Qonaq Kitabı
Birinci hissə

Əmraxiz məhəlləsinin axırında böyük toplar yerləşdirilmişdi. Bu toplar Səttar xanın mərkəzini havaya sovurmaq üçün qoyulurdu.

Hacı Mir Bağır Sərrafın bağının dalında, Hacı Kazım nayibin hamamının qarşısında da böyük və yeni toplar yerləşdirmişdir. Hökumət qüvvələri inqilabı boğmaq üçün ciddi hazırlıq apardığı zaman, inqilabçılar buna heç də diqqət vermədən şəxsi işlər, şəxsi ədavətlərlə məşğul olurdular.

Tam belə bir zamanda Əncümənin Mərənd məbusu Hacı Cəlil mücahidlər tərəfindən öldürüldü.

* * *

Axşama az qalmışdı. Şəhər sakit idi. Heç bir tərəfdən silah səsləri eşidilmirdi. Sərdar da xəstə idi. Onun Hacı Cəlil məsələsindən əsəbləri xarab olmuşdu. O, inqilab sırasında gedənlərin şəxsi ədavət işlətdiklərindən razı deyildi. O, bunun qarşısını ala bilmirdi, çünki vaxtında buna diqqət edilməmişdi.

Mən Ninanı da hali-təbiisində görmədim. Onun ruhu çox düşgün idi. Yenə də baxışından fəna bir xəbər eşitdiyini oxumaq olurdu. O, məni görən kimi divanın üstündə oturdu, mənə də – otur! – dedi. Oturdum, Məcid yaxşılaşmışdı. Gəlib oturdu. Nina sözə başladı:

– Mən çoxdan bəri deməyə hazırladığım bir sözü bu gün deməyə məcburam. Mən əvvəlcə inqilabın içinə girməmişdim. Bütün daşıdığım vəzifələri sizə olan səmimi əlaqəm səbəbinə ifa edirdim. Çox keçmədi ki, mən özüm inqilabın ruhuna girdim, onda öz duyğum və vicdanımla vəzifə götürdüm. Bizim vəzifəmiz səngərdə vuruşmaqdan daha qorxuludur. Biz qorxulara nə üçün qatlaşırıq?

– Əlbəttə, gələcəkdə inqilabın qələbəsi üçün.

– Çox təəssüf edirəm ki, bu inqilabın qələbəsi yoxdur, çünki inqilab cərgəsində duranların doxsan faizi inqilabçı deyildir. Bu gün konsulxanada inqilabın başında duran və dəyərli simaları haqqında danışıb gülürdülər. Bir çox xırda mülkədarlar, alışverişçilər, ruhanilər, hətta böyük sərvətdarlar belə inqilabın kölgəsində dolanır və öz mənfəətlərini bununla müdafiə edirlər. Sizdən soruşuram: Ağa Rza gəncəlilər kimdir?!

– Onlar böyük mülkədardır. Torpaq üstündə başlanan üsyanın qəhrəmanı olan Haqverdinin qatilləridir. Bunlar Gər-gər və Baxşayiş kimi kəndləri yeyib, indi də Gər-gərin qonşusundakı Ələmdar kimi bir şəhəri qəsb etmək istəyirlər.

– Bu cür qatilin adını da mücahidlərin sırasında oxuyub gülürdülər. Mən bilirəm ki, mücahidlər sırasında təmizlik aparılmadan heç bir qələbə əldə etmək olmaz.

– Bu da mümkün deyildir, çünki o vaxt Səttar xanın başında çox az adam qalar.

– Camaat avam, başdakılar elmsiz, tənbəl, xeyrini biləndir. Bununla siz haraya getmək istəyirsiniz?

Mən bu sözləri dinləyib nə cavab verəcəyimi bilmirdim, çünki Nina mühiti lazımi qədər öyrənmişdi. O, bizi çox gözəl tanıyırdı. Ona daha başqa cavab vermək olmazdı. Nina dediyi sözlərin eynini bu gün çıxan “Mücahid” qəzeti də yazmışdı. Qəzeti çıxardım. Ninaya tərcümə etməyə başladım.

“Nəmişəvəd!

Bəndə hər vəqti ki, cəhalət və ətaləti-mərdumra mibinəm, hər vəqti ki, laqeydi və kəsalətiyi-sərpərstanra mülahizə minumayəm, bilaixtiyar miguyəm ki, nəmişəvəd”[17].

