Qonaq Kitabı
Birinci hissə

Rəhim xan Cələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. “Qaradağ qəhrəmanının” yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.

Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

Rəhim xanın qorxusu bir çoxlarını şaşırmışdı. Adamlarda əski ruh yüksəkliyi görünmürdü.

Ninanın məni axtardığını Həsənağadan eşitdim. Gün batan vaxtı vuruşmalar qismən sakit olmuşdu. Bir az fürsət əldə etdiyimdən Ninanı görmək və nə üçün məni axtardığını bilmək üçün Minasyanın evinə getdim. Ninanı böyük həyəcan içərisində gördüm. O qorxa-qorxa dedi:

– Vəziyyət getdikcə xarablaşır. Bu saat Hacı İbrahim sərraf, Hacı Məhəmməd tacirbaşı və bir neçə başqaları konsulxanadadırlar. Onlar Bağır xanı təslim olmağa razı etmişlər. Bağır xan rus konsulunun aman bayrağını qəbul etmişdir. Bağır xan bütün məhəllənin silahını yığıb tacirbaşıya təslim etmişdir.

Nina ilə vidalaşıb çıxdım. Birbaş Səttar xanın yanına getdim. Bu xəbərləri ona söylədikdə inanmadı:

– Salar heç vaxt bu xəyanəti etməz. Heç də inana bilmirəm.

Mən hələ Səttar xanın evindən bayıra çıxmamışdım. General konsul Millerin Sərdarı görmək üçün gəldiyini xəbər verdilər. Sərdara konsulun bu məsələ üçün gəldiyini söylədim. Biz başqa otağa keçdik. Konsul öz mütərcimi, bir də iki-üç nəfər hərbi xidmətçisi ilə Səttar xanın otağında danışırdı.

Sonradan konsulun bir təslim bayrağı da Səttar xan üçün gətirdiyini və Səttar xan tərəfindən rədd edildiyini bildik.

* * *

Təbriz müharibəsi kəskinləşirdi. Bağır xan Səttar xanın bu ciddi hərəkətini gördükdə təslim bayrağını rədd etmiş və öz səngərlərini yenidən möhkəmləndirməyə başlamışdı.

İnqilab əleyhinə çalışan və “islamiyyə” təşkilatını quranların qol-qanadı açılmışdı.

Nina bunların Rəhim xan və konsulxana vasitəsilə Məhəmmədəli şaha sədaqət teleqrafları göndərdikləri xəbərini verərkən, teleqramları poçt-teleqraf idarəsindən gətirmək üçün Səttar xan təcili olaraq bir neçə atlı göndərdi.

Teleqramlar gətirildi. Burada Rəhim xanın Təbrizi qurtarmaq üçün gəlməsinə qarşı padşaha təşəkkür edirdilər. Teleqramda Mir Haşım[10] imamcümə, Mirzə Kərim, bir də Mirzə Möhsünün imzaları vardı.

Mübarizə çox şiddətli gedirdi. Qaradağ hücumunu rədd etmək və Təbriz inqilabını bu şaşqın vəziyyətdən qurtarmaq üçün Qafqaz sosial-demokratları, xüsusən, Bakıdan gələn işçilər bir an təxir etmədən çalışırdılar.

Bakı işçiləri yerli xalqın həyatını çox gözəl bilirdi. Onlar yerli mücahidlərlə əlbir işləmək üçün yaxşı vəziyyət yarada bilirdilər. Son vuruşmaların ağırlığı Səttar xan və onun ətrafında toplanmış sosial-demokratların üzərində idi.

Bağır xana heç də etibar etmək olmurdu. Onun tərəddüd göstərməsi Xiyaban səngərlərinin düşmənə qarşı lazımi müqavimətdə olmaq ümidini vermirdi.

Səttar xan bu xüsusda heç də xatircəm ola bilmirdi. Onun gecə səhərə qədər yatmadığı və səngərləri gözdən keçirdiyi də görünürdü.

İşin ən ağır və ən çətin yeri bunda idi ki, Xiyaban səngərlərini nəzarət altına almaq üçün Bağır xan kimsəyə ixtiyar vermirdi. O, bunu özünə qarşı etimadsızlıq hesab edirdi.

Bağır xan daim:

– Mən öz səngərlərimi saxlamaqda aciz deyiləm. Mənim özümün qüvvəm də vardır, – deyə hər bir nəzarəti rədd edirdi. Buna baxmayaraq Səttar xan yenə də “Saları könlüm istədi” və ya “Salardan nigaran qaldım” – deyə Xiyaban, Göyməscid tərəflərini tez-tez gözdən keçirirdi.

