Qonaq Kitabı
Birinci hissə

Evə girərkən düşünürdüm. Qapı açıqdı. Təhminə xanımın evdə olduğunu belə unutmuşdum. Ürəyimdə yenə də gənc qızın kimlərlə tanış olması haqqında düşünür, gah inanır, gah da inanmırdım. Heç bir şey hiss etmədən öz-özümə ucadan dedim:

– Ola bilməz!

Bir səs eşitdim:

– Oğlum, nələr ola bilməz?! Kimlə danışırsan?

Bu səs Təhminə xanımın səsi idi.

Çarpayının üzərində oturdum. Təhminə xanım yenə soruşdu:

– Oğlum, kiminlə danışırdın?

Cavab verdim:

– İnsan çox düşündükdə xəyalpərəst olur. Ev üçün, qohumlarım üçün düşünürdüm.

– Sən deyirdin ki, heç kəsin yoxdur. Bunu Ninaya da demişdin. Bilirəm ki, sən ona yalan deməzsən, çünki bir-birinizi sevirsiniz.

– Doğru demişəm. İnsan bir-birini sevər, lakin bu sevgi də daimi deyil. İnsan bir-birini ata da bilər. Ancaq bunu aydın demək lazımdır.

– Nə danışdığını bilmirəm. Allaha şükür nə sən, nə də Nina bir-birinizi atan deyilsiniz.

– Yox, Təhinə xanım. Bir həftədən bəridir ki, Ninanın tamamilə dəyişdiyini görürəm. O, ağlayır, qara geyir, məni və uşağı evdə buraxıb gedir; bunların hamısı onun yeni bir hadisə, yeni bir sevgi macərası ilə məşğul olduğunu göstərir.

Təhminə xanım mənə baxıb başını tərpətdi.

– Kişilərdə bu cür şübhələr həmişə olur. Mənim rəhmətlik ərim də çox qısqanan adam idi. Hətta bir dəfə yuxumda danışdığımı eşidib məni yuxudan oyandırdı. Kimlə danışdığımı soruşdu. Danışdığım adamın kim olduğunu deyə bilmədim. “Ancaq kişi tayfası olduğunu bilirəm”, dedim. Bunun üstündə məni döydü, hərgah yerli olsaydım, boşayacaq idi. Ölənə qədər o kişinin kim olduğunu soruşub məni incidərdi. “Sən kişi fikrilə yatmasaydın, yuxuda kişilə danışmazdın”, deyib mənə nifrət edərdi. Ondan sonra mən onda əvvəlki məhəbbəti görmədim. Oğlum, o zamandan çox keçir. Zaman dəyişibdir. İndinin kişiləri də dəyişməlidir. Heç sənə yaraşar ki, Nina kimi bir qızın haqqında belə şübhələrə yol verəsən?

Mən Təhminə xanımın sözlərindən sonra özümə nifrət etməyə başladım. Nə qədər yanıldığımı təsdiq etdim.

– Nina bir həftədən bəridir ki, dəyişmişdir, – deyə cavab verdim.

– Mən sənə demək istəmirdim. Ninaya və ümumiyyətlə, onun düzəltdiyi firqə üzvlərinə unudulmaz və böyük bir müsibət üz verdi.

– Necə müsibət? Nə olmuşdur?

– Bir həftə bundan qabaq Maralan səngərlərinə başlamış hücumda qaradağlılar Ninanın firqə yoldaşlarından Hacıağa Əvəz oğlu və Dadaş Qulu oğlunu öldürmüşlər. Bu iş Ninaya və Həsənağaya çox ağır təsir etdi. O, çox ağladı.

Bu gün onların həftəsi tamamdır. Onların qəbri üstünə getmişdilər. Nina da getmişdi. Yenə ağladı. İndi məsələni bildin ki? Get, heç vaxt şübhə-filan eləmə!

