Qonaq Kitabı
YEDDİ GÖZƏL

 

[315]                    Tam əks-əyarlı nəqdi Gəncədən

Rumi çeşnisiylə parladınca mən...

Əks-əyarlı – ən təmiz qızıldan düzəldilmiş, üzərində məşhur və qüdrətli şahın əksi həkk edilmiş pul; Rumi çeşnisi – yəni Vizantiya imperiyalı kimi yüksək əyarlı parlaq qızıl pul. Yəni mən Gəncə şəhərində öz yüksək əyarlı qızıla bənzər poemamı yaradıb, onu şaha ithaf etdim.

 

[316]                    Üsul, firu ilə oldu aşina

Bəxtiyşu rəyinə, İyşu baxtına.

İyşu – İsa peyğəmbər, onun taxtı günəş kimi göyün dördüncu qatında yerləşmişdir. Bəxtiyşu – Abbasilər xilafətinin məşhur saray həkimi (VIII ə.). Beytin mənası: Körpə Arslan dinin ehkamlarını, şəriətin qanunlarını dəqiq yerinə yetirdiyi üçün İsanın xoşbəxtliyi və Bəxtiyşunun fikir dühası ona nəsib olmuşdur.

 

[317]                    Şahadır hər zaman göyün xidməti,

İkicə çörəkdir onun ücrəti.

Göy ona xidmət etmək üçün ayağı üstə durubdur və öz xidmətinə görə də iki girdə çörək (Ay və Günəş) sahibi olubdur. Ücrət – zəhmət haqqı.

 

[318]                    Dağın nafəsini göbəkdən saldı.

Onun oxu dağın bağrını yararaq oradan qan nafəsini – al-qırmızı ləl çıxarır.

 

[319]                    Sənsən bu dünyanın qüdrətli şahı,

Dünyamız gözləməz özgə pənahı.

Orijinalda şah yerinə qaim getmişdir. Qaim (sabit, möhkəm) – şiələrin gizlənmiş on ikinci imamı, Mehdi. Dünya fəsad, günah, hərcmərclikdə boğulan zaman qiyamət gününün ərəfəsində imami-qaim (Mehdi) ağ atın üstündə zühur edib dünyanı təmizləyib ədaləti, din və imanı, rifah və xoşbəxtliyi bərpa edəcəkdir. Şair Körpə Arslanı haman imami-qaimlə müqayisə edib deyir: “Sən” zəmanənin qaimisən, odur ki, fitnə-fəsadı, zülmü aradan götürdüyün üçün əsil qaim imam Mehdi səndən çəkinib zühur etmir.

 

[320]                    Tikanın üstünə töksən bal əgər,

Tərəngəbin deyər ona zirəklər.

Tərəngəbin – dəvətikanı deyilən bitkidir, onun şəkərli şirəsi dərman kimi ta qədimdən bu günə kimi təbabətdə geniş miqyasda işlənilir. Fars sözü olan bu bitki adı iki hissədən ibarət olub, tərə – göy-göyərti və əngəbin – bal deməkdir. Şair sözün etimalogiyasından istifadə edərək, Körpə Arslana öz əsərinin məziyyətini müasirlərinin kitablarından nə qədər yüksək durduğunu başa salmaq istəyir.

 

[321]                    İki hərflə gələr başa muradım.

İki hərf – kün (ol). Kün ərəbcə iki hərflə ( ) yazılır. Yəni şair kitabını “Ol!”, “Əbədi var ol!” duası ilə bitirir.

 

[322] Çəbəl ər Rəhmə və Buqubeys – Məkkənin yaxınlığında iki dağ adıdır.

 

[323]                    Xətayi geyinib, xəta örtənsən.

Xətay – Kitay, Çin. Çinin zərxara geyimləri ən gözəl və qiymətli geyimlər sayılırdı.

Şair xətapuş (xətaları, nöqsanları ört-basdır edən) və Xətayi-puş (qiymətli Kitay libasları geyən) sözlərinin omonimiyasından mahiranə istifadə edib gözəl cinas düzəltmişdir.

 

[324]                    Ramazan ayının on dördü vardı,

Gün dörd saat qalxıb batmış olardı.

Hicri – qəməri təqviminin 593-cü il Ramazan ayının on dördü bizim indiki təqvimin 1197-ci il 31 iyuluna müvafiqdir. Deməli, şair poemanı 1197-ci il iyulun otuz biri, gecə saat 12-də bitirmişdir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info