?

Mən danışmadan xan bir ev sahibi kimi cavab verdi:

– Qalmağa meyliniz olursa, öz evinizdir. Getmək istəsəniz, hazırlıq görüb yola salarıq.

– Çox razıyıq. Bundan artıq zəhmət verməyə cəsarətimiz yoxdur. Bu gecə sizin qonaqcıl və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz bir xatirə buraxdı. Biz bundan sonar İranı yalnız sizin kimi mərhəmətli və ziyalı adamların şəxsində xatırlayacayıq. Əgər mümkün olursa, sabah tezdən getmək daha yaxşıdır.

Nina sözünü bitirdikdən sonra mənə yanaşaraq:

– Əlbəttə, gedəcəyik. Lakin sizinlə birlikdə! – deyərək təkrar əlimi sıxdı. Qapıdan çıxarkən bir daha üzünü çevirib mənə baxdı, gülümsəyərək getdi.

Doğrusu mən bu qızlarla Təbrizə getməkdən boyun qaçırmaq istəyirdim. Lakin bu mümkün olan iş deyildi; çünki onlar həm yollardan qorxurdular, həm də mənə qarşı şübhələri artacaq idi.

İndi mən düşünürdüm. O, nə üçün əvvəlcə getməkdən söhbət açmadı? Nə üçün yenidən qayıdıb gəldi; o, nə üçün dönüb baxdı? Gülümsəməsi nə üçün idi? Bəs əlimi nə üçün təkrar sıxdı?

Xan üzünü mənə çevirərək:

– İş işdən keçibdir, – dedi, – bəlkə də şübhəli adamlar deyildirlər; çünki çox gəncdirlər, inana bilmirəm. Hər halda diqqətli olmalısınız.

 

Təbrizə doğru

Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.

Faytonçu, Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.

Faytonçumuz yekanlı olduğundan, bizi Yekan quldurlarının hücumundan müdafiə edə bilərdi. Bu, məni bir qədər sevindirmişdi. Odur ki, yekanlı seyidlərin faytonu ilə başqa faytonların qiymətində çox fərq var idi. Hamı yekanlı faytonu ilə getməyə çalışırdı. Biz Culfadan bir az ayrıldıqdan sonra faytonçunun özü də bunu təkrar etdi. Qızlar da çox sevindilər. Doğrudan da faytonlar 40 tümənə getdiyi halda mən faytona əlli tümən pəşin vermişdim. Çünki Təbriz bahalıq olduğundan Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi.

Qarşımızdan keçən dəvə karvanlarını müsəlləh qüvvələr yola salırdı. Bütün bu kimi təşəbbüslər yolların qorxulu olduğunu göstərirdi. Hava hələ işıqlanmamışdı. Dərədiz daşları sanki bir qaplan kimi ağzını açıb şimaldan cənuba axan bu karvanları udmaq istəyirdi. Burada həm fayton atlarının, həm də dəvələrin boynundakı zənglərin səsi eşidilmirdi. Yol vuranlar karvan səsini eşitməsin deyə vaxt ikən atların, dəvələrin zəngini çıxarmışdılar. Yol uzundur. Danışmağa əsaslı və uzun söhbətlər lazımdır. Qızlar nə ilə maraqlanır? Tarixləmi? Qəzet xəbərləriləmi? Siyasətləmi? Eşqləmi? Burası məlum deyil. Öz-özümə “tarix zərərsiz bir söhbətdir” deyə söhbəti İran tarixinə keçirdim. İraida bu söhbəti diqqətlə dinləyir, Nina isə mürgüləyir, uzun kirpiklərini bir-biri üzərinə töküb otururdu. O, yalnız fayton daşlara toxunduğu zaman ayılırdı. Düz yerlərdə isə yenə mürgüləməkdə davam edirdi.

Nina mürgüləməklə sanki söhbətimizə etiraz edirdi. Söhbəti gündəlik hadisələrə keçirməyə məcbur oldum.