Nina bundan sonra daha tənqid etməyirdi. Yorğunluğu gözlərinin altında düşən qara halqadan bəlli olurdu. Doğrudan da Ninanın öhdəsinə götürdüyü vəzifə həddindən artıq ağır idi. Onun mübarizə apardığı ünsürlər çox sadə və aciz adamlar deyildi. Bu gənc qız Babayev Fətulla xan kimi casusluq və xəfiyyəçilik məktəbi keçən, Mirzə Ələkbər xan kimi məşhur bir diplomatla baş-başa vurur və onların əlindən gizlin sirləri qapmağa çalışırdı. Nina bu günə qədər öz işində nə səhv etmiş, nə də tənbəllik göstərmişdi. Bütün sirləri ələ gətirmişdi.

Çox danışılası sözlər vardı. Ninanın xəstəliyi uzun söhbətə müsaidə vermirdi. Buna görə də saat birdə qalxıb getmək istədim. Nina məni qapıya qədər yola salaraq:

– Bəlkə də mən sabah işə çıxmadım. Nahar yeməyinə evə gələrsiniz, – deyib qayıtdı.

İki gündən bəri Tütünçüoğlunu görməmişdim. Onu evindən soruşmaq üçün yolumu Əhrab məhəlləsindən saldım.

Qapılarını döydüm. Anası Nazlı xanım qapıya gəldi. Məni görüb oğlunu soruşdu.

– Mən onu iki gündür görməmişəm! – dedikdə Nazlı xanım ağlayaraq:

– Sallax Süleyman onu aldadıb aparıb. Qorxuram başına bir iş gəlsin. Oğlumu səndən istəyirəm, – dedi.

İndi onu kimdən xəbər almalıyam? Təbriz böyük, gecə saat ikinin yarısı. Burada kimi tapmaq olar? Qadına xatircəmlik verib qayıtdım.

Mən Küçə-bağ tərəfə getməyə başladım. Səhəngzadəyə rast gəldim, Tütünçüoğlunu soruşdum. O, Sallax Süleymanla gördüyünü, yaxın evlərin birində kef çəkdiklərini xəbər verdi.

Sərhəngzadəni qaytarıb düz-doğru kef məclisi qurulan yerə getdik. Qaranlıq bir dalandan keçdik. Sərhəngzadə dar və alçaq bir çaxçaxını vurdu. Yoğunbığ bir kişi qapıya gəldi. Sərhəngzadəni tanıdı. Tütünçüoğlunun burada olub-olmamasını soruşduqda:

– Bəli buradadır. Başqa qonaqlar da vardır. Buyura bilərsiniz, – dedi.

– Xeyr! – dedim, – işimiz vardır. Yalnız Tütünçüoğlunu aparmaq üçün gəlmişik.

O, qayıdıb getdi. Sərhəngzadə bunun köhnə mütrib saxlayan Səməd dayı olduğunu xəbər verdi və burada hər cür əxlaqsızlığın baş verdiyini söylədi.

Bir azdan sonra Tütünçüoğlu, Sallax Süleyman və başqaları qapıya gəldi. Onlar bizi içəri aparmaq üçün olmazın andlar verdilər. Biz içəri girmək istəmirdik. Girməməyi də qət etmişdik. Lakin Sallax Süleymanın:

– Qorxmayın, sizin başınızdan bir tük əskik olmaz! – deməsi Sərhəngzadəni içəri girməyə məcbur etdi, çünki öz iyidliyinə məğrur olan Sərhəngzadə Sallax Süleymanın bu sözünü heç vaxt götürə bilməyəcəkdi.

Mən həm Sərhəngzadəni, həm də Tütünçüoğlunu tək buraxıb qayıtmağı vicdanıma sığışdıra bilmədim, çünki bunların hər ikisi mənim inanılmış tanışlarım idi. İçəri girdik. Kiçik bir xiyabandan dolanıb yarımqaranlıq bir dəhlizə girdik. Səməd dayı pərdəni qaldırıb “buyurun!” dedikdən sonra içəri girdik. Kiçik bir otaq böyük lampalarla işıqlanmışdı. Otağın quruluşu buranın yalnız kef üçün düzəldiyini göstərirdi. Otaqda xalçadan, şərab şüşələrindən, piyalələrdən, mizlərdən, tardan, kamançadan başqa şey gözümə dəymədi. Otaqda bizdən başqa 6 nəfər müsəlləh adam vardı. Hər nəfərin də yanında üzüörtülü bir qadın əyləşmişdi.

