Qonaq Kitabı
Birinci hissə

Təbrizdə bunun düşməni imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhiddən ibarətdir. Son ikincilər əksinqilab cəbhəsində durub məşrutə üsuluna qarşı mübarizə etməyə başladığı zaman Siqətülislam müctəhid də bunlara son zərbəni vurmaq üçün əlverişli bir fürsət əldə etmiş oldu. Bu səbəbə görə Siqətülislam inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi.

Hacı Əli adam göndərib onun yanına gedəcəyimizi xəbər verdi.

Müctəhidin yaşadığı ev Surxab qapısı deyilən çay kənarındadır. Qapını döydükdə dörd-beş nəfər bizi qarşıladı. Müctəhid özü də dışarıda durub bizi gözləyirdi. Zatən bunun özü də böyük adamlarda təcrübədən keçirilmiş bir diplomatlıqdır, çünki evə hörmətli adam, qonaq gəldikdə onun ayağına qalxmamaq bir ədəbsizlik hesab olunur. Fəqət hər kəsin ayağına durmaq da böyük adamların şənini azaldırmış. Buna görə də evə qonaq gələcəyini bilən kübar adamlar əvvəlcədən ayaq üstündə durub qonaq gələrkən onun ayağına durmağı lazım görməzlər.

Müctəhid bizi görən kimi əl verdi və sözə başladı:

– Allah bilir ki, bir az da təxir etmiş olsaydınız küçəyə qədər gələcəkdim. Doğrusu, bu gün sizinlə görüşmək üçün özümdə fövqəladə bir meyl hiss edirdim.

Hacı Əli məni müctəhidə tanış verdi. Müctəhid ikinci kərə əlimi sıxıb dedi:

– Bunu da özüm üçün nazil olmuş bir nemət hesab edirəm.

Müctəhid bizi özünün oturduğu otağa aparmadı. Qonaq otağına keçirdi. Otaq tamamilə Avropa üsulunda döşənmişdi. O, bizi əyləşdirdi, sonra da özü oturub sözünə davam etdi:

– Otaq bizim uşaqların zövqü ilə düzəlmişdir. Onları əcnəbi dillərdə oxutmuşam. Özümün də öyrənməyə meylim vardır; bunu hər bir təbrizliyə da məsləhət görmüşəm.

Müctəhid bununla özünün yeni adam olduğunu bildirmək istəyirdi. Doğrudan da başqa mollalara nisbətən Siqətülislamda yenilik az deyildi.

Çay, qəlyan gətirdilər. Başqa söhbətlərlə vaxtı keçirmək istəmirdim, çünki başqa yerlərə də gedəcəkdim. Xüsusən, bu gün mənim Səttar xanla görüşməməyim də yaxşı olmazdı. Onun üçün də lazımi məsələlərdən sözə başlamağa tələsirdim. İcazə aldım və sözü müqəddiməsiz olaraq danışmağa başladım:

– Cənab Siqətülislam! İranda inqilabın rəhbər qüvvələri ilə icraedici qüvvələri arasındakı əlaqə haqqında fikriniz nədir?

– Gəlin biz bir diplomat kimi yox, səmimi bir rəfiq kimi danışaq, – dedi. – İnqilabın rəhbərlikedici qüvvələri ilə, icraedici qüvvələri arasındakı əlaqə haqqında

danışmaq artıqdır, çünki axırıncılar buna heç vaxt qabil deyildir.

– Indiyə qədər siz istəsəydiniz həm Səttar xanla, həm də Bağır xanla əlaqə düzəldər və inqilabın mütəşəkkil getməsinə kömək edə bilərdiniz. Xüsusən siz Qafqazdan gələn canlı qüvvələrə də əhəmiyyət verməlisiniz.

Siqətülislam sözlərimə diqqətlə qulaq asır və yüsür təsbehin dənələrini yağış dənələri kimi bir-birinin üzərinə tökürdü. Onun qənaətləndirici bir cavab söyləyəcəyini gözləyirdim. Təsbehi yanındakı çay masasının üzərinə buraxdı. Öz gövdəsini o ki lazımdır düzəldib:

– Siz, əlbəttə, İranı çox yaxşı tanıyırsınız, – deyə sözə başladı.