Mən səhvimi anladım. Hələ yeni insanın tərbiyəsini tamamilə mənimsəyə bilmədiyimdən öz-özümə utandım. Gənc qızla danışdığım uzun-uzadı sözləri bir anda fikrimdən keçirdim. Eyni zamanda Ninanın kitabı arasında gördüyüm firqə biletləri gəlib gözümün qarşısında durdu. Hacıağa və Dadaşın firqə biletləri üstünə çəkilmiş qara xətləri bir daha gözümün qabağına gətirib: “Təbrizdə birinci firqə özəyinin birinci və qəhrəman qurbanlarına eşq olsun” – dedim. Anladım ki, gənc qız mənə ürəyini vermiş, lakin ürəyindəki əqidəsini öz ixtiyarında saxlamışdır; çünki o, bu günə qədər mənim firqə üzvü olduğumu bilmirdi.

 

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi.

Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O, mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, “qara köynəyi nə üçün çıxartdın?” deyə soruşdum.

Nina üzümə qorxa-qorxa baxıb dedi:

– Doğrudan da o nə söz idi dedin?

– Nə söz?

– “Yalnız qara köynək deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur”. Bu nə deməkdir? Mən belə bilirəm ki, bizim həyatımız bu kimi fəlsəfələrin dövrünü çoxdan keçirmişdir. İndi biz hər sözü bir-birimizə aydıncasına deyə bilərik. Səmimi əlaqəni yaşatmaq üçün inanmaq lazımdır. Madam ki, inanmaq vardır, həyatdakı təfərrüatı axtarmaq səmimiyyətdən uzaqdır. Bizim danışacağımız mühüm məsələlər vardır. Şəxsi məsələlərin vaxtını uzada bilərik. Bu, sonraya qalsın. Sənə bir təzə xəbər verəcəyəm.

– Nə kimi xəbər?

– Məhəmmədəli şah nəhayət rus əsgərinin Təbrizi işğal etməsinə razı olmuşdur.

– Doğrumu?

– İngiltərə və Rusiya səfirləri şaha nota vermiş, notada avropalıların təhlükə altında olduqlarını göstərib Təbrizə rus qoşununun girməsini tələb etmişlərdir. Eyni zamanda Təbrizdə sakitlik bərpa edilən kimi qoşunların çıxarılmasını da əlavə etmişlər.

– Mən bunu bilirdim. Sənə nə söyləmişdim.

– Bəs ruslar indiyə qədər nə üçün Təbrizi işğal etməmişlər?

– Onlar əvvəlcə inqilabın qələbəsinə inanmırdılar. Hazırda azad edilmiş şəhəri işğal etmək Təbriz inqilabının böyüklüyünü və çarın bu inqilaba nə qədər əhəmiyyət verdiyini aydıncasına göstərir. İslamiyyə təşkilatı dağılandan, əksinqilab yuvası olan Dəvəçi məhəlləsi təslim olandan və bütün taxıl yolları açılandan sonra çar qoşununun Təbrizə girməsi inqilabın müvəffəqiyyətlərini göstərmirmi?

– Şübhəsiz ki, Rusiya öz müstəmləkəsi olan Təbrizdə inqilabın qalib gəlməsinə razı olmayacaqdı. Sən bilirsən ki, konsul daima bu inqilabı dağıtmağa çalışırdı. O, əvvəlcə diplomatiya yolları ilə bizi dağıtmaq istəyirdi. Qafqaz sosial-demokratları buna yol vermədilər. Əcəba, sən erməni ruhanilərinin hiylələrini eşitmədinmi? Bütün bu macəranı idarə edən rus konsudluğu deyildimi?

– Bu işlər bəlkə də mən Təbrizə gəlməzdən əvvəl olan işlərdir. Bu barədə heç bir şey bilmirəm.

– Rus konsulunun verdiyi təlimat üzrə erməni ruhaniləri, erməni burjuaziyası ilə birlikdə ikinci Nikolaya sədaqət teleqramları göndərib inqilabda iştirak etməyəcəklərini bildirməli idilər. Digər tərəfdən, konsul əncüməndəkilərdən bir çoxunu ələ alıb şahla Səttar xan arasında saziş yaratmağa çalışırdı. Bu barədə Əncümən üzvlərindən bəziləri Səttar xan və Bağır xanı bu sazişə razı etmək üçün işləyirdilər. Lakin sosial-demokrat qrupu vaxtında işə müdaxilə edib konsulun bütün fırıldaqlarını nəticəsiz buraxdı. Burada çar siyasətilə tanış olan Bakı işçiləri daha da ciddi hərəkət etdilər.

