Qonaq Kitabı
Birinci hissə

– Evi öyrənmişəm. Cansız şeylərin hamısını təhlil edə bilərəm, lakin mənimlə çoxdan bəri tanış olan, hər bir imkan və səlahiyyətə malik olan bir adamı öyrənə bilmədim.

– Mənimi?

– Bəli, səni!

– Əcəba, mənim kim olmağım sənə aydın deyilmi? Sənə bəslədiyim sıx münasibəti təyin edə bilmədinmi?

– Təyin etsəm də, ona müəyyən bir şəkil verə bilmədim. Bunda aciz qaldım. Sən çox iradəli adamsan. Dəmir adamsan. Atamın da iradəsi belə idi. Bu iradə bolşevik iradəsidir. Bunu heç kəs sındıra bilməz. Bilmirəm bolşeviklərin hamısındamı belə iradə vardır?

– Bilmirəm. Mən bolşeviklərlə heç vaxt oturub-durmamışam.

– Kim bilir, bəlkə mən aylardan bəri bir bolşeviklə üz-üzə otururam. Bu iradə yalnız bolşevikdə ola bilər. Qızlar bu iradə sahibini daha tez sevə bilərlər. Doğrusunu söylə, sən bolşeviksənmi?

– Mən bolşevik ola bilsəydim, doğrudan da özümü iradəli bir insan hesab edərdim. Mən bolşeviklər haqqında çox eşitmişəm. Lakin hər mənim kimilər bolşevik ola bilməz. Hər kəs də bu adı daşımağa layiq deyildir. Bolşevik nə aldanır, nə də təslim olur. Bolşevik öhdəsində olan firqə vəzifəsini həyatının birinci planına keçirir. Qalan işlər isə ikinci dərəcədə qalır.

– Çox gözəl. De görüm, bolşevikdə sevgi olmazmı?

Nina yenə də konsulxanadan, başqa-başqa yerlərdən danışaraq sonra məsələni gətirib əvvəlki yerə çıxarmışdı. Yenə də sevgidən bəhs edir, yenə də məni öyrənməyə çalışırdı. Ona qarşı sükut etmək yaramazdı. Cavabında dedim:

– Bolşeviklərdə sevgi hissi daha səmimidir. Onların sevgisi daha sağlam, daha da safdır. Eşitdiyimə görə, bolşeviklər qadınları çox sevir, fəqət tam mənası ilə bir yoldaş və cəmiyyətin üzvü kimi sevir. Bolşeviklər qadının cəmiyyətdə ən aktiv işçi olduğunu iddia edirlər.

– Doğru deyil. Qadın kişi qədər həyatda yaradıcılıq göstərə bilməz.

– Mən də əvvəl belə düşünürdüm. Lakin sonradan bildim ki, bolşevikliyi yaradanlar o həyatda iştirak edə biləcək bolşevik qadınlar da yaradacaq və onların vəzifələrini lazımınca təqsim edə biləcəkdir.

– Onda qadında heç incəlik qalmaz.

– Bolşeviklər incəliyin əleyhinə deyillər. Onlar qadınlığın tələb etdiyi hər bir incəliyi qadınlığa verir. Eyni zamanda onların bir əyləncə şəkli almasına mane olur.

Nina yenə də düşünməyə başladı. Təəccüblü bir halda:

– Mən, – dedi, – bolşeviklər haqqında çox düşünürəm. Lakin bu düşüncələr heç bir fayda vermir. Bolşevik tipi, bolşevik siması, mənim vaxtilə romanlarda tanış olduğum fantastik tiplər, gözəgörünməz simalar kimi qalır. Onları oxucunun gözündə həqiqətə çevirəcək heç bir vasitə yoxdur. Ona görə də bolşeviklər haqqındakı düşüncəm, bir romanın qəhrəmanına dair olan təsəvvürüm şəklini alır.

– Mən də sənin kimi düşünürdüm. Lakin günlərin birində bir nəfər tanışın əlində bir-iki bolşevik kitabçası gördüm. Bilmirəm o da haradan tapmışdı. Hərdən mən də gedib qulaq asdım. Oradan bir çox sözlər eşitdim:

– Sən o kitabları tapıb mənə verə bilərsənmi?