 

Təbriz qadınları

Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.

İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.

– İnqilabi qanunlar həyata keçirilmir. Xalq onunla heç də hesablaşmır. Bu, inqilabın zəifləməsinə və inqilab mübarizlərinin ehtiyac içində yaşamasına səbəb olur.

– Bunu siz kimdən eşitdiniz?

– Bunu ən avam bir qadından da soruşsan deyə bilər. Sizin sözünüzə baxan yoxdur.

– Nə olubdur? Nəyi avam qadın deyə bilər?!

– Ehtiyacı, fəlakəti, aclığı. Bunu hətta bizim Zeynəb də çox yaxşı bilir.

– Mən çox şad olardım ki, Zeynəb bacı kimi Təbriz qadını inqilabı bu qədər dərindən düşünə bileydi. Təəssüf edirəm ki, hələlik bunu görmürəm.

– Buna səbəb yenə də kütlənin qabağında gedənlərdir. Onlar heç vaxt qadınlar arasında iş aparmamışlar. Dur, pəncərənin qabağına gəl!

Nina qolumdan tutub pəncərənin qarşısına gətirdi:

– Bax, bu gedən müsəlman qadınları nəçidir? – deyə soruşdu.

– Örtülü qadınlardır. Onların nəçi olduğunu heç kəs deyə bilməz.

– Bunlar, üzüörtülü, ayağında torba olan bu qadınlar haman inqilab mübarizlərinin anaları, bacıları və qadınlarıdır. Bunların ərləri hökumət ordusu əleyhinə mübarizə edir. Özləri isə əksinqilab ordusu üçün buradan şərab və araq daşıyırlar.

Nina sözünə davam edərək:

– Buna da səbəb sizsiniz, – dedi. – Mücahidləri təmin etmirsiniz. Onların ailələri özlərini bu kimi bir həqarətlə təmin etmək istəyirlər. Bunlar Zeynəb kimilər, Təhminə kimilərdir. Bunların ailəsi acdır. Bir mücahidin qadını olan Zeynəb, bu kimi nöqsanlar haqqında olduqca mənalı və təsirli sözlər danışırdı.

– Zeynəb nə deyə bilər? O, məscid və hamam söhbətindən başqa nə danışa bilər?

– Belə deyil. Ən avam bir adam ən böyük bir kütlənin üzvüdür. Kütləyə hər bir şey aydındır. Siz varlılardan pul toplaya bilmirsinizmi?

– Haradan bilirsən?

– Mənə Zeynəb hər şeyi deyir.

Zeynəb Ninanın ev qulluqçusudur. O, gəncdir. Bir oğlan uşağı doğmuşdur. Ərə getdiyi beş ildir.

Mən Zeynəbi heç vaxt danışdırmamışdım, hətta onun şad olduğu vaxtını da görməmişdim. Nina onun ən fağır, ən ac bir qadın olduğunu mənə neçə kərə söyləmişdi. O, məndən gizlənmirdi. Fəqət yaşmağı ağzından götürdüyü də yox idi. Zatən bircə Zeynəb deyil, Təbriz qadınları ümumiyyətlə mövhumata yabançıdırlar. Zeynəbin təmizliyi, evdarlığı, nəzakəti çox yüksək bir dərəcədə idi. Mən onun ailə həyatını öyrənmək üçün vaxt tapa bilməmişdim. Bu mənim ağlıma da gəlməmişdi. Ninanın Zeynəb haqqında dedikləri məni xeyli maraqlandırdı.

Nina Zeynəbi çox sevirdi, onu öz gözü kimi bəsləyirdi. Zeynəbdən azərbaycanca danışmağı öyrənirdi.

Zeynəbin dörd yaşlı oğlu Məcid çox zaman gecəni də Ninanın yanında keçirirdi.

Zeynəb samovarı gətirib masanın üstünə qoydu. Məcid də divanın üstündə oturub ayaqlarını oynadırdı. O, özünü bizə sevdirmişdi. Nina ondan tez-tez:

– Məcid, sən nəsən? – deyə soruşurdu.

– Mücayib! – deyə cavab verən Məcid bizimlə bərabər gülməyə başlayırdı. Sonra əlindəki konfet parçasını zorla Ninanın ağzına soxub “bir az dişlə!” – deyə ayaqlarını divana çırpırdı. Zeynəb samovarı qoyduqdan sonra Məcidi alıb bayıra çıxmaq istədi. Mən ona oturmağı təklif etdim.

