Qonaq Kitabı
Birinci hissə

Kənarında Araz

Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır.

Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi bir yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı.

Yanları xəfifcə donmuş, bununla da ağ şərf kimi qumlar üzərinə döşənmiş bu çayın bir tərəfində Rusiya inqilabı qan dənizində boğulur, o biri tərəfində isə əzilmiş kütlələr, üsyan deyə, gözlərini açırdılar.

Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmur, yenə də çar qamçılarının qorxusundan səsini çıxarmır və axırdı.

Yağış şiddətlə yağırdı. Dekabrın buzlu yağışı havada donub özünü ovçu tüfənginin qırmaları kimi mürgüləməkdə olan çayın mavi yanaqlarına çırpırdı. Şiddətli küləklərlə gələn dekabr yağışları, Arazın köynəyini qaldırıb köksündəki balıqları göstərirdi. Lakin çay yenə də dinmir, yenə də çar jandarmlarının göz ağartmasını unuda bilməyənlər kimi görünürdü.

Yağış Rusiyadan yeni keçən müsafirlərin hərəkətinə imkan vermirdi. Hər kəsin əynində nəyi vardısa buzlamış, vücudunu buzdan qayrılmış bir heykəl şəklinə salmışdı. Müsafirləri yağış çıxılmaz bir vəziyyətdə qoymuşdu. Hər kəs daldalanmaq üçün örtülü bir yer axtarırdı.

Müsafirlərin bir qismi palçıq divarların dibində sıra ilə düzülmüşdü.

Müxtəlif siniflərdən olan bu müsafirlərin birisi bürüncəyə, o birisi yorğana, bəziləri də palaz və cecimə bürünmüşdü. Müsafirlərdən bir çoxu – bu dağılmışda heç vaxt sağlam bir hava görmədim, – deyə Culfa mühitinə nifrət yağdırırdı.

Mən bunların heç birinə əhəmiyyət vermirdim. İnqilaba başlamış bu kəndli ölkəsində, az da olsa inqilabdan bir nişanə olub-olmamasına diqqət yetirirdim. Bir kəndli iki böyük səhənki xurcuna salıb uzunqulağının üstünə aşırmışdı. Çayçı dükanlarına su daşıyan bu gənc:

– “Əz-xuni cəvanani-vətən lalə dəmidə”[1] deyə oxuyurdu.

Kəndlinin, doğrudan da, özünü inqilab qaldırmış bir məmləkətdə hiss etdiyi görünürdü, çünki bu sözləri eni əlli metrdən çox olmayan Araz çayının şimal tərəfində danışmaq olmazdı.

Mən, yanımda duran iki nəfər gənc qızın ölümcül halda titrədiyinə baxmayaraq şadlanırdım. Özümü azad bir torpaqda hiss edirdim.

Qızlar da köhnə bürüncəklərilə bərabər bir parça buza dönmüşdülər.

Onlar nə fars, nə də türk qızı idilər. Rusca danışırdılar.

Müsafirlərin gözü, Culfa düzünün başında olan dağ burnuna dikilmişdi. Bununla bərabər qızlara baxan və onları başdan-ayağa gözdən keçirənlər də az deyildi. Lakin qızlar bunların heç birinə əhəmiyyət vermirdi. Müsafirlər Dərədüz burnuna baxdığı üçün qızların da gözləri o tərəfə dikilmişdi. Uzaqdan görünən hər bir qaraltı üzlərdə böyük bir şadlıq oyadırdı.

Fəqət bir az keçəndən sonra yenə də ümidsizlik doğuldu. Dağ burnunda toplanmış qaraltılar şimal küləyinin qarşısında müqavimət göstərmədən dağılıb gedirdi.

Avtomobil gəlməyəcəyini bilirdim, çünki inqilab hərəkatı genişləndiyindən Culfa – Təbriz yolundakı hərəkətin qeyri-adi bir şəkil alacağı aydın idi. Bəzən avtomobilin həftələrlə gəlmədiyini də söyləyirdilər.