– Bilmirəm, gərək qabaqca o tanışımı axtarıb tapam. Bəlkə də kitablar qalır. Hərgah qalırsa, tapıb sənə verərəm. Amma nədənsə mən o kitablarla çox maraqlanmıram.

– Rica edirəm! Mən onları öyrənmək istəyirəm. Tapsan çox razı qalaram.

– Əmin ol! Bəlkə də tapdım.

Ayrıldıq. Konsulxanadan qafqazlılara aid olan vəsiqələr gətirilmişdi. Onları müzakirəyə qoymaq üçün Əncümənə getdim.

 

Məclisdə

Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında, məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar.

Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında Əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik.

Maku ordusunun inqilab tərəfində duran bu kəndi qətlü-qarət etdiyi, 28 nəfər öldürüldüyü, qalanları isə əsir götürüldüyü söylənilirdi. Maku ordusu 7 min atlı, piyada, beş Avstriya topu və bir çox müxtəlif sistemli silahdan ibarət idi. Ordunun başında İzzətulla xan, avacıqlı Heydər xan və Nəsrulla xan durur. Tehran ordusu Təbrizi üzük qaşı kimi aralığa almışdı. Ümumi müharibənin başlanacağı haqqında rus konsulunun Peterburqa və Tehrandakı rus səfirinə göndərdiyi şifrəli teleqramın surətini Nina həmin gün ələ gətirmişdi. Teleqramda belə yazılırdı:

“Təbriz son dəqiqələrini keçirir. Hökumət qoşununun miqdarı 30 mindir. 12 yeni və bir miqdar da əski top vardır.

Salar Ərfə, Seyfulla xan, Eyvazəli xan Qara Məlikdən, Maku qoşunları isə Acıçay, Qamışvan tərəfindən hücum edir. Bunlar Hökumabad, Səbğazan və Qaraağacı götürmək üçün çalışır. Hələlik Zərğam Nizam, Musa xan, Mədədəli xanvə Hüseyn xan min nəfər atlı ilə Seyid İbrahim məqbərəsi tərəfindən Ayrançı məhəlləsinə soxulmuşdur.

Bir bölük piyada Lekləri, ikinci bölük isə Saman meydanı təriqi ilə İstambul darvazasını götürmək üzrədir.

Surxab dağının ətəklərində yerləşdirilmiş toplar Sərdari-milli Səttar xanın mərkəzi olan Əmrəxizi aramsız bir surətdə topa tutur.

Bağır xanı tutmaq üçün Eynüddövlənin Şatranlı ordusu və Tehrandan yeni gələn ordunun süvari hissələri və Xəyaban və Maralan tərəflərinə soxulmaq üzrədir. Təbriz alındıqdan sonra nə cür hərəkət edəcəyimiz haqqında sərəncam gözləyirəm”.

Ən əvvəl Qamışvan tərəfindən hücum edən Maku ordusu sındı.

Səttar xan makululara hiylə edib Acı körpüsündən içəri çəkildi. Maku qoşunu şəhərə soxuldu. Onlar körpüyə yaxın Əmir karvansarasında yerləşdilər. Səttar xanın adamları divarları deşib karvansaranı mühasirəyə aldılar. Axşama qədər davam edən müharibədə makulular tamamilə məğlub oldu. Bütün hərbi ləvazimat şəhərin içərisinə daşındı. Dəvəçi və Əmrəxiz tərəfindən hücum edən Mədədəli xan, Musa xan, Hüseyn xan isə Zaqafqaziya işçilərinin bombaları qarşısında sovurulub geriyə atıldı. Burada bombalardan biri divara toxunub iki nəfər bombatan Zaqafqaziya işçisini tələf etmişdi.

Eyni zamanda bu bombanın bir parçası da hücum etməkdə olan Zərğam Nizamın bir gözünü tökdü.

Qaraməlik tərəfində toplanan salar Ərfə Seyfulla xan, Amanulla xan, Eyvazəli xan qüvvələri isə Maku ordusunun məğlubiyyətini görərkən çəkilməyə məcbur oldular.