Hava işıqlanmışdı. Qəzetlərdən oxumağa başladım. Nina yenə də mürgüləyirdi. Nəhayət, İraida kiçik qızın bu vəziyyətindən pozulduğumu hiss edərək:

– Bizim bu Nina çox qəribə bir qızdır, – dedi. – Bu heç bir şeylə maraqlanmır. Nə tarix, nə siyasət, nə qəzet, nə incə ədəbiyyat onun qulağına girmir. Buna yalnız romanlar ver; o da nə cür roman? Qəhrəmanlardan, çalıb-çapmaqdan, gizli təşkilatdan, vurub yıxanlardan danışan romanlar.

Nina yuxudan ayıldı. Gözlərini açdı. Əllərini bir-birinə sürtərək dedi:

– Qəhrəmanlar hər kəs olursa-olsun, gizli təşkilat nədən ibarət olursa-olsun, az qüvvəti böyük qüvvətə qarşı qoyanlar nə məqsəd daşıyırsa-daşısın, mən bunları sevirəm və onların hərəkətindən maraqlanıram, hətta bəzən romanlarda oxuduğum məharətli casusları da sevirəm. Onlarda sənət və məharət vardır. Mən ölümlər önündən mərdanə və qorxmadan keçənləri də sevirəm. Saydıqlarım, cəmiyyətin içərisində nadir və az tapılan simalardır. Bunları yalnız mən deyil, hər kəs və hər qız sevə bilər.

Nina bu sözlərdən sonra əlini balaca çantasına atıb bir neçə kitab çıxardı.

– Bax, əsər belə olmalıdır. Baxınız, mən bu cür ədəbiyyatı sevirəm. “Şerlok Xolms”, “Yol kəsənlər kralı”, “Üç tüfəngçi”. Bunları hər bir gənc qız oxuyar və onun qəhrəmanlarına hörmət bəslər. Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər!

Nina bu sözləri danışanda dişlərini bir-biri üzərinə basıb iki yumruğunu düydü və bütün vücuduna hərəkət verdi. Bu sözlərdən sonra onun dili qarnında bir qız olduğuna dair şübhəm daha da artmağa başladı. Nina şadlığından titrəyir, İraida ona gülür, mən isə bu müsafirətin nə kimi bir nəticə verəcəyi haqqında dərin-dərin düşünürdüm. Nə qədər böyük səhv etdiyimi xatırlayıb öz-özümə nifrət edirdim. Öz rəğbətimlə casuslar arasına girdiyimə acı-acı gülürdüm.

“Nə edəcəksən? İş işdən keçmişdir. Yola çıxmışıq”.

Mənim başıma özgə fikirlər də girmişdi. Düşünərək öz-özümə deyirdim:

– Doğrudan da bu cür düşüncədə olan bir qız inqilabi təşkilatın əlində olursa nələr edə bilməz? Nə məharətlər göstərə bilməz?

Gün çıxdı. Dərədizdəki çayçı dükanının qarşısında durduq. Faytonun səsinə çayçı dükanından bir çox silahlı adam dışarı çıxdı. Bunlar Şüca kəndinin inqilabçıları, gəncəli məhəmmədovlara qarşı üsyan edən kəndlilər idi. Başçıları Ələkbər idi.

Mən Ələkbəri görən kimi yaxın gəlməməsi və tanışlıq verməməsi üçün işarə etdim. O, anladı. Yaxına gəlmədi. Faytondan düşdük. Qızlar çay içmək üçün dükana girməkdən qorxdular. Bayırda xalça açdılar, səhər yeməyini dışarıda yedik. Ələkbərlə tanış olduq. Sanki bunları heç tanımırdım. “Bunlar yolların qarauludur”, deyə qızları sakit etdim. Ələkbərdən lazımi sözləri soruşdum və lazımi sifarişləri də aldım.

