Qonaq Kitabı
Birinci hissə

İlk görüşlər

Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə, Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.

Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.

Səhər saat doqquzda çay içib çıxdım. Məhəllədə təsadüf etdiyim adamların hamısı tüfəngdən, patrondan, nişanə vurmaqdan danışırdı.

Bir uşaq “vaks” çağıraraq başmaq təmizləyirdi. Onun gözəl səsi vardı. Oxudu. Dayanıb qulaq asdım:

Rəhim xan gəlir Təbrizə,

Ərmağan gətirir bizə,

Az qalır qan çıxsın dizə,

Taxtın uçulsun, Məmdəli,

Gözün tökülsün, Məmdəli!

 

Məhv oldu, talandı Təbriz,

Neçə dəfə yandı Təbriz,

Zatına inandı Təbriz,

Taxtın uçulsun, Məmdəli,       

Gözün tökülsün, Məmdəli!

 

Böyük nənən Ümmi-xaqan,

Özün qeyrətdən pərişan,

Bəsdir bu qədər tökmə qan,

Taxtın uçulsun, Məmdəli,

Gözün tökülsün, Məmdəli!

 

Belə mahnıları çox eşidirdim. Bununla da Rəhim xanın Təbriz üzərində hərəkət etməsi məlum olurdu.

Təbrizlilərin yalnız silahda deyil, şeir və ədəbiyyatda da inqlabi mübarizəyə hazırlandıqları görünürdü. Bu kimi şeirləri dəllaləzəndə də eşitmək olurdu.

* * *

Səttar xanın yanına getməzdən əvvəl bəzi inqilab rəhbərləri ilə görüşüb, onların inqilab haqqında fikrini öyrənmək istəyirdim.

Birinci növbədə Hacı Əli davafüruşla görüşməli idim[4]. Evini tanımırdım. Onun Təbrizdə məşhur adam olduğunu bilirdim. Yanımdan gənc bir mücahid keçirdi. Ondan:

– Hacı Əli davafüruşun evinə hansı yoldan getməliyəm? – deyə soruşdum.

Mücahid durdu, fikrə getdi. Sonra məndən soruşdu:

– Qızını açıq gəzdirən Hacı Əlinimi deyirsən?

– Bəli! – dedim. – (Hacı Əlinin öz qızını açıq gəzdirdiyini bilirdim.) Mücahid, nəğməsinə qulaq asdığım çəkməsiləni çağırdı.

– Oğlan! Dur, düş bu əmioğlunun qabağına. Qızını açıq gəzdirən Hacı Əlinin evini göstər! – dedi.

Çəkməsilən dinməz-söyləməz durub qabağıma düşdü. O, qabaqca “vaks!” sözünü qışqıra-qışqıra gedir, mən ətrafı nəzərdən keçirərək irəliləyirdim. O, aralıqda üzr istəyib bir-iki ayaqqabı da təmizlədi. Mənsə tələsmirdim, çünki ətrafa baxmaq, həyatı öyrənmək mənim üçün daha maraqlı idi.

Küçələrdə fayton, araba, ümumiyyətlə təkərli nəqliyyatdan bir nişanə belə görmədim. Yalnız ağ uzunqulaqları minib sürətlə o tərəfə, bu tərəfə gedənləri görürdüm. Çəkməsiləndən bunların hara getdiyini soruşdum. O, belə cavab verdi:

– Təbriz çox böyük şəhərdir. Yalnız dəvəçi məhəlləsi altmış min evdir. Bu yolları piyada gedib-gəlmək mümkün deyil. Bu eşşək üstündə gedənlər uzaq məhəllədə oturan tacirlərdir. Səhər eşşəyi minib gəlir hücrəsinə. Oturduğu hücrənin altı da tövlədir. Eşşəyi orada bağlayır. Axşam yenə də evə qayıdanda eşşəyin palanını hücrəsindən aparıb qoyur eşşəyin belinə.

– Çox əcəb, palanı hücrəsində nə üçün qoyur?

– Çünki burada eşşək palanı oğurlayanlar çoxdur.

Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı.

Bir az getdikdən sonra o, mənə yenə də tapşırdı:

– Hərgah eşşəyin varsa, palanından mütəvəccöh ol. Təbrizdə eşşək palanı çox bahadır, – dedi.

Mən təbrizlilərin adam ələ salmasını və öcəşməsini eşitmişdim. Ona görə də çəkməsilənin söhbəti ilə maraqlanırdım. Onun sözlərini cavabsız buraxmayaraq:

– Çox razıyam, – dedim. – Yaxşı ki, xəbər verdin. Yoxsa palanı oğurlayacaq idilər.

O, dinmədi. Bir az getdik; sərraf dükanlarının qarşısından keçirdik. Çəkməsilən qayıdıb yanıma gəldi.

– Təbrizə təzə gələnlər pullarını gətirib burada xırdalayırlar, – dedi.