– Az-çox tanıyıram.

– İran həyatını Araz çayının o biri tərəfindəki həyatla müqayisə etmək əqilli adamın işi deyil. Orada həyat başqa, burada isə bambaşqadır. Rus işçisi içərisində aparılan işi İran kəndlisi içərisində aparmaq doğru bir iş deyil, çünki rus işçisinin mədəsi həzm edə biləcək bir xörəyi İran kəndlisinin mədəsi heç vaxt həzm edə bilməz. Mən şəxsən Zaqafqaziya sosial-demokratlarının bu inqilabda iştirak etməsini təbrik edirəm. Əlbəttə, bu həmrəyliyin olduqca böyük qiyməti var. Təəssüflər olsun ki, onlar yerli şəraiti və yerli xalqın ruhunu bilmirlər. Onlar rus mujikinə dediyi sözləri İran kəndlisinə də deyirlər. Halbuki bunların arasındakı fərq yerdən göyə qədərdir. Şərqin mülkədarını da qərbin mülkədarı ilə müqayisə etmək olmaz. Şərqin əsiri də Rusiyadakı əsirlərə bənzəməz. Bu iki yerin məzlumları belə bir-birinə oxşamaz. Rəfiq, heç bir kəs inqilabı öz düşüncəsi ilə idarə edə bilməz. Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Bizim sosial-demokratlarımız bu inqilabı öz bildikləri kimi idarə edərək Rusiyadakı rəhbərliyi burada həyata keçirərsə, bizim inqilab o qədər də irəli gedə bilməz.

Siqətülislam bu uzun söhbətdə yenə də öz sözünü açıq deyə bilmirdi. O, sosial-demokratlığı şəriət vədinlə barışdırmaq istəyirdi. Onun fikrincə inqilab dinlə əlbir işləməli və bütün rəhbərlik din rəhbərlərinin əlində olmalı imiş.

O, inqilabın düşmənlərini imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhid düşündüyü kimi düşünürdü. Onun fikrincə inqilab məsələləri hərbi İnqilab Şurasında deyil, yenə də hisli məscidlərdə, daş sütunlarının altında, daha açığı, dağılmış Quran vərəqləri və sınmış möhürlər üst-üstə tökülən mənbərlərdə həll olunmalı imiş.

Siqətülislam ən axırda sözünü belə qurtardı:

– Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə də belədir.

Müctəhid bu sözlərini bitirdikdən sonra Səttar xan və Bağır xan məsələsinə keçərək dedi:

– Səttar xan və Bağır xanla əlaqə məsələsinə gəldikdə onlarla anlaşmaq heç də mümkün deyil. Hələlik onlar öz aralarında barışa bilmirlər. Səttar xan Əmiraxizdə, Bağır xan isə Xiyaban məhəlləsində yerləşib öz aparatını qurmuşdur. Onların bu hərəkətləri inqilabın gedişini öz həqiqi cığırından çıxarmış olur. Onların bir çox işləri inqilab düşmənlərinin əlinə silah verir.

Müctəhidin sözləri zahirdə nə qədər doğru isə də, onun dediklərinin başqa bir mənası da vardı ki, o da Qafqaz sosial-demokratlarını sevməməkdən ibarət idi.

Müctəhid bizi nahar yeməyinə saxlayırdı. Qalmaq istəmədim. Bir stəkan çay içdik. Müctəhidlə görüşərək Hacı Əli davafüruş və başqa yoldaşlarla bərabər çıxdıq, ağa tez-tez gəlib görüşməyimiz üçün bizdən söz aldı.