İraida mənim özümdən də şübhə etməyə başlamışdı. Onlar gördükləri müsəlləh qüvvələr haqqında məlumat toplamaq üçün süni adımı tez-tez təkrar edirdilər.

Nina mənə çox maraqla baxır, mənim bu müsəlləh qüvvə ilə tanış olduğuma sanki böyük əhəmiyyət verirdi.

* * *

Səhər yeməyi bitdi. Yola düşdük. Ələkbər atlanıb bir neçə yoldaşı ilə bizi dar keçidlərdən yola salmağa gəldi. Qızlar onların nə üçün gəldiyini soruşdular. Bununla Nina daha artıq maraqlanırdı.

– Bu atlılar bizi nə üçün yola salır? – dedi.

– Bunların vəzifəsidir. Müsafirləri qorxulu yerlərdən müşayiət üçün hökumət bunlara maaş verir, – dedikdə qızlar çox təəccüblə bir-birinə baxdı, Nina isə:

– Hökumət əcəb qeydəqalıcı hökumət imiş. Elə isə bu yollardan getmək çox da qorxulu deyil, – dedi.

– Elədir. Fəqət bəzən bədbəxt hadisələr də baş verə bilər.

Faytonçumuz Novruz Səttar xana qoşulan sözlərdən oxuyurdu. Qızlar bu sözlərə yox, Şərq mahnısına əhəmiyyət verirdilər.

Novruz isə özünəməxsus bir ahənklə mahnısını oxumaqda idi:

Səttar xanam, Ismayıl xan oğluyam,

Böyük inqilabın cavan oğluyam!

Sarıldım silaha, canımdan keçdim,

İnqilab camının şərbətin içdim.

Yeddi-səkkiz iyid yoldaş da tapdım,

Kəhər atı minib səngərə çapdım,

Ordular dağıdıb fevclər yıxdım,

Təbrizi o başdan bu başa çıxdım.

Əmrəxiz, Xəyaban, Leylava, Surxab,

Şəşgilan, Maralan, Dəvəçi, Əhrab,

Ismayıl xan oğlu Səttar xan deyir,

Zərbimi, şəstimi tərif eləyir!

 

Faytonçu Səttar xanın nailiyyətlərindən oxuduqca mən qızlara tərcümə edirdim. Nina bununla çox maraqlanırdı. Nəhayət məndən soruşdu:

– Doğrudanmı Səttar xan hökumətə qarşı fəaliyyət göstərən təşkilatı səkkiz-doqquz adamla düzəltmişdir?

Nina bunu söylədikdə onun gözünün bəbəklərində gəncliyin incə xüsusiyyətləri oynayırdı. Mən Səttar xandan ona daha bir neçə söz söyləyib dedim:

– O, çox cəsarətlə aralığa atıldı. Az qüvvətlə meydana çıxdı; fəqət sonra bir çoxları onun ətrafına toplandı. Hökumətdən bütün narazı qalan ünsürlər də ona qoşulub hökumətə qarşı mübarizəyə başladı.

– Mən Səttar xan kimi adamları kitablardan aramaqdayam. İndi isə onu mənə həyatda göstərə biləcək bir şəhərə gedirəm.

Söhbətimiz uzun çəkmişdi. Mərənd şəhəri ilə Culfa məbri arasında vaqe olan – Circir kəndinə yetişmişdik. Burada çayçı dükanı vardı. Faytonçular atlarına yem verirdilər. Mən Hafiz əfəndini görəcək idim. Gözləmək lazım idi. Yemək şeyləri yox idi. Yalnız pendir və qatıq vardı. Qızlar da, mən də heç bir şey yemək istəmədik. Yalnız çay içdik.

Dükanda mərsiyə oxuyub ağlayırdılar. Ağlayanların bir çoxu mollalar idi. Qızlar bu kütləvi ağlayışdan heyrətə düşdülər. Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim.

