Qonaq Kitabı
Birinci hissə

Utandı, sözünü bitirə bilmədi. Nina məni birinci dəfə “sən” deyə səsləyirdi.

Mənim onu sevdiyimi bilməmiş deyildi. Kim bilir, bəlkə o, məni daha artıq sevirdi.

Hər nə olursa-olsun bugünkü Nina dünənki simasız və müəmmalı Nina deyildi. Nina hər halda öz sinfi düşmənini arayacaq və sinfinin getdiyi yol ilə gedəcək idi.

Söhbətimiz çox uzanmışdı. Xoruzlar banlarkən “Səltənət bacı, gəl qapını bağla”, – deyə Ninadan ayrıldım.

 

Qarətlər

Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.

Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə, rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.

Həm Səttar xan, həm də Bağır xan buna razı oldu. Bütün qüvvələr gözdən keçirilirdi. Bu qüvvələr hücuma hazır bir vəziyyətdə idi.

* * *

Şəban ayının beşində, çərşənbə günü axşama yaxın hökumət ordusu səngərlərindən atışma başlanmışdı. Bu atışmalar hökumət ordusunun hücum üçün zəminə hazırladığını göstərirdi.

Atışma səhər işıqlanıncaya qədər davam etdi. Səhərə kimi ayaq üstündə idik. Hər kəs nə edəcəyini bilirdi. Bomba atanlar öz yerlərini tutmuşdular. Hava işıqlanmağa başladıqda bir alay atlı, bir alay da piyada Xəyaban məhəlləsinin başından hücum edib Bağır xanın mərkəzinə doğru yüyürməyə başladı. Eyni zamanda bir alay piyada da Pürsəng və Mirzə Sadıq dalanı tərəfindən içəri soxulmaqda idi. Bu vuruşmalar Təbriz inqilabı həyatında birinci dəfə idi.

Döyüş səhərdən saat 12-yə qədər davam etdi.

Saat 11-də inqilabçılar hücuma keçdi. Əl bombaları müxtəlif qiyafəli və müxtəlif danışıqlı hökumət əsgərlərini sovurmağa başlamışdı. Hökumət qoşunları bir-birini yıxıb üzərindən atılıb qaçırdı. Qaçanlar da, qalanlar da, Məhəmmədəli şahı söyür və pis-pis sözlərlə xatırlayırdılar.

Bir qədər vuruşduqdan sonra inqilabçılar sərbazxana, mağazalar, topxana meydanı və alaqapıya qədər irəlilədilər. O biri tərəfdən Şeşgilan məhəlləsinin alınması da İnqilabi Şurada böyük şadlığa səbəb oldu.

Mən hərəmxana tərəfindən hücum edən dəstələrin içərisində idim. Bu dəstə əl bombalarının yardımı nəticəsində Müctəhid küçəsinə girməyə müvəffəq oldu. Burada Hacı Mirzə ağa ümamcümənin və onun qardaşı Ağa Mirzə Əlinin evini böyük atlı və piyada dəstələri mühafizə edirdi.

Burada böyük bədbəxtlik üz verdi. Tam bir qələbə ərəfəsində duran inqilabçı dəstələr qarətə məşğul oldular.

Hamının başı qarətə qarışdı. Qabağını ala bilmədik. Böyük qalmaqal düşəcəyindən qorxduq.

Düşmən geriyə qayıtdı. Bir çoxları tutuldu, öldü, qaçdı, mühasirədə qaldı. Bizim də bir çox yoldaşlarımız yaralandı. Düşməndən də 65 nəfər ölən vardı.