– Oturun, Zeynəb bacı! – dedim.

Zeynəb təəccüblə üzümə baxdı. Yəqin ki, o, mənim azərbaycanlı olduğumu bilmirmiş, çünki onu birinci dəfə dindirirdim. Zeynəb başındakı şalını ağzının üstünə endirib yaşmağını düzəltdi və qızarıb dedi:

– And olsun Allaha, mən sizin müsəlman olduğunuzu yalnız indicə bildim. Alış-verişçi olduğunuzu bilirdim. Amma Nina bacı sizin müsəlman olduğunuzu mənə deməmişdi. Müsəlmana da oxşadırdım. Amma soruşmağı ayıb hesab edirdim.

– Eybi yoxdur, Zeynəb bacı. Bu cür şeylər çox olur. İnsan birdən-birə tanış ola bilməz.

– Hərgah Cavad ağa bilsəydi, məni heç vaxt müsəlman evində qulluq etməyə buraxmazdı. Təbrizdə belə adət yoxdur. Bura camaatının xasiyyəti çox pisdir.

– Zeynəb bacı, özün bir doğrusunu söylə. Siz indiyə kimi bizdən bir fənalıq görmədiniz ki?

– Allah eləməsin. Mən sizdə gördüyüm hörməti, azadlığı heç kəsdə görməmişəm.

– İndi ki, bu hörməti heç kəsdə görməmisiniz, daha müsəlman oldu, başqası oldu, sizin üçün nə fərqi vardır? Siz də, Nina da qadınsınız. Sizin aranızda heç fərq vardırmı?

– Əlbəttə, yoxdur. Ay qardaş, mən elə bilirdim ki, siz də Nina bacının məzhəbindənsiniz. Amma bununla bərabər sizi öz qardaşım kimi sevirdim. Yaxşı oldu ki, şübhədən çıxdım. Amma nə eləmək olar, qaydanı belə qoyublar. Ya gərək xalqın içindən çıxasan, ya da ki, xalq gedən yol ilə gedəsən.

– Zeynəb bacı, xalq gedən yol ilə getmək olmaz. Xalqın getdiyi yol sizi yenə də çarşabdan çıxmağa qoymaz.

– Əslinə baxsan, mən adət-zad sevən deyiləm. Amma Cavad bir az qısqanır. Hətta mənim Dəllaləzəndə gedib şey satmağıma da razı olmadı.

– Cavad ağa nə iş görür?

– Eh, nə iş görəcək. Bir parça çörəkdən ötrü başını küt bıçağa çəkir. Amma nə fayda ki, çörək də çıxmayır.

– Harada çalışır?

– Doğrusunu desəm, yenə də bədbəxt olacağam.

– Nə üçün?

– Bəlkə acığınız gəldi.

– Zeynəb bacı, bu nə sözdür? Acığım niyə gəlsin?

– Hər yerdə ki, qulluğa girmişəm yalnız ərimin adını bilənə qədər qulluq eləmişəm.

– Əcaba, sizin əriniz quldurmu, canimi və ya oğrumu?

– Heç birisi deyil. O, fağır, nəzakətli, rəhimli bir gəncdir. Amma indiki işi heç kəsin xoşuna gəlmir. Alış-verişçilər və varlılar mücahidləri görmək istəmir. Siz

də alış-verişçisiniz. Qorxuram ki, Cavad ağa mücahid olduğu üçün məni evdən qovasınız.

– Zeynəb bacı, bu də sözdür. Əvvələn biz çox da böyük tacir deyilik. İkinci, mücahidləri sevirik, çünki onlar öz haqlarını ələ almaq yolunda mübarizə edirlər. Onların cərgəsində çox sevimli və səmimi adamlar var.

– Cavad ağa sevimli və səmimi olduğu üçün də bizi bu günə qoydu. Bizim evimiz, eşiyimiz var idi. Hamısı dağılıb getdi. Gərək Cavad ağa o rəhmətlik qafqazlı ilə heç də tanış olmayaydı.

– Necə qafqazlı? Cavad ağa onu harada görmüşdü?

– Bunu sizə nağıl etsəm başınızı ağrıdaram, çünki çox uzundur.

– Eybi yoxdur, Zeynəb bacı, nağıl elə!