– Bakı işçilərinin burada nüfuzu vardırmı?

– İran sosial-demokratları bunu lazımınca təqdir edirlər, çünki İran sosial-demokrat firqəsinin müəssisi Bakı işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur. İran inqilabı uğrunda yüzlərcə Zaqafqaziya işçisi qurban verilmişdir.

– Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir, – deyə Nina bir ah çəkdi.

– Heç bir şey məhv olmayacaqdır. Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır.

– Onu mən görməyəcəyəm.

– Nə üçün?

– Çünki mən İranda qalmayacağam.

– Nə üçün qalmayırsan?

– Nə üçün və kimin üçün də qalım? İnqilabın boğulduğunu görməyəmi? Asılanların yasını bağlamağamı? İnqilab rəhbərlərinin zəlil və əsir halını görməkdən ötrümü? İnqilab yoxdur, mən də yoxam. Bir halda ki, sən də burada qalmayacaqsan.

– Gənc qız! Sən yenə də əski dünyana qayıda bilməzmisən?

– Çox çətin! Ora çox uzaqdır. Mən yeni dünyaya yeni duyğularla gəlmişəm. O duyğunun içərisində sən də varsan. Bir də mən mübarizəli həyata alışmışam.

– Mübarizə etmək daim mümkündür.

– Mübarizə hisslərimi oyadan, məni bu nəşəli həyata dəvət edən qismən sənsən. Mən bu yolları tanıyırdım. Fəqət öyrənməmişdim. Bu ağır mübarizə, hətta ölüm qoxuyan mübarizəyə gülə-gülə girdim. Fəlakətin üzərindən nəşələr alaraq atılırdım. Buna səbəb sən idin.

– Ümid edirəm ki, yenə də görüşəcəyik. Həyat imkan verərsə yenə də bir yerdə oturub Təbrizin qəliz dumanları altında nəşələndiyimizi xatırlayacağıq.

Nina bu sözdən sonra özünü saxlaya bilmədi, yataq otağına qaçdı. Mən də İnqilab Şurasına gedəcəkdim.

* * *

Mən İnqilab Şurasına getməzdən əvvəl evə gəldim. İngilis simi vasitəsilə Culfadan vurulmuş bir teleqram verdilər. Teleqram İran İnqilab Komitəsinin Culfa şöbəsi üzvlərindən Baxşəli ağa Şahtaxtlı tərəfindən vurulmuşdu.

“Bu gün sərhəddən beş min çuval keçirib Təbrizə yola saldıq. Malları çuvallara doldurub özün də gələrsən”. Bu teleqramdan, beş min nəfər rus əsgərinin sərhədi keçdiyini anlamaq olurdu. Teleqramı da götürüb təcili surətdə İnqilab Şurasına gəldim. Burada fövqəladə bir şadlıq gördüm, çünki hökumət qoşunu çəkilib Sərdrud, Qaradağ yolları açılmışdı. Təbrizə yemək şeyləri sülh vaxtından artıq gəlirdi. Mən rusların sərhədi keçdiyini xəbər verib şurada şadlığı pozmağa cəsarət etmirdim. Lakin bunu mümkün olduqca tez demək lazım idi. Danışmaq üçün söz aldım. Orada oturan adamlar deyəcəyim sözlə çox maraqlanırdılar. Danışmağa başladım:

– Gözlədiyimiz qorxu yaxınlaşır. Azad olmuş şəhərin küçələrində çar kazaklarının səsini eşitməyimizə çox az qalmışdır. Məhəmmədəli şah rus qoşununun Təbrizi işğal etməsinə razılıq vermişdir.

Məclisi sükut bürümüşdü. Hamı bir-birinin üzünə baxırdı.

İlk dəfə danışmağa cəsarət edən yox idi. Hətta çox adam bir söz demədən durub gedirdi. Oradakıların bir çoxu inqilabın qeydinə deyil, yalnız öz qeydinə qalırdı. Bir çoxunun simasından acizlik, qorxaqlıq, ikiüzlülük görünürdü. Bəziləri öz yanındakı ilə xısın-xısın danışırdı.

– Ağa, bunun axırı necə olacaqdır? – deyə bir-birindən soruşurdu.