Mən əlimdə bomba olduğu halda durub qarətçilərə baxırdım. Evlərdən çıxan şeyləri görməklə maraqlanırdım. Yanımda duranların dediyinə görə vaxtilə belə bir qarət Nizamülüləmanın evində də olmuşdu. Müctəhidin evindən qəribə şeylər çıxarırdılar. Bu qarətə küçə camaatı, xüsusən qadınlar da qoşulmuşdu. Böyük bir xalçanı dörd adam tutmuşdu. Bunlar xalçanın üstündə dalaşırdıdar. Nəhayət, birisi o birilərini xəncərlə yaralayıb xalçanı apardı. Yaralılar yenə də içəriyə qayıtdı. Əlinə bir şey düşən tez gedir, lazımi yerinə qoyur, yenə qayıdırdı. Uşaq beşiyi də aparan vardı. Uşağı beşikdən evdə açmaq mümkün olmadığından uşaqla bərabər çıxarmışdılar. Qapıda uşağı açıb yerə saldılar, beşiyi apardılar. 12-13 yaşında uşaqlar belə yastıq, balış daşıyırdılar. Yağ, bal, qovurma küpələrini barmaqlayıb yeyə-yeyə bayıra çıxarırdılar. İçəridən çox böyük gurultu gəlirdi. Ara-sıra tapança da açılırdı. Bu gurultu qiymətli şeylərin üstündə qalxırdı. Bahalı şeyləri hər kəs bir-birindən qapmaq istəyirdi. Evdən şey çıxaranların bir çoxunun ağzı, burnu əzilmiş və gözlərinin altı göyərmişdi. Bir çoxları da boş çıxırdı. Bunlar, qiymətli paltarları əyinlərinə geyib bayıra çıxanlardı, çünki bir çoxları içəri girməyib yalnız qapını kəsdirmişdi. Aciz adamların götürdükləri şeyi əllərindən alıb mənimsəyirdilər. İçəridən tar, kamança, dəf və sair musiqi alətləri çıxaranlara da təsadüf olunurdu. Birdən-birə qapıda bir qiyamət qopdu. Birinin arxasından yeşiyi vurub yerə saldılar. Yeşiyi sındırıb içindəki konyak şüşələrini ciblərinə soxmağa başladılar.

İçəridən üzü ağ örtüklü bir qadınla bir kişi vuruşa-vuruşa bayıra çıxdı. Bu vuruşmanın nə üstündə getdiyi məlum deyildi. Qadın örtülü də olsa kişinin vurduğu yumruqların cavabını verirdi. Axırda qadın kişinin əl çəkmədiyini görüb üzündəki örtüyü və başındakı çarşabı atdı. Kişini o ki, lazımdır döydü və özündən əl çəkməyə məcbur etdi.

Qadının belində böyük bir tirmə şal vardı. Qadın içəridə bu tirməni belinə sarıyıb çıxdıqda bu kişi onun əlindən almaq istəyirmiş. Qadın üzü çil, burnu yekə, boynu qısıq, özü də kök və yumruca bir qadın idi. Bunun qəribə sifətlərindən birisi də bir əlinin xınalı, dikər əlinin isə xınasız olması idi.

Qiymətli şeylər daşınıb qurtardı. Artıq içəridən dəyərsiz şeylər çıxırdı. Bizim qarşımızda bir nəfər gənc durmuşdu, qarətdə iştirak etmirdi. O, daima qarətçiləri təşviq edib deyirdi:

– Dağıdın bu həyasızın yuvasını!

Mən bunun kim olduğunu soruşdum. “Kəlləpəz oğludur!” dedilər.

Onu yanıma çağırdım. Bu təşviqin səbəbini soruşdum. O, mənə belə cavab verdi:

– Sağlıq olsa görüşərik və bu işin səbəbini sizə deyərəm. Hələlik bu haramzadanın qardaşı Ağa Mirzəlinin də evini dağıtdırmaq lazımdır, – deyib getdi.

Hələ qarət davam edirdi. Düşmən birdən-birə hücuma keçdi. Biz əlimizdə qalmış son bomba ilə özümüzü qurtardıq.

İstambul darvazası tərəfində də şiddətli müharibə gedirdi. Buradan biri digərinin dalınca şad xəbərlər gəlirdi. İnqilabçı dəstələrin irəli getdiyini və mühüm yerlərin əldə edildiyini eşidirdik. Qorxu və təşvişə səbəb olan bir cəhət varsa, o da dəstələrin qarətə məşğul olması qorxusu idi. Burada da Hacı Mir Bağır sərrafın evini qarət etdikdə əksinqilab dəstələri hücuma keçib inqilabçıları geri çəkilməyə məcbur etmişdi.