Dışarı çıxdıqdan sonra danışırdıq. Hacı Əli gülərək dedi:

– Uzaqdan bunun adını eşidənlər bu kimi nüfuz sahibi müctəhidin inqilaba böyük bir fayda verəcəyini düşünür. Lakin yaxından tanış olanlar bunun nə demək istədiyini və bunların inqilaba nə məqsədlə yanaşdığını birinci görüşdə anlayırlar. Siqətülislam, islamiyyə adı ilə təşkil edilmiş əksinqilab təşkilatı başında duran ruhanilərdən deyildir. Bu onlara nisbətən, demək olar ki, inqilabın dostudur. Lakin bu, inqilabı əski dini mövhumatla barışdırmaq və bir yerə calamaq istəyir. Sinfi mübarizə və iqtisadi ziddiyyətlər məsələsi bunun heç də başına girmir. Zaqafqaziya sosial-demokratlarını, xüsusən Bakı işçilərini istəməməsinin birinci səbəbi budur ki, qafqazlılar inqilabı öz həqiqi cığırı ilə aparır və inqilabı dini təsirdən çıxarmağa çalışırlar. Siqətülislam onu yaxşı bilir ki, Səttar xana və onun apardığı inqilaba böyük yardım edən Zaqafqaziya işçiləridir. Bunun üçün də müctəhid Səttar xanla heç də uyuşa bilmir. Əslində bu müctəhid aralıqda qalmışdır. O, əksinqilab təşkilatına heç vaxt qoşula bilməz, çünki onun məzhəb və təriqət düşmənləri olan (mütəşərre) üsul müctəhidləri tamamilə əksinqilab qərargahındadırlar. İş belə olduqda müctəhid inqilab cəbhəsində də ciddi iştirak edə bilmir, çünki o, inqilabın təriqət və məzhəblə sazişə girməyəcəyini çox gözəl bilir. Hər halda onun inqilaba meyl etməsi yenə də özü üçün əlverişli olduğundan bizim tərəfimizdə olduğunu işdə yox, sözdə göstərir. Eyni zamanda sizə dedikləri sözləri də daim təkrar etməkdədir.

Hacı Əli sözünü bitirdikdə mən və yanımızda olan yoldaşların hamısı:

– Doğrudan da belədir! – dedik.

Siqətülislamın evindən çıxdıqda yolda bir neçə inqilab rəhbərlərinə rast gəldik. Bunlara biz Hacı Əlinin evində ikən sifariş göndərilmişdi.

Onlar bizim Siqətülislamın evinə getdiyimizi eşidib oraya gəldiklərini və bizimlə görüşmək istədiklərini xəbər verdilər.

Yolda bizə rast gələnlər Səttar xanın mərkəzi heyətini təşkil edən adamlar idi. Hamısı ilə görüşüb öpüşdük. Öpüşmək inqilabçılar arasındakı yoldaşlığın əlaməti olaraq adət yerini almışdı.

Bunlarla görüşdükdən sonra Seyid Həsən Tağızadənin görüşünə getmək istədiyimi yoldaşlara xəbər verdim və nə cür yaşadığını soruşdum[6]. Hamıdan əvvəl Hacı Əli bu barədə danışdı:

– Onunla görüşmək eyb deyil. Hələlik o, inqilaba nəzəri və tarixi cəhətdən yanaşır. Hazırda elə qəti bir fəaliyyəti görünməmişdir. O, yalnız məsləhət verməyi sevir. Onun İran haqqında yeni əsərini oxumalısınız.

– Oxumuşam. “Əhvali-kinuni-İran ba mühakiməti tarixi” sərlövhəli bir əsərini görmüşəm.

Hacı Əli gülərək:

– Bəli, əsər odur! – dedi.

Yoldaşların Tağızadə ilə görüşməyə rəğbətləri olmadığını görüb öz görüşümü başqa bir vaxta saxlamağı qərara aldım.

Mən bu söhbətdən sonra Hacı Əliqulu xan Vüsuqi-Nizamla görüşməyi düşündüm, çünki onun Təbriz – Culfa yolunun inqilabçılar əlində qalması işində mühüm rol oynaya biləcəyi məlum idi. Mən bunu yoldaşlara da dedim. Onlar bu görüşə razı oldular.