Biz içəri girdikdə hamı ayağa qalxdı. Birağızdan:

– Səfa gətirmisiniz, gözümüz üstündə yeriniz vardır, – deyə yer göstərdilər. Mən hər ehtimala qarşı hazır olmaq üçün pəncərənin qabağında oturdum. Yanımda rus naqanı, iki dənə də kiçik əl bombası vardı.

Bizə içki təklif etdilər. İçkiyə meylimiz olmadığını söylədik. Bunlar içirdilər. İçkiləri yalnız araqdan ibarət idi. Hər kəs piyaləni araqla doldurub yanındakı qadın

aşnasına verirdi. Qadın isə üzündən ağ örtüyün ucunu qaldırıb piyaləni içir və geri qaytarırdı. Deyəsən yemək şeyləri yox idi. Hamı içdikdən sonra şor qabaq toxumu çırtlayırdılar. Bizə çay gətirdilər. Aralıqda qızarmış odla dolu bir manqal da qoyulmuşdu. Qadınlardan birisi tiryək çəkirdi. Qadının özü hoqqanın ucunu rübəndin altında tutub sümürür, yanındakı kişi isə maşadakı odu hoqqanın deşiyinə yapışdırılmış tiryəkin üzərinə tutmuşdu.

Bunların hamısı mücahid idi. Tüfənglərini oturduğum pəncərənin yanındakı bucağa söykəmişdilər.

Sərxoşluq artırdı. Onlar özlərini ağır tutmağa çalışsalar da, sərxoşluq buna imkan vermirdi. Mən və Sərhəngzadə Tütünçüoğlunu qaldırmaq üçün bir neçə kərə işarə etdiksə də mümkün olmadı.

İçki davam edirdi. Bu halda dörd nəfər qadın içəri girdi. Qadınların biri oxuyan, ikisi tar-kamança çalan, dördüncüsü də rəqqasə idi.

Qabaqca çalıb oxudular. Oxuyan qadını Dilaram deyə səsləyirdilər. Qadının bir azca çopuru vardı. Buna baxmayaraq gənc və məlahətli idi. Qiyafəsi iranlı qiyafəsi deyildi. Tehranlı olduğunu söyləyirdilər. Hafiz Şirazinin qəzəllərini çox düzgün oxuduğundan savadlı olduğu aydın idi. Fars qızı idi. Azərbaycanca danışa bilmirdi. “Mən oxuyar”, “mənim bilmirəm” kimi sözlərlə azərbaycancanın qol-qabırğasını qırıb danışırdı. Sonra rəqqasə də ortalığa düşüb oynadı. Qollarını çirkin bir tövrlə sallayaraq oynayırdı.

Məhəmmədağa adlı bir gənc iki qadının arasında oturmuşdu. Məhəmmədağa çox kefli idi. Əlini atıb yanındakı qadının örtüyünü götürdükdə:

– Vay sənin məzhəbini... Tutu sənsənmi? – deyə əlini xəncərinə atdı. Sallax Süleyman isə bunun xəncərini alıb özünü döydü.

Tutunun Məhəmmədağanın qadını olduğu və Sallax Süleymanla kefə gəldiyi aydınlaşdı. Bir neçəsi də durub Məhəmmədağaya kömək çıxmağa başladı. Mən burada böyük fəlakət törəyəcəyini, heç olmasa qadınlardan bir neçəsinin tələf olacağını yəqin etmişdim. Vuruşma qızışdı. Hamı yüyürüb bucaqdan tüfəng götürmək istədikdə ayağa durdum, bombanı çıxardım:

– Əllərinizi yuxarı qaldırın! Yoxsa hamınız tələf olacaqsınız! – dedikdə hamısı yerində quruyub qaldı. Sərhəngzadə onların hamısını tərkisilah etdi. Silahları götürüb mənim mənzilimə yola düşdük.

* * *

Səhər saat 10-da İnqilab Şurasının iclası çağrılmışdı. Çoxdan bəri evinə qapanmış Hacı Mehdi ağa da iclasda iştirak edirdi. Yenə də taxıl və mücahidlər sırasında təmizlik aparmaq məsələsi müzakirə olunurdu.

Mən gecə gördüyüm rüsvayçılıqdan, mücahidlərin sərxoşluq və əxlaqsızlıq etməsindən söz açıb təmizlik aparmaq haqqında danışdım.

Hacı Mehdi ağa danışdı. Səttar xanın danışdıqları yenə də həmişəki sözlərdən ibarət idi.