Sabahı küçələrdə belə bir elan buraxılmışdı:

 

“KİM QARƏTLƏ MƏŞĞUL OLSA, HƏMİN YERDƏ

EDAM EDİLƏCƏKDİR”

 

* * *

İnqilab qüvvələrinin başıpozuqluğuna baxmayaraq Eynüddövlə ordusu heç bir iş görə bilmirdi.

Qafqaz sosial-demokratlarının işə ciddi diqqət verməsi, bombaların qorxusu Eynüddövlənin general-konsula müraciət etməsinə səbəb olmuşdu. Müraciətnamədə Rusiyadan gələnlərin işə müdaxilə etməsi, Təbriz üsyançılarına yardım verməsi işinin şahənşah hökumətinə qarşı bir xəyanət olduğunu xatırlatmışdı.

Buna görə də qafqazlıları siyahıya almaq və gələnlər haqqında ciddi tədbirlər görmək üçün konsulxanada plan hazırlanırdı.

Nina bu xəbəri söylədikdən sonra birinci kərə olaraq məndən soruşdu:

– Bir neçə kərə soruşmaq istəmişəm, amma yenə də unutmuşam. Sən də qafqazlımısan?

Mən zarafata başladım:

– Hələ vətənim bəlli deyildir.

– Nə üçün?

– Çünki hələ evlənməmişəm!

Nina üzümə təəccüblə baxdı:

– Bu nə deməkdir?

– Türkün məsəlini eşitmədinizmi?

– Söylə eşidim:

– Türklər deyirlər ki, qadının haralı isə sən də oralısan. Mən isə hələ evlənməmişəm.

O, güldü. Lakin bir az sonra ciddi bir tövrlə:

– Mən sizin haralı olmanızla çox maraqlanırdım, – dedi. – Çünki qafqazlıları tutmaq istəyirlər.

Bloknotunu çıxarıb bir neçə qafqazlı adı oxudu.

– Məşədi Hacı Qafqazlı, Ağa Əli Qarabağlı, Həsən Ağa, Məşədi Həsən, Məhəmməd Əli, Fərəc Ağa, Mirzə Ələkbər[18], Abdulla Qafqazlı. Hələ bir çoxlarını yazmaq mümkün olmadı. Qorxuram ki, sənin də adın bunların içərisində olsun.

– Burada mənim adım yoxdur. Olsa da biz qorxmuruq. Konsul bizi tuta bilməz, hələ o vaxt yetişməmişdir. Saydığın adamlardan bir neçəsini çıxandan sonra hamısı burada oturan qafqazlılardır.

– Onlar Bakıdan gələn firqə üzvlərini axtarırlar. Sən bunlarla tanışsanmı?

– Özlərini görməmişəm. Lakin onların haqqında çox sözlər eşitmişəm. Onların çox maraqlı adamlar olduğunu söyləyirlər. İnqilab hərəkatının içində böyümüşlər. İnqilab hərəkatı harada olsa, onlar yardıma gedən adamlardır. Yorulmaz, ağırlıqdan qaçmaz adamlardır. Bunlar torpağın mülkədarlar əlindən alınıb kəndlilərə verilməsinə kömək edirlər. Burada da bunun üçün çalışırlar. Onlar

hər yerdə padşahlıq üsulunun yıxılmasına çalışıb, yenə də çalışırlar.

– Bunları görmək nə qədər maraqlıdır!!

– Təəssüflər olsun ki, mən də Bakıdan gələnləri görməmişəm. Onlar heç kəsə və heç vaxt sirr verməzlər. Onlar tanımadıqları və illər uzunu yoxlamadıqları bir adama sirr verməzlər.

– Mən də sənin bu fikrini təsdiq edirəm. İtkin düşmüş atam da çox möhkəm firqəçi idi. Evdə onun dilindən heç bir şey eşitməmişdik.