– Cavad ağanın rəhmətlik atası da bir yoxsul adam idi. Hacı Mir Məhəmməd gəcpəzin yanında gəc döyərdi. Cavad ağa çayçı dükanlarına su daşıyırdı. Babadan qalma bir həyətləri var idi. Mən ərə gedəndə – bağışlayasız – hələ rəhmətlik sağdı, babat dolanırdıq. Elə ki, kişi Allahın rəhmətinə getdi, külfət töküldü Cavad ağanın üstünə. Çox korluq çəkdik. Axırda evimizdən bir otaq ayırıb bir nəfər qafqazlıya verdik. Bir neçə həftədən sonra o, bizimlə lap birevli kimi olmuşdu. O, çox gözü, könlü tox adamdı. Çox vaxt xərci də özü çəkərdi. Cavad ağa ilə qardaş kimi dolanırdı.

– Adı nə idi?

– Doğrusunu axtarsan, rəhmətlik nədənsə adını düz deməzdi. Gündə bir ad deyərdi. Son zamanlar Cavad ağanı su daşımağa da qoymadı. Deyirdi ki, gərək sən savadlanasan, yoxsa, su daşımaq bir sənət deyil. Hər gün Cavad ağa onun otağına girib dərs oxuyardı. Bir neçə həftədən sonra 6 nəfər də başqa su daşıyan dərsə gəldi. Haman qafqazlının özünün kitabları da vardı. Dərsi haman kitablardan nağıl eləyirdi. Bir də görürdük ki, Cavad ağa da, yoldaşları da tüfəng götürüb mücahid olublar. Daha demə ki, bu qafqazlı inqilabçı bir adam imiş. Bu əhvalatı dəvəçilər eşidəndən sonra gəlib evimizi odladılar. Nə yaxşı ki, qafqazlı oğlan, nə də Cavad ağa evdə deyildi. Yoxsa onların özünü də öldürəcək idilər. Mən quru canımı, bir də Məcidi götürüb evdən çıxdım. Rəhmətlik qafqazlı oğlan bizə təzə ev kirayə elədi. Birtəhər başımızı çəkib oturmuşduq. Amma mən o qafqazlını heç vaxt yadımdan çıxarmaram. Hərgah acığınız gəlsə deyəcəyəm. Mən hələ o cür yaxşı adam görməmişəm. Nə qədər sağdı, heç korluq çəkmirdik. Əlinə düşəni gətirib bizə verirdi. Cavad ağanın yoldaşlarına da əli uzanardı.

– O, harada öldü?

– Onu Maralan davasında qaradağlılar öldürdü...

Zeynəb bunu danışdıqda çarğatı ilə gözünü sildi və sözünə davam edərək:

– Hələ də kağızları, dəftərləri evdə qalır, – dedi.

– Harada basdırılmışdır?

– Ölüsünü başqa ölənlərdən ayırmaq olmadı, çünki səngərə top gülləsi düşüb oradakı adamları bir-birinə qarışdırmışdı. Hamısını bir yerdə basdırdılar. Onu mən həmişə xatırlayacağam. Onun anası, bacıları, hətta arvadı da varmış. İki uşağının şəkli həmişə qoynunda olardı. Heç olmasa saatda iki-üç dəfə o, şəklə baxardı. Bayıra gedəndə qoynuna qoyub aparardı!

– Zeynəb bacı, bəs Cavad ağa nə iş görür?

– Nə iş görəcək? Gecə-gündüz tüfəng əlində səngərdədir. Günlərlə üzünü görmürəm. Bir aydan bəridir ki, Məcidi görməmişdir. Yeməyi də buradan aparıram. Səngərdə otururam, xörəyi yeyəndən sonra qabları yığışdırıb gətirirəm.

– Zeynəb bacı, onlara necə baxırlar, o, razıdırmı?

– O, çox razıdır. Bu işi sevir. Amma iki aydır ki, maaş almır. Heç şey ala bilmir. Hərgah mən qulluq etməsəm onun özü də ac qalar.

– Nə üçün pul vermirlər?

– Haradan versinlər? Dövlətlilərdən pul almaq mümkündürmü? Hər kimə qəbz aparırsan söyüb qaytarır. Nə eləmək? İşi başlayıblar, yarımçıq qoya bilməzlər. Gedib qulluğa girərəm, onu da vermirlər, çünki mücahid arvadıyam. Hətta Hacı Mehdi ağa da bunu dedi.

– Hansı Hacı Mehdi?

– Kuzəkünani! Əncüman Hacı Mehdi. İnqilabçı Hacı Mehdi.