“Biz təmizlik apara bilmərik. Pis vaxtdır. Biz əllaf deyilik. Buğda ticarəti ilə məşğul olmağa vaxtımız yoxdur. Hər kəsin taxılı varsa satacaqdır. Ölüsünün goruna tökməyəcəkdir ki” – deyə əvvəlki sözlərini təkrar edirdi.

 

Təbriz üzərinə hücum

Nina faytonda gedirdi. Onu konsulun nökərlərindən biri yola salırdı. Bu vəziyyət, yaxında bir təhlükənin meydana çıxacağını göstərirdi. Mən tələsik Ninanın yanına getdim. Evinə girdikdə, o, hələ paltosunu çıxarmamışdı. Onun həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. Məni görən kimi:

– Bu gün işi bitirəcəklər. Rus himayəsində olanlar Eynüddövlənin istiqbalına hazırlanırlar. Ziyafətdə iştirak edənlərin siyahıları da tutulmuşdur. Bir azdan sonra ümumi hücum başlanacaqdır, – dedi.

Biz bu söhbətdən sonra ayrıldıq. Nina Mirzə Ələkbər xanın evinə, mən isə İnqilabi Şuraya getdim.

Saat 12-də yaylım atəşi açıldı. Bağır xan Səttar xanı istəyirdi. Bağır xan ümumi hücum başlandığını xəbər verib bombaçıların göndərilməsini rica etdi.

Səttar xan atlandı. Bombaçılar da 20 dəqiqə əvvəl cəbhəyə getmişdilər. Biz də getdik. Müharibə Xiyaban məhəlləsindən başlayıb Əmraxiz məhəlləsinə qədər 7 kilometrlik bir məsafədə gedirdi. Bir-birinin qarşısında qurulmuş bütün səngərlərdən atəş açılırdı.

Düşmən bütün gücünü Bağır xan qüvvələrinin yerləşdiyi Xiyaban cəbhəsinə toplamışdı. Gün batanda Eynüddövlənin Şatranlı atlıları şiddətli hücuma keçdi. Eynüddövlənin topları Xiyabanın hər tərəfini döyməyə başlamışdı. Bağır xanın topları da cavab verirdi.

Şatranlı atlıları dar keçidlərdə qurulmuş səngərləri ala bilmədilər. 25 nəfər tələfat, bir çox yaralı verdikdən sonra çəkilməyə məcbur oldular.

Xiyaban müharibəsi davam etdiyi zaman, İstambul darvazası tərəfindən ağır top atışmaları eşidilirdi. Əmraxiz mühitini qalın barıt tüstüsü bürümüşdü. Mən ancaq bu gün Səttar xanın möhkəm, şaşırmaz və arslan ürəkli bir zat olduğunu gördüm. Səttar xan atlı olaraq 7 kilometr məsafədə düşən hərbi cəbhəni bir kərə deyil, dəfələrlə gözdən keçirir, əmrlər verirdi.

Biz hələ Xiyaban cəbhəsində məşğul ikən İstambul darvazası cəbhəsində Eynüddövlə ordusunun az bir tələfatdan sonra çəkilməyə məcbur olduğu xəbərini gətirdilər.

* * *

Bu gün Ninanı vədə verilmiş vaxtda görə bilmədim. Barmağım yaralanmışdı. Onu bağlatdırınca axşam saat beş olmuşdu. Yaralananlar xəstəxanaya, ölülər isə yaxındakı məscidlərə toplanırdı. Saat beşdə Ninanın evinə getdim. Nina məni görərkən “nə var, nə yox?” – deyə sözə başladı.

– Eynüddövlədən xəbərin oldumu?

– Təzə xəbərmi var?

– Eynüddövlə bugünkü müharibədən sonra Sahib-divan bağında oturmağın təhlükəli olduğunu görüb Nemətabada çəkildiyini general konsula xəbər verdi.

– Yalnız bumu?

– Eynüddövlə öz göndərdiyi xəbərində, belə deyir: “Təbriz ətrafında duran hökumət ordusu çürük bir qüvvədir. Bu cür bir qüvvə ilə Təbrizi götürməyin mümkün olmadığı mənə məlum oldu. Şahsevən, Maku, Xoy, Qaradağ, Tehran, Bəxtiyari, Devran, Keykavənd, Xəmsə, Sərab qoşunları gəlib çıxdıqdan sonra hökumət ordusunun miqdarı 40 minə varacaqdır. Hazırda Təbriz içərisində olan müsəlləh qüvvələr, hökumət ordusundan miqdarca bir neçə kərə artıqdır. Bunlara mövqelərinin möhkəmliyi də yardım edir. Xüsusən, inqilabçıların əlində fişəng və bomba qayıran maşınlar olduğu üçün hücum edən qüvvələrə çox tələfat verirlər”.

