Qonaq Kitabı
YEDDİ GÖZƏL

[102]                    Gövhərlə daşdakı nisbətə misal.

Olmuş Yəzdigirdlə Bəhramdakı hal.

Yəzdigird – Bəhramın atası daşla, Bəhram isə gövhərlə təşbih edilir. Yəni qiymətli gövhər göy daşdan çıxan kimi, bəzən pis adamdan da dünyaya gözəl oğul gəlir.

 

[103]                    O gün ki, Bəhramın sübhü açıldı,

Qaranlıq gecəyə işıq saçıldı.

Burada Bəhram – Mars deməkdir.

 

[104]                    Qəlp gümüş yerinə qızıl gördülər,

Dənizdən dürr çıxdı, daşdan da gövhər.

Bəhram anadan olan sübhçağı qaranlıq gecəyə bənzəyən Yəzdigirddən bədnamlığı apardı. Münəccimlər tez üstürlablarını götürüb ulduzları təftiş edərək Bəhramın taleyini axtarmağa başladılar. Onlar elə bilirdilər ki, onun taleyi yarı qızıl, yarı mis, aşağı əyarlı Yəzdigird kimi bir adamın taleyinə rast gələcəklər. Lakin gördülər ki, Bəhram yüzdə-yüz qızıldır və gələcəyi də saf qızıl kimi parlaqdır.

 

[105]                    Taleyi Hut idi, Müştəri Hutda...

Bəhram Hut bürcündə doğulmuş, Müştəri səyyarəsinin isə Hutda olmağı Bəhramın xoşbəxt və qüdrətli olmağına dəlalət edir.

 

[106]                    Laləyi-Nemani olsun o yarpaq.

Laləyi-Nemani – anemon – qızıl lalə, əsməgülü.

 

[107]                    Fələyə ustürlab ənkəbutunun

Telindən tor hörmüş nəzəri onun.

Üstürlab – astrolyabiya. Qədimdə ulduzların yerləşdiyi yüksəklikləri və s. bu alət vasitəsi ilə ölçərdilər. Ənkəbut – hörümçək – üstürlabın əsas hissələrindən biri.

 

[108]                    Ağın, həm qaranın oldu qibləsi.

Ağ və qara – gecə və gündüz.

 

[109]                    Təngüluşasıydı yüz min xəyalın.

Təngluşa – Luşanın kitabı. Babil münəccimi Tevkr Babilini (I ə.) farsca Luşa adlandırıblar. Luşa günəşin (ekliptika) və ulduzların (zodiak) hərəkəti haqqında məşhur kitabın müəllifidir. Nadir miniatür, nəqş, ulduz və bürclərin şəkilləri ilə bəzədilmiş həmin kitab Şərqdə böyük şöhrət qazanmış, əsrlər boyu gözəllik xəzinəsi sayılmışdır.

 

[110]                    Düşsəydi üstünə günəşin nuru,

Yumardı gözünü cənnətdə huru.

Günəşin şüaları qəsrin hamvar, cilalanmış divarlarında əks olub, düz cənnətə çatır və hurilərin gözlərini qamaşdırırdı, hurilər də məcbur olub gözlərinə örtük salırdılar.

 

[111] Sirişüm – yumurta sarısından düzəldilmiş yapışqan.

 

[112]                    “Yox, Çin biharıdır”, – dedi təbiət.

Cin biharı – qızıl, bürünc büt və əlvan naxış və rəsmlərlə bəzənmiş Çin bütxanələri, gözəllik rəmzi. Bihar hind sözü vihardan əxz edilmiş və məbəd deməkdir.

 

[113]                    Bir də qayıtmadı öz xanəsinə,

Keyxosrov kəsildi zəmanəsinə.

Firdovsinin “Şahnamə”sinin əsas qəhrəmənlarından biri olan İranın qüdrətli və əzəmətli şahı Keyxosrov öz şahlığının çiçəklənən çağında hakimiyyətdən imtina edib qarda, çovğunda, boranda dağlarda yox olur.

 

[114]                    Həndəsə xəttinə əməl edərdi,

Minlərlə Məcisti o həll edərdi.

Bu beyt onun məharətli münəccim olmağına işarədir.

 

[115] Zic – təqvim, astronomiya cədvəli.

 

[116]                    Çövkənbaz fələyin topunu aldı.

Göylərə qalib gəlirdi, günəşi belə top kimi öz çövkənınə salırdı.

 

[117]                    Necə ki, Süheyldən parlayar dəri.

Əsatirə görə, Yəmən ulduzu Süheyl (Kanonus) o ərazinin nemət mənbəyidir. Dünyada şöhrət tapmış ən incə dəri olan ədim guya Süheylin şüaları sayəsində xamlığını itirib qırmızı şəffaf rəng alır. Beytin mənası: Bəhramın Süheylə bənzər parlaq üzü Yəmən torpağına işıq saçanda Münzirin üzü ədim kimi sevincdən qızarırdı.

 

[118]                    Qapardı sürətlə yol gedən zaman

O, topu Günəşdən, qürsü də Aydan.

Burada Günəş çovkənın topuna bənzədilmişdir. Qürs isə Ayın çevrəsi deməkdir.

 

[119]                    Boynuna saldığı sanma zünnardı,

Üzündə gül rəngli duvağı vardı.