Xəyaban məhəlləsinə soxulmaq istəyən Şatranlı ordusu da Maralan, Quruçay, Xəyaban məhəlləsinə soxulub toplarını təpələrdə yerləşdirməyə müvəffəq olmuşdu. Buradakı müharibə saat ikidən axşama qədər davam etdi. Bunlar da cəhənnəm maşınlarının dəhşətlərindən yaxa qurtarıb qaçmağa başladılar. Aparılan ölülərdən başqa 500 nəfər ölü buraxıb qaçdılar.

Bu gün Zaqafqaziya işçiləri İran inqilabının tarixində misli görünməyən bir qəhrəmanlıq göstərdi.

Gün batan vaxtı bütün cəbhələrdə sakitlik başlanmışdı. Biz gecə saat 10-dan gündüz saat beşə qədər yoldaşların basdırılması, yaralıların sarınması ilə məşğul olduq.

* * *

Çox yorulmuşdum. Mənzilimə gəlib yuyundum. Üstüm-başım qana və qanlı torpağa batmışdı. Əlbisəmi dəyişdim. Yemək istəyirdim. Gecə saat ondan indiyə qədər heç bir şey yeməmişdim. Bu gün çox qiymətli yoldaşlarımızı itirmişdik. Odur ki, əsəblərim çox xarab olmuşdu. Ninanın yanına gəldim. Gecə saat 12-nin yarısı idi. Mən içəri girərkən o, Məcidi yatırmaq üçün ona yemək verirdi. Məcid məni görməmiş yatmazdı. İçəri girərkən üzərimə atıldı. Qucağıma götürüb oxşadım. Danışdırdım. Fəqət əylənmək həvəsim yoxdu. Səltənət bəyim onu məndən alıb yataq otağına apardı. Heç bir söz demədən Ninadan çay istədim. Çay içdikdən sonra Səltənət bəyim yeməyi gətirdi. Onun öz otağına gedib yatmasını rica etdik.

Nina mənim pozğun və yorğun simamdan bir bədbəxtlik üz verdiyini duymuşdu. Onun üçün də sözü haradan başlayacağını bilmirdi.

Axırda xəfifcə gülərək dedi:

– Cəbhələrdə nə olubsa, bilmirəm. Ancaq konsulxanada olanları seyləsəm güləcəksən.

Nina ayağa durdu. Başını iki əlləri arasına alıb evdə sağa-sola dolaşmağa və konsulun hərəkətini təqlid etməyə başladı.

– Alçaqlar, qoyunlar, əclaf, yığma köpəklər. Beş-on cüt lotu-potunun, çırın-çıplağın öhdəsindən gələ bilmədilər. Mən səfiridə aldatmışam. Təbriz alınır deyə teleqram vurdum.

Hələ Nina oyununu qurtarmamışdı. Onu dayandırıb soruşdum:

– Bugünkü işi necə gördün?!

– Böyük qələbədir. Lakin konsul hələ də ümidini kəsməmişdir. Bu gün bütün ordu nümayəndələri ilə danışıq aparılacaqdır. Eynüddövləyə rus mənafeyinə toxunmamaq üçün müharibəni uzatması təklif olunacaqdır.

Hələ yeməyi bitirməmişdik. Yenə də şəhəri dəhşətli bir gurultu götürdü. Vidalaşıb Ninanın dediyi kitabları özünə tapşırmaqla çıxdım. İnqilab Şurasında böyük həyəcan vardı. Səttar xan nə evdə, nə də şurada yox idi. Eynüddövlə ordusundan bir alay qəflətən hücuma keçərək Məşq meydanını tutmuşdu. Şiddətli müharibə gedirdi.

Biz gecə saat birdə Səttar xanı cəbhədə tapdıq. Bu döyüş səhər saat beşin yarısına qədər davam etdi. İşıqlanarkən düşmən başıpozuq bir halda geri çəkildi. Vuruşmada düşmənlərdən 45 nəfər öldürülmüşdü.