Nina bunları danışırkən onun inqilaba nə qədər dərin bir rəğbət bəslədiyini görüb mən çox sevinir və bu qəhrəman qıza fəxrlə baxırdım. Nina danışdıqca onun keçmişi gözümün qarşısında canlanırdı. Yanımda iki Nina görürdüm. Bunun biri, siyasət bilməyən, qəzet oxumayan Nina, ikincisi isə bütün varlığını inqilaba və əzilmiş kütlələrin səadəti yolunda mübarizəyə qurban verməyə hazır olan Nina idi.

Mən onu daha da şadlandırmaq və əmin etmək üçün inqilab qüvvələrinin yerləşdiyi mövqelər haqqında məlumat verməyə başladım.

– Eynüddövlənin Əmiraxiz üzərində hücumunu qırmaq və bütün hücum dairəsini atəşə tutmaq üçün, Hacı Mir Bağır bağının yanlarında yeni sistemli ağır toplar yerləşdirilmişdir. Bunlardan çox qabaqda yeri heç vəchlə düşmənə məlum olmayan iki uzaqvuran top qurulmuşdur. Bağır xan cəbhəsini təmin etməkdən ötrü Göy məscid və Maralanda da yeni toplar qoyulmuşdur. Ərk tabyələrində, Ərkin damında hücuma fürsət verməyəcək qədər ağır və yüngül toplar yerləşdirilmişdir. Vəziyyətin ağırlığını nəzərə alan Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri axın-axın gəlməkdədir. Bakı işçiləri inqilaba rəhbərlik etmək işinə çox yardım göstərirlər. Topları müharibə görmüş qafqazlılar idarə edirlər. Bomba, patron cəhətindən heç də korluq çəkilmir.

– Əcəba, Səttar xan Qafqazdan gələnlərin rəhbərliyinə razı olurmu?

– Razı olur, yaxşı əlaqə də saxlayır. Fəqət buna lazımınca əhəmiyyət verilmir. Bu da işlərin plan üzrə getməsinə mane olur. Səttar xan sosial-demokratların nə dediyini və buraya nə məqsədlə gəldiklərini indiyədək o qədər də

anlaya bilməmişdir.

– Bağır xan necədir?

– O, nəinki Qafqazdan gələnlərə, hətta Əmiraxizdən gələnlərə, Səttar xanın özünə də əhəmiyyət vermir. O, yerli qafqazlılarla əlaqədədir. Biz bu adamların vasitəsilə ona yardım edirik. Bu nöqsanlarını nəzərə almayacaq olsaq Bağır xanda çox böyük bir mətanət vardır. O, heç bir qorxu hiss etməyən adamlardandır. Bağır xan çətinlik artdıqca əzm və mətanətini artıran, ölümə vəhşicəsinə gedən, qurşunlara qarşı ağzını açıb irəliyə doğru bağıran bir adamdır. Bunda inqilabın ən qiymətli bir xüsusiyyəti vardır ki, o da kəskin iradəyə və yenilməz mətanətə malik olmasıdır.

Gecə qaranlıqlaşırdı. Bir güllə səsi belə eşidilmirdi. Təbrizin kərpic damları yenə qalın dumanların qoynuna girib uyumuşdu. Bu heç də qurşun səslərindən arı yuvasına bənzəyən Təbrizə bənzəmirdi.

Lakin Nina bu gecəni heç də uyumaq istəmirdi. Onda dərin bir ruh yüksəkliyi var idi. Bala Məcidimiz də hələ yatmamışdı. Mürəbbiyəsi Səltənət bəyim ona nağıl söyləyirdi.

“Min bir gecə” dastanının qucağında doğulan Şərqin bu cocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digəri üzərinə düşməyə başlayırdı. Divardan asılı saatın milləri bir-birinin üzərində durduğu və saat 12-ni vurduğu zaman Məcidimiz də qara kipriklərini bir-birinin üstünə töküb Səltənət bəyimin qucağında uyumuşdu.

Səltənət bəyim birinci İran pionerini yatağına aparırkən biz də Nina ilə uşağın gələcəyini düşünür və onu təmin etmək üçün planlar çəkirdik. Nina birdən-birə:

– Aparacağam, – dedi. – O, mənim oğlumdur. – Nina bu sözdən sonra yenə fikrə getdi. – Lakin bilmirəm, axırımız necə olacaqdır? – deyə başını çiynimə söykədi.