 

İran mülkədarının evində

Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.

Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.

Əliqulu xan yoğun, ucaboylu, çopur və eyni zamanda çox mülayim bir üzə malik olan adam idi. O, kök və yoğun olmasına baxmayaraq, üzündən xəstə bir adama bənzəyirdi.

Zatən Əliqulu xanın özü də İranın başqa mülkədarlarına nisbətlə liberal bir sima idi. Əliqulu xan birinci sözündə bunu bizə göstərməyə çalışdı. Söhbətimiz torpaq məsələsindən başlamışdı. Xan dediklərimin hamısına “bəli”, “doğru”, “təsdiq edirəm!” deyə cavab verirdi. Mən sözümü bitirdikdən sonra o, yanındakı çaydan bir neçə qurtum ağzına alıb danışdı:

– Mən iranlıyam. Özüm də həqiqi iranlıyam. İran xalqının düşmənini də sevmirəm. Hərgah İranda torpaq məsələsi aralığa gələrsə, birinci növbədə mən öz kəndlərimi xalqa verənlərdənəm.

Mən güldüm. Xan da təbəssüm edərək dedi:

– Bilirəm nəyə gülürsünüz. Siz demək istəyirsiniz ki, indi ki belədir, nə üçün çağırıb kəndləri xalqa bağışlamırsan, əlini, qolunu ki, tutan yoxdur. Belədirmi?

– Zənnimcə, siz bu işi görmüş olsanız, başqaları da sizin arxanızca gələr.

– Bunlar tamamilə doğrudur. Lakin bugünkü inqilab torpaq məsələsini aralığa atmamışdır. Bu inqilab monarxizmin devrilməsi məsələsini də müzakirə etmir. Burada hər kəs vuruşur. Fəqət kimlərlə vuruşduğunu özü də hiss etmir. Hər kəs söyür, lakin kimləri və nə üçün söydüyünü bilmir. Hazırkı inqilab öz dostunu və düşmənini tanıya bilməmişdir. Siz inqilabın mahiyyətini və tərkibini hələlik bu camaata anlatmağı xəyalınıza belə gətirməmişsiniz. Kəndli sizi tanımır. Kəndlilər inqilabın xəbərlərini hələlik bir dastan kimi eşidir. Onun başında duran Səttar xanı və Bağır xanı da divləri öldürən, Qaf dağına gedən əfsanəvi bir qəhrəman kimi tanıyır.

– Bunun səbəbi nədir? – deyə Əliqulu xandan soruşdum. O, siqarını yandırıb sözünə davam etdi:

– Siz vaxtında torpaq məsələsini aralığa ata bilmədiniz, çünki öz sıranızda böyük torpaq sahibləri də vardır. Söz yoxdur ki, soyulmuş və il zəhmətindən sonra bütün xırmanını mülk sahibinə verib şana, xəlbirini dalına atmaqla evinə boş gedən kəndli sizə qoşulmayacaqdı; çünki o, öz düşmənini sizin sıranızda görürdü. Siz buyurun, mülahizə edin. İnqilab hara? Ruhaniyyət hara? Şəriət hara? Məzhəb hara? Siz burjuaziya ilə, böyük və kiçik kapitalistlərlə çox yaxşı işləyə bilərsiniz. Əvvələn budur ki, kapitalistlər hər məmləkətdə dinsizdir. O, dinə hörmət edir. Fəqət özü üçün yox. Onlar dinə aşağı təbəqədə olmaq şərtilə hörmət bəsləyir. Odur ki, sizin üçün kapitalistlərlə işləmək ruhanilərlə işləməkdən daha əlverişlidir. İkinci bir səbəb də vardır ki, o səbəb burjuaziyanı bu inqilaba daha sıx bir surətdə bağlamışdır. O səbəb də burjuaziyanı monarxiyadan nifrətləndirir, təngə gətirir. Burjuaziya padşahın və onun rüşvətxor hakimlərinin qorxusundan öz kapitalını ölkənin daxilində geniş istismara buraxa bilmir. Bunun üçün o, padşahı yıxmağa və öz hökumətini qurmağa tələsir. Mən özüm də inqilabı sevirəm. Onun dostuyam, çünki bu inqilab mənim mənfəətimə qətiyyən toxunmur. Lakin inqilabçılar mənim bu inqilabda oynaya biləcəyim roldan heç də xəbərdar deyildir. İnqilabçılar məndən istifadə etmək istəmir. Onlar mənim kəndlərimin, mənim tayfamın əhəmiyyətini və coğrafi mövqeyimizin qiymətini bilmirlər. Hazırda Təbriz – Culfa şose yolu Qaradağ xanlarının hücum qorxusu altındadır. Onlar bu gün də olmasa, sabah bu yolu inqilabçıların əlindən alacaqlar. Bu yol isə inqilabçılar üçün ölüm-dirim məsələsidir. Rusiya inqilabının alovu bu yol vasitəsilə İrana girmişdir. Bu yol kəsildikdən sonra inqilab öz əsas yurdundan nəfəs ala bilməyəcəkdir. Culfa məbərinin inqilabçılar əlində qalması və oradan nəfəs alınması işi mənim tayfamın hərəkətilə əlaqədardır. Qaradağ xanları başda Ələkbər xan Sevlətüddövlə olmaq üzrə Culfa üstünə hərəkət etmək və inqilab tərəfində duran Ələmdar, Gərgər qəsəbələrini dağıtmaq üçün hazırlaşırlar. Bunlar mənim kəndlərimin içərisindən keçməlidir. Mənim qardaşlarım Heydərqulu xanla Hüseynqulu xan istədiyi vaxt Siyah-rud burnunu kəsib hərəkəti ləngidə biləcəklər.

– Hələlik aralıqda bu təhlükə yoxdur.

– Sən get, lazım bildiyin adamları buna inandır. Rəhim xan Sofyan, Mərənd, Circirləri tutunca Ələkbər xanı Culfada görəcəksiniz.

Naharı Vüsuqi-Nizamın evində yedik. Vüsuqi-Nizam Qaradağ atlılarının hücumu ilə həm bizi qorxudur, həm də özü qorxurdu; çünki o, öz kəndlərinin dağılmasından ehtiyat edir və inqilabçılardan istifadə etməyə çalışırdı.

 

Səttar xan

Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.

Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

– Deyəsən bu bizim gözlədiyimiz rəfiqimizdir, – dedikdə Hacı Əli və Məşədi Abbasəli ikisi də birdən:

– Bəli Sərdar[7]. Özüdür ki, var! – dedi.

O, ikinci dəfə əlimi sıxıb görüşdü. Yüksək bir mövqe tutduğuna baxmayaraq, yanındakıları çox mülayim sözlərlə dindirib yola salırdı.

Biz içəri girdikdə mücahidlər Sərdarın evinə gəlib özlərinə verilən maaş haqqında danışırdılar. Danışıqdan məlum olduğuna görə hər bir mücahidə gündə iki qran verirmişlər. Bundan başqa xüsusi dükanlar vasitəsilə onlara ucuz çörək və sair ərzaq da satırlarmış. Sərdar mücahidləri yola saldıqdan sonra mənə müraciətlə:

– Nə vaxt təşrif gətiribsiniz? – soruşdu.

– Dünən gəlmişəm. Yorğun idim, özüm də xiyabanda mənzil etdiyim üçün yanınıza gələ bilmədim.

– Səhərdən bəri təşrifiniz harda idi?

– Hacı Əli, Abbasəli qəndfüruşla bərabər Siqətülislamın görüşünə getdim. Doğrusu, onun fikrini bilmək istəyirdim.

– O, bizim üçün əlverişli heç bir söz deyə bilməz. Onu bacarmaz da.

– Doğrudur, Sərdar. Fikri molla fikridir. O fikirdə olan adamlarla inqilab irəli gedə bilməz.