Müsafirlər arasında cürbəcür səslər eşidilirdi:

– Vallah mən bu dövlətlərin işinə lap məəttələm. İşə qarışıb, beş-on nəfər lotu-potunu yerində oturtmurlar. İnqilab bizim nəyimizə gərəkdir? Məgər biz indiyə qədər azad deyildikmi? Ticarət dayanıb, alış-veriş, gediş-gəliş kəsilibdir.

– Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç bir şey çıxmaz. Verək urusa, ingilisə, qurtarsın getsin. Yoxsa belə getsə, torpaq və mülk saxlamaq da mümkün olmayacaq.

– Canım, inqilab harada idi? Hamısı dinsizlik... Hamısı vələdüzzinalıq. Budur bax, hələ möhkəm inqilab olmamış bu günə düşmüşük. Yağışın altında qırılırıq. Kəlamüllaha and olsun! And olsun çağırdığım Hüseynə! Bunlar mədəniyyəti pozacaqlar. Nə ruhani tanıyırlar, nə halal, nə haram qanırlar.

– Allah özü bunların cəzasını verəcək. Nəyimizə lazımdır məşrutə? Bir şey ki, Quranda yoxdur... Kimin nəyinə lazımdır?!

– Bəlkə də sizə lazım deyildir; çünki ehtiyacınız yoxdur. Amma bizə lazımdır.

Bu cür səsləri çox eşidirdim. Yanımda duran gənc qızların səbri tükənmişdi. Kiçik qız böyüyə müraciətlə:

– İranda, bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim, – deyə bacısını tənqid edirdi.

Böyük qız onu sakit etməyə çalışaraq:

– Darıxma, – deyirdi, – bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir. Bunlar ən adi bir rusdan böyük Allahdan qorxduqları kimi qorxurlar.

Kiçik qız çox acıqlandı:

– Sus! – dedi. – Rusca danışma. Müstəmləkə xalqının hakim millətləri görməyə gözü yoxdur. Mümkün olduqca rusca danışmağı burax. Şərqlilərin rusları görəcək gözləri yoxdur. Sən bilirsənmi biz haradayıq? Rusların, xalqı son köynəyinə qədər soyduğu bir yerdə!

– Bilirəm, bilirəm, bizə heç bir şey olmaz. Şərqlilər qadınlara, xüsusən sarısaçlı qızlara nəhayət dərəcədə ehtiram bəsləyirlər. Bunu mən bir çoxlarından eşitmişəm.

– Bu bizim üçün daha da qorxuludur. Bunlar bizi gözləri ilə yemək istəyirlər. Bizi bunların əlindən nə kimi bir qüvvə qurtara bilər?

Bu söhbətlərdən sonra böyük qız da titrəyir və ağlayırdı; o, artıq cavab vermirdi. Bunu görərkən kiçik qız onu məzəmmət etməkdən vaz keçdi və dedi:

– Ağlama, İraida, hər nə olubsa keçibdir. Baxaq görək taleyimiz bizə nə verəcəkdir.

Avtomobil gəlmədi. Ümid kəsilmişdi. Təbrizə getmək üçün faytonlar da vardı; qızlar bir-iki faytona yanaşdı. Fəqət onlar kimi tez getmək üçün bir çoxları tələsirdi. İyirmi nəfər tacir birdən faytonçulara para uzadırdı; qızlar isə həyəcanla geri çəkilib, yenə də divarın dibinə sıxılırdılar. Görünür qızlarla bir faytonda Təbrizə getmək üçün tacirlər bir-birilə rəqabətə başlamışdılar.

Qızlar nə edəcəklərini bilmirdilər. Özlərini itirmiş, o tərəf-bu tərəfə boylanırdılar. Bunlar hansı tərəfə dönürsə, həris tacirlər də yaxalarını, üst-başlarını düzəldib qızların qarşısına keçirdilər. Qızlar bunların əlindən yaxa qurtarmaq üçün bir vasitə axtarırdılar.