Mən doğrudan da pul xırdalayacaqdım. Sərraf dükanına yanaşıb bir dənə rus beşliyi çıxardım. Çəkməçi mənə yaxınlaşıb yavaşca dedi:

– Bugünkü qiymət iyirmi yeddi qran beş şahıdır.

Sərraf bunu eşidib çəkməsilənə acıqlanaraq:

– Gedə, cakəş, səni kim çağırdı bura?! – deyə qovdu.

Çəkməsilən də ona acıqlandı:

Cakəşin səsini eşidirəm, – dedi.

Sərraf buna heç də cavab vermədi. Təbrizdə bu kimi işlərə hər addımda təsadüf etmək olurdu.

Yolumuza davam etdik. Çəkməsilənin məndən əl çəkdiyinə təəccüb edirdim. Bir qədər getdikdən sonra o, yenə də mənə yanaşdı:

– Bilirsən nə var? – deyə soruşdu.

– Xeyr, bilmirəm!

– Mən qorxuram əxi...

– Nədən qorxursan?

– Qorxuram ki, sizin yadınızdan çıxsın.

– Nə yadımdan çıxsın?

– Eşşəyin palanını gizlətmək! Çünki Təbriz çox haramzada yerdir. Buraya palanlı gələn palansız gedər.

– Qorxma, unutmaram.

Yenə yolumuza davam etdik. O, yenə də sözə başladı:

– Xatircəm oluram ha!

– Nə üçün xatircəm olursan?

– Mən xatircəm oluram ki, siz eşşəyin palanını gözünüzdən kənara qoymayacaqsınız.

– Buna xatircəm ola bilərsən!

Çox uzun yol getdik. Rasta küçəni hələ başa çıxmamışdıq. O, yenə də mənə müraciət edib palan barəsində tapşırırdı. Biz Əngəc küçəsinə yetişdik. O, Hacı Əlinin qapısını uzaqdan mənə nişan verərək:

– Budur bax, qızı açıq gəzənin qapısı, – dedi.

– Çox razıyam! – deyə ona 2 qran pul uzatdım. O, pulu alıb o tərəf-bu tərəfinə baxıb cibinə saldı və getməyə başladı.

Mən hələ qapıya yetişmədən o, məni çağırdı:

– Dadaş, zəhmət olmasa bir azca dayan! – deyə mənə doğru qayıtdı.

Mən 2 qrandan razı qalmadığını zənn etdim. Ağzını açmadan 2 qran da ovcuna basdım.

– İndi ki, belə oldu, sizdən bircə də xahişim vardır, – deyə mənə müraciət etdi.

– Buyur, nə demək istəyirsən ?

– Xahiş edirəm ki, palanı gözdən qoyma!

Mən yenə güldüm. Onun ümidi kəsildi, çünki təbrizlilər insanı acıqlandırmaq və onu söyüşə məcbur etməkdən çox nəşələnirlər.

Qapını vurdum. Tam mənasilə avropalı bir qız qapını açdı. Qiyafətimə baxıb dedi:

– Nə istəyirsiniz?

– Hacı Əlinin evi buradırmı?

– Bəli, buradır.

– Özü evdədirmi?

– Evdədir.

– Mən onu görmək istərdim.

– Siz kimsiniz?

– Mən onun qardaşıyam!

Qız təəccüblə üzümə baxıb durdu. Mən ona başqa ad deyə bilməzdim, çünki qızın kim olduğunu bilmirdim.

Qız çox təəccüblü bir surətdə cavab verdi:

– Elə isə bir dəqiqə səbr edin. Hacıya xəbər verim.

Qız getdi. Bir dəqiqədən sonra Hacı Əli özü qabaqda, haman qız isə arxasınca qapıya gəldi. Adımı dedim. Qucaqlaşdıq, öpüşdük. O, qızına tərəf döndü:

– Doğrudur. Bu sənin əmindir. Mənim doğma qardaşımdan da mənə yaxındır.

Qız mənə əl verdi. Hər ikisi qolumdan tutub böyük bir salona apardı. Salon bir fransız varlının salonuna bənzəyirdi.

Hələ səhər çayına başlanmamışdı. Salondan keçib çay otağına girdik.

Mən yemək yemədim. “Fəqət bir stəkan çay içərəm” dedikdə qız bir stəkan çay və gözəl bir şüşə içərisində limon suyu gətirdi. Bunu Təbriz kübarları çaylarına tökürlər. Mən də stəkanıma bir neçə damcı limon suyu tökdüm. Çay çox ləzzətli idi.

Hacı Əli nökəri çağırıb qulağına nə isə bir şey pıçıldadı. Nökər getdi. Çay içilib qurtardı. Hacı qızının da getməsinə icazə verdi.