– Siz bir fikir verin! İndi bizim nə vaxtımızdır? Biz indi hökumət əleyhinə çıxan hər bir qüvvədən istifadə etmək istəyirik. Bizim içərimizdə xırda mülkədarlar, müflis tacirlər nə qədər istəsən vardır. İş belə olduqda biz nə üçün özümüzə yardım əli uzadan Qafqaz sosial-demokratlarından istifadə etməyək? Siqətülislam bunu istəyir. O, mənim və Bağır xanın bütün hərəkətini çərçivə içərisinə alıb, onu da öz əlində saxlamağa çalışır. Buna isə nə mən, nə də Bağır xan yol verə bilmərik. Doğrudur, bizə qonaq gəlmiş sosial-demokratlar qismən yerli şəraiti bilmirlər. Bu o demək deyil ki, bunlar dəyərsizdir. Onlar sərbəst hərəkət etməyi bacarmasalar da, mübarizə yollarını bizdən çox yaxşı bilirlər. Onlar inqilabda çox uzun və geniş təcrübə keçmişlər. Onların iti fikirləri, kəskin düşüncələri, bükülməz mətanətləri vardır. Biz bu qardaşlığı heç vaxt molla və mollaqulaqların ayağı altına verə bilmərik. Bu gün Bakı və Tiflis fəhləsinin, erməni işçisinin Təbriz küçələrində vuruşması, əlində bomba durub inqilabı müdafiə etməsi Təbriz inqilabı tarixini bəzəyəcək hallardandır. Biz heç vaxt aldanmarıq. Aldatmaq istəyənlərlə də mübarizə aparmağı bacarırıq.

Sərdar yenə də Siqətülislam məsələsinə keçib dedi:

– Qabaqda böyük düşmənlər vardır. Ruhanilər onu bilirlər ki, mən işi yarımçıq qoyub çəkilməyəcəyəm. Xüsusən, qarşımda Əsgər Dəvatkəroğlu və bunun yoldaşları kimi alçaq adamlar olunca. Siz bilirsiniz ki, mən bunlarla çox zamandan bəri çarpışıram. İndi bu Dəvəçi lotuları mənim acığıma gedib inqilab düşməni olan islamiyyənin ətrafında toplaşıblar.

Bir azdan sonra Qafqaz sosial-demokratlarından bir neçəsi də gəldi. Tanışlar idi. Sərdar, Əmiraxizə köçməyim üçün lazımi əmrləri verdi. İnqilab Şurası üzvü olduğumu, sabah saat on ikidə şuranın iclasına gələcəyimi əlavə olaraq tapşırdı. Axşam yeməyindən sonra mənzilimə getdim.

 

Ninanın məktubu

Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa – Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında hafiz əfəndi dururdu.

Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: “Culfa qüvvətilə hərəkət edib Cırcırları təmizlə!”

Hafiz yerindən hərəkət etmədi[8]. Nəticədə yol düşmənlərin əlinə keçdi.

* * *

Hələ Təbrizdə patron və əl bombaları hazırlamaq üçün Zaqafqaziya Ölkə Komitəsi tərəfindən görülən tədbirlər həyata keçirilməmişdi. Bu yolda lazım olacaq şeyləri gətirmək belə mümkün deyildi. Culfa – Təbriz yolu ilə gedib-gəlmək yalnız rus konsulxanasından verilən vəsiqələrlə mümkün idi.

Tək-tək adamlar Təbrizə gizlincə silah gətirirdilər. Fəqət silah möhtəkirlərini təmin etmək üçün hərbi İnqilab Şurasının əlində lazımınca pul yox idi. Təbrizdə böyük hökumət ordusu ilə vuruşmaq lazım gələcək idi. Əks-inqilab ordularını isə bir tərəfdən İran hökuməti, o biri tərəfdən isə Rusiya çarı təmin edirdi. Konsulxanada hər bir şey vardı.