– Qorxma, getdiyimiz yol əyri yol deyil, çox şərəfli yoldur. Bizə də bu lazımdır.

O, daha dinmədi. Lakin bir azdan sonra haman sözünü bir daha təkrar etdi. Şübhəsiz ki, o bizim aramızdakı həqiqi əlaqənin sonunu bilmək istəyirdi. Lakin gənc və namuslu qız bunu aydın deməyə həm utanır, həm də cəsarət etmirdi.

Zatən onda hər bir qadına məxsus olan soruşmaq, bir şeyi nə olursa-olsun öyrənmək, hətta kişidəki gizlin sirrləri almağa çalışmaq kimi xasiyyətlər yox idi.

Çox qəribə burasıdır ki, Nina mənim kim və haralı olduğumu da bilmirdi. Doğru adım, familiyam belə ona məlum deyildi. O, soruşmayırdı. O, başqa qadınlar kimi kişilərdən gündəlik raport istəməyi sevmirdi.

Mən isə gənc qızın gündəlik həyatını xoş keçirmək üçün imkan tapmırdım. Bunun üçün də mənə hər cəhətcə sıx əlaqə bağlamış gənc Nina nə edəcəyini bilmirdi. Onu bir çoxları sevirdi. Sevənlər isə ona hər bir imkan yarada biləcək adamlar idi. Onun ayaqları altına ipək xalçalar döşəyənlər, əlindən yerə buraxdığı dəyərsiz kağızları öpüb qoynunda yadigar saxlayan kişilər də var idi. Nina bunları nəinki rədd edir, hətta onları bir daha sevgi sözlərini təkrar etməmələri üçün təhqir edirdi. Buna görə də bizim müəyyən olmayan həyatımız onu darıxmağa və düşünməyə məcbur edirdi.

Otağın içində dolaşırdı. Arabir şkafdan bir şey götürərək, masanın üzərinə qoyub yenə aparırdı. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bir-birini təqib edirdi. Axırda gəlib mənim yanımda oturdu.

– Məni heç bir şey yormaz. Lakin çox düşünmək məni yorur, – dedi.

Yenə də düşünməyə başladı. Ruh yüksəkliyinə malik olan bu qızın birdən-birə dəyişməsi məni heyrətə saldı:

– Nəyi düşünürsünüz? Sizin üçün hər şey mümkündür.

– Mənim üçün heç bir şey mümkün deyildir. Mənə mümkün olanlar hər kəsə mümkündür. Hər şey var, lakin heç bir şey də yoxdur.

– Nə səbəbə yoxdur?!

– Onun səbəbini məndə yox, özünüzdə aramalısınız!

Nina yenə də açıq danışmağa utanırdı. Çöhrəsi tez-tez dəyişir və o dəyişmələrin hər biri onun ürəyində yeni bir fikir doğduğunu hiss etdirirdi.

Güzgüyə baxmış olsaydım, şübhəsiz öz çöhrəmdə də o vəziyyəti görəcəkdim.

Mən də düşünür, öz-özümə sual verirdim: “Bu gözəl qız kimdir? Bu nə üçün və nə səbəblərlə mənimlə bu qədər sıx əlaqə yaratdı?! Bu zəngin və meşşan bir ailədənmidir? Bunun inqilaba olan bu sıx əlaqəsi bir sevginin nəticəsindəndirmi? Qız məni sevir, sevdiyi üçün də mən gedən yolu davam etdirməkmi istəyir? Mən buna nə üçün öz qarşılıqlı sevgimi bildirdim? Qızı nə üçün gələcək səadətindən məhrum edirəm? Bəlkə də qız bir nəfərlə ailə düzəldəcək və səadətli günlər görəcəkdir”.

Bunları düşünərkən masa üzərində durmuş kiçik albomu götürüb vərəqləyirdim. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı foto şəklini gözdən keçirdim. Müxtəlif vəziyyətlərdə aldırdığı şəkillərə də baxdım. Ona yadigar verilmiş mütəəllimə fotoları da, “qiymətli yoldaşımıza yadigar” yazıları ilə gözümə dəyirdi.

Albom yarı olmuşdu. Albomda qoca, olduqca zəif, nəhayət dərəcədə fəqir paltarda olan bir işçi fotosu da gördüm. Bu şəkil mənim diqqətimi cəlb etdi.