– Onlar adama çox gec inanırlar. Onları aldatmaq da çox çətindir, boyunlarına götürdükləri vəzifəni yerinə yetirməkdən ölsələr də boyun qaçırmazlar.

– Bunun üçün də Səttar xan bütün qorxulu səngərləri Bakı və Gürcüstan firqəçilərinə tapşırmışdır.

– Sən bunu haradan eşitdin?

– Eynüddövlə bunu təfsilən yazıb konsulxanaya bildirmişdir.

Nina durub sobanı açdı. Oradan tələsik üzü çıxarılmış bir cədvəl çıxarıb oxumağa başladı: “Nöbər səngərlərində Həsənağa, Xəyaban səngərlərində Məşədi Hacı və Həsən, inqilab Şurası və bazarın müdafiəsində Məhəmməd Əli Qafqazlı, bütün cəbhələrin kontrolunda Əli Müsyö, Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla və sair qafqazlılar.

Bütün bu materialları Ninadan alıb götürdüm. Qızın fikrini başqa tərəfə çevirmək üçün bu materialların nə kimi vasitələrlə ələ gətirildiyini xəbər aldım. Nina söylədi. Bir çox hiylələr işlətməyə məcbur olurmuş. Ninanın nə qədər möhkəm bir qız olduğuna bir daha inandım. Konsulxanada çalışan kişiləri aldadırmış.

– Doğrudan da mən bu materialları nə vasitələrlə ələ gətirmənizlə maraqlanıram.

– Təəccüb ediləcək bir şey yoxdur.

– Söylə baxım!

– Tamamilə söyləsəm qısqanmazsan ki?

– Bilmirəm! Əcəba, mən qısqanmaq səlahiyyətini qazanmışammı?

Mən bu səlahiyyəti sizə çoxdan bəri vermişəm. Əgər siz qəbul etməsəniz bu başqa məsələ.

– Mənim qısqanc olmadığıma başqa bir səbəb də vardır ki, bəlkə siz onu bilmirsiniz.

Nina tez-tez əlimi sıxıb deyirdi:

– Söylə! Sən mənim canım, söylə!

– Söylərəm! Qısqanmağa lüzum yoxdur, çünki mən bacarıqlı və namuslu bir qız olduğuna tamamilə inanmışam.

Mənim bu sözlərimdən sonra Ninanın ürəyindəkilər tamamilə üzündən və gözlərindən oxunurdu.

Onun əlləri birdən-birə qızdı. O, mənim həqiqi yoldaşım olduğunu dilinə gətirmədən belə, mənə anlatdı... Sevincli bir səslə:

– İnanıram, – dedi. – Lakin nə olursa-olsun, kişilərdə qısqanmaq təbii bir haldır. Lakin sən inanmalısan ki, mənim yoldaşlığım istənildiyi qədər səmimidir. İndi dinlə! Mən şərqliləri, qadını tez sevən şəhvət əsirləri kimi tanıyırdım. Fəqət bu xüsusiyyət başqalarında da varmış. Mənim konsulxanada sevilmək işim əvvəlcə konsulun özündən başladı. Bundan sonra isə baş katib, ikinci, üçüncü katib, müşavirlər, mütərcimlər, şifrə müdirləri, ümumi idarə müdirləri, dəftərdar, arxiv müdirinə qədər mənə öz məhəbbətini elan etməyə başladı. Konsulxanadakılar məni görən kimi özlərini unudurlar. Ümumiyyətlə, kişilərin bədbəxtliyinə səbəb olan da bu kimi hallardır. Konsulxanadakı kişilərin demək olar ki, hamısı belədir. Onların hamısı məndə özlərinə qarşı gizlin bir sevgi hiss edir. Bu kimi yanlış duyğunun nəticəsində onlar məni bir-birinə qısqanırlar. Mən bir gün Mirzə Fətulla xanın əlini sıxıb güldüm. Mirzə Ələkbər xan mənimlə xüsusi söhbəti olduğunu bildirib nə zaman vaxtım olduğunu soruşdu. Mən “Vaxtım yoxdur” deyə daima boyun qaçırırdım. Nəhayət, bir gün o, məni konsulxanadan çıxarkən qarşıladı və yol uzunu xüsusi söhbətini deməyə başladı:

– Mən sizə çoxdan bəri bir həqiqəti demək istəyirdim. Lakin buna fürsət tapa bilmirdim. Siz konsul ailəsinin içərisinə girdiyiniz gündən bəri nəcib və əsil bir ailədən olduğunuzu hiss etdim. Sizin hər kəsi gülə-gülə dindirməyiniz kübar bir ailəyə mənsub olduğunuzu göstərdi. Fəqət bizim xalq mədəniyyətsizdir. Daha doğrusu, vəhşidir. Sizin bu vəziyyətinizdən şübhələnirlər. Xüsusən, bizim Mirzə Fətulla xan kimi adamlar qadınlara necə yanaşmaq və onlarla necə rəftar etməyi tamamilə anlamırlar. Mirzə Fətulla xan orada-burada sizin onu sevdiyinizi və ona məhəbbət məktubları yazdığınızı söyləyib fəxr edir. Tutalım ki, siz sevgi məktubu yazmısınız. Əgər o, mədəni bir adam olsaydı, bunu kimsəyə deməməli idi. Zatən əvvəldən də onun xasiyyətidir. Tanış olduğu qadınlar haqqında hər yerdə danışar və nalayiq sözlər söylər. Bir də siz burasını bilməlisiniz ki, o cənab generalın yanında o qədər nüfuza malik deyildir. Bunün üçün də sizdən rica edərdim ki, konsul ailəsinin şərəfini mühafizə üçün bu kimi şərəfsizlərə üz verməyəsiniz və üzlərinə gülməyəsiniz. Hər nə xidmətiniz olsa, mənə deyə bilərsiniz, zənnimcə sizə olan səmimi hörmətimi bilməmiş deyilsiniz. Sizin nəcabətiniz haqqında ailəmdə də danışmışam. Qadınım, qızlarım da sizinlə görüşməyə can atırlar. Xüsusən, Almaniyadan yeni gətirdiyim pianonu gözdən keçirmək üçün sizin bizə gəlmənizi rica ediblər. Əgər mümkün olarsa, bir yarım saat zəhmət çəkəydiniz.

Bunun cavabında nə deyə bilərdim?

Onun bütün fikrini əvvəldən də bilirdim, başqası da bilməsə özüm onun saxtakar bir adam olduğunu bilirdim. Ona belə cavab verdim:

– Mirzə Fətulla xan hər söz deyə bilər. Onun ağzını yummaq olmaz. Bəlkə bəzi kişilər bununla da təskin tapırmışlar. Sizin pianonu gözdən keçirməyə gəldikdə heç də sözüm yoxdur. Nə vaxt lazım olursa gələ bilərəm.

– İndi zəhmət çəksəydiniz daha yaxşı olardı.

– Nə eybi vardır? İndi də gedə bilərik.

Onun evi çox zəngindir. Özünün deməsinə görə Şərqin bütün əntiqə və qiymətli şeyləri onun əlində imiş. Hər şeyi gözdən keçirdik. Doğrudan da qiymətli şeylər çoxdu. Qadını və uşaqları ilə tanış etdi. Balaları özündən tərbiyəli görünürdü. Qadını rusca az-çox danışa bilirdi. Fikrini anladırdı. O, məni qonaq çağırıb daimi tanış olmağımızı xahiş edirdi.

Mirzə Ələkbər xanla tanışlığımız belə başladı. O, yenə də hər dəfə görüşəndə öz nəcabətindən və konsulun yanında olan nüfuzundan danışır, mənə çox inanırdı. Konsulxanaya yolum düşdükdə kabinetinə də girməyə ixtiyarım vardı. Yanında olan gizli kağızları da görürəm. Bir çox şeyləri götürüb oxumağıma da mane olmayır; çünki o, mənim siyasətdən çox uzaq olduğumu düşünürdü.

– Çox pakizə. Bəs Mirzə Fətulla xan necə?

O, mənim Mirzə Ələkbər xanla olan tanışlığımı, evlərinə getdiyimi də eşitdi. Yarın qısa bir məktub yazmışdı.