Mən daşnaqlarla görüşmək üçün Ermənistana getdim. Onlarda silah və müharibə görmüş müsəlləh qüvvələr də vardı. Onlardan bir çoxunu gördüm. Daşnaqlar Rusiyadan qorxduqları üçün bu inqilaba qoşulmaq istəmirdilər. Xüsusən, erməni burjuaziyası onların İran hökuməti üzərinə qalxmalarını bir nankorluq hesab edirdi, çünki Türkiyə və Rusiyada cinayətlər törədib qaçan daşnaqlar üçün yalnız İran dövlətində yaşamaq mümkün olurdu. Çox gedib gəldikdən sonra onlar Qafqaz sosial-demokratlarından ayrılmayacaqlarını və bu mübarizədə iştirak edəcəklərini vədə verdilər.

Yolum hər gün mehmanxananın qarşısından düşürdü. Günlərin birində girib Nina haqqında məlumat almaq istədim.

Nina hər gün mehmanxanaya gəlib məni soruşurmuş. Axırıncı kərə bir məktub da buraxmışdı.

Məktubunda vədlərimə sadiq qalmadığımı, onları tamamilə unutduğumu təkrar tənqid edirdi. Bu hadisələrlə dolu olan şəhərdə mənim tələf olacağımdan nikaran qaldıqlarını Nina bir neçə sətirdə yazmışdı.

Məktubun əvəzində məktub yazaraq, görüş vaxtının təyinini Ninanın öhdəsinə buraxdım.

* * *

İki gün sonra mehmanxananın kiçik salonunda oturub qəzet oxuyurdum. Hövsələm daralırdı. Qəzeti bekar durmamaq üçün bir neçə dəfə oxumuşdum. Gözlərimi arxadan iki əl qapadı:

– Tap görüm kimdir?

İncə səs, titrək və isti əllər Ninanı xatırladırdı.

– Bu əl başqasının deyil, mən gözlədiyim əldir, – dedim.

Gənc Nina tamamilə dəyişmişdi. Sanki Təbrizdə bir ildən bəri istirahət içində yaşamışdı. O, öz həyatından razı qaldığını bildirdi. Birinci sözü bu oldu:

– Konsulun ailəsində bizi çox hörmətlə qəbul etdilər. Xüsusən, məni konsulun qadını öz qızı kimi sevir. Orada da yaşayırıq. Bizim haqqımızda göstərdiyiniz səmimiyyət haqqında hər ikimiz danışdıq. Sizin mallarınızın talandığını söylədik. Konsul malınızın geri alınması və özünüzə qaytarılması üçün bizə təminat verdi. Xüsusən, onun qadını sizi qonaq gətirməmizi tapşırdı. Onlar sizin bu cür mədəni hərəkətinizlə iftixar edirlər. Hər halda sizi tanımadıqlarına təəssüf etdilər.

– İrandakı həyatınızdan razısınızmı?

– Mən şəxsən çox məmnun qaldım. Bunlar mənim dilimi bilməsələr də, öz məhəbbətlərini gözləri, çöhrələri və hərəkətlərilə mənə bildirmək istəyirlər. Xüsusən, konsul cənablarının evinə gedib-gələnlər, tacirlər, iş sahibləri mənə çox ehtiram göstərirlər. Məni çox yerə qonaq çağırırlar.

– Qonaq çağırılan yerlərə gedirsinizmi?

– Hələ heç bir yerə getməmişik. Lakin yarın konsulxana mütərcimlərindən birinin evinə nahar yeməyinə getməyə söz vermişik.

– O, kimdir?

– Adını yadımda saxlaya bilmirəm. Uca, nazik gövdəli bir adamdır. Boynu, burnu uzundur. Çox tez-tez danışır, kəlmələrin axırını yeyir. Çox mütəkəbbir və özünü tərifləyən bir zatdır. Doğrusu, mən bu adamı çox da xoşlamıram. Lakin o, öz evini tərif edir. Gözəl əntiqəxanası, asari-ətiqədən qiymətli şeyləri olduğunu söyləyir. Bunu başqaları da təsdiq edir. Bunun üçün də yalnız evini görməklə maraqlanıram.