Nina çayı gətirib yanıma qoyduqda, gözü alboma sataşdı:

– O fəqir mənim atamdır. Bu üstü-başı tökülmüş işçi bizim bəxtsiz ailənin başçısı idi. Bizim ailəmiz heç vaxt xoş gün görməmişdir. Mən özüm də görməyəcəyəm. Məni də düşündürən budur, – deyərək, məyus gözlərilə baxırdı.

Nina bunu deməklə, bütün keçmişin məlun dəqiqələrini sanki bir saniyədə xəyalından keçirdi. Qızardı, titrədi. Mən isə sevinirdim. Bu şadlıqdan ürəyim döyünərkən səsini belə eşidirdim. Mənim dostum, mənim inqilab yoldaşım olan Nina öz sinfi simasını aydıncasına göstərdi.

Nina durdu, şkafdan kiçik bir çamadan çıxardı. Oradan atasının, anasının, bibilərinin, öz cocuqluğunun cürbəcür fotolarını göstərdi və izahat verdi.

Nina bunlardan sonra öz həyatından çox qəmgin lövhələr söyləməyə başladı:

– Atam toxucu fabriki işçilərindən idi. Riqa toxucu fabriklərində düzələn tətillərin hamısında təşkilatçı vəzifəsini aparırdı. O, ilin çox vaxtını xəstə yatırdı. Vərəm xəstəliyi vardı. Həyatımız çox ağır keçirdi. Təzə paltar geydiyimiz, yağlı və isti xörək yediyimiz çox az olurdu. Fabrik direktorları atamı görmək istəməzdi, çünki həmişə işçilərin tələblərini fabrik müdirlərinə atam təqdim edər və inad göstərərdi. O, tez-tez işdən qovulur və həbsə alınırdı. Atamın bacıları çox gözəl idi. Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışdı. Kiçik bibimi süd pristavı, böyük bibimi isə paroxod kapitanı almışdı.

– Sizə yardım edirdilərmi?

– Kapitanın övladı olmayırdı. O, biz iki bacını aclıqdan qurtarmaq üçün övladlığa qəbul etmişdi. Buna atam rəhmətlik razı deyildi. Anam isə “uşaqları acından öldürə bilmərəm”, – deyə atamı buna məcbur etmişdi. Kiçik bibimin əri bizi yaxınına qoymazdı. Onun atamı görməyə gözü yoxdu. O, bibimi də qardaşına yaxın gəlməyə qoymazdı. Bir neçə kərə bunun üstündə bibimi boşamaq belə istəmişdi. O, həmişə öz tanışlarına rast gələndə – uşaqlarım olmasaydı, bu cür rəzil və xain adamın bacısını bir dəqiqə də olsa evimdə saxlamazdım, – deyirdi. Kapitan belə deyildi. O, bizi sevirdi, hərdən atama acığı tutanda: “Bu cür işlərdən çəkin, faydası yoxdur”, deyərdi. Kapitan musiqini çox sevərdi. Onun üçün də bizi musiqi məktəbinə vermişdi. Məktəbi gözəl bitirdik, ictimai vəziyyətimiz nəzərə alınmasaydı, hər ikimizə qızıl medal veriləcək idi. Bizim məktəb bitirməyimiz 5-ci il inqilabının dəhşətli günlərinə təsadüf etdi. Atam bu inqilabda çox yaxından iştirak edirdi. İnqilab məğlub olduqdan sonra atamı həbsə aldılar. Ölüb-qaldığından xəbərimiz olmadı. Bunun üçün də inqilabdan gözüm çox qorxmuşdu. İnqilaba qoşulan adamlara çox yazığım gələrdi. Atamın nə çəkdiyini görmüşdük. Bunun üçün kapitan daima bizə tapşırıb deyərdi:

– Atanızın taleyindən ibrət alın!

O, bizi qəzet oxumağa qoymazdı. Biz yalnız musiqiyə aid əsərlər oxuyurduq. Ara-sıra romanlarla da məşğul olduğumuz vardı. Mən hərdənbir kapitanın kitablarını arayıb içindən quldurluğa, qəhrəmanlığa, vurub-yıxmağa, casusluğa aid kitabları tapıb oxuyurdum.

Kapitanın özü də bu kimi kitabları sevirdi. O, daima səfərə çıxanda özü ilə bərabər belə kitablardan çamadan dolusu aparırdı.

– Kapitan hazırda sağdırmı?

