Qonaq Kitabı
YEDDİ GÖZƏL

[138]                    Zöhrə Surə keçdi, Müştəri qövsə,

Bu ev ziynətlənib, döndü firdovsə.

Zöhrə (Venera) planeti Sur (Öküz) bürcü, Müştəri (Yupiter) isə Qövs bürcünə yaxınlaşmağı şənlik, çalıb-oynamaq, nemət bolluğu, rifah əlamətidir. Firdovs behişt, cənnət deməkdir.

 

[139]                    Hilal onda idi, altıda Bəhram.

Hilalın – təzə ayın onuncu bürcdə, Bəhramın (Marsın) altıncı bürcdə olması həm ziyafət, şənlik, xoş güzəran, həm də müharibə əlamətidir.

 

[140]                    Uzadıb əlini Zühəl Mizana,

Toplamışdı xəznə yerdən Keyvana.

Zühəl (Saturn) planetinin Mizan bürcündə olması varlıq əlamətidir. Odur ki, Bəhramın var-dövləti sanki yerdən Keyvana (Saturna; Zühəl ərəbcə, Keyvan isə farsca Saturn deməkdir) qədər ucalırdı.

 

[141]                    Qaradan, ağdan çox nə ki, yaşayan

Var, məndən görəcək ədalət, aman.

Qara və ağ – gecə və gundüz, dünyanın rəmzi, yəni gecə və gündüzdən ibarət olan bu dünyada nə qədər adam var, məndən ədalət görəcək.

 

[142]                    Dirəmdə sikkələr mindi qərara.

Dirəm – dirhəm sözunün müxəffəf şəkli. Dirhəm gümuş pul deməkdir, yəni pul dəyərə mindi, öz qiymətini tapdı.

 

[143]                    Bir kor istəsəydi, dam üstü, əgər,

Reydən İsfahana edərdi səfər.

Yəni o qədər abadanlıq saldılar ki, Rey (indiki Tehran) şəhərindən İsfahana qədər korlar damların üstü ilə gedə bilərdilər.

 

[144]                    Sur bəxti tapmışdı onda zamana;

Zöhrə sahib idi onda dövrana.

Zöhrə (Venera) – çalğı, rəqs və şənliyin hamisidir. O, Sur (Öküz) bürcündə qərar tutanda Yer üzündə həm sabitlik, firavanlıq, həm də çalıb-oynamaq, şənlik, ziyafət məclisləri, eyş-işrət bərqərar olur.

 

[145]                    Qövsdə yerləşir parlaq Müştəri,

Müştəridir onun qövsünün yeri.

Qövs həm bürcün adı, həm də kaman deməkdir. Müştəri planetinə xoşbəxtlik gətirən Qövs bürcüdür. Yəni Müştəri kimi əzəmətli olan Bəhram öz kamanının (qövsünün) oxunu Müştəri planetinə tərəf atdı ki, Qövslə Müştəri yaxınlaşıb ona səadət gətirsin.

 

[146]                    Günəş Surda olar bahar zamanı,

Suru dolandıran ay varmı, hanı?

Bahar fəslində Günəş Öküz və Buzov bürclərində mənzil salır, məcazi mənada: Günəş Buzovu öz çiynində aparır. Şair çox gözəl obraz yaradıb, dolayı yolla Fitnəni Ayla, divanı isə Öküz bürcüylə müqayisə edir. Beytin mənası: Bahar fəslində çiynində buzov gəzdirən Günəş görmüşdük, amma buzov gəzdirən Ay görməmişdik, eləsi varmı?

 

[147]                    Xizran boyu verdi gözəl laləyə.

Onun sərvə və xizrana (qamışa) bənzər qamətinin üzərində üzü piyalə içərisindəki al şərab və lalə kimi allanırdı.

 

[148]                    Verdi vücuduna yeddi rəng bəzək,

Keçmiş zamanlarda qadınlar özlərinə bəzək vermək uçün yeddi rəngdən istifadə edirdilər: xına, basma, sürmə, ənlik, kirşan, qaliyə və zərvərəq.