Faytonçularla tacirlər “barişnya, gedək” deməkdən yorulmurdular. Bir tərəfdən “sulanmış” gözlə baxan tacirlərin hücumu, o biri tərəfdən də yolların qorxulu olması xəbəri müsafir qızların ürəyini sarsıdırdı. Onlar dünyanın mərhəmət və yardımından ümidini kəsmiş adamlar kimi yarımağlar gözlərini adamların üzünə dikirdilər. Kiçik qız mənimlə tanış olmadığına baxmayaraq:

– Bu yollardan iki qızın bir faytona minib Təbrizə yalqız getməsi mümkündürmü? – deyə soruşdu.

Mən bunlara nə cavab verə bilərdim?

– Yalqız gedənlər də olur. Burası müsafirin özündən asılıdır. Məncə tək getmək məsləhət deyil, – dedim.

Başqa bir sözüm yox idi. Qız yenə də soruşdu:

– İnqilabçılar nə üçün bu yolları düzəltmirlər?

– İnqilab, görünür ki, hələlik tamamilə qalib gələ bilməmişdir, çünki yolların ətrafında məskən salmış xanları əzmək üçün çox vaxt lazımdır.

Qızlar, məndən qənaətləndirici bir cavab ala bilmədikləri üçün bir-birinin üzünə baxmağa başladılar. Kiçik qız yenə də sükutu pozub soruşdu:

– Burada gecələmək üçün mehmanxana varmı?

– Xeyr, yoxdur!

– Bəs müsafirlər harada gecələyirlər?

– Çayçı dükanlarında. Bəzən tanış tacirlərin və ya hökumət məmurlarının evlərində.

– Əcəba, qadın müsafirləri ilə kişilər bir yerdəmi gecələyirlər?

– Xeyr! Qadın müsafirləri olanda çayçı dükanının ortasından pərdə çəkirlər.

Bu sözdən sonra aralığa yenə də sükut çökdü. Səs gəlməyirdi. Yağış da kəsilmişdi. Yağışdan əmələ gəlmiş gölməçələr piy kimi donmağa başlayırdı.

Adamlar çamadan, xurcun, yorğan və döşəyini götürüb bir tərəfə çəkilməyə hazırlaşırdı.

Çayçı Cəbrayılbəy və nayib Məhəmmədhüseynin şagirdləri müsafirlərin arasına yayılıb “Yaxşı mənzilimiz var”, – deyə qışqırır, müsafirlərin əlindən çamadanlarını qapırdılar. Bunun üstündə bir-birlərilə rəqabət aparırdılar. Mən yanımda duran bir iranlıdan: “Bu rəqabət nə üçündür? Şagirdlər xalqı nə üçün zorlayıb şeylərini almaq istəyir?” – soruşdum. İranlı mənim üzümə baxıb:

– Bunlar çayçı şagirdləridir. Hərgah bir kərrə, iki kərrə müsafir aparmazsa, dükan sahibi onu saxlamaz! – dedi.

Bu halda iki nəfər çayçı şagirdi gəlib qızların şeylərini götürmək istəyirdi. Qızlar isə şeyləri əllərindən buraxmayırdılar.

Mən işə müdaxilə edib bu uşaqları qızların ətrafından dağıtmağa müvəffəq oldum. Şeylərini götürüb gedən adamlar qızlara da getməyi təklif edirdilər. Öz qonaqlarını evinə aparmaq istəyən yerli tacirlər də vardı. Bunlardan Molla Həsən Məhəmmədzadə mənə yanaşaraq “yoldaşlarınızı da götürüb bizim bəndəxanaya buyura bilərsiniz”, – dedi.

Mən:

– Bunlar mənim yoldaşım deyil, – dedikdən sonra Molla Həsən daha məni evinə təklif etməkdən vaz keçib, bir söz demədən uzaqlaşıb getdi.

Bundan sonra daha başqaları yanaşdı. Yenə də mənim qızlarla tanış olmadığımı bilib əhəmiyyət vermədən getdilər.

Müsafirlərdən çox az adam qalmışdı. Mən də şeylərimi götürmək üçün adam axtarırdım. Qızlar durduqları yerdə ayaqlarının birini qaldırıb o birini qoyurdu. Uzaqda durub bunların haraya getməsini öyrənmək istəyən tacirlərin də vəziyyəti belə idi. Onları da soyuq əldən salmışdı.