Circir Zunuz şəhərinin qoludur. Bu balaca şəhər mərsiyəxanla doludur. Məhərrəmlik ayında bunlar Qafqazın hər tərəfinə dağılıb xalqı ağladır, pul toplayırlar. Burada hamballar, hətta çobanlar belə mərsiyə oxuyurlar. Əlbəttə, qızların buna heyrət etməməsi mümkün deyil idi. Bir azdan sonra Hafiz[2] əfəndini gördüm. O, mənə inqilabçılardan şikayət edirdi:

– Mən bir inqilabçıyam, – deyirdi. – Fəqət insan qanının tökülməsinə razı deyiləm. Bu iş kütlələri inqilab əleyhinə qaldıra bilər. Xüsusən, Rəhim xan oğlu Böyük xanın Culfa – Təbriz yolunu kəsib inqilabı boğmaq istədiyi xəbəri əksinqilab qüvvələrini daha da canlandırır.

Mən Hafiz əfəndinin bu sözlərindən onun dinçi olduğunu anladım və bir neçə söz deməyi lazım bildim:

– İnqilabı müdafiə üçün hər nə tələb olunursa, icra edilməlidir, – dedim.

Daha artıq söz söyləməyə imkan yox idi. Quranı hifz etmiş, buna görə də Hafiz əfəndi ləqəbini almış bir adamdan, bundan artıq heç bir şey tələb etmək olmazdı.

Onunla vidalaşıb keçdik.

Gün batırdı. Mərənd şəhərinə yaxınlaşırdıq. Qarşımızda bir dəstə atlı göründü. Qızlar qorxdular.

İnqilabçılar idi. Dəstənin başında duran Aydın paşa adında bir nəfər karslı idi. Aydın paşa qardaşı İbrahimbəy Cahangirovla bərabər İran inqilabında ciddi iştirak edirdilər. Aydın paşadan Heydər Əmioğlunu (Heydər xan) soruşdum. Onun Xoyda olduğunu və Maku qüvvəsi qarşısına qüvvə hazırladığını söylədi. Aydın paşa məni kənara çəkdi.

O, Səttar xanın sosial-demokrat rəhbərliyindən razı qalmaması və özbaşına işləməsini, bununla da başıpozuqluq törənməsini xəbər verdi. Mən buna inanmadım, çünki bunların qatı millətçi və dinçi olduqlarını bilirdim. Aydın paşa türklərin də bu inqilaba məhəbbət bəslədiyini və lazım olursa canlı qüvvə ilə kömək edəcəklərini xəbər verib şadlandı. Səlmaslı Səidin[3] Van şəhərinə getdiyini və bu dostluğun yaxşı nəticə verəcəyini deyərək ayrıldı.

Yolumuza davam etdik. Nina yenə də soruşdu:

– Siz hamını tanıyırsınız. Sizi də hər kəs tanıyır. Təəssüf olsun ki, buraya qədər yoldaşlıq etdik, lakin sizin kim olduğunuzu bilmədik. Bu isə bizim üçün təəssüf ediləcək bir haldır. Bizə bu qədər əhəmiyyət verən, bizi çətinlikdən qurtaran bir adamı tanımamaq bizim üçün doğrudan da bir nöqsandır.

Mən bu sözləri cavabsız buraxa bilməzdim, çünki məni öyrənmək istəyən qızın haqqımdakı şübhələri daha artmış olurdu. Cavabını verdim:

– Çox az sərmayə ilə ticarət edirdim. Çox yaxşı qazanırdım. Son zamanlarda işim tamamilə düzəlmişdi. Lakin Təbriz – Culfa yolları şuluq olduğundan ticarət karvanlarını tez-tez talayırlar. Bütün var-yoxumu apardılar. Siz gördünüz ki, karvanlar ancaq müsəlləh qüvvə ilə hərəkət edə bilir. Bu isə hər bir xırda tacirə mümkün deyildir. Nə isə, indi əlimdə bir şey qalmamışdır. Gedən mallarımın haqqında çalışmaq üçün Təbrizə gedirəm.