Hacı Əlinin qızı amerikalıların məktəbində oxuyurdu. 14-15 yaşlarında olan bu qız ucaboylu, qalın vücudlu, qara və dairəsi böyük gözlərə malik bir qız idi. Onun təbrizlilərə məxsus ağ pənbə çöhrəsi və qara tüklərindən başqa hər şeyi bir amerikalı qızına bənzəyirdi. Təbrizdə birinci dəfə açıq gəzən bu qıza qarşı küçələrdə söz atmaq, təhqir etmək, sevgi elan etmək və sair bu kimi uyğunsuz hərəkətdə olmaq adət yerinə keçmişdi. Hətta onu bir neçə kərə ölümlə təhdid edib Amerika məktəbinə getməsini də qadağan etmişdilər.

Qız bütün bunlara dözərək, mollaların təklif etdiyi çarşabı başına salmamışdı.

Təbriz şairlərindən Sərraf onun haqqında qəzəllər də yazmışdı. Qız bu qəzəlləri toplayıb saxlamışdı. Sərrafın qəzəllərindən birisi budur:

Səməndi-nazə gəl baş vermə, ey mən başına qurban,

Göz üstə qaşın oynatma, qara göz, qaşına qurban.

Mən əbri-tirəbəxtəm, sən baharü tazəvü tərsən,

Gərək mən ağlayam, sən ağlama, göz yaşına qurban.

Billursan sinəyi-safında var bir daş kimi qəlbin,

Həyatın çeşməsi bağrında səngi daşına qurban.

Durub fərraştək qəmzən bərabərdə deyər gəlmə!

Könül mülkündə şahənşah olan fərraşına qurban!

Əgər Sərrafa bir xaşxaş qədrincə ola meylin.

Təmamən əldəki varım o bir xaşxaşına qurban!

 

Bir az keçəndən sonra Məşədi Abasəli qəndfüruş, Yusif xəzduz, şeyx Məhəmmədəli qəssab, Əsgər qəhvəçi və sairləri gəldi. Bunlar Təbriz inqilabının rəhbər simaları idi. Tanış oldum. Çox söhbətdən sonra Siqətülislam müctəhidi görmək istədiyimi aşkara söylədim. Hacı Əli və Məşədi Abasəli qəndfüruş Siqətülislamın heç bir inqilabi siması olmadığını söylədi. Hər halda mənim bu ziyarətə olan marağımı bilərək razı oldular.

 

Siqətülislam

Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğunu öyrənmək doğrudan da mənim üçün çox maraqlı bir iş idi.

Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla Mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.

Siqətülislamın daşıdığı və üzərində ciddi mübarizə apardığı əqidə şiəlikdə bir təriqət olan şeyxi əqidəsi idi.

Bu əqidəni 1800-cü ildə İran körfəzinin cənubi-qərb sahilində Əhsa adlı kiçik bir şəhərdə zühur edən Şeyx Əhməd Bəhreyni[5] yaratmış və bununla da başına minlərcə mürid toplamışdı.

Şeyx Əhməd öz əqidəsi ilə bütün Ərəbistanda və İranda şöhrət qazandığından və bu əqidə nəhayət bir dini məktəb şəkli aldığından Kərbəla şəhərinə köçüb 1804-cü ildə ruhanilər cəmiyyəti təşkil etməyə müvəffəq oldu.

Şeyx Əhmədin ölümündən sonra bu ruhanilər cəmiyyətinin başına Ağa Seyid Kazım seçildi. Bundan sonra Şeyx Əhmədin şiə məzhəbi üzərində düzəltdiyi bu islahat bir neçə cəbhələrə ayrılıb bir-birilə mübarizə etməyə başladı.

Bunların bir hissəsi Şeyx Əhmədin orijinal təriqəti üzərində durduğundan “şeyxi” adlanıb qaldı. İkincisi Ağa Seyid Kazımın islah etməklə aralığa çıxardığı “Üsuli” əqidəsinin ətrafına toplandı, üçüncü isə Seyid Kazımın ən idraklı şagirdlərindən sayılan Mirzə Əliməmmədin ətrafına toplanıb “Babi” məzhəbini əmələ gətirməyə başladılar. Hazırda inqilab tərəfində duran, özünü “bitərəfəm” adlandıraraq eyni zamanda inqilabçılara rəğbət bəsləyən Siqətülislam Şeyx Əhməd Bəhreyninin orijinal təriqəti olan şeyxi əqidəsini daşıyır.

Bu təriqətin düşməni əvvəldən də çoxdu. Nəhayət babilik ayrıldıqdan sonra şeyxi əqidəsinə qarşı olan düşmənçilik daha da artmış oldu, çünki babinin şiəlikdə orijinal sayılan şeyxi təriqətindən ayrıldığı və üsul təriqətinin bunlarla heç bir əlaqəsi olmadığını şiə ruhanilərindən bir çoxu iddia edirdi.

Siqətülislam bütün şərqi və şimali İranda şeyxlik üzərində mübarizə aparanların ən məşhuru və görkəmlisidir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info