* * *

Hər gün xırda çaxnaşma olurdu. Axırda Süpəhdar Məhəmmədəli şaha, belə teleqram vurmağa məcbur olmuşdu:

“Əlahəzrətə! Düvəli müəzzəmə konsulları məclisinin, əyalət əncümənin açılmasını və inqilabın bununla da yatırılmasını məsləhət görürlər. Hərgah qibleyi-aləm mərhəmət buyurursa, yeni intixablara başlanarsa, bununla da “dəyirmana su gələr və işləməyə başlar”, belə olursa, əlahəzrətin səltənəti nəslən bəd nəsil möhkəm olar.

  21 Şaban. Bəndəyi-kəmtərin Süpəhdar”

Məhəmmədəli şah da bu məzmunda bir teleqram vurub Süpəhdarı məzəmmət edirdi:

“Sizdən çox uzaqdır ki, dörd-beş nəfər şərarət sahibini tutub cəzasını vermədən Təbrizdə seçki başlanmasını təklif edirsiniz. Necə ki, şəri məşrutəni vermişəm, elə də məclis və əncümən bərqərar olacaqdır. Allahın mərhəmətindən Tehran şərarətçilərini dağıtdıq. Babi dinini nəşr edənlərin cəzasını verdik. Azərbaycan rahat olmayınca əncümən seçkisinə icazə verməyəcəyəm. Təbriz altından qayıdıb qaçan Maku ordusunun Təbriz müharibəsinə qayıtması üçün təşəbbüsdə bulunmalısınız”.

Yuxarıda göstərilən bu teleqramların hər ikisi öz yerinə göndərilmədən rus general-konsulunun əlinə keçmişdi. Rus konsulunun poçt-teleqraf idarəsində olan agentləri hər bir teleqrafı oğurlayıb gətirirdi, Nina isə bunları ya mütərcimlər masası və ya şifrə müdiri kabinetindən götürüb inqilabçılara verirdi.

 

Ninaya qarşı şübhələr

Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O, özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı.

Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə “Bolşeviklər kimdir və nə deyirlər?” adlı bir əsərdi.

Nina bu kitablarla çox maraqlanırdı. O, sinfin sinfə qarşı qoyulduğu üsuldan, siniflərin arasındakı iqtisadi təzadlardan oxuduqca həzz alırdı. O, xüsusən sinfi mübarizə yollarını öyrənir və mübarizə edən siniflərin kimlərə arxalandığını araşdırırdı. Nina yenə də məni görən kimi barmağını bir sətrin üstünə qoyub dedi:

– Bunlar tamamilə doğrudur. Lakin mən hazırda İranda mübarizə aparan siniflər arasındakı ziddiyyətin təfsilatını lazımınca təhlil edə bilmirəm.

– Əlbəttə, bu çətindir, çünki İran sənaye ölkəsi deyildir. Buradakı mübarizə bir tərəfdən kəndli, bazar əsnafı, xırda sənaye sahibləri, xırda burjuaziya, digər tərəfdən də böyük mülkədar, xırda feodallar, hakimlər arasında gedir. Bunun üçün də mübarizənin və ziddiyyətin şəkli tamamilə başqadır. Buna görə də İrandakı ziddiyyəti kitabdan deyil, təcrübədən öyrənməlisən.

* * *

Mən hər gün Ninanın yanına gedərkən ondan yalnız bu söhbətləri eşidirdim. Bir neçə gündən sonra onu evdə çox az görürdüm. Hər gün Təhminə xanımgilə getdiyini söyləyirdi. Axırda mən bu məsələ ilə maraqlanmağa başladım.

Təhminə xanımı hər gün görürdüm. Ninanın onlara məhəbbət bəslədiyini və bunun üçün də evlərinə tez-tez getdiyini xatırlatdım. Təhminə xanım evi təmizləyirdi. Başını qaldırıb üzümə tərs-tərs baxdı:

– Bəli, çox gəlir! – deyə işinə davam etdi.