Qızların hər ikisi düşündü. Təəssüf etdilər. Nina çox mütəəssir bir halda:

– Bəlkə də rus general-konsulu sizə yardım göstərə bilər, – dedi. – Mümkün olduqca mən çalışaram. Bəlkə size konsulun yanına da apara bilərəm.

– Çox təşəkkür edirəm.

– Bu atlılar kimdir?

– Bunlar mülkədarlar və xanların atlılarıdır. Bunlar mülkədarların əmri ilə silah altına yığılan kəndlilərdir. Hər kəsin atı özünündür. Silahlar isə ağanındır. Atların və atlıların gündəlik məsarifinə gəldikdə olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir.

– Mülkədar və xanlar bunları nə üçün saxlamışlar?

– Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur, eyni zamanda, qonşu mülkədarla ixtilaf çıxdığı zamanda müsəlləh vuruşmaya da çıxırlar.

– Bəs hökumət buna nə deyir?

– Hökumət bunların özüdür, çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır.

– Hazırkı inqilab bunun üstündəmi gedir?

– İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən birisi də budur.

– Elə isə inqilab hərəkatı çox güclü və mütəşəkkil bir surətdə getməlidir, çünki kütlə çox böyükdür.

Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı:

– Hərgah vuruşmalar torpaq üstündə isə, çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm.

– Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkədar, hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər.

– Bu nə üçündür? Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır?

– İranda ruhaninin özü də mülkədardır. Bunun üçün də mülkədar və müctəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rolu oynayırlar. Belə bir şərait ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz, çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkədar müctəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqdır.

İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padşahın kənd alması və özünü bir mülkədar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir, çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məhəmmədəli şahı götürmüş olursaq, yalnız Azərbaycanda əlliyə qədər kənd almışdır. O, bir tərəfdən padşah, o biri tərəfdən də böyük mülkədardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur: padşah, ruhani və mülkədar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir.

Nina əllərini bir-birinə vurub:

– İran xalqı nə qədər avam və məzlum xalq imiş? – dedi. – Sonra yenə də mənə müraciətlə sözünə davam etdi: – Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı çox yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şey bilər: o da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız.

– Mən kim və nəçi olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm; onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafelərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi vaxt İran kəndlisini də atar və sata da bilər.

– Əcəba, həqiqi inqilabçılar nə işlə məşğuldur?

– Deyə bilmərəm. Onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial-demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur.

– Nə üçün? Əcəba, bunları həqiqi sosial-demokratlar nə üçün öz sıralarına buraxır?

– İnqilabçıların, məncə, bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial-demokratlarla əlaqəsi olmayan xırda burjuaziya belə, bu inqilaba qoşulmuş və hərəkatın güclənməsinə yardım etmişdir. Hətta, şahdan, yerli hökumətdən, əksinqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttar xan hərəkatına yardım etmişdir.

– Ola bilməz!

– Hər yerdə olduğu kimi, burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa, eşitdiklərimdən birini deyim. İndiki padşah bir az əvvəl Təbrizdə vəliəhd olduğu vaxt Mir Manaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mir Manaf böyük tayfalı bir adamdır. Tayfası da xırda bankirlərdən ibarətdir. Bunlar Məhəmmədəlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət, o vaxt yetişdi. Kütlələr Məhəmmədəliyə qarşı üsyan qaldırdılar. Mir Manaf da öz tayfası ilə bərabər bu hərəkata qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma, deyilənlərə görə, hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mir Manafla bərabər bir çox xırda burjuaziya və ruhanilər də əksinqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir.

Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdən aciz qalır, çünki Nina çox dərin düşüncəyə dalmışdı.

Mərənd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağları və şəhərdənkənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə böyük-kiçik, faytonumuzun ətrafına toplaşmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər.

Çox qəribə səslər eşidirdik.

– Məhəmmədağa, matuşkalara bax!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info