Divarın dibində bir mən idim, bir də qızlar. Qızlar, artıq ağlayır, bunu gizlətməyə çalışırdılarsa da bacarmırdılar.

Bunların çıxılmaz vəziyyətdə qalması məni də düşündürürdü. Qızların salamat və rahat bir yerdə gecələməsi lazım idi. Bu isə İran Culfasında heç mümkün deyildi. Burada hökumət nə inqilabın əlindədir, nə də köhnə hökumətin.

Bu yerlərin hakimi gəncəli məhəmmədovlar, müvəkkilləri olan Hacı Hüseyn ağa, onun qardaşı Məşədi Məhəmməd Bağır, bir də Tağıdır. Bütün idarə bunların əlindədir. Bu isə bütün başıpozuqluğun birinci səbəbi idi.

Kiçik qız bir daha mənə yanaşaraq soruşdu:

– Əcəba, bizə yardım əlinizi uzadıb Rusiya sahilinə qayıtmağımıza kömək edə bilərsinizmi?

– Əfv edərsiniz! – dedim. – Bu, heç də mümkün deyil. Körpü və tamojna bağlanmışdır. Sabah saat doqquza qədər oradan kimsəni buraxmazlar. Siz gərək avtomobil gəlib-gəlməyəcəyini Rusiya sahilində ikən öyrənib, sonra bu tərəfə keçəydiniz.

* * *

Günəş Şüca düzündəki dəvə karvanlarının başı üstündən ötüb Qardaş təpələrinin dalında gizlənməyə başlamışdı. Günəş çəkildikcə şimal qorxuları yenə də artırdı. Rus çar konsulu agenti Jarskinin cürbəcür paltarda olan xəfiyyələri dışarı çıxıb ətrafı köpək kimi qoxulayır və Rusiyadan İrana keçənlərin kim olduqlarını öyrənməyə tələsirdi.

Hava getdikcə soyuyurdu. İran sahilləri yenə də arxasını şimalın buzlu küləklərinə vermişdi. Yenə şimal küləyi inqilabçı ölkənin qabırğalarına ox kimi sancılırdı. Şimalın xəfiyyəsi və şimalın küləyindən qorxan İran kəndlisi başını tısbağa kimi qınına çəkib həm küləkdən qorunmaq, həm də çar xəfiyyələrinə görünməmək üçün tez-tez sivişib qaçırdı.

Poçt-teleqraf rəisi avtomobilin olmadığını eşidib məni evə qaytarmaq üçün gəlmişdi. Yanında kiçik oğlu ilə bərabər bir neçə poçt xidmətçisi də vardı. Şeylərimi götürdülər. Qızlar plaşa bürünərək bir cüt büt kimi durmuşdu. Donmuş plaşları bir-birinə toxunduqda xışıltısını uzaqdan eşitmək olurdu. Onları buraxıb getmək vicdanıma sığışmadı, onları da aparmağı qərara aldım. İstədim ki, İranda vəhşi və qadın düşgünləri varsa poçt rəisi kimi ziyalı və tərbiyəli adamların olduğunu da görsünlər. Yanaşaraq dedim:

– Xanın evində gecələmək üçün gedirsinizmi? Xanın ailəsi sizi rahat edər. Xanımı da tərbiyəli və hörmətli bir qadındır.

– Ev sahiblərinə zəhmət olmazsa, məmnuniyyətlə gedərik, – deyə onlar şeylərini götürmək istədilər. Poçt xidmətçiləri qızların şeylərini götürdülər. Dinc addımlarla sanki yeni həyata doğru irəliləməyə başladılar.

Xanın qadını onları çox hörmətlə qəbul etdi. Qızları, üst-başlarını qurutmaq və dəyişmək üçün xüsusi otağa göndərdi. Mən də başqa otağa keçib paltarımı dəyişdim.

 

Poçt-teleqraf rəisinin evində

Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geydikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.

Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.

Salondakı böyük və yüz şamlı avizədən başqa masaların üstündə duran lampalar da bəzəkli bir gəlinə bənzəyirdi.