 

 

[149]                    Hindlitək üstünə atıldı haman.

Yəni hindli qarətgərləri xəzinə üzərinə atılan kimi Bəhram Fitnənin üstünə atıldı.

 

[150]                    Balıqdan başlayıb yetişdi aya.

Mahi – balıq, mah – Ay. Bu sinonim sözlərdən istifadə edərək şair xüsusi ifadə yaratmışdır. Balıqdan Aya qədər, yəni yerdən göyə qədər. (Yeri öz üzərində saxlayan əfsanəvi balıq nəzərdə tutulur).

 

[151]                    Künc-bucaqda öldü sarıqulaqlar,

Onları qara su, bax, belə udar.

Sarıqulaqlar – pozğunlar, xəbislər, alçaqlar; qara su – gözü kor edən göz xəstəliyi. İkinci mənası isə tufan deməkdir.

 

[152]                    Üç yüz olsalar da igidlər, ancaq

Onları yaşadan bir hiss, bir otaq.

Nizamidə beytin mənası belədir: yüz adam yaşayan bir evdə adətən iğtişaş olar, amma Bəhramın süvariləri bir nar içində yerləşmiş nar dənələri kimi bir-birləri ilə yekdil və həmrəng idilər.

 

[153]                    Xaqanla Bəhramtək vuruşdu Bəhram.

Bəhram – Mars planetinin qədim adıdır, Mars isə müharibə ilahəsi sayılır.

 

[154]                    Oxdan azad oldu dəyənin canı.

Yəni ox kimə dəyirdisə, onu deşib bədəninin o biri tərəfindən çıxırdı – xilas olurdu.

 

[155]                    Qorxudan ödünü Zöhrə qusurdu.

Zöhrə (planet) və zəhrə (öd) omonimlərdən mahiranə söz oyunu düzəldilmişdir. Yəni Bəhram o qədər qan tökdü ki, Zöhrənin qorxusundan bağrı yarıldı və öd qusdu.

 

[156] Əjdər – burada nizə deməkdir.

 

[157] İrəc, Arəş, Giv – Firdovsi “Şahnamə”sinin qəhrəmanları.

 

[158]                    Nə ağ görmüş, nə də qara görmüşdür.

Ağ və qara – gecə və gündüz, yəni nə qədər gecə və gündüz gəlib-gedibsə, şahın göstərdiyi bu qəhrəmanlığı görməmişdir.

 

[159]                    Balıq belə olsa aya yetişər.

Yəni şahın taxtı o qədər ucadır ki, o, üzərində Yer durmuş balığın üstündən Aya qədər yüksəlir. Balıqdan Aya qədər idiomatik ifadədir, yerdən göyə qədər məfhumunu əvəz edir.

 

[160]                    Qılınc – Hindustani, geyim – Davudi,

Səxa gəmisinə yer oldu Cudi.

Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi Cudi dağında (indiki Ağrı) tufandan kənara çıxmışdı.

Beytin mənası: Bəhramın səxavət gəmisi adları mətndə çəkilən (müşkənbəri, hindi qılıncları, paltarları və s.) Nemanın Cudi daqı kimi yüksək olan vücuduna tərəf apardı.

 

[161] Şüştər – İranın cənubunda Xuzistan vilayətində yerləşmiş ən qədim şəhərlərdən biri. Ticarət mərkəzi olmuş bu şəhərin gəliri dillər əzbəri olmuşdur.

 

[162]                    Qarğa oğurlayıb bülbül səsini,

Oxurdu “oğru var” nəşidəsini.

Qarğalar bülbüllərin səsini oğurlayıb oğrular kimi: “Oğrunu tutun” deyə qar-qar qarıldayırdı.

 

[163]                    O hindu cinslidir, bunu yaxşı bil,

Hindlidə oğurluq təəccüb deyil.

Hindli – klassik poeziyada oğurluq, qaralıq və keşikçilik mənasını ifadə etdiyi üçün qara qarğalara bənzədilmişdi.