Qəlyanların qəmişlərini ağızlarında tutmuş bir çox üzvlər quruyub qalmış, soyumuş və odu çoxdan sönmüş qəlyanı sümürürdü.

Özünü itirməyənlər də vardır. Bunlar isə Səttar xan, bir də Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri idi. Danışıq başlanmışdı. Bir çoxları– dövlətlər buna razı olmazlar – deyə özü belə inanmadığı halda bununla təsəlli tapmaq istəyirdi. Bəziləri– bütün dünyaya müraciət edərik, İnternasionala xəbər verərik –deyib məclisə müraciət edirdi. Hacı Mehdi ağa bu sözü bir neçə dəfə təkrar etdi. Mən yenə də söz aldım.

– Xarici dövlətlərə və II İnternasionala müraciət etməyin heç bir zərəri yoxdur. Bunların hamısı çar Rusiyasının tarixi xəyanətini dünyalara bildirmək üçün bir vəsiqədir. Lakin bunların heç biri rusların Təbriz üzərinə başladığı hücumun qarşısını ala bilməz. Möhkəm müahidənamələrə görə Rus hökumətinin İran işlərinə müdaxilə etmək səlahiyyəti vardır. Gülüstan[19] müahidənaməsi hələ gücdə qalır. Bunlardan başqa, Rusiya-İngiltərə arasında bağlanmış 7-ci il müqavilənaməsi də buna müsaidə verir. Nüfuz məntəqəsinə bölünmüş İran, xüsusən, Azərbaycan, Rusiya ixtiyarına buraxılmışdır. Rusiyanın baş ərkani-hərb miralayı Medvedyevin yazdığı əsərində Rusiyanın məqsədi tamamilə aydındır. Əsərdə deyilir ki, “İran barıt anbarına oxşayır. İndi o, bir qorxulu qonşu şəklini almışdır. Bu yer Rusiyanın yaxın qonşusudur. Gülüstan müahidənaməsi hələ gücdədir. Biz asayişi bərpa etmək üçün İranı işğal etməyə bundan da əlverişli vaxt bilmədik”. Bütün bu vəsiqələr çar Rusiyasının İranı işğala hazırlaşdığını çoxdan bəri göstərirdi.

Məclisdə səslər ucaldı:

– Hazırda nə etməliyik? – dedilər.

Mən yenə də sözə davam etdim:

– Ruslar gəlir, onlar inqilaba rəhbərlik edənləri təqib edəcəkdir. Ruslar özləri də olmasa, onların tərəfindən Təbrizə təyin edilən hökumət, silahları da istəyə bilər. Ruslar Qafqazdan gələn inqilabçıları da tələb edəcəklər. Könüllü gələnlər və sairələrin də tələb olunacağı mümkündür. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. Ruslar ən kiçik bir hadisədən belə istifadə edəcəklər. Xususən inqilabın baş rəhbərləri haqqında da dərin bir sürətdə düşünməlidir. Onların müdafiəsi yolunda kütləvi tədbirlər görülməlidir. Zənnimcə bu gün bizim son və tarixi iclasımızdır. Buna görə də indiyə qədər açıq danışmadığımız bir para sözləri danışmalıyıq. Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir. Təbriz inqilabının birinci səhnəsi qapanır. Biz inqilab zamanında o mübarizənin ciddi günlərində bizimlə yan-yana gedən bir çox inqilabçıları dişimizə vurduq. Çətin günlərdə evinə qapananlar da vardı.

Səslər: – Şəxsiyyətə keçilməsin.

– Mən şəxsiyyətdən danışmıram. Fəqət onu hər kəs bilməlidir ki, bəzən tək-tək şəxsiyyətlərin də inqilabda mühüm rolu olmuşdur. Qələbə günlərində, təşəbbüs inqilabçıların əlində olduğu zaman, inqilaba qoşulmaq o qədər də çətin deyildi. Lakin inqilab fikirləri zirzəmilərə girdiyi zaman iş daha da çətinləşir. Belə bir gündə inqilabçı olanlar, belə bir gündə irtica qərargahına keçməyənlər həqiqi inqilabçılardır. Lakin təəssüflər olsun ki, bizimlə bir neçə aydan bəri üz-üzə oturub inqilabçılıqdan dəm vuranların bir çoxu çar himayəsinə girmək üçün vasitə aramaqdadırlar.