Bütün qabların, lampaların, hətta xanın daim çəkdiyi qəlyanın da üstündə farsca belə bir cümlə oxunurdu:

“Sifariş – Hacı Məhəmməd Cəfəri Büllurfüruş”.

Bütün qabların Hacı Məhəmməd Cəfər Büllurfüruş tərəfindən Avropa müəssisələrinə sifariş edildiyi aydın idi.

Salonda qızların və mənim nəzərimi cəlb edən şeylərdən biri də silahlı inqilabçıların şəkilləri idi.

Hər tərəfə Səttarxan, Bağır xan və sair inqilab qəhrəmanlarının fotoları vurulmuşdu.

Qızların hər ikisi görmədiyi şeyləri diqqətlə nəzərdən keçirir və bir-birinə izahat verirdi.

Çay hazır idi. Xidmətçi qadın samovarı masanın üzərinə qoymuşdu. Çayı xanın qadını hazırlayırdı. Stəkanları doldurduqdan sonra qızlara müraciətlə:

– Xanımlar, çay masası yanına buyurunuz! – dedikdə qızlar sanki yuxudan oyandılar.

Kiçik qız:

– Əfv edərsiniz! – deyə əlini uzatdı və hamı ilə tanış oldu.

Kiçik qız Nina, böyük qız isə İraidadır.

Qızlar çay içir, yağlı və şirin çörəklərdən yeyirdilər. Məclis çox sakit keçirdi. Onlar bu sükutu pozmaq üçün sözü hansı yerdən başlayacaqlarını bilmirdilər.

Biz də onların zövqünə uyğun bir söhbət aramaqda və fikirləşməkdə idik. Çox düşündükdən sonra Nina bu sükutu pozdu və üzünü nədənsə mənə doğru tutaraq söhbətə başladı:

– Şərq evlərinin içərisi dışarıdan yüz faiz gözəldir, – dedi.

Mən neçə dəfə qızların Şərq haqqındakı sözlərini eşitmişdim. Bunun üçün də qızın cavabını verməyə tələsdim:

– Doğrudur, – dedim, – ümumiyyətlə şərqlilərin zahiri bir çoxlarını qorxudur. Lakin onların daxili qayəl gözəl, zəngin və hiylədən uzaqdır. Zənn edirəm ki, siz Şərqdə, eşitdiyiniz mənfi cəhətlərdən başqa, bir çox müsbət işlərə də təsadüf edəcəksiniz.

Kiçik qız nə dediyimi çox tez anladı. Səhvini düzəltmək istədi və dedi:

– Bir çox avropalılar, hətta bizim özümüz də Yaxın Şərqi “Min bir gecə” nağıllarından öyrənmişik. Lakin bu doğru deyil. Bir məmləkəti dastanlardan öyrənmək və ya yeni bir ölkəni əski tarixi ilə müqayisə etmək səhvdir.

– Təəssüf edirəm ki, Şərqi hər kəs belə tanıyır. Özünü Şərqin yaxın dostu adlandıran Pyer Loti belə buranı lazımınca tanımadı. O, bu sevdiyi ölkələri 1902-ci illərdə lazımınca gəzib qayıtdı. Yenə də rus şairinin sözlərini təkrar etməkdən başqa yeni bir söz deyə bilmədi.

Kiçik qız rus şairi sözünü eşitdikdə tələsik soruşdu:

– Əcəba, rus şairi Şərq haqqında nə demişdir?

– Gözəl demişdir. Fəqət bu söz indi öz gözəlliyini itirmişdir. “Əlvan divana söykənmiş Tehran inci fəvvarələrin qarşısında oturub nargilə qəlyanların tüstüsü ilə mürgüləyir”. Zatən bir çox şərqşünaslar İranı belə tanıyırlar. Onlar Şərqi nə qədər gəzirsə gəzsin, yenə də Qərbə qayıtdıqda yaşıl qübbəli məscidlər, incə və uzun minarələr, tağlar, örtülü bazarlar və açıq qəbiristandan başqa bir şeydən danışa bilmirlər. Lakin bugünkü Şərqi əski kitablardakı miniatürlərlə ölçən və səyyahların yazıları ilə öyrənmək istəyən adamlara gülmək lazımdır.