 

[164]                    Sərt soyuq atəşi tabdan salırdı,

Su qılınc, qılınc su şəkli alırdı.

Şair burada tiğ sözünün omonimiyasından istifadə edib poetik məzmun yaratmışdır. Tiğ həm qılınc, həm də günəş şüası deməkdir.

Beytin mənası: Soyuqdan su donub buz olur və qılınc kimi kəskin olurdu, Günəşin qılıncı – şüası isə donub şehə dönürdü, su olurdu.

 

[165]                    Fələk sincab, qaqum bürünmüşdü dağ.

Göylər sincab rəngli boz buludlarla dolmuş, dağlar isə qaqum dərisi kimi ağ və yumşaq qarla örtülmüşdü.

 

[166]                    Boyatma qüvvəsi düşüb duzağa.

Yəni bitkilər boyatma qüdrətini itirib başlarını yerə endirmiş, elə bil namaz qılırdılar.

 

[167]                    Öz kimyası ilə iki rəng cavan

Daşda od ləlini eyləmiş nihan.

Əməlləri məchul, başa düşülməz kimyagər ağlı və qarlı, yəni gecəligündüzlü cahan odu ləl kimi daşın ürəyində gizlətmişdi, odur ki, ətrafda istilikdən əsər-əlamət yox idi.

 

[168]                    Qızılgül kürəni etmişdi otaq.

Hikmət palçığından çəkmişdi suvaq.

Burada gülab çəkilməsi nəzərdə tutulur. Suvaq – hikmət gili – kimyagər və zərgərlərin kürənin döşəməsinə yaydıqları gil. Yəni gül hikmətin hökmünə görə şaxtanın təhlükəsindən xilas olmaq üçün köhnə kürədə gizlənib və kürənin ağzını çox möhkəm olan hikmət gili ilə suvamışdır. Bəzi nüsxələrdə kürə əvəzinə kuzə yazılmışdır, bu mətnə daha uyğun gəlir, çünki gülab kuzədə yox, kürədə çəkilir, çünki gülabı yazda-yayda çəkərlər. Mətndə aydın şəkildə deyilir ki, vaxtilə çəkilmiş gülab ağzı hikmət gili ilə bağlanmış küplərdə, kuzələrdə gizlənmişdi.

 

[169] Tabxana – süni surətdə qızdırılan böyük otaq, zal.

 

[170]                    Alovdur nəşənin, keyfin dayağı,

Zərdüştün qırmızı kükürd ocağı.

Kükürd ocağı – zərdüştilərin müqəddəs atəşi. Bu və bundan sonrakı beytlərdə şair səndəl və uddan (aloye) qalanmış ocağı zərdüştilərin atəşinə, laxtalanan qana, qana batmış al-qırmızı ipəyə, innaba, şəngərfə, qızarmış kömür parçaları qara özəyi çıxarılmış və onun yerinə nar dənələri doldurulmuş almaya, yarı yanmış, yarı qaralmış səndəl qırla boyanmış kəhrəbaya, müşklə niqablanmış günəşə bənzətmişdir. Kömürün alovlanmamış qara hissəsi zülmətə, qızarmış hissəsi isə nura, şəfəqə təşbih edilmişdir.

 

[171]                    Bir türkdü, rumluydu əsil-nəsəbi,

Hindlilər göz nuru vermiş ləqəbi.

Birinci sətirdə ocağın şöləsi ilə Rum – Kiçik Asiyada yaşayan alyanaqlı ağ türklər ilə müqayisə edilir. İkinci sətirdə hindlilər deyərkən VII əsrdə İrandan Hindistana qaçmış, indiyə qədər də orada yaşayan zərdüştilər – atəşpərəstlər nəzərdə tutulur. Zərdüştilər odu göz işıqı kimi sevirdilər.

 

[172]                    Yunisin məşəli, kəlim çırağı,

İsanın bəzmidir, İbrahim bağı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info