– Yox, sağ deyil. Atam qeyb olduqdan sonra kapitan da Dansik limanında balıqdan zəhərlənib öldü. Biz işləyib onun qadınını da saxlaya bilərdik. Lakin bizə iş vermirdilər. Dərs götürmək üçün bir çox yerlərdə anket doldururduq. Atamızı hökumət xaini adlandırıb, anketlərimizi geri qaytarırdılar. Yaşamaq heç də mümkün deyildi. Bibim ərinin ölməsi münasibətilə özünə veriləcək təqaüdü belə almaq mümkün olmadı. Onu da bizim bədbəxtliyimiz basmışdı. “Xain familiya”ya mənsub olduğu üçün təqaüd verməkdən boyun qaçırdılar. Anam günəmuzd dəmiryol stansiyasında vaqonlardan daş kömür boşaldırdı. Aldığı maaşla dolanmaq mümkün deyildi. Əynimiz-başımız tökülmüşdü. Dilənçi halında idik. Kiçik bibimin ərinə (süd pristavına) iş üçün, yardım üçün müraciət etdik. O, bizi qovdu. “Qulluğuma, vəzifəmə zərəriniz toxunar. Mənə yaxın gəlməyin”, deyə bizi rədd etdi və məhv olmuş atamı da çox fəna sözlərlə xatırladı.

– Evlərdə dərs götürmək mümkün deyildimi?

– Dərs vermirdilər. Üst-başımıza baxıb ev sahibləri bizi qapıdan qaytarırdı. Nəhayət, paltar yumağa, uşaq dolandırmağa, başqa ev işləri görməyə razı olduq. Bir neçə aristokrat evlərinə işə girdik. Bu da uzun zaman davam etmədi.

– Nə üçün?

– Bəzən gözəlliyin özü də qadının bədbəxtliyinə səbəb olur. Bizi ev sahibləri və aristokrat qadınları öz ərlərinə qısqanmağa başladılar, bir həftə işləmədən bayıra

atdılar. Çox tez-tez xidməti dəyişirdik. Lakin həmin səbəblə də bayıra atılırdıq. Hətta bəzi ailələrdə oğul ilə ata arasında rəqabət başlanırdı. Bizə sevgi elan etdiklərindən evin başçısı olan qadın bu bəladan qurtulmaq üçün bizi evdən qovurdu. Xeyli vaxtdan sonra kiçik bibimin əri bizi xəlvətcə evinə çağırdı. Bir qəzeti əlində tutub dedi:

– Təbriz rus konsulxanasında, konsulun uşaqlarına dərs vermək üçün iki nəfər musiqi müəlliməsi lazımdır. İran uzaq bir məmləkət olduğu və mədəni olmadığı üçün oraya gedən yoxdur, çünki xalqı çox vəhşidir. Əyər gedən olsaydı, bu elanı təkrar verməzdilər. Gedə bilərsinizsə sabah gəlin, mən düzəldə bilərəm.

Mən razı deyildim. Qorxurdum. İraida məni məcbur etdi. Biz haman yerə getdik. Bizə iki yüz manat pul verdilər. Köhnə paltar satılan bazara gedib əynimizə münasib paltarlar aldıq. Anamın və bibimin yanında da xərclik qoyduq. Bir az para ilə yola düşdük. Riqadan İran hüduduna qədər paramız tamamilə bitmişdi. Hətta fayton və avtomobil parası belə qalmamışdı. Tamamilə çarəsiz bir halda idik. Sizə rast gəldikdə özümüzü itirmişdik. Biz Riqadan çıxandan bəri İranı cürbəcür şəkillərdə xəyalımıza gətirirdik. Meşələr, dağlar, quldurlarla dolu olan mağaralar, insanı tutub aparan vəhşi və ibtidai insanlar nəzərimizə gəlirdi. Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum. Mən heç vaxt inqilaba qoşulacağamı düşünməzdim. Fəqət sinfi duyğum məni atam gedən yola çağırdı. Bunun bir səbəbi də sənsən.

– Nə kimi səbəb ola bilər?

– Qadın nə olursa-olsun, sevgi onun bütün düşüncələrinə hakimdir. Hələ indiyə qədər bu hakimiyyəti poza biləcək bir qadının olacağına şübhə edirəm. Mən bu hakimiyyəti birinci gündən pozmağa çalışdım. Mümkün olmadı. Sən öz inqilabi simanla da məni özünə bağladın. Lakin sən...

Nina sözünün axırını demək istəmədi. O, yəqin ki, “Lakin sən məni, mənim kimi sevməyirsən” demək istəyirdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info