Artıq soyuqdan çıxmış bədənlər qızışırdı. Uzun-uzadı söhbətlərə imkan var idi. Kiçik qızla bərabər salonu dolaşırdıq. Mən daima kiçik qıza “xanım” deyə xitab edirdim. Qız mənə nazikanə bir etirazda bulundu:

– Mənə sadəcə Nina desəniz daha yaxşıdır.

– Çox yaxşı! – deyərək gəzişməyə başladım.

Nina pəncərədən üzərinə qaranlıq çökmüş Culfa yollarına baxaraq soruşdu:

– Nə üçün hökumət bu yerlərdə mədəniyyət yaratmır?

– Əvvəla, bu yerlər hökumətin deyildir. Bütün İranda xalisə torpaq çox azdır. Torpaqlar qoluzorbaların və hökumətin zəifliyindən istifadə edib pəncəsini hər tərəfə atan mülkədarların, kiçik dərəbəylərin əlindədir. İkincisi, belə bir quruluşda nə cür mədəniyyət yaratmaq olar?

– Həmin bu Culfa kimindir?

– Çar təbəələrindən gəncəli məhəmmədovlarındır. Bütün abadanlıq onlarındır. İran hökumətinin burada yalnız bir tamojna binası, bir də məhəlli idarələr yerləşən kiçik binaları vardır. Buradan bir neçə kilometr uzaqda Şüca kəndi və daha uzaqda Gərgər və Ələmdar adlı iki kiçik şəhər də onların əlindədir.

– Bəs buna rəiyyətlər nə deyir?

– Rəiyyət üçün heç fərqi yoxdur. Hər kəs olursa-olsun onlar soyulmağa hazırdır. Onlar üçün bəzən rus təbəəsi olmaq İran təbəəsi olmaqdan daha da əlverişlidir; çünki qoluzorba ağanın özü rəiyyəti nə qədər soyursa-soysun gündə bir bəhanə ilə gəlib kəndlini talan edən hökumət məmurlarının soyğunçuluğuna imkan verməz.

– Əcəba, kəndlilər bu ağırlığın altında gözlərini açıb üsyana başlamırlarmı?

– Mən eşitdiyimə görə Şüca kəndinin rəiyyətləri 8-ci ilin yanvarında böyük bir üsyan qaldırdılar. Üsyanı təşkil edən Haqverdi, məhəmmədovlar tərəfindən öldürüldükdən sonra üsyan yatırıldı. Hazırda torpaq da, günəş də, su da, hava da onların ixtiyarındadır.

* * *

Axşam yeməyi hazır idi. Qızlar əvvəlcə hansı yeməkdən başlamağı bilmirdilər. Bir-birinin üzünə baxıb dururdular. Şübhəsiz ki, onlar əlvan Şərq süfrəsini birinci dəfə görürdülər. Bunun üçün də xanın qadını onları yedirməklə məşğul olmuşdu.

Yemək qurtardıqdan sonra pəncərənin qarşısında oturub Araz çayına baxırdıq.

Gecə olduqca ayazdı. Rusiya sahilindəki elektrik lampaları ulduz kimi parlayırdı.

Nina bu işıqlara baxaraq ixtiyarsız dedi:

– Məncə o işıqlar son işıqlardır, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın əbədi qaranlığıdır.

Nina öz içərisindəki nifrəti və Şərqə dair düşüncələrini bu sözlərində əks etdirirdi. Bir saat əvvəl demiş olduğu sözlərdən qəlbinin xəbəri belə yoxdu.

Mən onun sözlərindən acıqlanmırdım. Onu xəfif təbəssümlərlə sakit etməyə çalışırdım.

– İranı o qədər də qaranlıq bilməyiniz. Burada da işıqlı günlər görəcəksiniz. Şübhəsiz ki, İranı sevəcəksiniz. Gözəl təəssürat alacaqsınız. Sizi də sevəcəklər. Siz



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info