Onun qırmızı zünnara bənzər boyunbağısı – zolağı, gül rəngli duvağı – teli vardı.

 

[120]                    O başqa gurlardan, sağrısı ondan

Gözəllik topunu almışdı, inan.

O, bütün gurlardan, onun sağrısı, ombası isə onun özündən, yəni bütün bədənindən gözəllik topunu udmuşdu. Başqa sözlə, o, bütün gurlardan gözəl idi, sagrısı isə bədəninin ən gözəl yeri idi.

 

[121]                    O atəşdi, odla qohum misaldı,

Dərviş paltarında bir mahcamaldı.

Dərvişlər adətən dəri geyirlər. O gur otla bəslənib, otla qohumluq edən bir şölə, od-alov idi; o gur dərviş paltarı geymiş bir gülcamal, bir gözəl idi.

 

[122]                    Belində qaralan o dəri qaytan

Bağlamış cidovu hər iki yandan.

Cidov – çarpaz bağlı. Gurun ombası yəhərə və qara zolaq isə yəhəri gurun belinə bağlayan qayışa (kəmərə) bənzədilmişdir.

 

[123] Tismə – nazik, uzun qayış.

 

[124]                    Oynardı tisməli hoqqabazlartək.

Şairin zamanında zənci hoqqabazları tismə ilə müxtəlif oyunlar göstərərmişlər.

 

[125]                    Quyruğu belindən ayrılmazdı heç,

Boynu dırnağıyla kəsilmişdi ləc.

Yəni quyruğu ilə sağrısına qonan milçəkləri qovar, ayaqlarının dırnaqları isə boynunu, qulaqlarını qaşıyardı.

 

[126]                    Gurxan hey çapırdı, guru qovurdu.

Bəhram Çin türkləri gurxanilərə qalib gəldiyi üçün ona Gurxan ləqəbi vermişdilər. Şair həmin adın şairanə etimologiyasını izah edərək demək istəyir ki, o, Gurxan yox, gurların xanı idi.

 

[127]                    Çinin o yüz gözəl nigarıstanı...

Çin nigarıstanı – Çindəki budda və Mani məbədləri. Nigarıstan – bütxana deməkdir, bu sözun kökü nigaştən – “al-əlvan cizgilərlə” bəzəmək, şəkil çəkmək felindən əmələ gəlmişdir. Nigar – al-əlvan cizgilərlə bəzənmiş deməkdir.

 

[128]                    Hər biri bir elin parlaq ülkəri.

Aşağıda adları çəkilib təsviri verilən gözəllər yeddi elin – ölkənin gözəlləri deyil, dünyanın yaşayış məntəqəsini təşkil edən yeddi iqlimin (hər iqlimə onlarca ölkə daxildir) gözəlləridirlər.

 

[129]                    Çinin xaqanının qızı Yağmanaz...

Nizami poeziyasındakı Çin müasir çoğrafi Çin demək deyildir. Çin deyərkən şair Şərqi Türküstanı nəzərdə tutur, türk sözü isə Nizami luğətində gözəllik, ağlıq, nəciblik rəmzidir. Təraz (indi Talas), Yağma, Xotən həmin Türküstan Çinində yerləşmiş şəhərlərdir və öz gözəlləri ilə məşhur olublar.

 

[130]                    Müşki xətdən almış zinət qəməri.

Yəni onun qəmər – ay üzündə müşkə bənzər xətlər – tüklər yenicə çıxmışdı.

 

[131] Yeddi qardaş – yeddi planet.

 

[132]                    Əqiqə firuzə naxışı saldı.

Yəni əqiqə bənzər bədəninə firuzə – yaşıl rəngli libas geyindirdi. Yaşıl, göy rəng abbasilər sülaləsi hakimiyyətdə olan zaman (750-1258) matəm rəmzi olmuşdur. Həmin rəngi şair sasanilərə də aid edir.

 

[133]                    Göy yerə enməyə göstərməkdə meyl,

Başını qaldırmış Yəməndən Süheyl.

Göy – Bəhram, yer – İran, Süheyl – Bəhram. Beytin mənası: Yəməndə yaşayıb Yəmən ulduzu Süheylə bənzəyən və göylərə ucalan Bəhram İrana yürüş edib onu cəzalandırmaq istəyir.

 

[134]                    Kəsdilər kökünü dikbaşlılığın...

Yəni böyük xətər qarşısında dikbaşlılığı atıb məsləhətləşməyə və çıxış yolu axtarmağa başladılar.

 

[135]                    Arasında o tac qara şirlərin

Bir aydı ağzında iki əjdərin.

Qədim təsəvvürə görə, Ay tutulanda guya onu əjdaha udurmuş, odur ki, əjdahanı qorxudub Ayı onun ağzından çıxarmaq üçün mis teşti, ləyəni döyərək səs-küy salarlarmışlar.

 

[136]                    Əsəddə qurmuşdu taleyi taxtı,

Sabitdi, möhkəmdi olduqca baxtı.

Yəni Bəhramın taleyi öz taxtını Əsəd – Şir bürcündə qurmuşdu, bu isə qüdrət rəmzidir.

 

[137]                    Ütarid ülkəri ona bir eşdi.

Ütarid (Merkuri) planeti Günəşə yaxınlaşmışdı, bu isə qədim astroloqların nəzəriyyəsinə görə səadətə dəlalət edir.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info