– Zeynəb bacı, Hacı Mehdinin sizə belə bir sözü deməsinə heç də inana bilmirəm. Onun inqilabçılığını hər kəs tərifləyir.

– Əvvəl biz də elə bilirdik. Elə ki, bir həftə evində qulluq elədim, onda bildim ki, hansı quşun yumurtasıdır. O cür adama heç inqilabçı demək olmaz!

– Necə adamdır ki?

– Qorxuram danışmağa. Cavad ağa da tapşırıb ki, bir adama demə. Gedər qulağına yetişər. Onda gərək biz Təbrizdən baş götürüb gedək.

– Zeynəb bacı, qorxma. Biz hara? Əncümən hara? Hacı Mehdi hara? Ona kimdir gedib xəbər verən?

– Məni onun evinə qulluq üçün aparan Təhminə xanım oldu. O, bizim korluq çəkdiyimizi bilirdi. Mən çoxdan bəri qulluq axtarırdım. Amma Cavad ağa buna razı olmurdu. O, deyirdi ki, mən yar-yoldaşımın yanında xəcalətli olaram! Axırda gördü ki, uşaq da acından öləcəkdir. Ondan sonar razı oldu. Təhminə xanım gedib Hacı Mehdinin arvadına bir nəfərin ev qulluqçusu olmaq istədiyini demişdi. Arvad cavab vermişdi ki, gətir görüm necədir və necə adamdır. Səhər tezdən Təhminə xanım məni özü ilə bərabər apardı.

Təhminə xanım mənə yolda bir neçə söz tapşırdı. Dedi:

– Əvvələn budur ki, ərli olduğunu boynuna almazsan. İkincisi də deməzsən ki, uşağım vardır, çünki varlı evlərində nə ərli, nə də uşaqları olan arvadları işə götürməzlər.

Bu sözlər mənim yadımda qalmışdı. Bizi içəri buraxmırdılar. Təhminə ev qulluqçusu gətirdiyini xəbər verdi. Bizi içəri buraxdılar. Nökərlər məni təpədən-dırnağa qədər süzdülər. Çox danışdılar. Amma hamısını eşitmədim. Ancaq bunu eşitdim ki:

– Ədə, Məmmədvəli, yerişi ki, yaxşıdır.

Birinci həyətdən keçib getdik. Bu həyət kişi qonaqları üçün qayırılıbdır. İkinci həyətdə Hacının arvad-uşağı olurdu. Bu həyət bir qalaça kimidir. Quş quşluğu ilə qanad sala bilməz. Həyətdə arvad qulluqçusu qıvır-qıvır qaynayırdı. Biz ikimiz də pilləkən başında oturduq. Qulduqçulardan biri gedib Hacının xanımına xəbər verdi.

Xanım eşiyə çıxdı. Xanım, amma nə xanım! Boğazının əti əmcəklərinin üstünə, əmcəkləri də qarnının üstünə düşübdür. Mənə tərs-tərs baxdı.

Təhminə xanım baş əydi və dedi:

– Xanım, siz buyurduğunuz ev qulluqçusunu gətirmişəm.

– Üzünü açsın görüm!

Mən üzümü tərləyə-tərləyə açdım.

– Çarşabı sal yerə!

Çarşabı da yerə saldım.

Xanım o tərəf-bu tərəfə keçib, məni ayağımdan başıma qədər gözdən keçirdi. Mən belə bir işi Cavad ağadan mənə elçi gələndə görmüşdüm. Xanım məni gözdən keçirəndə haman elçinin də məni gözdən keçirməsi yadıma düşdü.

Xanım o tərəf-bu tərəfimi, hətta əllərimi, topuqlarımı nəzərdən keçirəndən sonra yanındakı arvada tərəf dönüb:

– Şərəfnisə, əqlin nə kəsir? Deyəsən düz əməlli adama oxşamır.

Şərəfnisə mənə diqqətlə baxdı. Cavab verməzdən əvvəl Təhminə xanım danışdı.

– Düz əməlli adam olduğu haqqında heç bir söz ola bilməz. Zatı, südü məlum adamdır. Tayfası da nəcibdir.

Xanım dodaqlarını büzdü:

– Pah! Nəcibdir. İndiyə kimi bir nəfər də olsa nəcib ev qulluqçusuna rast gəlməmişəm.

Şərəfnisə sözə qarışaraq dedi:

– Bir həftə qalsın görək necədir, indidən heç bir şey demək olmaz.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info