Qadının bu qısa cavabından şübhələndim. Daha bir söz söyləmədim. Ninanı təqib etməyə başladım. Günlərin birində onun Təhminə xanımın evinə getdiyini gördüm. Bir azdan sonra 18-20 yaşında olan bir neçə gəncin də Təhminə xanımın evinə girdiyini gördüm. Şübhəm daha da artdı.

Əvvəlcə oraya girən gəncləri öyrənməyə çalışdım. Tütünçüoğlunu çağırdım. Qapıda qoyub bütün buradan çıxanların kim olduqlarını bilib mənə xəbər verməsini tapşırdım. Tütünçüoğlu ən inanılmış yoldaşlardan birisi idi. Xüsusən, onu Sallax Süleymanın əlindən qurtarmağım onun mənə olan məhəbbətini daha da artırmışdı.

Axşama bir saat qalmış Tütünçüoğlu ilə görüşdüm. O, mənə 7 nəfər gəncin siyahısını verdi. Bunlar xalça fabrikində çalışan yoxsul işçilərdi. Təhminə xanımın oğlu Həsənağanın yoldaşları idi.

Bu toplanış yalnız bir gün deyil, iki-üç gündən bir olurdu. Bu sirri yalnız Təhminə xanımdan öyrənmək mümkündü.

Təhminə xanıma və qızlarına paltarlıq almışdım. Yenə də adəti üzrə o, evi təmizləməyə gəlmişdi. Yuduğu alt paltarlarımı da gətirmişdi. Təzə aldığım paltarları verdim. Çox razı qaldı.

– Oğlum, gün o gün olsun ki, bu paltarları sənin toyunda geyib oynayaq, – dedi.

Mən tez cavab verdim:

– Ah, Təhminə xanım, daha mən kimə evlənəcəyəm? Hanı o qız ki, inanasan?

– Bəs Nina xanım nədir? Ondan gözəl qızı haradan tapacaqsan? Özünün də sənin sevgindən uçmağa qanadı yoxdur.

– Doğru deyirsən, Təhminə xanım. Bir az bundan əvvəl belə idi. Amma indi...

– Necə indi? İndi nə olubdu ki?

– Nə olacaqdır? Ninanı daha axşam-səhər evdə tapmaq mümkün olmur. Sizin evdə cavanları başına yığıb kefini sürür.

Bu sözü deyəndə elə bil ki, barıtı od tutdu. Təhminə xanım süpürkəni yerə atıb irəli gəldi:

– Bu cür sözləri danışma! Mənim evimdə o cür şeylər olmaz. Nina özü də elə qız deyil. İstəyirsən açığını deyim. Amma bir adama deməməlisən, çünki mənə and veriblər.

– Bilirəm nə üçün yığılırlar. Nina özü başqalarını sevirsə, mənim nə sözüm ola bilər? Qorxma heç kəsə demərəm.

– Həsənin ölümünü görüm ki, sən yanılırsan. Belə şeylər yoxdur. Qoy doğrusunu deyim. İndi bir neçə gündür ki Nina bir-iki kitab gətirib Həsənağanın yoldaşlarını yığıb dərs verir. Əvvəlcə tək Həsənağaya dərs verirdi. Sonra isə yoldaşlarını da çağırdı. Amma nə dərs olduğunu bilmirəm. Çox gizli tuturlar. Mənə and veriblər. Ancaq səndən keçə bilmədim, dedim. Amma sən olasan Həsənağanın canı, bu sirri heç kəsə açma!

Nina Təbrizdə birinci dəfə firqə özəyi təşkil etmişdi. Ninanın özü ilə bərabər özəyin doqquz nəfər üzvü vardı. Axırda mənim özüm də hər gün Təhminə xanıma bu sirri kimsəyə açmamasını tapşırırdım. Təhminə xanım bu sirri öz qızlarından da gizlin saxlayırdı.

 

Siyasi dərnək üzvləri

Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.

Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca, evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi “Üç tüfəngli” adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mən sevdiyim qız, vaxtilə onları sevirdi.