“Mümkün olarsa, bir neçə kəlmə danışmaq üçün vaxt təyin edin!”

Vaxt təyin etdik. Konsulxanada, onun kabinetində görüşdük. O da Mirzə Ələkbər xan kimi sözə başladı:

– Biz imperator təbəəsiyik. Bizdə xüsusi bir namus vardır ki, o, başqalarında yoxdur. Bunun üçün də biz İranda hamıdan əvvəl oturub-durduğumuz adamların kimlər olduğuna fikir verməliyik. Mirzə Ələkbər xanı demirəm ki, pis adamdır. Amma hər nə olursa-olsun şərqlidir. Rus tərbiyəsi görməmişdir. O, qadınlara tamamilə yanlış əlaqə bəsləyir. O, hər qadını bir ölçü ilə ölçür; o, Rusiyadan gələn əxlaqsız qadınlarla çox oturub-durmuşdur. Bağışlayasınız, sizin nəcib və sağlamfikirli qız olduğunuza heç də şübhəm yoxdur. Fəqət bu cür naqis adamlarla oturub durmaq şübhəsiz ki, sizi ləkələyə bilər. O vaxt cənab general-konsul da bunu eşidib haqqınızda şübhələrə düşər. Hərgah sizə bir şey lazımsa, biz burada ölməmişik. Hərgah siz əylənmək istəyirsinizsə, öz evimiz, öz ailəmiz, öz cəmiyyətimiz də vardır. Bizim qapımız sizin üzünüzə açıqdır. Siz gərək mənim yaşayışımdan dərs alasınız. Burada gül kimi ad saxlamışam. Konsulun yanında bir sözüm iki ola bilməz. Konsul hazırda mənim bir tükümü yüz Ələkbər kimi adamlara vermir. Hamısı mənim imperatora olan sədaqətim və özümün namuslu bir adam olduğum səbəbinədir. Siz hərgah özünüzü bu cür adamlardan müdafiə etmiş olsanız, mən də sizin kimi namuslu bir qızla tanış olmağımla fəxr edə bilərəm. Çoxdan bəri sizə öz saf sevgimi izhar etmək istəyirdim. Xüsusən evdə sizin konsul ailəsinə gəldiyinizi eşidəndən bəri hər gün məndən soruşurlar. Qızlarımla gündə bir saat məşğul olmağınızı xahiş edirlər.

Fətulla xan danışıb qurtarınca əlimi neçə dəfə sıxdığını bilmədim. O, danışdıqca mənim gözüm onun masasının üstündə idi. Masanın üstü mənim üçün olduqca əlverişli idi. Bütün rusca sənədlər orada idi. Buna görə də Fətulla xanı ümidsiz buraxmaq yaramazdı:

– Fikirləşərəm. Sizin alicənablığınız haqqında konsul ailəsində çox qiymətli və tarixi sözlər eşitmişəm, – dedi:

Fətulla xan ayağa durub yenə oturdu. Uca yaxalığını düzəltdi.

– İndi ki, bu sizə məlumdur, daha mən heç bir söz danışmamalıyam, çünki insan heç vaxt özünü tərif etməməlidir, – dedi.

– Eybi yoxdur. Ayın birindən etibarən dərsə başlarıq. Haqqımda olan xeyirxahlığınızdan məmnunam. Dedikləriniz haqqında fikirləşərəm.

Qalxıb getdim. Yarın şifrə müdiri adəti üzrə əlimi sıxdı. “Bizə iltifatınız yoxdur? – deyə söz atdı. Qolumdan tutub oturtdu. Onun yanında birinci kərə otururdum. Şifrə odasında kimsənin oturmağa haqqı yoxdu. Oturdum. O, əlindəki işini qurtardı. Üzümə baxıb mənə rəhmi gələn bir adam kimi başını buladı:

– Ah, siz hələ uşaqsınız. Harada yaşadığınızı bilmirsiniz. Burası Şərqdir. Buranın adamları üzdə behişt, içində isə cəhənnəmdir. Nə qədər gec deyil, bunlardan çəkil! Namusun öz namusumdur. Burada beş-altı adamıq. Özümüzü çox namuslu aparmalıyıq. Mən sizin haqqınızda büsbütün başqa fikirdəyəm. Cənab konsula da bu xüsusda işarə vermişəm. Doğrusu, qadınımla yaşamaq heç də mümkün deyil, tərbiyəsi ilə tərbiyəm tutmur. Əslinə baxsan bizim onunla evlənməyimiz özü də bir şübhədir. Yaxında boşamaq fikrindəyəm. Özü də əsilzadə deyil. Cəmiyyət içərisinə çıxarmağa da utanıram.

O, belə sözləri çox danışdı. Bu gündən başlayıb mən şifrə müdirinin odasına çox gedib gəlirdim. Hər görüşündə:

– Siz söz versəniz, qadınımı boşayıb sabahın özündə Oryol şəhərinə yola salaram – deyirdi.

– Mən də anama bu məsələ haqqında yazmışam. Baxaq nə cavab verəcəkdir? – deyə mən də onu sakit etdim.

– O, son zamanlarda öz vəzifəsi dairəsində mənim üçün bir vəzifə də təyin etmişdir. Mənim işim şifrə salınmış materialları hissələrə ayırıb bəzilərini isə bağlayıb arxivə verməkdən ibarətdir. Mirzə Ələkbər, Mirzə Fətulladan götürə bilmədiyim vəsiqələri buradan daha götürə bilirəm.

Amma şifrə müdiri qədər qısqanc bir adam görməmişəm. O, iki tərəfdən qısqanır. Onun özü də bunu təsdiq edib deyir:

– Bir tərəfdən çox sevirəm. Bunun üçün də qısqanıram. O biri tərəfdən də millətimsiniz. Şərqlilərin sizi sevməsi mənim milli namusuma toxunur.

– Zatən kişilər qısqancdır. Onlar yalnız öz qadınlarını deyil, yabançı bir qadını belə bir-birinə qısqanırlar. Burası çox gülüncdür, – dedikdə o, özü də təsdiq etdi:

– Doğrudur. Qısqanclıq sevgidən doğur. Hər sevən kişi qısqanmağa məcburdur.

Şifrə müdiri mənə çox inanır və məni sadə bir qız hesab edir. Onun şifrə müdiri təyin olunmasının başlıca səbəbi də ancaq xalis rus olmasıdır. Çox avam, çox axmaq bir adamdır. İndi sənə bir az da konsulun özündən danışacağam.

– Konsulun özüdəmi səni sevir?

Nina gülə-gülə cavab verdi:

– O, sevir, fəqət sevgini köhnəlmiş bir üsulda həyata keçirir. O, məni böyük qızım deyə səsləyir və saçımdan öpür. O, mənim saçıma əl çəkdikdə nə vəziyyət aldığını hiss edirəm. Zatən burası kişilərdə tez-tez təsadüf ediləcək bir xüsusiyyətdir. Onlar qadına yanaşdıqda əvvəlcə bacısı, qızı və sair yaxınları kimi sevər. Sonda öz həqiqi məqsədini söylər.

– Nina, – dedim, – sən kişiləri çox dərindən öyrənməyə çalışırsan. Bu işə çoxdanmı başladın?

– Araz çayını bu tərəfə keçəndən bəri!

– Bu dərsdə müvəffəqiyyətiniz vardırmı?

– Qismən vardır. Qismən də yoxdur.

– Məsələn?

– Bəzilərini öyrəndim. Bəzilərini yox.

– Əlbəttə, kişilərin hamısını öyrənmək mümkün deyil. Dairəni çox geniş götürməyib proqramı qısaltmış olsanız, daha tez nailiyyət qazanarsınız.

– Doğrudur. Mən bayırda müvəffəqiyyət qazanıramsa da, təəssüf ki, bu divanın üstünü, burada oturan bir kimsəni lazımi qədər öyrənə bilmədim.

– Demək, sən hələlik bu evin içini belə öyrənə bilməmişsən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info