– Bəlkə bu adam Mirzə Fətulla xandır?

– Hə, özüdür!

Mən bunun kim və nə cür adam olması haqqında Ninaya heç bir söz demədim. Bu hələ tez idi...

– Demək, Nina xanım, biz yarın görüşə bilməyəcəyik.

Nina gözlərini parladaraq:

– Nə üçün? – deyə sordu.

– Çünki siz yarın Mirzə Fətulla xanın evinə qonaq gedəcəksiniz.

– Mirzə Fətulla xan bizim üçün o qədər də əhəmiyyətli deyil. Bizi yüzlərcə Mirzə Fətulla xan kimisi qonaq çağırır. Siz isə bizim üçün təksiniz. Sizin söhbətləriniz, xüsusən məndə silinməz bir xatirə buraxmışdır. Mən son zamanlarda şərqlilərdə bəzi xüsusiyyətlər görmüşəm ki, bunları qərblilərdə çox az görmək olur. Şərqlilər, ümumiyyətlə, qadınlara qarşı özlərini yüksək tutmayırlar. Mən bu xüsusiyyəti birinci dəfə sizdə təcrübədən keçirdim. Mümkün olduqca sizdən uzaqlaşmayacağam. Doğrusu, heç kəsə ürəyim yatmır. Bilmirəm, Şərqdə ilk dəfə sizi gördüyümdənmi və ya mənim özümə də məlum olmayan bir səbəbdənmi? Hər nədənsə, sizi görmək məni daim sevindirəcəkdir.

* * *

Çox tez-tez görüşürdük. Görüşmək və lazımi sözləri danışmaq üçün müxtəlif yerlər təyin edirdik. Görüşmələrin sayı artdıqca, Ninanın da bu görüşlərə tələb və arzusu artırdı.

Bəzən hər gün görüşürdük. Nəhayət, onu bacısından ayırmağa müvəffəq oldum.

Ninanı Minasyanın evində hazırlanmış üç otağa köçürdüm. Ninadan istifadə etməli olduğumuzu Səttar xana da söylədim. Onun mənə qarşı böyük hörmət bəslədiyini, bu hörmətin möhkəm bir sevgiyə qədər vardığını da əlavə etdim. Səttar xan məni təbrik etdi, məsələ ilə son dərəcə maraqlandı.

– Ayıq ol, sarıtel qız bizi satmasın, – deyib güldü.

– Zənnimcə, insanı satacaq qız deyildir, fəqət onunla çox ehtiyatlı davranmalıyam. Konsulxanadan, xüsusən mütərcimlər evindən, bir çox lazımi vəsiqələrin əldə edilməsinə bunun vasitəsilə müvəffəq olacağam.

– Qıza böyük vədlər, hətta pəşin hədiyyələr də vermək lazımdır.

– Bunların heç biri lazım deyil. O, mənim məqsədimə əməl etməyi hər bir hədiyyədən artıq bilər zənnindəyəm.

Sərdarın əmrilə Minasyan çağrıldı. Minasyan incakist firqəsinin üzvüdür. Ona Nina və onun otaqları haqqında lazımi tapşırıq verildi. Sərdar əlavə olaraq otaqların döşənməsi və hər cəhətdən təmin olunmasını lazımi adamlara tapşırdı.

* * *

Nina Minasyanın evinə köçdü. Nina otaqların belə zəngin bir halda döşənməsi, hətta bunun az bir zamanda başa gəlməsinə təəccüb edirdi. Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı. Mən doğrudan, özünə də hiss etdirmədən, onu sevirdim. O xasiyyətdə, o səmimiyyətdə qızı sevməmək olmazdı. Onu aldatmağı doğrudan da bir xəyanət hesab edirdim; çünki qız bu sevgi üçün ölümə qədər gedəcəyini hər bir hərəkətində bildirirdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info