O, nə üçün qəmgindir? O, nə üçün ağlayır? O, nə üçün qara geydi? O, nə üçün məni evdə buraxıb getdi? Bəlkə onun sevgilisi vardır? Bəlkə o, mənə öz qəlbini deməyə utanır? Bəlkə o, açıqdan-açığa məni rədd edə bilməyir? Bəlkə də Təhminə xanım məni aldadır? Kim bilir, Təhminə xanım onu bir başqası ilə tanışmı etmişdir? Bunları düşünürkən yenə də Ninanın mənə qarşı səmimiyyətini xatırlayıb bütün şübhələrimi rədd etməyə çalışırdım. Mən bu düşüncələrin təsirilə kitabı vərəqləyirdim. Kitabın arasında qalın bir kağız olduğunu hiss etdim. Bununla çox maraqlandım. Ninanın hazırkı sirlərinə bununla yol tapacağımı düşündüm. Bəzən qızların bütün varlığını və qəlbini ifadə edəcək kağızların kitab arasında gizlədildiyini bilirdim. Kağızı götürdüm. Riqadan yazılmışdı. Kağızı yazan Ninanın anası imiş. Konsulxana ünvanına gələn bu məktub musiqi müəlliməsi Rozinaya yetişməli idi.

Məni heyrət götürdü. Xəcalətimdən tərlədim. Köksümdən, başımdan buxar qalxdığını gördüm. Hərəkət etməyə taqətim yox idi. Məni sevən, mənim sevgim üçün ölümlər qarşısından atılan bir qız indiyə kimi doğru adını belə mənə söyləməmişdi. Düşündüm. Bir neçə dəqiqə bu düşüncələr davam etdi. Öz-özümə dedim: “Yox, yox, bu qız sadə bir qız deyildir. Bu, bilə-bilə özünü sadə göstərirmiş. O nədir? O kim ola bilər? O, əksinqilabçı deyildir. O, konsulun xəfiyyəsi də deyildir, çünki o, əksinqilabçı olsaydı, bu qədər gizlin sirləri gətirib inqilabçıların əlinə verməzdi”. Yenə də düşünməyə başladım: “Yox, bu inqilabçıdır. Bundan inciməyə haqqım yoxdur, çünki mənim özüm də öz doğru adımı deməmişəm. Qız inqilabçıdır! İnqilabçı olduğu üçün də ehtiyatlıdır. O, məni sevir, çox səmimi sevir, kim bilir bəlkə məni inqilaba xidmət etdiyim üçün sevirmiş. Əgər belə isə o, yenə də məndən uzaqgörücü və diqqətlidir; çünki o, məni tez tanıdı. Mənsə onu çox gec və çətin tanıya bildim.

Hər nə isə qız məni sevir. Hərgah adını gizləmişsə də sevgisini və qəlbini gizləməmişdir. Bəlkə də bu məktub onun deyil. Bəlkə də onun adı Ninadır”.

Bu düşüncələrlə kitabı yenə vərəqlədim. Bir yığın kağız parçalarına rast gəldim.

Kağızları açdım. Öz-özümə “Buradan yenə də bəzi şeylər öyrənmək olar”, – dedim.

Kağızlar doqquz nəfərin firqə bileti idi.

Birinci bileti oxudum.

Rozina Nikitina.

Demək öz adını sevdiyi bir adamdan gizlədən qız öz firqəsindən gizlədə bilməmişdi. Firqə biletində doğru adını yazdırmışdı. Təbrizdə birinci firqə özəyini təşkil edən bu qız məni daha da maraqlandırdı. Özək üzvlərini bir-bir oxudum.

1) Rozina Nikitina. 2) Həsənağa Heydər oğlu. 3) Şəfi Şəban oğlu. 4) Ələkbər Kazım oğlu. 5) Bağır Hacı oğlu. 6) Saleh Müseyib oğlu. 7) Yavər Xəlil oğlu. 8) Hacıağa Əvəz oğlu. 9) Dadaş Qulu oğlu.