Səslər: – Şəxsiyyətə keçilməsin.

– Mən sözümü aydın deməliyəm: inqilabın qızıl bayrağı altında kölgələnən, “bunu bütün Şərqə aparacağam” deyənlərdən bir çoxu ruslar Təbrizə girəndə damına vurmaq üçün çar bayrağı da tikməkdə imiş. Bunların hamısı doğru. Bunları inqilab heç vaxt unutmayacaqdır. İnqilabçılara qarşı hər bir xırda çıxışa tarix böyük xəyanət kimi baxacaqdır. İndiyə qədər bizə yoldaşlıq edib hazırda əksinqilab qərargahına keçənlərdən heç bir şey tələb etmirik. Getdilər, qoy getsinlər. Ancaq bizə düşmənçilik etməsinlər. Köhnə dostlarının ayağından çəkməsinlər. İnqilab ölməyir, o yalnız öz hərəkət məntəqisini dəyişir. İnqilabın gücü mərkəzə köçürülür.

Məclisdən bir çoxu durub getmişdi. Məclisdə qalanlar inqilabın ayrılmaz oğulları idi. Bir-birinin əlini sıxanlar, öpüşənlər, ayrılanlar, ağlayanlar da vardı.

 



[1] “Vətən övladının tökülən qanlarından lalələr göyərmişdir”.

[2] Hafiz əfəndi türkiyəli idi. İnqilabçılar tərəfindən Culfa – Təbriz yolunu mühafizə üçün qoyulmuşdu.

[3]Səlmaslı Səid – İran millətçilərindən idi. İran inqilabına yardım üçün “Naci bəy” dəstəsini Türkiyədən İrana gətirdi. Pirə müharibəsində Səidi kürdlər öldürdü.

 

[4] Dərman mağazasına malik olduğu üçün “dava satan” deyirdilər.

[5] Bəhreyni sözü. – Şeyx Əhmədin vətəni olan Bəhreyn adasına işarədir.

 

[6] Sonralar İranın maliyyə vəziri olmuşdu.

[7] Sərdar sözü xalq tərəfindən Səttar xana verilmiş ləqəbdir (Sərdari-milli Səttar xan).

[8] Sonradan Hafiz əfəndinin Qurana istixarə etdiyi və istixarə yol vermədiyi üçün səfərə çıxmadığını eşitdik.

[9] Nəsrulla Şeyxov Culfada İran inqilabı Komitəsinin üzvlərindən idi. İnqilabi adı Cəmşid idi. İnqilabdan sonra Rəşt şəhərində İran kommunist firqəsinin məsul katibi vəzifəsini daşıyırdı. Kiçik xanın Rəşt üzərinə hücumu zamanında Şeyxov yoldaş öldürüldü.

[10] Mir Haşım – vaxtilə inqilab tərəfində idi.

[11] Mücəlləlüssultan sonralar, Məhəmmədəli şah olduğu zaman parlamanın topa tutulmasında birinci rol oynadı.

[12] Cəlil xanı və Bala Tağını çar məmurları dara çəkdilər.

[13] Qulağı kəsik Əsgər.

[14] İki gündən sonra bu intibahnaməni, “İslamiyyənin” qapısına vurmuşdular.

[15] Bu siyahı Əncüməndə gözdən keçirildiyi vaxt, burada Əncümən üzvlərindən bəzilərinin də adı çıxdı.

[16] Təhminə xanım fars qızı idi. Onun əri Heydər Sistana sərbazlığa getdiyi zaman orada evlənib Təbrizə gətirmişdi.

[17] Olmaz! Mən hər zaman ki, camaatın cəhalətini, tənbəlliyini başçıların qeydsizlik və soyuqqanlılığını görürəm, bilaixtiyar deyirəm ki, olmaz!

[18] Mirzə Ələkbər “Molla Nəsrəddin” məcmuəsinin redaktoru Cəlil Məmmədquluzadənin qardaşıdır.

[19] Gülüstan müahidənaməsi 1813-cü il oktyabrın 12-də bağlanmışdır.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info