Özək üzvləri vaxtilə Tütünçüoğlunun gətirdiyi siyahıda yazılan gənclər idi. Ninanın Təhminə xanımın evinə bunları hazırlamaq üçün getdiyi aydın oldu. Son iki firqə biletinin qaralandığı məni yenə də fikrə saldı. “Əcəba, bunlar firqə özəyindən qovulmuşlarmı? Hərgah qovulmuşlarsa nə üçün? Hansı xəyanətlərin səbəbinə?” Bəlkə də “bunlar gedib özəyin sirlərini verər, qızın kim olduğu meydana çıxar, özək üzvlərinin başına bir fəlakət gətirərlər”, – deyə bu məsələ haqqında qızla danışmağı və bu barədə ona bəzi məsləhətlər verməyi qərara aldım. Bir azdan sonra fikrimi dəyişdim. “Qızın özü o qədər də yazıq və bacarıqsız deyildir, o bütün ağırlığın qabağından qurtarmağı bacarar”, deyə düşündüm.

Durub çayı gətirərək qabağıma qoydum. Kitabı da götürüb əvvəlki yerinə buraxdım.

Məcid də oyanmışdı. Ninanı çağırırdı. Durub paltarlarını geydirdim, yanıma götürdüm. Çay tökmək istəyirdim. Nina içəri girdi.

– Nə tez qalxdınız? Mən bilsəydim tez qayıdardım.

– Yata bilmədim. Fikir qoymadı. Məcid də oyandı.

Məcid Ninaya tərəf yüyürərək:

– Hara getmişdin? – deyə soruşdu.

Nina uşağa təəccüblə baxdı:

– İşə getmişdim, – deyə başını aşağı saldı.

Çayı içdik. Nina gedib paltarını dəyişdi. Qara ipək köynəyini çıxarmamışdı. Mən onu dindirmək istəyirdim.

– Nə üçün qara köynəyi dəyişmədin? – deyəndən sonra bu mahir qızın nə cavab verəcəyilə maraqlanırdım. O, heç dayanmadan:

– Bu gün, – dedi, – Səltənət bacı nədənsə gəlməmişdir. Özüm çalışıram. Ağ köynək tez çirk olur. Tez-tez dəyişmək lazım gəlir. Qara köynəkdə ləkələr tez məlum olmur.

Mən ayaq üstə qalxıb getməyə hazırlaşdım.

– Yalnız qara köynəkdə deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur, – deyə dışarı çıxırkən, Nina dalımca təəccüblə baxırdı. Nə cavab verəcəyini bilmirdi.

* * *

İş belə deyil. O, inqilabçıdır. Lakin sevgisi də adı kimi məchuldur. O, sevir, lakin məni yox. Bəlkə də əvvəl sevirmiş. Amma indi o sevgi yoxdur. O, kimin üçün qara geyir, kimin üçün ağlayır? Bu ağlamaq mənim üçün isə, mən ki, ölməmişəm, mənim başıma bir iş ki, gəlməmişdir.

Bunu düşünüb evə yaxınlaşırdım, təkrar özümə sual verirdim:

“Əcəba, məndə bu fikirlər haradan doğur?” Yenə də özüm sualın cavabını verirdim:

“Bu qısqanmaqdan başqa bir şey deyildir. Mən ki bunun əleyhinə idim. Mən bu barədə gənc qızla nə qədər mübahisə etmişdim. Doğrudan da qız haqlı imiş. Kişilərdə qısqanmaq sağalmaz bir xəstəlik kimi imiş. Bir də mənim qısqanmağa nə haqqım var? Vaxtilə o, məni sevirdi. Mənə hər bir səlahiyyəti vermişdi. Madam ki, mən ona qəti bir söz deməmişdim, madam ki, mən gənc qızı tərəddüddə buraxdım, madam ki, mən onun içərisindəki əziyyətlərini hiss edə-edə onu əyləndirmək istəmədim, onu tək buraxdım, daha qısqanmağa nə ixtiyarım vardır? Əcəba, qız bir nəfər tapıb onunla dərdləşə bilməzmi idi? Əcəba, gənc qıza ailə qurmaq, gələcəyini təmin etmək lazım gəlmirdimi? İndi ki, mən bunların hamısını təsdiq edirəm, daha gənc qızdan inciməyə haqqım yoxdur. Daha nə üçün qısqanıram?”



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info